Amar niyazları 500 ədəddən ibarət olub, həm təsərrüfat xarakterli,həm də nomlar arası xarakterli münasibətləri öyrənmək üçün əhəmmiyyətlidir


Mesopotamiya şəhər-dövlətlərinin qədim Misirlə diplomatik -siyasi əlaqələrinin spesifik xüsusiyyətləri



Yüklə 1,54 Mb.
səhifə6/20
tarix29.10.2017
ölçüsü1,54 Mb.
#7326
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   20

Mesopotamiya şəhər-dövlətlərinin qədim Misirlə diplomatik -siyasi əlaqələrinin spesifik xüsusiyyətləri



3.1. Babilistan-Misir diplomatik-siyasi əlaqələri

E.ə. XVI əsrin əvvəllərində Misirdə hiksosların hakimiy­yətinə son qoyulmuş və bununla Misir tarixində yeni şahlıq dövrü başlandı. XVI sülalənin hakimiyyəti ilə başlanan yeni Şahlıq dövrünün fironları, xüsusilə III Tutmos Afrika və Asiyanın bir çox ərazilərini işğal etmişdilər. III Tutmosun hakimiyyəti dövründə Misirin Şimaldan cənuba doğru ərazisi 5 min kilometrədək uzanırdı və Afrikanın onlarla xalqı Misirə tabe edilmiş, Misir mədəniyyətinin təsir dairəsinə düşmüşdü.

E.ə. II minilliyin ortalarında III Tutmosun varisləri IV Tutmos, III Amenxotep və IV Amenxotepin dövrlərində Misir Ön Asiyanın bir sıra qüdrətli dövlətləri, o cümlədən Babilistan, Asiya və Xet dövləti ilə geniş diplomatik əlaqələr yaradır.

E.ə. II minilliyin ortalarında Ön Asiyada dövlətlərarası münasibətləri, o cümlədən Misirin xarici siyasətini öyrənmək üçün ən mühüm mənbələr Misirdəki Ell-Amarna (qədim Axetaton şəhəri) adlanan ərazidən tapılmış sənədlərdən ibarətdir. Bu sənədlər Babil, Xet, Assuriya və s. dövlətlərin hökmdarlarının Misir fironlarına məktublarından və fironların onlara cavablarından ibarətdir. 500-dən çox məktubdan ibarət olan Ell-Amarn arxivinin materialı tam tərcümə və tədqiq olunmamışdır. Bu məktublardan ayrı-ayrı parçalara müxtəlif müəlliflərin əsərlərində rast gəlinir. Misirin diplomatik əlaqələrini öyrənmək baxımından Misir-Xet müqaviləsi (e.ə.XIII əsr) xüsusi əhəmiyyət kəsb edir. Bu müqavilənin istər Xet, istərsə də qədim Misir dilində tam məntiqi dövrümüzə qədər gəlib çatmamışdır.

Kassilərin hakimiyyətinin ilk dövründə Babilistanın xarici əlaqələrinə aid mənbələr olduqca azdır. Dağınıq faktlar göstərir ki, II Aqumun şahlığından III Aqımrun şahlığına qədərki dövrdə (təxm. e.ə. 1595-1460) Babilistanda kassi şahları uzun mübarizədən sonra «Dəniz sülaləsini» məğlub edərək aşağı Mesopatomiyanı yenidən vahid şahlıqda birləşdirmişdilər.

Bu dövrdə Babilistanın Xet dövləti, Assuriya və Nuzi ilə əlaqələrinə aid mövcud faktlar kassilərin öz yaxın qonşuları ilə yaxşı münasibətlər yaratmağa cəhd etdiklərini göstərir. Məsələn «Sinifronik tarix» adlı mənbədə göstərilir ki, Aşşur şahı III Puzur- Aşşur və Kardunyaş (aşağı Mesopotamiyanın kassicə adı) şahı I Burna-Buriaş and içmiş və öz ölkələri arasında sərhəd xəttini müəyyən etmişlər. Göstərilən mənbədəki başqa bir məlumatdan aydın olur ki, «Kardunyaş şahı Karaundaş və Aşşur şahı Aşşurbel III Hattusilisin Babil şahı II Kadaşman Enlilə yazdığı məktubdan aydın olur ki, Xet dövləti ilə Misir arasında məlum sülh müqaviləsi bağlandıqdan sonra (e.ə.l260-cı il) Babil Misir dostluq əlaqələri bərpa olunmuşdu.»

Misirlə geniş ticarət əlaqəsi Babilistanın iqtisadiyyatında nəzərə çarpacaq iz buraxmışdı. Mənbələrdən məlumdur ki, Babilistanda kassi hakimiyyətindən əvvəl və ondan sonrakı dövrlərdə dəyər ölçüsu kimi gümüşdən istifadə edilmişdir. Lakin kassilər dövründə Misirdən çoxlu qızıl idxal olunması gümüşün sıxışdırılmasına və dəyər ölçüsü kimi qızıldan istifadə edilməsinə səbəb olur. E.ə.XIII yüzilliyin əvvəllərindən başlayaraq Misirlə intensiv əlaqələr kəsildikdən sonra bu məqsədlə qızılla yanaşı, gümüşdən də istifadə olunurdu.
3.2. Misirin Mitanni dövləti ilə əlaqələri

Mittanni e.ə. XVI-XIII əsrlərdə Mesopatomiyanın şimal-qərbində indiki Suriyanın şimalında yerləşirdi. Əhalisi hürrilərdən və sami dilli tayfalardan ibarət olmuşdur. Rəsmi dili hürri və akkad dilləri idi. E.ə. XVI əsrdə bu tayfalar Mitanni sülaləsinin başçılığı ilə vahid dövlətdə birləşmişdilər. Güclü ordu yaratmış Mitanni dövləti fəal xarici siyasət yeritmiş, Assuriyanın bir hissəsini, Kiçik Asiyanı, Asiyanı, Suriyanı, Finikiyanı və Fələstini özünə tabe etmişdi.

Ölkənin iqtisadiyyatında əkinçilik əsas yer tuturdu. Əkinçilik üçün yağışlar mühüm rol oynayır, geniş çay vadiləri isə süni suvarma sistemlərinin yaradılmasına imkan verirdi. Mitanni ərazisindən Ön Asiya ölkələrinin mühüm ticarət yolları keçirdi. Mitanni dövləti bir çox qonşu ölkələr ilə əlaqələr saxlayırdı. Ell-Amarn məktublarındakı məlumata görə, müxtəlif Mitanni malları Misirə göndərilirdi.

Mitanni əhalisi mənşəyinə görə, əsasən hürilərdən ibarət olmuşdur. Mitanni şahları – hətta Hind-ari mənşəli adlar daşıyanlar da, məişətdə hürri və akkad dilində danışırdılar. Akkad dili beynəlxalq ünsiyyət vasitəsi idi. Hürri dövlətlərinin (Arrapxa, Alalax, Uqarit) sosial quruluşlarındakı oxşarlıq, Mitanni cəmiyyətinin də onlardan o qədər seçilmədiyini göstərir.

Bizə məlum olan ilk Mitanni şahı I Şuttatnadır e.ə. XVI əsrin sonunda, I Şuttatnadan sonra isə Parattarna şahlıq etmişdir. Mənbələrdən bizə məlum olan Mitanni şahlarının ən qüdrətlisi Saussadattar olmuşdur. Bizə qədər onun yazılı möhürü gəlib çatmışdır: «Saussadattar Parsadattapın oğlu Mitanni şahı».

Saussadattar Misir fironlarının XVIII sülaləsinin Asiya yürüşləri dövründə şahlıq etmişdir. Buna baxmayaraq, Mitanninin nüfuzu dairəsinə yuxarı Fəratdan Kilikiyaya, Şimali Suriyadan Assuriya, Nineviya, Arabxah, Kadmuq, İsuv və Alziyə qədər geniş bir ərazi daxil idi. Bu dövrdə Ön Asiyanın siyasi həyatında Misirdən sonra əsas rolu Mitanni oynayırdı. Lakin qüdrətinə və sərvətinə görə Mitanni Misirdən çox geri qalırdı.

Ehtimal ki, XVIII sülalənin fironları ilə müharibələr olmasaydı, Mitanni öz qüdrətinin ən yüksək zirvəsində dayanardı. I Tutmosun şahlığından başlayaraq, Misir fironları Suriya və Fələstinə işğalçı yürüşlər təşkil edir, lakin hər dəfə də Mitanni ordusunun müqavimətinə rast gəlirdilər. Bu müharibə Mitanni şahı I Artadamanın dövründə, Misir və Mitanninin dostlaşmasından sonra başa çatdı və bu sülh firon IV Tutmosun Mitanni şahzadəsi ilə nikahına əsasən möhkəmləndi. Mitanni şahı Tuşrattanın IV Amen­xotepə məktubunda deyilir:

«III Amenxotepin atası IV Tutmos, mənim babam Aptadamaya məktub yazdı və onun qızı atamın (II Şüttarna) bacısını istədi. Beş-altı dəfə məktub yazdı, amma o, qızını vermədi. Yeddinci dəfə məktub yazandan sonra o, (Artadama ) qızını verdi».

Bu hadisələr Mitanni və Misirin Şərqi Aralıq dənizi hövzəsi ərazisi uğrunda illərlə davam edən mübahisəsinə son qoydu. Ərazi bu iki dövlətin nüfuz dairələrinə bölünür. Şimal hissəsi Mitanninin, cənub hissəsi isə Misirin nüfuz dairəsinə daxil olur. Qeyd etmək lazımdır ki, III Amenxotep Mitanni şahı II Şuttarnaşm qızı Kelu-Xəbəyə evləndikdən sonra Misir və Mitanninin siyasi əlaqələri daha da möhkəmləndi.

Mitanni dövlətinin Xet şahı I Suppiliuma ilə müharibəsi dövründə Mitanni şahı Tuşiratta Misir fironuna birinci məktubunu yazır: «Misir şahına , qardaşıma sənin qardaşından, mən sağ-salamatam. Sənə, bacım Kellu-Xebeyə, sənin evinə, sənin arvadlarına, oğullarına, əyanlarına, orduna, atlarına, döyüş arabalarına və ölkənə əmin-amanlıq arzulayıram.

Sən mənim atamla yaxşı münasibətdə olmusan. Mənim atam səni sevirdi, sən də mənim atamı. Buna görə də o, mənim bacımı sənə verdi. Kim mənim atamla belə yaxın olub? Bütün Het düşmən kimi mənim ölkəmə hücum etdi. Mən onları darmadağın etdim. Onlardan heç biri öz ölkəsinə qayıtmadı.

Mən sənə döyüş arabası iki at, Het hərbi qənimətindən I oğlan və I qız göndərmişəm. Qardaşıma isə hədiyyə olaraq 5 döyüş arabası və 5 qoşqu atı göndərmişəm. Bacım Kelu Xebeyə hədiyyə olaraq bir cüt qızıl boyunbağı, bir cüt qızıl sırğa və ətriyyatla dolu daş qab göndərmişəm. Səfir kimi Kelsiyə və Tunibivrini göndərmişəm. Qoy qardaşım onları tez buraxsın ki, qardaşımın salammı eşidim və fərəhlənim. Qoy qardaşım mənimlə dostluğu möhkəmlən-dirsin və öz səfirlərini yanıma göndərsin ki, onlar mənə qardaşımdan salam gətirsinlər və mən bunu eşidim.»

Ell-Amarndakı məktubdan məlum olur ki, III Aminxotep öz səfirini Mitanniyə göndərmiş və Turşattanın qızı Tadu-xebanı istəmişdir.

Turşatta fironunun xahişi ilə cavab olaraq yazmışdı: «böyük şaha, Misir şahına, mənim qardaşıma. Turşatta, böyük şah, Mitanni şahı, sənin qardaşın. Mənim qardaşım səfiri Maneni mənim yanıma göndərdi. Dedi: Qoy qardaşım öz qızını mənə arvad olmaq üçün göndərsin və o, Misirin xanımı olsun. Mən qardaşımın ürəyini kədərləndirmədim və dedim: «Mən razıyam.» qardaşım istədiyi kimi mən onu Maneyə göstərdim, Mane onu görən kimi çox xoşhal oldu».

Misir səfirləri bir neçə dəfə hədiyyələrlə Mitanni sarayına gəldilər. Nəhayət, Turşatta məmnun oldu və qızını çox böyük cehizlə Misirə göndərdi. Cehiz əsasən qızıl - bəzək əşyalarından, bürünc, parça - paltar, ətriyyat yağı, döyüş arabaları, atlar, qullar, lazurit, və müxtəlif növ qiymətli daşlardan ibarət idi. Nigah III Aminxotepin hakimiyyətinin 35 və ya 36-cı ili oldu.

Misir taxt-tacına IV Aminxotep sahib olandan sonra Turşatta hədiyyə olaraq ona qiymətli əşyalar göndərdi və xatırlatdı ki, o, Mütaniyə hələ III Aminxotepin onun üçün hazırladığı iki qızıl heykəlciyi göndərməlidir. III Aminxotep Mitanniyə az miqdarda hədiyyə göndərdi və hətta qızıl heykəlciklərin yerinə ağacdan düzəldilmiş və üzərinə qızıl çəkilmiş heykəlciklər göndərdi.

Tell-Amarna yazışmalanndan məlum olur ki, III Aminxotepə ərə getmiş Mitanni şahzadəsi Tadu- Xeba, sonra onun oğlu III Aminxotepin arvadı oldu.

III Aminxotepin və IV Aminxotepin sarayının təsviri göstərir ki, bütün hərəmxana qadınları baş hərəmin xidmətçiləri idilər. Güman ki, firon ayrı-ayrı vaxtlarda məlikənin xidmətçiləri, o cümlədən əcnəbi şahzadə xanımlarla birgə yaşamaq hüququndan istifadə edirdi. Bu şahzadə xanımlar sarayda, atalarının Misirə lazım olan siyasi istiqamətlərdə fəaliyyətini təmin etmək üçün girov kimi saxlanılırdılar və faktik olaraq fironunun arvadları deyildilər.

Yeni firon sələfinin bütün saray heyətinin, həmçinin aralarında Tadu-Xeba olan mərkənin əsil-nəcabətli xidmətçilərinin varisi oldu. Turşatta onu yenə də yeni fironun «arvadı» hesab edirdi, amma Misir mənbələrindən məlumdur ki, I Aminxotepin bir baş arvadı (Nefertiti) və bir rəsmi kənizi (Kiya) olmuşdur. Bu Misirlə Mitaninin əlaqələrinin nə qədər birtərəfli olduğunu göstərir, hərçənd ki, Tuşrattanın məktublarına əsasən belə bir nəticəyə gəlmək olar ki, bu dövlətlər bərabərhüquqlu olmuşlar.

3.3. Misir-Assuriya əlaqələri

Misirin diplomatik əlaqələr saxladığı Ön Asiya dövlətlərindən biri də Assuriya idi. E.ə.XV əsrdə və XIV əsrin birinci yarısında Assuriya Mitanni və Babildən asılı vəziyyətdə idi. Yuxarıda qeyd edildiyi kimi, e.ə. 360-cı ildə Xet hökümdarı Suppiluliumas Mitan­niyə ağır zərbə endirmişdir. Elə bu dövrdən başlayaraq Assuriya tədricən güclənir və Ön Asiya siyasətində mühüm rol oynamağa başlayır.

Assuriya şahı I Aşşuruballit (e.ə.1365-1333-cü illər) Misirlə diplomatik əlaqələr yaradır. Amarna arxivində onun Misir fironu IV Amenxotepə göndərdiyi bir neçə məktub qalmışdır. Məktubların birində o yazırdı: «Səni görmək üçün yanına göndərdiyim elçimi mehriban qarşıla. Qoy o, səni görsün və geri qayıtsın. Qoy o, sənin və sənin ölkənin arzusunu öyrənsin».

I Aşşuruballit IV Amenxotepə göndərdiyi başqa bir məktu­bunda onun elçisinin Misirdə ləngidilməsi ehtimalı ilə bağlı olaraq yazırdı: Qoy mənim elçilərim sənin ölkəndə ləngidilməsinlər. Nə üçün elçilər yad torpaqda qalmalıdırlar. Əgər onlar yad torpaqda qalarsa və şah bundan fayda görürsə, onda qoy qalsınlar və orada ölsünlər. Əgər şah bundan fayda götürmürsə onda nə üçün bizim göndərdiyimiz elçilər yad torpaqda ölməlidirlər?»

İstər Mitanni şahı, istərsə də Babil şahı assuriyalıları öz təbəələri hesab edirdilər və Misir fironunun Assuriya elçilərini qəbul etməsinə etirazlarını bildirmişdilər. Lakin Xet dövləti ilə ziddiyyət­lərin tədricən kəskinləşdiyi bir dövrdə Misirin Ön Assuriyada yeni müttəfiqə ehtiyacı var idi. Buna görə də Misir fironu göstərilən etirazlara baxmayaraq Assuriya ilə müstəqil əlaqələr yaratmışdı. Tezliklə Assuriya dövləti Xet şahlığı ilə birlikdə Ön Assuriyada Misirin ən güclü rəqiblərindən biri olan Mitanni dövlətinin varlığına son qoydu və onun torpaqlarmı öz aralarında böldülər. Beləliklə, Şərqi Aralıq dənizi rayonları uğrunda mübarizədə Misir Het dövləti ilə üzbəüz qaldı.

Mövzuya dair suallar:


  1. Misirdə yeni şahlıq dövrünün səciyyəsi

  2. Misirin Ön Asiya ölkələri ilə əlaqələrinin xarakteri

  3. Babilsitanla diplomatik-siyasi əlaqələrin inkişafı

  4. E.ə. II minilliyin ortalarında Ön Asiyada beynəlxalq vəziyyət və daxili çəkişmələr

  5. Misir- Muttani münasibətləri

  6. Assuriyanın qüvvətlənməsi və Misirin rəqibinə çevrilməsi


Ədəbiyyat:

    1. Yusifov Y. Qədim Şərq tarixi. B., 1995

    2. Авдиев В.И. Военные история древнего Египта. т.2. М., 1959

    3. Авдиев В.И. История Древнего Востока. М., 1970

    4. Древняя литература Малой Азии. М., 1977

    5. История дипломатии. II изд., т.I. М., 1959

    6. История древнего мира. Ранняя древность. т.1, М., 1982

    7. Кузишина Н.И. История Древнего Востока. М., 1978

    8. Ливщиц И.Г. Сказки и повести древнего Египта. Л., 1979

    9. Литература Вавилиони и Ассирии. М., 1981

    10. Маккуин Дж. Хетты и их современники в Малой Азии. М., 1983

    11. Межгосударственные отношение и дипломатия на Древнем Востоке. М., 1987

    12. Оппенхейм А.Л. Древняя Месопотамия М., 1980

    13. Тураев Б.А. История Древного Востока. Т.1., М., 1935



IV Mövzu

Misirin Xet dövləti ilə diplomatik əlaqələri
Yeni Şahlıq dövründə Xet dövləti xeyli yüksəlmiş və qüdrətli bir dövlətə çevrilmişdir. Kiçik Asiyada öz mövqelərini möhkəmlətdikdən sonra Xet şahlığı cənuba doğru irəliləyir və Simali Suriyada böyük nəticələr əldə edirdi. Hetlərin müəyyən zaman zəifləməsindən istifadə edən Mitanni Fəratdan qərbdə, əsasən də Şimali Suriyada müvəffəqiyyət qazanmışdır. Xet şahı I Suppilu­liumas Mitanninin qüdrətinə son qoydu. Xet qoşunları yuxarı Fəratdan keçərək kiçik hürri şahlıqlarmı məğlub edir və Mitanninin paytaxtı Başşkanini darmadağın edirdi. Suppiluliumasm Şimali Suriyaya müvəffəqiyyətli yürüşləri nəticəsində Mitanni Fəratdan qərbdəki torpaqlarını itirdi. Bu dövrdən Şimali Suriyada Hetlərin uzunmüddətli ağalığı başlayır.

Supiiluliumasın dövründə Xet dövləti ilə Misir arasında münasibətlər yaxşı idi. Buna əsasən Supiiluliumasın firon Exnatona taxt-taca çıxması münasibətilə yazdığı təbrik məktubunu göstərmək olar. Lakin xetlərin Suriyada apardığı siyasət onların Misir ilə toqquşmasına gətirib çıxardı. Xet dövləti öz hakimiyyətini cənuba doğru genişləndirməkdə davam etdirdi. Gənc firon Tutanxamon isə Misirin düşmənləri ilə yalnız əcnəbi tələbələrin şikayəti dözülməz olduqda müharibə aparırdı. Gənc Firon məişət əşyalarının üzərində suriyalı və efiopiyalı əsirlərin, onlar üzərində qələbənin təsvirlərini çəkdirməyi sevirdi. Lakin onun qələbələrinin nə dərəcədə olduğunu demək çətindir.

Tutanxamonun keçmiş ənənələrinin bərpa edilməsinə həsr edilmiş təntənəli yazısında deyilir: «Ordu Suriya Fələstinə Misirin sərhədlərini genişləndirmək üçün göndərilirdisə də heç bir müvəffəqiyyət əldə edilmirdi». Əslində söhbət sərhədlərin genişləndirilməsindən və ya əvvəlki sərhədlərin qorunmasından yox, Het dövləti tərəfindən hələ tutulmamış Suriya - Fələstin torpaqlarının qorunmasından gedirdi.

Tutanxamon təxminən on səkkiz yaşında ikən vəfat etdi. Tutanxamonun dul qalmış arvadı Anxesenpaamunun bu zaman 17-16 yaşı vardı. Öz təbəələrindən heç biri ilə evlənmək istəməyən Anxesenpaamun Het şahı Suppiluliuması, oğlunun ona ər olmaq üçün verməsi haqqında müraciət edir.

Anxesenpaamunun Suppiluliumasa iki məktubu Het tarixi xronikasında, onun oğlu II Mursilis tərəfindən söylənən «Suppiluli­umasm əməlləri»ndə göstərilir. «Suppiluliumasm əməlləri» boğazgöydə, kil lövhələr üzərindəki mixi yazılı mətinlərdə tapılmışdır. Burada Anxesenpaamunun məktubları haqqında yazılır: «Mənim atam aşağıda, Karkəmiş ölkəsində olan zaman Lupakkas və Tarhuntasalması irəliyə, Amka ölkəsinə göndərdi. Onlar Amka ölkəsinə hücum etmək üçün getmişdilər və onlar əsirləri, öküzləri və qoyunları mənim yanıma gətirmişdilər. Misirlilər Amkaya hücumu eşidəndə çox qorxdular. Elə bu vaxt onların ağası Nibhururias (Tutanxamon) vəfat etdi və buna görə də Misirin məlikəsi Dahamunaus (Anxesenpaamun) mənim atama qasidlə məktub göndərdi.

Məktubda o, yazırdı: «Mənim ərim vəfat edib, oğlum isə yoxdur. Deyillər ki, sənin çoxlu oğulların var. Əgər sən onlardan birini mənə versən o mənim ərim olar. Mən heç vaxt öz nökərimi seçib özümə ər etməyəcəm. Mən belə biabırçılıqdan qorxuram». Mənim atam bunu eşidəndə böyük əyanları məşvərətə çağırdı və ona belə dedi: «Bütün həyatım boyu mənim başıma heç vaxt belə hadisə gəlməmişdir». Bundan sonra mənim atam saray işlərini idarə edən Hattusasitisi belə bir əmirlə Misirə göndərdi: «Get, bu xəbərin həqiqi olub-olmadığı haqqında mənə xəbər gətir». Yazda Hattusatisis Misir qasidi səfir Hani ilə birlikdə Misirdən qayıtdı.

Misir məlikəsi atamın sorğusuna cavab olaraq belə yazırdı: «Nə üçün sən deyirsən ki, bu işdə onlar məni aldadırlar. Əgər mənim oğlum olsaydı, mən özümün və öz ölkəmin düşdüyü biabırçılıq haqqında yad ölkəyə yazardımı? Sən Mənə inanmadın və hətta bunu belə dedin. Mənim ərim vəfat etmişdir, oğlum isə yoxdur. Mən heç vaxt öz xidmətçimə ərə getmərəm. Mən başqa heç bir ölkəyə yazmamışam. Mən yalnız sənə yazmışam. Deyilənlərə görə, sənin çoxlu oğlanların var onlardan birini mənə ver. O, mənim üçün ər, Misirdə isə şah olacaq». Beləliklə, mənim atam açıq ürəkli olduğu üçün o, qadına güzəştə getdi və oğlunun işi haqqında düşünməyə başladı. Hata sonra Suppihıliumas Misir səfiri Haniyə dedi: «Mən sizə qarşı dost münasibəti bəsləyirdim. Lakin gözlənilmədən siz mənə pislik etdiniz. Siz misirlilər mənim hürri şahımdan azad etdiyim Kinza (Kade) adamlarına hücum etdiniz. Mən bunu eşitdikdə qəzəbləndim və öz şəxsi dəstələrimi və kənd arabalarımı irəli göndərdim. Onlar sizin ərazinizə Amkaya hücum etdilər. Mən sizin ölkə Amkaya hücum etdiyim vaxt görünür, siz qorxuya düşürdünüz və mənim oğlum haqqında xahişlə mənə müraciət etdiniz. O, beləliklə, girov olacaqdı və siz onu şah etməyəcəksiniz».

Cavabında o mənim atama dedi: «Ey mənim atam, bu bizim ölkə üçün biabırçılıqdır. Əgər şahın oğlu olsaydı, məgər bir özgə ölkəyə gəlib özümüz üçün ağa xahiş edərdiniz? Nəzərə al ki, biz heç bir başqa ölkəyə getməmişik. Biz yalnız sənin ölkənə gəlmişik. İndi isə, bizim ağamız, öz oğlunu bizə ver». Daha sonra mənim atam keçmişdə Tufan allahı Teşubun Hatti övladlarını Misirə aparıb çıxarması və onları misirli etməsi, Misir və Hatti ölkəsi arasında müqavilə bağlanması və sonralar onların həmişə bir-biri ilə dost olması haqqında müqavilənin mətni olan lövhəni gətirməyi xahiş etdi. Həmin mətni bərkdən onun qarşısında oxuduqdan sonra mənim atam belə dedi: «Ən qədim vaxtlardan hatti ölkəsi və Misir dost olmuşlar və indi də bu bizim mənafeyə uyğundur».

Mətnin sonundakı sözlərdən məlum olur ki, Suppiluliumas oğlunu Misirə göndərməyə razılıq verir. Lakin, Suppiluliumasın oğlu Sanlansas Misir sarayında bir qrup əyan tərəfindən qəsd yolu ilə öldürülür. Bununla da Anxesenpaamunun Xet şahzadəsini özünə ər və firon etmə cəhdi boşa çıxır.

Məlum olduğu kimi, Xet dövlətinin Suriyaya işğalçılıq yürüşləri firon Exnatonun dövrünə təsadüf edir. Exnatonun islahatlara başı qarışması və xarici siyasətdəki səhvləri Misirin Suriya - Fələstin torpaqlarının Xet dövləti tərəfindən tutulmasına gətirib çıxartmışdı və Misirlə Xet arasında toqquşma baş vermişdi.

Şahzadə Sanpansas öldürüldükdən sonra Suriyada hərbi əməliyyatlar yenidən başlandı. Suppiluliumasın oğlu Arpuvandasın başçılığı ilə Xet dəstələri yenidən Amka ölkəsinə soxuldular. Bir müddət sonra Xet ordusunda Misir əsirlərindən yayılmış taun epidemiyası baş vergi, və Xet ordusu hücumu dayandırmağa məcbur oldu. Tezliklə Suppiluliumas özü də taun xəstəliyindən öldü. Bu hadisələrdən üç il sonra Misir taxt-tacına Xoremxeb sahib oldu.

Xoremxebin şahlığı dövründə Misirin beynəlxalq mövqeləri xeyli möhkəmləndi. Onun müharibələri haqqında məlumat o qədər də çox deyil. O, Efiopiya və Suriyaya yürüşlər etmişdir. Suriyaya girərkən firon Xet şahlığı ilə toqquşmaya bilməzdi. Fironun məğlub etdiyi şəhərlərin və ölkələrin siyahısında Fələstin və Suriya şəhərləri, Şimali Finikiyada Uqarit və nəhayət, Xet şahlığı və Cənubi Anadoluda Artsava ölkəsinin adı vardır. Lakin firon şimalda öz uğurlarmı möhkəmlədə bilmədi.

Suriyada Misir hökmranlığını bərpa etmək XIX sülalənin üzərinə düşdü. Bu sülalənin ilk fironu Xoremxebin varisi I Ramses sonra isə I Seti oldu. I Seti şahlığının əvvəllərində Suriya - Fələstinə yürüşə başlayır. I Setinin yürüşünün bilavasitə məqsədi Fələstinin sakitləşdirilməsi idi. Misirin şimal torpaqları olan Fələstində hərcmərclik hökm sürürdü və bunun başlıca səbəbkarı köçəri tayfalar idilər. Onlar firona qarşı qiyama səbəb olur, bir-biri ilə müharibə aparır və ölkədə nizamsızlıq yaradırdılar. Fələstin məsələsində Setinin siyasəti III və IV Amenxoteplərdən fərqli olaraq uzaqgörənliklə həyata keçirilirdi.

Arxada sakitləşdirilməmiş Fələstin ola-ola Xet şahlığı ilə mübarizə aparmaq qorxulu idi və buna görə də firon Fələstini susdurdu. Buna baxmayaraq, Fələstinin sakitləşdirilməsi hələ XVIII sülalənin «dünyəvi» dövlətinin bərpa edilməsi demək deyildir. Növbədə Suriyada ağalıq edən Xet şahlığı və ondan asılı vəziyyətdə olan Amuru dururdu.

I Setinin Xet dövləti ilə müharibəsi həm də ondan asılı vəziyyətdə olan Suriya şahlıqları ilə müharibə idi. Fironun qələbə yazılarında onun Xet torpağından qiyamçı ölkələri məhv edib suriyalıları qıraraq qayıtmasından danışırlar. Firon Xet şahlığının hakimiyyətində olan və Suriya şəhərlərindən ən başlıcası Amurrun darmadağın edəndən sonra Kadeş şəhərini tutdu.

Het dövləti və onun müttəfiqləri ilə müharibə Misir üçün uğurlu oldu. Fiv şəhəri şahın Amon silahına hədiyyə kimi gətirdiyi Anadolu və Suriya əsirləri və müxtəlif növ qiymətli əşyalarla doludur. Fironun məğlub etdiyi xalqlar və tutduğu şəhərlər arasında Fələstin və Cənubi Finikiya şəhərləri, orta Suriyada Kadeş, Kata, Ullaza, Nahrima, Tunib var idi. Xet mixi yazılı mənbələrindən məlum olur ki, Suriyadakı Amuru şahlığı Misirin tərkibinə daxil edilmişdir, yəqin ki, müəyyən vaxt Misir dövlətinin tərkibinə Oroit çayı üzərindəki Kadeş şəhəri də daxil edilmişdi. Onun oğlu və varisi II Ramses bütün qələbələrinə baxmayaraq özündən əvvəlki şahlığının sərhədlərinin şimal hissəsini saxlaya bilmədi.

Misirlə Xet şahlığının müharibəsi II Ramsesin hakimiyyətinin 5-ci ili (e.ə. 1300-cü il) başlandı. Bu ilin hərbi əməliyyatlarmı firon özünün «ikinci qalibiyyətli yürüşü» hesab edirdi.

Misir yazılarının birində deyilir ki, şimal xalqları əlahəzrətin «sərhədlərinə hücum etmək üçün» gəlmişdilər. Hər halda onu Xet dövlətinin fitnələri məcbur etsələr də hücum edən tərəf firon özü olmuşdur. Bütün hadisələr Kadeş yaxınlığında baş vermişdi. Yadımıza salaq ki, I Setilin vaxtında Kadeş Misir dövlətinin tərkibinə daxil edilmişdir, Ramsesin hakimiyyətinin 5-ci ili onun Misirə düşmən ittifaqın tərkibində olması bu ərəfədə onun Misirdən qoparıldığını göstərir.

Xet şahı Muvattalis Misir ordusu ilə açıq döyüşdən çəkinirdi. Onun ordusu o dövrə görə çox saylı (28 min döyüşçü və 6 mindən çox at) olsa da, nizamsız idi və əsasən muzdlulardan ibarət idi. Ordunun əsasını Xet dövlətinin döyüşçüləri təşkil edirdilər. Lakin onlardan başqa orduda öz qala bütün Anadolu və Suriya şahlarının nümayəndələri var idi: Artsava, Luka, Kussuvadna, Aravana, Fəpətboyu, Suriya, Kapkemiş, Amino, Uqarit, Nuxaşik, Kadeş köçəri tayfalar və s. Bu müttəfiqlərin hər biri öz hökmdarlarının başçılığı ilə hərəkət edirdi və bu orduya rəhbərlik etmək Muvattalist üçün çox çətin idi.

Belə nizamsız ordu ilə mütəşəkkil Misir ordusuna qalib gəlmək çox çətin idi. Sonrakı 16 illik mübarizə göstərdi ki, Xet ordusu açıq döyüşdən çəkinir daha çox Suriya qalalarında otururdu. Hətta Kadeş yaxınlığındakı döyüşün də gedişi göstərirdi ki, Xet şahlığı hərbi gücdən çox hiylə ilə qalib gəlməyə ümid bəsləyirdi.

Mənbələrdən məlum olur ki, Ramses Kadeş şəhərini tuta bilmir. Rəqiblər bir-birinə güc gələ bilmədilər və gözlənildiyi kimi, Xet şahı Muvatalis firona sülh təklif etdi. Bu haqda Kadeş yaxınlığındakı döyüş haqqında yazılmış povestdə məlumat vardır. Burada Xet nümayəndələrinin məktubla Ramsesin yanına gəlməsi, misirlilərin hərbi müşavirəsi və fironun düşmənin xahişinə «xeyirxahlıqla mərhəmət» göstərməsi haqqında yazılır.

Ramsesin şahlığının 8-ci ili Misir ordusu yenidən Suriya - Fələstinə yürüş edir. Misir ordusunun zərbələri altında Fələstin qalaları və tayfaları məğlub olurdular. Ramsesin qələbə abidələrində cənubda Aşkelon, Ölü dənizdən şərqdə Moav, Finikiyada Akka, Livanın cənub sərhədi yaxınlığında yaxınlığında İenam və onlarla naməlum torpaqlar göstərilir.

Müharibə Xet dövlətinin ərazisində keçdi və firon Amuru ölkəsindəki Dapur qalasına yaxınlaşdı. Firon qalanın alınmasında şəxsən iştirak etdi və Xet qoşunu məğlub edildi. Mixi yazılı mənbələrdəki məlumata görə, nəticədə yenə də Şimali Suriya və hətta Amuru şahlığı Xet şahlığının əlində qaldı.

II Ramsesin hakimiyyətinin 2I-ci ili sülh bağlanmasının mümkünlüyünü misirlilər düşmən qüvvələrinin tamamilə gücdən düşməsi ilə izah edirdilər. Misirin güzəştə getməsi haqqında isə belə bir fərziyyə irəli sürmək olar. Yeni Şahlıq fıronları Suriya-Fələstin təbəələrindən xərac alırdılar. Xəracın ağırlığı həmişə qiyamçı əhval-ruhiyyəyə səbəb olurdu. Suriya -Fələstin torpaqlarına uzaqdan - uzağa sahiblik etmək orada güclü rəqib olmadığı halda mümkün idi. Misirin belə bir rəqibi güclənmiş Het dövləti oldu.

II Ramses dövründə Misirin Xet şahlığı ilə münasibətləri III Tutmos dövrünün Misirin Mitanni ilə münasibətlərini xatırladırdı. Fərq bunda idi ki, Xet şahlığı Mitannidən xeyli güclü idi. Mitanni şahını öz ölkəsində məğlub etmək olardı və Suriyadan əl çəkməyə məcbur etmək olardı. Xet dövlətini məğlub etməyə isə Misirin gücü çatmadı və 16 illik üzücü mübarizədən sonra Ramses başa düşdü ki, Fələstin və Suriyanın bir hissəsinə yalnız şimaldakı işğallardan imtina etdikdən sonra yiyələnmək olar.

Mənbələrin məlumatına görə, Misirlə Xet çarlığı arasında sülh müqaviləsi II Ramzesin çarlığının 17-ci ilində - e.ə. 1280-cı ildə imzalanmışdır. Müxtəlif ədəbiyyatlarda fərqli tarixə də rast gəlmək mümkündür.

Sülh müqaviləsi II Ramses ilə Muvatallisin varisi III Hattusilis tərəfindən bağlandı. Bu müqavilə sülh, qardaşlıq, xarici təcavüzün və daxili siyasi konfiliktlərin dəf edilməsində əməkdaşlıq haqqında məlum olan ən qədim müqavilələrdən biridir.

II Ramsesin şahlığınm 2I-ci ilin qışın əvvəlində Xattusilisin səfiri, misirli tərcüməçinin müşayiəti ilə fironun paytaxtı Per - Ramses şəhərinə gəldi və Misir şahına öz hökmdarı adından üzərində müqavilənin mixi yazılı mətni olan gümüş lövhəciyi təqdim etdi. Bu lövhəcikdən müqavilə Misir dilənə tərcümə edildi və sonradan Misir heroqrifləri ilə daş üzərinə həkk edildi. Müqavilənin qısa mətni belədir: «Qoy gələcəkdə, əbədiyyətə qədər tanrı Misirin böyük hökmdarı və Xet ölkəsinin böyük hökmdarı arasında bu müqaviləyə uyğun olaraq düşmənçilik yaranmasına imkan verməsin. Qoy Het ölkəsinin böyük hökmdarının övladları Misirin böyük hökmdarı Ramses Meriamunun övladları ilə qardaş olsunlar və sülh şəraitində yaşasınlar. Qoy Misirin böyük hökmdarı Ramses hər hansı bir yeri tutmaq məqsədi ilə heç vaxt Xet ölkəsinə hücum etməsin». Müqavilənin mətnində daha sonra deyilirdi:

- Əgər hər hansı bir düşmən Misirin böyük hökmdarı Ramsesin torpaqlarına hücum edərsə və o, Xet ölkəsinin böyük hökmdarına «Mənimlə düşmənə qarşı qalibiyyətli qoşununla birgə çıxış et deyə müraciət edərsə, Xet ölkəsinin böyük hökmdarı gələcək və onun düşmənlərini darmadağın edəcək. Və əgər Xet ölkəsinin böyük hökmdarı şəxsən özü gəlmək istəməsə, o, ləngimədən öz piyada və cəng arabalarından ibarət qoşunu göndərəcək və onlar onun düşmənbrini darmadağın edəcək.

- Əgər Misirin böyük hökmdarı Ramses Meriamun öz xidmətçilərinə qəzəblənərsə və ya onlar Ramsesə qarşı hər hansı bir çıxış edərlərsə və o, onları darmadağın enmək istəyərsə Xet ölkəsinin hökmdarı onunla birlikdə olacaq və Ramsesin qəzəblənməsinə səbəb olanların hamısını məhv edəcək.

- Əgər hər hansı bir düşmən Xetin böyük hökmdarının torpaqlarına hücum edərsə və o, Misir ölkəsinin böyük hökmdarına müraciət edərsə, Misir ölkəsinin böyük hökmdarı gələcək və onun düşmənlərini darmadağın edəcək.

- Əgər böyük Xet hökmdarının qulluqçuları ona qarşı qalxarlarsa, onda, Ramses Meriamun da müqaviləyə uyğun olaraq onunla birlikdə olacaq. Və əgər Xet ölkəsinin hökmdarı «Mən öldükdən sonra qoy, Ramses Meriamun böyük Xet hökmdarının varisinə köməyə gəlsin, » - deyərsə onda, o gəlsin.

- Əgər hansı bir əyan Misir torpağından Xet ölkəsinin hökmdarının yanına qaçarsa və yaxud Ramses Meriamuna tabe olan Asiyadakı hər hansı bir şəhər ondan ayrılarsa və o, Xet hökmdarına müraciət edərsə qoy, böyük Xet hökmdarı onları qəbul etməsin və əmr etsin ki, onları ağaları Ramses Meriamuna qaytarsınlar. Və əgər hər hansı bir əyan Xet ölkəsindən qaçaraq böyük Misir hökmdarı Ramsesin yanına gələrsə yaxud hər hansı bir şəhərli, hər hansı bir kəndli... Ramsesin yanına gələrsə, qoy, Ramses onları qəbul etməsin və əmr etsin ki, onları Xet hökmdarına qaytarsınlar.

- Əgər Misir torpaqlarından I, 2 və ya 3 adam qaçarlarsa, və Xet hökmdarın yanma gələrlərsə, qoy, Xet hökmdarı onları tutsun və böyük Misir hökmdarına qaytarmağı əmr etsin. Ramses Meriamuna qaytarılacaq adama gəldikdə isə qoy, ona qarşı bu cinayətlə bağlı heç bir iş qaldırılmasın. Qoy, onun evini, arvad və uşaqlarını məhv etməsinlər, qoy, onun özünü öldürməsinlər. Qoy onun gözlərinə, qulaqlarına, ayaqlarına xətər yetirməsinlər. Qoy ona qarşı hər hansı cinayətə görə də iş qaldırmasınlar. Eyni qaydada Xet ölkəsindən adamlar, fərdi yoxdur, I, 2 və ya 3 nəfər olsun, qaçıb böyük Misir hökmdarının yanına gələrlərsə, qoy böyük Misir hökmdarı Ramses onları tutsun və böyük Xet hökmdarına qaytarmağı əmr etsin və qoy böyük Xet hökmdarı da onların cinayətləri ilə bağlı heç bir iş qaldırmasın, evlərini, arvad və uşaqlarını məhv etməsin, özünü öldürməsin, qulaqlarına, ağzına, ayaqlarına heç bir xətər gətirməsin, ona qarşı başqa bir cinayət işi qaldırmasın».

Müqaviləni nəzərdən keçirdikdə görürük ki, heç bir bənddə Misirlə Xet şahlığının sərhədindən danışılmır. Amma bütün məlumatlara görə aydın olur ki, II Ramses Misirin Asiya torpaqlarını genişləndirə bilmədi. Suriya və Finikiyanın çox hissəsi xetlərin, yalnız Cənubi Finikiya, Cənubi Suriya və Fələstin Misirin nüfuz dairəsində qaldı.
Mövzuya dair suallar:


  1. Xet çarlığının yüksəlişi

  2. Mesopatomiya uğrunda Misirlə Xet dövləti arasında hərbi –siyasi mübarizə və nəticələri

  3. Misir -Xet əlaqələrində nikah diplomatiyasının rolu

  4. Ən qədim müqavilə – II Ramzeslə III Xattuşil arasında imzalanmış müqavilənin mahiyyəti

  5. Misir və Xet çarlığı arasında səfirlər mübadiləsi

  6. Mesopotamiyanın nüfuz dairələrinə bölüşdürülməsi

Ədəbiyyat:

    1. Yusifov Y. Qədim Şərq tarixi. B., 1995

    2. Авдиев В.И. Военные история древнего Египта. т.2. М., 1959

    3. Авдиев В.И. История Древнего Востока. М., 1970

    4. История дипломатии. II изд., т.I. М., 1959

    5. Кузишина Н.И. История Древнего Востока. М., 1978

    6. Маккуин Дж. Хетты и их современники в Малой Азии. М., 1983

    7. Межгосударственные отношение и дипломатия на Древнем Востоке. М., 1987

    8. Перепелкин Ю.Я. Переворот Амен-Хотепа IV. М., 1967


V Mövzu

Qədim Yunanıstanda diplomatiya və səfirlik işi


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə