Amar niyazları 500 ədəddən ibarət olub, həm təsərrüfat xarakterli,həm də nomlar arası xarakterli münasibətləri öyrənmək üçün əhəmmiyyətlidir


Qədim yunan polisləri arasında münasibətlər və səfirlik işi



Yüklə 1,54 Mb.
səhifə7/20
tarix29.10.2017
ölçüsü1,54 Mb.
#7326
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   20

5.1. Qədim yunan polisləri arasında münasibətlər və səfirlik işi

Yunanıstanın diplomatik əlaqələrinin öyrənilməsi Roma hüququnun öyrənilməsinə çıxış hesab edilə bilər. Yunanıstan üçün həmişə dualizm xas olmuşdur. Bu Yunanıstanın birləşməsi uğrunda mübarizədə təcəssüm olunur. Yunanıstanın e.ə.VIII -VI əsrlərə qədər olan dövrünü əsasən arxeoloji qazıntılar nəticəsində öyrənmək mümkündür. Yeganə yazılı əsər Homerin “İlliada” və “Odisseya” əsərləri, habelə Herodotun “Tarix” əsəridir. Bu əsərlərdə yunan-Troya və yunan-İran müharibələri ilə bağlı maraqlı materiallara rast gəlinir.

Qədim Yunanıstan təkcə sivilizasiyanın erkən vətəni deyil, həm də dövlətlərarası münasibətlərin konkret məzmuna malik olduğu ölkələrdən biridir. Yunan şəhər dövlətləri - polislər öz aralarında müəyyən ittifaqlar yaradırdılar ki, bunlar məbəd ittifaqları adlanırdı. Bu zəmində Anfiktoniya və Prokseniya institutları bərqərar olmuşdur. Xeyli sonralar ostrakizm yolu ilə ana şəhərdən qovulanlar yeni koloniyalar yaradarkən özləri ilə yunan-şəhər dövlətlərinə məxsus olan ənənələri də aparmışlar.

Afina və Sparta şəhər-dövlətlərinin ittifaqları bərqərar olan­dan sonra yunan diplomatiyasında və hərbi-siyasi tarixində dualizm qəti olaraq bərqərar olmuşdur. Bu dualizm özünü 1-ci və 2-ci Afina dəniz ittifaqları dövründə aydın şəkildə göstərmişdir. Klassik dövr diplomatiyası üçün xarakterik cəhətlərdən biri də məbəd ittifaqlarının mövcudluğudur. Bir qayda olaraq 12 yunan polisi bir məbəd ittifaqını yaradırdı. Bunların içərisində ən böyük nüfuza malik olanları Delfi və Fiv məbəd ittifaqları idi. Hər bir məbəd ittifaqına 12 kahin daxil idi. Onlara ağsaqqal başçılıq edirdi. Onun başlıca vəzifəsi məbəd İttifaqları arasında əlaqələri qoruyub saxlamaq, sülhü təmin etmək, habelə lazım olarsa müharibəni elan etməkdən ibarət idi.

Ənənəyə görə, yunan polislərindən heç biri digərinə dərhal müharibə elan edə bilməzdi. Bunun üçün 40 günlük müddəti başa vurmaq lazım idi. Bu müddətdə sülhə nail olunmurdusa, ağsaqqal müharibə elan edən dövlətin adından müharibə elan olunan dövlətin ərazisinə bir ucu yandırılmış, o biri ucu isə qana batırılmış cida atardı. Sülh elan olunması müharibənin nəticəsindən asılı olurdu və ağsaqqalların köməyi ilə sülh sazişi konkret müddət üçün imzalanırdı.

Siyasi dualizmlə yanaşı yunan polisləri arasında iqtisadi əlaqələrə ciddi diqqət verilirdi ki, bu zaman prokseniyadan istifadə olunurdu. Hər hansı yunan şəhər dövləti başqa şəhərə göndərilən elçinin zəngin ailədən olmasına, soyadının qədim olmasına çalışırdı. Elçi göndərilən şəxs qonşu polisin xalq yığıncağı qarşısında çıxış etmək üçün hazır olmalı idi. Buna görə elçiyə üzərinə mum çəkilmiş taxta lövhənin üzərinə səlahiyyətləri yazılmış iki lövhə verilirdi. Lakin diplomu olan şəxs gedəcəyi şəhərdə özünə proksen-himayəçi tapmalı idi. Məhz proksen onu xalq yığıncağına təqdim edə bilərdi. Yunan diplomatiyasında ritorik-diplomatiya məktəbləri mühüm rol oynayırdı.

Yunan şəhər dövlətlərinin hamısı öz koloniyalarına malik idilər. Lakin həmin koloniyalar çox keçmədən güclü siyasi vahidlərə çevrilirdilər. E.ə.VIII-VI əsrlərdə yunan koloniyaları Qara dənizin şərq sahillərindən tutmuş Aralıq dənizi boyunca yayılmışdı. Yunan koloniyaları Yunanıstanın qədim Şərqin müxtəlif ölkələri ilə əlaqələrinin genişlənməsində mühüm rola malik olmuşlar.

Mövcud tədqiqatlarda Homer dövrü diplomatiyası e.ə.XII-VIII əsrlərdə aid edilir. Homerin “İlliada” və “Odiseya” əsərlərinin təhlili göstərir ki, bu əsərlərin materialları e.ə.III minilliyin prob­lemləri ilə səsləşir. Homer də yunan şəhər dövlətləri arasındakı dualizmi siyasi rəqabət və iqtisadi əlaqələrlə bağlayırdı.

“İlliada” əsərinin təhlili göstərir ki, qədim yunanlar o dövrki dünyanın məlum ölkələrinin hamısı - üç qitə haqqında kifayət qədər elmi biliklərə malik olmuşlar. Qədim Yunanıstanda da şərqdə olduğu kimi koalisiyların yaranması xarici təhlükə ilə bağlı olurdu. Məlum olduğu kimi, yunan şəhər dövlətlərinin ən böyük ittifaqı e.ə. 479-cu ilə aid olan və Peloponnes müharibələri dövründə dağılan I Afina dəniz ittifaqı və e.ə. 379-da yaranan II Afina dəniz ittifaqından ibarət olmuşdur.

İranda Əhəmənilər sülaləsi bərqərar olduqdan sonra Aralıq dənizindən keçən ticarət yollarının tutulması onun başlıca arzusu olmuş və e.ə. 500-cü ildə başlanan yunan-İran müharibəsi buna xidmət etmişdi. İstər I Dara, istərsə də varisi Kserks onilliklər boyu apardığı müharibələrlə Elladaya yiyələnməyə çalışırdılar. Sonralar Panellin konqresində məhz bununla bağlı İrana müharibə elan olunması məsələsi dəfələrlə səslənmişdi. Hətta diplomatiya ilə hərbi işi paralel aparan Makedoniya çarı II Filip belə Şərq yürüşünün alovlu carçısı olmuşdur. Yunan şəhər-dövlətləri möhkəmləndikcə və İranla müharibələr fasiləsiz xarakter aldıqca, bu şəhər dövlətlərin vahid ittifaqda birləşməsi ideyası ciddi şəkildə müzakirə obyektinə çevrilməkdə idi. Məhz bu zəmində birləşmənin Makedoniya və Afina layihələri meydana gəlmişdi.

Hələ Yunan-İran müharibələri dövründən Afina Yunanıstanın bir sıra şəhər-dövlətlərini öz ətrafında birləşdirməyə nail olmuşdu. İttifaqın xəzinəsi Parfenon məbədində saxlanırdı. Afinanın əsas məqsədi hərbi və siyasi yolla yunan şəhərlərinin hamısını öz ətrafında birləşdirməkdən ibarət idi. E.ə.V-IV əsrlərdə Yunanıstanın başlıca qorxusu İrandan və Makedoniyadan idi. Təsadüfi deyil ki, e.ə.443-429-cu illərdə Afinanın strateqi olmuş Perikl Yunanıstanın birləşdirilməsinin özünəməxsus layihəsini hazırlamışdı

Periklin layihəsinə görə, yunan şəhərləri Afinanın ətrafında gözlənilən təhlükələrə qarşı birləşməli idilər. Bu məqsədlə Panellin konqresi çağırılmalı idi. Lakin Perikl öz layihəsini reallaşdıra bilmədi. Çünki yunan polislərinin bir qismi müxtəlif səbəblərdən Spartaya meyilli idilər. Təsadüfi deyil ki, Yunanıstana xas olan siyasi dualizm Peloponnes müharibələri dövründə öz siyasi zenitinə yüksə­lmişdi. Əslində Peloponnes müharibələri Makedoniya çarlığının gücləndiyi dövrdə dəniz ittifaqını dağıtmaqla Yunanıstanı həm İran, həm də Makedoniya qarşısında tərksilah olunmuş vəziyyətdə qoydu. Digər tərəfdən Sparta Afina dəniz ittifaqının gücü qarşısında İranla yaxınlaşmağa başladı ki, bu da bir sıra müqavilələrdə öz əksini tapmışdır.

Lakin yunan şəhər-dövlətlərinin birləşməsi prosesi Makedoniya çarlığı tərəfindən reallaşdı. Çarlığın tarixi e.ə.VII-V əsrlərə, xüsusilə V Filippin dövrünə gedib çıxır. E.ə.IV əsrin ortalarında Makedon tayfalarının hamısı IV Filipp tərəfindən birləşdirilmiş və qüdrətli monarxiya aparatı yaradılmışdı. Yeni döyüş qaydası olan falanqa ellin şəhər- dövlətləri üzərində qələbə çalmağa şərait yaradırdı. II Filipp hərbi qüvvədən daha çox diplomatiyaya üstünlük verirdi. Tədricən şəhər- dövlətlərinin bir qismi Makedoniya tərəfə keçmişdi. II Filipp də Periklin müəllifi olduğu Panellin konqresinin keçirilməsində maraqlı idi. Bu konqreslərdə özü şəxsən iştirak edir və bildirirdi ki, yunanlarla makedoniyalılar ümumi düşmənə qarşı birləşməyə borcludurlar. Yunanıstanın birləşdirilməsi yolunda ən mühüm hadisə e.ə.338-ci ildə baş vermiş Xeroneya döyüşü olmuşdur. Xeroneya döyüşü ilə Yunanıstanın istiqlaliyyəti də məhv oldu, yerində vahid dövlət yarandı.

II Filipp Perikldən sonra ikinci şəxs idi ki, Panellin konqresinin çağırılması uğrunda mübarizə aparırdı. Xeroneya döyüşündən sonra Fiv və Fokida məbəd ittifaqları arasında yaranmış ziddiyyətlərdən istifadə edən II Filipp Fiv tərəfindən münaqişəyə qoşulur. Bu Fiv məbəd ittifaqına fokidalıların qarət etdiyi 10 min talant vəsaiti geri qaytarmağa imkan verir. Xeroneya döyüşündən sonra II Filipp Panellin konqresini çağırmaqla iki başlıca məqsədə nail olmaq istəyirdi.

- Yunan şəhər dövlətləri üzərində hegemonluğu təmin etmək.

- İranla müharibə məsələsində yunan şəhərlərinin müttəfiqliyini qazanmaq.

Məhz II Filippin təhriki ilə e.ə.337-ci ildə Korinf şəhərində sinedron-məclis çağırılır. II Filipp yunan dilində pis danışmasına baxmayaraq məclisdə çıxış edərək öz missiyasını nəzərə çatdırır və yunan şəhər-dövlətləri arasında düşmənçiliyi pisləyir. İki yüz ildən bəri davam edən və Yunanıstana böyük bəlalar gətirən yunan-İran müharibə­lərinin qisasının alınmasını tələb edən II Filipp öz populyarlığının zirvəsində idi. Korinf məclisi İrana müharibə elan edir. Müharibə üçün məqam əlverişli seçilmişdi. E.ə.336-cı ildə gərgin saraydaxili çəkişmələrdən sonra III Dara hakimiyyəti ələ almışdı.

II Filippin Yunanıstanı birləşdirməsi və Afina dəniz ittifaqına mənsub olmuş donanmaya sahiblənməsi ona Kiçik Asiyaya yürüş üçün geniş imkan yaratmışdı. Lakin baş vermiş faciəli hadisə onun həyatəna son qoydu. Şərq yürüşünə rəhbərlik Makedoniyalı İsgəndərin payına düşdü. İsgəndərin şərq yürüşü e.ə.334-325-ci illər arasındakı onillik dövrü əhatə edir. Şərq yürüşündə məqsəd Kiçik Asiyadakı yunan şəhərlərini İranın təsirindən azad etmək və «demokratiyanı» bərpa etməkdən ibarət idi. İsgəndərin hərbi qüvvələri təxminən 100 min nəfərə yaxın idi, halbuki Əhəmənilərin silahlı qüvvələri bundan on dəfələrlə çox idi.

İsgəndərin Kiçik Asiyaya çıxışı maneəsiz baş verdi. Çünki təzəcə hakimiyyətə gəlmiş III Dara İsgəndərin məqsədindən xəbərdar olsa da öz hərbi qüvvələrini qaydaya sala bilməmişdi. E.ə.334-cü ildə Qranik çölündə baş vermiş döyüş III Daranın hərbi qüvvələrinin məğlub olması ilə nəticələnmişdi. Lakin e.ə.333-cü ildə baş verən İss döyüşü yalnız İsgəndərin sərkərdəlik bacarığı nəticəsində Makedo­niyanın xeyrinə həll oldu. İss döyüşündən sonra Babil hökmdarı Mazun, Atropat, habelə III Daraya sadiq olmuş 2 şəhər hakimi İsgəndərin hakimiyyətini qəbul edirlər.

İsgəndərin e.ə.332-ci ildə baş vermiş Misir yürüşü xilaskarlıq yürüşü kimi qəbul edilir. Lakin Qəza və Tir şəhərləri müqavimət göstərdikdən sonra təslim olurlar. İsgəndərin Misir yürüşü nəticə­sində Misir onun hakimiyyətini qəbul edir. İsgəndər Misir fironu və Ra allahının oğlu elan edilir. Həmin ildə İsgəndəriyyə şəhərinin əsası qoyulur. Burada tikilən Mayak dünyanın ikinci möcüzəsi sayılır. İsgəndərin zərbələri altında İran Əhə­mənilər dövləti e.ə. 330-da dağılır. Dara özünün sevimli sərkərdəsi Bes tərəfindən öldürülür.

İsgəndərin Orta Asiyaya yürüşü e.ə. 328-327-ci illərə aiddir. Yürüşdən sonra İsgəndər Hindistan səfərinə başlayır və Hindistanın şimal-qərb bölgəsi Makedoniya imperiyasının hakimiyyəti altına keçir. İsgəndər e.ə. 325-ci ilin sonunda yürüşü başa vurur və su yolu ilə öz qoşunlarını Mesopotamiyaya qaytarır. İmperiyanın ərazisi canişinliklərə bölünür və paytaxt kimi Babil şəhəri seçilir.
5.2.Makedoniyanın beynəlxalq əlaqələri
E.ə. VII-VI əsrlərdə Makedoniyanın ayrı-ayrı vilayətləri Homer dövrünün basilevslərinə bənzər tayfa başçıları tərəfindən idarə edilirdi. Bu vilayətlərin birləşdirilməsi cəhdlərinə e.ə. VI əsrdən etibarən bir sıra sülalələrin fəaliyyətində təsadüf olunur. Bu dövrün hakim nəsilləri içərisində ən qüvvətlisi Ageadlar idi. Makedoniyada vahid dövlətin – monarxiyanın yaranması bu sülalənin adı ilə əlaqədardır. Tədricən bu sülalənin nümayəndələri bütün Aşağı Makedoniyanı özlərinə tabe edirlər. Lakin İran-yunan müharibələri dövründə az müddətdə olsa da, Makedoniya İranın hakimiyyəti altına düşür.

Makedoniyanın ilk yüksəlişi dövrü I İskəndərin (e.ə. 495-450) ilə bağlıdır. Mərkəzləşmə siyasəti yeridən I İskəndər və I Arxelayın çarlığı dövründə (e.ə. 419-399) mərkəzi hakimiyyətin konsolidasiyasına yönəldilmiş bir sıra islahatlar verilir. Arxelay Makedoniyada qalalar tikdirir, yeni yollar saldırır, hərbi işi canlandırırdı. Antik tarixçilərdən Fukididin yazdığına görə, o Makedoniya üçün özündən əvvəl gələn səkkiz çarın hamısından daha çox iş görmüşdü. Arxelay dövründə paytaxt Pella şəhərinə köçürülür və onun yeritdiyi birləşmə siyasətini varislərindən III Perdikka (e.ə. 365-360) tərəfindən davam etdirilmişdi. Bununla belə, sülalənin son nümayəndələrinin dövründə Makedoniyada hakimiyyət uğrunda mübarizə ölkəni xeyli zəiflətmişidi.

Makedoniyada vəziyyət II Filippin (e.ə. 359-336) hakimiyyəti illərində stabilləşir və qüdrətli monarxiya yaranır. II Filipp tərəfindən həyata keçirilmiş siyasi-hərbi islahatlar nəticəsində orduda başlıca rol falanqaya verilmişdi. Bir-birinin arxasında 16 sıra ilə düzülmüş, qılınc, qalxan və iki metrlik nizələrlə silahlanmış Makedoniya falanqası o dövrkü hərbi qaydanın ən mükəmməl nümunəsi hesab edilirdi. Qalxanlarla mühafizə olunub, uzun nizələrlə düşməndən özünü qoruyan Makedoniya falanqasının hücumu düşməndə vahimə yaradırdı. Ağır silahla silahlanmış süvari alayları isə ictimai tərkibi etibarı ilə Makedoniya zadəganlarından ibarət idi. Makedoniya falanqalarının sağ və sol cinahında duran yüngül silahlı piyada və atlı alaylar falanqanı düşmənin mühasirəyə almasından müdafiə edirdi. Bu muzdlu alaylar tərkib etibarı ilə yunan, Frakiya, İlliriya və başqa tayfaların nümayəndələrindən ibarət olmuşdu. Make­doniya qoşununda döyüş texnikasından – taran və katapultadan da məharətlə istifadə edilirdi.

II Filippin islahatları içərisində iqtisadi islahatın da böyük əhəmiyyəti var idi. Makedoniya çarı Strimon çayı yaxınlığındakı qızıl və gümüş mədənlərini ələ keçirməklə böyük sərvət sahibi olmuş və ildə 1000 talant qızıldan artıq gəlir əldə etmişdi. Tədricən Makedoniya pul vahidləri olan qızıl və gümüş sikkələr Aralıq dənizinin şərq rayonlarında həqiqi mübadilə vahidinə çevrilərək İran darikləri (qızıl pul vahidi) ilə paralel olaraq işlədilməyə başlanmışdı.

II Filippin iqtisadi islahatı ölkənin ticarət əlaqələrinin inkişafına xeyli təkan vermiş, əldə edilmiş pul vəsaitləri Makedoniya ordusunun gələcək hərbi müvəffəqiyyətlərində böyük rol oynamışdı. Digər tərəfdən ticarətin inkişafı Makedoniyanın beynəlxalq əlaqələrinin güclənməsinə də müsbət təsir göstərmişdi.

II Filip tərəfindən qüdrətli ordunun yaradılması və çoxlu sərvətlərin əldə edilməsi Makedoniyanın işğalçılıq siyasətinə təkan vermişdi. II Filippin planlarında dənizə çıxmaq və Yunan polislərinin tabe edilməsi mühüm yer tuturdu. Qısa müddətdə Makedoniya dəniz sahilindəki Amfipola və Frakiyanın dəniz sahili rayonlarının çoxuna sahib olur və bununla da əslində qüdrətli dəniz dövlətinə çevrilir. II Filippin malik olduğu donanma öz döyüşkənliyi və gücü ilə seçilirdi. Bu donanmanın köməyi ilə Makedoniya quru döyüşlərində də böyük uğurlar qazanmışdı.

II Filippin xarici siyasət uğurları ona Yunanıstanın daxili işlərinə qarışmaq imkanı vermişdi. Bunun üçün bəhanə lazım idi ki, e.ə. 355-ci ildə «müqəddəs müharibə»nin başlanması nəticəsində belə bəhanə əldə edildi. Məlum olduğu kimi, yunan şəhərləri arasında münaqişələr mütəmadi xarakter daşıyırdı və mübahisələrin başlıca səbəbi torpaq və sərhəd məsələləri ilə bağlı olmuşdu. Bu qəbildən olan münaqişələrdən biri də e.ə. 355-ci ildə Fiv və Fokida arasında olmuşdu. Münaqişəyə səbəb fokidalıların Delfi məbədi torpaqlarını şumlaması olmuşdu. Fivin və onun müttəfiqlərinin ittihamına cavab olaraq fokidalılar gözlənilmədən Delfiyə hücum etdilər və 10.000 talanta malik olan Apollon məbədinin xəzinəsini ələ keçirdilər. Qısa müddət ərzində bu ixtilaf ümumellin xarakteri almış və on il davam etmiş «müqəddəs müharibə»yə çevrilmişdi.

Münaqişədə II Filipp fivlilərin tərəfindən keçir, fokidalıları və onların mütəffiqlərini məğlub edir. «Müqəddəs müharibə»də Makedoniya çarının əldə etdiyi qələbə ona Şimali Elladada möhkəmlənmək imkanı vermişdi. Filippin işğalçılıq siyasəti bütün yunan polislərini təşvişə salmağa başlamışdı.

Tədricən Yunanıstanda Makedoniyaya qarşı siyasi ittifaq formalaşmağa başlamışdı ki, bu ittifaqa Afina başçılıq edirdi. Afina demokratiyasının rəhbəri qədim yunan dövrünün görkəmli siyasi xadimlərindən və natiqlərindən olan Demosfen idi. Lakin yunan polisləri arasında həmrəyliyin olmaması Demosfenə II Filipə qarşı uğurla mübarizə aparmağa imkan vermirdi. Makedoniya diplomatiyası Yunan şəhərləri arasında narazılığı bir qədər də gücləndirir, Oliqarxiyanı öz tərəfinə çəkməklə antimakedoniya partiyasının mövqelərini sarsıdırdı. II Filipin başlıca siyasi vasitəsi pulun gücü ilə hakim siniflərin seçilmiş nümayəndələrini ələ almaq yunan şəhərləri arasındakı mübarizədə həmişə zəifin tərəfində durmaqdan ibarət idi.

Makedoniya və antimakedoniya partiyaları arasında hərbi-siyasi mübarizə Afinada xüsusilə şiddətli forma almışdı. Afinada Makedoniya partiyasının başında dövrün görkəmli xadimləri olan Esxin, İsokrat, Filokrat, Fokion və başqaları dururdular. Bu partiyanın tərəfdarları Yunanıstanda normal iqtisadi və siyasi həyatı bərpa etmək üçün nəyin bahasına olursa-olsun yunan polislərini birləşdirmək, bununla da İrana qarşı mübarizədə zərbə qüvvəsi yaratmaq, yunan sənətkarlığı və ticarəti üçün meydan əldə etməklə yanaşı Yunanıstanı «artıq adamlardan» (şəhər yoxsullarından) qurtarmaq istəyirdilər. Makedoniya partiyası liderlərinin fikrincə, Yunanıstanı birləşdirib İrana qarşı şərq yürüşünə apara biləcək yeganə qüvvə II Filipp idi.

Demosfen də Yunanıstanın birləşdirilməsi tərəfdarı idi. Lakin o, II Filippin ətrafında deyil, II Filippə qarşı birləşməyin tərəfdarı idi. Lakin, yunan polisləri daxilindəki parçalanma buna imkan vermirdi. Yaranmış şəraitdən istifadə edən II Filipp e.ə. 348-ci ildə Olinf şəhərini tutaraq əhalisinin xeyli hissəsini qul edib satır, bir hissəsini ilə qırır. E.ə. 346-cı ildə yunan şəhərləri ilə Filokrat sülhü imzalanır. Sazişə görə Afina böyük itki verir, II Filipp isə Orta Yunanıstanın açarı olan Fermopil keçidini ələ keçirərək Delfi Amfiktioniyasının üzvü olur. Lakin bu uğurlar uzun sürmür, belə ki, e.ə. 340-cı ildə bizans yaxınlığındakı dəniz döyüşündə Yunan şəhərlərinin birləşmiş donanması II Filippi ağır məğlubiyyətə uğradır.

Lakin Bizans məğlubiyyətinin əvəzini çıxmaq və itirilmiş hərbi nüfuzunu bərpa etmək üçün II Filipp skif çarı Atey ilə müharibəyə başlasa da döyüş əməliyyatları gah bu, gah da qarşı tərəfin üstünlüyü ilə səciyyələnən yorucu müharibə xarakteri alır və makedoniyalilara uğur gətirmir. II Filip yenidən diqqəti diplomatiyaya yönəldir və müttəfiqlər arası münasibətləri pozmaq üçün intriqaya əl atır ki, bunun nəticələri özünü çox da gözlətmir. E.ə. 339-cu ildə yunan şəhər-dövlətləri arasında başlanmış ikinci «müqəddəs müharibə»də iştirak edən II Filipp qısa müddətə Orta Yunanıstanda möhkəmlənir və itirilmiş mövqelərini bərpa etməyə müvəffəq olur. Bu isə yenidən yunan şəhərlərini II Filippə qarşı birləşməyə vadar edir. Afina, Fiv, Korinf və başqa şəhərlər II Filippə qarşı koalisiya yaradır, böyük qoşun toplayaraq Makedoniya ilə müharibəyə hazırlaşırlar. E.ə. 338-ci ilin payızında Beotiyadakı Xeroneya şəhəri yaxınlığındakı döyüşdə Fiv və Afina qoşunlarının zərbə qüvvəsi darmadağın edilir. Qüvvələr arasında təxmini bərabərliyin olmasına baxmayaraq (Filippin 30 min piyada, 2 min süvari qoşunu var idi, müttəfiqlərin qoşunlarının sayı isə bir qədər artıq idi)qələbə sayla yox, bacarıqla əldə edilir. Döyüşdə II Filippin oğlu 18 yaşlı İsgəndər ordunun sol cinahına komandanlıq edirdi. II Filipp sonralar demişdi ki, Xeroneya döyüşü zamanı İskəndər mənim sol cinahımda idi, lakin sağ əlim idi. Onun sol cinahdan başladığı hücum mənim mərkəz və sağ cinahdakı qələbəmə gətirib çıxardı və bununla da yunan polislərinin birləşmiş qüvvələri əvvəlcə geri oturuldu, sonra isə darmadağın edildi.

Xeroneya döyüşü Yunanıstanın tarixi taleyində böyük dönüşə səbəb oldu. Mənbələrdə deyilirdi ki, Xeroneya döyüşündə həlak olanların cəsədlərinin yığılıb basdırılması ilə Yunanıstanın da istiqlaliyyəti və azadlığı da dəfn edildi. Bununla da bütün Yunanıstan II Filippin hakimiyyəti altına düşdü. Yunan dövlətlərinin çoxunda hakimiyyət başına Makedoniya tərəfdarları olan oliqarxlar gəlirlər və e.ə. 337-ci ildə Korinfdə bütün yunan dövlətlərinin və Makedo­niyanın iştirak etdiyi sinedrion (ümumi iclas) adlanan məşhur Panellin konqresi çağrılır.

Konqres ümumi sülh elan edir, yunan şəhərləri arasında müharibələr qadağan olunur və Panellin ittifaqı təsis olunur. Konqresdə qəbul edilmiş bir sıra yeniliklərin içərisində İrana müharibə elan edilməsi mühüm yer tuturdu. Konqresdən sonra II Filipp Panellin ittifaqının hegomonu olur. II Filipp bütün Eladanı siyasi cəhətdən birləşdirə bilmiş, bununla da faktiki olaraq Yunanıstan Makedoniya­nın hegomonluğu altına keçmişdi.

Yunan şəhər-polisləri arasında davam edən müharibələr onları zəiflədir, ayrı-ayrı polislərin hegomonluq cəhdləri isə onlara qarşı digər polislərin koalisiyasının yaranmasına səbəb olurdu ki, nəticədə bir neçə yunan dövləti aparıcı qüvvəyə çevrilə bilmirdi. Makedoniyanın üstünlüyü onda idi ki, burada quldarlıq cəmiyyətinin ziddiyyətləri hələ bir o qədər kəskin xarakter almamışdı. Bu da Makedoniyanın Yunanıstan üzərində üstünlüyünü təmin etdi. Makedoniyanın qələbəsinin səbəblərindən digəri onun qüdrətli orduya malik olması və dövlətin başında II Filipp kimi mahir diplomat və görkəmli sərkərdənin durması idi.

II Filipp Yunanıstanın birləşdirilməsi uğrunda mübarizədə bütün vasitələrdən, diplomatiyadan, hərbi gücdən, intriqadan və pulun köməyindən məharətlə istifadə edirdi. O, bəzən kinayə, bəzən də obrazlı şəkildə deyirdi ki, «qızıl yüklənmiş uzunqulağın dunyada aşıb-keçə bilmədiyi qala divarları yoxdur». Məlum olduğu kimi, yunan şəhərlərinin hamısında Makedoniya tərəfdarları var idi və II Filipp onların yardımından hərtərəfli şəkildə istifadə etməyi bacarırdı. Öz tərəfdarları vasitəsilə hər hansı polisin elitası satın alınır, bu isə şəhərin ictimai həyatına təsir göstərir, hətta Makedoniya ordusu hücuma keçəndə şəhərin qala qapıları onların əli ilə açılırdı. Hər hansı şəhər tutulduqdan sonra II Filipp şəhərin əhalsinin ümumi yığıncağını çağırır və çıxış edərək baş verənlərlə bağlı əhalini məlumatlandırırdı. Şəhər əhalisi isə xəyanətkarların cəzalandırıl­masını tələb etdikdə, onları hamının gözü qarşısında edam etdirir və edam olunmuşların əmlakını ələ keçirməklə bir növ müharibənin xərcini ödəyirdi.

II Filippin Şərq yürüşü e.ə. 336-cı ildə başlanır. Makedoniya sərkərdələrindən Parmenion və Attalın başçılıq etdiyi yunan ordusu Kiçik Asiyaya daxil olur. Lakin Makedoniyada baş vermiş hadisələr tezliklə yürüşün dayandırılmasına səbəb olur. Belə ki, hələ e.ə. 337-ci ildə II Filipp özünün birinci arvadı – İsgəndərin anası Olimpiadadan ayrılmış və Makedoniya zadəganlarının nəslindən olan Kleopatra ilə evlənmişdi. Olimpiada isə qardaşı Epir çarı Aleksandrın sarayına qayıtmışdı. Lakin e.ə. 336-cı ildə II Filipp qızının toy məclisində mühafizəçilərindən Pavsani tərəfindən öldürülür. Ölümün səbəbləri ilə bağlı müxtəlif versiyaların olmasına baxmayaraq, ehtimal ki, İran şahı III Daranın bu məsələdə əli olmuşdur.

Atasının ölümündən sonra e.ə. 336-cı ildə hakimiyyət başına İsgəndər keçir. O, öz dövrünün və mühitinin oğlu idi. Aristotelin tərbiyəsi nəticəsində geniş dünyagörüşə və böyük biliyə yiyələnmiş İsgəndər hələ gənc yaşlarında ikən onu əhatə edən saray mühitində hakim olan görüşləri və əxlaq vərdişlərini mənimsəmişdi. Onun xarakteri son dərəcədə ziddiyyətli olub, özündə soyuqqanlılığı və coşqun temperamenti, alicənablılığı və qəddarlığı birləşdirirdi. O yaranmış mürəkkəb vəziyyətlərdən böyük məharətlə çıxır və tələbata uyğunlaşa bilirdi. İsgəndər son dərəcədə görkəmli sərkərdə və böyük dövlət xadimi olmuşdu. Onun hakimiyyəti dövründən Yunanıstan ellinizm dövrünə qədəm qoyur.

İskəndərin hakimiyyətinin e.ə. 336-334-cü illəri əhatə edən ilk iki ili atasının ölümündən sonra başlanmış olan hərc-mərcliyin aradan qaldırılmasından ibarət olmuş, şimalda Frakiya və İllariya, cənubda isə Yunanıstan yenidən Makedoniyaya tabe edilmişdi. Yalnız bundan sonra İrana yürüşə hazırlıq başlanır.
5.3. Makedoniyalı İsgəndərin Şərq yürüşü və nəticələri.

İran-yunan müharibələri dövründə İranın məğlubiyyəti əslində Əhəmənilər imperiyasının süqutunun başlanğıcı idi. İrana tabe olan əyalətlərdə zülm, istibdad və məmurların özbaşınalığı yerli əhalinin İrana qarşı nifrət və üsyanlarının başlıca səbəbi idi.. Makedoniyalı İsgəndərin Şərq yürüşü ərəfəsində dərin böhran keçirən İran dövləti dağılmaqda idi.

Əhəmənilərin sonuncu hökmdarlarından olan III Artakserks e.ə 338- ci ildə vəfat etdikdən sonra şahın varisləri arasında uzun müddət hakimiyyət uğrunda mübarizə başlanır. Nəhayət e.ə 336-cı ildə III Dara Kodoman hakimiyyət başına keçir.

Uzun müddət davam edən hakimiyyət uğrunda mübarizə, ümumi iqtisadi tənəzzül, İran ordusunun döyüş qabiliyyətinə son dərəcə ciddi mənfi təsir göstərmişdi. Onları tayfa və xalqlardan təşkil olmuş, biri-biri ilə əlaqəsi olmayan, hərbi hazırlığı və nizam- intizamı son dərəcə zəif olan İran ordusunun başında duran sərkərdələr də əksər hallarda hərbi işdən yaxşı baş çıxara bilmirdilər.

E.ə 334-cü ildə ciddi hərbi hazırlıqdan sonra İsgəndərin birləşmiş Makedoniya-yunan ordusu Hellesponta doğru hərəkət edir. Arxada əminamanlığı təmin etmək üçün İskəndərin sərkərdəsi Antipatr 13.500 nəfərlik qoşunla Yunanıstanda qalır. İrana qarşı başlanmış müharibədə başlıca məqsəd Aralıq dənizi və Kiçik Asiya regionlarından İran monarxiyasını sıxışdırıb çıxarmaq, yeni ərazilər, sərvətlər, çoxlu qul və s. əldə etmək və bu vasitə ilə yunan quldarlıq demokratiyasının inkişafını təmin etmək idi. Müharibənin başlanmasında səbəb kimi, Kserksin Yunanıstana hucumu zamanı yunanların çəkmiş olduqları iztirabların əvəzinin çıxarılması, iranlılar tərəfindən aparılmış yunan allahlarının heykəllərinin geri qaytarılması və II Filippin qisasını alınması göstərilirdi.

Kiçik Asiyaya daxil olmuş İsgəndərin ordusu 30 min piyada və 5 min süvari döyüşçüdən ibarət idi. Bu ordunu Aralıq dənizinin şərq sahillərinə 160 gəmidən ibarət yunan donanması çıxarmışdı. Makedoniya nizami ordusunun əsasında cəbhənin mərkəzindən hüçum etmək və düşməni darmadağın etmək vəzifəsini həyata keçirən və daha az mütəhərrik olan ağır piyada qoşun - falanqa dayanırdı. Makedoniya ordusunda təcrübəli mühəndislər, istehkam ustaları, habelə o dövr üçün mükəmməl sayılan mühasirə texnikası və s. var idi. Sonralar Roma ordusu məhz Makedoniya ordusunun nümunəsində qurulmuşdu.

Makedoniya qoşunlarının İran ordusuna qarşı ilk döyüşü e.ə. 334-cü ilin mayında Kiçik Asiyadakı Qranik çayı yaxınlığında baş vermişdi.. Makedoniya ordusu hücumla Qranik cayını keçərək İran ordusunun ön cəbhəsini yarmış və onun avanqard hissələrini darmadağın etmişdi. Döyüş zamanı düşmənin cinahlarına və arxasına keçmiş Makedoniya süvari qoşunları başlıca rol oynamışdı.

Qranik döyüşündən sonra Kiçik Asiyanın yunan şəhərləri Milet və Qalikarnas istisna olmaqla müqavimətsiz İsgəndərə tabe oldular. Qısa müddətdə Kariya, Likiya, Pamfiliya, Frakiya və s. şəhərlər İsgəndər tərəfindən zəbt edildi. E.ə 333-cü ilin baharında makedoniya ordusu Kappadokiyanı işğal edib Kilikiya və Tavra daxil olmuşdu. İran ordusu müqavimət göstərmədən Mesopotamiyaya çəkilmişdi. Makedoniyalı İsgəndər taktiki mülahizələri əsas tutaraq yunan polislərində «azadlıq» və «xilaskarlıq» siyasəti yeridir, oradakı iranmeyilli hakimləri devirərək demokratik quruluşu bərpa edirdi. Əslində Kiçik Asiyadakı yunan polislərinin «azadlığı» Yunanıstandıkı dövlətlərin «azadlığından» daha çox zahiri xarakter daşıyırdı. Azad olmuş yunan polislərinin müstəqilliyi nisbi xarakter daşıyır, onlar hətta Korinf ittifaqına belə daxil edilmirdilər.

Kiçik Asiyada qazandığı uğurlara baxmayaraq İsgəndər İran donanması arxadakı fəaliyyətinə qarşı heç nə edə bilmirdi. Aralıq dənizinin şərq rayonlarında hakim mövqe tutmaqda olan bu donanma İsgəndərin materiklə əlaqəsini əsasən kəsmişdi. Yunanıstanda da vəziyyət o qədər möhkəm deyildi. Makedoniya hakimiyyətinə qarşı narazılıq əhvali-ruhiyyəsi genişlənməkdə idi. Hətta Afina III Daranın yanına xüsusi nümayəndə göndərərək onunla danışıqlar aparmış , Makedoniyaya qarşı birgə fəaliyyət göstərilməsi haqqında razılığa gəlinmişdi.

Egey dənizində başlıca dayaq məntəqələrini ələ keçirmiş İran donanmasının başcısı yunan mənşəli Memnon İsgəndərin arxasında makedoniyalılara qarşı ümumi üsyan hazırlığı ilə bağlı son tədbirləri görürdü. Bununla belə, başladığı işləri axıra çatdıra bilmədi. Memnonun qəfildən ölümü bu planı alt-üst etdi. Onun ölümü ilə bağlı müxtəlif etimallar irəli sürülürdü.

İsgəndərin qoşunları çətin dağ keçidlərini aşaraq Şimali Suriyaya çıxarkən III Daranın İran qoşunları Aman dağlarını keçərək Makedoniya ordularının arxasına çıxmış, Pinar çayı boyunca əraziləri tutaraq İskəndəri arxadakı bazalarından məhrum etmişdi. İran qoşunları İssa (İss) şəhəri yaxınlığındakı dəniz ilə dağ silsilələri arasında olan dar vadidə möhkəmlənərək Makedoniya qoşunlarını çətin vəziyyətə salmışdı. III Daranın qoşunlarının sayı 150 min nəfərə çatırdı. Makedoniyalıları yalnız qəti və sürətli hərəkət fəlakətdən qurtara bilərdi. İsgəndərin sərkərdəlik bacarığı məhz burada özünü bariz şəkildə göstərirdi.

E.ə. 333-cü ilin oktyabrında Makedoniya qoşunlarının sağ cinahı və İsgəndərin özünün rəhbərlik etdiyi hetayr (hetayr «yoldaş», «dost» deməkdir. Hetayrlar Makedoniya zədəganlarından və İsgəndərin yaxın dostlarından ibarət olan qvardiya hissəsi olub İsgəndərin mühafizəsini təşkil edirdilər) hissələri Dara qoşunlarının mövqelərinə soxularaq onları dağıdır ki, bununla da III Dara döyüş meydanından qaçmaqla canını qurtarır. İran qoşunları olduqca böyük tələfat verərək pərakəndə şəkildə hərb meydanını tərk etməyə məcbur olmuşdular.

Makedoniya ordusunun bu qələbəsi nəticəsində III Daranın zəngin çadırı, anası, arvadı və iki qızı İsgəndərin əlinə keçmişdi.Mənbələrdə III Daranın İss döyüşündən sonra İsgəndərə yazdığı bir neçə məktubun məzmunu qorunub saxlanmışdı. Bunlarda III Daranın İsgəndərlə Əhəmənilər dövlətini bölüşdürmək istəyi öz əksini tapmışdı. Belə ki, III Daranın İsgəndərə yazmış olduğu birinci məktubda öz ailəsinin qaytarılmasını xaiş edir, ona İranla ittifaq müqaviləsi bağlamağı təklif edirdi. İkinci məktubunda Dara öz ailəsini azad etmək üçün İsgəndərə 10 min talant pul, habelə Fərat çayının qərbindən o yana yerləşmiş bütün əraziləri verməyi təklif edirdi. İss döyüşü İsgəndərin Şərq yürüşü gedişində dönüş nöqtəsi olmuşdu. Bununla da bütün Kiçik Asiya işğal edilmişdi.

Tədqiqatçılara görə, bu dövrdə İsgəndər hələ dünya monarxiyasının yaradılması haqqında düşünmürdü. Onu şərqə doğru yürüşə vadar edən iqtisadi çətinliklər idi. Belə ki, dövlət xəzinəsi boşalmış, borclar fəlakətli həddə çatmışdı. Şərq yürüşünə çıxarkən İsgəndərin xəzinəsində cəmi 70 talant pul var idi. Alınmış borcların məbləği isə 1300 talanta çatırdı. Hər ay qoşuna və donanmaya 300 talant muzd verilməli idi. Beləliklə, Elladanı iranlılardan müdafiə etmək məqsədi ilə başlanmış bu müharibə sözün əsil mənasında qəsbkarlıq yürüşünə çevrilmişdi.

İsgəndər İss döyüşündə darmadağın edilmiş İran qoşunlarını və Daranı təqib etməkdən imtina edərək Aralıq dənizində hegemonluq edən İran donanması bazalarını məhv etmək məqsədi ilə Suriya, Finikiya və Fələstinə hərəkət etmiş və böyük uğurlar qazanmışdı.Belə ki, Finikiyanın sahil şəhərlərlərinin əksəriyyəti müqavimət göstərmədən makedoniyalılara tabe olmuş, Arvad, Marat, Bibl, Sidon və s. şəhərlər döyüşsüz tutulmuşdu. İsgəndərin sərkərdəsi Parmenion Dəməşq şəhərini tutaraq III Daranın araba karvanını və səyyar xəzinəsini ələ keçirmişdi.

Lakin İsgəndər heç də hər yerdə xilaskar kimi qarşılanmırdı. Belə ki, Makedoniya qoşunları Tir və Qəzza şəhərlərində ciddi müqavimətlə qarşılaşmış, yalnız yeddi aylıq mühasirədən sonra e.ə. 332-ci ilin iyulunda Tir şəhərini ələ keçirmişdilər. Şəhərə amansız divan tutulmuş, əlinə silah götürə bilən kişilərin 3O min nəfəri məhv edilmiş, səkkiz min nəfəri isə qul edilib satılmışdı.Tir şəhərinin alınmasında Makedoniya ordusunun mühasirə texnikasının yüksək səviyyədə olması, habelə İsgəndərin sərkərdəlik məharəti özünü bir daha göstərmişdi. Aralıq dənizi boyunca şəhərləri ələ keçirən Makedoniya qoşunları bununla da İran donanmasını bazalarından məhrum edib onun dağılmasına səbəb oldu. Beləliklə, İsgəndər Aralıq dənizi hövzəsindəki başlıca təhlükəni aradan qaldıraraq Balkan yarımadası ilə sıx əlaqə yaratmağa müvəffəq olmuşdu.

İsgəndər e.ə. 332-ci ilin noyabrında Misiri müqavimət görmədən tutur. İran zülmündən cana gəlmiş Misir əhalisi İsgəndəri xilaskar kimi qarşılayırdı. Misirə daxil olan İsgəndər ölkənin fironları kimi, o da Liviyada Siva səhrasındakı məşhur Amon allahı orakulunu ziyarət etmişdi. İsgəndər Misir səfərinə böyük siyasi əhəmiyyət verirdi. Buna görə də İsgəndər öz ətrafındakı yunan və makedoniyalıların ciddi müqavimət göstərməsinə baxmayaraq, son nəticədə öz iradəsini onlara qəbul etdirmişdi.Tədqiqatçıların fikrincə, görünür gələcəkdə çarın ilahiliyi ideyası onun fikrinə elə burada gəlmişdi. Misir kahinləri İsgəndəri «Amonu sevən», Ra allahının oğlu və ölkənin qanuni fironu elan etmişdilər. Amon allahına nəinki Misirdə, hətta Kiçik Asiyada və Yunanıstanda da böyük hörmət var idi.Yunanlar və Makedoniyalılar Amon allahını Zevsə bərabər tuturdular. Kiçik Asiya şəhərlərindən biri də Frikiyanın paytaxtı olmuş Qordi şəhəri idi.Yerli əfsanəvi hökmdarlardan birinin adı ilə “Qordi düyünü” bu şəhərdə döyüş arabasına vurulmuşdu. Əfsanəyə görə, bu düyünü açan Asiyanın hökmdarına çevrilə bilərdi. Həmin düyün İsgəndərə də göstərilmişdi, lakin onu aça bilməyən İsgəndər düyünü qılıncla doğramışdı.Yəqin ki, elə o dövrlərdən siyasi leksikona düyünə düşmüş məsələlərin qılınc gücünə açılması fikri daxil olmuşdu.

E.ə 332-331-ci illərin qışını Misirdə keçirən İsgəndər Nil çayı deltasında İsgəndəriyyə adlı yeni şəhərin salınmasına nail olmuşdu. İsgəndəriyyənin coğrafi mövqeyi son dərəcə əlverişli idi. E.ə IV əsrin sonu III əsrin əvvəllərində bu şəhər yunan və şərq aləminin ən böyük ticarət, sənətkarlıq və mədəni mərkəzinə çevrilmişdi. Misirin işğalı və İsgəndəriyyənin salınması makedoniyalıların Aralıq dənizi hövzəsinin şərqində tamamilə möhkəmlənməsinə imkan yaratmışdı.Bu şəhərin adı ilə qədim dünyanın ikinci möcüzəsi hesab edilən İsgəndəriyyə mayakı bağlıdır.

E.ə 331-ci ilin baharında İsgəndər Misiri tərk edərək Finikiya və Suriya ərazisindən keçən qədim ticarət yolu ilə şərqə doğru hərəkət edir ki, bununla da İran monarxiyasının şərq hissəsi uğrunda mübarizə başlayır. Qarşıdakı döyüşdə III Dara imperiyasının taleyi həll edilməli idi. İran şahı bunu yaxşı başa düşdüyü üçün döyüşə əvvəlki döyüşlərdən daha yaxşı hazırlaşmışdı. İsgəndərlə sülh danışıqlarının baş tutmaması III Daranı son döyüşə olduqca ciddi şəkildə hazırlaşmağa vadar etmişdi. III Daranın ordusunda təkərlərinə oraqvari xəncərlər taxılmış, düşmənə böyük tələfat verən 100 cəng arabası və 15 döyüş fili var idi. İsgəndərin hərbi qüvvələri 40 min piyada və 7 min süvari döyüşçüdən ibarət olduğu halda, III Daranın ordusu təxminən 80 min piyada və 12 min süvaridən ibarət idi.

Makedoniya qoşunları Dəclə və Fərat çaylarını keçərək e.ə. 331-ci ilin sentyabrında qədim Assuriyanın ərazisindəki Arbela şəhəri yaxınlığındakı Qavqamel kəndi ətrafındakı düzənliyə çatdı və məhz burada qədim dünyanın ən böyük döyüş əməliyyatlarından biri baş vermişdi. İran ordusunun döyüş qaydalarını yaxşı öyrənmiş İsgəndər öz qoşunlarının ön xəttində yüngül silahlı piyadaları yerləşdirmişdi. Əsas hərbi qüvvələrin mərkəzində falanqa, sol cinahında piyada və süvari döyüşçülər, sağ cinahında hetayrlar və adi süvari dəstələri düzülmüşdü. Ordunun sol cinaha Parmenion, sağ cinaha isə İsgəndər özü komandanlıq edirdi.

III Daranın ordusunun mərkəzində döyüş filləri, cinahlarda cəng arabaları, əsas hərbi qüvvələrin arxasında isə muzdlu yunan qoşunları yerləşdirilmişdi. Təhlükəli cəhət o idi ki, İran qoşunlarının cəbhə xətti makedoniyalıların cəbhə xəttindən xeyli uzun idi. Belə vəziyyətdə İran ordu hissələri cinahlardan Makedoniya qoşunlarının arxasına keçib onları mühasirəyə ala bilərdi. Buna görə də İsgəndər sağ və sol cinahların arxasında ehtiyat qoşun dəstələri düzür ki, onlar lazımi vaxtda arxa tərəfə çevrilib oradan olan hücumu dəf edə bilsinlər.

Babil satrapı Mazeyin rəhbərlik etdiyi qoşun dəstələrinin müvəffəqiyyətli zərbəsi nəticəsində iranlılar Parmenionun komandanlıq etdiyi sol cinaha böyük tələfat verərək makedoniyalıların falanqasını yarıb İsgəndər qoşunlarının arxasına keçməyə müvəffəq olmuşdular.

Lakin İran qoşunlarının həmlələrinin qarşısı tezliklə alınır, hətta İsgəndər özünün başçılıq etdiyi hetayrlar iranlıların sol cinahını əzərək III Daranın qərargahına yaxınlaşır ki, İran şahı döyüşün taleyi həll edilmədiyi bir anda hərb meydanından qaçır və İran ordusunun arxasına keçmiş İsgəndər qoşunları onlara zərbə endirirlər. Bununla da döyüşün taleyi həll edilmiş olur. Makedoniya süvariləri iranlıları 80 km-lik məsafədə Arbelaya qədər təqib etsələr də, başda III Dara və onun satraplarından Bess, Barseant, Satibarzan, Nabarzan və digərləri olmaqla iranlıların kiçik bir süvari dəstəsi Midiyanın paytaxtı Ekbatan şəhərinə çəkilməyə müvəffəq oldular. Satrap Mazey isə Babil şəhərinə çəkilir.

Qavqamel döyüşündə İsgəndərin tam qələbə əldə etməsi və III Daranın əsas hərbi qüvvələrinin məhv olması Əhəmənilər dövlətinin sonunun çatması demək idi. İran dövlətinin həyati əhəmiyyətə malik bütün mərkəzlərinə yollar açılmışdı. İsgəndər əvvəlcə Babil şəhərinə doğru irəliləmiş, Babil əhalisi isə başda Mazey olmaqla İsgəndəri xilaskar kimi qarşılamışdı. İsgəndər burada qədim Mesopotamiya çarlarının titulunu («Babil və dünyanın dörd qitəsinin çarı») qəbul etmiş, oradan Suza, Suzdan isə İran imperiyasının mərkəzi olan Persidaya (Parsa) yollanmışdı. Satrap Ariobarzan və dağ tayfaları ilə bir neçə toqquşmadan sonra İsgəndər farsların hər iki paytaxt şəhərini- Pasarqad və Persepolu ələ keçirmişdi.

Antik müəlliflərindən Adrian və Plutarxın yazdıqlarına görə, İsgəndər Persepol xəzinəsindən tükənməz sərvət - 180 min talanta qədər pul, çoxlu qızıl və gümüş məmulatı, cəvahirat və s. ələ keçirmişdi. III Daranın bu sərvətini daşımaq üçün İsgəndərə min cüt qatır və üç min dəvə lazım gəlmişdi. Dövriyyəyə buraxılmış bu bahalı metal yaxın gələcəkdə ellinist dövlətlərinin iqtisadiyyatının canlanmasına səbəb olmuşdu. Elladaya Kserksin verdiyi zülm və işgəncənin əvəzini çıxmaq adı altında İsgəndər Kserksin Persepoldakı yüz sütunlu möhtəşəm sarayını da yandırmışdı, bu yanğının nəticəsində atəşpərəstliyin müqəddəs kitabı sayılan “Avesta” da məhv edilmişdi.

Qısa fasilədən sonra e.ə. 330-cu ilin yazında İsgəndər Persepolu tərk edərək Midiyanın paytaxtı Ekbatana tərəf hərəkət edir, çünki III Dara burada idi. Makedoniya qoşunlarının yaxınlaşması xəbərini eşidən III Dara Xəzər dənizini cənubundan keçən yollarla Orta Asiyaya qaçmaq qərarına gəlir. Bu dövrdə o əslində Baktriya satrapı Bessin başçılıq etdiyi bir dəstə İran zədəganının əsirinə çevrilmişdi. İsgəndər onları təqib edərək Xəzər dənizinin cənub-qərbindəki Kirkaniya vilayətində onlara yaxınlaşır. Makedoniya süvarilərinin onlara çatdığını görən satraplar III Daranı xəncərlə öldürərək təqibdən xilas ola bilirlər. İsgəndər öldürülmüş III Daranı böyük təmtaraqla dəfn edərək, özünü İran şahlarının qanuni xələfi və bütün Asiyanın çarı elan edir.

Bu dövrdən etibarən İsgəndər özünü Şərq monarxları kimi aparmağa başlayır ki, bu da yunan-Makedon əsilzadələrinin müqaviməti və İsgəndərə qarşı çoxsaylı qəsdləri şərtləndirir. Lakin bunların heç biri uğurla nəticələnməmişdi. Bu İsgəndərin sosial dayaqlarının kifayət qədər güclü olmasından xəbər verirdi.

Makedoniyaya düşmən olan bütün qüvvələrin Şərqi İran və Orta Asiyada toplaşmaqda davam etməsi Şərq yürüşünün davam etdirilməsini tələb edirdi. Xəzər dənizinin şərqində cəmləşməkdə olan bu qüvvələrin başında özünü IV Artaksersk adı altında şah elan etmiş Baktriya hökmdarı Bess dururdu. Şərqdə hakim olan bu qüvvələri məğlub etmədən İsgəndər öz hakimiyyətini möhkəm və təhlükəsiz hesab edə bilməzdi. Digər tərəfdən Bess özünü müstəqil hökmdar yox, İran şahı elan etməklə olduqca ciddi səhvə yol vermişdi. Əhəmənilər dövlətinin varlığına son qoymağı başlıca məqsədi elan edən İsgəndər Bessin bu niyyətini cavabsız qoya bilməzdi. Lakin Orta Asiyada yürüşü davam etdirmək istəyən İsgəndər gözləniməyən hərbi çətinliklərə və xüsusilə də öz yaxın adamları arasında qəti müxalifətə rast gəlmişdi. Çarın yaxın silahdaşları onun siyasəti ilə razılaşaraq bu siyasətin həyata keçirilməsinə ciddi etiraz edirdilər.

İsgəndərin şərq yürüşü ilə əlaqədar etiraz və narazılıq hələ müharibənin ilk dövrlərində özünü göstərməyə başlamışdı. Kiçik Asiya işğal edildikdən və III Daranın İsgəndərə yazmış olduğu ilk məktubdan sonra çarın yaxın silahdaşlarının bir qismi, o cumlədən hələ II Filippə xidmət etmiş qocaman sərkərdə Parmenion İran şahının təklifini qəbul etməyi, Kiçik Asiyanın fəthi ilə kifayətlənməyi və bununla da müharibəni bitirməyi təkid edirdi. Lakin İsgəndər bu təklifi qəti olaraq rədd etmişdi.

Şərq yürüşünün gedişində Makedoniya zədəganlarının narazılığı daha da armaqda idi. Bu ilk növbədə III Daranın ölümündən sonra özünü İran şahlarının xələfi elan etmiş İsgəndərin «xilaskar ellinlən» şərq monarxına çevrilməyə başlaması ilə əlaqədar idi. Silah gücünə qarışıq yunan-Makedoniya-İran zəminində «dünya monarxiyası» yaratmağa çalışan İsgəndər İran zədəganlarını dövlət vəzifələrinə cəlb etməyə, yunan-makedoniyalıları yerli xalqlarla siyasi və mədəni cəhətdən yaxınlaşdırmağa, orduya şərq kontingentlərini cəlb etməyə başlamışdı.

İsgəndər özünü ilahi elan edib sarayında şərq despotiyası qaydalarını bərqərar edirdi ki, bu ilk növbədə nisbətən demokratik ənənələr ruhunda tərbiyə edilmiş yunan-makedoniyalıların narazılığına səbəb olurdu. İşğal edilmiş ərazilərə və tabe edilmiş xalqalara “barbar” və istismar obyekti kimi baxanlar İsgəndərin yunan-makedoniyalıları yerli xalqlarla yaxınlaşdırmaq cəhdlərini nəinki dəstəkləmirdilər, hətta bu siyasətə düşmən gözlə baxırdılar. Şərq vilayətlərini fəth etməklə məşğul olan İsgəndər böyük qətiyyət və qəddarlıqla öz əleyhdarlarına və sui-qəsdçilərə divan tuturdu. İsgəndərin belə amansızlığı ilə bağlı qeyd etmək olar ki, özünə qarşı ilk sui-qəsd aşkar olan kimi İsgəndər Hetayrların başçısı bacarıqlı sərkərdə Parmenionun oğlu Filotu edam etdirir, ardınca Parmenion da öldürtdürülür.

Makedoniyalı İsgəndərin Şərqdə apardığı müharibələr öz spesfik xüsusiyətləri ilə fərqlənirdi. İran monarxiyasına daxil olan, iqtisadi və mədəni cəhətdən xeyli inkişaf etmiş Aralıq dənizinin şərq sahillərindəki ölkələrdə İran zülmündən cana gəlmiş yerli əhali əksər hallarda İsgəndəri xilaskar kimi qarşılayırdı. Bu isə İsgəndərə böyük ictimai dayaq demək idi. İnkişaf etmiş şərq ölkələri hələ İsgəndərdən çox əvvəl hərbi imperiya çərçivəsində birləşdirilmişdilər. Bununla belə, zəif İran monarxiyası bu boşluğu doldura bilməmişdi, baxmayaraq ki yunan-İran müharibələri dövründən bu ərazilər İran monarxiyasının tərkibinə qatılmışdı. Qərbi Asiyada yeni tipli siyasi birləşməyə zəruri ehtiyac var idi ki, bu ehtiyacı makedoniyalılar reallaşdırırdılar.

E.ə. 330-329-cu ilin qışında Besi təqib edən İsgəndər Baktriyanı, sonra isə Hindikuşu ələ keçirərək Oks (Amu-Dərya) vadisinə daxil olmuşdu. Bess tutularaq edam edilmiş, makedoniyalılar məhsuldar Sır-Dərya vadisinə daxil olub Soqdinada İsgəndəriyyə - Esxata şəhərini salırlar. Ümumiyyətlə, İsgəndər istilaçılıq siyasətini ələ keçirilmiş ərazilərdə möhkəmləndirilmiş və İsgəndəriyyə adını almış şəhərlərin inşa edilməsi yolu ilə davam etdirirdi. Yaxın və Orta Şərqdə belə şəhər-qalaların sayı 70- ə yaxın idi. Bu şəhərlərdə güclü qarnizonlar yerləşdirilir, yunan – makedon zadəganları və ya İsgəndərə sadiq yerli hakimlər idarəçiliyi həyata keçirirdilər.

Orta Asiya xalqlarının makedoniyalılara qarşı mübarizəsinə soqdinalı Spitamen başçılıq edirdi. Bu mübarizədə soqdanalılar, saklar. massagetlər, dahlar və s. xalqlar iştirak edirdilər. Baktriya, Soqdiana və başqa ərazilərdəki hərbi əməliyyatlar zamanı makedoniyalılar yerli əhalidən 120 min nəfərdən yuxarı adam qırmış, xeyli hisəsini qula çevirmiş, köçəri tayfalar isə daha uzaqlara köç etməli olmuşdular.

Spitamen e.ə. 329-328-ci illərdə İsgəndərə böyük zərbə vursa da, son nəticədə məğlub olmuş və şərqdəki köçəri tayfalara üz tutmuşdu. Onlar isə İsgəndərin hərbi əməliyyatları davam etdirəcəyindən ehtiyat edərək Spitameni öldürmüş, kəsilmiş başını isə İsgəndərə göndərmişdilər. Lakin üsyanların yatırılması mümkün olmamışdı. Belə ki,Spitamen öldürüldükdən sonra xalq hərəkatına Oksiart, Xorien və başqaları rəhbərlik etmişdilər. Orta Asiya tayfaları ilə aparılan müharibələrinin gedişində İsgəndərə qarşı öz əhatəsində olanların da narazılığı güclənmiş və bu sui-qəsdlərdə özünü göstərmişdi. Belə mübahisələrin birində İsgəndər özünün ən yaxın dostlarından olan Kliti öldürmüş, tarixçi Kallisfenə amansız divan tutmuş, şəxsi qvardiyasının üzvlərindən bir çoxunu isə edam etdirmişdi.

İsgəndərin Orta Asiya yürüşü üç ildən yuxarı davam etmiş və e.ə. 327-ci ildə başa çatmışdı. Elə həmin ildə də məşhur Hindistan yürüşü başlamışdı. Qədim yunanların fəlsəfi-coğrafi dünyagörüşünə görə, Oykumenanın hüdudları-insanların yaşamaq qabiliyyətinə malik olduqları ərazilər dünya okeanın sərhəddinə qədər uzanır. Dünya okeanı isə Hindistandan sonra başlanır, buna görə də Hindistanın kəşfi ilə dünyanın coğrafi hüdudları başa çatmış olur. Digər tərəfdən İsgəndəri Şərq yürüşündə müşayət edən alimlərin fikrincə, Hindistan yürüşünü asanlaşdıran amillərin biri də orada vahid dövlətin olmaması idi. Hind çarlarından biri olan Taksillə ittifaqa girən İsgəndər ilk olaraq başqa bir Hindistan çarı Pora ağır zərbə vurur və Hind çayı ilə cənuba doğru hərəkət edərək Pəncaba çatır. Burada iki şəhərin – Nikeya və Bukefal şəhərlərinin əsası qoyulur. Lakin e.ə. 326-cı ildə İsgəndərin səfərdən əzab-əziyyət çəkən ordusu yürüşü davam etdirməkdən imtina edir və geri qayıtmağı tələb edir. Yaranmış şəraitdə İsgəndər geriyə qayıtmaq əmrini verir və qoşunun bir qismi Nearxın rəhbərliyi ilə e.ə.325-ci ildə dəniz yolu, o biri hissəsi isə quru yolla Mesopotamiyaya doğru hərəkət etməyə başlayır. E.ə.324-cü ilin əvvəllərində hər iki qoşun Babil şəhərində birləşir ki, bununla da Hindistanla Mesopotamiya arasında su yolu kəşf edilir.

On ilə yaxın davam etmiş şərq yürüşləri başa çatdıqdan sonra İsgəndər imeriyanın daxili işləri ilə məşğul olmağa başlayır. Babil şəhəri paytaxt seçilir. Iskəndər yunan-makedoniyalıları yerli tayfalarla, xüsusilə Əhəmənilər imperiyasında hakim olmuş farslarla qarışdırıb-qovuşdurmaq siyasətini yeridir. Məhz bu məqsədlə İsgəndər Orta Asiya satrapı Oksiartın qızı Roksananı (İskəndərin ondan bir oğlu olmuşdur), III Daranın qızı Statiranı və III Artakserkin qızı Parisatidanı almışdı. Mənbələrin yazdığına görə, İsgəndər öz yaxın silahdaşlarından 80 nəfərinə, habelə 10 min nəfər yunan-Makedoniya əsgərinə iranlı qızları almış və onların toyunu bir gündə etmişdi. Bu məhşur Suz şənlikləri zamanı baş vermişdi.

Makedoniyalı İsgəndərin on il ərzində yaratmış olduğu böyük imperiyanın sərhədləri Dunay çayı və Qara dənizdən tutmuş Pəncaba qədər olan geniş əraziləri əhatə edirdi. Bu dövlətin yaranması ilə qədim dünyada ellinizm dövrü başlayır. İsgəndər monarxiyasının qısa müddətə bir sıra dövlətlərə parçalanmasına baxmayaraq, onun işğalları nəticəsində qərb və şərqdə sivilizasiyanın gələcək inkişafına uyğun gələn yeni siyasi quruluş yaranır. Bu isə yunan və şərq mədəniyyətləri ünsürlərinin qarşılıqlı təsirindən ibarət olmuş və ellinizm adını alımışdı. Makedoniyalı İskəndər e.ə. 323-cü il iyunun 13-də vəfat etsə də onun qərb və şərq mədəniyyətlərinin sintezindən ibarət yaratdığı yeni quruluş ellinizm dövrü kimi e.ə. III-I əsrlərdə mövcud olmuş və ictimai inkişafın sonrakı gedişinə böyük təsir göstərmişdi.


Mövzuya dair suallar:

  1. Qədim yunan şəhər-dövlətləri arasında əlaqələr

  2. Məbəd ittifaqlarının polislərarası münasibətlərdə rolu

  3. Prokseniya və amfiktoniya institutları

  4. Diplomatiya anlayışının meydana gəlməsi. Yunan səfirləri-pilaqarlar

  5. Ritorik- diplomatiya məktəbinin yunan diplomatlarının hazırlanmasında rolu

  6. Perikl və Demosfen qədim Yunanıstanın görkəmli diplomatı və dövlət xadimləridir.

  7. Panellin konqreslərinin çağırılması və Yunanıstanın birləşdirilməsi uğrunda diplomatik-siyasi və hərbi mübarizə

  8. Makedoniya çarlığının yaranması və II Filippin xarici siyasəti

  9. II Filippin hakimiyyəti illərində Yunanıstanın birləşdirilməsi

  10. Yunan şəhər-dövlətlərinin İranla münasibətləri

  11. Yunan-İran müharibələri və beynəlxalq nəticələri

  12. Makedoniyalı İskəndərin şərq yürüşü.

  13. Şərq yürüşünün beynəlxalq nəticələri

  14. Ellinizm dövründə dövlətlərarası münasibətlər


Ədəbiyyat:

  1. Вестник Древней Истории. М., 1952 -1970

  2. Геродот. История в девяти книгах. Л., 1972

  3. История Александра Македонского. М., 1971

  4. История Дипломатии, изд. II, т.1. М., 1959

  5. История Древнего Мира. В 3-х т.2. М., 1989

  6. История Древней Греции / Под ред. В.И.Авдиева, А.Г. Бокщанина, Н.Н.Пикуса. М., 1971

  7. Программа курса «История Древнего Мира». М., 1981

  8. Хрестоматия по истории Древнего мира / Под редакции В.Г.Боруховича. Саратов, 1973


VI Mövzu

Qədim Roma diplomatiyası

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə