ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
75
MİOKARD İNFARKTI KEÇİRMƏMİŞ XƏSTƏDƏ KORONAR ARTERİYA
XƏSTƏLİYİ ZAMAN REVASKULYARİZASİYA SONRASI
ATRİOVENTRİKULYAR BLOKADANIN BƏRPASI
Ləman ZEYNALLI
İşin rəhbəri: Elnur İSAYEV
III Daxili xəstəliklər kafedrası
Açar sözlər: atrioventrikulyar blokada, ürəkdaxili kardiostimulyator, koronar angioqrafiya, koronar
angioplastika
Giriş: Miokardın aşağı divarının kəskin infarktı nəticəsində yaranan tam atrioventrikulyar (AV) blokadanın
revaskulyarizasiya sonrası aradan qalxması kliniki təsdiqini tapmış faktdır. Bu kliniki halımızda biz miokard
infarktı keçirmədiyi halda 2:1 AV blokada və çox damar xəstəliyi izlənən xəstədə revaskulyarizasiya sonrası AV
keçiriciliyin bərpası kimi nadir müşahidə edilən patologiyanı təqdim edəcəyik.
Material və metod: Anamnezində arterial hipertoniya, şəkərli diabet olan 55 yaşında qadın xəstə son 1
həftədir sakitlik halında belə mövcud olan təngnəfəslik şikayətilə mərkəzimizə müraciət etmişdir. Çəkilən EKQ-də
2:1 atrioventrikulyar blokada izlənilmişdir. 24 saatlıq Holter EKQ monitorinqi zamanı sutkanın 20 saatı 2:1 AV
blokada müşahidə edilmişdir. AV blokadanın səbəbini araşdırmaq məqsədilə laborator-instrumental müayinələr
aparılmış, kənara çıxma aşkarlanmamışdır. Daha sonra xəstəyə koronar angioqrafiya icra olunmuşdur, sol ön enən
arteriyanın (LAD) orta hissəsində 80%, birinci diaqonal şaxəsinin (D1) proksimalında 90%, cirkumfleks
arteriyanın (Cx) proksimalında 90%, orta seqmentində 95%, sağ koronar arteriyanın (RCA) distalında 80%
darlıqlar aşkarlanmışdır. AV blokadaya AV düyünün qidalanmasını təmin edən koronar arteriyalarda olan
darlıqlar səbəb ola biləcəyi düşünülərək xəstəyə Cx proksimal və orta seqmentinə, LAD-D1 bifurkasiyaya və RCA
distal seqmentinə stent implantasiyası icra olunmuşdur. Revaskulyarizasiya sonrası 1 həftəlik gözləm periodundan
sonra xəstədə AV düyünün keçiriciliyi bərpa olunmadığından ürəkdaxili kardiostimulyator implantasiyası
(DDDR) icra edilmişdir. İmplantasiyadan 1 ay sonra cihazın kontrolu zamanı 1:1 AV keçiriciliyin bərpa olunduğu
izlənilmiş və kardiostimulyator fəaliyyətinin minimal səviyyədə olması müəyyən edilmişdir. Bu müşahidə
miokard işemiyası mövcud olan AV blokada xəstələrində revaskularizasiya taktikasının bu tip patologiyaların
müalicəsində daha əhəmiyyətli rola malik ola biləcəyini söyləməyə əsas verir.
Nəticə:
1.
Miokard infarktı keçirməmiş xəstələrdə koronar arteriya xəstəliyi varlığında revaskulyarizasiya sonrası AV
blokadanın bərpası daha dərindən araşdırılmalıdır.
2.
Bu tip xəstələrdə ürəkdaxili kardiostimulyator implantasiyası öncəsi revaskulyarizasiya taktikası nəzərdə
tutulmalıdır.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
76
OBLİTERASİYAEDİCİ TROMBOANGİT - BÜRGER XƏSTƏLİYİ
Səkinə OSMANOVA
İşin rəhbəri: Fuad SƏMƏDOV, ass. t.e.n. Lamiyə QULİYEVA
ATU TTK, II daxili xəstəliklər kafedrası
Açar sözlər: Bürger xəstəliyi, obliterasiyaedici tromboangit, vaskulit
Giriş: Obliterasiyaedici tromboangit (OT) və ya Bürger xəstəliyi (BX) ətrafların damar və
sinirlərinin segmentar iltihabi xəstəliyidir. Periferik işemik xəstəliklərin 4-5 %-ni təşkil edir. BX adətən
45 yaşdan gənc və siqaret çəkən kişilərdə yaranır və daha çox aşağı ətrafda işemik yaralar və
klaudikasiya ilə özünü göstərir. Burada 7 il əvvəl müalicə ilə "sağalan", lakin tütünçəkməyə təkrar
başlaması sol qolda amputasiya ilə nəticələnən BX-li gənc xəstəni təqdim edəcəyik.
Material: 17 yaşından gündə 2 qutu siqaret çəkən, şəkərli diabeti və ya ailədə erkən vaskulyar
xəstəlik anamnezi olmayan kişi xəstəyə 35 yaşında aşağı ətraflarda ağrı və distal işemik yaralar səbəbi
ilə BX diaqnozu qoyulmuşdur. Simpatektomiya icra olunmuş və siqaret istifadəsinin dayandırılması
tövsiyə edilmişdir. 2 il əvvəl siqaret istifadəsinə təkrar başlayan xəstə 2016-cı ildə (42 yaşında) sol
ayaqda minimal fiziki aktivliklə ağrı və II-III barmaqlarında yara, sol qolda şişkinlik və ağrı şikayəti ilə
müraciət etmişdir. Distal nəbzləri aşağı ətraflarda və sol qolda əllənməyən xəstənin arterial Doppler
müayinəsində sol braxial arteriyadan distalda axım müşahidə edilməmişdir. KT angiorafiyada aşağı
ətraflarda popliteal arteriya və distalında okklüziya və BX üçün tipik kollateral inkişafı aşkarlanmışdır.
Antiaqreqant, antikoaqulant və vazodilatatorların istifadəsinə baxmayaraq şikayətlər azalmadığı üçün
perkutan Stellat ganglion blokadası icra edilmiş, lakin müsbət nəticə alına bilməmişdir. Sol qol
arteriyalarına perkutan müdaxilə tövsiyə olunsa da, xəstə tərəfindən qəbul olunmamışdır. Sol qolda
kritik işemiya ilə əlaqədar amputasiya icra olunmuşdur.
Nəticə: Siqaret çəkən gənc xəstələrdə ətraflarda işemik şikayətlər ortaya çıxdıqda BX ehtimalı
mütləq düşünülməlidir. Xəstəmizdə BX diaqnozunu təsdiqləyən tipik anamnez, tütünçəkmənin
tərgidilməsindən sonra xəstənin şikayətlərinin azalması, təkrar başladıqdan sonra daha aqqressiv
formada başlaması, tipik kollateralların mövcud olmasıdır. BX etiologiyasında mexanizmi tam aydın
olmasa da siqaret mühüm yer tutur. Xəstəliyin proqnozunu təyin edən əsas amil də məhz siqaret
istifadəsinin dayandırılıb-dayandırılmamasıdır. Xəstəliyin inkişafının qarşısını ala bilən yeganə tibbi
müdaxilə tütünçəkmənin tərkidilməsidir. Gənc yaşda başlaması və ətrafların itirilməsi ilə
nəticələndiyini düşünərək, siqaretin tərgidilməsi ilə bağlı maarifləndirmə işlərinin aparılması vacibdir.
Dostları ilə paylaş: |