Ayətullah Seyid Əli Xamenei


Sükut və əməkdaşlıq dövrü



Yüklə 1,05 Mb.
səhifə8/34
tarix02.06.2018
ölçüsü1,05 Mb.
#46968
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

Sükut və əməkdaşlıq dövrü


Məncə, əziz Peyğəmbərin (s) vəfatından sonra yaşadığı otuz il Əmirəlmömininin (ə) həyatının ən ağır dövrü olmuşdur. Böyük və əziz Peyğəmbərin (s) sayəsində mübarizə apardıqları, cihad etdikləri zaman şirin və yaxşı günlər idi. Acı günlər Peyğəmbərin (s) vəfatından sonra başladı. Bu dövrdə bəzən fitnə buludları üfüqü o qədər qaraldırdı ki, düzgün addım atmaq istəyənlər bir addım da irəliləyə bilmirdilər. Əmirəlmöminin (ə) belə bir şəraitdə fədakarlığın ən böyük imtahanını verdi.

Əvvəla, Peyğəmbərin (s) vəfatı zamanı Əmirəlmöminin (ə) vəzifəsini yerinə yetirməklə məşğul idi. Deyə bilmərik ki, o, İslam dünyasında hakimiyyətin taleyini həll edəcək bir toplantının keçirildiyini, yaxud bunun mümkünlüyünü bilmirdi. Əmirəlmömininin (ə) problemi bu deyildi, onun üçün özü əhəmiyyət kəsb etmirdi. Xilafət məsələsi həll olunandan, xalq Əbubəkrə beyət edəndən və hər şey bitəndən sonra Əmirəlmöminin (ə) kənara çəkildi. Bu zaman ondan hakimiyyətə qarşı bir cümlə, yaxud söz eşidilmədi. İlk günlərdə haqq bildiyini və həyata keçməli olanı reallaşdırmağa çalışırdı, sonra isə xalqın beyət etidiyini, məsələnin bitdiyini və Əbubəkrin müsəlmanların xəlifəsi olduğunu görəndə narazı olsa da, İslam tarixində hakimiyyət üçün heç bir zərərin, təhlükə və təhdidin olmadığı bir insan kimi tanınır. Əmirəlmöminin (ə) çox sürməyən, bəlkə də bir neçə aya qədər davam edən birinci dönəm bitəndə deyirdi: "Bilirsiniz ki, mən xəlifəliyə başqalarından daha layiqəm". Deyirdi ki, bunu özünüz də bilirsiniz, amma Allaha and olsun, müsəlmanların işlərinin sağlam şəkildə getdiyini bilincə, kiminsə zülmə məruz qalmadığını görüncə əlimi əlimin üzərinə qoyub təslim olacağam. Yəni nə qədər ki, xalqa zülm olunmur və yalnız mənim haqqım tapdanır, heç kimlə işim olmayacaq, heç bir etiraz etməyəcəyəm.1

Qısa müddətdən, bəlkə də bir neçə aydan sonra bəzi qruplar dindən çıxmağa başladılar. Bu işdə müəyyən qüvvələrin də rolu ola bilərdi. Bəzi ərəb qəbilələri Peyğəmbərin (s), İslam rəhbərinin olmadığını duyub etiraz etmək və vuruşmaq üçün bir bəhanə axtardılar, bəlkə də münafiqlər onları buna təhrik edirdilər. Hər halda, dindənçıxma tendensiyası və bunun ardınca uyğun döyüşlər başlandı. Vəziyyət belə olanda Əmirəlmöminin (ə) gördü ki, kənarda oturmaq zamanı deyil, hakimiyyəti müdafiə etmək lazımdır. Buyurur ki, xilafət məsələsi həll olunanda və Əbubəkr müsəlmanların xəlifəsi seçiləndə çəkilib kənarda oturdum, sonradan xalqın bir qisminin İslamdan çıxaraq onu məhv etmək istədiyini görəndə isə işə qarışdım.1 Əmirəlmöminin (ə) fəal şəkildə proseslərə qatıldı və bütün mühüm ictimai məsələlərdə iştirak etdi.

Onun özü üç xəlifənin 25 illik xilafəti dövründəki iştirakını vəzirlik adlandırır. Osmanın qətlindən sonra Əmirəlmöminini (ə) xəlifə seçmək istəyəndə buyurdu ki, mən əmir olmaqdansa, keçmişdəki kimi vəzir olsam yaxşıdır; icazə verin vəzir olum.2 O burada özünün 25 illik mövqeyini vəzirlik adlandırır. Yəni cəmiyyətin idarəsində daim məqsədlərin xidmətində durur, xəlifələrə kömək edirdi. Bu da olduqca böyük fədakarlıqdır. İnsan Əmirəlmömininin (ə) necə fədakarlıq göstərdiyini düşünəndə həqiqətən dəhşətə gəlir.

Bu 25 il ərzində qiyam, çevriliş, dəstə toplamaq və hakimiyyətə gəlmək haqda düşünmədi. Belə şeylər insanların beyninə gəlir. Əziz Peyğəmbər (s) dünyadan köçəndə Əlinin (ə) təxminən 30-32 yaşı vardı. Sonralar da gənclik, fiziki qüvvə və fəallıq dövrünü yaşayırdı. Xalq arasında hörməti, dərin düşüncəsi, çoxlu elmi və bir insan üçün mümkün olan bütün müsbət cəhətlər onda yüksək həddə mövcud idi. O, bir iş görmək istəsəydi, mütləq bacarardı. Bu 25 ildə Əmirəlmöminin (ə) başda xəlifələrin durduğu İslam quruluşunun ümumi məqsədlərinə xidmətdən başqa bir hərəkət etmədi və onlardan da heç bir narazılıq görünmədi. Həm də bu dövrdə çox böyük hadisələr baş verdi. Mən indi tarixi hadisələrin izahına keçmək istəmirəm.

İkinci xəlifənin vəfatından sonra Əmirəlmöminini (ə) altınəfərlik şuraya dəvət etdilər. İmam ona qoşuldu, küsüb demədi ki, bunlar mənim tayım deyillər, Təlhə, Zübeyr, Əbdürrəhman ibn Övf və Osman hara, mən hara. Ömərin vəsiyyətinə əsasən, öz aralarından bir nəfəri xəlifə seçmək üçün altınəfərlik şura təşkil olundu. Bu altı nəfərin arasından xəlifəlik üçün hamıdan çox şansı vardı. Əbdürrəhman ibn Övfün səsi təyinedici idi. Əmirəlmömininin (ə) iki səsi vardı: özü və Zübeyr. Osmanın da iki səsi vardı: özü və Təlhə. Əbdürrəhman ibn Övfün də iki səsi vardı: özü və Səd ibn Əbi Vəqqas. Odur ki, Əbdürrəhman ibn Övfün seçimi təyinedici idi. Əli (ə) ilə beyət etsəydi, xəlifə o olacaqdı, Osmanla beyət etsəydi Osman. Əvvəlcə Əmirəlmömininə (ə) təklif etdi ki, Allahın kitabı, Peyğəmbərin (s) sünnəsi və öncəki iki xəlifənin yolu ilə hərəkət etsin. İmam buyurdu ki, mən Allahın kitabını və Peyğəmbərin (s) sünnəsini qəbul edirəm, iki xəlifənin yolu ilə isə işim yoxdur, onların ictihadına deyil, öz ictihadıma əməl edəcəyəm. O, doğru və haqq bildiyindən azca güzəştə getməklə hakimiyyətə gələ bilərdi. Amma bir an da bu haqda düşünmədi və hakimiyyəti əldən verdi. Burada da fədakarlıq etdi, özünü əsla nəzərə almadı və xeyrindən keçdi.

Osmanın onikiillik hakimiyyətinin sonlarında etirazlar artdı, çoxları ona müxalif oldu. Misirdən, İraqdan, Bəsrədən və digər yerlərdən Mədinəyə toplaşıb böyük bir izdiham yaratdılar, Osmanın evini mühasirəyə alıb həyatını təhdid etdilər. Bu zaman Əmirəlmömininin (ə) yerində olan nə edərdi? Özünü xilafət haqqına sahib bilən, 25 ildir öz hüququndan məhrum edilən, indiki hakimin əməllərinə də etirazı olan bir şəxs xəlifənin evinin mühasirəyə alındığını görür. Adi adamlar, hətta böyük şəxsiyyətlər burada nə edərlər? Təlhənin, Zübeyrin, Aişənin və bu hadisədə hər hansı formada əli olan digər şəxslərin gördüyü işi görərlər. Osmanın qətli İslam tarixinin çox mühüm hadisələrindən biridir. Nəhcül-bəlağəyə, İslam tarixinə və ədəbiyyatına baxanda Osmanın qətlinə səbəb olanların və onu öldürənlərin kimliyi tamamilə aydın olur. Sonralar Osmanla dostluq iddiasını şüar seçənlər arxadan xəncər vurdular və gizlicə təhrik etdilər. Əmr Asdan soruşdular ki, Osmanı kim öldürdü? Bir səhabənin adını çəkib dedi ki, filankəs xəncərini düzəltdi, filankəs itilədi, filankəs zəhərə buladı, başqa birisi də zərbəni endirdi. Həqiqət də budur.

Əmirəlmöminin (ə) bu hadisədə tam ixlasla dini vəzifəsinə əməl etdi. İki dəyərli gövhər və Peyğəmbərin (s) iki yadigarı olan Həsən və Hüseyni (ə) Osmanı müdafiə etmək üçün onun evinə göndərdi. Müxaliflər Osmanın evinin ətrafını sarıb içəriyə su buraxmırdılar. Əmirəlmöminin (ə) Osmana su və yemək göndərdi. Osmana qəzəblənənlərlə dəfələrlə söhbət edib onları sakitləşdirməyə çalışdı. Onlar Osmanı öldürəndə Əmirəlmöminin (ə) qəzəbləndi.

Burada da bütün insanların malik olduğu mənəm-mənəmlik, eqoistlik və şəxsi hisslər Əlidə (ə) əsla müşahidə olunmur. Osman öldürüləndə Əli (ə) hörmətli bir şəxsiyyət və xilaskar insan kimi meydana çıxıb deyə bilərdi ki, ey camaat, daha qurtuldunuz, xilas oldunuz. Xalq da onu sevərdi. O isə belə etmədi. Osmanın qətlindən sonra Əmirəlmöminin (ə) hakimiyyətə can atmadı. Bu ruh nə qədər böyükdür: "Məni buraxın və başqasına müraciət edin"1. Deyirdi ki, başqasını xəlifə seçsəniz, mən onun kənarında vəzir – yardımçı və məsləhətçi olaram. İmam bu sözləri həmin gün buyurdu, xalq isə qəbul etmədi və Əlidən (ə) başqa bir şəxsi hakim seçə bilməzdi.


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə