Ayətullah Seyid Əli Xamenei



Yüklə 1,05 Mb.
səhifə7/34
tarix02.06.2018
ölçüsü1,05 Mb.
#46968
1   2   3   4   5   6   7   8   9   10   ...   34

İmamətin dörd dövrü


İmamət Peyğəmbərin (s) vəfatından - yəni hicri tarixi ilə 11-ci ilin səfər ayından İmam Həsən Əsgərinin (ə) vəfatına - yəni 260-cı ilin rəbiüləvvəl ayına qədər davam etdi. Bu müddətdə imamət təxminən dörd dövrü yaşadı və imamların hakim siyasi qüvvələr qarşısında mövqeyi baxımından hər dövr bəzi xüsusiyyətlərlə yadda qaldı.

Birinci dövr sükut, yaxud imamın hakimiyyətlə əməkdaşlıq dövrüdür. İslamdan zərbə görmüş güclü xarici düşmənlərin və etiqadı möhkəmlənməmiş yeni müsəlmanların olduğuna görə, körpə İslam cəmiyyətində ixtilafa və ikitirəliyə əsla taqət yox idi. Bu cəmiyyətdə ən kiçik parçalanma onun bünövrəsini təhdid edə bilərdi. Digər tərəfdən, haqdan yayınma İslam məktəbinə, İslam cəmiyyətinə ən xeyirxah və məsuliyyətli insan olan Əmirəlmöminin (ə) kimi bir şəxsin dözməyəcəyi həddə deyildi. Bəlkə də məhz buna görə Peyğəmbər (s) özünün bu nümunəvi şagirdinə qabaqcadan belə hadisələr zamanı səbirli olmağı tapşırmışdı.

Bu dövr əziz Peyğəmbərin (s) hicrətin 11-ci ilindəki vəfatı ilə Əmirəlmömininin (ə) 35-ci ildəki xilafəti arasındakı 25 ili əhatə edir. O həzrət misirlilərə ünvanladığı məktubda bu fasilə dövrünün əvvəlində öz vəziyyətini izah edərək yazır ki, əvvəlcə bütün cinahlardan kənara çəkildim, sonra isə bəzi qrupların İslamdan dönərək onu məhv etmək çağırışı etdiklərini gördüm. Qorxdum ki, İslama və müsəlmanlara kömək etməsəm, bunun ziyanları xilafəti itirməkdən də böyük olsun. Buna görə ayağa qalxdım və fəaliyyətə başladım.1

Əlinin bu 25 illik həyatı İslama və müsəlmanlara qarşı xeyirxahlıqdan irəli gələn fəaliyyət, yardım və dəstəkdən ibarətdir. O həzrətin dövrün xəlifələrinə verdiyi, Nəhcül-bəlağədə və digər hədis və tarix kitablarında qeyd olunan siyasi, hərbi, ictimai və digər tövsiyələri bu amilə inkaredilməz faktlar sayılır.

İkinci dövr imam hakimiyyəti dövrüdür. Bu dövr Əmirəlmömininin (ə) dörd il doqquz aylıq və Həsən ibn Əlinin (ə) bir neçə aylıq xəlifəlik dövründən ibarətdir. Bu dövr inqilabçı bir hökumət üçün qaçılmaz olan bütün qüsurlara, çoxlu məşəqqət və problemlərə rəğmən, İslam hakimiyyətinin ən parlaq illəri sayılır. Bu dövrdə insani üsulların, mütləq ədalətin və cəmiyyətin həyatında İslamın müxtəlif cəhətlərinə riayət olunmasının, həmçinin qətiyyətin, çəkinməzliyin və cəsarətin tarixin bütün dönəmlərindən artıq olduğu danılmaz məsələdir.

İmamların həyatının bu dövrü ondan sonrakı ik əsrdə Şiə imamlarının həmişə dəvət etdiyi və uğrunda çalışdığı hökumət və ictimai quruluş üçün örnək idi. Şiələr bu dövrü əziz xatirə kimi yad etmiş, onun həsrətini çəkmiş, sonrakı rejimləri onunla müqayisə edərək qınamışlar. Bu dövr eyni zamanda yetkinləşməmiş, yaxud haqdan uzaqlaşdırılmış cəmiyyət və xalq arasında tam islami və inqilabi bir hökumətin vəziyyətini göstərən və o zamandan etibarən imamları uzunmüddətli metodlara, çevrədaxili ağır və tələbkar kadr hazırlığına vadar edən ibrətamiz bir dərs və təcrübə idi.

Üçüncü dövr İmam Həsənin (ə) 41-ci ildəki sülhü ilə İmam Hüseynin (ə) 61-ci ildəki şəhadəti arasındakı dövrdür. Sülh bağlanandan sonra Şiənin yarımgizli fəaliyyəti başlandı və münasib zamanda hakimiyyəti Peyğəmbər (s) ailəsinə qaytarmağı məqsəd seçən proqramlara start verildi. Adi proqnozlara görə bu çox da qeyri-mümkün görünmürdü, Müaviyənin şər dolu həyatı bitəndən sonra ona ümid bəslənirdi. Buna əsasən, üçüncü dövrü İslam hökuməti və İslam rejimi qurmaq üçün qısamüddətli quruculuq dövrü adlandırmaq olar.

Nəhayət dördüncü dövr təqiblər dövrü və həmin məqsəd üçün uzunmüddətli proqramlar zamanıdır. İki əsrə yaxın sürən bu dövrdə müxtəlif mərhələlərdə qələbə və məğlubiyyətlər olmuş, ideoloji sahədə qəti zəfər çalınmış, dövrə uyğun yüzlərlə taktika işlədilmiş, ideal İslam adamının ixlasına, fədakarlığına və üstünlük göstəricilərinə minlərlə nümunə təqdim olunmuşdur. (Sadiq rəhbər, səh. 16-19)

İmamların həyatında yetərincə diqqət yetirilməyən ən mühüm məsələ gərgin siyasi mübarizə amilidir. İslam xilafətinin açıq şəkildə şahlıq əlamətləri ilə qarışdığı və despotizmə çevrildiyi birinci əsrin ikinci yarısından Əhli-beyt imamları öz siyasi mübarizələrini şəraitə uyğun üsullarla gücləndirdilər. Bu mübarizənin ən böyük məqsədi İslam quruluşu və imamətə əsaslanan hakimiyyət qurmaq idi. Şübhəsiz ki, dinin vəhy ailəsinə xas görüşlərlə təfsiri, eləcə də İslam təlimlərindən və din hökmlərindən təhrifləri aradan qaldırmaq da Əhli-beytin mübarizəsi üçün mühüm məqsəd sayılırdı. Lakin qəti faktlara əsasən, Əhli-beytin mübarizəsi bu işlərlə məhdud olmurdu və onda ən böyük məqsəd Əli (ə) hökuməti qurmaqdan və ədalətli İslam quruluşu yaratmaqdan başqa bir şey deyildi. İmamların və onların tərəfdarlarının məşəqqət və fədakarlıq dolu həyatlarının ən böyük səbəbi bu məqsəd idi. İmamlar həzrət Səccadın (ə) dövründən və Aşura hadisəsindən sonra bu məqsəd üçün uzunmüddətli işlərə başladılar.

Aşura hadisəsi ilə İmam Rizanın (ə) vəliəhdliyi arasındakı 140 illik dövrün hamısında Əhli-beyt imamlarına bağlı olan Şiə cərəyanı həmişə xilafətin ən böyük və ən təhlükəli düşməni sayılmışdır. Bu müddətdə dəfələrlə münasib şəraitlər yarandı, Əli (ə) hərəkatı adlandırmalı olduğumuz Şiə mübarizəsi böyük qələbələrə yaxınlaşdı, amma hər dəfə son qələbə qarşısında maneələr yarandı, çox zaman bu hərəkatın əsas mərkəzi və mənbəyi olan imama düşmən tərəfindən ən böyük zərbə vuruldu; onlar həbs olundular, yaxud şəhadətə yetirildilər. Növbə sonrakı imama çatanda da təzyiq və repressiya elə bir həddə idi ki, uyğun şərait yaratmaq üçün yenidən uzun zamana ehtiyac yaranırdı.

İmamlar bu hadisələrin güclü fırtınası arasında ağıl və şücaətlə şiəliyi kiçik, lakin dərin və möhkəm cərəyan kimi ağır və təhlükəli keçidlərdən keçirdilər. Əməvi və Abbasi xəlifələri heç zaman imamı məhv etməklə imamət cərəyanını bitirə bilmədilər. Bu kəsərli xəncər həmişə xilafət aparatının kənarında sancılmış qaldı və daimi təhdid kimi onların rahatlığını pozdu.

Üçüncü fəsil: Əmirəlmöminin Əli ibn Əbutalib (ə)


Əmirəlmömininin (ə) həyatı müxtəlif şəraitlərdə və müxtəlif cəhətlərdən bütün nəsillər üçün əbədi və unudulmaz bir dərsdir; istər fərdi işlərdə, istər ibadətdə, münacatda, istər zahidliyində, istər daim Allahı yada salmaqda, istər nəfslə, şeytanla və müxtəlif maddi istəklərlə mübarizədə. Əmirəlmömininin (ə) bu cümlələri bəşər aləmində hələ də rezonans doğurmaqdadır: "Ey dünya! Məndən qeyrisini aldat!"1 Ey dünya bəzəkləri, ey cazibədar gözəlliklər, ən güclü insanları da tələyə salan istəklər, gedin Əlidən (ə) qeyrisini aldadın. Əli (ə) bundan daha böyük, daha uca və daha güclüdür. Ayıq insanların hər biri Əmirəlmömininin (ə) həyatının bütün anlarından – Allahla əlaqəsindən və mənəviyyatından unudulmaz dərslər öyrənirlər.

Əlinin (ə) cihadı haqq və ədaləti bərqərar etmək, ucaltmaq üçün idi. Əziz Peyğəmbər (s) elçilik missiyasını üzərinə götürdüyü ilk saatlardan öz kənarında hələ yeniyetmə çağını yaşayan mübariz, mücahid, mömin və fədakar bir insan gördü. O, Əli (ə) idi. Peyğəmbərin (s) səmərəli ömrünün son saatlarına qədər İslam quruluşu yaratmaq və onu qorumaq uğrunda mübarizə əzmi bir an da onu rahat buraxmadı. Nə qədər mübarizə apardı, təhlükələrə dözdü, haqq və ədaləti bərqərar etmək üçün yorulmadan çalışdı. Heç kəs meydanda qalmayanda o qalır, heç kəs səhnəyə qədəm qoymayanda o qoyur, çətinliklər nəhəng dağ kimi Allah yolunun mübariz və mücahidlərinə ağırlıq edəndə onun möhkəm qaməti digərlərini ürəkləndirirdi. Onun üçün həyatın mənası Allahın bəxş etdiyi fiziki, psixoloji imkanlardan, iradədən və malik olduğu hər bir şeydən haqq sözünün ucalması üçün istifadə etmək, haqqı yaşatmaq idi. Əlinin (ə) iradəsi, qolu və cihadı ilə haqq yaşadı.

Ağıllı insanlar üçün dəyərli olan haqq, ədalət, insaniyyət və bu kimi məfhumların bu gün dünyada yaşaması, günbəgün güclənməsi və möhkəmlənməsi bu mübarizə və fədakarlıqlara görədir. Əgər bəşər tarixində çox nadir olan Əli ibn Əbutalib (ə) kimilər olmasaydılar, bu gün insani dəyərlər mövcud olmazdı, bu sözlər bəşəriyyətə gözəl görünməzdi, bəşərin uca amal, məqsəd, mədəniyyət və sivilizasiyası olmazdı, bəşəriyyət vəhşi və yırtıcı bir heyvana çevrilərdi. Uca amalların qorunmasına görə bəşəriyyət Əmirəlmömininə (ə) və onun kimi uca insanlara borcludur. O mübarizələrin nəticəsi budur.

Əmirəlmömininin (ə) həyatının başqa bir cəhəti hakimiyyət sahəsindədir. Bu böyük və müdrik insan nəhayət hakimiyyət kürsüsündə oturduğu qısa dövrdə elə işlər gördü ki, tarixçi, yazıçı və sənətkarlar illərlə yazsalar, sənət əsərlərinə köçürsələr də, az demiş və az təsvir etmiş olarlar. Əmirəlmömininin (ə) hakimiyyəti dövründəki həyat tərzi də başqa bir aləmdir. Əli (ə) ümumiyyətlə hakimiyyətin mənasını dəyişdirdi.

O, ilahi hakimiyyətin, Quran ayələrinin, "Kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətli"1 ayəsinin və mütləq ədalətin təcəssümü idi. O, yoxsulları özünə yaxınlaşdırır, zəiflərə qayğı göstərirdi.2 Pulla, zorla və digər amillərlə haqsız olaraq özünü böyük göstərənlər Əlinin (ə) nəzərində yerlə-yeksan idilər. Ona görə dəyərli xüsusiyyətlər iman, təqva, ixlas və insaniyyət idi. Əmirəlmöminin (ə) bu dəyərli əsaslarla beş ildən az hakimiyyətdə oldu. Əsrlərdir Əli (ə) haqda yazırlar, amma yenə az yazmış, düzgün təsvir edə bilməmiş, ən yaxşı yazanlar öz acizliklərini və qüsurlarını etiraf etmişlər.

Onun ən böyük xüsusiyyəti təqvadır. Nəhcül-bəlağə təqva kitabıdır. Onun yolu, həyatı təqva yoludur. (1999) "İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər"1 ayəsi Əmirəlmömininin (ə) haqda nazil olmuşdur, təvili Əli ibn Əbutalibdir. Ayə deyir ki, insanlar arasında əvəzsiz və ən əziz sərmayə olan canlarını Allahın razılığından ötrü bütövlüklə qurban verənlər var. Məqsədləri yalnız Allahın razılığıdır. Onlar can və həyatlarını heç bir dünyəvi məqsəd və şəxsi maraq üçün yox, yalnız və yalnız Allahın razılığını qazanmaq üçün qurban verirlər. Allah da belə bir fədakarlığın qarşısında şübhəsiz ki, layiqli cavabı əsirgəmir: "Allah öz bəndələrinə qarşı çox mehribandır". Bunun kamil nümunəsi Əmirəlmöminin Əli ibn Əbutalibdir (ə). Mən bu cəhət haqda danışacağam.

Siz Əmirəlmömininin (ə) tarixinə baxın. Uşaqlıqdan - doqquz, yaxud on üç yaşında əziz Peyğəmbərə (s) iman gətirdiyi, ayıq şəkildə həqiqəti tanıdığı, ona etiqad bəslədiyi andan ramazan ayının 19-da ibadət mehrabında canını Allah yolunda fəda etdiyi, razılıqla, sevinc və həvəslə Allahın görüşünə getdiyi ana qədər sürən təxminən 50-53 ildə onun həyatında daim davam edən bir xətt var. Bu xətt fədakarlıq xəttidir. Əmirəlmömininin (ə) ömrünün bu 53 ilində əvvəldən sona qədər fədakarlıq əlamətlərini görürsünüz. Bu bizim üçün həqiqətən dərsdir. Əlidən (ə) danışan, Əlini (ə) sevən və dünyada Əli ibn Əbutalibi (ə) sevməklə tanınan bizlər ondan dərs götürməliyik. Yalnız Əlini (ə) sevmək, yalnız Əliyə (ə) dəyər tanımaq kifayət etmir. Qəlblərində Əli ibn Əbutalibin (ə) dəyər və fəzilətlərini etiraf edən, Əlini (ə) məsum və pak insan kimi bizdən də artıq sevən, amma rəftarları ayrı cür olan insanlar olmuşdur. Çünki onlar bu xüsusiyyətlərə - belə fədakarlıq, mənəmlikdən uzaq durmaq, özü üçün çalışmamaq xüsusiyyətlərinə malik olmamış, hələ "öz" hasarlarında ilişib-qalmışdılar. Əlinin (ə) üstünlüyü "öz"də qalmamasıı idi. Onun üçün eqonun əhəmiyyəti yox idi, önəmli olan vəzifə, məqsəd, Allah yolunda mübarizə və Allah idi.

Əmirəlmömininin (ə) uşaq çağında Peyğəmbərə (s) iman gətirməsi Məkkə şəhərində məsxərə və əziyyətlərlə qarşılandı. Məkkə əhalisi mədəni və nəzakətli insanlar deyildilər, kobud, dalaşqan, xırda bir şey üstündə vuruşan, öz batil inamlarına qatı təəssübkeş insanlar idilər. Belə bir cəmiyyətdə böyük bir insan tərəfindən onun hər şeyini - etiqadlarını, adət-ənənələrini sual altına salan söz deyilir. Təbii ki, hamı ona qarşı çıxar, müxtəlif təbəqələr ona müxalif olarlar. Belə də oldu: əhali Peyğəmbərə (s) qarşı çıxdı. Belə bir insanı və belə bir sözü bütün vücudu ilə müdafiə etmək və ona qoşulmaq isə fədakarlıq tələb edirdi. Bu, Əmirəlmömininin (ə) birinci fədakarlığı idi.

Əli ibn Əbutalib (ə) on üç il ən çətin zamanlarda Peyğəmbərin (s) yanında oldu. Düzdür, əziz Peyğəmbərin (s) mühacirəti çarəsizlikdən, Qüreyşin və Məkkə əhalisinin zülmündən baş verdi, amma işıqlı gələcəyi müjdələyirdi. Hamı bilirdi ki, bu mühacirət uğur və qələbələrə girişdir. Sanki bir hərəkat çətin dövrdən asanlıq və azadlıq dövrünə keçir. Adətən hamının tələsdiyi, ictimai məqam və postlara yiyələnməyə can atdığı məqamda Əmirəlmöminin (ə) zülmət və qaranlıq gecədə Peyğəmbərin (s) yatağında yatmağa razı oldu. Peyğəmbər (s) bu üsulla evdən və şəhərdən çıxa bilərdi. Həmin gecə bu yataqda yatanın öldürülməsi təxminən qəti və qaçılmaz idi. Biz indi bilirik ki, Əli (ə) həmin hadisədə şəhid olmadı, amma onlar bilmirdilər, gecənin qaranlığında müəyyən bir yerdə bir nəfər mütləq öldürülməli idi. Təhlükədən uzaqlaşması üçün kimsə onun yerində yatmalı idi ki, casuslar orada olduğunu zənn etsinlər. Kim buna razıdır? Əmirəlmömininin (ə) bu fədakarlığının özü fövqəladə əhəmiyyətə malikdir. Amma bu fədakarlığın zamanı onun əhəmiyyətini bir qədər də artırır. Bu, məşəqqətli dövrün bitdiyi, hakimiyyətin və rahatlığın başlandığı, Yəsrib əhalisinin iman gətirərək Peyğəmbəri (s) gözlədiyi zaman baş verir. Bunu hamı bilir. Əmirəlmöminin (ə) belə bir anda bu fədakarlığı edir. Belə böyük işi görmək üçün bu insanda heç bir şəxsi maraq olmamalıdır.

Sonra Mədinəyə daxil olurlar, Peyğəmbərin (s) yeni hökumətinin müharibələri və gecə-gündüz mübarizələri başlayır. Belə bir hökumətin xüsusiyyəti budur: daim müharibə var. Peyğəmbərin (s) həyatının bu on ili hətta Bədr döyüşündən öncədən döyüşlə keçmişdir. Əziz Peyğəmbər (s) bu on il ərzində müxtəlif kafir qəbilələri ilə onlarla müharibə aparmışdır. Bütün bu dövrdə Əmirəlmöminin (ə) Peyğəmbərin (s) fədaisi və ən öndə gedən sərkərdəsi kimi fəaliyyət göstərir, bu təhlükəli döyüşlərin hamısında iştirak edir. Tarixdən əlavə, Əmirəlmömininin (ə) özü də söyləyir ki, mən qəhrəman sərkərdələrin qorxduğu, geri çəkilməyə məcbur olduğu yerlərdə Peyğəmbərin (s) kənarında qaldım və canımı ona sipər etdim.1 Əmirəlmöminin (ə) ən ağır mərhələlərdə möhkəm dayandı. Onun üçün təhlükə heç bir əhəmiyyət kəsb etmirdi. Bəzi adamlar düşünürlər ki, sonradan İslama faydamız toxunsun deyə canımızı qorumalıyıq. Əmirəlmöminin (ə) heç zaman özünü belə bəhanələrlə aldatmadı, onun uca qəlbi aldanan deyildi. Əmirəlmöminin (ə) bütün təhlükəli yerlərdə ön sırada dururdu.



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə