Ayətullah Seyid Əli Xamenei


İslam quruluşunu möhkəmlətmək



Yüklə 1,05 Mb.
səhifə5/34
tarix02.06.2018
ölçüsü1,05 Mb.
#46968
1   2   3   4   5   6   7   8   9   ...   34

İslam quruluşunu möhkəmlətmək


Qədiri-Xum hadisəsi İslam tarixinin çox mühüm və təyinedici bir hadisəsidir. Bu hadisəyə iki cəhətdən yanaşmaq olar. Bunların biri Şiəyə məxsusdur, biri isə bütün İslam firqələrinə. Onun ikinci cəhətinə əsasən, bütün dünya müsəlmanları bu böyük hadisəni xatırladan Qədiri-Xum bayramının yalnız şiələrə məxsus olmadığını bilməlidirlər.

Qeyd etdiyim kimi, hadisənin birinci cəhəti şiələrə məxsusdur, çünki bu hadisədə Əmirəlmöminin (ə) Peyğəmbər (s) tərəfindən xəlifə təyin olunmuşdur. Həmin hadisə zamanı bəzi şəxslər Peyğəmbərdən (s) soruşdular ki, ey Allahın Rəsulu, bu elan sənin tərəfindəndir, yoxsa Allahın tərəfindən? Buyurdu ki, Allah və Onun rəsulu tərəfindən.1 Şiələr bu hadisəni ona görə uca tuturlar ki, əqidə bəslədikləri Əmirəlmömininin (ə) fasiləsiz xəlifəliyi ən çox bu dəlilə əsaslanır. İslam tarixi boyu çoxlu kitablarda uyğun etiqadı sübut etmək üçün bu hadisəyə əsaslanmışlar. Minlərlə alimin danışdığı və yazdığı bu mövzuya mənim bir şey əlavə etmək niyyətim yoxdur.

Əhəmiyyət baxımından hadisənin birinci cəhətdən geri qalmayan ikinci cəhəti şiə və sünni arasında müştərəkdir. Mən bu haqda bir qədər danışacağam.

Hadisə bundan ibarətdir ki, Allahın Rəsulu hicrətin onuncu ilində Mədinədən və Ərəbistan yarımadasının digər yerlərindən olan müsəlmanlarla birgə həccə yollandı. Əziz Peyğəmbər (s) Allah evini ziyarət etdiyi bu səfərdən İslamın siyasi, hərbi, əxlaqi, etiqadi təlimlərini bəyan etmək üçün lazımınca istifadə etdi. Minada Peyğəmbərin (s) iki dəfə çıxış etdiyi nəql olunmuşdur; biri güman ki, ayın onuna, biri də on üçünə təsadüf edir. Belə nəzərə çarpır ki, bunlar iki çıxışdır, bir çıxış deyil. Allahın Rəsulu (s) bu çıxışlarda müsəlmanlara zəruri olan təxminən bütün əsas məsələləri bəyan etdi. Bunlar əsasən siyasi məsələlərdir. Bu gün İslam dünyasında həcci siyasətdən uzaq sayan, orada yalnız adi mənada ibadət etməli olduqlarını və hər bir siyasi işi həcdən xaric hesab edənlərin İslam tarixindən və əziz Peyğəmbərin (s) həyat yolundan çox uzaq və xəbərsiz olduqları görünür.

Allah elçisinin bu çıxışlarda dediyi sözlər şiə və sünni kitablarında qeyd olunmuşdur. Çıxışların xülasəsi belədir: Əvvəlcə cihad haqda danışır, müşrik və kafirlərlə cihad məsələsini bəyan edir və bu cihadın "Allahdan başqa heç bir tanrı yoxdur" sözünün hər yerə yayılacağı zamana qədər davam edəcəyini bildirir. Peyğəmbər (s) bu çıxışlarda İslam birliyi məsələsinə toxunub söyləyir ki, müsəlmanlar daxili müharibələrə getməsinlər, birliklərini qorusunlar. Cahiliyyət ənənələri haqda açıqca deyir ki, İslama görə bunların heç bir dəyəri yoxdur: "Cahiliyyət zamanı dəyər sayılan hər bir şeyi bu anda ayaqlarım altına atıram". O, cahil dəyərləri tamamilə rədd etdi. Cahiliyyət dövründən müsəlmanların arasında qalmış maliyyə ixtilaflarını - məsələn, biri o birinə sələmlə borc vermişdi və pulunu istəyirdi – rədd etdi və qüvvədən saldı: "Cahiliyyət dövründən qalmış hər bir sələmi bu anda ayaqlarım altına atıram"1. Dedi ki, mən birinci növbədə əmim Abbasın sələmlə verdiyi borcları ləğv edirəm. O, cahiliyyət dövründə çoxlarına belə borc vermiş və hələ hamısını almamışdı. Buyurdu ki, bunları qüvvədən saldım. O, təqvanı yenə də İslamın ən üstün dəyəri kimi təkrarlayıb söylədi ki, təqvadan başqa bir səbəblə kimsə o birindən üstün olmaz. Müsəlmanların başçısına nəsihət verməyin, yəni siyasi məsələlərə müdaxilənin, başçı və öndərlərə fikir bildirməyin vacib əməl olduğunu vurğulayıb söylədi ki, bütün müsəlmanlar öz xeyirxah fikirlərini İslam başçılarına çatdırmağa borcludurlar.

Əziz Peyğəmbər (s) bu çıxışlarda İslam dünyasının əsas siyasi və ictimai məsələlərinə toxundu, Səqəleyn hədisini söylədi. Bu hədisdə deyilir ki, mən sizin aranızda iki dəyərli irs qoyuram: Allahın kitabı olan Quranı və Əhli-beytimi. Sonra iki əlinin işarə barmaqlarını birləşdirib yan-yana tutdu, buyurdu ki, onlar belədirlər, iki işarə barmağı kimi bir-birindən əsla fərqlənmirlər. Sonra bir əlinin işarə barmağı ilə orta barmağını qaldırıb dedi ki, mən əhli-beytimlə Quranı belə hesab etmirəm. Onlar iki işarə barmağı kimidirlər və biri o birindən üstün deyil.2

Həcc əməlləri bitəndən sonra dərhal Mədinəyə sarı yollandılar. Peyğəmbər (s) yolda Mədinə karvanlarının Yəmən karvanlarından ayrıldığı Qədiri-Xum adlı bir yerdə dayandı. Şahidlərin söylədiyinə görə, hava o qədər isti idi ki, əti yerə atsaydılar, kabab olardı. Belə bir şəraitdə Peyğəmbər (s) hündür bir yerdə dayandı və camaat tədricən oraya toplaşdı. Hamı toplaşanda Əmirəlmömininin (ə) əlini hamının görəcəyi şəkildə yuxarıya qaldırıb vilayət məsələsini elan etdi: "Mən kimin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir!"1 Çoxlu hədislərdə söylənmişdir ki, hamının görməsi üçün əllərini qaldıranda Peyğəmbərin (s) və Əlinin (ə) qoltuğunun altı göründü. Hadisənin xülasəsi bundan ibarətdir.

Mənim nəzərdə tutduğum beynəlxalq cəhət və İslam firqələri üçün ortaq məsələ şiələrə məxsus deyil. Bu elan heç şübhəsiz, baş vermiş və bu cümlə Peyğəmbərin (s) ağzından çıxmışdır. Əgər bu elanda Allah rəsulunun (ə) məqsədinin Əlinin (ə) fasiləsiz hakimiyyətindən ibarət olmadığını fərz etsək belə, ən azı müsəlmanların Əli (ə) və Peyğəmbər (s) ailəsi ilə sıx əlaqəsini və onlara qarşı sevgisini təmin etmək, möhkəmlətmək məqsədi daşımışdır. Peyğəmbərin (s) həm Minada, həm Qədiri-XumQədiri-Xumda etdiyi çıxışlarında, həm də dəfələrlə söylədiyi Səqəleyn hədisində Əhli-beyti Quranın kənarında qeyd etməsinin və Əli (ə) haqda xüsusi təkidinin bir səbəbi də xalqa və bütün gələcək nəsillərə İslamın istədiyi və qəbul etdiyi ideal nümunələri göstərmək idi. O, ideal insan nümunəsini real, aydın və şübhəedilməz formada bütün insanlara göstərib islami tərbiyənin bu səmtə hərəkət etməli olduğunu, kamil və ideal müsəlman nümunəsinin belə olduğunu bildirmək istəyirdi. Bu insanların paklığı, elmi, təqvası, düzgünlüyü, Allah qarşısında bəndəliyi, İslam məsələlərinə əhatəliyi, İslam amallarını həyata keçirmək naminə cəsarət və fədakarlıqları hamıya bəlli və aydındır. O, Əmirəlmöminini (ə) nümunə bir şəxs kimi tanıtdırır ki, istər ozamankı, istərsə də sonrakı nəsillər ona müraciət etsinlər. Peyğəmbərdən (s) dərhal sonrakı canişinliyi həyata keçməsə və 25 ildən sonra xəlifə olsa da, hər halda, Peyğəmbərin (s) canişini oldu, imamlıq məqamı təsbit oldu və bütün müsəlmanlar onu cəmiyyətin rəhbəri kimi qəbul etdilər. Bu xüsusiyyət, sevgi, əlaqə, eləcə də hamının Peyğəmbərin (s) canişini kimi qəbul etdiyi bir şəxsiyyət bütün müsəlmanlar üçün İslam insanına dair örnək və nümunə kimi həmişəlik qalmalı, onunla müsəlmanlar arasındakı əlaqə düşüncə, etiqad, emosiya və əməl müstəvisində daim davam etməlidir.

Bu baxışla Əmirəlmöminin (ə) yalnız şiələrin deyil, bütün müsəlmanlarındır. Həm də yalnız Əmirəlmöminin (ə) yox, onun övladları olan bütün imamlar Peyğəmbərin (s) əhli-beyti olduqlarından həmişə müsəlmanlara görə ideal İslam insanına dair nümunə kimi qalmalıdırlar. Bu bir məsələ. İkincisi, Əhli-beyti Quranın kənarında göstərməklə, müsəlmanlarla Əhli-beyt arasında əlaqənin zəruriliyini elan etməklə əziz Peyğəmbər (s) əslində Quranın və Quran təlimlərinin təhrif olunduğu zaman vəzifəni də bəyan etmiş olur. Hakim rejimlər öz xeyirlərindən ötrü İslam təlimlərini təhrif, Quranı səhv izah edəndə, müsəlmanları azdıranda, xalqı İslam dərkindən məhrum edəndə xalqa həqiqəti başa salmalı, düzgün sözü tanıtdırmalı, insanları azğınlıqdan xilas etməli və insanların da dinləməli olduğu mərkəz və mənbə Əhli-beytdir.

Bu gün bu məsələ İslam dünyası üçün zəruri məsələdir. Əmirəlmömininin (ə) və onun övladlarının fasiləsiz imamlığına etiqadı olan və olmayan bütün müsəlmanların bu gün Peyğəmbərin (s) əhli-beyti vasitəsi ilə çatdırılan İslam təlimlərindən istifadə etməyə ehtiyacları var. Şiələr bu hədisin qəti mənasını fasiləsiz canişinlik bilir və ona etiqad bəsləyirlər. Buna etiqadı olmayan sünni qardaşlar da Peyğəmbər (s) ailəsi və Əmirəlmömininlə (ə) düşüncə rabitəsini, əqli, etiqadi və emosional əlaqəni kəsməməlidirlər. Qədiri-Xum məsələsi Əli ibn Əbutalib (ə) və Peyğəmbər (s) Əhli-beyti ilə müsəlmanlar arasında əlaqə yaratmaq cəhətindən bütün müsəlmanlara məxsusdur.

Qədiri-Xum məsələsi sırf tarixi bir məsələ deyil, İslamın kompleksliyinin göstəricisidir. Əziz Peyğəmbər (s) on il ərzində öz mübarizəsi və vəfalı səhabələrinin köməyi ilə təəssüb və xurafat dolu ibtidai bir cəmiyyətin yerində mütərəqqi İslam cəmiyyəti qurdu. O həmin on ildən sonrakı dövr haqda düşünməsəydi, ümmətə yol göstərməsəydi, iş yarımçıq qalardı. Cahil təəssübkeşliklər o qədər güclü idi ki, onları yox etmək üçün bəlkə çox uzun illərə ehtiyac vardı. Zahiri vəziyyət və xalqın imanı yaxşı idi. Təbii ki, hamı bir səviyyədə deyildi. Əziz Peyğəmbərin (s) vəfat etdiyi zaman bəzi şəxslərin müsəlman olmasından bir il, altı ay, yaxud iki il ötürdü. Həm də İslamın gözəllikləri ilə yanaşı Peyğəmbərin (s) hərbi qüdrəti də bunları İslama sövq etmişdi. Hamı Məkkə dövrünün köklü müsəlmanlarından deyildi. Bu cəmiyyətin dərin qatlarından cahiliyyət ənənələrini silmək və İslamın hidayət xəttini Peyğəmbərdən (s) sonrakı dövr üçün sığortalamaq məqsədilə bir iş görmək lazım idi. Bu iş görülməsəydi, missiya yarımçıq qalardı. Buna görə mübarək Maidə surəsində buyurur: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım"1. Açıq şəkildə deyilir ki, İslam, hidayət və bəşəriyyətə düzgün bələdçilik neməti yalnız Peyğəmbərdən (s) sonrakı yol xəritəsinin bəlli olduğu zaman tamamlanar və təkmil olar. Bu təbii məsələdir. Bu işi Peyğəmbər (s) Qədiri-Xumda gördü, iman, əxlaq, müxtəlif təbəqələrlə rəftar, inqilabi və hərbi şəxsiyyət baxımından nümunəvi fərd olan Əlini (ə) buna təyin etdi və xalqa ona tabe olmağı tapşırdı.

Bu, Peyğəmbərin (s) fikri deyildi, ilahi hidayət, Allahın əmri və təyinatı idi; əziz Peyğəmbərin (s) digər söz və tövsiyələri kimi ilahi ilham idi. Allah bu aydın əmri əziz Peyğəmbərə (s) buyurmuşdu. Peyğəmbər (s) də ona əməl etdi. Qədiri-Xum budur: İslamın kompleksliyini, gələcəyə baxışını, İslam ümmətinin hidayət və rəhbərlik şərtlərini göstərən amil. Bu şərtlər hansılardır? Əmirəlmömininin (ə) şəxsiyyətinin göstərdiyi cəhətlər - yəni təqva, dindarlıq, dinə mütləq itaət, Allahdan və haqq yoldan başqa heç bir şeyi nəzərə almamaq, Allah yolunda qorxmadan hərəkət etmək, elmə, ağla, dərrakəyə, iradə və əzmkarlığa yiyələnmək. Bu, real və eyni zamanda simvolik bir əməldir. Bu xüsusiyyətlərə malik olan Əli (ə) xəlifə təyin olundu. Eyni zamanda bu, İslam yaşadıqca müsəlman ümmətin rəhbərlik simvoludur. Yəni Əmirəlmömininin (ə) ilahi seçimində həyata keçən amil tarix boyu İslam rəhbərliyinin simvoludur. Qədiri-Xum belə bir məsələdir.




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə