olmaq istəmirlər və psixologiya ilə bağlı uzun-uzadı bəlağətli mülahizələri
dinləməyə də meyilli deyillər. Onlar elə məsləhətlər istəyirlər ki, bunları
biznesdə, ictimai münasibətlərdə və öz ailələrində tətbiq edə bilsinlər.
“Çox gözəl, – dedilər həmin tədqiqatı keçirən adamlar, – əgər onların is-
tədikləri budursa, biz onlara onu verərik”.
Dərs vəsaitlərinin axtarışında ətrafa boylandıqda onlar heyrətlə aşkar etdilər
ki, insanlara öz ətrafındakı adamlarla qarşılıqlı münasibətlərdə meydana çıxan
gündəlik problemlərin həllində kömək etmək məqsədilə nə vaxtsa yazılmış,
praktiki vəsait qismində rəhbər tutula biləcək kitab, ümumiyyətlə, mövcud deyil.
Əcəb işdir! Yüz illər ərzində qədim yunan, latındilli ali riyaziyyat və s.
elmlərə həsr olunmuş – normal adamın qara qəpik belə verməyəcəyi – çoxlu
kitab yazılır. Onun, həqiqətən də, hərisliklə öyrənmək istədiyi, işlərində rəhbər
tuta biləcəyi və ona kömək edə biləcək yeganə predmet haqqında isə bircə sətir
belə yoxdur!
“Pensilvaniya” hotelinin böyük bal zalını dolduran, “Nyu-York San”
qəzetindəki elana hay verən həris və yanğılı iki min beş yüz nəfər yaşlı adamın
iştirakı da məhz elə bununla izah olunur. Onlar uzun müddət axtardıqlarını, çox
güman, bu zalın qübbəsi altında tapacaqlarını zənn edirdilər.
Keçmişdə onlar institutlarda və kolleclərdə kitabların üzərində tər tökür,
maliyyə və peşəkar uğur yolunda qarşılarındakı qapını açacaq “Sim-sim, açıl!”
sehrli vasitənin yalnız bilik olduğuna səmimi-qəlbdən inanırdılar.
Lakin işgüzar və peşəkar həyatın təlatümündə, basabasında bu bir neçə il
onlara acı məyusluq gətirdi. Onlar gördülər ki, işlərində ən əhəmiyyətli uğura
nail olan adamlar həmin biliklərlə yanaşı, danışmaq, insanları öz nöqteyi-
nəzərinə çəkmək bacarığına, özlərini və öz ideyalarını “üzə çıxarmaq”
qabiliyyətinə malik olan kəslərdir. Onlar çox tezliklə əmin oldular ki, əgər hər
hansı bir kəs kapitan kepkasını taxmaq və biznes gəmisinin sükanı arxasına
keçmək istəyirsə, onun üçün daha böyük əhəmiyyət kəsb edən felləri bilmək,
yaxud Harvard Universitetinin diplomu yox, öz xarakteri və söhbət aparmaq
bacarığıdır.
“Nyu-York San” qəzetində verilən elan “Pensilvaniya” hotelində keçirilən
toplantının maraqlı və əlamətdar olacağını vəd edirdi. Elə bu cür də oldu.
Mikrofona on səkkiz nəfər dəvət olundu və onlardan on beşi özü haqqında
danışmaq üçün hərəsi 75 saniyə vaxt aldı. Vur-tut 75 saniyə, sonra isə sədr çəkici
taqqıldadıb deyirdi: “Vaxtınız qurtardı! Növbəti natiq!” Tamaşaçılar baş verənləri
izləyərək, saat yarım ərzində qımıldanmadan dayanmışdılar.
Natiqlərin tərkibi, elə bil ki, Amerika biznes aləminin eninə kəsimini
təcəssüm etdirirdi; eyni tipli mağazaların birliyi: inzibatçı, çörək bişirən, ticarət
assosiasiyasının prezidenti, yük maşınlarının satışı üzrə agent, kimyəvi maddələr
üzrə satış agenti, sığorta agenti, kərpic zavodlarının birliyinin katibi,
mühasibatçı, diş həkimi, memar, viski taciri, Xristian Elmi Cəmiyyətinin
funksioneri, bu hazırlıq kursunu keçmək üçün Nyu-Yorka İndianapolisdən gəlmiş
aptekçi, elə həmin məqsədlə Havanadan gəlmiş, üç dəqiqəlik, amma fövqəladə
dərəcədə vacib nitqə ən yaxşı şəkildə hazırlaşmaq istəyən vəkil.
Birinci natiq – Patrik O’Heyr adlı kelt əsilli bir nəfər. O, İrlandiyada
doğulmuşdu, məktəbə cəmi dörd il getmişdi, sonra Amerikaya köçərək əvvəl
downloaded from KitabYurdu.org
mexanik, sonra isə sürücü işləmişdi. Qırx yaşı olanda ailəsinin sayı artmış və o
daha böyük qazanc barədə fikirləşmək məcburiyyətində qalmışdı. Sonra
qüvvəsini yük avtomobillərinin satışında sınamağı qərara alır. Bu adam
natamamlıq hissindən əzab çəkdiyindən ehtimal olunan alıcının kabinetinin
qapısını açmaq üçün kifayət edəcək cəsarət yığana qədər onun kontorunun
qabağında beş-altı dəfə dala-qabağa getməyə məcbur olurdu. O,
kommivoyajer
2
sahəsində öz ilk addımlarını atarkən, başını itirdiyi və avtomobil
mağazasında çilingər işinə artıq qayıtmaq barədə fikirləşməyə başladığı vaxt
Deyl Karneginin natiqlik sənəti kurslarının təşkilati toplantısına dəvət edildiyi
haqda məktub alır. Lakin o, kursa getmək istəmir, qorxurdu ki, çoxsaylı savadlı
adamların arasında öz yerində olmasın.
O’Heyrin xoş gələcəyə olan ümidləri artıq itirdi. Həyat yoldaşı ərinin kursa
getməsini təkid edir: “Bəlkə bu sənə fayda gətirdi, Pet. Tanrı bilir, sən nəyə
möhtacsan”. O, toplantıya gedir, lakin həmin yerə gəldikdə beş-altı dəqiqə
qapının qabağında dayanaraq içəri keçməyə cürət etmir. İlk vaxtlarda
dinləyicilər qarşısında danışmalı olanda onun hətta qorxudan gözləri də
qaralırdı. Lakin auditoriya qarşısında qorxu yavaş-yavaş itməyə başladı və o
gördü ki, cəmiyyət arasında danışmaq onun xoşuna gəlir, auditoriya nə qədər
çoxsaylıdırsa, bir o qədər yaxşıdır. Eləcə də ayrı-ayrı şəxslərin qabağında
utancaqlığı yox oldu, sifarişçilərindən artıq qorxmurdu. Qazancı əhəmiyyətli
surətdə artmağa başladı və Patrik O’Neyr bu gün üçün Nyu-Yorkun
kommivoyajerləri arasında ən böyük ulduzlardan biridir. Və həmin axşam
“Pensilvaniya” hotelində o, iki min beş yüz nəfərlik kütlənin qarşısında dayanır,
şən və sərbəst surətdə öz nailiyyətlərinin tarixçəsini danışır, hekayətini za-
rafatlarla bəzəyir və dinləyiciləri tez-tez gülməkdən uğunmağa məcbur edirdi.
Çox az peşəkar natiq tapıla bilər ki, onun çıxışı ilə rəqabət apara bilsin.
Növbəti natiq – saçlarına dən düşmüş bankir Qodfri Mayer on bir uşağın
atası idi. Sinifdə nə isə deməli olduğu ilk günlərdə onun, hərfi mənada, dili
tutulurdu. Beyni işləməkdən imtina edirdi. Onun əhvalatı – nitq mədəniyyətini
yaxşı mənimsəmiş adamın cəmiyyətdə rəhbər mövqeyə öz-özünə gəldiyinin canlı
illüstrasiyasıdır.
O, iyirmi beş il Nyu-Cersi ştatının Klefton şəhərciyində yaşayıb, Uoll-Stritdə
isə işləyib. Bütün bu vaxt ərzində ictimai işlərdə heç cür iştirak etməyib və uzağı
onu beş yüz adam tanıyırdı.
O, Karneginin kurslarına qəbul ediləndən bir qədər sonra vergi inspek-
torundan aldığı hesabı bağlamalı idi və həddən çox ödəməli olacağına görə cin
atına minmişdi. Belə vəziyyətdə o, adətən, evdə oturar və qaşqabaqlı halda
qəlyanını tüstülədər, yaxud da gəzintiyə çıxaraq qonşularla söhbətdə ürəyini
boşaldardı. Lakin həmin axşam o, bunun əvəzinə şlyapasını başına taxdı və şəhər
toplantısına yollanaraq ürəyində qubar bağlayan məsələlərin hamısını geniş
publikanın qarşısında ortaya qoydu.
Bu hiddətli nitqin nəticəsi o oldu ki, Kliftonun sakinləri onu bələdiyyədə çıxış
etməyə sövq etdilər, onun namizədliyini bələdiyyə şurasına çıxardılar. Bu
minvalla o, bir neçə həftə ərzində bir iclasdan başqasına gedir, köhnə tərkibdə
bələdiyyə şurasının fəaliyyətindəki bədxərcliyi və fərsizliyi mühakimə edirdi.
downloaded from KitabYurdu.org