Seçki kampaniyasında 96 namizəd iştirak edirdi. Bülletenlər sayılıb
qurtaranda birinci yerdə duran Qodfri Mayerin adı idi. O az qala bircə axşamın
ərzində öz şəhərinin qırx min sakini arasında ən iri ictimai fiqura çevrildi. O,
çıxışları sayəsində altı həftədə əvvəlki 25 il ərzində olduğundan çox dost qazandı.
Bələdiyyənin üzvü qismində onun istəyi ictimai təşkilatların işinin yax-
şılaşdırılmasına yönəlmişdi, məvacibini isə qoyduğu əmanətə illik min faizli gəlir
kimi qiymətləndirmək olardı.
Üçüncü natiq – ərzaq sənayeçilərinin iri milli assosiasiyasının başçısı – bu
haqda danışdı ki, əvvəllər o, direktorlar şurasının qarşısında öz fikirlərini aydın
ifadə etməyi qətiyyən bacarmayıb.
Lakin Karneginin natiqlik sənəti kursuna yazıldıqdan sonra iki heyrətamiz
hadisə baş verdi. O, tezliklə öz assosiasiyasının prezidenti seçildi. Öz mövqeyinə
uyğun olaraq, Birləşmiş Ştatların bütün bölgələrində iclaslarda çıxış etməli idi.
Onun çıxışlarından hissələr radio ilə verilməyə, ölkənin qəzetlərində və ticarət
jurnallarında çap olunmağa başlandı. Natiqlik sənətini öyrənəndən iki il sonra o,
öz kompaniyasını, onun məhsulunu reklam vasitəsiylə daha yaxşı tanıtdırdı. O,
dinləyicilərə etiraf edirdi ki, əvvəllər aşağı Manhettenin işgüzar dünyasının
tanınmış rəhbərlərindən hansı birinəsə sərbəst surətdə zəng etməkdə tərəddüd
edirmiş. İndi isə nüfuzunun kəskin yüksəlməsi sayəsində həmin adamların özləri
ona zəng vurur və üstəlik də vaxtını aldıqlarına görə üzrxahlıq edirlər.
Danışmaq qabiliyyəti. Bu, məşhurlaşmaq üçün ən qısa yoldur. Bu, adamı
ictimai həyatın ön səhnəsinə çıxarır, ona öz qüvvəsinə əminlik hissi gətirir və
kütlə üzərinə qaldırır. Ürəyəyatımlı nitq üslubu olan kəs, bir qayda olaraq,
özünün gerçək qabiliyyətlərini əhəmiyyətli surətdə üstələyən etimad və nüfuza
sahib olur.
Hazırda yaşlıların təhsil alması hərəkatı bütün ölkədə bərqərar olub və bu
hərəkatda ən gözəçarpan fiqur pedaqoji fəaliyyəti dövründə öz çoxsaylı
şagirdlərinin çıxışlarını dinləmiş, nitqləri tənqidi araşdırmaya məruz qoymuş
Deyl Karnegidir. “İstəyirsiniz inanın, istəyirsiniz yox” jurnalında bu yaxınlarda
yerləşdirilmiş karikaturaya inansaq, Karnegi 150 000 nitqi təhlil etmişdir. Əgər
bu möhtəşəm ədəd sizdə təəssürat yaratmadısa, onda təsəvvür edin ki, Amerika
kəşf olunduğu gündən bu yana Karnegi hər gün bir nitqi təhlil edib. Başqa sözlə,
əgər onun qarşısında nitq söyləyən adamlardan hər biri üç dəqiqə ilə
kifayətlənərdilərsə və əgər onlar bunu bir-birinin ardınca edərdilərsə, onda
onları dinləmək üçün yuxusuz və istirahətsiz bütöv bir il tələb olunardı.
Deyl Karneginin şəxsi, rəngarəng təzadlarla zəngin olan karyerası özündə
insan orijinal ideyaya aludə olanda və entuziazmla alışıb-yananda nələrə nail ola
biləcəyinin heyrətamiz nümunəsini təcəssüm etdirir.
Ən yaxındakı dəmir yolundan on mil məsafə aralıda yerləşən Missuri
fermasında doğulan Deyl on iki yaşına qədər heç vaxt avtomobil görməmişdi.
Lakin bu gün – 46 yaşında o, Honkonqdan tutmuş Hamerferstə qədər planetin ən
ucqar künc-bucaqları ilə qısaca da olsa tanışdır. Bir dəfə isə o, elə yerlərə baş
çəkmişdi ki, ora Şimal qütbünə admiral Bardın Kiçik Amerikadakı mənzil-
qərargahı ilə Cənub qütbü arasındakı məsafədən yaxın idi.
Bir vaxtlar pulla çiyələk yığmağa və turp bostanını saatda beş sentə alaq
etməyə gedən bu missuriyalı oğlan indi iri korporasiyaların inzibati işçilərinə öz
downloaded from KitabYurdu.org
fikirlərini aydın ifadə etmək sənətini öyrətdiyinə görə hər dəqiqəsi üçün bir
dollar alır.
Bu, ev heyvanlarını örüşə aparıb-gətirən, buzovları damğalayan, Cənubi
Dakotanın çöllərində atın belində çəpərlərin, yarğanların üstündən tullanan
keçmiş kovboy sonradan Londona gedərək burada kral həzrətləri Uels
şahzadəsinin himayəsi altında öz işinin metod və nəticələrini nümayiş etdirirdi.
İctimaiyyət qarşısında ilk çıxışlarında tam iflasa uğrayan cavan oğlan
sonralar mənim şəxsi menecerim oldu. Mən öz uğurlarıma görə ən çox Deyl
Karneginin rəhbərliyi altında aldığım hazırlığa borcluyam.
Gənc Karnegi öz təhsili uğrunda mübarizə aparmalı olurdu, çünki çətin başa
gələn bəxtəvərlik, torpaq zəhmətkeşinə nəsib olan bəxtəvərlik Missurinin şimal-
qərb küncündə yerləşən köhnə fermadan aramsız olaraq qaçırdı. Çay ilbəil
məcrasından çıxaraq tarlaları basır və çəmənliklərdən saman tayalarını yuyub-
aparırdı. Piyli donuzlar mövsümbəmövsüm xəstəliklərdən tələf olurdu;
iribuynuzlu heyvanın və qatırın qiyməti düşür, bank krediti bağlayacağı ilə
hədələyirdi.
Karneginin uğursuzluğundan başını itirən ailəsi öz fermasını satdı və Missuri
ştatının Uorenburqdakı Pedaqoji kollecinin yaxınlığında yerləşən fermanı aldı.
Şəhərdə günü bir dollara pansionla birlikdə ev kirayə etmək olardı, lakin gənc
Karnegi özünə belə bir dəbdəbəni rəva görə bilməzdi. O, fermada qaldı və kollecə
qədər olan üç mil yolu hər gün at belində gedirdi. Evdə o, inəkləri sağır və
kerosin lampasının işığında öz latın fellərini gözləri qapanana, başı isə kitabın
üstünə düşənə qədər əzbərləyirdi.
Onda o, gecəyarı öz çarpayısına gəlir, zəngli saatı gecə saat üçə qurur və ölü
kimi yuxuya gedirdi. Atası adi drokcer cinsli donuz saxlayırdı və şaxtalı gecələrdə
çoşqalar isti yerə gətirilməsəydi, donub ölərdilər. Buna görə də gecələr onları
səbətlərə yığır, üstlərini cutdan kisə ilə örtür və mətbəxdə sobanın arxasına
qoyurdular. Öz təbiətlərinə sadiq olan çoşqalar səhər saat üçdə isti səhər
yeməyini tələb edirdi. Saatın zəngi vuranda Deyl öz adyalının altından sürünüb
çıxır, çoşqalar olan səbəti götürür və onları analarının yanına, tövləyə aparırdı.
Orada o, ana donuz çoşqaları yedirib qurtarana qədər gözləyir, sonra isə təzədən
mətbəxdəki sobanın dalına gətirib qoyurdu.
Kollecdə 630 tələbə təhsil alırdı və onlardan yalnız altı nəfəri, Deyl Karnegi
də daxil olmaqla, şəhərdə özlərinə otaq kirayələmək imkanına malik deyildi.
Karnegi onu hər gün fermaya qayıtmağa və inəkləri sağmağa məcbur edən
yoxsulluğundan utanırdı. O, əynindəki dar gödəkcəsinə, qısa şalvarına görə
utanırdı. Özündə sürətlə inkişaf edən natamamlıq kompleksini adlamağa çalışan
Deyl ən qısa müddətdə məşhurlaşmaq və tanınmaq üçün nədə isə fərqlənmək
imkanı arayırdı. O, ətrafına göz gəzdirərək görürdü ki, kollecdə nüfuzlu və diqqət
mərkəzində olan tələbələr əsas etibarilə iki kateqoriyaya bölünürlər; birinə
idmançılar: futbolçular, basketbolçular, digərinə – xüsusi olaraq təşkil olunan
ictimai diskussiyalarda aparılan mübahisələrdə qalib gələn oğlanlar daxil idi.
Özünün atletik imkanlara malik olmadığını başa düşərək Karnegi natiqlik
sahəsində qələbələrə nail olmağı qərara aldı. O, at dördayaq kollecə tərəf
çapanda yəhərin üstündə oturaraq praktika edir, öz nitqlərini inəkləri sağanda
hazırlayır, sonra isə anbarda saman tayasının başına dırmaşaraq, yaponların
downloaded from KitabYurdu.org