c) Özünüzə inamlı olduğunuzu göstərin. “Özünü cəsarətli hiss eləmək üçün, –
deyə professor Uilyam Ceyms məsləhət verir, – belə hərəkət edin ki, sanki siz,
həqiqətən də, cəsarətlisiniz, bu məqsədlə bütün iradənizi toplayın və onda qorxu
pristupu, çox güman ki, mərdlik qabarması ilə əvəz olunacaqdır”. Teddi Ruzvelt
etiraf edirdi ki, qrizli ayıları, kəhgir atlar və başkəsənlər qarşısında qorxusunu
məhz bu üsulla adlamışdır. Siz bu psixoloji metoddan istifadə etməklə auditoriya
qarşısında qorxunuza qalib gələ bilərsiniz.
d) Çıxış edin, təcrübə toplayın. Bu, məqsədə çatmaq üçün ən vacib olanıdır.
Qorxu inamsızlığın nəticəsidir, inamsızlıq özünüzün nələrə qabil olduğunuzu
bilməməkdən irəli gəlir, həmin bilməməzlik isə – təcrübənin kifayət qədər
olmamasının nəticəsidir.
Buna görə də özünüzə uğurlu təcrübə baqajı yaradın və sizin qorxularınız
yox olacaqdır.
İkinci fəsil
Özünə inam hazırlaşmaqla yaradılır
Bu kitabın müəllifinin 1912-ci ildən başlayaraq peşəkar borcu və bununla da
yanaşı sevimli məşğuliyyəti il ərzində təqribən altı min nitqi dinləmək və bunlara
tənqidi yanaşma olmuşdur. Bu nitqləri kolleclərin tələbələri yox, yetkin insanlar:
biznesmenlər və mütəxəssislər edirdi. Toplanan təcrübənin nəticəsində müəllif
aşağıdakılara əmin olub: çıxışa qabaqcadan hazırlaşmaq təkidli dərəcədə
zəruridir; natiq danışacağı mövzu barədə aydın və müəyyən təsəvvürə malik
olmalıdır. Natiqin danışacağı onda güclü təəssürat yaratmış olan və onun bu
haqda susmağı heç cür bacara bilmədiyi bir şey olmalıdır. Dinləyici olaraq hiss
etdiyiniz kimi, vacib ideya uğrunda sizin ağlınıza və ürəyinizə təsir göstərməyə
coşqunluqla can atan natiq sizi qeyri-iradi olaraq cəlb etməzdimi? Natiqlik
məharətinin sirrinin yarısı məhz elə bundadır.
Natiq belə bir əqli və emosional halda olanda o, özündə mühüm bir şərt
aşkar edir – onun nitqi elə bil öz-özünə axır. Nitq onun üçün yük olmur və heç bir
çətinlik təşkil etmir. Yaxşı hazırlanmış nitq – onda doqquzu səsləndirilmiş
nitqdir.
Birinci fəsildə qeyd olunduğu kimi, insanların əksəriyyətinə bu cür məşq
əsas etibarilə özlərinə inam hissini əldə edə bilmək, cəsarətli olmaq və özlərini
ələ almaq bacarığına yiyələnmək üçün zəruridir. Çoxları faciəvi səhvə öz
nitqlərini hazırlamağa saymazyana yanaşmaqla yol verirlər. Əgər döyüşə nəm
çəkmiş barıt və ya boş güllələrlə, ya da tamamilə silahsız gedərsənsə, qorxu və
əsəbiliyi adlaya biləcəyinə necə ümid etmək olar axı? Belə olan təqdirdə, onların
auditoriya qarşısında özlərini tam sərbəst hiss edə bilmədiklərinə
təəccüblənmək lazım gəlmir. “Düşünürəm, – deyə Linkoln artıq Ağ Evdə olanda
bildirmişdi, – heç vaxt o qədər qoca olmayacağam ki, deməyə bir sözüm
olmayanda utanıb çəkinmədən danışa bilim”.
Əgər siz özünüzdə inam formalaşdırmaq istəyirsinizsə, onda siz bunun üçün
zəruri olanı niyə etmirsiniz? “Kamil sevgi, – demişdir apostol İoann, – qorxunu
qovur”. Eyni şeyi kamil hazırlıq da edir. Vebster deyirdi ki, o, dinləyicilər
qarşısında bərabər dərəcədə nə pis hazırlıqlı, nə də yarıçılpaq dayanmağa qabil
idi.
Biz çıxışımıza niyə daha ciddi hazırlaşmırıq? Niyə?
downloaded from KitabYurdu.org
Bəzilərinin çıxışa hazırlaşmağın nə demək olduğu və onu dərrakə ilə necə
etmək lazım olduğu ilə əlaqədar heç aydın təsəvvürləri belə yoxdur; başqaları
vaxtın çatışmazlığına istinad edirlər.
Buna görə də biz növbəti fəsli həmin sualların ətraflı nəzərdən keçirilməsinə
həsr edəcəyik.
Düzgün hazırlaşmaq
Hazırlaşmaq nədir? Kitabların mütaliəsi? Bu, hazırlaşmağın bir növüdür, özü
də heç də ən yaxşı növü deyildir. Mütaliə kömək edə bilər. Lakin əgər adam
kitablardan çoxsaylı “konservləşdirilmiş” fikir götürməyə çalışarsa və onları
dərhal özünə məxsus olan fikirlər kimi qəbul edərsə, onda onun çıxışında
müəyyən çatışmazlıqlar olacaqdır. Dinləyicilər nəyin çatışmadığını heç başa
düşməyə də bilərlər, lakin onların, bununla belə, natiqə münasibəti soyuq
olacaqdır.
Misal göstərim. Bu kitabın müəllifi bir müddət əvvəl Nyu-York banklarının
yüksək vəzifəli şəxslərindən ibarət olan qrupa natiqlik sənəti üzrə məşğələlər
keçirdi. Öz-özlüyündə aydın məsələdir ki, bu qrupun üzvlərinə, işləri başlarından
aşan adamlara lazım olan qədər hazırlaşmaq, yaxud onların hazırlaşmaq hesab
etdiklərini yerinə yetirmək çox vaxt çətin olurdu. Bütün ömürləri boyu onlar
özlərinə məxsus tərzdə fikirləşirdilər, fərdi baxışlarını formalaşdırmışdılar,
bütün təzahürlərə öz nöqteyi-nəzərlərinin bucağı altından baxırdılar, şəxsi
təcrübə toplamışdılar. Beləcə, onlar qırx il ərzində çıxış üçün mahiyyət etibarilə
material toplayırdılar.
Lakin onlardan bəzilərinə bunu dərk eləmək çətin gəlirdi. Onlar ağacların
arxasından meşəni görməyi bacarmırdılar.
Həmin qrup kurslarda cümə günləri axşam saat beşdən yeddiyə qədər
məşğul olurdu. Nyu-Yorkun şəhərətrafı qəsəbələrindən birində yerləşən
bankdan olan centlmen – onu cənab Cekson adlandıraq – bir dəfə görür ki, artıq
saat beşin yarısıdır, çıxış üçün isə mövzusu yoxdur. O, öz kontorundan çıxır,
köşkdən “Forb meqezin” jurnalını alır və metro ilə məşğələlərin keçirildiyi
Federal Ehtiyat Bankına gedənə qədər oradakı “Uğur qazanmaq üçün sizin
sərəncamınızda yalnız on il var” başlıqlı məqaləni oxuyur. O, bu məqaləni yazının
onu xüsusi olaraq maraqlandırdığına görə yox, çıxışa qədər ona verilmiş vaxtı nə
iləsə doldurmaq üçün oxumuşdu.
Üstündən bir saat keçəndən sonra cənab Cekson ayağa qalxdı və məqalənin
müəllifinin toxunduğu mövzu barədə inandırıcı surətdə, maraqla danışmağa
cəhd etdi.
Nəticə, qaçılmaz nəticə necə idi?
O, haqqında danışmağa cəhd elədiyini həzm etməmişdi, mənimsəməmişdi.
“Danışmağa cəhd edirdi” sözləri işin mahiyyətini tamamilə dəqiq ifadə edir. O
yalnız cəhd edirdi. Onda özünə çıxış axtaran fikirlər yox idi. Onun özünü aparmaq
manerası, onun səsinin tonu buna aydın dəlalət edirdi. O, məqalənin özünə
göstərdiyi təəssüratdan güclü təəssüratı dinləyicilərdə yarada biləcəyinə necə
ümid edə bilərdi? O, tez-tez məqaləyə istinad edirdi, deyirdi ki, müəllif filan və
behman yazır. Həmin çıxışda “Forb meqezin” jurnalından əxz edilmiş həddən
çox, cənab Ceksona məxsus isə çox az söz var idi.
Bax buna görə bu kitabın müəllifi ona təqribən aşağıdakıları dedi:
downloaded from KitabYurdu.org