ayaqqabı fabrikantı olmasından asılı olmayaraq) dəyər təcəssüm etdirirdi. Odur
ki, burada mən doktor Braunun sözlərini iqtibas gətirməyi özümə rəva görürəm:
“İncildən seçdiyiniz sitatı və moizənin mövzusunu çox ciddi düşünüb-
daşının. Onları beyninizdə o qədər bəsləyin ki, onlar yetişsin, plastik olsun. Əgər
siz onlardakı ən xırda cücərtilərin böyüməsinə və inkişaf etməsinə imkan
verərsinizsə, onlardan çoxlu maraqlı fikir götürəcəksiniz...
Yaxşı olardı ki, bu proses uzun müddət ərzində baş versin, onu şənbə
gününün səhərinə, bazar günü edəcəyiniz çıxışa hazırlığı bitirməli olduğunuz
vaxta saxlamayın. Əgər kilsə xadimi bu mövzuda çıxış etməzdən əvvəl hansısa bir
həqiqəti beynində bir ay, altı ay və ya hətta bir il ərzində saxlaya bilərsə, onda
əmin olacaqdır ki, bundan aramsız olaraq yeni-yeni fikirlər yetişir və son
nəticədə bol məhsul verir. O, bu haqda küçədə gəzəndə, qatarla səyahətə çıxanda
və ya gözləri mütaliədən çox yorulanda düşünə bilər.
O, bəzi şeyləri, şübhəsiz ki, gecələr də düşünüb-daşına bilər. Əlbəttə, yaxşı
olardı ki, kilsə xadimi yatmağa öz kilsəsi və ya moizəsi barədə düşüncələrlə
uzanmasın – kilsə kafedrası moizə etmək üçün çox yaxşıdır, lakin onunla “yatmaq
narahatdır”. Hərdən belə olurdu ki, ağlıma gələn bir fikri səhərə qədər
unudacağımdan qorxduğum üçün gecənin bir aləmində durur və onu qeyd
edirdim...
Siz müəyyən bir moizə üçün material toplayanda seçdiyiniz sitat və mövzu
ilə bağlı ağlınıza gələn hər şeyi qeyd edin. İncildən olan mətni siz onu birinci dəfə
seçəndə necə başa düşdüyünüzü qeyd edin. Bunun ardınca sizdə meydana çıxan
assosiasiyaların, fikirlərin hamısını yazın...
Bütün bu fikirləri qısaca, bir neçə sözlə qeyd edin, təki onlar qeyd edilmiş
olsun və qoy sizin beyniniz hər vaxt yeni fikirlər axtarsın, elə axtarsın ki, elə bil
bundan sonra həyatınızda bircə dənə də olsun kitab görmək sizə nəsib
olmayacaqdır. Öz təfəkkürünüzü inkişaf etdirmək üsulu elə budur. Bu üsulla siz
öz əqli fəaliyyətinizin həmişə təravətli, orijinal, yaradıcı olmasına nail
olacaqsınız...
Sizdə müstəqil surətdə, başqasının köməyi olmadan doğan fikirlərin
hamısını qeyd edin. Onlar sizin əqli inkişafınız üçün rubin, almaz və təmiz
qızıldan qiymətlidir. Yaxşı olardı ki, bunları kağız parçasında, köhnə məktubların
arxa üzündə, zərflərin tikələrində, qablaşdırma kağızında – əlinizə düşən hər
şeyin üstündə yazasınız. Bu, yazı kağızının uzun vərəqləri üzərində yazmaqdan
hər bir mənada daha yaxşıdır. Burada məsələ təkcə qənaətdə deyil – siz öz
materialınızı qaydaya salmağa başlayanda həmin tikə-parçaları yığmaq və
yerbəyer etmək asan olacaqdır.
Ağlınıza gələn fikirlərin hamısını daim qeyd edin və onların üzərində həmişə
çox ciddi düşünüb-daşının. Bu prosesi sürətləndirmək lazım deyil. Bu, sizə
həyata keçirilməsi bəxş edilmiş ən mühüm əqli səylərdən biridir.
Onun sayəsində sizin şüurunuz əsl yaradıcı qüvvəyə çevrilir...
Siz buna əmin olacaqsınız ki, sizə ən çox həzz verən və sizin pastvanızın
(kilsə icması) həyatı üçün ən çox faydalı olan moizələr – bu məhz özünüzün ən
dərin açıqladığınız moizələrdir. Onlar – sizin öz sümüyünüzdən və sizin öz
ətinizdəndir; sizin əqli övladınızdır, sizin yaradıcı enerjinizin törəməsidir.
Başqalarının fikirlərindən doğan moizələr həmişə elə bil nimdaş kimi, bayat kimi
downloaded from KitabYurdu.org
görünəcəkdir. Yaşayan və nəfəs alan moizələr, yaradana tərif edə-edə məbədə
daxil olan moizələr, insanların ürəyinə sızan, onları qartal kimi yüksəkliklərə
qanad açmağa və onları getməyə borclu olduqları yolla mərdliklərini itirmədən
irəliləməyə məcbur edən moizələr – əsl, onu deyənin həyat enerjisi tərəfindən
doğulmuş moizə də elə bunlardır”.
Linkoln öz çıxışlarına necə hazırlaşırdı
Linkoln öz nitqlərini necə hazırlayırdı? Xoşbəxtlikdən, bəzi faktlar bizə
məlumdur. Və siz burada onun metodu barədə oxuyanda nəzərinizə çarpacaq ki,
dekan Braun öz mühazirələrində Linkolnun ondan dörddə üç əsr əvvəl istifadə
etdiyi fəndlərin bir çoxunu məsləhət görür. Linkolnun ən məşhur nitqlərindən
biri – bu, o nitqdir ki, Linkoln burada peyğəmbərcəsinə vəhylə bu fikri söyləyib:
“Deyilmişdir ki, “bölünmüş ev duruş gətirə bilməz”. Düşünürəm ki, bizim yarı
qullardan, yarı azad insanlardan ibarət olan ölkəmizin hökuməti də duruş gətirə
bilməz”. Bu nitq Linkoln öz gündəlik işləri ilə məşğul olduğu, nahar etdiyi, küçədə
gəzişdiyi, inəyi sağdığı, əlində səbət, nimdaş boz rəngli şərfi çiyninə ataraq
qəssab və ya baqqal dükanına getdiyi, böyrü ilə balaca oğlunun çərənləyə-çə-
rənləyə, sual verə-verə, şıltaqlıq edə-edə yüyürdüyü və atasının uzun bar-
maqlarını dartışdıra-dartışdıra onu cavab verməyə əbəs yerə məcbur etdiyi vaxt
düşünülüb-daşınırdı. Lakin Linkoln öz düşüncələrinə dalmış halda, öz nitqi
barədə fikirləşə-fikirləşə və oğlunun varlığını unudaraq irəli gedirdi.
Bu düşünüb-daşınma və fikirlərin bəslənib yetişdirilməsi prosesində o,
vaxtaşırı qeydlər edir, gah burada, gah da orada köhnə zərflərin, kağız paketlərin
tikələrində – əlinə keçən hər şeyin üstündə ayrı-ayrı cümlələri yazırdı. Bunların
hamısını o vaxta qədər şlyapasının içində saxlayırdı ki, oturub qeydləri müəyyən
ardıcıllıqla düzmək, onların hamısını bütövlükdə nəzərdən keçirmək və çıxış,
yaxud mətbuatda dərc elətdirmək üçün hazırlamaq mümkün olsun.
1858-ci il diskussiyalarında senator Duqlas hər yerdə eyni bir nitqlə çıxış
edirdi. Linkoln isə hər vaxt hazırlaşır, düşünürdü. Və elə ona görə də o, hər gün
təzə nitqlə çıxış edir, köhnəni təkrar etmirdi. Beləliklə, mövzu onun şüurunda
aramsız olaraq genişlənir və dərinləşirdi.
Ağ Evə köçməzdən bir qədər əvvəl o, konstitusiyanın və üç nitqinin
mətnlərini götürür, əlində başqa heç bir şey olmadan Sprinqfilddə dükanın
üstündəki tozlu, qaranlıq otaqda qapanır və prezident vəzifəsinə keçmək
münasibəti ilə öz nitqini yazır.
Bəs Linkoln özünün Gettisberqdəki nitqini necə hazırlamışdı? Əfsuslar olsun
ki, bununla bağlı yanlış məlumatlar yayılmışdır. Lakin həqiqi tarixçə istisnasız
olaraq maraqlıdır. Budur o.
Gettisberq hərbi qəbiristanlığı ilə məşğul olan komissiya onun təmtəraqlı
təqdim edilməsini təşkil etməyi qərara alanda nitqlə çıxış etməyi Edvard Everetə
təklif etdi. O, Bostondan olan pastor, Harvard Universitetinin prezidenti,
Massaçusets ştatının qubernatoru, Birləşmiş Ştatların senatoru, İngiltərədə elçi,
dövlət katibi idi; o, Amerikanın ən istedadlı natiqi kimi qiymətləndirilmişdi.
İlkin olaraq təmtəraqlı mərasim 1863-cü il oktyabrın 23-nə təyin olun-
muşdu. Cənab Everet çox ağıllı bəyanatla çıxış etdi ki, o, belə qısa vaxt ərzində
lazım olan şəkildə hazırlaşa bilməyəcəkdir. Buna görə mərasim, demək olar, bir
ay, noyabrın 19-na qədər təxirə salındı ki, ona hazırlaşmaq üçün vaxt verilsin.
downloaded from KitabYurdu.org