532
hiss olunurdu. Dərinin bütün qırışları, büküşlori və yaraları, məxməri qatları, qasığının, qarnının meşə
kimi sıx tükləri, Dəməşq ipəyi kimi xışıldayan köksü; dırnaqları, pəncələrinin altındakı bərk çıxıntılar;
kirpiklərinin uzunluğu, gözlərinin sulu həlməşiyi, dodaqlarının ləti, bel tirinin nazikliyi, sümüklərinin
düzülüşü - bütün bunlar gözlər önündə qumsal toza çevrilsə də, ilkin cizgilərini itirməmiş, əzaların bir-
birinə uyğun yerləşməsi pozulmamışdı: əzik-üzük corablar kimi süst və boşalmış ayaqlar, kənara qoyulub
sərilmiş qırmızı keşiş cübbəsi kimi göy damarlı ətlər, qıvrılmış bağırsaqların düzgün yumağı, selikli
suvağın altından közərən ürək daşı, həmaildəki mirvarilər kimi düzülmüş seçmə, sədəf dişlər, qırmızı-göy
rəngli asma bəzək kimi yellənən dil, şamlar kimi dümdüz sıralanmış barmaqlar, xalça kimi açılmış qarının
ipliklərinin düyünləndiyi göbək... Hər tərəfdən, zirzəminin hər divarından indi tobərrükdanlara və
mücrülərə yığılmış, amma buna baxmayaraq, öz ucsuz-bucaqsız məntiqsizliyi ilə bütünləşmiş bu
makrobədən mənə gülür, göz eləyir, pıçıldayır və məni yanına, yəni ölümə çağırırdı; bu, axşam yeməyində
yeyib-içən və sırtıqca atılıb-düşən həmin bədən idi, amma indi, kar və kor ölümün toxunulmazlığı içində
sanki hərəkətsiz idi. Ubertino qolumdan tutub elə sıxdı ki, dırnaqları ətimə batdı və dedi: “İndi görürsən,
hamısı eynidir! Bir az əvvəl öz çılğınlığından qürrələnən və öz oyunlarından həzz alan şey - indi
cəzalandırılmış və mükafatlandırılmış halda, ehtirasların məngənəsindən qurtularaq səbatlılıq içində
donub-qalmış, onu saxlayan və paklaşdıran, çürüməkdən xilas etmək üçün çürüməyə məruz qoyan əbədi
soyuğa məhkum olunmuşdur, zira onsuz da toz olanı heç bir qüvvə toza çevirə bilməz, ölüm - bizim üçün
dincəlməkdir, bütün işlərimizin sonudur”.
Bu zaman iblis kimi ağzından od çıxan Salvator qəflətən zirzəmiyə girib bağırdı: “Axmaq! Görmürsən
ki bu heyvan, İovun kitabındakı böyük liotardır? Nədən qorxursan, mənim mehriban ağam? Bu da sənə
qızardılmış pendir!”. Sonra birdən qırmızımtıl şəfəqlər bütün zirzəmini aydınlatdı və yenə mətbəx kimi
göründü, amma bura mətbəxdən daha çox, nəhəng bir
533
qarının sürüşkən və yapışqan içalatına bənzəyirdi; ortasında qarğa kimi qapqara, nəhəng qəfəsə
zəncirlənmiş minəlli, ətrafında kim varsa, yaxalamaq üçün əllərini uzadan iyrənc bir heyvan oturmuşdu;
susuzluğunu yatırmaq üçün üzüm salxımını sıxan kəndli kimi, o da tuta bildiyi hər kəsi elə möhkəm, elə
amansızlıqla sıxırdı ki, onların əlləri, ayaqları sınır, beyinləri əzilib dağılırdı. Onları ləzzətlə yedikdən
sonra kükürddən daha üfunətli və iyrənc bir qoxu ilə gəyirib, alov püskürürdü. Amma - nə ağlasığmaz
müəmma! - bu səhnədən qətiyyən qorxmurdum və birdən bu “mehriban iblis”ə (onun haqqında belə dü-
şünürdüm) rahatlıqla baxa bildiyimi fərq etdim, çünki o, başqa biri deyil, Salvator idi; zira ölümlü insan
bədəni haqqında onun əzabları və puçluğu haqqında, indi hər şeyi bilirdim - və artıq heç nədən
qorxmurdum. Doğrudan da, çox tezliklə indi mənə xoş və hətta rahat görünən o alovlu işıqda şam
yeməyindəki bütün qonaqları yenidən gördüm; onlar yenə öz cismani örtüklərini qazanmışdılar və hər
şeyin yenidən başladığını söyləyərək, nəğmə oxuyurdular, gənc qız da aralarında idi gözəl və sağlam
olaraq və mənə deyirdi: “Bütün bunlar heç nədir, heç nə, görəcəksən, tezliklə qayıdacağam və əvvəlkindən
daha gözəl olacağam, yanlız bir dəqiqəliyə izin ver, gedim tonqalda yanım, sonra bax burada görüşərik!”.
Və Tanrı, məni bağışla, öz ağuşunu mənə göstərdi, ona sarı getdim və gözəl bir dərəyə düşdüm; qızıl
dövrün bərəkətli vadisinə bənzəyirdi, şehli, meyvələrlə, bulaqlarla, qızardılmış pendirlər yetişən ağaclarla
dolu. Orada olan hər kəs gözəl bayrama görə abbatı tərifləyir, öz sevgilərini və ehtiramlarını göstərmək
üçün onu yumruqlayaraq, təpikləyərək, libasını cıraraq və yerə yıxıb, gündəyməzini çubuqlayaraq
minnətdarlıq edirdi. O isə gülməkdən uğunur və qıdıqlamasınlar deyə onlara yalvarırdı. Sonra burun
deşiklərindən kükürd dumanları çıxan atlara minmiş yoxsul həyat rahibləri göründü; hər birinin
kəmərindən qızıl dolu kisələr asılmışdı, onlar bu qızılların köməyi ilə canavarları quzulara, quzuları isə
canavarlara çevirirdilər və Tanrının ağlasığmaz qüdrətinə mədhiyyələr oxuyan xalq məclisinin dəstəyi ilə
bu canavarlara
tac qoyub, imperator elan edirdilər.
«Ul cachinnis dissolvalur, torquealur rictibus!»
209
- deyə İsa tikanlı
tacını ataraq ucadan səsləndi. Papa İohann içəri girib, bu qarışıqlığa görə hamını məzəmmətlədi və dedi:
“Bu gedişlə işlər necə qurtaracaq, bilmirəm!”. Lakin hamı onu lağa qoyub güldü və abbatın başçılığı
altında donuzlarla birlikdə meşəyə yerdombalanı axtarmağa getdi. Mən də onlarla getmək istədim, amma
tindən çıxan Vilhelmi gördüm. Labirintdən gəlirdi. Əlində onu sürətlə şimala doğru çəkən ahənrüba vardı.
“Məni atıb getməyin, ustadım, - deyə qışqırdım. - Afrikanın sərhədində nə olduğunu mən də görmək
istəyirəm!”
“Artıq sən gördün!” - Vilhelmin cavabı uzaqlardan eşidildi. Və mən kilsənin qübbəsi altında cənazə
duasının son sözləri səslənərkən oyandım:
“Qorxu dolu, ağlar gün
Küllərdən doğacaq,
Günahkarlar məhkum olacaq.
Onları əfv et, Tanrım!
Ey Həzrəti-İsa,
Onlara dinclik nəsib et ”/
Bu sübut edirdi ki, gördüyüm xəyal bütün xəyallar kimi qısa da olsa, bir “amin” boyunca sürməsə də,
hər halda “Dies irae” oxunana qədər keçib-getmişdi.
209
Gülüşlərdən partlayın, qəhqəhələrdən qıc olun! (lat.)
534