4 4
“Xahiş edirəm sizdən, Vilhelm qardaş, səndən xahiş edirəm, qardaş...” - abbat hər iki - “sizdən” və
“səndən” - sözlərini xüsusi vurğu ilə dedi. Vilhelm qıpqırmızı qızardı və mızıldandı:
“Görürəm ki, sən daim Tanrıya xidmət edəcəksən”.
“Təşəkkür edirəm, Vilhelm”, - abbat cavab verdi.
Ey rəhmli Tanrım, mənim böyüklərim o anda necə qorxunc bir sirrə toxunurdular! Biri maraqdan, o
biri çarəsizlikdən. Çünki Tanrıya müqəddəs xidmətin sirlərinə bələd olmayan mən belə, bir rahib müridi
olmağıma baxmayaraq, abbatın tövbə andında nəsə eşitdiyini anladım: o, tövbə edən birinin ağzından
Adelmonun faciəli sonu ilə bağlı acı bir etiraf eşitmişdi. Abbat bəlkə də buna görə cinayətkan nə
günahlandırmağa, nə də cəzalandırmağa haqqının olmadığını bilərək, şübhələndiyi bir işin açıqlanmasını
Vilhelmdən xahiş edirdi. O ümid edirdi ki, özünün mərhəmət xatirinə kölgədə saxlamağa məcbur olduğu
hadisəni mənim ustadım zəkasının gücüylə aşkara çıxaracaqdır.
“Yaxşı, - Vilhelm dedi. - Mən rahibləri sorğuya çəkə bilərəmmi?”
“Əlbəttə, çəkə bilərsiniz”.
“Abbadığın içində sərbəstcə gəzə bilərəmmi?”
“Siz bu səlahiyyəti alacaqsınız”.
“Mənim səlahiyyətlərimdən rahiblər xəbərdar olacaqmı?”
“Elə bu axşam hamısı bunu biləcəkdir”.
“Bu halda mən rahiblər xəbərdar olana qədər yubanmadan işə başlayacağam. Həm də xristian aləminin
bütün monastırlarında haqqında heyranlıqla danışılan kitabxananıza da baxmaq istəyirəm; buraya
gəlişimin səbəblərindən biri də budur”.
Bu zaman rahib dik ayağa qalxdı. Üzü sərtləşmişdi. “Dediyim kimi, abbadığın içində tam sərbəst gəzə
bilərsiniz. Amma Binanın üst mərtəbəsindəki kitabxanaya qətiyyən girə bilməzsiniz”.
“Nə üçün?”
“Bunu lap əvvəldən deməliydim, amma zənn etdim ki, bilirsiniz... Bizim kitabxanamız başqalarına
bənzəməz...”
45
“Hə. Başqa kitabxanalara nisbətən, burada daha çox kitab var. Sizin kitab rəflərinizlə müqayisədə
Bobbio və Pompoza rahiblərinin, Klyuni və Fler abbadığının kitabxanası əlifbanı öyrənən bir uşağın otağı
kimi görünür. Novalesa kitabxanasında yüz illərlə toplanan altı min əlyazma sizin kitabxananızla
müqayisədə xırda-xuruşdur və bəlkə də onların çoxu indi sizin kitabxananızdadır. Bilirəm ki, bu kitabxana
- Bağdadın otuz altı kitabxanası ilə, vəzir ibn əl-Əlkaminin on minlik cildləri ilə yarışa biləcək xristian
aləminin tək işığıdır. Bilirəm ki, buradakı İndilərin sayı Qahirədəki iki min dörd yüz Quranla bərabərdir.
Monastırınızdakı saysız-hesabsız əlyazmaların mövcudluğu - yüz illər öncə (yalan knyazı ilə yaxın
olduğundan) Tripolidəki kitabxanalarında altı milyon cild olduğunu və burada səksən min təfsirçi ilə iki
min yazıçının işlədiyini deyib öyünən bütpərəstlərə qarşı açıq-aşkar dəlildir...”
“Bəli, belədir, Tanrıya şükürlər olsun”.
“Burada yaşayan rahiblərin çoxunun dünyanın müxtəlif yerlərindəki abbatlıqlardan gəldiyini də
bilirəm. Bəziləri nadir əlyazmalarının üzünü köçürüb öz vətənlərinə aparmaq üçün qısa müddətə burada
qalırlar; bunun əvəzində onlar da öz monastırlarındakı nadir əlyazmalarından gətirib sizə verirlər ki, üzünü
köçürəsiniz. Buna görə də monastırınızda almanlar, daklar, ispanlar, franzılar və yunanlar var. Bilirəm ki,
imperator Fridrix illər öncə Merlinin gələcəkdən xəbər verən yazılarını kitab halına salıb, Misir sultanına
hədiyyə etmək üçün ərəbcəyə çevirməyi sizdən xahiş etmişdir. Nəhayət, Murbax kimi şanlı monastırın bu
acı günlərimizdə bir nəfər də mirzəsinin qalmadığını, San-Qalloda yazmağı bacaran bir neçə rahibin
olduğunu, bundan sonra monastırlarda deyil, şəhərlərdə universitetlər üçün çalışan qeyri-ruhanilərdən
ibarət birlik və ittifaqların yaradıldığını, yalnız sizin monastırınızda ordeninizin şərəfini ucaldaraq
rahiblərin gündən-günə daha səylə biliklərini artırdığını bilirəm...”
“Monasterium sine libris' - abbat dalğın-dalğın dedi - mühafızəsiz şəhər, döyüşçüsüz qala, ədviyyatsız
yemək, təamsız
47
47
Kitabsız monastır (latınca)
46
süfrə, ağacsız bağça, çiçəksiz çəmənlik, yarpaqsız ağac kimidir... Bizim, iki buyruq - çalışmaq və dua
etmək - əsasında inkişaf edən ordenimiz hamının tanıdığı dünyada bir işıq kimidir; bilik xəzinəsidir;
yanğınlar, qarətlər, zəlzələlər içində yox olma təhlükəsi ilə qarşı-qarşıya qalan qədim müdrikliyin
xilasıdır; bizim monastır yeni yazının ocağı, qədim biliklərin qorunduğu yerdir... Ah, bilirsiniz ki, indi
çox qaranlıq dövrdə yaşayırıq; üzüm qızararaq deyirəm, bir neçə il öncə Vyana Şurası hər bir rahibin
keşişlik etməyə borclu olduğunu açıqlamaq məcburiyyətində qaldı! İki yüz il əvvəl pak və zəkalı yaşamla
işıq saçan bir neçə monastırımız indi miskinlərin məskənidir! Ordenimiz hələ güclüdür, amma şəhərlərin
kəsif qoxusu müqəddəs məkanlarımıza da dolmuşdur: Tanrı bəndələri indi ticarətə və nifaqa daha çox
meyil edirlər. Paklıq ruhunun yaşamayacağı iri şəhərlərdə qaragüruh (qeyri-ruhanilərdən başqa nə
gözləmək olardı!) nəinki kobud dildə danışır, hətta bu dildə yazırlar da! Tanrı bizə rəhm etsin və bu
cildlərin heç birinin divarımızdan içəri girməsinə izn verməsin - yoxsa pak məkanımız bidətçilər yığnağına
çevrilər! Bəşəriyyətin günahları üzündən dünya onu aşağı çəkən cazibədar uçurumun kənarında asılı
qalmışdır! Sabah isə, Honorinin dediyi kimi, insanlar cisimcə bizdən kiçik olacaqlar, necə ki biz qədim
insanlardan xırdayıq. Dünyamız qocalır. İndi ordenimizin Allah qarşısındakı borcu atalarımızın bizə
əmanət etdikləri bilik xəzinəsini qoruyaraq, yeniləyərək, saxlayaraq bu uçuruma doğru yürüşə qarşı
çıxmaqdır. Uca Tanrı dünya yarananda şərqdə olan kainat mərkəzinin tədricən qərbə doğru hərəkət
etməsini buyurdu; bununla da, dünyanın sonunun yaxınlaşdığına işarə etdi, zira hadisələrin gedişi kainatın
sərhədlərinə qədər gəlib çatmışdı. Amma minillik sona çatmayana qədər, murdar yırtıcı Dəccal tam qələbə
qazanmayana qədər - əlbəttə ki, bunu çox gözləməli olmayacağıq - xristian dünyasının xəsinəsini,
Tanrının peyğəmbərlərə, həvarilərə söylədiyi və bircə hərfini də dəyişmədən əcdadlarımızın təkrarladığı
məktəblərin təfsir etməyə çalışdığı Allah kəlamını (düzdür, indi bu məktəblərdə lovğalıq, paxıllıq,
çılğınlıq ilan kimi yuva qursa da) qo-
Dostları ilə paylaş: |