Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə27/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   46

ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1.  Bölmədəki hansı mətnlər informasiya, hansılar tərbiyəvi xarakter daşıyır? Hansı
mətndə bunların hər ikisi var?
2.  Mətnlərdə gələcək həyat yolunuzda uğur qazanmaq üçün lazım ola biləcək əsas
fikirləri seçin. Seçiminizi izah edin.
3.  Köçürün, bağlayıcıların altından bir xətt, qoşmaların altından iki xətt çəkin.
1.  İnsanlar arzu və xəyallarına görə bir-birinə bənzəyir, amma xasiyyətlər və
vərdişlər müxtəlif olduğu üçün bəzən bu oxşarlıq pozulur və bundan böyük
fəlakətlər törəyir.
2.  Nurəddin İmamverdi babanın yanında çox gözəl vaxt keçirirdi və şükür edirdi
ki, Gülpəri onu özü ilə aparmadı. (S.S.Axundov)
3.  İndi kənddə uçmuş evlərdən savayı gözə heç nə dəymirdi. Sahibsiz itlər də
baxışları ilə bizi məzəmmət edirdi. Biz isə müttəhimlər kimi boynumuzu
bükmüşdük.
4.  Verilmiş cümlələrdə buraxılmış vergülləri bərpa edib dəftərinizə köçürün.
1.  Özündən böyüklərə hörmətlə yanaş çünki sən də nə vaxtsa yaşlanacaqsan.
2.  Həmişə öz iradənin ağası öz vicdanının köləsi ol.
3.  Ömrü uzadan da insanı yaşadan da ümiddir. Daim ümidlə yaşamaq olmaz
ancaq ümidsiz də yaşamaq olmaz. Hətta ən ümidsiz insanda da bir ümid
qığılcımı közərməkdədir.
4.  Yağış həm kasıbın həm də varlının başına yağır amma təkcə kasıb islanır
çünki varlının əlində çətir var.
5.  Qoşmaları tapın. Aid olduğu sözlə birgə seçib dəftərinizə yazın və mənasını izah
edin.
1.  Tağı əminin göstərişi ilə mən və Məmmədağa qaratoyuq, alacəhrə, sərçə kimi
quşları tutmağı öyrənmişdik. (S.S.Axundov)
2.  Abbas gətirildi dar ayağına, 
Xınatək yaxıldım yar ayağına. 
Yoxsulu çəkərlər var ayağına, 
İndi mənim kimi mərdə gül, Pəri. (A.Tufarqanlı)
3.  Seyidli və onu əhatə edən kəndlərin bağ-bağatı o qədər boldur ki, göz ətrafda
ot və ağacdan savayı bir şey görmürdü. (S.S.Axundov)



HƏSRƏT
Şuşanın başı üzərinə yağan alovlu mərmilərdən ürkərək meşəyə tərəf qaçmışdı. Atəş
birdən kəsildi. Şuşa tamam boşalmış, tərk edilmişdi. O da atılmışdı. Doğma həyətə
girəndə bunu anladı. Həmişə hay-küylü olan evdən səs-səmir gəlmirdi. Saatlarca
həyətdə vurnuxdu, o tərəf-bu tərəfə qaçaraq sahibini axtardı, axtardı... tapmadı.
Qapqara gözlərindən iki damla yaş süzüldü. Ağlına sığışdıra bilmirdi ki, hər gün onu
tumarlayan əllər necə yox ola bilər, hər gün belində gəzdirdiyi kəslər onu necə unuda
bilər. Amma unudulmuşdu.
Həyətə bir dəstə qara geyimli adam doluşdu. Onların atəş açaraq insanları
öldürdüklərini görmüşdü. Ona görə də gizlənməyə yer axtardı. Lakin qara geyimlilər
onu gördülər, qulağına tanış olmayan dildə bir-birinə nəsə deyib güldülər. Dövrəyə
alaraq fit çala-çala onu tutmağa çalışdılar. Biri evdən yataq örtüyünü gətirdi, örtüyü
başına atdılar. Gözləri qaraldı, çırpınaraq xilas olmaq istəsə də, bacarmadı, onu
tutdular! Köməkləşib zorla yük maşınına qaldıranda dırnaqları ilə son dəfə yeri eşdi və
doğma torpağın bir parçasını dırnaqları arasında özü ilə apardı.
O gündən ayağı torpağa dəymədi, gözləri yaşıllıq görmədi. Sonra onu kiməsə satdılar.
Yeni sahibi də erməni idi, neçə illər İsveçrədə yaşasa da, Qarabağda türklərin arasında
böyüdüyündən atları çox sevirdi. Atı oxşayıb əzizlədi, qarşısına ot qoydu. Acından az
qala dizləri bükülən At ağzını dərhal ota uzadıb tez 

 geri çəkdi, ağzına aldığı otu
yerə tökdü. Erməni bir neçə yerdən cürbəcür ot gətirdi, At heç birini yemədi. Ermənini
fikir götürdü, belə getsə, At acından ölə bilərdi. Axı onu bura gətirmək üçün bir ətək
pul tökmüşdü ki, ayın sonu keçiriləcək cıdır yarışında iştirak etsin. Amma nə qədər
çalışsa da, At onun üzünə 
belə
 baxmır, heç nəyə ağzını vurmadan hey ətrafa
boylanaraq nəyisə, kimisə axtarırdı. Erməni yenə xeyli pul tökərək Qarabağdan ot və
su gətirməyə məcbur oldu. Otun iyini alan At dəli kimi kişnədi, əvvəlcə otu yaladı,
1.  Haqqında danışılan obraz barədə nə deyə bilərsiniz?


yaladı, sonra acgözlüklə qırpmağa başladı. Suyu da bol-bol içəndən sonra dizlərini
bükərək başını otun üstünə qoydu, qoxusunu içinə çəkməyə başladı.


Acından arıqlamış at bir neçə günün içində özünə gəldi və atılıb-düşməyə, vurnuxmağa
başladı. Atın genişlik istədiyini anlayan erməni onu gəzintiyə çıxardı, bir neçə dəfə
minib doyunca çapdı. At artıq yeni sahibinə öyrəşmişdi, çünki erməni ona istədiyi otu,
suyu gətirmişdi. Bundan başqa, o, Atın dilini tapmışdı, onunla azərbaycanca danışırdı.
Nəhayət, yarış günü gəlib çatdı. İsveçrənin ən gözəl mənzərəli yerlərinin birində –
dağların ətəyindəki yaşıl düzənlikdə minlərlə insan toplaşmışdı. Aparıcı ilk sırada yarışa
çıxacaq atların adını elan etdi. “Qarabağ gözəli” də onların arasında idi. Atı həmin
erməni – Armen Papazyan sürəcəkdi. İşarə verilən kimi At ildırım sürəti ilə irəli atıldı.
“Qarabağ gözəli” rəqiblərini bir-bir arxada qoyaraq irəli keçəndə Armen sevindiyindən
öz dilində bağırdı. Beyni gicəlləndirən hay-küy içində Atın qulağı belində daşıdığı
adamın yad dildə dediyi sözləri aldı, sürəti yavaşıdı. Atın gözləri artıq ayaqları altındakı
torpağın yadlığını hiss edirdi. Özündən ixtiyarsız başını qaldırdı və gözləri qarşıda
açılan nəhəng düzəngaha, onun sonunda görünən dağlara sataşdı. Elə bildi ki,
qarşısındakı Cıdır düzüdür, bütün qüvvəsi ilə irəli atıldı.
Finişə çatmağa bir neçə addım qalmış Armen öz dilində “Qələbə!” deyə bağırdı. Bu
bağırtı Atı diksindirdi. O, iki ayaqları üstə şahə qalxaraq dəli bir kişnərti çəkdi. Armen
qamçı ilə atı sakitləşdirməyə çalışdı, lakin o, yenə ayaqlarını qaldırdı, bir də şahə
qalxdı və qəzəblə ayaqlarını yerə çırpanda sanki torpaq titrədi. At üçüncü dəfə şahə
qalxaraq dəli bir kişnərti ilə ermənini belindən atdı və finiş xəttini təkbaşına keçərək öz
cıdırına sarı üz tutdu.
Arxadan fit çalır, onu qovurdular, lakin heç kölgəsinə də çata bilmirdilər. Qarabağ atını
həsrət çulğamışdı, baş götürüb onu böyüdən, yetişdirən yurduna doğru qaçırdı. Lakin
nə qədər qaçırdısa, doğma torpağın qoxusu dəymirdi burnuna. Bu yerlər nə qədər
gözəl olsa da, nə qədər Qarabağ çöllərini xatırlatsa da, yad idi, yadların idi. O isə öz
yurdunu, öz torpağını axtarırdı, ona görə də dəli kimi ürəyi atlana-atlana qaçır, qaçır,
qaçırdı... Nəhayət, ürəyi dözmədi, ağzı köpükləndi. Atın dizləri büküldü, yerə gəldi. Bir
neçə dəfə qüvvəsini toplayıb qalxdı, hətta iki-üç addım irəli getdi də. Amma artıq
yaşıllıq qurtarmışdı, qarşıda gözqamaşdırıcı işıqlara bürünmüş yad bir şəhər görünürdü.
Atın gözləri qaraldı, dizləri yerə toxundu, yorulmuş, üzülmüş vücudunu daşımağa
taqəti çatmadı, torpağa sərildi.
2.  Atın Vətən həsrəti çəkdiyini göstərən məqamları şərh edin.
3.  Sizcə, Atı qəzəbləndirən nə idi?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə