Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə26/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   46

EYNŞTEYN 
DƏRSLƏRİNDƏN 
«2» ALIRDI?
Deyirlər, Albert Eynşteynin iştirak etdiyi məclislərdən birində bir nəfər ona yanaşaraq
yaxından tanış olmaq istədiyini bildirir. Bu məqsədlə həmin adam dünya şöhrətli alimə
öz telefon nömrəsini deyir:
– 36361144. Yaddaqalan nömrədir, elə deyilmi? İki dənə 36, iki dənə 1, iki də nə 4.
– Bəli, yaddaqalandır.
– Xahiş edirəm, təkrar edin.
– 6-nın kvadratı, 19-un kvadratı, 12-nin kvadratı.
Gülməli olsa da, bu lətifə böyük alimin intellektual özünəməxsusluğundan, orijinal
təfəkkür tərzindən xəbər verir.
* * *
XX əsrin ən böyük alimlərindən sayılan Albert Eynşteyn 1879-cu ildə Almaniyanın Ulm
şəhərində yəhudi ailəsində anadan olmuşdur. İlkin təhsilini yerli katolik məktəbində
alan Albert altı yaşından skripkada çalır, təbiət elmləri ilə maraqlanırdı.
Belə bir geniş yayılmış fikir var ki, Eynşteyn orta məktəbdə pis oxuyurmuş.
Doğrudanmı, dahi fizik, Nobel mükafatı laureatı Albert Eynşteyn uşaqlıqda orta məktəb
proqramını da mənimsəyə bilmirmiş?


Eynşteynin 1896-cı ildə aldığı orta məktəb attestatından görünür ki, 17 yaşlı Albertin
cəbr, həndəsə, fizika, tarix fənləri üzrə bilikləri altıballıq sistemlə ən yüksək qiymətə
layiq görülüb. Gələcək dahinin cəmi bir “3”ü olub: fransız dilindən. Bununla belə,
Eynşteyn 20 il sonra dünyanın məşhur universitetlərində müxtəlif dillərdə, o cümlədən
fransız dilində mühazirələr oxuyurdu.
Bəs elə isə Eynşteynin zəif şagird olması haqqında əfsanə necə yaranıb?
Gənc Albert gimnaziyada təhsil alarkən müəllimlərlə münasibətləri həmişə gərgin olub.
Azad düşüncəli şagirdin avtoritar müəllimlərdən, hərbi qaydaları xatırladan davranış
normalarından heç vaxt xoşu gəlməyib. Müəllimləri də Albertə eyni “məhəbbətlə”
yanaşıblar. Bir dəfə hətta müəllimlərindən biri Eynşteynin üzünə demişdi ki, “sənin
burda olmağın bütün məktəbin nüfuzuna xələl gətirir”.


Eynşteyn gimnaziyadakı əzbərçilik sisteminə qarşı çıxırdı: “Ən ağır cəzaya da dözməyə
hazıram, təki məni bu cəfəngiyatı əzbərləməyə məcbur etməsinlər”. Amma o, sərbəst
şəkildə öz üzərində çalışır, çox mütaliə edir, uşaqlıqdan böyük alim və filosofların
əsərlərini oxuyurdu.
Beləliklə, Eynşteyn pis oxuyan yox, mühafizəkar müəllimlərinin nəzərində “pis”, daim
itaətsizlik göstərən şagird olub. Onun attestatında bəzi fənlər üzrə qiymətlərin aşağı
olması da, çox güman ki, bəzi müəllimlərin ona şəxsi münasibəti ilə bağlı olub. Belə
nəticə çıxarmaq olar ki, Albertin biliyini yoxlayan bəzi müəllimlər gələcək dahinin
məntiqi təfəkkürünün dərinliyini və orijinallığını duya bilməmişlər.
* * *
Eynşteyni yaxından tanıyan müasirləri onun çox xeyirxah, istiqanlı adam olduğunu
yazırdılar. Bu dahi haqqında lətifələrin çox olması, bəlkə də, onun özünün dərin yumor
hissinə malik olmasından irəli gəlirdi.
O yalnız elmə qapılıb bütün gününü yazı masası arxasında keçirən alimlərdən deyildi.
Eynşteyn musiqini, ədəbiyyatı, bədii filmləri çox sevir, skripkada gözəl çalır, bağçılıq,
filateliya ilə məşğul olurdu.
Elmi dairələrdə böyük nüfuza malik olmasına baxmayaraq, Eynşteyn təkəbbürdən uzaq
adam idi. Həmişə deyirdi ki, o da səhv edə bilər və əgər, doğrudan da, səhv edirdisə,
bunu hamının qarşısında etiraf edirdi.
Ədalətsizlik həmişə Eynşteyndə hiddət doğururdu. Təbiəti etibarilə humanist, pasifist
olan Eynşteynin ən çox nifrət etdiyi söz “zorakılıq” idi. 
Ona görə də
 Almaniyada faşist
partiyası hakimiyyətə gələndə böyük alim doğma ölkəsini tərk etməli oldu.
Eynşteyn həm də çox xeyirxah insan olmuşdur. Onun şəxsi həkimi yazırdı 
ki
 alim
rəssamlara şəklini çəkməyə razılıq vermirdi, 
çünki
 onların qarşısında saatlarla
oturmağa vaxt sərf etmək istəmirdi. Lakin bir dəfə gənc bir rəssam ona bu haqda
müraciət edib utana-utana demişdi:
– Mənim maddi sıxıntılarım var. Sizin portretiniz hesabına ehtiyacdan qurtara, maddi
vəziyyətimi düzəldə bilərəm.
Onda Eynşteyn heç kimin tanımadığı bu rəssamı kabinetinə dəvət etmiş 

 ona bir
neçə saat vaxt ayırmışdı.
Ömrünün sonuna yaxın Eynşteyn öz dəyərlər sistemini belə ifadə etmişdi: “Mənim
yolumu işıqlandıran, mənə cəsarət və iradə verən ideallar xeyirxahlıq, gözəllik və
həqiqət olmuşdur”.


Söz ehtiyatı
1.  Lüğətdən istifadə edərək “katolik”, “filateliya”, “pasifist”, “avtoritar”,
“mühafizəkar” sözlərini izah edin.
Düşün və cavab ver
2.  Sillogizmi tamamlayın.
I mühakimə: Qay Yuli Sezar “Qall müharibəsi haqqında” əsərini latın dilində
yazmışdı.
II mühakimə: Albert Eynşteyn Sezarın “Qall müharibəsi haq qın da” əsərini
orijinaldan oxuya bilirdi.
Nəticə: ...
3.  Mətnin motivasiya və giriş hissələrini müəyyənləşdirin.
4.  Aşağıdakı lətifələri mətnin hansı hissələrinə əlavə edərdiniz?
Eynşteyndən xahiş edirlər ki, iki kəlmə ilə nisbilik nəzəriyyəsini başa salsın. O
deyir:
– Bu, çox sadədir. Baxın: başınızda cəmi iki tük varsa, bu, çox azdır, elə deyilmi?
– Tamamilə doğrudur.
– Lakin boşqabdakı şorbada iki tük görsəniz, “Aman Allah! Burada nə çox tük var”
deyəcəksiniz. Düzdür?
– Elədir, deyəcəyəm.
– Vəssalam. Nisbilik nəzəriyyəsi də elə budur.
Eynşteynin Çarli Çaplinin çəkildiyi filmlərdən çox xoşu gəlirdi. Bir dəfə o, Çaplinə
teleqram göndərir: “Siz dahi aktyorsunuz, çünki sizin yaratdığınız obrazları bütün
dünya xalqları başa düşür. Eynşteyn”.
Çarli Çaplin cavabında yazır: “Mən də sizə pərəstiş edirəm. Sizin nisbilik
nəzəriyyənizi heç kim başa düşmür. Bununla belə, siz də dahi adamsınız. Çaplin”.
Dil qaydaları
5.  Göy rənglə verilmiş hansı bağlayıcıdan sonra vergül qoyulmalıdır?
6.  Durğu işarələrini yerli-yerində işlətməklə uyğun gələn yerlərə bağlayıcılar artırıb
yazın.
da, ona görə də, amma, çünki, həm, həm də
1.  Cavahirin qiyməti var sözün qiyməti yoxdur.
2.  Cavanlıq gözəllikdir onu boyamaq artıqdır.
3.  Dəliyə daş atma başına daş yağdırar.
4.  Evində yatır Həzrət Süleymanı yuxuda görür.
5.  Varlının pulu var kasıbın Allahı.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə