“Azərbaycan, mənim taxtım – tacım, oy!”



Yüklə 138,85 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü138,85 Kb.
#51122


 

                  



         

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

   



 

 

 

 

 

 



 

 

“Azərbaycan, mənim taxtım – tacım, oy!” 

 

 

 

        Almas İldırımın anadan olmasının 110 illiyi münasibəti ilə 

        mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, 

         kənd kitabxana filialları üçün hazırlanmış  metodik vəsait 

 

 

                                             Bakı-2017 

            




 

Tərtibçi:                                           Zahirə Dadaşova 

 

İxtisas  redaktoru və                       Şəhla Qəmbərova 

buraxılışa məsul:                            Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

 



“Azərbaycan, mənim taxtım – tacım, oy!” metodik vəsait / 

tərt.ed.Z.Dadaşova; ix. red. və burax. məsul Ş.Qəmbərova; 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2017.-

23s.  


                                                                                                                                

  

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017 

     

 


 

                                     Ön söz 



 

      Almas  İldırımın  yaradıcılığı  Azərbaycan  mühacirət 

poeziyasının  bənzərsiz  səhifələrindən  birini  təşkil  edir.  Şairin 

milli azadlıq və müstəqillik uğrunda mübarizəyə həsr olunmuş 

əsərlərində  xalqımızın  ağrılı  tarixi  taleyi,  vətən  məhəbbəti  və 

qəriblik mövzusu dolğun bədii əksini tapmışdır.  

     Kitabxanaçılara  təqdim  etdiyimiz  metodik  vəsaitdə    əsas 

məqsədimiz 

Azərbaycan 

ədəbiyyatının 

inkişafında 

özünəməxsus  xidmətləri  olan  Almas  İldırımın  yaradıcılığı  ilə 

onları  daha  da  dərindən  tanış  etməkdir.  2017-ci  ildə  Almas 

İldırımın 110 illik yubileyidir. Bu münasibətlə il ərzində bütün 

mədəniyyət  ocaqlarında  silsilə  tədbirlər  keçirilməsi  nəzərdə 

tutulmuşdur. 

Yaxşı  olar  ki,  hər  bir  kitabxanaçı  vəsaitdə  verilmiş 

müxtəlif tədbir formalarından istifadə etməklə  ömrünün sonuna 

qədər vətən həsrətli ilə yaşayan nakam şairimiz Almas İldırımı 

öz oxucularına tanıtsın. 

Metodik vəsait iki bölmədən ibarətdir:  

I  Böımə:  “Qara  taleyin  dastanı”(A.İldırımın  həyat  və 

yaradıcılığı haqqında məlumat) 

II  Bölmə:  “A.İldırım-  110”  kitabxanada  keçiriləcək  yubiley 

tədbirləri 

II  bölmədə  verilmiş  tədbir  formaları  yeniyetmə  və  gənclərin 

vətənpərvərlik  ruhunda  yetişdirilməsində    xüsusi  əhəmiyyət 

kəsb edəcəkdir.  

         Metodik vəsaitdən uşaq, məktəb, gimnaziya, lisey, kollec, 

kütləvi və s. kitabxanaların kitabxanaçıları istifadə edə bilər. 

 

 

 



 


 

                           I Böımə: 



“Qara taleyin dastanı”

 

 



                                     Könlümə tək kəbə yapdım səni bən, 

                                    Sənsiz nedəm qürbət eldə günü bən. 

                                   Sənsiz nedəm Allahı mən, dini bən, 

                                     Azərbaycan, bənim tacım, taxtım oy! 

                               Oyanmazmı kor olası baxtım oy! 

 

Ötən  yüzilliyin  otuzuncu  illərində  yazılmışdı  bu  şeir. 



1920-ci  ildə  Rusiyanın  Azərbaycanı  qanlı  caynağına  alıb 

yenidən  işğal  etdiyi,  milli  dövlətimizi  yıxıb  köləlik 

boyunduruğunu  yenidən  boynumuza  taxdığı  bir  vaxtda.  Onda 

bu boyunduruğu boyunbağı kimi görüb sığallayanlar da varıydı, 

köləlik  zənciri  olduğunu  duyub  qırmağa,  onu  boynundan 

çıxarmağa  can  atanlar  da.  Birinciləri  öpüb  göz  üstünə 

qoyurdular,  ikinciləri  gözümçıxdıya  salırdılar.  Yuxarıdakı 

sətirləri  yazan  Almas  İldırımın  adı  ikincilərin  sırasındaydı, 

sözsüz  ki,  onu  öpüb  göz  üstünə  qoymazdılar,  qoymadılar  da! 

        1988-ci  ilə  qədər  onun  adını  Azərbaycanda  çox  az  adam 

eşitmiş,  şeirlərini  çox  az  adam  oxumuşdu,  çünki  sovet 

ideoloqları  milli  düşüncəyə,  milli  şüura  qənim  kəsilmişdilər. 

Kölə  psixologiyasını  xalqın  iliyinə,  qanına  hopdurmaq  üçün 

milli  nə  vardısa,  hamısının  ölümünə  fərman  verilmişdi.  Milli 

oyanışın, özünüdərkin qarşısını almaq üçün hər şeyə əl atırdılar. 

Bu  işdə  pantürkçü  damğası  imperiya  ideoloqlarının  ən  güclü 

silahıydı. "Mən türkəm" deyənin dilini kəsir, səsini batırırdılar. 

        "Azərbaycanı  könlümə  tək  kəbə  yapıb",  "Azərbaycan, 

mənim  tacım,  taxtım  oy!  Oyanmazmı  kor  olası  baxtım  oy!" 

deyən  Almas  İldırım  təpədən  dırnağa  azadlıq  eşqilə 

yoğrulmuşdu.  Köləliklə  barışa  bilmirdi.  O,  bir  bulud  kimi 

dolmuşdu, ildırım kimi çaxmalıydı. İldırımı ram eləmək olmur. 

Almas İldırımı da ram eləyə bilmədilər. Əqidəsindən dönmədi, 



 

yolundan  sapmadı,  fikrindən  daşınmadı,  sözünü  dəyişmədi, 



Azərbaycanın boynuna taxılmış köləlik zəncirilə barışmadığını 

gizlətmədi. İçi od püskürdü, qələmi alov saçdı.  

1930-cu ildə "Dağlar səslənirkən" adlı şeirlər kitabı işıq 

üzü gördü. Heç onun sevincini yaşamağa da qoymadılar. 2 mart 

1931-ci  il  tarixli  "Kommunist"  qəzetində  B.Zəngili  təxəllüslü 

(Hüseyn Bünyadov) birisi qılıncını çəkib düşdü kitabın üstünə. 

Bu  həmin  Zəngiliydi  ki,  ömrü  boyu  cəmi  5-6  yazı  yazmışdı. 

Əslində  onları  yazı  yox,  37-ci  il  repressiyalarına  hazırlıq 

mərhələsində  məhkəməyəqədərki  ittiham  adlandırmaq  daha 

doğru olar. Biri Səməd Vurğuna, biri Mikayıl Müşfiqə, biridə 

Almas İldırıma oxunmuşdu bu ittihamnamələrin. Hamısının  da 

altında  "B.Zəngili"  imzası.  Bu   Zəngilinin   məqalələrini   ona 

görə  ittihamnamələr  adlandırırıq  ki,  onlar  37-ci  il 

repressiyasının   qurbanları   haqqındakı   ittihamnamələrlə   eyni 

üslubda, 

kəskinlikdəvə 

ovqatda 

yazılmışdı. 

        M.Müşfiqin  ittihamnaməsindən  götürülmüş  aşağıdakı 

cümləyə  fikir  verək:  "İstintaq    müəyyənləşdirdi    ki,    1926-cı 

ildən    1930-cu    ilə    qədər    Almas    İldırımzadə    və    Nəsir 

Quluzadə  tərəfindən  İsmayılzadə  Mikayıl  Müşfiq  Qədir  oğlu 

əksinqilabi 

müsavatçı 

ruhunda 

hazırlanmışdır". 

          Görəsən,  Almas  İldırımla  Mikayıl  Müşfiqin  bir-birinə 

bağlanması  təsadüf  idimi,  yoxsa  B.Zəngilinin  hər  iki  şair 

haqqındakı  məqalələri  onları  bir-birinə  bağlamağa  əsas 

vermişdir.  Axı  həmin  "İnqilab  və  mədəniyyət"  (indiki 

"Azərbaycan") dərgisinin 1931-ci il 3-4-cü sayında çap etdirdiyi 

"Şairin  andı"  məqaləsində  Səməd  Vurğunu  bəy  nəslindən 

olmaqda  günahlandırır,  "Hücum"  dərgisinin  1931-ci  il  7-8-ci 

sayında  çap  etdirdiyi  "Küləklər"  məqaləsində  M.Müşfiqi  "öz 

vaxtının  sürətindən  geri  qalmış"  adlandırır,  "Kommunist" 

qəzetinin 1931-ci il 2 mart tarixli sayında çap etdirdiyi "Dağlar 

səslənirkən"  məqaləsində  Almas  İldırımın  əsərlərində 



 

"meşşanlıq  izi"  axtarırdı.  Bəlkə  də  ittiham  üçün  başqa  tutarlı 



əsas tapmadığından bu cür böhtana əl atmışdır. Əslində Almas 

İldırım  gözəllərin simasında da vətəni  görür, sevgi  şeirlərində 

də  Vətəni  önə  çəkir,  onun  taleyini  yazırdı.  Onun  dərdi,  qəmi 

qadınlar,  qızlar  yox,  vətəndir,  xalqdır.  Təzəcə  qol-qanadı 

sındırılıb  qəfəsə  salınmış  vətən!  Təzəcə  boynuna  boyunduruq 

taxılmış  xalq!  "O  gözələ"  adlı  şeiri  oxuyanda  biz  bunu  aydın 

görürük.  Şeir  "O  gözələ"  adlansa  da,  burada  sevginin, 

məhəbbətin ünvanı qız yox, vətəndir. Şair "O gözələ" üz tutub 

yenə  yurdunun,  vətəninin  dərdindən,  qəmindən  danışır, 

azadlığını, dövlətçiliyini itirdiyindən ürək ağrısıyla söhbət açır: 

 

Kəbəm oldun, mehrabına diz qoydum, 



Xızrım oldun, dərgahına göz qoydum. 

Qərib düşdüm, torpağına üz qoydum, 

Bir sormadın, nədir dərdim, gözəlim? 

Hara getsəm arxamda bir ahım var, 

Yazıb baş qoymağa bir dərgahım var. 

Əlbət ki, mənim də bir Allahım var, 

Gün gəlir, hürr olur yurdum, gözəlim. 

 

 Sonuncu misradan şairin  o  gözələ niyə üz tutduğu, nə demək 



istədiyi  bəlli  olur.  Bəlli  olur  ki,  şair  çox  uzaqgörənliklə  üz 

tutduğu  gözələ  yurdunun  bir  gün  öz  azadlığına  qovuşacağını,  

köləlik zəncirini qırıb atacağını deyir. Şair həmin günü görməsə 

də,  biz  gördük.  Bu,  onun  uzaqgörənliyiydi  ki,  bəhrəsi  bizim 

qismətimizə  düşdü.  Almas  İldırım  yaxşı  bilirdi  ki,  bu  cür 

işgəncələrlə,  sürgünlərlə  onu  sındırmağa,  əyməyə  çalışırlar. 

Ancaq  o  nə  sınır,  nə  əyilir,  nə  də  əqidəsindən,  məsləkindən 

dönürdü. Dağıstanda sürgündə olduğu vaxtda da qələmi ehtiyat 

bilmədən  yazıb-yaradırdı.  Şairi  Dağıstanda  da  sakit  buraxmır, 

izləyir,  nə  yazdığına,  necə  yazdığına  göz  qoyurdular.  1931-ci 




 

ildə  24  yaşında  Dağıstandan  Türküstana  sürgün  edilərkən 



"Əlvida,  Bakı"  adlı  şeirində  vətənə  "can"  dediyinə  görə 

vətəndən qovulduğunu, ancaq vətənin "bu qurbana" acımadığını 

yana-yana, ürək ağrısıyla belə ifadə etmişdir: 

 

Günahım "can" dedim, sana, qovuldum, 



Acımadın bu qurbana, əlvida. 

 

        Təkcə  bu  iki  misranın  üstündə  nə  qədər  düşünmək,  nə 



qədər  söz  demək  olar.  Almas  İldırım  bu  şeirdə  vətəndən  niyə 

qovulduğunu  açıb  göstərir.  Biz  onun  "öz  günahını"  yaxşı 

anladığını  bütün  şeirlərində  hiss  edirik.  "A  dağlar"  şeiri  də 

başdan-ayağa şairin "günahları"yla yoğrulmuşdur: 

 

                  Of Bakı... bu ayrılıq mənə ölümdən ağır, 



                  Aləmə bahar gəldi, sənə yağmur, qar yağır. 

                  Gündüzlərin dumanlı, gecələr dilsiz, sağır, 

                  Bu boğulan səsimi varmı duyan, a dağlar? 

 

        Bu şeirdəki dağlar vətəniydi. Şair "dağlar" deyəndə vətəni 



nəzərdə tuturdu. "Aləmə bahar gəldi, sənə  yağmur, qar  yağır" 

misrasında  açıq-aydın  Azərbaycanın  işğalına  işarə  vururdu. 

        B.Zəngilinin məqalələrindən sonra Mikayıl Müşfiq 37-ci il 

repressiyalarını  gözlədi,  Səməd  Vurğun  təsadüf  nəticəsində 

ölümün  gözündən  yayındı,  Almas  İldırım  isə  heç  o  günü 

gözləmədi.  Türküstandan  xəlvətcə  İrana,  oradan  da  son  ümid 

yeri  olan  Türkiyəyə  qaçdı.  Həmin  vaxt  onun  vətən  həsrətinin 

ağrı-acılarını ancaq Türkiyə ovuda bilərdi. Ancaq orada az da 

olsa  təskinlik  tapa  bilərdi.  Belə  də  oldu.  Türkiyə  onu  doğma 

balası  kimi  qucağına  aldı,  boyunu  oxşadı,  qayğısını  çəkdi. 

        Almas  İldırım  Azərbaycanı  o  qədər  ürəkdən  sevirdi  ki, 

buradan  ayrılarkən  iki  yolu  varıydı:  ya  ürəyini  Azərbaycanda 




 

qoyub  getməliydi,  ya  da  Azərbaycanı  ürəyində  aparmalıydı. 



Birinci  halda  həm  ürəksiz,  həm  Azərbaycansız  yaşamaq 

olmazdı. Ona görə də ikinci yolu seçdi. Azərbaycanı ürəyində 

apardı. 

        Almas  İldırım  haqqında  ilk  kitab  yazan  ədəbiyyatşünas 

alim,  akademik  Bəkir  Nəbiyev  apardığı  araşdırmalar 

nəticəsində  öyrənib  ki,  həqiqətən  Almas  İldırımın  həyatı  çox 

ağır və məşəqqətli keçib. Dağıstandan sonra onu Türkmənistana 

sürgün ediblər. Ömrü-günü qəriblikdə keçib. Müxtəlif ölkələri 

dolaşıb.  Amma  öz  doğma  yurduna  dönə  bilməyib.  Dəhşətlisi 

odur  ki,  şairi  heç  harda  rahat  buraxmırdılar.  O  dövrün 

mətbuatında Almas İldırımın ünvanına nələr yazmırdılar. Onu 

gah  "sinfi  düşmən  şairi",  gah  da  "burjua  tör-töküntüsü" 

adlandırırdılar.  Bütövlükdə  onun  bütün  fəaliyyəti  nəzarətə 

alınmışdı.  Doğrudur,  Almas  İldırım  ona  qarşı  olan  hücumlara 

mətbuatda cavab verirdi. Amma onun harayı eşidilmirdi. Uzun 

müddətdən  sonra  şairin  son  pənah  yeri  Türkiyə  oldu.  Şair  bu 

seçimində  yanılmamışdı.  Burada  onun  həyat  tərzi  tədricən 

sahmana düşdü. Almas İldırımın çətin günlərinin dayağı ömür-

gün  dostu  Zivər  xanım  olub.  O  qürbət  ellərdə  üzləşdikləri 

çətinlikləri  birlikdə  dəf  etməyə  çalışıblar.  Cəmi  45  il  ömür 

sürmüş  Almas  İldırım  ömrünün  17  ilini  Şərqi  Anadolunun 

əyalət  şəhərlərində  yaşadı.  Müxtəlif  idarələrdə  kargüzarlıqla 

məşğul oldu. Hətta bir müddət müəllimlik də etdi. Ömrü boyu 

"Azərbaycan, mənim baxtsiz anam oy!" deyərək həsrətlə vətəni 

harayladı.  1952-ci  ildə  vəfat  edən  Almas  İldırımdan  üç  övlad 

yadigar qalmışdır. 

 

 

 



 

 



 

II Bölmə: “ A.İldırım- 110” kitabxanada keçiriləcək yubiley  



tədbirləri 

 

Bütün  kitabxanalarda  ilk  növbədə  “Nakam  taleli  şair”, 

“Vətənpərvər  ürəyin  işığında”,  “Vətən  nisgilli  şair”,  “Almas 

İldırım - 110”, “Mən sənə yad deyil, doğma oğuldum...” və s. 

kimi  başlıqlı  kitab  sərgiləri  tərtib  olunmalıdır.  Haqqında  

kitablar  çox  az  olduğundan  sərgidə  dövri  mətbuatda  dərc 

olunmuş qəzet və jurnal məqalələrinin foto-surətindən istifadə 

etmək olar. Həmçinin sərginin daha dolğun görünməsi və bədii 

tərtibat  cəhətdən  diqqəti  cəlb  etməsi  məqsədilə  onun 

şeirlərindən parçaları sitat vermək olar. Məsələn: 

“Mən anlamaq istəməm nə məzhəb, nə yol, nə din,  

  Mənim yalnız ümidim Türk qəlbi, iradəsi,  

  Mənim yalnız tutduğum millətimin haqq səsi.” 

 

“Gizli yol kəsmədim, qaçaq olmadım,  



  Sakit bir həyatı pozmadım mən ki!..  

  Heç kimə qanlı bir bıçaq olmadım,  

  Heç bir qətlə fərman yazmadım mən ki!..”  

 

“Mənim imanım bir, eşqim, özüm bir,  



  Bir çeşmədən axdım, qaynar gözüm bir,  

  Türk oğlu türkəm mən, mərdəm, sözüm bir,  

  Yol ver, yol ver öz yurduma gedəm mən.”  

 

“Buraxın, parçalansın zülmün haqsız yapısı,  



  Silinsin yer üzündən kommunizmin kabusu,  

  Millətlərə açılsın öz yurdunun qapısı,  

  İnsanlara hürriyyət! Bu dilək, şan mənimdir!!!” 

 



10 

 

Kitabxanalarda    orta  yaş  qrup  oxucularla  Maarif 



Teymurun  tərtibatı,  Yusif  Günaydının  redaktorluğu  ilə  çap 

olunmuş  “Qara  dastan”  kitabının  icmalını,  şerləri  və 

poemalarından parçalarla şer müsabiqəsi keçirmək olar.  

Böyük yaş qrup oxucularla inşa  müsabiqəsi də keçirilə 

bilər.  Bu  məqsədlə  kitabxananın  girəcəyində  keçiriləcək 

müsabiqənin  elanı  asılır.  Orada  tədbirin  keçirilməsi  ilə  bağlı 

bütün  şərtlər  göstərilir.  Müsabiqədə  iştirak  edən  oxucular  bir 

daha  repressiya  qurbanı  olmuş  söz-sənət  ustalarının 

yaradıcılığını  dərindən  öyrənməklə  öz  inşa  yazıları  ilə  nakam 

soydaşımıza öz fikirlərini bildirmiş olurlar.  

Müsabiqədə  fərqlənənlər  mükafatlandırılmaqla  yanaşı 

tədbirlə    bağlı    məlumatlar    uşaq  qəzetlərində,  radio 

verilişlərində 

verilsə 


daha 

yaxşı 


olar.  

Böyük  yaşlı  oxucularla    “İgidlərə  səsləniş”,  “Qara  dastan”  

kitabları üzrə icmal keçirmək olar. İcmalı belə başlamaq olar: 

“Mədəniyyətin,  incəsənətin  təəssübünü  çəkmək  xalqın 

şərəfini qorumaqdır. Dünya sənəti böhrana düşəndə antik dövrə 

qayıdır,  ondan  ilhamlanır.  O  dövrdə  isə  sənətkarlar  – 

dramaturqlar, aktyorlar, yazıçılar, şairlər cəmiyyətin ən yüksək 

təbəqəsi sayılır, onların yaradıcılığı üçün hər bir şərait yaradılır. 

Sənətkarları günəş, işıq, müdriklik allahı Appolon himayə edir.  

Görəsən,  bizim  dövrdə  necə?  Mədəniyyətinə,  incəsənətinə 

qayğı göstərməyən istər ölkə olsun, istərsə də şəxs nə qədər varlı 

olsa  da,  mənəviyyatca  yoxsul  deyilmi?  Onların  tikdikləri, 

yığdıqları qum üstündəki evə bənzər. Nə yaxşı ki, bizdə sənətə, 

sənətkara qiymət verən layiqli ölkə başçıları olub. 1997-ci ildə 

ulu  öndərimiz  H.Əliyev  öz  çıxışlarında  pepressiya  qurbanı 

olmuş  söz,  sənət,  elm  adamlarını  öyrənib  tədqiq  etməyi, 

yubileylərini  keçirməyi  tövsiyə  etdi.    Həmin  vaxt  xeyli  işlər 

görüldü,  oxucularımız  bu  nakam  soydaşımızın  zəngin  mənəvi 




11 

 

irsi  ilə  tanış  olmaq  imkanı  əldə  etdilər.  “Qara  dastan  ”  kitabı 



çapdan buraxıldı... 

Almas  İıldırım  1933-cü  ildə  Türkiyədə-Elazıqda  məskunlaşır. 

Çox səfalı təbiəti olan Elazığda kiçik bir göl də varmış-Gölcük 

adında. Ona bir şeir də həsr edir. 1935-ci ildə Atatürkə məktub 

yazır  ki,  bəs  mən  Azərbaycandan  gələn  bir  qaçqınam. 

Mümkünsə  vətənimin  Xəzər  dənizinə  oxşayan  Gölcük  məhz 

Xəzər  adlandırılsın.  Şairin  bu  xahişi  yerinə  yetirilir.  Beləcə, 

Bakının  Xəzəri  Elazığın  Xəzəriylə  adaş  olur.   Türkiyədə 

onun   “Ninnilər”  və  “Bayatılar”  kitabları  çapdan  çıxır.  O 

kitablardakı şeirləri sonralar “Qara dastan”da dərc olunur.  

Vətənsevər şair, türklüyə körpü salan mühacir şair kimi 

qalacaq.  Ruhlar  ölmür.  Onun  ruhu  hər  an  yurdunu  qarış-qarış 

gəzir. ”  

 

 Bədii gecələrin uşaq kitabxanalarında təşkili daha  maraqla 



oxucular tərəfindən qarşılanır. Bu məqsədlə də “Qaranlıqda 

işıqlar” adlı ədəbi-bədii  gecənin ssenarisini veririk: 

 

“Qaranlıqda işıqlar” 

(bədii kompozisiya

I aparıcı: 

Hər bir sənətkar üçün xalqın faciələrlə dolu keçmişinin 

tarixini  yaratmaq  mənəvi  borcudur.  Bu  tarixi  yaradan 

üçün ən böyük məktəb xalqın həyatı və taleyi, ən ümdə 

məqsəd isə unudulmuşları qaytarmaq, bərpa etməkdir.  

 

II aparıcı: 



            Azərbaycan mədəniyyət tarixinin elə səhifələri var ki, az 

qala 70 ilə yaxın bir müddətdə xalqdan gizlədilmiş, onun 

inkişafında  böyük  rol  oynamış  şəxsiyyətlərin  həyat  və 

yaradıcılıq taleyi çox az adama məlum olub. Ötən əsrin 




12 

 

90-cı  illərinə  qədər  mədəniyyət  tariximizin  belə  ağ 



səhifələrindən 

biri 


də 

Azərbaycan 

mühacirət 

poeziyasının  görkəmli  nümayəndələrindən  olan  Almas 

İldırımın adı ilə bağlı idi. Onun ömür yolunu və zəngin 

poetik irsini həyat və yaradıcılığı ilə bağlı sənədlərin və 

xatirələrin dili ilə demək bizim mənəvi borcumuzdur. 

I aparıcı:  

           Azərbaycan  poeziyasının  görkəmli  nümayəndələrindən 

biri  olan  Almas  İldırım  taleyin  amansız  gərdişinə  tuş 

olmuş ağır və əzablı həyat sürmüş bir vətən aşiqi, azadlıq 

carçısı  idi.  Ədəbiyyatımızın  şah  damarlarından  sayılan 

bu  nakam  taleli  söz  sahibinin  yazıb  yaratdıqlarından 

uzun  müddət  xəbərimiz  olmayıb.  Yaşıdları  -  onunla 

birlikdə  ədəbiyyata  gəlmiş  həmkarları  və  bəzi 

tədqiqatçılar istisna olmaqla, sovet hakimiyyəti illərində 

şeir, sənət həvəskarları, oxucular Almas İldırım adlı bir 

şairi tanımayıblar. Halbuki Süleyman Rüstəm, Məmməd 

Rahim, Osman Sarıvəlli, Səməd Vurğun... kimi şairlərlə 

eyni  dövrün  şəriki  olan  Almas  İldırım  poeziyamızın 

inkişafında özünəməxsus rol oynayıb. 

II aparıcı: 

            Onlara  ya  "xalq  düşməni",  ya  da  "millətçi"  damğası 

vuraraq  gedər-gəlməzə  göndərirdilər.  Bir  faktı 

xatırladaq ki, Almas İldırım Mikayıl Müşfiq, Rəsul Rza, 

Hüseyn Cavid, Seyid Hüseyn, Cəfər Cabbarlı, Abdulla 

Şaiq,  Tağı  Şahbazi,  Hacıkərim  Sanılı  kimi  qələm 

sahibləri  ilə  birlikdə  ədəbi  fəaliyyətlə  məşğul  olurdu. 

Almas  İldırım  yurduna  bağlı,  vətənini,  millətini  çox 

sevən  istedadlı  qələm  sahibi  idi.  Lakin  o  dövr 

cəmiyyətdə  gedən  münaqişələr  onun  da  taleyinə  çox 

əzablı  məqamlar  bəxş  etdi.  Ona  əvvəlcə,  "millətçi" 

damğası  vuraraq  Dağıstana  sürgün  etdilər.  Bununla 



13 

 

yanaşı  Almas  İldırımı  "xırda  burjua"  yazıçısı 



adlandıraraq 

Azərbaycan 

Proletar 

Yazıçılar 

Cəmiyyətindən xaric etdilər. O dövrdə millətinə qənim 

kəsilənlər kimlərinsə xoşuna gəlmək üçün söyləyirdilər. 

"Almas kimilərinin başları sovet çəkici ilə əzilməlidir". 

Bu    cür  mənəvi  terror  sonralar  qəfildən  Cəfər 

Cabbarlının    ürəyini    susdurdu,    Mikayıl    Müşfiqi, 

Hüseyn 


Cavidi... 

zindanlara 

saldırdı. 

 

I aparıcı: 



Almas  İldırım  ömrü  acı  taleli,  təqiblərlə  dolu, 

sürgünlərdə  və  qürbətdə  keçən  məşəqqətli  bir  yol  idi. 

Azərbaycan televiziyasının hazırladığı "Almas İldırım" 

adlı sənədli filmini şairin  taleyi və poeziyası  haqqında 

kədərli  bir  hekayət  adlandırmaq  olar.  Filmin  elmi 

məsləhətçisi  Maarif  Teymurun  araşdırmaları  əsasında 

bədii söz və onun müəllifi A.İldırımın ekran həyatı daha 

maraqlı  təsir  bağışlayır.  Şairin  yaşayıb-yaratdığı  dövr, 

ötən  əsrin  20-ci  illərinin  hadisələri  ekranda  ustalıqla 

canlandırılır,  poeziyasında  açıq  duyulan  vətən  həsrəti 

tamaşaçıya onun  yaradıcılığı vasitəsi ilə parlaq şəkildə 

təqdim olunur.  

 

( Ekranda proyektor vasitəsilə "Almas İldırım" adlı                                  

sənədli   filmdən bir parça nümayiş etdirilir.) 

II aparıcı: 

 

A.İldırım  yaradıcılığının və həyatının ekran dili ilə 



yeni, həm də zənnimizcə, çox uğurlu ifadəsi olan bu 

sənədli  film  şairə  yeni  baxışın  üzə  çıxmasıdır. 

Filmin  ssenari  müəllifi  Əhməd  Oğuz,  rejissoru 

Şahəddin  Eyvazovdur.  Rejissor  şairin  ekran 




14 

 

taleyinin  maraqlı  və  təsirli  çıxması  üçün  qocaman 



operator,  yüzlərlə  sənədli  filmin  müəllifi  Nəriman 

Şıxəliyevlə birlikdə kino texnikasının vasitələrindən 

bacarıqla  istifadə  edib,  onlar  A.İldırımın  insan  və 

şəxsiyyət  kimi  bitkin  obrazını  yaratmağa  nail 

olublar.    Alim    və    naşirlərimiz    tərəfindən    şairin  

həyat      və  yaradıcılığının    araşdırılıb    tədqiq  

edilməsi,    ekran    ustalarımız      tərəfindən  şairin 

ekrana  gətirilməsi  mühacir  şair  Almas  İldırımı 

xalqımıza qaytarır, onun mənəvi ömrünü uzadır. 

 

I aparıcı: 



               Cəmi 45 il ömür sürən Almas  İldırımın xoşbəxtliyi 

və  səadəti  çox  az  çəkib.  Əhməd  Cavad,  Hüseyn 

Cavid və Cəfər Cabbarlının əsərlərindən ilhamlanan 

Almas    İldırım  gənc  yaşlarından  şer  yazmağa 

başladı. 

Azərbaycan 

Xalq 

Cümhuriyyətinin 



yarandığı və süqut etdiyi vaxt şair yeniyetmə olsa da, 

o, bu yeniliyi duya bilir və onun süqutunun acısını 

bütün 

ömrü 


boyu 

dərindən 

yaşayır. 

Proletar  yazıçılar  cəmiyyətində  ona  qarşı  kəskin 

çıxışlar səslənir: " Yazarlar   arasında    müsavatçılara 

aşiq    və    Türkiyə    çavuşlarının    həqiqi        şagirdi 

bulunan    Almas      İldırımlar    yer       almış    olduğu 

meydana    çıxmaqdadır.  Bunlar   Əhməd   Cavad  

və 

Hüseyn 


Cavidlərin 

yolçusudurlar". 

Bundan  sonra  A.İldırım  Yazıçılar  Cəmiyyətindən 

xaric  edilir.  Dövlət  Siyasi  İdarəsi  tərəfindən  daima 

təqib  olunan  şair  doğma  Azərbaycandan  ayrı 

yaşamaq  məcburiyyətində  qalır.  "İçində  bir  sızı, 

gözündə  nəm"  olan  şair  vətəni,  eli,  obanı  tərk 



15 

 

etdikdən sonra da onun mübarizəsi Vətən uğrunda, 



istiqlal uğrunda olur. 

II aparıcı: 

Harada  olursa  -  olsun  -  Azərbaycanda, 

Dağıstanda, Türkmənistanda,  İranda,  Türkiyədə 

-  təqiblər,  məhrumiyyətlər  onun  yaradıcılıq 

əzmini  zəiflədə  bilmədi.  Uşaqlığı    Xəzər 

sahilində  keçdiyi  üçün  Xəzər  coşğunluğu, 

sonralar  isə  ömrünün  yarısından  çoxunu 

sürgündə, qürbətdə yaşadığı üçün Xəzər həsrəti, 

Xəzər nisgili hiss olunurdu şerlərində. 



(Səhnəyə  oxucular  gəlir.  Musiqi  sədaları  altında  şeirlər 

səslənir) 

I oxucu: 

 

Harda məni gül qoynunda doğuran,  



Xamırımı göz yaşıyla yoğuran, 

Beşiyimdə "layla balam!" çağıran 

Azərbaycan, mənim baxtsız anam oy!... 

Neçə ildir həsrətində yannam oy!.. 

Salam desəm, rüzgar alıb götürsə, 

Ağrı dağdan Alagözə ötürsə, 

Gur səsimi göy Xəzərə yetirsə, 

Xəzər coşub zəncirini qırsa oy!.. 

Hökm etsə, bu sərsəm gediş dursa oy!.. 

II oxucu: 

Xəbər alsam Muğanımdan, Milimdən, 

Nazlı Bakım, o neft qoxan gülümdən, 

Kim demiş ki, düşmüş adı dilimdən?! 

Azərbaycan, mənim eşsiz yurdum oy!... 

Ölməz eşqim, içimdəki dərdim oy!.. 

Könlümə tək Kəbə yapdım səni mən, 




16 

 

Sənsiz neylim qürbət eldə günü mən, 



Sənsiz neylim Allahı mən, dini mən, 

Azərbaycan, mənim tacım, taxtım oy!... 

Oyanmazmı kor olası baxtım oy?! 

I aparıcı: 

 

 Dəhşətli  dərd-bəla  çəkdiyi  zaman,  hər  yerdən  əli 



üzüləndə dağa pənah  apardı, üzünü dağa tutub dərdini 

söylədi.  

 

III oxucu: 



 

Əzəldən can deyərək bu sevdalı ölkəyə, 

Hər qadasın aldığım sənə əyan, a dağlar. 

Oxşarkən hər dərdini söz verdim ölüm deyə

Onunçün bu çəkdiyim dərd bipayan, a dağlar... 

Doğma yurdu tərk edib atıldım diyar-diyar, 

Görmədim şikəstə qəlb oxşayacaq bir bahar. 

Döndü hər düşmən oldu dost denilən hər nə var, 

Sən gəl öz dostluğunda möhkəm dayan, a dağlar. 

IV oxucu: 

Of Bakı... bu ayrılıq mənə ölümdən ağır, 

Aləmə bahar gəldi, sənə yağmur, qar yağır. 

Gündüzlərin dumanlı, gecələr dilsiz, sağır; 

Bu boğulan səsimi varmı duyan, a dağlar? 

Hicrinə tab edərsəm, dağları dələcəyəm, 

Bir qanlı Sezar kimi mən yenə gələcəyəm

Bir gün İldəgiz kimi hayqıra biləcəyəm, 

Artıq oyan, a dağlar, artıq oyan, a dağlar!.. 

 

 

 




17 

 

Bir gün gələr qoşaraq yurdumun harayına, 



Mən atəş açacağam düşmənin sarayına; 

Nə düşər yurdu batmış bir igidin payına? 

Ya şərəfli istiqlal, ya qızıl qan, a dağlar!.. 

 

II aparıcı: 



 

Almas  İldırımın  bütün  yaradıcılığını  bir  qara  taleyin 

dastanı  adlandırmaq  olar.  Bu  dastanın  qəhrəmanı  da 

paralanmış,  yaralanmış,  bölünmüş,  işğal  olunmuş, 

xoşbəxtliyi əlindən alınıb qəfəsə salınmış Azərbaycandı. 

"Özü  dərd  içində  boğulmuş,  sevənləri  diyar-diyar 

qovulmuş"  Azərbaycan!  "Qopuzu  susdurulmuş", 

"Kamanı  sındırılmış",  "Tarını,  sazını  proletarın 

sevmədiyi"Azərbaycan: 

 

Dörd bir yana dağılmış türk soyları, 



Sönmüş ocaq, köçmüş, getmiş boyları. 

Dərdli-dərdli axar bozkır çayları, 

Saxlar içdən gizli ümid, güman hey, 

Qoca türkün düşdüyü gün yaman hey... 

Azərbaycan dərd içində boğulmuş, 

Sevənləri diyar-diyar qovulmuş. 

Ağla, şair, ağla yurdun dağılmış, 

Nerdə qopuz, nerdə qırıq kaman hey? 

Nerdə böyük vətən, nerdə Turan hey? 

 

II aparıcı: 



25 yaşında Azərbaycana "əlvida" deyən şair bu həsrətlə 

cəmi 20 il yaşaya bildi.  20  il  onun  ürəyindəki  yara 

için-için  göynədi,  korun-korun  sızıldadı.  Bu  yaranı 

Almas  İldırım  Azərbaycandan  aparmışdı.  Buradan 




18 

 

apardıqlarının üstünə də orada bir həsrət göynərtisi gəlib 



onun  ağrı-acısını  birə  beş  qat  artırdı.  "Nərdə  böyük 

vətən,  nərdə  Turan  hey?"  deyə-deyə  hayqıran  Almas 

İldırımın ürəyi içini didən dərdə, qəmə 20 il tab gətirə 

bildi. Almas İldırım az yaşadı, kişi kimi yaşadı. Özünü 

tox tutdu, qəddini şax tutdu, sözünü də uca! Əqidəsini 

bir qarın çörəyə, ucuz şöhrətə, gərəksiz orden-medallara, 

yalançı  təriflərə  qurban  vermədi.  Ona  görə  də  indi 

adıyla, əməlləriylə ürəklərdə yuva salıb yaşayır. Dünən 

adları  dillərdən  düşməyənlərin  çoxları  indi  unudulub, 

dünən adını da bilmədiyimiz Almas İldırımın adı isə bu 

gün  neçə-neçə  dillərin  əzbəridir.  Nə  qədər  ki, 

Azərbaycan  var,  onun  misraları  da  yaşayacaq. 

III oxucu: 

Başımızdan fırtınalar gəlib keçdi, ölmədik,  

Torpağımız qan udaraq daşlarımız qızardı, 

Sultanlara yol vermədik, şahlara yar olmadıq, 

Sinəmizdən keçən yolçu dumanlardan azardı... 

II aparıcı: 

        A.İldırım Vətən, Ana, İstiqlal sözlərini daima uca tutdu, 

doğma  Azərbaycanın müstəqilliyini həyatından vacib hesab 

etdi. 

 

V oxucu: 



Verin mənə yurdumu olsun cənnət bucağı, 

Bir dövlət qurayım ki, sülhün doğma ocağı, 

Başında dalğalansa üç boyalı bayrağı, 

O zaman zənn edərəm bütün cahan mənimdir. 

I aparıcı: 

Çox təəssüf  ki, şair müqəddəs  arzularının zəmanəmizdə  

həqiqətə    çevrilməkdə  olduğunu  görə  bilmədi.  O,  

Azərbaycan  xalqının  öz  müstəqil  dövlətini qurmaqda  




19 

 

olduğunu  və başının üzərində onun arzuladığı kimi "üç 



rəngli bayrağın" dalğalandığını görmədən  bu  dünyadan  

getdi.  


VI oxucu: 

          Ağlama, ağlama, ey gözləri bulutlu yar,  

          Barı uzaqdan olsa qadanı ala bilsəm... 

          Bir tərlan kimi qonsam o qar yallı dağlara, 

          Bir ovçu vursa, düşsəm, sinəndə qala bilsəm, 

           Qurbanın ola bilsəm... 

 

           Yenə yaşlar göründü o dalğın gözlərində, 



           Bir qurbanmı gedən var o buz dənizlərində? 

           Yıllar boyu bir bahar görməyən düzlərində, 

           Gül kimi açılsam da, gül kimi sola bilsəm,  

            Mən sənin ola bilsəm... 

II aparıcı: 

M.Teymur  kitabın  girişində  yazır:  "Şairi  əbədiyyətə 

qovuşduran  onun  sözləridir.  Lakin  bu  ürək  yanğısı  ilə 

yazılmış  sözlər  müəyyən  səbəblər  üzündən  oxuculara 

çatmırsa,  şair  də  yaşamır,  oxucu  ömrü  də  solğun, 

mənasız olur. Şairin sözlərini bu ağır iqtisadi günlərdə 

oxuculara  çatdırmağı  öz  üzərinə  götürən  "Aydın" 

İstehsalat-Kommersiya  Mərkəzinə  bir  daha  dərin 

minnətdarlığımızı  bildiririk...  "Qara  dastan"ı  vərəqlə 

oxucu,  oxu,  düşün  və  uzun  illər  boyu  min  bir  ideoloji 

diversiya vasitəsi ilə adı, irsi səndən səylə gizlədilən, üç 

boyalı  müqəddəs  bayrağın  ana  yurdun  üfüqlərində  bir 

daha  dalğalanacağına  ən  ağır  anlarda  belə  inamını 

itirməyən ölməz həmvətənini önündə gör!". 

İnam,  etiqad  ilə  yaşanan  ömür  şərəfli  ömürdür.  Təmiz 

əqidəlilər,  təmiz  məsləklilər  təqib  oluna  bilərlər,  lakin 

onları  ləkələmək  qeyri-mümkündür.  A.İldırımı  təqib 



20 

 

edənlər öz əməlləri ilə özlərini tarixin qara səhifələrinə 



yazdılar. Və bir zamanlar yurd həsrətilə coşaraq:  

 

Mənim imanım bir, eşqim, özüm bir, 



Bir çeşmədən axdım, qaynar gözüm bir,  

Türk oğlu türkəm mən, mərdəm, sözüm bir, 

Yol ver, yol ver, öz yurduma gedəm mən! –  

deyən Almas İldırım isə artıq bu gün öz doğma 

yurdunda, Vətənindədir!  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



21 

 

Ədəbiyyat siyahısı: 

 

İnternetdə:  

www.google.az 

www.edebiyyatqazeti.com 

www.azadliq.org 

 

Kitablar: 

İldırım A.  (1907-1952). Seçilmiş əsərləri – B.: Öndər, 

2004. – 160 s. 

Almas İldırımın seçilmiş əsərlərindən ibarət olan bu kitabına 

müəllifin milli istiqlal, azadlıq, müstəqillik uğrunda 

mübarizəyə həsr olunmuş şeirləri toplanmışdır. Şeirlərdə Vətən 

həsrəti, tarixi keçmişimizlə bağlı poetik düşüncələr öz parlaq 

əksini tapmışdır. 

 

Azərbaycanın didərgin salınmış övladı şair 



Almas İldırım şerlərilə: Tərtib və ön söz H.Hacıyevindir– B.: 

Azərnəşr, 1990. – 31 s. 

 

Dövri mətbuat: 

Abbasov İ. “...Öz yurduma gedəm mən”:Vətən nisgilli 

şair heykəl olub Vətənə döndü // Xalq qəzeti. - 2000. – 9 iyun.  

Ağbabalı T.O. “Mən sənə yad deyil, doğma 

oğuldum...”(Almas İldırım -90) // Xalr qəzeti. - 1997. – 12 

oktyabr.  

Almas İldırım: "Mən uzaq bir Göy Gölün yolunda 

böylə soldum" : Almas İldırımın kitabı Türkiyədə nəşr 

olunacaq // Ədəbiyyat qəzeti. - 2006. - 27 yanvar. - S.3.  

Almas İldırımın 100 illik yubileyinin keçirilməsi 

haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı 

(Bakı şəhəri,16 aprel,2007) // Xalq qəzeti. - 2007. - 17 aprel. - 

S.2. ; Azərbaycan. - 2007. - 17 aprel. - S.1. 



22 

 

Bəşirova S. “Azərbaycan, mənim taxtım – tacım, oy!” 



(Repressiya qurbanı olmuş nakam şairimiz Almas İldırım 

haqqında) //Səhər. – 1992. – 8 dekabr. 

Cəfərova , Xatirə. Vətən yanğılı şair : Almas İldırım - 

100  // Ədəbiyyat qəzeti. - 2007. - 25 may. - S.1-3 

İsmayıloğlu A. Sənət təəssübü //Ədəbiyyat qəzeti. - 

1995. – 14 aprel. - S.8 

Qəribli İ. "Didərgin şair" // Ədəbiyyat qəzeti. - 2005. - 

30 dekabr. - S.7. - Nəbiyev B. Didərgin şair. - B.: "XXI - Yeni 

nəşrlər evi", 2005. kb-na res-ya. 

Nəbiyev B. Nakam həyatın salnaməsi // Bakı. –  1993. 

–  23 sentyabr. 

Onu ancaq Azərbaycan dərdi öldürə bilərdi : Türkiyədə 

Elzağ vilayətində mühacir şair Almas İldırımın yubileyi 

keçirilmişdir // Yaddaş. - 2007. - 19 aprel. - S.8. 

 

Teymur M. Almas İldırımın yaradıcılığından 



yadigarlar...// Bakı, 1993, 4 may. 

Teymur M. Azəri-türk uluslararası ünlü şairimiz  : 

Almas İldırım - 100  // Ədəbiyyat qəzeti. - 2007. - 6 aprel. - 

S.6. 


Türkiyədə Almas İldırımın yubileyi keçirilir : yubiley 

tədbirlərinə Azərbaycan nümayəndə heyəti də qatılıb // Yeni 

Azərbaycan. - 2007. - 13 aprel. - S.8. 

Zeynallı Z. "Gözlər yaşlı, boynu bükük, vətənsizmı 

öləcəyəm?" : Almas Yıldırım-100  // Ulduz. - 2007. - № 3. - 

S.82-83. 

 

 

 



 

 

 




23 

 

“Azərbaycan, mənim taxtım – tacım, oy!” 



                         (metodik vəsait) 

 

 

 

   Kompyuter yığımı 

   və dizayn:                                   Zahirə Dadaşova

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 26 

Çapa imzalanmışdır:18.02.2017 

 Tirajı:100 

Pulsuz 


 

 

 



 

 

 



 

 

 



Yüklə 138,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə