922
ƏBDÜLMÖMİN XANIN ÖLDÜRÜLMƏYİ, PİRƏ
MƏHƏMMƏD XANIN BUXARADA, ƏBDÜLƏMİN
XANIN İSƏ BƏLXDƏ TAXTA CÜLUS ETMƏLƏRİ,
MİNA RƏNGLİ ÇƏRXİN GƏRDİŞİ İLƏ O ZAMAN
BAŞ VERƏN HADİSƏLƏRİN ZİKRİ
Əbdülmömin xan hakimiyyətə gələn kimi, bəzən Abdulla
xanın əmirləri ilə tənəli söhbətlər edir, onlara kinayəli kəlmələr
deyirdi. Xanın onlara qarşı ədavəti olduğunu güman edən bir neçə
adam öz hallarının qayğısına qalıb, xanın Bəlxə gəlib-çatacağı vaxt
onlarla haqq-hesab cürüdəcəyini xəyal edirdi. [Buna görə də,]
şücaətli yekə
625
cavanlardan Abdulla xanın əmiaxuru olan
Əbdülsəməd bahadır və Məhəmmədqulu bahadır Səxtkəman onun
qətlini vacib bilərək, bir-biriləri ilə qərara gəldilər və fürsət
gözləməyə başladılar.
Havanın isti olması səbəbindən Əbdülmömin xan gecələr
yol gedirdi. Eşşəkağasılar, şəqavullar* və xidmətçilər bir ox gedişi
məsafəsində ondan əvvəldə, əmirlər, qoruyucular (çehregan) və
başqa hərbiçilər isə bir ox gedişi məsafəsində ondan axırda yol
getməkdəydilər. Onun özü isə bacludarlar (?), iki-üç xidmətkarlar və
bir neçə nəfər nədim və çalğıçılarla yol qət edirdi. Bir gecə bir kənd
kənarından keçərkən, Əbdülsəməd bahadır və Məhəmmədqulu
bahadır yol kənarındakı divarın arxasında əyləşib kamanlarına ox
qoydular və xanı gözləməyə başladılar. İrəlidə gələnlər keçib-
getdikdən sonra Əbdülmömin xan yanındakı bir neçə adamla pusqu
yerinə (kəmingah) gəlib çatdı. Məşəl işığı altında bahadırların hər
ikisi kamanı çəkdilər və ilahinin qəzavü qədəri sayəsində hər iki ox
məqsəd hədəfinə çatdı və hədəfdən yayınmadı. Xan atdan yıxıldı.
Bahadırlar isə şəmşirlərini qınından çıxarıb ona hücuma keçdilər,
məşəldarlarsa məşəlləri atıb qaçdılar. Tacik olan nədimlər və
çalğıçılar da şəmşir qorxusundan öz başlarının hayına qaldılar.
Bahadırlar dərhal xanın başını kəsdilər, onu qoruyan və yanında
dayanan qoruyucunu da para-para doğradılar, ata süvar olub
Buxaraya üz tutdular.
Bir ləhzədən sonra arxadan gələnlər yetişib, onu yol
üstündə ölmüş gördülər. Baş verən hadisədən xəbərdar olan miraxur
Əbdülsəmi bahadır və bəzi başqa əmirlər elə həmin gecə Buxaraya
625
Mətndə elə belə də yazılıb: Yekə! – Ş.F.
923
rəvan oldularsa da, adamların əksəriyyəti o gecə baş vermiş hadisəni
hələ bilmədi. Sübh orduya çatıb xanı görmədikdə elə təsəvvür
etdilər ki, o, ova çıxmışdır. Arxadan gələnlər məsələni sonradan
bildikdə, ordu arasında çaxnaşma düşdü, əmirlər və döyüşçülər iki
hissəyə ayrıldılar. Əbdülmömin xanın köhnə mülazimləri və Bəlx
əmirləri onun xəzinə və başqa ağır-yüngül mallarını bacardıqları
qədər qarət edib Bəlxə yollandılar, Abdulla xanın əmirləri və Buxara
ləşkəri də xanın əksər çadır və mallarını qarət edərək, Buxaraya
qayıtdılar. Orada padşahlığa layiq bircə adam da yox idi. Çarəsiz
qalaraq Əbdülmömin xanın qəzəb bəhri dalğalarının təlatümü
nəticəsində küçələrə atılmış Pir Məhəmməd xan işə yaradı və ona
padşah və xan ləqəbi verərək xütbə və sikkəni adı ilə bəzədilər,
məsələni Səmərqənddə olan Məhəmməd Baqi Divanbəyiyə
çatdırdılar.
Bəlxə gəlib çatan Əbdülmömin xan əmirlərinin bəziləri
istədilər ki xanın iki yaşlı oğlunu atasının yerinə Bəlxdə padşah
edib, atasının Ceyhun çayından qızılbaş dövlətinin sərhədinə qədər
zəbt etdiyi yerləri ona versinlər. Başqaları bu fikrə etiraz edib
dedilər ki, iki yaşlı bir tifil bizim səltənətimizə layiq deyildir, çünki
bizə təcrübəli bir cavan lazımdır ki, düşmənlərə müqavimət
göstərməyi bacarsın.
Dinməhəmməd xanın və Baqi xanın ataları olan Abdulla
xanın bacısı oğlu Cam bəy Sultan isə Əbdülmömin xan tərəfindən
tutulub həbsə salınmışdı. Onun oğlanları Xorasanın bəzi
mahallarının hakimləri olduğundan, istədilər ki, Canı bəyi
[həbsxanadan] çıxarıb Bəlx və Xorasanın padşahlıq ipini onun
iqtidarı altına versinlər. Bu məsləhətlə hamı razılaşdı, Canı bəyin
səltənətə gətirilməsinin tərəfdarı oldu.
Allahın təqdiri ilə, Abdulla xanın qardaşı İbadulla Sultanın
arvadı, İbadullanın vəfatından sonra, Abdullanın zövcəsi olmuşdu.
İbadulla Sultanın bir qızı isə Əbdülmömin xanın arvadı idi ki, onun
evində də öldü. Canı bəy Sultan Bəlxə gəldi, Adil bəy,
Yarməhəmməd Mirzə və bəzi ağsaqqallar onun yanına gedərək,
Canı bəyi öz qərarlarından agah etdilər. Amma, o bu qərarla
razılaşmadı. Ağsaqqallar belə ərz etdilər: "Əbdülmömin xanın oğlu
tifil bir uşaqdır və onun dudmanından padşah olası başqa adam
yoxdur. Biz də əlacsız qalıb səni, Abdulla xanın bacısı oğlu olduğun
üçün, onun yerinə padşah etməyə razı olmuşuq".
924
O əzəmətli qadın (İbadulla xanın arvadı - Ş.F.) dedi:
"Padşahlıq dudmanından padşahlığa layiq bir padşahzadə vardır".
Əmirlər o padşahzadənin [kim olduğunu] soruşduqda cavab verdi:
"Ərim İbadulla Sultanın cariyədən doğulmuş Əbdüləmin adlı bir
oğlu var. Ərimdən sonra onun anası da öldü və mən onu
[Əbdülmömin xandan] hifz etdim. Öz qohumlarının və əmisi
oğlanlarının qətlinə ürək bağlayan Əbdülmömin xanın qorxusundan
mən indiyədək ona qız paltarı geydirib böyütmüşəm". Hamı
təəccübləndi, çünki İbadulla Sultanın oğlu olduğunu heç vaxt
eşitməmişdilər.
O qadın Əbdüləminə xətər yetirməyəcəkləri haqda əmirlərə
and içirəndən sonra, dərhal onun qadın libasını çıxarıb oğlanı onlara
göstərdi. Bu hekayətin doğruluqdan uzaq olmasını bilmələrinə
baxmayaraq, Əbdüləmin boya-başa çatmış qabiliyyətli bir cavan
kimi gözə dəydiyindən və Abdulla xanın qardaşı oğlu olması adı
onun üstündə olduğundan, əmirlər razılaşdılar, elə həmin gün onu
hamama aparıb, hörük qədər uzun olan saçlarını qırxdılar, kişi
geyimi geydirdilər, xan adı verərək səltənət taxtına əyləşdirdilər,
Bəlxin bütün əmirləri onun görüşünə gəldilər. Əbdülmömin xanın
səltənət və padşahlıq ləvazimatları və Bəlxdə olan bütün şeyləri
Əbdüləminin əlinə keçdi. Həmin əzəmətli "qadın" bütün işlərin
həllini öz iqtidar əlinə aldı, belə ki, ağsaqqallar onun məsləhəti və
məşvərəti olmadan heç bir işə qarışmırdılar. Sübhanallah, bunlar
oyunbaz fələyin necə də şəbədaləri və nə təhər qəribə işləridir ki,
qeyb pərdəsinin arxasında baş verməkdədir?
Xülasə, elə ki, Buxara xəbərləri və Pir Məhəmməd Sultanın
taxta cülusu hadisəsi Bəlx özbəklərinə gəlib yetişdi, həmin xanımın
rəyi və məsləhəti ilə onlar Buxara əmirləriylə müxalifətdən əl
çəkdilər, Əbdüləmin xan tərəfindən Pir Məhəmməd xana
sədaqətamiz bir məktub yazıldı, onu taxta cülus etməsi və xan
olması münasibətiylə təbrik etdilər, xahişləri belə oldu ki, qoy
Əbdüləmini Əbdülmömin xanın fərzəndi bilsinlər, Abdulla xan
vaxtında olduğu kimi onların hər biri öz yerində əyləşib, biganələrin
qarşısını almaq naminə məmləkətin mülki işlərində biri-digərinə
yardımçı olsunlar. Buxara əmirləri səltənətin başqa qadınlarından
Abdulla xan dudmanı barədə sorğu-sual apardılar, hamı bir ağızdan
dedi ki, İbadulla xanın heç bir oğlu olmamışdır, Əbdüləmin xanın
varlığı haqqında nə birunda, nə əndərunda, nə məhrəmdən, nə
naməhrəmdən heç kim, heç nə eşitməmişdir, bütün bunlar İbadulla
Dostları ilə paylaş: |