Avtoreferat 30 avqust 2011-ci ildə göndərilmişdir.
D.01.091 Dissertasiya
Şurasının elmi katibi, coğrafiya
elmləri namizədi, dosent HƏSƏNOV M.S.
İŞİN ÜMUMİ XARAKTERİSTİKASI
Problemin müasir vəziyyəti və aktuallığı. Azərbaycanın ərazisi özünün mürəkkəb fiziki-coğrafi və torpaq-iqlim şəraiti ilə fərqlənir və tez-tez təhlükəli hidrometeoroloji hadisələrin mənfi təsirinə məruz qalır. Belə hadisələrə quraqlıq, toz burulğanları, leysan, dolu, guclü külək, buz bağlaması, yağış daşqınları və sel axınlarını aid etmək olar. Lakin güclü leysan, dolu və onlarla əlaqədar olan daşqın, su basması və sel hadisələri daha böyük maddi və ekoloji itkilərə səbəb olur. Bəzən bu hadisələr öz intensivliyi və miqyasına görə, insan tələfatı və böyük maddi itkilərlə müşaiyət olunan, təbii fəlakələrə gətirib çıxarır.
İntensiv leysan, şimşək və dolu hadisələrinin meteoroloji-iqlimşünaslıq baxımından tədqiqinə bir sira əsərlər həsr olunsa da, bunlar əsasən keçən əsrin 60-cı illərinə qədərki dövrləri əhatə edir. Lakin qlobal istiləşmə və son illərdə onun tempinin artması ilə əlaqədar olaraq dünyanın bir sıra regionlarında iqlim dəyişmələri baş verir ki, bu da müxtəlif fiziki-coğrafi şəraitlərdə özünü fərqli təzahür etdirir. Bəzi yerlərdə orta illik temperaturun artması atmosfer yağıntılarının və leysan mənşəli təhlükəli hadisələrin artmasına, digər yerlərdə isə, əksinə, azalmasına səbəb olur. Beləliklə, qlobal istiləşmənin Azərbaycan ərazisində temperatur və yağıntı rejiminə və bundan əlavə təhlükəli dolu-leysan hadisələrinin aktivliyinə təsirinin tədqiqinə ehtiyac vardır.
Leysan mənşəli təhlükəli hadisələrin iqlimşünaslıq baxımından öyrənilməsi ilə yanaşı, onların yaranmasına səbəb olan güclü dolu-şimşək buludlarının əmələ gəlməsi, inkişafı və fəza strukturu xüsusiyyətlərinin tədqiqi də mühüm əhəmiyyət kəsb edir. Şimali Amerika, Şimali Qafqaz, Argentina, Cənubi Afrika və digər ərazilərdə meteoroloji radiolokasiyanin tətbiqi ilə aparılan tədqiqatlar göstərmişdir ki, müxtəlif regionlarda müşahidə olunan dolu-şimşək prosesləri oxşar cəhətlərlə yanaşı nəzərə çarpacaq regional xüsusiyyətlərə də malikdir. Respublika ərazisində baş verən dolu-şimşək proseslərinin regional xüsusiyyətlərinin tədqiqi və onların daha çox yarandığı ərazilərin aşkara çıxarılmasi bu proseslərin proqnozlaşdırılmasında böyük əhəmiyyət daşıya bilər.
Dünyanın bir sıra regionlarında təhlukəli hidrometeoroloji hadisələrin qarşısını almaq və ya onlardan gözlənilən fəsadları minimuma endirmək məqsədilə müxtəlif layihələr (Weather Modification) həyata keçirilir. Lakin bu layihələrin səmərəliliyinin objektiv qiymətləndirilməsi indiyədək problem olaraq qalır. Məlum olduğu kimi, 1967-1990-cı illərdə Azərbaycan ərazisində də kənd təsərrüfatı bitkilərini doluvurmadan qorumaq məqsədilə müvafiq mübarizə tədbirləri həyata kecirilmişdir. Lakin aparılmış doluya qarşi mübarizə əməliyyatları indiyədək ətraflı təhlil olunmamış, onların fiziki effektivliyi və iqtisadi səmərəliliyi obyektiv qiymətləndirilməmişdir.
Daşqın və sel axınlarına həsr olunmuş çoxsaylı elmi əsərlərdə əsasən bu hadisələrin yaranmasına səbəb olan geoloji, geomorfoloji, hidroloji və qismən sinoptik-meteoroloji amillər tədqiq olunmuşdur. Lakin çoxillik müşahidə materiallarının analizi göstərir ki, bu amillər sellərin yaranması üçün vacib olsa da, kifayət deyildir. Yeni amilləri aşkara çixarmaq üçün istənilən vaxt və istənilən şəraitdə sel və daşqın təhlükəli çay hövzələrinin su toplayıcılarına düşən yağıntıları məsafədən izləməyə imkan verən metod və texnologiyalar tələb olunur. Müasir avtomatlaşdırılmış radiolokasiya müşahidə sistemləri bu məsələnin öhdəsindən müvəffəqiyyətlə gəlməyə qadirdir.
İntensiv yağıntılar və onlarla əlaqədar olan daşqın və sellərin ənənəvi proqnoz metodları səth örtüyünün xarakteri və oroqrafik xüsusiyyətləri nəzərə alınmadan, əsasən makro miqyaslı hava dövranı və atmosferin termodinamik şəraiti nəzərə alinmaqla həyata keçirilir. Lakin məlumdur ki, oroqrafik qeyri-bircinsliklər qısa müddət ərzində atmosferin termodinamik şəraitini və yerüstü küləyin şaquli strukturunu kəskin dəyişə bilər. Burada dolu-şimşək proseslərinin tipi və regional xüsusiyyətləri də nəzərə alınmır. Azərbaycan ərazisində təhlükəli hidrometeoroloji hadisələr əsasən mürəkkəb səth örtüyü ilə xarakterizə olunan dağlıq və dağətəyi ərazilərdə baş verdiyindən qeyd olunan metodlar bu hadisələrin baş verəcəyi vaxtı və yeri göstərməklə etibarlı proqnozunu verə bilmir.
Son illərdə mürəkkəb səth örtüyünə malik ərazilər üzərində baş verən atmosfer proseslərini proqnozlaşdırmaq üçün müxtəlif hidrodinamik və fiziki-statistik modellərdən istifadə olunur. Lakin atmosfer proseslərinə təsir edən bütün amillərin nəzərə alınması və onları təsvir edən tənliklərin həlli hətta müasir hesablama sistemlərinin istifadəsilə belə çox çətindir. Buna görə də operativ olaraq vacib praktiki nəticələr almağı təmin edən və dolu-şimşək, həmçinin onlarla əlaqədar olan daşqın və sel hadisələrinin etibarlı proqnoz metodlarını yaratmağa imkan verən daha sadə və münasib tədqiqat metodları böyük maraq doğurur.
Dostları ilə paylaş: |