Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,76 Mb.
səhifə16/21
tarix13.11.2017
ölçüsü1,76 Mb.
#10293
növüXülasə
1   ...   13   14   15   16   17   18   19   20   21

İşin elmi nəticəsi. Tədqiqatın elmi nəticəsi ondan ibarətdir ki, mifologiya ilə yazılı ədəbiyyat arasındakı əlaqədə miflər hər zaman yazılı ədəbiyat üçün artexip kod, yazılı ədəbiyyat isə miflərin genetik daşıyıcısı olmuşdur.

İşin elmi yeniliyi. Elçinin “Mahmud və Məryəm” və S.Elcanlının “Qanlı quz­ğun meydanı” kimi müasir bədii nəsr nümunələrindəki mifoloji motivlərin dünya və Azər­baycan folklor nümunələri ilə müqayisəli aspektdə araşdırılması işin elmi yeni­li­yi­ni təşkil edir.
ƏDƏBİYYAT


  1. Azərbaycan nağılları. Beş cilddə. IV cild. Bakı, Şərq-Qərb, 2005, 336 s.

  2. Bəydili (Məmmədov) C. İstiqbal xalq ədəbiyyatınındır... (Seçmə yazılar). Bakı, 2015, 312 s.

  3. Bəydili (Məmmədov) C. Türk mifoloji sözlüyü. Bakı, Elm, 2003, 418 s.

  4. Elcanlı S. Qanlı quzğun meydanı (Mifoloji-fantastik roman). Bakı, Gənclik, 1994, 280 s.

  5. Elçin. Seçilmiş əsərləri. Bakı, Avrasiya Press, 2005, 424 s.

  6. Əliyev K. Mifopoetik düşüncə sistemi / “Ədəbiyyat” qəzeti, 2 aprel 2016, s.16

  7. Əliyev O. Azərbaycan nağıllarının poetikası. Bakı, Səda, 2001, 191 s.

  8. Hacıyeva M. Folklor poetikası. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 2006, 240 s.

  9. Kazımoğlu (İmanov) M. Nağıllar barəsində bir neçə söz // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. Elmi-ədəbi toplu. I cild. Bakı, Elm və təhsil, 2014, s.21-28

  10. Пропп В.Я. Фольклор и действительность. Избранные статьи. Москва, Наука, 1976, 327 с.

  11. Токарев С.А. Ранние формы религии. Москва, Политиздат, 1990, 622 с.



Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Kamran Əliyev

Sevinc ƏLİYEVA

AMEA Folklor İnstitutunun doktorantı

e-mail: aliyev-n88@mail.ru
FOLKLORDA QURBANVERMƏ MOTİVİ PROBLEMİNİN

NƏZƏRİ-METODOLOJİ VƏ RİTUAL-MİFOLOJİ ƏSASLARI
Xülasə

Azərbaycan folklorunda qurbanvermə motivinin ritual-mifoloji semantikasının öyrənilməsi folklor­şünaslığın aktual mövzularındandır. Qurbanvermənin ritual və folklor konseptləri bir-biri ilə sıx bağlıdır. Qurbanvermə canlı ritual, qurbanvermə motivi isə onun folklor mətnindəki obrazıdır. Qur­ban­vermə ritual vahidi kimi “subyekt – qurban – kult” sxemi üzrə təşkil olunur. Ağac və daş pirləri ilə bağlı qurbanvermədə ağac və daş ilkin əcdad haqqında mifik təsəvvürləri özündə qoruyur. O cüm­lədən müqəddəs kultlarla bağlı qurbanvermədə də ilkin əcdad kompleksini bərpa etmək mümkündür. “Oğuznamə”lər qurbanvermənin arxaik şəkilləri ilə zəngindir. Nağıllarda insan qurban­vermənin izləri bərpa olunur. Əfsanələrdə qurbanvermə xaosdan kosmosun yaradılması mexanizmi kimi çıxış edir.



Açar sözlər: folklor, qurbanvermə, motiv, ritual, mifologiya, qurban, kult
THEORETICAL-METHODOLOGICAL AND RITUAL-MYTHOLOGICAL BASICS

OF THE PROBLEM OF SACRIFICES MOTIVE IN THE FOLKLORE
Summary

Studing the motive of ritual-mythological semantics of sacrifices in Azerbaijan folklore is one of the current topics of the folklore studies. The ritual and folklore concepts of sacrifices closely linked with each other. Sacrifices is a live ritual, but the sacrifice motive is its character in the text of folklore. Sacrificies as a unit of ritual is formed by the “subject – sacrifice – cult” scheme. In the sacrifices about tree and stone, these objects saves mythic imaginations about first ancestor in itself. It is possible to restore the first ancestor complex in the sacrifices with saint cults too at the same time. “Oguzname”s is rich with archaic forms of sacrifices. The traces of human sacrificies are being restored in the tales. Sacrificies playsa role as a mechanism of chaos-cosmos creation in the legends.



Key words: folklore, sacrificies, motive, ritual, mythology, sacrifice, cult
ТЕОРЕТИЧЕСКО-МЕТОДОЛОГИЧЕСКИЕ И РИТУЛЬНО-МИФОЛОГИ­ЧЕС­КИЕ ОСНОВЫ МОТИВА ЖЕРТВОПРИНОШЕНИЯ В ФОЛЬКЛОРЕ
Резюме

Изучение ритуально-мифологической семантики мотива жертвоприношения является одной из акту­аль­ных тем фольклористики. Ритуальные и фольклорные концепты жертво­при­но­шения тесно связаны друг с другом. Жертвоприношение – живой ритуал, а мотив жертво­приношения - его образ в фольклорном тексте. Жертвоприношение, как ритуальная единица ор­­га­­низуется по схеме «субъект – жертва – культ». В жертвоприношениях, связанных с дере­вом и камнем сохраняются следы мифических представлений о первопредках. Также, в жертво­при­ношениях связанных с сакральными культами можно наблюдать следы мифических перво­предков. Эпос «Огузнаме» обогащён архаическими формами жертвоприношения. В сказ­ках вид­ны следы человеческого жервоприношения. Жертвоприношение в легендах выступает как ме­ханизм воссоздания космоса из хаоса.



Ключевые слова: фольклор, жертвоприношение, мотив, ритуал, мифология, жертва, культ
Məsələnin qoyuluşu: Azərbaycan folklorunda qurbanvermə motivi və onun ritual-mifoloji semantikasının bir problem kimi tədqiqi milli folklorşünaslıq elmi­mizin aktual vəzifələri sırasına daxildir.

Problemin aktuallığı, ilk növbədə, bu motivin Azərbaycan folklorunda zəngin­li­yinə rəğmən, onun folklorşünaslıqda lazımınca tədqiq olunmamasından irəli gəlir. Fol­ko­­rumuzun müxtəlif janrlarında, xüsusilə nağıllarda, dastanlarda ayrı-ayrı qurban­ver­mə faktlarından məqalələr şəklində bəhs olunsa da, bu yazılarda həmin faktların daha çox təsvirinə üstünlük verilmişdir.

Son onilliklərdə “Oğuznamə” eposuna marağın artması kontekstində bir sıra fundamental araşdırmalar meydana çıxmışdır. Bunlarda oğuz rituallarına, o cümlədən qurbanvermə ritual­larına da toxunulmuş, qurbanvermənin ritual-mifoloji semantikası haqqında dəyərli təhlillər aparılmışdır. Lakin bu araşdırmalar folklorumuzun tarixi in­ki­şafının konkret bir epoxasına (oğuzların dönəminə) aid olduğu üçün Azərbaycan folklorunun bütün zənginliyini, təbii olaraq, özündə əks etdirmir.

Mövzunun aktuallığının digər səbəblərinə gəlincə, burada son onilliklərdə folklor süjetlərinin motivlər baxımından öyrənilməsi xüsusi qeyd edilməlidir. Belə ki, süjetin mənalı sintaqmatik vahidi olan motiv öz poetik-semantik strukturu baxımından fol­klor düşüncəsinin ən arxaik görüşlərini özündə sabit sxemlər şəklində qoruyur. Mo­tiv, ümumiyyətlə, süjetin sabit, təkrarlanan formuludur. Bu məna vahidinin öyrə­nil­mə­si folklor poetikasının tədqiqi istiqamətində yeni perspektivlər açır.



İşin məqsədi: Tədqiqatın aparılmasında əsas məqsəd Azərbaycan folklorunda qur­banvermə motivi probleminin nəzəri-metodoloji və ritual-mifoloji əsaslarını müəy­yən­ləşdirməkdir.
Azərbaycan folklorunda qurbanvermə motivi probleminin obyektini milli folklo­ru­muzun, əsasən, epik (dastanlar, nağıllar, əfsanələr) və dramatik janrları (mərasim fol­kloru), predmetini isə Azərbaycan folklorunda qurbanvermə motivinin ritual-mi­foloji semantikasının tədqiqi və nəzəri-medoloji əsaslarının öyrənilməsi təşkil edir.

Qeyd edək ki, bu problemə onun predmetini təşkil edən çoxsaylı qurbanvermə fakt­ları baxımından çoxsaylı işlərdə toxunulmuşdur. Xüsusilə, “Kitabi-Dədə Qorqud”­da, nağıllarda, əfsanələrdə müxtəlif qurbanvermə faktları tədqiqatçıların diqqətini cəlb etmiş və çoxsaylı məqalələr yazılmışdır. Bu tədqiqatların əksəriyyətini faktların səthi təs­viri və təhlili birləşdirir. Ancaq nağılların, dastanların və əfsanələrin müxtəlif problemlərinə həsr olunmuş bir sıra araşdırmalarda qurbanvermə ilə bağlı faktların peşəkar ritual-mifoloji analizinə də rast gəlinir (bax: 6; 7; 8; 9; 2 ; 3; 10; 11; 12; 5). Bu tipli tədqiqatlar mövzunun həllinin düzgün məcraya yönəlməsinə təkan verir. Bütöv­lük­də götürdükdə “Azərbaycan folklorunda qurbanvermə motivi və onun ritual-mifo­loji semantikası” mövzusu indiyədək heç bir monoqrafik tədqiqatın predmeti olma­mışdır.

Tədqiqatın qarşısında duran əsas məqsəd Azərbaycan folklorunda qurbanvermə motivi və onun ritual-mifoloji semantikasının öyrənilməsidir.

Belə hesab edirik ki, bu məqsəd aşağıdakı üç əsas vəzifənin yerinə yetirilməsi ilə mümkündür:

1. “Qurbanvermə” konseptinin ritual-mifoloji strukturunun və funksional semantikasının öyrənilməsi:

Buraya qurbanvermənin əvvəlcə ritual konsepti, daha sonra folklor motivi kimi tədqiqi, qurbanvermə ritualı və kult sisteminin funksional strukturunun tədqiqi, “qur­ban” və “kult” anlayışlarının epistemologiyasının tədqiqi, qurbanvermənin ritual va­hidi kimi funksional strukturunun tədqiqi kimi məsələlər aiddir.

2. Mərasim folklorunda qurbanvermə motivinin ritual-mifoloji semantikasının tədqiqi:

Buraya ağac pirləri ilə bağlı qurbanvermənin, daş pirləri ilə bağlı qurbanver­mənin və müqəddəs kultlarla bağlı ziyarətgahlarda qurbanvermənin ritual-mifoloji se­man­tikasının tədqiqi, nitq folklorunda qurbanvermə motivlərinin ritual-mifoloji kontekstdə öyrənilməsi kimi məsələlər aiddir.

3. Epik folklor süjetlərində qurbanvermə motivinin ritual-mifoloji semanti­ka­sının tədqiqi:

Buraya “Oğuznamə”dəki qurbanvermə motivlərinin arxaik ritual-mifoloji se­man­tikasının tədqiqi, nağıllarda insan qurbanvermənin izlərinin ritual-mifoloji semantikasının təhlili, əfsanələrdə qurbanvermənin kosmosyaradıcı ritual kontekstində öyrənilməsi kimi məsələlər aiddir.

Folklorda qurbanvermə motivinin ritual-mifoloji semantikasının tədqiqi mövzu­ya ilk olaraq nəzəri-metodoloji müstəvidə yanaşmağı, milli mədəniyyət tariximizin qur­banvermə kimi mürəkkəb hadisəsini nəzəri cəhətdən aydınlaşdırmağı tələb edir. Bu, qurbanvermənin tək bir elmin yox, humanitar elmlərin müxtəlif sahələri ilə bağlı olmasından irəli gəlir. Belə ki, qurbanvermə xalqın canlı adət-ənənəsi kimi ilk növbə­də etnoqrafiyanın predmetidir. Bu, Azərbaycan xalqının həyatında davam edən məra­sim-ritual hadisəsidir. Digər tərəfdən, mərasimlər həm də folklorşünaslığın pred­meti­dir. Qərbdə folklor və etnoqrafiya kimi sahələr bir-birindən ayrılmaz olub, sosial antro­po­logiyanın tərkibində öyrənilir. Ancaq bizdə keçmiş rus-sovet elmşü­naslığından qalma ənənə olaraq hələ də folklorşünaslıq və etnoqrafiya ayrı-ayrı elm sahələri hesab olunur.

Başqa bir tərəfdən, qurbanvermə, eyni zamanda, folklor süjetlərinin çox geniş yayılmış motividir. Xüsusilə, qədim oğuz dastanlarında, o cümlədən əfsanə və nağıllarda qurbanvermə davamlı süjet hadisəsidir.

Beləliklə, qurbanvermə bir fenomen kimi milli mədəniyyət və düşüncə siste­mi­nin müxtəlif qatlarını bir-birinə qovuşdurur. Odur ki, Azərbaycan folklorunda qur­ban­ver­mə motivi və onun ritual-mifoloji semantikasının bir elmi problem kimi təd­qiqi biz­dən mövzunu ilk növbədə nəzəri cəhətdən aydınlaşdırmağı, folklorda qur­ban­vermə motivinin ritual-mifoloji semantikasını bütün mümkün nəzəri-metodoloji aydınlığı ilə modelləşdirməyi tələb edir. Biz belə hesab edirik ki, ilkin olaraq qurbanvermə əvvəlcə bir ritual konsepti kimi aydınlaşdırılmalı, daha sonra onun bir folklor motivi kimi ma­hiyyətinə aydınlıq gətirilməlidir. Burada ən mühüm məsələ­lər­dən biri qurbanvermə ritualı və kult sistemi arasındakı münasibətlərin müəyyən­ləşdirilməsidir. Bu məsələ biz­­dən əvvəlcə “qurban” və “kult” anlayışlarının epistemologiyasına toxunmağı, daha son­ra qurbanvermənin ritual vahidi kimi funksional strukturunu subyekt – qurban – kult sxemi üzrə aydınlaşdırmağı tələb edir.

“Qurbanvermə” sosial antropologiyada bir konsept [konsept – müəyyən konsep­siyanı (fikir, baxış sistemini) təcəssüm etdirən vahid, anlayış], yəni nəzəri anlayış kimi özünü iki səviyyədə göstərir:

Birincisi, ritual (mərasim) anlayışı kimi;

İkincisi, folklor motivi mənasında.



Qurbanvermə ritual konsepti kimi canlı ritualın özünü, folklor konsepti kimi isə canlı ritualın folklor mətnindəki obrazını nəzərdə tutur. Heç şübhəsiz ki, bunların arasında bağlılıq, ortaqlıq olduğu kimi böyük fərqlər də var. Qurbanvermə ritual kon­sep­ti kimi sosial-mədəni davranış aktı, modelidir. İnsanlar düşdükləri psixoloji situasi­yadan asılı olaraq qurban verməyə ehtiyac duyurlar. Bunun üçün onlar qurban­vermə mərasimini icra edirlər. Yəni qurbanvermə müəyyən olunmuş məkan və zamanda müəyyən elementlərin düzümünü tələb edən mərasim hadisəsidir. Burada ixtiyari hərəkətlərə yol verilə bilməz. V.Terner yazır ki, ritual - jestləri, sözləri, obyektləri əha­tə edən hərəkətlərin stereotipik ardıcıllığıdır; xüsusi olaraq hazırlanmış yerdə icra olunur və icraçıların maraq və məqsədlərinə uyğun olaraq fövqəltəbii qüvvə və varlıqlara təsir etmək üçün təyin olunur (16, 32).

S.Rzasoy V.Ternerin rituala verdiyi bu tərifi belə şərh-izah edir:

- Ritual jest, söz, obyektlərin birləşməsini nəzərdə tutan hərəkət universumları - kodları vasitəsi ilə funksionallaşır (gerçəkləşir);

- Ritualda təcəssüm olunan hərəkət ixtiyari olmayıb, konkret struktur sxemlərinə söykənir;

- Ritual toplumun ehtiyaclarına xidmət edərək struktur pozulmalarının aradan qaldırılması naminə icra edilir;

- Ritual insanların müqəddəs qüvvələrlə ünsiyyətinin təmin edilməsinin vasi­təsidir (13, 82).

Ritualın icrası zamanı hərəkətlərin müəyyən ardıcıllığa tabe olması, təbii ki, təsadüfi deyildir. V.N.Toporov yazır ki, ritual - yaradılışın obrazıdır (18, 16).

Yəni Toporovun bu fikrindən belə bir nəticə çıxarmaq olar ki, qurbanvermə mərasimi, onun icra ardıcıllığı, əslində, yaradılışı əks etdirir. Burada bütün elementlər və hərəkətlər həmin yaradıcılığın quruluşunu inikas edir.

Bəs bu, hansı yaradılışdır? Əlbəttə, dünyanın, kainatın, insanın, ayrı-ayrı əşyala­rın və s. meydana çıxmasından bəhs edən ilkin yaradılış. Bu ilkin yaradılış elmdə mifoloji kosmoqoniya adlanır.

V.N.Toporov göstərir ki, varlığın yaradılışı aktında baş verənlər ritualda təcəs­süm edilə bilər və edilməlidir. Ritual kosmoloji varlığın diaxron və sinxron as­pekt­ləri­ni özündə qapalılaşdırır; yaradılış aktının strukturu və onun hissələrinin ardı­cıllığını ya­da salır və bununla insanın “ilkin başlanğıcda” yaradılmış kosmoloji universuma da­xil edilməsini təsbit edir. Yaradılış aktının ritualdakı bu təcəssümü (nağıllardakı tək­rar­lara uyğun olaraq) varlığın öz strukturunu aktuallaşdırır, bütövlükdə onun özünə və ay­rı-ayrı hissələrinə qeyri-adi dərəcədə nəzərə çarpan simvoliklik və semiotiklik verə­rək, kollektivin təhlükəsizliyinin və çiçəklənməsinin təminatçısı kimi çıxış edir (17, 16).

Yəni ritualda dünyanın ilk yaradılışı haqqında mifik təsəvvürlər öz əksini tapır. Bu cəhətdən qurbanvermə yeni yaradılışa xidmət etməklə, onu təcəssüm etdirir.

Mərasim hökmən müəyyən ardıcıllıqla icra olunur. İnsan hansısa ehtiyacından irəli gəlməklə hansısa müqəddəsin adına heyvan qurbanı deyir. Sonra uyğun bir gündə həmin qurban ziyarətgaha aparılır, qaydalara uyğun kəsilir, dualarla paylanılır. (Bu, niyyətdən asılı olaraq evdə də icra oluna bilir). Qurban verən(lər) öz niyyətləri naminə dua edirlər. Beləliklə, qurbanvermə ritual konsepti kimi bütünlükdə canlı mərasimi davranış kompleksini nəzərdə tutur.



Qurbanvermə – folklor konsepti kimi, birbaşa canlı qurbanvermə mərasiminin özünü deyil, onun bədii mətndəki obrazını nəzərdə tutur. Yəni epik folklor mətn­lərində qurbanvermə ilə bağlı çoxlu süjetlər var. Bu süjetlərin kəmiyyəti və da­vam­lılığı onları ayrıca qurbanvermə motivi kimi səciyyələndirməyə tam imkan verir.

Motiv, ümumiyyətlə, süjetin sabit, təkrarlanan formuludur. Eyni, oxşar sü­jet hissələri vahid qəlibdə birləşərək tək bir motivi yaradır. Bu cəhətdən, gerçəklik hər bir motivdə süjetin konkret bir formulu kimi modelləşir. Yəni gerçəklik süjetdə ini­kas olunur, buna uyğun olaraq süjetin hər bir motivi də gerçəkliyin tarixi-mədəni spesi­fikasını bədii söz kodu ilə özündə inikas edən qəlib-vahid, məna vahidi kimi çıxış edir.

A.Zaxarkin yazır ki, motiv təhkiyənin ən kiçik mənalı komponentini, bədii əsər süjetinin ən sadə tərkib hissəsini bildirən termindir (14, 226).

B.N.Putilov motiv termininin folklorşünaslıqda bir neçə mənada işləndiyini göstərir: “Bunlarda biri “süjetin toxumu”, “süjeti yaradan formul”dur (“ər öz arvadının toyunda”, “atanın oğulla vuruşması””, “ilanla vuruş” tiplərində olduğu kimi). Motiv bu mənada “süjet mövzusu” anlayışı ilə üst-üstə düşür və müasir araşdırmalarda, haqlı olaraq, bu anlayışla əvəz olunur. İki digər məna isə istənilən folklor süjetinin mütləq elementi, folklor təhkiyəsinin tipik vahidi olan motiv termininin müxtəlif səviyyələrinə aiddir. Motiv invariant səviyyəsində – stereotip, vəziyyətlərin, kolloziyaların, hadisələrin, hərəkətlərin, xarakteristikaların sxematik ümumiləşməsidir (məsələn, “möcüzəli doğuluş”, “silah əldə edilməsi”, “deyiklinin axtarışı”, “yuxu-öncəgörmə”, “sehrli əşyaların alınması”, “bacı-qardaş inçesti”. Motiv ayrı-ayrı mətnlər səviyyəsində – stereotipin, sxemin gerçəkləşməsidir. Müasir elmdə motiv termininin bu iki səviyyəsini fərqləndirmək məqsədi ilə birinci səviyyə üçün “motifema”, ikinci səviyyə üçün “allomotiv” terminləri təklif olunur (15, 83-84).

İnvariant – variantları birləşdirən, onların hamısını ümumiləşdirən sxem-variantdır. Göründüyü kimi, qurbanvermə bu motivin olduğu folklor mətnləri üçün invariant-sxem, yəni motifemdir. Bu motiv ayrı-ayrı mətnlər, konkret süjetlər səviy­yəsində isə allomotivdir.

Qurbanvermə folklor konsepti kimi canlı qurbanvermə hadisəsinin özünü deyil, onun bədii obrazını nəzərdə tutsa da, onun qurbanvermənin ritual-mifoloji semanti­kasının öyrənilməsi baxımından heç nə ilə əvəz olunmayacaq rolu var. Belə ki, qur­banvermə canlı mərasim hadisəsi kimi bütün hallarda müasirdir. Yəni bu adətin kö­künün tarixin hansı dərinliklərinə gedib çıxmasından asılı olmayaraq, o, hər dəfə icra olunduqca müasirləşir. Bu baxımdan müasir qurbanvermə aktları bu adətin mənşəyini öyrənmək baxımından az material verir. Folklor mətnlərində isə artıq unudulmuş, tarixin dərinliklərində izini itirmiş bir çox qədim ritualların təsvirinə rast gəlmək mümkündür. Bu cəhətdən, “Kitabi-Dədə Qorqud” eposunda, “Oğuznamə” dastanının variantlarında bu gün icra olunmayan, lakin qədim çağlarda aktual olmuş ritualların təsvirlərinə rast gəlirik. Bu, bizə bir tərəfdən xalqımızın qədim ritual mədəniyyətini öyrənməyə imkan verdiyi kimi, o biri tərəfdən qurbanvermə motivinin arxaik ritual-mifoloji semantikasının öyrənilməsi üçün böyük imkanlar açır.

“Qurbanvermə” konseptinin ritual-mifoloji strukturu və funksional semanti­kasının öyrənilməsi baxımından qurbanvermə ritualı ilə onun bağlı olduğu kult siste­minin funksional münasibətlərinin tədqiqi böyük əhəmiyyət kəsb edir. Qurban, qurbanvermə bütün hallarda kult-inanc sistemi ilə bağlıdır. Bu bağlılığı öyrənmədən qurbanvermə öz əsasından ayrı düşərək, havadan asılı qalır.

N.S.Avtonomova yazır ki, “epistema” biliyin ümumi məkanı, “varlıq qayda­sının” təsbit etmə üsulu, “əşyalar” və “sözlər” arasındakı birbaşa nəzərlərdən gizlin qalan münasibətlər şəbəkəsidir (1, 30).

Bu cəhətdən “qurbanvermə” konseptinin ritual-mifoloji strukturu və funksional semantikasının öyrənilməsi “qurban” və “kult” anlayışlarını epistemoloji müstəviyə gətirməyi, həmin anlayışlarla onların işarə (əhatə) etdiyi məna sahələri arasındakı əlaqələri tədqiq etməyi tələb edir.

Qurban” – ərəbcə olub, mənası yaxınlıq deməkdir. “Əqraba”, yəni qohumluq sözü də bu kökə bağlanır. Qurbanvermə konseptinə bu kontekstdə yanaşdıqda qurban­vermə qurban vasitəsilə yaxınlaşma, qohumlaşma, birləşmə, doğmalaşma deməkdir. “Qurban”ın epistemoloji təhlili ilə üzə çıxan bu mənası müasir dövrdə bizə tam an­la­şıl­maz təsir bağışlayır. Biz qurban verməklə kimə və necə yaxınlaşır, yaxud kimlə və nə üçün qohum-əqraba oluruq?

Lakin bu, qurbanvermə konseptinin ritual-mifoloji semantikasının ən qədim və ilkin mənalarındandır.

Kult – hərfən “pərəstiş” anlamındadır. Qurban, qurbanvermə bütün hallarda müəy­yən kult sistemi ilə bağlıdır. Yəni buna psixoloji cəhətdən ehtiyac duyan şəxs müəyyən müqəddəsin adına qurban deyir və qurbanı aparıb həmin müqəddəsin adı ilə bağlı ziyarətgahda kəsirlər. Beləliklə, qurban və qurbanvermə bütün hallarda müəyyən kultla bağlıdır. Kult-pərəstişin obyekti indi daha çox seyidlərin, imamzadələrin, öv­li­yaların məzarlarıdır. Lakin Azərbaycanda ağac, daş pirləri, yaxud müəyyən hey­van­ların (ilan, xoruz, dovşan və s.) adları ilə bağlı pirlər, ocaqlar da vardır ki, bunlar qədim arxaik-mifoloji görüşlərlə bağlıdır.

Qurbanvermə ritual-mərasim hadisəsi kimi canlı prosesdir. Qurbanvermədə funk­sional struktur, yəni ritual mexanizminin işləmə prosesi baxımından üç element əsasdır:



Birincisi, qurbanvermənin subyekti:

Qurbanvermənin subyekti bu aktın səbəbkarıdır. Qurbanın verilməsi üçün o, kimsə tərəfindən hökmən niyyət edilməlidir.



İkincisi, qurban:

Qurban müəyyən bir heyvandır. Lakin hər bir heyvan qurban verilə bilməz. Müasir dövrdə qurban heyvanları islam şəriəti əsasında müəyyən edilir. Lakin qədim­lərdə müxtəlif heyvanlar, hətta insanlar belə qurban verilmişdir.



Üçüncüsü, qurbanın kultu:

Hər bir qurban müəyyən müqəddəsin adına niyyət edilir və qurbanvermə, əsa­sən, həmin müqəddəsin adı bağlı məkanda (ziyarətgahda) həyata keçirilir.

Əlbəttə, qurbanvermənin funksional strukturuna başqa elementlər də daxildir. Məsələn, qurban nədən, yaxud kimdən ötrü verilir. O, kiminsə sağalması naminə də verilə bilər, yaxud hansısa problemin aradan qalxması naminə də. Lakin bütün qalan elementlər bu üç əsas funksional elementlər ətrafında düzülür.

Qurbanvermə ilk növbədə mərasimdir. O, Azərbaycan xalqı arasında bu gün çox aktual olan sosial-mədəni davranış formalarından biridir. Bu cəhətdən Azərbaycan folklorunda qurbanvermə motivinin ritual-mifoloji semantikasının tədqiqi problemi ilk növbədə mərasim folkloru müstəvisinə gətirməyi tələb edir.

Azərbaycanın müxtəlif yerlərində ağac pirləri vardır. Bu pirlərə, əsasən, uşağı olmayan qadınlar gedirlər. Onlar burada özünü ağaca sürtür, nəzir qoyaraq, yaxud qurban kəsərək Allahdan övlad diləyirlər. Bu mərasimin əsasında ağac kultu durur. Qadınların özünü ağaca sürtməsi ağacın qədim mifoloji inanclarda kişi başlanğıcı şəklində təsəvvür olunduğunu göstərir.

R.Əlizadə yazır ki, ağac kultu türk etnik-mədəni ənənəsində ana və ata başlanğıc kimi dəyər qazanmış və bilavasitə ağac obrazı Azərbaycan folklorunda çox geniş yayılmışdır (4, 49).

Ağac haqqında mifləri təhlil edən müəllif yazır: “Bu miflərin poetik struk­turun­da ağacların antropomorflaşması, o cümlədən insanların, xalqların onlardan törəməsi aydın şəkildə görünür. Miflərdən ağacı iki funksiyada müşahidə edirik:

1. Ağac – dünya modeli rolunda.

2. Ağac – əcdad rolunda.

Hər iki funksiya bir-biri ilə bağlıdır. Ağacın dünya modeli funksiyasını yerinə ye­tirməsi onun ilkin mifoloji kosmoqoniyada – dünyayaratmada iştirakı deməkdir. Bu da onun əcdad funksiyasını şərtləndirir. O, bir kosmoqoniya (yaradılış) elementi kimi, əs­­lində, vahid funksiyanı yerinə yetirir. Çünki yaradılış prosesini modelləşdirmək (dün­­ya modeli rolunu yerinə yetirmək) elə kosmoqonik valideyn olmaq deməkdir” (4, 51).

Azərbaycanın müxtəlif yerlərində, əsasən, qayalıq yerlərdə daş pirləri vardır. Buraya da, əsasən, uşağı olmayan qadınlar gəlir, nəzir-niyaz edir, yaxud qurban kəsə­rək Allahdan övlad diləyirlər. Qadınlar piri ziyarət edərkən daşın oyuğundan keçir, yaxud özlərini daşa sürtürlər. Bunun da əsasında daş kultu durur. Daş burada kişi başlanğıcı rolunu oynayır.

Ümumiyyətlə, Azərbaycanda çoxlu sayda ziyarətgahlar, ocaqlar, pirlər vardır. Bunlar böyük əksəriyyəti imamzadələrin, məşhur seyidlərin, övliyaların məzarları üzə­rin­də qurulmuş ziyarətgahlardır. Qurbanvermə bu məkanlar üçün xarakterikdir. Tədqi­qat göstərir ki, bu məkanlardakı qurbanvermə öz arxaik ritual-mifoloji semantikası baxımından əski əcdad kultları haqqında təsəvvürlərlə bağlıdır.

Qurbanvermə motivinin qorunub qaldığı və daha işlək olduğu folklor janrlarının böyük bir qismi paremioloji vahidlər adlanır. Paremilər “deyim” mənasında işlənən qəlib ifadələrdir. Dilimizdə çoxlu deyimlər vardır ki, onlar bu və ya digər şəkildə qurbanvermə ilə bağlıdır. Onların ümumləşdirilməsi qurbanvermənin arxaik ritual-mifoloji semantikasını aşkarlamağa imkan verir.

Tədqiqatlar göstərir ki, Azərbaycan dilində bu gün işlək olan “başına dö­nüm”, “qurban olum” kimi deyimlər qədim qurbanvermə mərasiminin izlərini özün­də saxlayır. Məsələ burasındadır ki, başa fırlanmaq qurbanvermə mərasiminin əsas aktlarından biridir. Məsələn, bir xəstəyə qurban deyilərkən nəzərdə tutulan hey­va­nı xəstənin başına fırladıb kəsirlər. Yaxud indi də bəziləri bir sədəqə ve­rər­kən onu başına fırladıb verir. Bir obyektin digər obyektin başına fırladılması fırla­dı­­lan obyektin qurban verilməsini bildirir. Uşaqlar başqalarının başına fırlananda böyüklər bu səbəbdən narahat olurlar ki, uşaq qurban gedər. Qurbanvermə ilə bağlı bu akt Azərbaycan dilinin deyimlər (paremilər) fondunun ən işlək ifadəsidir. Xüsu­si­lə körpə uşaqlarla ünsiyyətdə olan azərbaycanlılar gün ərzində çox sayda “başına dönüm” ifadəsindən istifadə edirlər. “Başına dönüm” ifadəsinin qurbanvermə ilə bağ­lılığını həm də o fakt təsdiq edir ki, dilimizdə “başına dönüm” ifadəsi, əksər hal­larda “qurban olum” ifadəsi ilə birgə işlənir: “başına dönüm, qurban(ın) olum”, ya­xud əksinə.

Azərbaycan folklorunda qurbanvermə motivinin ritual-mifoloji semantikasının tədqiqində epik folklor mətnləri əvəzsiz material verir. Bunlarda qurbanvermənin arxaik şəkilləri və növlərinə rast gəlinir.

Milli folklorumuzda qurbanvermə motivinin arxaik şəkillərinin qorunduğu ən zəngin qaynaqlardan biri “Oğuznamə” eposudur. Bu epos iki silsiləyə ayrılır: oğuz­ların ulu əcdadı Oğuz kağan haqqındakı “Oğuznamə”nin müxtəlif variantları və “Kitabi-Dədə Qorqud”.

“Oğuznamə”də qurbanvermə Oğuz dövlətinin sosial, siyasi, ideoloji quruluşunu müəyyənləşdirən dövlət ritualı, ritual mexanizmidir. Məsələn, hər bir Oğuz tayfasının ərazisi, ov yerləri, siyasi, ictimai hüquqları onun qurultay ritualında kəsilən qurban ətindən aldığı ət payının heyvanın bədəninin harasından olması ilə müəyyənləşir.

“Kitabi-Dədə Qorqud”da qurbanvermə oğuzların sosial davranışlarının mühüm tərkib hissəsidir. Dirsə xan Allah yolunda kasıb-kusuba əl tutur, onları doyuzdurur, çoxlu qurbanlar kəsir, Allah da bunun müqabilində ona bir oğul verir. Beləliklə, qurbanvermə oğuz elində sosial tarazlığın bərpa vasitəsi kimi çıxış edir.

Nağıllarda qurbanvermənin bir sıra formaları ilə yanaşı, insanın da qurban verilməsinə rast gəlirik. Nağıllarda geniş yayılmış bir motivə görə, bir əjdaha şəhərə gələn çayın qabağını kəsir və insanların qabağında şərt qoyur ki, ona hər gün bir qız qurban verilməlidir. Əjdaha ayağa durub qızı yediyi müddətdə şəhərə su axır. O, qızı yeyib qurtarandan sonra yenə də çayın qabağını kəsir. Növbə gəlib şahın qızına çatır. Bu zaman qəhrəman şəhərə daxil olur, hadisədən xəbər tutur və əjdaha ilə döyüşə girərək, onu öldürür. Əjdahanın məhv edilməsi ilə ölməkdə olan cəmiyyət yenidən dirilir. Şəhər əhalisi (etnos) bir tərəfdən susuzluqdan, o biri tərəfdən qadınların tükənməsindən artıq məhv olmaq üzrə idi. Qəhrəman cəmiyyəti xilas edərək, ona yeni həyat verir. Burada qurbanvermənin əsasında ölüb-dirilmə mifi durur.

Əfsanələr qurbanvermənin müxtəlif şəkilləri ilə zəngindir. Tədqiqat göstərir ki, burada qurbanvermə yeni yaradılışa – kosmosun ölüb-dirilmə yolu ilə özünü yeni­ləməsinə xidmət edir. Məsələn, təqib olunan sevgililər tutulmamaq üçün özlərini qa­ya­dan atırlar. Sonradan həmin qayanın adı “Qanlı qaya” adlanır. Eləcə də suya atlarlarsa, “Qanlı göl” adlanır.

Burada oğlanla qızın bir-birlərini sevməsi – yeni kosmosun (dünyanın) başlan­ğıcı;

Onların təqib olunması – xaos (kosmik nizamın, ahəngin pozulması);

Sevgililərin özlərini qayadan atmaları – ölüb-dirilmə mexanizmi;

Yeni yer adının meydana çıxması – yeni kosmosun yaranmasıdır.



Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə