Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,76 Mb.
səhifə20/21
tarix13.11.2017
ölçüsü1,76 Mb.
#10293
növüXülasə
1   ...   13   14   15   16   17   18   19   20   21

DƏDƏ QORQUD ARENASINDA YENİ ƏSƏR

2016-cı ilin aprel ayında İstanbuldakı Boğaziçi yayınları tərəfindən folklorçu, dos. dr. Abdulqadir Əməksizin “Dədə Qorqudun paltosu” adlı əsəri işıq üzü görüb. Fol­­klorşünaslar və ümumən türk xalqları ədəbiyyatı ilə maraqlanan hər kəs üçün yazılan kitab, “ön söz”, “qısaltmalar”, “Krımlı Süleyman Sudi bəyin həyatı və əsər­lə­ri” adlı hissələrlə başlayıb, üç bölümdən (1. Dədə Qorqud anlatılarının türk das­tan kül­tü­rü içindəki yeri və önəmi”; 2. Bamsı Beyrək / Bəy Böyrək çeşidləmələri; 3. “Şah Qa­sım” hekayəsinin incələnməsi) ibarət olmaqla, “Şah Qasım” hekayəsinin mətni”, “so­­nuc və dəyərləndirmələr” qismi ilə sona çatır.

Tanınmış folklorçu ilk bölümdə dastan qavramı, türk dastanlarının kök bir­li­yin­dən bəhs etməklə Dədə Qorqud anlatılarının meydana çıxma məsələlərini təhlil edir və qorqudşünaslıqda ciddi aktuallıq əxz edən suallar irəli sürür. Nümunə olaraq “Mətnlər tarixlə nə dərəcədə əlaqəlidir?”, “Yaşanan tarixi olaylar və həqiqi tarixi şəx­siyyətlər mətnlərdə hansı ölçüdə yer almışdır?”, “Olayların yaşanma zamanı ilə şifahi və ya yazılı mətnlərdə yer almaları arasında nə qədər zaman fərqi vardır?” kimi suallar həm aktual, həm də elmi yönümlü suallardır. Qeyd edək ki, müəllifin irəli sür­düyü elmi suallara məhz elmi cavablar axtarması və bu sualların elmi analizlər yolu ilə “əridilməsi” ciddi təhlil kateqoriyasında yer alan xüsuslardandır.

A.Əməksizin yazdığı əsərdə diqqəti cəlb edən ana qayə, şübhəsiz, “Bamsı Bey­rək” boyunun bir variantı olaraq “Şah Qasım hekayəsi”nin təqdim edilməsidir. Krımlı Süleyman Sudi bəy tərəfindən yazılan və 1917-ci ildə Cəmiyyət kitabxanası tə­rə­findən çap edilən əsər 48 səhifədən ibarətdir. Və hazırda Atatürk Universitetinin mərkəzi kitabxanasında S.Özege salonu basma və yazma nadir əsərlər bölməsində 26277/SÖ arxiv nömrəsi və 0133806 “dəmir baş” nömrəsi ilə qeyd edilərək saxlan­maq­dadır.

A.Əməksiz kitabın üçüncü bölümündə “Şah Qasım hekayəsinin təqdimatı” qis­mində bu hekayənin çap olunmasından bir əsrdən artıq vaxt keçməsinə baxma­yaraq, araş­tırmaçıların diqqətindən uzaq qaldığı vurğulanmaqdadır. “Şah Qasım heka­yəsi”­nin qısa özətini çağdaş Türkiyə türkcəsində verən müəllif hekayənin strukturu, dili və üs­lu­bu üzərində durmaqdan əlavə, hekayənin qəhrəmanlarını, zaman və məkan ele­ment­lərini də təhlil süzgəcindən keçirərək, onun epizodik mətn incələnməsini də ger­çək­ləş­dirib. Kitabın üçüncü bölümündə diqqəti çəkən bir xüsus da Alpamış, Bam­sı Beyrək, Bəy Böyrək və Şah Qasım anlatılarının və ya hekayələrinin epizodik incə­ləməsini göstərən cədvəllərin tərtib edilməsidir.

Müəllif “Sonuç və dəyərləndirmələr” qismində Şah Qasım hekayəsinin qayna­ğı­nın mübahisəli olduğunu yazmaqla, eyni zamanda, “Şah Qasım”ın Bamsı Beyrək boyu və Bəy Böyrək anlatılarıyla struktur, tip, motiv və məzmun baxımından böyük bənzərliklər göstərdiyini qeyd edib. A.Əməksizin bu və digər elmi qənaətlərinə əsasən, biz də belə bir fikri rahatlıqla irəli sürə bilirik ki, “Şah Qasım hekayəsi”nin “Bamsı Beyrək” boyunun yeni variantlarından biri kimi qəbul edilməsi və bu boyun “Krım variantı” adı ilə irəliki folklor araşdırmalarında yer alması türk folklor dün­yasına ciddi bir qatqı olacaqdır.



Dr. Rövşən Əlizadə

İstanbul Aydın Universiteti

İtkilərimiz
ƏXMƏT SÖLƏYMƏNOV DÜNYADAN KÖÇDÜ

Və ya türk dünyası bir alimini də itirdi

Başqırdıstanın görkəmli folklorçusu, fi­lologiya elmləri doktoru, professor Əxmət Sö­ləy­mənovun 2016-cı il noyabrın 21-də dünya­sı­nı dəyişdiyi xəbərini Türkiyədəki dost­lar­dan eşitdim. Ailəsi ilə əlaqə saxladım. Fol­klor İns­ti­tu­tunun rəhbərliyi, kollektivi adından və ailəm adından başsağlığı verdim. Acı xəbəri belə tez, yəni ölümündən iki gün sonra, həm də Türkiyəli dostlardan eşitdiyim qızı Ley­sa­nın təəccübünə səbəb oldu.

Başqırdıstan Dövlət Universitetində eti­ka, estetika və dinlər tarixi kafedrasının mü­di­ri, fəlsəfə elmləri namizədi Leysan İtkulova Əx­mət bəyin üç övladının böyüyüdür. O, atası ilə bərabər AMEA Folklor İnstitu­tunun 2004-cü il martın 18-21-də keçirdiyi “Ortaq türk keç­­mi­şindən ortaq türk gələcəyinə” simpo­ziu­muna gəlmişdi. İnstitutu­muzun əməkdaş­larının bəzilərini yaxşı tanıyırdı, onlarla yazışır, tanıdığı adamlardan salam göndərirdi.

Leysan xanımla Türkiyədə keçirilən bir neçə simpoziumda da görüşmüşdüm. Görünür, məni əzizlərindən sayıb kövrəldi də. Atasını vəsiyyətinə uyğun olaraq doğul­duğu kənddə – Burzyan rayonundakı Nabi kəndində, ata-babasının yanında dəfn etdik­lərini söylədi. Sonra nə düşündüsə, “rəhbərlik atamın dəfnini yüksək səviyyədə təşkil et­di, Dövlət Dram Teatrının binasında vidalaşma törəni də oldu”, – dedi. Görünür, o, mə­nim Əxmət Söləymənov kimi istedadlı bir alimin Ufada, ictimai-siyasi xadimlərin, nü­fuzlu sənət adamlarının, alimlərin, yazıçı və şairlərin dəfn olunduğu qəbiristanlıqda bas­dırılmadığına üzüləcəyimi düşünüb “vəsiyyətinə görə kəndə apardıq” deyə təkrar­ladı.

Əxmət Söləymənovla (Axmet Suleymenov) ilk dəfə 1999-cu il martın 18-20-də Türkiyənin Elazığ şəhərində Fırat Universitesi Rektörlüğü, Atatürk Yüksek Kurumu, Atatürk Kültür Merkezi Başkanlığının birgə keçirdiyi “Türk dünyasında Nevruz Üçüncü Uluslararası bilgi şö­leni”ndə tanış olmuşduq. Uca və şux qamətinə milli geyimi, başındakı canavar dərisindən olan papağı xüsusi yaraşıq verirdi. Ona görə də simpozium iştirakçılarının əksəriyyətinin diqqətini cəlb edir, onunla birlikdə şəkil çəkdirməyə icazə istəyirdilər.

Mənim diqqətimi isə oxuduğu məruzəsi çəkdi. Onunla söhbət edərkən haqqın­da oxuduğum və yazmağı planlaşdırdığım başqırd ictimai-siyasi xadimləri, alim­ləri, yazı­çı və şairləri haqqında mənim üçün qaranlıq qalan məsələləri aydınlaş­dır­mağa çalışır­dım. Tatar-başqırd şairi, 1918-ci ildə Başqırdıstan Respublikasının qurul­masında bö­yük əməyi olan Şeyxzadə Babiçlə, “Şura” jurnalının (1908-1918) redaktoru və “Vakt” qəzetinin redaktor müavini işləmiş Fexrettin Riza ilə, “Qaliyə” mədrəsəsinin müdiri və “İslam məclisi” jurnalının redak­toru, böyük din alimi Ziya Kamalla, Bakıda keçirilən Birinci Türkoloji Qurultayın iştirakçısı Xaris Yumaku­lov­la, şair Məcid Qafuri ilə bağ­lı verdiyim suallar onun fikrə dalmasına səbəb oldu. “Türkiyədə məndən əsasən Zəki Vəlidi Toğan və Abdülqadir İnan haqqında, Azərbaycan, Türkmənistan, Özbəkistan və b. respublikalardan olanlar isə əsasən Mustay Kərimi, hərdən bir də Majit Qafurini, Seyfı Kudaşı, Xayrı Qaynanı xəbər alırlar. Siz isə elə insanları xəbər alırsınız ki, uzun illər onların adlarını çəkmək qadağan idi. Hələ indi də çoxları onların adları çəkiləndə yan-yörələrinə baxır”.

Bu qısa söhbət bizi bir-birimizə yaxınlaşdırdı. Həmin günlərdəki kiçik bir hadi­sə­ni də heç vaxt unuda bilmirəm. Simpoziumun proqramında adı və soyadı Ahmet Su­leymenov kimi yazıldığından mən də ona bu cür müraciət edirdim. O, mənə vizit kartını verərkən bir anlığa duruxdu, əlindəki karta baxıb geri qaytardı. Yenidən cibinə qoydu. Bir az ciblərini qurdalayandan sonra başqa bir vizit kartı çıxardı. Mənə verərkən də “ xahiş edirəm mənə müraciət edəndə, məktub yazanda burada yazılanlara əməl et” – dedi. Vizit kartını gözdən keçirəndə orada “Əxmət Möxəmmətvəli ulu Sö­ləy­­mənov” yazıdığını gördüm. Onda anladım ki, vermək istədiyi vizit kartını qaytarıb cibinə qoymasının səbəbi nəymiş. Onun əsas vizit kartında adı və soyadı Ax­met Suley­manov yazılmışdı. Sonralar görüşəndə də, məktub yazanda da həmişə onun istəyinə əməl edirdim.

Adətən şairləri, yazıçıları, alimləri əsərləri tanıdır. İlk tanışlığımızadək Əxmət Söləymənovun yaradıcılığı ilə tanış deyildim. Baxmayaraq ki, hər ikimiz SSRİ-də yaşamışdıq. Ölkədə çap olunan kitabların sayı çox olurdu. Həmin kitabların nüsxələri respublikaların, muxtar respublikaların, böyük şəhərlərin mərkəzi kitabxanalarına gön­də­­rilirdi. Mən isə onun nə məqalələrini oxumuşdum, nə də kitablarını görmüş­düm. Bu­nu etiraf edəndə Əxmət bəy qəribə bir təbəssümlə: “Biz bir-birimizi oxumağa ehti­yac duy­murduq, rus alimlərinin əsərlərini oxumaqla kifayətlənirdik. Azərbaycan, Özbə­kistan, Türkmənistan uzaqdır, yaxınlığımızdakı tatar folklorçularının da çoxunun əsər­lərindən xəbərsizik. Onlar da bizim yazdıqlarımızı oxumağa ehtiyac duymazdılar. Elə düşünərdik ki, ən yaxşısını, gərəklisini ruslar yazıb” – dedi.

Şəxsi tanışlıqdan sonra yaradıcılığını diqqətlə izlədim. Belə bir folklorçunu tanımadığıma görə özümü qınadım. Ufada Elmlər Akademiyasının nəşrə hazırladığı “Başkort xalq icadı” (Baş­qırd xalq yaradıcılığı) çoxcildliyinin redaksiya heyətinin üzvü olan Əxmət Söləymənov 1981-ci ildə həmin çoxcildliyin 4-cü cildinin tərtibçısı, ön söz və izahlarının müəllifi olub. Ardıcıl nəşr edilən bu möhtəşəm əsərin 18 cildi çap olunub. Onlardan 4-nü, yəni folklor nümunələri toplananları ya təkbaşına, ya da qoşa müəlliflə birlikdə hazırlayıb, ön söz və izahlar yazıb. 1987-ci ildə ona Baş­qır­dıstanın Salavat Yulayev adına Dövlət Mükafatını veriblər.

Əxmət Söləymənovla Elazığda tanış olduqdan sonra əlaqələrimizi möhkəm­ləndirdik. 2004-cü ilin martın 18-21-də Bakıda Folklor İnstitutunun keçirəcəyi İkinci “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” simpoziumuna müxtəlif ölkələrdən xeyli alim dəvət etmişdik. Əxmət Söləymənov nəinki özü gəldi, hətta qızı Leysanı da gətirdi. Hər ikisi məruzələrini oxudu. Onun “Başqırd eposu "Ural Batır"da "əbədi hə­yat sirrinin axtarışı" motivinin interpretasiya xüsusiyyətləri” mövzu­sunda oxuduğu mə­ru­zə diqqətçəkən oldu.

Milli geyimi isə yalnız iclas salonunda deyil, küçə və meydanlarda da diqqəti ona çəkirdi. Biz də necə deyərlər ona “borclu qalmamaq üçün” anadan olmasının 65 illiyi münasibətilə kiçik bir məclis də düzəltdik. Baxmayaraq ki, yubileyindən üç gün keçmişdi.

İnstitutumuzla sıx əməkdaşlıq edən, keçirdiyimiz simpoziumlara maddi imkanı olan­da gələn, imkanı olmayanda təbrik məktubu göndərən Əxmət Söləymənov hər gə­ləndə kitabxanamıza da xeyli kitab bağışlayırdı.

Əxmət Söləymənov 1939-cu il martın 15-də Başqırdıstandakı Böryәn (rus di­lin­də Burzyan kimi yazırlar – Ə.Ş.) rayonunun Nəbi kəndində (xalq arasında Bəy­ğəmbər deyilən bu aulu ruslar Nabievo kimi yazırlar – Ə.Ş.) kasıb bir ailədə doğul­muşdur. İlk təhsilini kəndlərindəki məktəbdə almış, sonra rayon mərkəzindəki orta mək­təbdə oxu­malı olmuşdur. 1957-ci ildə orta məktəbi bitirdikdən sonra kolxozda işlə­mək məcbu­riy­yətində qalmışdır. 1958-ci ildə hərbi xidmətə çağırılmış, diribaş­lı­ğı­na görə onu tank­çılar hazırlayan kursa yazmışlar. Hərbi məktəb bitirməsə də, ali təh­si­li olmasa da, ona zabit rütbəsi vermiş və tank komandiri təyin etmişlər.

1961-ci ildə əsgəri xidmətini başa vurub kəndlərinə dönmüş və həmin il Ufadakı Başqırdıstan Dövlət Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuşdur. Ali məktəbdə oxuyarkən tələbələr arasından seçilmiş, 1964-1965-ci illərdə təhsilini dayan­dırıb kəndlərindəki səkkizillik məktəbdə müəllim işləmişdir.

1967-ci ildə Universiteti bitirdikdən sonra yenə də kəndlərinə dönmüş, kənd səkkizillik məktəbində müəllim işləmiş, folklor toplamış, aspiranturaya qəbul olun­muşdur. 1972-ci ildə onu Başqırdıstan Dövlət Universitetində başqırd dili və fol­klo­run­dan dərs deməyə dəvət etmişlər. 1973-cü ilin fevralında isə yazdığı disserta­siyanı müdafiə edərək “10.01.09 – folklorşünaslıq” ixtisası üzrə elmlər namizədi elmi dərə­cə­si almışdır.

1973-1991-ci illərdə universitetdə dərs deyən Əxmət Söləymənov əsasən peda­qoji fəaliyyətlə məşğul olub. Özünün dediyi kimi, “həmin illərdən ona elmi fəa­liyyət adına yazdığı beş-on məqalə, 1991-ci ildə Moskvada Lomonosov adına Uni­versitetdə müdafiə etdiyi "Başqırd məişət nağıllarının janr özünəməxsusluğu" (1990-cı ildə dis­ser­tasiyası əsasında yazdığı monoqrafiya Ufada rus dilində kitab kimi nəşr edilmişdir – Ə.Ş.) mövzusunda doktorluq dissertasiyası, bir də Başqırdıstan Respubli­kasının Əməkdar Mədəniyyət İşçisi fəxri adı qalıb”. 1994-cü ildə isə Moskvadakı “Na­u­ka” nəşriyyatı onun “Başqırd xalq məişət nağılları: süjet repertuarı və poetika” “Башкир­ские народные бытовые сказки: сюжетный ре­пертуар и поэтика” kitabını çap edir.

Əxmət Söləymənov ciddi elmi fəaliyyətlə Sovetlər Birliyi çökdükdən sonra məş­ğul olub. Elə həmin il Rusiya Federasiyası Elmlər Akademiyasının Macit Qafuri adına Tarix, Dil və Ədəbiyyat İnstitutunun folklor və incəsənət şöbəsində müdir kimi işə başlayıb, dosent seçilib. Gənclik illərində yazdığı, topladığı, lakin çap etdirə bilmədiyi əsərlərinin üzərində yenidən işləyərək dalbadal nəşr etdirməyə başlayıb. 1997-ci ildə “Nağılda həqiqət”, 1998-ci ildə “Yumoristik xalq nəsri”, 1999-cu ildə R.Rajapovla birgə yazdığı “Başqırd xalqının arxaik eposu”, 2000-ci ildə L.Baraq ilə birgə yazdığı “Başqırd folklorunun təhkiyə janrları”, 2001-ci ildə “Möcüzənin mənbəyi”, 2002-ci ildə “Hesabını bilən qədirbilən olar” kitablarını nəşr etdirib.

2003-cü ildə isə üç kitabı – “Yolumuz hayanadır?”, “Ayıq-sayıq olaq” və “Şairi ulduzlar işıqlandırdı: şair Rif Mitxatovun ədəbi portreti” kitablarını çap etdirib.

Folklorla bağlı “Başqırd xalq novellası” (2005), Q.Xusainov və M.Nader­qu­lov­la birgə yazdığı “Yazılı dastanlar” (2006), “Akmullanın soydaşlarının – minlərin folklo­ru” 1-ci hissə (2006), “Uşaq oyun folkloru”(2007), “Bizim epik abidələr” (2007), “Məhəbbət dastanları” (2007), qızı Nərgiz Xubiddinova ilə birgə hazırladığı “Akmul­lanın soydaşlarının – minlərin folkloru. 3-cü hissə” (2008), yenə Nərgiz Xubiddinova ilə birgə hazırladıqları “Başqırd uşaq təhkiyə folkloru. 3-cü hissə” (2008) kitablarını nəşr etdirib.

Əxmət Söləymənov ictimai-siyasi işlərdə də fəal olmuş, zamanında baş verən hadisələrə münasibətini yazıları və radio-televiziyadakı çıxışları ilə bildirmiş, başqırd­ların müasir yazılı ədəbiyyatı haqqında dəyərli əsərlər yazmışdır. Bunu onun aşağıda adını çəkdiyimiz əsərlərinin timsalında aydın görə bilərik: “Seçkilər haqqında düşün­cələr” (2004), “Ölkəmizin sevinci – xalq şairi Mustay Kərim haqqında esse” (2007), “Üç möcüzə: M.Akmulla, Ş.Babiç yaradıcılığının folklorizminə dair və xalq şairi Mustay Kərim haqqında esse” (2009), Nərgiz Xubiddinova ilə birgə yazdığı “Ədəbi əsərlərin təhlil yolları” (2012) və s.

Əxmət Söləymənovun Türkiyəyə, Azərbaycana sevgisi tükənməz idi. Hərdən də təəssüf­lənirdi ki, sərhədlərin açılması, SSRİ-nin dağılması onun yaşlı vaxtına düşdü. Türkiyə türkcə­sində yazmağı öyrənə bilmədi. Gah da övladlarından, tələbələrindən gileylənirdi. Deyirdi ki, onlar Türkiyəyə getməyə çox can atırlar, gedəndə də oradan geri dönmək istəmədiklərini bildirir­lər. Amma cavan olsalar da, Türkiyə türkcəsini öyrənməyə o qədər maraq göstərmirlər. İngilis dilini daha həvəslə öyrənirlər, nəinki Türk dilini. Bu da Rusiyada 300 ildə türklərin əleyhinə aparılan təbliğatın nəticəsidir. Hamımız rus dilində təhsil alırıq. Onun təsirindən çıxmaq çox çətin olur. Bunu mən azərbaycanlı, özbəkistanlı, türkmənistanlı aydınlar arasında da müşahidə et­mi­şəm. Onların milli məktəblərində oxuyanlarında rusdilli məktəblərdə oxuyanlarla müqa­yi­sədə türklük sevgisi daha çoxdur.

Başqırd folklorunu, tarixini, ədəbiyyatını ümumtürk folklorunun, tarixinin və ədəbiyyatının bir hissəsi hesab etsə də, yazılarında bu ruhu hiss etmirdim. Bir dəfə bu­nun səbəbini soruşduqda: “Sizə nə var ki! Müstəqil bir ölkənin vətəndaşısınız. Mə­nim içimdə hələ də “pantürkist” adlan­dırıl­maq qorxusu qalır”.

Səmimiyyətinə görə ona Türkiyədə məqalələr nəşr etdirməsinə, konfranslara get­mə­sinə köməklik edirdik. Məqalə və məruzələrini, tezislərini beynəlxalq standart­lar­da hazırlanmasına yardımçı olurduq.

Mülayim, uyumlu və yumşaq xasiyyətli idi. Qəti sərt mövqe nümayiş etdirməz­di. Sərt mövqe nümayiş etdirənlərdən acığı da gəlməzdi, əksinə, onlara sayqısını bil­dirirdi. Deyirdi ki, mənim içimdən keçənləri onlar deyir. Mənim düşündüklərimi onlar dilə gətirirlər.

Görünür, elə uyumlu və barışdırıcı davranışına görə elmi və pedaqoji fəaliyyə­tin­­dəki uğurları nəzərə alıb 1997-ci ildə ona Başqırdıstan Respublikasının “Əməkdar Elm Xadimi”, 1999-cu ildə Başqırdıstan Respublikasının “Təhsil Əlaçısı”, 2006-cı ildə Rusiya Federasiyasının “Əməkdar Elm Xadimi” adlarını vermişdilər. Onun təltif­ləri sırasında 2004-cü ildə aldığı “Cəlil Kiakbayev” adına, 2009-cu ildə aldığı “Mifta­xetdin Akmulla” adına mükafatlar da vardır. İkinci mükafatı o, Miftaxetdin Akmulla əsərlərinin tərtibinə, kitaba yazdığı izahlar və ön sözə görə almışdır.

1991-2002-ci illərdə Rusiya Elmər Akademiyası Ufa Elm Mərkəzinin Tarix, Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri işləyən Əxmət Söləymənovu Ümumdünya Başqırdları Qurultayı İcraiyyə Komitəsinin sədri seçirlər. Dörd il bu vəzifəni ləyaqətlə yerinə yetirdikdən sonra 2006-cı ildə Miftaxetdin Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universitetinin Başqırd Ədəbiyyatı və Mədəniyyəti kafedrasına müdir seçilir. Burada işləyərkən “Folklor mərkəzi” yarada bilir və ona da rəhbərlik edir.

30-a yaxın monoqrafiya, 400-ə yaxın elmi məqalə, orta və ali məktəblər üçün 40-a yaxın metodik vəsait çap etdirən Əxmət Söləymənov bədii yaradıcılıqla da məş­ğul olduğuna görə onu Başqırdıstan və Rusiya Fedarasiyası Yazıçılar Birliyinə üzv seçmiş­dilər.

Türkiyədə nəşr olunan türk xalqlarının folkloru ilə bağlı kitabların Başqırdıstan folkloru və ədəbiyyatı bölümünün müəlliflərindən biri olan Əxmət Söləymənovun Tür­kiyə alimləri arasında nüfuzu böyük idi. Azərbaycana böyük sevgisi olan folklor­çu-alimin Başqırdıstandakı Azərbaycan diasporuna qayğı göstərdiyi, hər yerdə Azər­bay­canla bağlı qürurla danışdığı xəbərləri bizlərə də gəlib çatırdı. Alim Azər­baycanla Baş­qırdıstan arasında əlaqələrin inkişafı üçün əlindən gələni əsir­gəmirdi. Başqırd alim­lərinin elmi məqalələrinin Azərbaycanda nəşrinə, elmi ad almaq istəyən alimlərin dis­ser­tasiyalarına azərbaycanlı alimlərin rəy yazmasına, eləcə də, azərbaycanlı alim­lərin əsərlərinin Başqırdıstanda çapına, dissertasiyalarına elmi rəy verilməsinə kömək etməyə çalışırdı.

O, elmi-pedaqoji fəaliyyətlə, ədəbi-bədii yaradıcılıqla məşğul olmaqla, ictimai iş­­lərə zaman xərcləməklə yanaşı, vətən və millət üçün gərəkli övladlar da tərbiyə edib bö­yütmüşdür. Belə ki, böyük qızı Leysan İtkulova fəlsəfə elmləri namizədidir. Hazırda Baş­qırdıstan Dövlət Uni­versi­tetinin etika, estetika və dinlər tarixi kafedrasına rəhbərlik edir. Kiçik qızı, filologiya elmləri doktoru Nərgiz Xubiddinova Rusiya Federasiyası Elm­lər Aka­demiyası Ufa Elmi Məkəzində aparıcı elmi işçisidir. Oğlu Cəlil Söləy­mə­nov Başqırdıstan Respublikası Rəssamlar İttifaqı sədrinin mü­a­vinidir, Şeyxzadə Babiç adı­­na Respublika mükafatına layiq görülüb. Uzun illər Başqırdıstan radiosunun Musiqi re­daksiyasına rəhbərlik etmiş xanımı Faniya Bay­­qi­diyeva xalq artisti adını almış və Baş­­qırdıstan Respublikasının Şaqit Xudayberdiyev adı­na mükafatına layiq görülmüş­dür.

Ufada anadan olmasının 75 illik yübileyi keçiriləndə AMEA Folklor İnstitutu onu təbrik et­miş­dir. Bu təbrik yalnız Əxmət Söləymənovu və ailəsini sevindirməmişdi. Başqırd alimləri və zi­yalıları arasında ruh yüksəkliyi doğurmuşdu.

O, Azərbaycanda İlkin Rüstəmzadənin “Azərbaycan nağıllarının süjet kataloqu ha­zır­­la­ma­­­sı­na sevinirdi. Deyirdi ki, kaş türk xalqlarının nağıllarının belə bir kataloqu ha­zırlanmış olay­­­dı. San­ki ömür vəfa etməyəcəyini duymuşdu. Yetirmələrinə Tatar-Baş­qırd nağıllarının sü­jet kata­loqunu hazırlamağı tapşırmışdı.



AMEA Folklor İnstitutunun tövsiyəsi ilə Əxmət Söləymənov yeni nəşrə baş­layan “Tür­ko­­lo­giya” jurnalının redaksiya heyətinə daxil edilmişdir. Ondan sonun­cu məktubu sent­yabrın 15-də almışdım. Xahiş edirdi ki, “Türkologiya” jurnalının nəşr olunan saylarını ona göndərim. Ney­­lə­yək ki, ömür vəfa etmədi. “Türkologiya” jurnalı­nın ilk sayını ala bilmədən dünyadan köç­dü.
Əli Şamil

26.11.2016

REDAKSİYAYA TƏQDİM OLUNAN YAZILARIN

NORMATİV QAYDALARI
1. Elmi-ədəbi toplumuz “Dədə Qorqud kitabı”nın poetika, mətnşü­naslıq, ideya-məzmun problemlərinin tədqiqi istiqamətində aparılan və folklorun müx­təlif elmi-nəzəri, praktik məsələlərini əhatə edən, heç yerdə çap olunmamış yük­sək elmi səviyyəli araşdırmaları və eləcə də yazıya alın­mış yeni folklor nü­mu­­nə­lə­rini çapa qəbul edir.

2. Məqalələr Azərbaycan dilində qəbul olunur.

3. Redaksiyaya təqdim olunan məqalələrin həcmi 15 səhifədən artıq olma­ma­lıdır.

4. Redaksiyaya təqdim olunan məqalələrdə müəllifin adı, soyadı, iş yeri və e-mail ünvanı göstərilməli, xülasə və açar sözlər verilməlidir.

5. Xülasə 100, açar sözlər 10 sözü keçməməlidir.

6. Şəkillər, rəsm, not, qrafik və cədvəllər çapda düzgün, aydın çıxacaq vəziyyətdə olmalıdır.

7. Sonda göstərilən elmi ədəbiyyat və mənbələr məqalənin içə­ri­sin­də kod­laş­dırılmalıdır.

8. Məqalələr, xülasə və açar sözlər Winword proqramında, Times New Ro­man şrifti, 14 punto böyüklüyündə yazı tipi ilə yazılaraq diskdə və A4 vərə­qin­­də təqdim olunmalıdır.


MÜNDƏRİCAT
Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar

Sədaqət HƏSƏNOVA. “KİTABİ-DƏDƏ QORQUD” DASTANI

DİLİMİZİN HİKMƏT XƏZİNƏSİDİR 3

Nailə ƏSKƏR. “KİTABİ-DƏDƏ QORQUD” ABİDƏSİNİN NƏŞRİ VƏ

BİBLİO­QRA­FİYASI TARİXİNƏ BİR NƏZƏR 8

Aygül QURBANOVA. V.M.JİRMUNSKİ VƏ “KİTABİ-DƏDƏ

QORQUD”UN POE­TİK FORMASI 15
Folklorşünaslıq: problemlər, tədqiqlər

Muxtar KAZIMOĞLU – İMANOV. MƏRASİMLƏR: MİLLİ-MƏDƏNİ

MÜXTƏ­LİF­LİK VƏ ORTAQLIQ 20

Ali Berat ALPTEKİN. AZƏRBAYCAN VƏ TÜRKİYƏ XALQ NAĞIL,

ƏFSANƏ VƏ ATALAR SÖZÜNDƏ BOZQURD 26

Təyyar SALAMOĞLU. EPOSDAN ROMANA DOĞRU (“Qarlı aşırım”da

epos ənənələri). II yazı. At kultu: eposda və romanda 32

Osman ƏFƏNDİ. «ƏSLİ VƏ KƏRƏM» – DASTANINDA «ÜLVİ

MƏHƏBBƏT» ANLAYIŞININ FƏLSƏFİ MAHİYYƏTİ 44

Nizami MURADOĞLU. KİTABİ-DƏDƏ QORQUD” VƏ

HEYDƏR ƏLİYEV FENOMENİ 50

Dəyanət CÜMƏNOV. OBA İNAMININ MAHİYYƏTİ VƏ TƏDQİQİ 57

Aynur CƏLİLOVA. FOLKLORDA KEÇƏL OBRAZI 65

Ülkər ƏLƏKBƏROVA. TÜRK VƏ MONQOL XALQLARININ

İNANCLARINDA KUT, Y/ÇULA, SUR RUHLARI 73

Vəfa İBRAHIMOVA. BÖYÜK BRİTANİYA XALQLARINDA YAS

MƏRASİM­LƏRİ İLƏ BAĞLI ADƏT ƏNƏNƏLƏR VƏ İNANCLAR 90

Ləman VAQİFQIZI (SÜLEYMANOVA). BAYATI ŞƏKLİNDƏ DEYİLƏN

LAYLALAR 96

Nail QURBANOV. QƏDİM TÜRK DASTANLARINDA MİFOLOJİ

DÜNYA­GÖ­RÜŞÜN ƏKS OLUNMASI MƏSƏLƏLƏRİNƏ BİR NƏZƏR 104

Xuraman KƏRİMOVA. XX ƏSRƏ QƏDƏR AZƏRBAYCAN FOLKLORUNUN TOPLANMASI, SİSTEMLƏŞDİRİLMƏSİ VƏ NƏŞRİ HAQQINDA 109

Dürnisə SƏFƏROVA. FOLKLORŞÜNASLIQDA KONTAMİNASİYA

HADİSƏ­SİNƏ ÜMUMNƏZƏRİ BAXIŞ 115

Günel HÜSEYNOVA. XALQ LİRİKASI VƏ ÇAĞDAŞ POEZİYADA

QIŞ, PAYIZ TƏSVİRLƏRİ 128

Aydın MUSTAFAYEV. AZƏRBAYCANDA AĞAC PİRLƏRLƏ BAĞLI

İNANCLAR 137

Sevda KƏRİMOVA. MÜSTƏQİLLİK DÖVRÜNDƏ FOLKLOR VƏ

QANUN­VE­RİCİLİK MƏSƏLƏLƏRİ 143

Gülnar OSMANOVA. ÇAĞDAŞ AZƏRBAYCAN NƏSRİNDƏ

MÖCÜZƏLİ DO­ĞU­LUŞ MOTİVİ 150

Sevinc ƏLİYEVA. FOLKLORDA QURBANVERMƏ MOTİVİ

PROBLEMİNİN NƏZƏRİ-METODOLOJİ VƏ RİTUAL-MİFOLOJİ ƏSASLARI 157

Əsmər ƏLİYEVA. AZƏRBAYCAN FOLKLORUNDA ÇEVRİLMƏ

MOTİVİ (Prob­lemin qoyuluşu) 166

Elnarə ƏMİRLİ. QUBADLI ZİYARƏTGAHLARI FOLKLORDA 175
Azərbaycan folklorundan yeni nümunələr

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə