Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,14 Mb.
səhifə19/27
tarix02.01.2018
ölçüsü2,14 Mb.
#19463
1   ...   15   16   17   18   19   20   21   22   ...   27
§ 5. Ala dağ – kosmoloji qatları

qovuşduran obraz/model

Qalın Oğuz bəyləri Qazanın başçılığı ilə ov etməyə Ala da­ğa çıxırlar. Ə.Tanrıverdi yazır ki, “Ala tağ” adı “Dədə Qor­qud”da yeddi dəfə işlənmişdir: “Arqurı yatan, Ala tağı dünin aş­­ğıl!” “Ala tağ” oronimik modelində “ala” sözü hündür mə­na­sın­dadır292. Demək, oğuzlar “hündür” (ala) dağa ova çı­xır­lar. La­kin Oğuz kosmoloji düşüncəsində “Hündür/Ala” dağ və orada ov edilməsi ritual-mifoloji arxetiplərlə bağlıdır. Diqqət edək:

– Ov xüsusi ritual rejimidir. Ovda olmaq Kosmosla Xao­su birləşdirən aralıq/məkanda olmaq deməkdir. Bu halda Ala dağ belə bir keçid məkanının obrazıdır. Lakin o, sırf keçid məkanı yox, həm də keçid məkanıdır.

– V.N.Toporovun yazdığı kimi, Dağın mifoloji funk­si­ya­sı çoxobrazlıdır. O, dünya ağacının transformasiyasının da­ha geniş yayılmış variantı kimi çıxış edir. Dağ daha çox dün­ya­nın obrazı, kosmik quruluşun bütün əsas element və gös­tə­ri­­cilərinin inikas olunduğu kainat modeli kimi qavranılır. O, dün­ya oxunun (axis mundi) keçdiyi mərkəzdə yerləşir. Dün­ya oxunun Dağın zirvəsindən keçməklə yuxarıya doğru uzan­ma­sı Qütb ulduzunu, aşağıya doğru uzanması isə aşağı dün­ya­ya, yeraltına girişin olduğu yeri göstərir293.

– Demək, Ala dağ kosmoloji qatları – Göyü, Yerüstünü və Yeraltını birləşdirən məkan/modeldir. Oğuz bəylərinin Ala da­ğa ova gəlmələri kosmoloji sxemin məntiqinə uyğundur. Ov aralıq – məkandır, Aralıq məkan – Ala dağda yerləşir.
§ 6. Yağmalamanın strukturu
Oğuz bəyləri ovda olarkən kafirlər Şöklü Məliyin baş­çı­lı­ğı altında Qazanın ordu/evinə hücum edib yağmalayırlar. Bu, mürəkkəb struktura malik epik kompleksdir. Burada bü­tün element və aktların süjetüstü və süjetaltı semantikası var. Bu da öz növbəsində bizdən yağmalama prosesini eyni za­man­da həm sintaktik bötüv və həm də onun tərkib hissələri şək­lində diqqətlə nəzərdən keçirməyi tələb edir.
§ 6.1. Xaosa xəbər yağmalamanın başlanğıcı kimi
Yağmalama xəbərlə başlayır. Bu xəbər olmasa, yağ­ma­la­ma başlamazdı: “Kafərin casusı casusladı. Vardı kafərlər ar­ğunı Şöklü Məlikə xəbər verdi”294.

Casusun verdiyi xəbər ritual-mifoloji kompleksin ka­fir­lər­lə bağlı funksional mexanizmlərini işə salır.

Casusun verdiyi xəbər epos materiyası baxımından həm də süjeti yaradır. Rüstəm Kamalın müəyyənləşdirdiyi kimi, xə­bərləşmə süjetyaradıcı mexanizmdir295.

KDQ-dəki “xəbərləşmə” mexanizmini davranış poe­ti­ka­sı və kommunikativ xronotop baxımından modelləşdirmiş R.Ka­mal göstərir ki, kafirin casusu Oğuz-Kafir dünyaları ara­sında dialoqu və kommunikativ hadisə yaradan xronotopik obrazl­ardan biridir. Casusun “işi” “casuslamaqdır”, sərhəd­dən, periferiyadan Mərkəzə (təkura) xəbər çatdırmaqdır296.

Bu cəhətdən kafirin casusunin funksiyası həm də anti­kosmik mediasiyadır. O, ritual-mifoloji strukturuna görə – me­diator, epik-mifoloji strukturuna görə – triksterdir. Trikster əks məkan, davranış tipi, psixologemləri özündə qovuşduran li­minal varlıqdır. Kosmosdan baxanda casus belə görünmür. La­kin dəyərlər şkalasına xaosa məxsus aksioloji dəyərləri “yük­­lədikdə” kafirin casusu trikster/mediator obrazında aş­kar­­lana bilir. R.Kamalın “Casusun “işi”... sərhəddən/peri­feri­ya­­dan Mərkəzə (təkura) xəbər çatdırmaqdır”297 imperativi ka­fi­rin casusu obrazını xaosoloji arxetiplər müstəvisində xaotik (an­tikosmik) trikster kimi dəyərləndirməyə imkan verir.

Kafirin casusu öz işini yerinə yetirmək üçün mediasya etməli, başqa sözlə, Kosmosla Xaosun sərhədini keçməlidir. R.Kamal yazır ki, “Kitabi-Dədə Qorqud”da sərhəd xronotopu bir-birilə bağlı olan, yaxud bir-birinin davamı olan məkanlar ara­sındakı münasibətləri müəyyənləşdirir. Sərhəd “özgə dünya”nın, kafir dünyasının mövcudluğunu və ya yaxınlığını bil­dirir, qəhrəmanın sosial statusunu dəyişdirən simvolik hü­dud­dur298 . Bu cəhətdən casusun kafir dünyasına “varması” onun xaosa adlaması deməkdir.

Kafirin casusu kosmoloji tipinə görə marginal varlıqdır. Yenə də R.Kamal yazır ki, eposun kommunikativ sistemində ço­banlar, ozan, casuslar və bəzirganlar xəbər daşıyıcıları kimi apa­rıcı mövqeyə malikdirlər. Bəzirganlar yad-özgə mə­kan­larla, uzaq məmləkətlərlə, yəni yol xronotopu ilə bağlı mar­ginal varlıqlardır299.

Beləliklə:

– Epos kafirlərin xəbər daşıyıcısını iki adla təqdim edir: “ka­fərin casusı” və “kafərlər arğunı”. S.Əlizadə göstərir ki, M.Kaş­­ğaridə “arquçı – iki adam arasında “araçı” olan” de­mək­dir300.

– Kafirin casusu “öz işini” (xəbər daşıyıcılığı/araçılıq) gör­məklə yağmalama mexanizmini işə salır.

– Yağmalama kafirlər tərəfindən həyata keçirilir.

– “Kafirlər” yad/özgə/düşmən dünyanın sakinləridir. Bu cə­hətdən Kosmosun yağmalanması xaoslular tərəfindən həyata keçirilir.
§ 6.2. Yağmalamanın icraçıları və onların

kosmoloji mənsubiyyəti
Kafirlər öz kosmoloji mənsubiyyətləri baxımından das­tan­da xüsusi vizual işarələrlə təqdim olunurlar: “Yedi bin qaf­ta­nının ardı yırtıxlu, yarımından qara saçlu, sası dinlü, din düş­məni alaca atlu kafər bindi yılğadı, dün burcuğında Qazan bə­gin ordısına gəldi”301.

Eposun kafirlərin görkəmini xüsusi təqdim etməsi tə­sa­düfi deyildir. Bu, təbii ki, oğuz epik təhkiyəsinə məxsis təsvir üsul­larından biridir. Lakin məsələnin semantikası ritual-mi­fo­lo­ji kontekstə bağlanır. Diqqət edək:



Kafirlərin başçısı: Şöklü Məlik;

Sayları: yeddi min;

Paltarları: arxası cırıq qaftan;

Saç düzümləri: kəsik qara saç;

Din-ideoloji mənsubiyyətləri: sası (murdar) dinli, din (is­lam dininin) düşməni;

Minikləri: alaca at;

Yağmanın zamanı: gecə yarısı.

Beləliklə:

– Kafirlər kosmoloji mənsubiyyəti etibarilə xaoslulardır. Xaos strukturuna görə Kosmosa əks dünyadır. Verilmiş təs­vir­də bu “əksliyin” izi işarələr şəklində qalmışdır:

– Kafirlər gecə yarısı hücum edirlər. Lakin bu, kosmos za­manı baxımından gecə, xaos zamanı baxımındansa gündüz­dür. M.Eliadenin yazdığı kimi, xaosda hər şey buradakı (kos­mos­dakı – S.R.) kimi baş verir, ancaq tərsinə: hava burada işıq­lananda, orada qaralır (məhz buna görə də ölülərin bay­ra­mı gün batandan sonra keçirilir: onlar bu zaman oyanır və öz gün­lərinə başlayırlar)302. Demək, xaotik varlıqların gecə fəa­liy­­yəti onların özü üçün gündüz fəaliyyəti deməkdir.

– Kafirlərin sayını göstərən yeddi min rəqəmi nu­me­ro­lo­ji vahiddir. “Yeddi” dünya modelinin universal struktur va­hi­di kimi, xaos dünyasının strukturunda təkrarlanmaqla onun ele­mentlərini bütün səviyyələr üzrə yeddiləşdirir: yeddi min­lik qoşun, xaosun yeddi hissə/qatı...

– Kafirlər arxası cırıq paltar geyir, qısa qara saç sax­la­yırlar. Bu, onları kosmoslulardan (oğuzlardan) fərqləndirən za­hiri işarələrdir. Həmin işarələr kosmoloji struktur ba­xı­mın­dan oğuzların cırıq olmayan (bütöv) paltarlarına və güman ki, uzun və “işıqlı” saçlarına əksdir.

– Xaoslular haqq dinində (islamda) deyillər. Onlar məhz “din düşməni” olduqları, yəni tək olan Allahı tanımadıqları üçün “kafər” adlandırılırlar.


§ 6.3. Yağmalanan obyektin kosmoloji strukturu

Kafirlərin yağmaladığı obyekt Salur Qazanın evidir: “Al­tun ban evlərin kafərlər çapdılar, qaza bənzər qız-gəlini çı­ğı­rış­dırdılar. Tölə-tölə şahbaz atlarını bindilər. Qatar-qatar qı­zıl dəvələrini yetdilər. Ağır xəzinəsini, bol aqçasını yağ­ma­la­dı­lar. Qırq incə bellü qız ilə Boyı uzun Burla xatun yesir get­di. Qazan bəgün qarıcıq olmuş anası qara dəvə boynında asılu getdi. Xan Qazanın oğlı Uruz bəg üç yüz yigidlən əli bağlu, boynı bağlu getdi”303.

Kafirlərin yağmaladığı canlı-cansız – nə varsa – hamısı yağ­malanan obyekt/evin struktur elementlərini təşkil edir. Bun­lar kosmoloji struktur baxımından aşağıdakı ele­ment­lər­dən ibarətdir:

Yaşayış evi: – altun ban evlər;

Ev əhli: qaza bənzər qız-gəlin;

Heyvanat: tölə-tölə şahbaz atlar; qatar-qatar qızıl də­və­lər;

Maliyyə vahidləri: ağır xəzinə, bol aqça;

Evin sahibəsi: qırx incə belli qızla Boyu uzun Burla xa­tun;

Evin böyük sahibəsi: Qazanın anası;

Evin oğlu və varisi: Uruz bəy və onun üç yüz igidi.

Beləliklə, Salur Qazanın evinə aid nə varsa – hamısı yağ­malanır. Bu, S.Qarayevə görə, ritual kontekstdə Qazanın hakimiyyətdən məhrum edilməsi/salınması deməkdir304.


§ 7. Çobanın yuxusu: mediativ xəbərləşmə

Eposda xəbər xüsusi obraz – ritual vahididir. Biz onunla sü­jetin bu hissəsinə qədər bir neçə dəfə qarşılaşırıq:



Birincisi, kafirin casusunun Şöklü Məliyə yolladığı xə­bər. Bu, məkanlar arasında casusun özünün fiziki hərəkətini tələb edən mediasiya vahididir.

İkincisi, Qazanın evi yağmalanması haqqında hərə­kət­də ol­mayan – passiv xəbər: “Qazanın bu işlərdən xəbəri yoq”305.

Üçüncüsü, Qazanın evinin yağmalanması haqqında onun qoyunlarını Dərbənd qapısında qoruyan Qaraca Çobana yu­xu ilə çatan xəbər. Bu, məkanlar arasında metafizik hərəkət tə­ləb edən mediasiya vahididir.

Süjetə görə, Qazanın evini yağmalayan kafirlər sonacan heyif/qisas almaq üçün onun Dərbənd qapısındakı qoyunlarını yağ­malamaq qərarına gəlirlər: “Altı yüz kafər atlandı, qo­yu­nın üzərinə alğar vardı”306.

Qaraça Çoban Qazanın evinin yağmalanması və onun üzə­rinə olacaq hücum haqqında yuxu vasitəsilə xəbər tutur: “Geçə yaturkən Qaracıq çoban qara qayğulu vaqeə gördi. Va­qeə­sindən sərmədi uru turdı. Qabangüci, Dəmirgüci – bu iki qar­daşı yanına aldı. Ağılın qapusını bərkitdi. Üç yerdə dəpə gi­bi taş yığdı, ala qollı sapanın əlinə aldı”307.

Dastanda Çobanın yuxusunun məzmunu haqqında heç nə deyilmir və o, “qara qayğulu vaqeə” adlandırılır. Qara qay­ğılı yuxu/vaqeə – pis hadisə, bəd xəbər, xaotik mesajdır.

La­kin mücərrəd mesaj da deyildir. Çobanın qoyunların ağı­lı­nın qapısını bərkitməsi, qardaşlarını yanına alaraq müdafiəyə ha­zırlaşması, öz döyüş sapandı üçün təpə kimi daş yığması onun öz üzərinə olacaq hücumdan xəbər tutması deməkdir. Bu xəbər yuxu ilə gəlir.
§ 8. Kosmosla Xaosun sərhədində qarşılaşma və

Çoban Oğuz kosmosun qoruyucusu kimi
Qaraca çoban məkan baxımından Kosmosla Xaosun sər­hə­dinə yaxın yerdə yerləşir. Bura hüduddur: “Kafər aydır: “Qa­zanın qapulu Dərbənddə on bin qoyunı vardır”308.

“Qapulu Dərbənd” – “Dərbənd qapısı” deməkdir. Bu­ra­dan o yana epik xronotop baxımından – özgə/yad/qərib dün­ya, kosmoloji xronotop baxımından – Xaos başlanır. R.Ka­ma­lın yazdığı kimi, “Qara Dərvənd ağzı”, “Gürcüstan ağzı” Oğuz sərhədləridir, kafirlərin metonimik mövcudluq ifa­də­si­dir. Kafirlərlə, casuslarla ilk görüş, ilk təmas Gürcüstan ağ­zın­da, qara Dərvənd ağzında baş verir”309.

Qapı evin, şəhər qalasının və s. içi ilə çölü arasında ke­çid/astana mexanizmidir. Bu halda “Qapulu Dərbənd” Oğuz dün­yası ilə ondan çöldəki Xaos dünyası arasında qa­pı/ke­çid/astana deməkdir. Yenə də bu halda Qazanın Dər­bənd­də on min qoyununu otaran Qaraca çoban da keçid/aralıq ob­raz, başqa sözlə, Xaosla əlaqəsi olan marginal varlıqdır. “Qa­ra” (Qaraca) işarəsi ilə təyinlənən Çobanın eposun sək­ki­zin­ci boyunda “Sarı” təyini ilə işarələnmiş “həmkarı” Qonur qo­ca Sarı çoban da marginal varlıqdır. O, yaylaqda (dağda) Uzun binar deyilən bir bulaq üzərinə qonmuş pəri qızlarından bi­rini tutaraq ona cinsi təcavüz edir310.

Dağ – Göy, Yerüstü və Yeraltı dünyaları qovuşduran ke­çid məkanı, bulaq – keçid mexanizmidir. Sarı Çobanın öz ço­banlıq fəaliyyətini və xaotik aktı keçid məkan(lar)ında ger­çək­ləşdirməsi onun marginal obraz olduğunu ortaya qoyur.

Qaraca Çoban onun üzərinə gəlmiş kafirlərin şirin vəd­lə­rini rədd edərək, Oğuz kosmosunu qoruyur. Onun kafirlərlə dö­yüşü kosmoloji kontinuumda Kosmosla Xaosun döyüşü və Kosmosun Xaos üzərində qələbəsini ifadə edir. Bu dö­yüş­də Çobanın iki qardaşı həlak olur.

S.Qarayevin müəyyənləşdirdiyi “xanolma” ritualı ba­xı­mın­dan Çobanın kafirlər üzərində qələbə çalması evinin yağ­ma­lanması ilə öz hakimiyyətindən məhrum olmuş Qazanın ha­kimiyyətinin Qaraca Çobana keçməsi deməkdir. Diqqət edək:

– Qazanın evi Oğuz kosmosunun mərkəzidir.

– Qazanın evinin xaoslular tərəfindən işğal olunması ilə həmin Mərkəz öz mərkəz funksiyasını itirərək, xaotik məkana çevrilir.

– Xaoslular Oğuz kosmosunu sonadək işğal edə bil­mir­lər: Çoban Oğuz dünyasının Dərbənd qapısındakı varlığını qo­ruyur.

– Qazanın evi epik xronotop kimi “Mərkəz” və “Uc(qar)”­dan təşkil olunur. Bu halda Mərkəzin işğal olunması və Qa­raca çobanın qələbəsi ilə Ucqar məkan Mərkəzə çev­ri­lir. Həmin məkanın indiki qəhrəmanı/qalibi Çobandır. De­mək, Qazanın kosmosdakı hakimiyyəti ritual baxımından Ço­bana keçir. Oğuz kosmosunu simvollaşdıran bütün dəyərlər “hələlik” ona konsentrasiya olunur.

– Çünki Oğuz qəhrəmanlarının Oğuzdan qıraqda – Ala dağ­da (keçid məkanında) ovda olduğu müddətdə Oğuzun ye­ga­nə qəhrəmanı indi odur. Qəhrəman isə kosmosun kon­sen­tra­siya mərkəzidir.

– Çobanın mərkəz funksiyasını bildirən “hələlik” müd­də­ti epik kontinuum baxımından – işğal müddəti, kosmoloji kon­tinuum baxımından ritual müddəti deməkdir.

– Çoban Oğuz kosmosunun daimi qəhrəmanı ola bilməz. Çün­ki o, kosmoloji statusu baxımından – marginal/mediator, so­sial statusu baxımından – hakimiyyət hüququ olmayan tə­bə­qəyə mənsub elementdir.

– Çoban nə bəy, nə alp, nə igid, nə qazi deyildir. Bu hal­da onun qəhrəmanlığı Oğuz bəyləri ovdan qayıdana qədər da­vam edə bilər. Bu isə birbaşa ritual müddətidir.

– “Ov” ritual vahididir. Qazan və başqa oğuz qəh­rə­man­ları Oğuzu ritual müddətinə tərk etmişlər. Demək, Çobanın ha­kimiyyət/mərkəz/qəhrəman funksiyası yalnız ritual müddə­tin­də davam edə bilər və bu ritual mahiyyəti etibarilə status­də­yişmə aktıdır.

– “Xanolma” ritualı statusdəyişmə prosedurudur. Burada dün­ya modelinin qütbləri öz yerlərini dəyişirlər: yuxarılar – aşa­ğıya, aşağılar – yuxarıya, mərkəz – ucqara, ucqar – mər­kə­zə, qəh­rəman – antiqəhrəmana, antiqəhrəman – qəhrəmana də­yişilir.

– Bütün bunlar Qaraca Çobanın süjetüstündə həqiqi, sü­jet­altında ritualı nəzərdə tutan qəhrəmanlığında ifadə olunur: O, Oğuz kosmosunu qorumaqla qəhrəmana çevrildiyi kimi, onun mənsub olduğu “Uc(qar)” məkan da “Mərkəz”ə çevrilir.

– Ən başlıcası, bütün bu statusdəyişmə ritual ma­hiy­yət­li­dir və onun müddəti, böyük ehtimalla, 40 gündən artıq çəkə bilməz.
§ 9. Çoban mediator kimi:

Qazanla mediativ xəbərləşmə
Qaraca Çoban özü Qazanın evinin yağmalanması ha­di­sə­sindən mediasiya formulu (yuxu) vasitəsilə xəbər tutduğu ki­mi, Qazana da eyni üsulla (mediasiya formulu ilə) xəbər yol­layır: O, döyüşdə şəhid olmuş qardaşlarını dəfn edir, öl­dür­düyü kafirlərin leşini yığıb yandırır, köynəyini yandırıb öz ya­ralarına qurum/kül basır: “Yolın qıyısın alub oturdı. Ağladı, sıq­ladı. Aydır: “Salur Qazan, bəg Qazan, ölümisin, dirimisin, bu işlərdən xəbərin yoqmıdır?” – dedi”311.

Bu, kosmoloji müstəvidə mediativ xəbərləşmədir. Ço­ban marginal varlıqdır. Marginallıq kosmosla xaos ara­sın­da me­diasiya edə bilmək deməkdir. Bu halda onun süjetüstündə ic­ra etdiyi “ağlama-sıtqama” mərasimi və o cümlədən nit­qin­də ifadə olunan “xəbər” konsepti (“bu işlərdən xəbərin yoq­mıdır?”) Çobanın bir mediator/şaman kimi xəbərləşmə ri­tu­alı keçirdiyini, Qazanla xəbərləşdiyini göstərir. Qazanın onun yolladığı mediativ mesajları mediasiya aktı olan “yu­xu­da” alması onların eyni mediasiya mexanizmi və kodu va­si­tə­si­lə ünsiyyətdə olduqlarını ifadə edir.

§ 10. Qazanın yuxusu: evlə və Çobanla mediativ xəbərləşmə
Qazan bu işlərdən yuxu vasitəsilə xəbər tutur: “Məgər, xanım, ol gecə Qalın Oğuzın dövləti, Bayındır xanın göygüsi, Ulaş oğlu Salur Qazan qara qayğılu vaqeə gördi, sərmərdi urı tur­dı. Aydır:

“Bilürmisin, qarındaşım Qaragünə, düşimdə nə göründi?



Qara qayğılu vaqeə gördüm.

Yumruğımda talbınan şahin bənim quşımı alur gör­düm.

Gögdən ildırım ağ-ban evim üzərinə şaqır gördüm.

Düm qara pusarıq ordımın üzərinə tökülü gördüm.

Quduz qurtlar evimi dəlir gördüm.

Qara dəvə ənsəmdən qarvar gördüm.

Qarğu kibi qara saçım uzanır gördüm,

Uzanıban gözümi örtür gördüm.

Biləgümdən on barmağımı qanda gördüm.

Necə kim bu düşi gördüm, şundan bərü əqlim-usım dərə bil­mən. Xanım qardaş, mənim bu düşimi yorğıl mana!” – de­di”312.

Qaragünə yuxunu yozmağa, başqa sözlə, oğuzlara mə­lum olan yuxu simvolları əsasında “oxumağa” çalışır: “Qara bu­lıt dedigin sənin var-dövlətindir. Qar ilə yağmur dediyin ləş­kərindir. Saç qayğudır. Qan qaradır. Qalanısın yora bil­mən, Allah yorsun”, – dedi313.

Diqqət edək:

– Qazanın yuxunu yozmaq üçün öz qardaşı Qaragünəyə mü­raciət etməsi təsadüfi deyildir. “Qaragünə oğlu Qa­ra­bu­daq” adından danışarkən qeyd etdik ki, “qara” işarəsi birbaşa Xaos­la bağlı semantemdir. Ata “Qara Günə” və oğul “Qara Bu­daq” – hər ikisi Qara Şaman arxetipinin paradiqmaları kimi Xaos/Qara dünya ilə əlaqəlidirlər.

– Bu halda “Qara qayğılı vaqeə/yuxu” da oğuzlu dü­şün­cəsində birbaşa qara dünya/xaosla bağlı mesajdır. Qaraca Ço­ban da öz “qara qayğılı vaqeəsini” xaosla bağlı mesaj kimi qə­bul etmiş/yozmuş/“oxumuşdu”.

– Qazanın yuxusundakı bütün obrazlar və onların hə­rə­kə­ti xaosun yuxu ilə gələn simvol/obrazlarıdır.

– Qazanın yuxusu ilk təhlildə Çobandan göndərilən me­saj/xəbərləşmə kimi aşkarlanır. Bu, doğrudan da, belədir. Mar­ginal/Mediator Çoban ona xəbər yollayır. Ancaq Qazana tək­cə Çobandan xəbər gəlmir. Xəbər, əslində, həm Çobana, həm də Qazana Evin özündən gəlir. Axı Çoban da evin yağ­ma­lanmasından yuxu vasitəsilə xəbər tutmuşdu. Demək, bi­zim burada hələlik “Ev” adı altında işarələyə biləcəyimiz bir me­­saj nöqtəsi var.

– Həmin mesaj nöqtəsinin üzə çıxarılması Qazanın evi­nin yağmalanması motiv/süjetini “daha təfərrüatlı” analoji mətn­lər kontekstində öyrənməyi tələb edir.

S.S.Surazakov Altay qəhrəmanlıq eposunda yağmalama mo­tivindən danışarkən qeyd edir ki, daha dayanıqlı və tez-tez tək­rarlanan süjet qəhrəman evdə olmayanda düşmənin onun eli­ni və heyvanatını talan edib aparmasıdır. Bu cür söy­lə­mə­lə­rin məzmunu belədir:

Qəhrəman ovdan, yaxud qonaq getdiyi səfərdən qayıdır, öz obasını dağıdılmış, talan olunmuş, elinin isə əsir aparıl­dı­ğı­nı görür;

Qəhrəman ocaq daşlarının altından arvadının onun üçün qoy­duğu “məktubu” tapır. Arvadı məktubda düşmənin adını ya­zır, həm də ərinə yalvarır ki, onların ardınca gəlməsin. Ona gö­rə ki, düşmən qorxulu və məğlubedilməzdir;

Lakin qəhrəman evinin sorağı ilə yola düşür və yolda düş­məni təqib edərkən həlak olmuş bahadırların, yaxud qo­hum­­larının meyidinə rast gəlir;

Qəhrəman düşmənin düşərgəsinə qul-tastarakay314 cil­din­də daxil olur;

O görür ki, düşmən onun arvadına əzab verib (ya zin­da­na salıb, ya zəncirləyib), yaxud kənizə çevirib;

Sonuncu halda qəhrəman arvadından xahiş edir ki, o, düş­mənin sirrini ələ gətirib, onun canının harada yerləşdiyini öy­rənsin;

Nəhayət, qəhrəman düşmən üzərində qələbə çalır, ar­va­dı­nı və elini yurduna qaytarır315.

Buradan gördüyümüz kimi, Oğuz eposundakı Qazanın Al­tay eposundakı analoqu hadisədən evə qayıtdıqdan sonra xə­bər tutur. Daha sonra arvadının məktubunu tapır. Lakin “KDQ”-dəki “Yağmalanma” boyunda Qazana (və Çobana) yu­xu ilə mesaj gəlir. Qazan hələ bu mesajdan sonra yurduna dö­nəcək, orada xəbərləşmə yolu ilə bir iz tapmağa ça­lışa­caq­dır. Demək, Qazanın və Çobanın yağmalama hadisəsindən yu­xu vasitəsilə xəbər tutması mediativ aktdır və bu da onların me­diator funksiyasını ortaya qoyur. Altay eposunda yağ­ma­la­ma epizodunun özündə “mediativ mesaj” real təsvir kodları sə­viy­yəsində gerçəkləşib: qəhrəman qayıdır, yurdunu ta­lan­mış görür, düşmənin kimliyini arvadının yazdığı məktubla bi­lir. Lakin Qazan bütün bu hadisələrdən mediativ me­xa­nizm/yuxu vasitəsilə xəbər tutr.

Yuxu – oğuzların düşüncəsində “kiçik ölüm”, yuxuda ol­maq – ölüm dünyasında olmaq deməkdir. Demək, Qazanın yuxusu mediasiya aktıdır və bu aktın mediasiya formulunun bütün strukturunu (qara qayğılı yuxu, onunla gələn mesaj, yu­xu obrazları və presedentlərinin xaotik simvolikası və s.) əha­tə etməsi Qazanın yuxugörmə aktını şaman/qəhrəman ar­xe­ti­pi­nin süjetdən “görünən” ilk funksional paradiqması kimi qə­bul etməyə imkan verir. Şamana tabe olan ruhlar ona ha­disə­lə­ri xəbər verdiyi kimi, Şaman/Qəhrəman Qazana və Me­dia­tor/Marginal Çobana da təhlükə haqqında xəbərləri onlarla əla­qəli metafizik varlıqlar verir.

Lakin yuxarıda mesaj nöqtəsi kimi qeyd etdiyimiz Evin də bu mediasiya aktında iştirakı inkar olunmur. Evin əyəsi var. Bir azdan evinə dönəcək Qazan bu və digər əyələrlə xə­bər­lə­şə­cək. Bu halda Qazanın yuxusunu onun bir şa­man/qəhrəman ki­mi Ev əyəsi ilə xəbərləşməsi kimi də yoz­maq/ “oxumaq” olar.


§ 11. Xəbərləşmə şaman qamlama aktı kimi
Gördüyü yuxudan narahat olan Qazan yurduna baş çə­kib, vəziyyəti bilmək qərarına gəlir. Lakin o, bir xan/bəy­lər­bə­yi kimi ov mərasiminin başçısıdır. Ona görə də yo­la çıx­ma­mış­dan qabaq qardaşına tapşırıq verir: “Mənim avımı bozma, ləş­kərimi tağıtma! Bən bu gün Qonur ata qaqaram. Üç günlük yo­lı bir gündə aluram. Evilə olmadın yurdum üstünə vararam. Əgər sağdır, əsəndir, axşam olmadın genə mən sana gəlürəm. Or­dım sağ-əsən degil isə, başınuza çarə edin”316.

Demək, Qazanı evə baş çəkməyə gedərkən qay­ğı­lan­dı­ran əsas məsələlərdən biri o, səfərdə olduğu müddətdə ovun (ri­­tualın) pozulmamasıdır. Süjetüstündə bəylərbəyinin ov edən, kef çəkən Oğuz bəylərinə sevgi və qayğısını ifadə edən bu “nöqtə” məntnaltı məntiq baxımından hadisələrin “gizlində qalan” (B.N.Putilov) əsas səbəbidir.



Süjetaltına – kosmoloji süjetə diqqət edək:

a) Ov ritualdır;

b) Ovun pozulması – ritualın pozulması deməkdir;

c) Ritualın pozulması – Qazanın xanolma ritualının po­zul­ması deməkdir;

ç) Ritualın strukturuna görə, hakimiyyətdən (kosmik sta­tusdan) məhrum olmuş Qazan Xaosa getməli, orada ye­ni­dən xan kimi qurularaq/doğularaq Kosmosa dönməlidir.

d) Ritual pozularsa qurulmuş ritual dekorasiyası da­ğı­­lar;

e) Dekorasiya dağılarsa – Qazan yenidən xan ola bil­məz.

ə) Ona görə də Qazan qardaşı Qaragünəyə “ritual de­ko­ra­siyasını” qorumağı bir nömrəli vəzifə kimi tapşırır.



§ 11.1. Şaman/Qəhrəmanın Yurdla xəbərləşməsi:

alqış və iz “oxuma”
“Qazan bəg yola getdi. Gəli-gəli yurdının üzərinə gəldi. Gör­dü kim, uçarda quzğun, tazı tolaşmış, yurtda qalmış. Qa­zan bəg burada yurdlən xəbərləşmiş, görəlim, xanım, nə xə­bər­ləşmiş. Qazan aydır:
Qom qomlamım qoma yurdım!

Qulanla sığın-keyikə qonşı yurdım!

Səni yağı nerədən darımış, gözəl yurdım!

Ağ ban evim dikilində yurdı qalmış,

Qarıcıq anam olurunda yeri qalmış,

Oğlım Uruz ox atanda puta qalmış,

Oğuz bəgləri at çapanda meydan qalmış,

Qara mudbaq dikilində ocaq qalmış”317


İkinci fəsildə Kərəmin dialoq/xəbərləşmələrini təhlil edər­kən qeyd etdik ki, dastandakı bütün xəbərləşmə for­mul­la­rı sabit struktura malikdir. Bu baxımdan onların təhlil modeli də həmin sabit strukturu aşkarlamalı və əks etdirməlidir. Baş­qa sözlə, elə bir təhlil modeli olmalıdır ki, onunla bu dialoq-xə­bərləşmələrin həm strukturu, həm də funksiyası üzə çıxsın. Bu cəhətdən Kərəmin dialoq-xəbərləşmələrinin təhlili üçün müəyyənləşdirdiyimiz model Qazanın dialoq/xəbərləşmələri üçün də yararlıdır. Çünki Kərəm Qazanın paradiqması olduğu ki­mi, onun xəbərləşmələri də, əslində, Qazanın xə­bər­ləş­mə­lə­ri­nin paradiqmasıdır. Beləliklə:

Dialoqun tərəfləri: İnsan-Yurd.

Dialoqun məkanı: Kosmos – Qazanın yurdu Kosmos dün­yasında yerləşir.

Dialoqun məqsədi: Yurddan yağmalanmış evin xə­bə­ri­ni almaq.

Dialoqun informativ tipi: alqış:

– Qazan Yurdu tərifləyir.



Dialoqun kosmoloji tipi: mediativ-mistik kommuni­ka­si­ya modeli:

– Qazan bir insan kimi Yurdla danışa bilməz. Əgər o, Yur­da müraciət edirsə, bu halda Yurdun ruhuna (yurd əyə­si­nə) müraciət edir. Demək, onun Yurdun ruhu ilə danışması kos­moloji hadisə olaraq mediativ-mistik ünsiyyət aktıdır.



Dialoqun etnokosmik tipi: şaman qamlaması:

– İnsanın ruhla ünsiyyəti bütün mədəniyyətlərdə şa­ma­nın universal qamlama modeli vasitəsi ilə həyata keçir. Bu hal­da Qazanın da Yurdun ruhu/əyəsi ilə ünsiyyəti kosmoloji kod­la qəhrəmanın şaman modelində qamlama aktıdır;



Dialoqun süjetüstü forması: passiv (birtərəfli) xə­bər­ləş­mə:

– Qazan xəbərləşir/soruşur, Yurd cavab vermir.



Dialoqun süjetaltı forması: aktiv (ikitərəfli) xə­bər­ləş­mə:

– Yurd yağmalamanın iz/işarələrini təqdim edir.



Dialoqun nəticəsi: izalma/iz ”oxuma”:

– Qazan bur şaman/qəhrəman kimi Ağ ban evin, Qarıcıq Ana­nın, oğu Uruzun, Oğuz bəylərinin atlarının, Böyük mət­bə­xin izlərini “oxuyur”. Bu izlər ona “kafər keçəki yolu” (ka­fir­lərin keçdiyi yolu) göstərir.



Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə