Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 11.2. Şaman/Qəhrəmanın Su ilə xəbərləşməsi



Yüklə 2,14 Mb.
səhifə20/27
tarix02.01.2018
ölçüsü2,14 Mb.
#19463
1   ...   16   17   18   19   20   21   22   23   ...   27
§ 11.2. Şaman/Qəhrəmanın Su ilə xəbərləşməsi:

alqış və iz “oxuma”
Qazan “qonur atını önçələdi, kafər keçəki yola düşdi, get­di. Qazanın öginə bir su gəldi. Qazan aydır: “Su həq di­da­rın görmişdir. Bən bu suyla xəbərləşim”, – dedi. Görəlim, xa­nım, necə xəbərləşdi. Qazan aydır:
Çığnam-çığnam qayalardan çıqan su!

Ağac gəmiləri oynadan su!

Həsənlə Hüseynin həsrəti su!

Bağ ilə bostanın ziynəti su!

Ayişə ilə Fatimənin nigahı su!

Şahbaz atlar içdigi su!

Qızıl dəvələr gəlüb keçəki su!

Ağ qoyınlar gəlüb çevrəsində yatduğı su!

Ordumın xəbərin bilürmisin, degil mana,

Qara başım qurban olsun, suyım sana! – dedi”318


Kosmoloji sxem/süjetə görə:

Dialoqun tərəfləri: İnsan-Çay.

Dialoqun məkanı: Qazanın Su ilə xəbərləşməsi ilk növ­bə­də onun hələ Kosmosda olduğunu və Xaosa doğru get­di­yi­ni göstərir. Su/Çay, adətən, iki dünya arasında sərhədi gös­tə­rir. Bu cəhətdən Su/Çay/Dərya Xaosa gedən yolun xro­no­to­pu­nun zəruri elementidir.

Dialoqun məqsədi: Sudan yağmalanmış evin xəbərini (izi­ni) almaq.

Dialoqun informativ tipi: alqış:

– Qazan Suyu tərifləyir.



a) Suyun stixial mahiyyəti (“qayalardan çıxması”) və gü­cü (“ağac gəmiləri oynatması”) tərənnüm olunur;

b) Su kosmoqonik yaradılışın oppozitiv ünsürlərini (Hə­yat-Ölüm, Kişi-Qadın) birləşdirən medativ ünsür (binar oppo­zi­­siyanı funksionallaşdıran/hərəkətə gətirən üçüncü element) ki­mi tərənnüm olunur:

Həsən (ə.)/Həyat ------- Su ----------- Susuzluq/Ölüm

Hüseyn (ə.) /Həyat ---- Su ----------- Susuzluq/Ölüm

Bağ/Həyat -------------- Su ----------- Quruluq/Ölüm

Bostan/Həyat ----------- Su ----------- Quruluq/Ölüm

Məhəmməd (s.)/Kişi --- Su ----------- Ayişə (ə.)/Qadın

Əli (ə.)/Kişi ------------- Su ----------- Fatimə (ə.)/Qadın
c) Burada Həsən (ə.), Hüseyn (ə.), Məhəmməd (s.), Əli (ə.), Ayişə (ə.), Fatimə (ə.) islam kosmoqoniyasının arxe­tip­lə­ri­dir. Bunlar oğuzlar islamı qəbul etdikdən sonra oğuz kosmo­qo­­niyasının uyğun arxetiplərini əvəz etmişlər.

Dialoqun kosmoloji tipi: Su əyəsi/ruhi ilə mediativ-mis­tik kommunikasiya modeli.

Dialoqun etnokosmik tipi: şaman qamlaması.

Dialoqun süjetüstü forması: passiv (birtərəfli) xə­bər­ləş­mə:

– Qazan xəbərləşir/soruşur, Su cavab vermir.



Dialoqun süjetaltı forması: aktiv (ikitərəfli) xə­bər­ləş­mə:

– Su (əyəsi) Qazanın evinin iz/işarələrini xəbər verir.



Dialoqun nəticəsi: izalma/iz ”oxuma”:

– Qazan (eynən Kərəm özünün Su/Çayla dialoqunda Əs­li­­nin izini aldığı kimi) Sudan şahbaz atları, qızıl dəvələri, ağ qo­yunları və ordusu haqında iz/xəbər əldə edir.


§ 11.3. Şaman/Qəhrəmanın Qurdla xəbərləşməsi:

alqış və yolalma
Qazan “sudan keçdi, bu gəz bir qurda tuş oldı. “Qurd yü­zi mübarəkdir, qurdlən xəbərləşəyim”, – dedi319.

Qazanın qurdla xəbərləşməsini kosmoloji təhlil müs­tə­vi­sinə gətirdikdə aşağıdakılar aydın olur:



Dialoqun tərəfləri: İnsan-Qurd.

Dialoqun məkanı: Kosmos.

Dialoqun məqsədi: Qurddan evin xəbərini almaq.

Dialoqun informativ tipi: alqış:

– Qazan Qurda tərif deyir. Bu təriflərin hamısı Qurdu pro­fan element kimi təqdim edir. Belə ki, Qurdun:

Gündüzü axşam başlanır;

O, qarla yağışdan qorxmur;

Atlar onun qorxusundan kişnəyir;

Dəvələri mələdir;

Qoyunlara hücum edir;

Qoyun ağılını arxa tərəfdən sökür;

Kök qoçları qovub tutur;

Onların qanlı quyruqlarını üzüb udur;

Ulartısı itləri qorxuya salır;

Çobanlar onun qorxusundan əllərində məşəl ora-bura qa­çırlar320.



Dialoqun kosmoloji tipi: mediativ-mistik kommu­ni­ka­si­ya modeli:

– Qazan Qurdu görərkən “Qurd yüzi mübarəkdir” deyir. “Mü­barək” – ərəb mənşəli söz olub, “bərəkətli” deməkdir. Qa­zan, buradan göründüyü kimi, Qurda rast gəlməsini “xeyir-bə­rəkət” hesab edir. Bu, Qazanın rast gəldiyi Qurdun kos­mo­loji mənsubiyyət baxımından kosmik varlıq olduğunu gös­tə­rir. Qazana ev/ordusu ilə bağlı informasiya/xəbər lazımdır. Bu baxımdan, “Qurdun üzünün mübarək olması” həm də o de­məkdir ki, Qazan ondan mübarək/bərəkətli/xeyirli/lazımlı in­formasiyanı alacaq. Başqa sözlə, bu Qurd kosmosyaradıcı ele­mentdir və onun Qazanla dialoqu xeyirlə nəticələnməlidir.



Diloqun etnokosmik tipi: şaman qamlaması:

– Oğuz etnik kosmosunda mediativ-mistik kommu­nika­si­yanın modeli qam/şaman qamlamasıdır.



Dialoqun süjetüstü forması: passiv (birtərəfli) xə­bər­ləş­mə:

– Qazan xəbərləşir/soruşur, Qurd cavab vermir.



Dialoqun süjetaltı forması: aktiv (ikitərəfli) xə­bər­ləş­mə:

– “Mübarək üzlü” Qurd Qazana “mübarək” (kosmos­ya­ra­dıcı) informasiyalar verir.



Dialoqun nəticəsi: Qazan Qurddan yol alır.
§ 11.4. Şaman/Qəhrəmanın Köpəklə xəbərləşməsi:

alqış və yolalma
“Qurtdan dəxi keçdi. Qaraca çobanın qara köpəgi Qa­za­na qarşu gəldi. Qazan qara köpəklə xəbərləşdi...”321

Bu xəbərləşməyə kosmoloji sxem/süjet baxımından ya­­naşma göstərir ki, Qazanın Köpəklə xəbərləşməsi əvvəlki xə­bərləşmələrlə eyni modeli təşkil edir və dia­loq/xəbər­ləş­mə­dir:



Dialoqun tərəfləri: İnsan-Köpək.

Dialoqun məkanı: Kosmosun periferiyasına, Kosmosla Xaos arasındakı aralıq mərhələyə, marginal məkana yaxın hissə. Qaraca Çoban və onun dünyasına aid olan Köpək eyni mə­kanın sakinləridir. Bu, o deməkdir ki, Qazan artıq Kos­mo­sun sərhədinə yaxınlaşır.

Dialoqun məqsədi: Köpəkdən yağmalanmış evin xə­bə­ri­ni almaq.

Dialoqun informativ tipi: alqış:

– Qazan Köpəyi profan element kimi tərifləyir. Belə ki, Kö­pək:

Axşamın qaranlığı düşəndə hürür;

Turş ayranı ləzzətlə içir;

Oğruları qorxudur;

Onları öz hürüşü ilə hürküdür322.



Dialoqun kosmoloji tipi: mediativ-mistik kommu­ni­ka­si­ya modeli:

Qaraca Çoban kimi ona məxsus Qara Köpək də mar­gi­nal varlıqdır. “Qara” işarəsi onların hər ikisinin (Kos­­mos­la yanaşı) Xaosla bağlı olduğunu göstərir. Dünya mifo­logiyalarında itlər Xaosun qorxunc keçikçiləridir. Bu ba­xım­dan, Köpək informasiya mənbəyidir.



Dialoqun etnokosmik tipi: şaman qamlaması:

– Şaman/Qəhrəman informasiya daşıyıcısı olan Kö­pək­dən informasiya almalıdır. İnsanın Heyvanla dialoqunun Oğuz mədə­niyyətindəki tipi qamlamadır.



Dialoqun süjetüstü forması: passiv (birtərəfli) xə­bər­ləş­mə:

– Qazan xəbərləşir/soruşur, Köpək cavab vermir.



Dialoqun süjetaltı forması: aktiv (ikitərəfli) xəbər­ləş­mə:

Kosmoloji sxemə görə, Köpək Qazanı Çobanın üstünə yol­layır. Bu, süjetüstündə olmasa da, süjetaltında olmalıdır. Kö­pəyin Çobana məxsus olduğunun mətndə öz ifadəsini tap­ması Qazanla Köpəyin süjetaltındakı aktiv dialoqunun süje­tüs­tündəki izidir. İt öz sahibinin yanında olur. Bu, o deməkdir ki, Köpək süjetüstündə Qazana hətta cavab verməməsi ilə də ona Çobanın və beləliklə, informasiyanın yerini/yolunu göstə­rir (süjetaltında: deyir). Köpəyə rast gələn Qazan Çobanın ya­xın­da olduğunu anlayır. Bu, o deməkdir ki, Köpəyin süjet­al­tın­dakı kommunikativ aktivliyi epoxal transformasiyalar zə­mi­nində onun süjetüstü passivliyi şəklində müasirləşmişdir.



Dialoqun nəticəsi: yol/iz alma:

§ 11.5. Şaman/Qəhrəmanın Çobanla xəbərləşməsi:

alqış və qarğış
Köpəkdən keçən Qazan Çobana rast gəlir. Çobana al­qış/tərif deyib. “Ağ-ban” evini xəbər alır.

Çoban Qazana cavab verərək, srağagün onun:

– Evinin;

– Qarıcıq anasının;

– Qırx incə belli qızla arvadı Burla xatunun;

– Qırx igidlə oğlu Uruzun;

– Şahbaz atlarının;

– Qızıl dəvələrinin;

– Altun-axça ilə dolu xəzinəsinin –

buradan keçdiyini/aparıldığını söyləyir.

Bu məlumatı eşidən Qazan Çobana qarğış edir: “Ağzın qu­rısun, çoban! [Dilün] çürisün, çoban!”323

Beləliklə:

– Salur Qazan evinin yağmalanması haqqında ən dolğun xə­bəri Qaraca Çobandan alır. Bu, Çobanın marginal varlıq, xə­bər daşıyıcısı kimi mediativ informasiya mənbəyi olduğunu gös­tərir.

Qazan Çobanla xəbərləşərkən əvvəlcə ona alqış edir. Bir xan/bəylərbəyinin məlumat almaq üçün öz tabeliyində olan subyektə alqış deməsi epik məntiqlə özünü doğrultmur. Epos bunu, sadəcə olaraq, xəbərləşmə kimi təqdim edir.

– Qazanın Çobana alqış deməsi kosmoloji məntiqlə bağ­lı mediasiya aktıdır.

– Qazanın Çobanla dialoqu İnsan-İnsan dialoqudur. Bu halda Qazanın öz tabeliyində olan adamdan bir xəbər alması üçün xüsusi ritual keçirməsinə ehtiyac yoxdur.

– Qazanın Yurd, Su, Qurd və Köpəklə xəbərləşmələrdə ol­duğu kimi, Çobanla da eyni model/mexanizmdən (mediativ-mistik kommunikasiya mexanizmi olan qamlamadan) istifadə et­məklə xəbərləşməsi Qaraca Çobanın biri kosmoloji, o biri ri­tual xarakterli olmaqla iki statusu ilə bağlıdır.

Qara(ca) Çoban kosmoloji statusuna görə mar­gi­nal/mediator varlıqdır. O, məkan baxımından Aralıq dünyada (Kos­mosla Xaosun hüdudunda) yerləşir. Qazan isə kosmik var­lıqdır və Kosmosda yerləşir. Bu halda fərqli məkanlar ara­sın­da dialoq mediativ kommunikasiya tələb edir. Bu – qam­la­ma­dır.

– Qazanın qamlamada Çobana alqış deməsi onu rəhmə gə­tirərək informasiya alması deməkdir. Bu, həm də o de­mək­dir ki, Çoban bir marginal obraz (bəlkə də, trikster) kimi kos­mik və xaotik olmaqla iki üzə malikdir. Qazan ona alqış de­məklə Çobanın kosmosyaradıcı funksiyasını (üzünü) işə salır və ondan lazım olan informasiyanı əldə edir.

Çobanın ikinci (ritual) statusuna gəlincə yada salaq ki, Salur Qazanın evi yağmalanandan sonra Oğuz kosmosunu Ço­ban xilas edir. Bu, Çobanı qəhrəmana, Oğuz kosmosunun mər­­kəzinə, konsentrasiya nüvəsinə, onun daimi mövcud ol­du­ğu Periferiyanı da Mərkəzə çevirir. Bu hadisə/akt yalnız ov müddətində (40 gün) davam edən statusdəyişmədir. Qa­zan­la Ço­­banın statusu dəyişilir: indi qorunub qalmış, xilas edilmiş Oğuz kosmosunun başçısı Çobandır və Qazan sosial-siyasi ierar­xiyanın ən aşağı pilləsinə düşmüşdür. Elə bu sə­bəbdən də Qa­­zan Çobanı görərkən ona alqış/tərif deyir və bu­na məc­bur­dur. Bu, tabe olanın tabe edənlə davranışının oğuz­lara məxsus ri­tual etiketi, başqa sözlə, Oğuz dövlət ərkanıdır.

Qazanın Çobana qarğış etməsi də kosmoloji sü­jet/məntiqlə bağlıdır.

– Qarğış kosmosyaradıcı formul olan alqışın əksinə ola­raq xaosyaradıcı formuldur.

Bu halda Qazan özünün sadiq çobanına niyə qarğış edir?

– Qazan evinin yağmalandığını onsuz da bilirdi. Çoba­nın Qazana məlum olan həqiqəti təsdiqləməsində başqa nə məz­­mun/məqsəd vardı ki, bu, Qazanın ona qarğış etməsinə, baş­­qa sözlə, ona düşmən kimi yanaşmasına səbəb olur?

– Bu suallar birbaşa kosmoloji sxem/süjetlə bağlıdır.



§ 12. Çobanla xəbərləşmə statusdəyişmə ritualı

və kosmoloji qarşıdurma kimi

Kosmoloji sxem/süjetə görə:

– Qazanın alqışı və qarğışı kosmoloji xro­no­top/situasi­ya­nın strukturunu inikas edir.

– Situasiya xəbərlə müəyyənləşir.

– “Kafər keçəki yolla” yağmaçıların ardınca gedən Qa­zan Çobanı görərkən sevinir. Çünki Çoban əvvəlki xəbər­çi­lər­lə (Yurd, Su, Qurd, Köpək) bağlı olduğu kimi infor­ma­si­ya/xə­bər daşıyıcısıdır. Qazan ondan evinin izini xəbər ala­ca­ğı­­na sevinir. Lakin o, Çobandan antixəbər – hakimiyyətə la­yiq ol­ma­dığını və (buna görə də) hakimiyyətinin (xanlığının) əl­dən getdiyini eşidir.

– Çoban əvvəlcə Qazanı xanlığa layiq olmamaqda gü­nah­­landırır: “Ölmüşmiydin, yitmişmiydin, a Qazan! // Qanda gə­­zərdin, nerədəyədin, a Qazan!”324

– Çoban daha sonra ona artıq Evindən, Anasından, Ar­va­dından, Oğlundan, Atlarından, Dəvələrindən, Xəzinəsindən məh­rum edildiyini – bir sözlə, evinin əlindən alındığını söy­lə­yir. S.Qarayevin yanaşmasına görə, bu, Qazanın xanlıq sta­tu­sun­dan məhrum edilməsi deməkdir325.

– Qazan bütün bunları (evinin kafirlər tərəfindən yağ­ma­lan­­masını) onsuz da bilirdi. Bəs o, bu işdə Çobanın günahı olmaya-olmaya niyə ona qarğış edir?

– Kosmoloji məntiqə görə, Qazan Çobana ona görə qar­ğış edir ki, o, Çobanı da bu işdə günahkar/iştirakçı bilir.

– Süjetüstü bunu Qazanın vəziyyəti bilməyərəkdən yan­lış­lığa yol verməsi kimi əsaslandırır; Çoban vuruşduğunu, iki qar­daşının şəhid olduğunu söyləyir, Qazan dediyinə peşiman olur.

– Lakin süjetüstündə qorunub qalmış iz/işarələr (Çoba­nın Qazanla mübahisəsi, onu tərk-silah etmək istəməsi, Qa­za­nın Çobanı Oğuzun müvəqqəti mərkəzini – əslində, anti­mər­kə­zi simvollaşdıran Dünya ağacına bağlaması/dəfn et­məsi) məsələnin heç də belə olmadığını, Çobanın “günahını”, yəni yağ­malamanın iştirakçısı olduğunu təsdiqləyir. S.Qara­yevin yaz­dığı kimi, Dəmirgüc və Qabangüc kimi qeyri-insani (xao­tik – S.R.) gücə malik qardaşları olan Qaraca Çobanın adın­dakı “qara” sözü xüsusi məna kəsb edir. Yəni mətnin üst la­yında kosmik tərəfdaş kimi görünən Qaraca çoban mifik plan­da xaos sahəsinin gücünün təmsilçisidir. O, Qazanın ye­ni­dən “doğularaq” taxta çıxmasının təmin olunması üçün gedib-qa­yıtmalı olduğu xaos dünyasının ritual ifadəçisidir. O, Qazanı özü qəbul edərək “xanlıq”dan məhrum edir326.

– Qazana etiraz edən Çoban ona vuruşduğunu, qoyunları qoruduğunu, iki qardaşının şəhid olduğunu söyləməklə özünü birbaşa qəhrəman/alp/igid, Oğuzun xilaskarı hesab edir.

S.Qarayevin yazdığı kimi, onun Qazandan döyüş atri­but­la­rını istəməsi də Çobanın semiotik planda Qazanı tər­ki­si­lah etməsi anlamına gəlir. Çoban Qazandan onun bütün epos bo­yu öyündü­yü nələri varsa – hamısını: atını, yayını, qılıncını və s. istəyir327.

– Beləliklə, Qazanla Çoban arasında sosial oppozisiya kos­moloji oppozisiyaya çevrilir. Özünü situasiyanın (ritualın) qəh­rəmanı hesab edən Çoban öz xanlıq/hakimiyyət sim­vol­la­rın­dan məhrum olmuş Qazandan onun alp/qəhrəman atri­but­la­rı­nı da almaq istəyir. Süjütüstünə görə, bir xan/bəy­lər­bəyi/sər­kərdə öz alplıq atributlarını verə bilməz. Lakin süjetaltına görə, Qazan bütün atributlarını verir. Çünki o, süjetaltında Xaosa xan kimi yox, bir Şaman/Qəhrəman kimi adlaya bilər.

§ 13. Xaosa keçid:

statusdəyişmə ritualı şaman çevrilməsi kimi
Kosmoloji sxemə görə, Qazanla Çobanın arasındakı Kos­mosla Xaosun sərhədində baş verən bu dialoq/xəbərləşmə həm də Xaosa keçid ritualının tərkib hissəsidir. Diqqət edək.

“Çoban aydır:


Qonur atın vergil mana!

Altmış tutam göndərüni vergil mana.

At alaca qalqanını vergil mana!

Qara polat uz qılıcın vergil mana!

Sadağında səksən oqın vergil mana!

Ağ tozluca qatı yayın vergil mana!

Kafərə mən varayın, yenidən toğayın

öldirəyin.

Yenümlə alnum qanın bən siləyin.

Ölürsəm, sənin uğruna bən öləyim.

Allah-təala qorsa, evini bən qurtarayın, –

dedi.
Çoban böylə digəc Qazana qəhər gəldi. Aldı yürüyü ver­di”328.



Təhlil göstərir ki:

– Bu, süjetüstündə Çobanın öz ağası uğrunda hər cür fəda­karlığa razı olması, süjetaltında isə statusdəyişməni for­maca (dekorasiya baxımından) gerçəkləşdirən cild­də­yiş­mə/çevrilmədir.

– Qazan Xaosun sərhədindən Çobanın görkəm/cildində, Ço­ban isə Qazanın forma/şəklində keçməlidir. Əks halda ta­nına bilərlər.

– Qazan Oğuz elinin başçısı, kosmik subyektdir. O, Xao­sa kosmik statusda daxil ola bilməz. Bunun üçün xaotik sta­­tus lazımdır. Çoban özünün “qara” statusu ilə belə bir mar­gi­nal/me­diatordur. Başqa sözlə, Xaosa adlamaq istəyən Qəh­rə­man bir Şaman kimi öz cildini dəyişməli, Çobana çev­ril­mə­li­dir.

– Kosmoloji sxemə görə, Qazanla Çoban statuslarını və cild­lərini dəyişirlər. Qazan süjetaltında öz alp/igidlik atri­but­la­rını – Qonur Atını, Nizəsini, Qalxanını, Qılıncını, Oxlarını və Yayını ona verir.

– Çoban statusdəyişmə ritualında bunları almaqla müvəqqəti olaraq [güman ki, ya “7 gün” (“kiçik ölüm” müd­də­ti), ya da “40 gün” müddətinə] xan və alp igid statuslarına yiyələnir. İndi Qazan ritual müddətinə – Çoban, Çoban isə – Qazandır. Beləliklə, rollar dəyişir.



§ 13.1. Quzu Xaosa keçid ritualında kəsilən Qurban kimi
Süjetüstünün bundan sonrakı hissəsi xüsusi diqqət tələb edir:

– Qazan kafirlərin olduğu məkana yola düşür;

– Çoban da onunla yollanır.

– Qazan ac olduğunu söyləyir.

– Onlar Qaba Ağacın dibində bir Quzunu yeyirlər.

– Qazan Çobanın onunla gəlməsini ayıb hesab edib, onu apar­maq istəmir.

– Qazan Çobanı dibində quzu yedikləri Qaba ağaca bağ­la­yır.

– Çoban Qaba ağacı kökündən çıxarıb, yenə də yola dü­şür.

– Çoban yalnız bu ağacla Qazana yemək bişirəcəyini, yə­ni ona aşbazlıq edəcəyini bəyan etdikdən sonra Qazan ona gəl­məyə icazə verir329.

Bu, süjetüstünün təqdim etdiyi mənzərədir. Süjetaltında bu hadisələrin kosmoloji semantikası var. Beləlikə, kosmoloji sxem/süjetə görə:

– Qazanla Çobanın Qaba ağacın dibində oturub, quzu ye­mələri ritual hadisəsidir: çünki onlar quzunu statusdəyişmə ri­tualını tamamladıqdan, ritual rollarını dəyişdikdən sonra (ya­xud ritualın özündə) yeyirlər.

– Demək, bu, ritual yeməyidir və ritualın tər­ki­bi­nə/strukturuna aid konsept (qurban) və aktdır (qur­ban­ver­mə).

Quzu heyvandır, ritualda kəsilən və yeyilən heyvan isə qurbandır. Bu halda onların yediyi quzu qoyun qur­ba­nı­dır.

Qurbanvermə statusdəyişmə ritualının mühüm ak­tı­dır. Qazan və Çoban statuslarını (cildlərini/görkəmlərini) ka­fir məkanına (Xaosa) adlamaq üçün dəyişirlər. Bu halda Qu­zu/Qo­yun onların adlama üçün verdikləri qurban da ola bilər.

Qurban totemdir, totemin ətini yemək ritual müd­də­tində ona çevrilmək deməkdir. Bu halda Qazanın quzu/qoyun əti­ni yeməsi Şaman/Qəhrəman arxetipi baxımından onun Qu­zu/Qoyuna çevrilməsi və bu görkəmdə Xaosa adlaması de­mək­dir. Dastanın səkkizinci boyunda Basat da Təpəgözün xaosun epik metaforası olan mağarasından çölə/kosmosa qo­yun/qoc dərisinə bürünməklə (qoyun cildinə girməklə) ad­la­ya/keçə bilir. Başqa sözlə, Qazanın quzu/qoyun yeməsi həm də cilddəyişmədir. Eyni sözü Çoban haqqında da demək olar.

Quzunun ağacın dibində yeyilməsi də qurbanvermə aktını təsdiqləyir. Qurban həmişə müqəddəs məkanlarda kə­si­lir. Bu halda onların quzunu Qaba ağacın dibində yemələri həmin ağacın (dibinin) müqəddəs məkan olduğunu göstərir.

– Xaos dünya modelinin üfüqi strukturuna görə Kos­mo­sun periferiyasından kənarda, şaquli strukturuna görə Kosmo­sun altında (Yeraltı dünyada) yerləşir. Dünya mo­delinin şaquli strukturunda Göy, Yerüstü və Yeraltı dünyalar Dün­ya Ağacı va­si­təsilə birləşir. Ağacın yuxarısı – Göyü, göv­də­si/dibi – Yerüs­tünü, kökləri isə – Yeraltını bildirir. Demək, Xaosa adlamaq istəyən Qazan və Çoban dünya modelinin üfü­­qi strukturuna görə yola davam etməli, şaquli strukturuna görə isə ağacın kökləri ilə Yeraltına/Xaosa enməlidirlər. Bu hal­da onların dibində quzu yedikləri Qaba ağac kosmoloji struk­tura görə Dünya Ağacıdır.

– Dünya Ağacı dünyanın mərkəzidir. Mərkəz – mü­qəd­dəs məkandır: orda kəsilən və yeyilən heyvan isə Qurbandır. Demək, Qazan və Çobanın yedikləri Quzu məkan baxımından da Qurbandır.


§ 13.2. Dünya Ağacı Xaosa şaquli keçid mexanizmi kimi
KDQ-nin mətni bizə epik xronotopun əksər hallarda (de­mək olar ki, həmişə) üfüqi strukturunu təqdim edir. Bu cə­hət­dən şaquli struktur süjetüstünün altında olur. Lakin onun sü­jet­üstündə, bir qayda olaraq, iz/işarələri qalır. Bu, ondan irəli gə­lir ki, kosmoloji xronotopda (mifoloji dünya modelində) dünyanın üfüqi və şaquli strukturu bir-birindən ayrılmaz sə­viy­yələri və gerçəkliyi təsvir kodlarını təşkil edir. Mətn mü­asir­ləşdikcə yer üzündəki üfüqi hərəkət hərəkətin real tipi ki­mi daha çox aktuallaşır, şaquli hərəkət isə qeyri-adi və me­ta­fizik reallıq kimi daha çox metafizik varlıqlara aid hərəkət for­muluna çevrilir. Lakin şaqulu hərəkət formulları ayrılmaz şə­kildə bağlı olduğu üfüqi hərəkət formullarının alt qatı kimi daim süjetin altında mövcud olmaqda davam edir. Kosmoloji sxemə uyğun aparılan tədqiqat bu planı üzə çıxara (bərpa edə) bilir. Diqqət edək:

– Göründüyü kimi, Qazan və Aruzun dibində oturub qu­zu ye­dikləri Qaba ağac epik xronotopda funksional konkret­li­yini itir­miş (transformasiyalar zəminində aşınmış) ümu­mi pey­zaj/rel­yef elementi, kosmoloji müstəvidə isə dün­yanın ter­nar (üçqatlı) strukturunu təşkil edən, qovuşduran Dünya Ağa­cı­dır.

– Mətndəki Qaba ağacı Dünya Ağacına çevirən ritual xro­­notopudur.

– Ritual xronotopu ritual məkan və zaman ele­ment­lə­rin­dən təşkil olunur. “Yağmalanma boyu”nda ov ritualı, sta­tus­də­­­yiş­mə, qurbanlıq quzu/qoyun, qurbanvermə və s. belə məkan-za­man elementləridir. Mətndəki Qaba ağac ritual xro­no­­topuna aid bu elementlərlə bir cərgədə Dünya Ağacı kimi funksional­la­şır.

– Dünya Ağacı mediasiya vasitəsidir: Şaman/Qəhrəman Gö­­­­yə və Yeraltına bu ağac vasitəsilə gedir. Qazan və Çoban da sü­jetaltında onun vasitəsilə Yeraltına enməlidirlər. Asif Ha­­cılı­nın yazdığı kimi, dünya ağacı əsatiri məkanın, kainatın üç­lü böl­gü­sündən ibarət olan “şaquli” kosmik modelin və dörd, beş, sək­kiz, doqquz hissəli “üfüqi” məkani modellərin əsasında durur330.

– Lakin ən maraqlı sual Dünya Ağacının yeri ilə bağ­lı­dır.

– Dünya Ağacının olduğu yer dünyanın mərkəzidir. Oğuz kosmosunun mərkəzi Qazanın evinin olduğu yerdir.

– İndi Qazan və Çobanın Kosmosla Xaosun sərhədində ol­duğunu nəzərə alsaq, Dünya Ağacının marginal məkanda ol­ması ziddiyyət yaradır. Bu halda iki sual meydana çıxır:

a) Dünya ağacı Oğuzun mərkəzində olmalı olduğu halda ni­yə periferiyada, yaxud marginal məkandadır?

b) Dünya Ağacı niyə kökündən çıxarılaraq məhv edilir?

Əvvəlcə bu barədəki ən son fikirləri nəzərdən keçirək.

Ramin Allahverdiyev yazır: “Ümumiyyətlə, “Kitabi-Də­də Qorqud”da Qaba ağac türk kosmik Dünya Modeli kimi kos­moqoniya ilə bağlı ilkin əsatiri funksiyasını qoruyub sax­la­­mışdır. Eposda Qaba ağacın kəsilməsi, əslində, dünyanın, kai­natın, kosmosun məhvi deməkdir. Qaraca Çobanın “qoca ağa­­cı” kökündən qopardıb çıxarması xaosu işarələyir. Dünya ağa­­cının məhvi xaosu əmələ gətirir. Mifin daxili struktur mən­­tiqi aspektindən Çobanın ağacı kökündən çıxarması faktı boy­­da göstərilən epik qatdakı xoşagəlməz hadisələrə əsatiri məf­­kurənin təhtəlşüuri reaksiyasının təzahürü kimi izah olun­ma­­lıdır. Yəni epik qatdakı neqativ hadisələr mifik qatdakı xaosu işarələyən ağacın yerindən qoparılması faktı ilə hə­ma­həng­ləşir, mifoloji motiv epik qatda poetikləşərək (neqativ bədii hadisələrlə) təkrarlanır”331.

Səfa Qarayev yazır: “Bəs Qaraca çobanın ağacı kö­kün­dən çıxarması necə anlaşılmalıdır? Eposda Qaba ağac Oğuz kos­mosunun simvoludur və onun Dədə Qorqud tərəfindən daimi olması, kəsilməməsi arzulanır. Amma buradakı və­ziy­yət bəlli­dir. Qazanın Ağ ban evi, qızı, gəlini əsir gedib, bəylər isə ovda tərk edilib. Yəni Oğuz kosmosu pozulmuşdur və bu­nun üçün də Qaba ağacın mövcudluğu üçün heç bir əsas qal­ma­mışdır. Bu halda onun Qaraca çoban tərəfindən qo­pa­rıl­ması da Qazanın Oğuz kosmosunun etnokosmik bütövlüyünü sim­vollaş­dıran Ağ ban evinin yıxılmasını, oğurlanmasını ifa­də edir”332.

Göründüyü kimi, hər iki mifoloq boydakı ağacı Dünya Ağacı kimi təsdiq edir və onun çıxarılmasını Oğuz kos­mo­su­nun yağmalanması ilə izah edirlər.

İndi “mikroskopun görmə qabiliyyətini daha da bö­yüt­mək­lə” epoxal transformasiyaların mətndə aşındırdığı təfər­rüat­ları qorunub qalmış iz/işarələr əsasında bərpa etməyə ça­lı­şaq. Belə bir bərpa Çobanın əvvəl bağlandığı, sonra isə köklü-kö­məcli qopardığı ağacı ölüb-dirilmə/mediasiya/keçid me­xa­niz­mi və Çobanın ona bağlanmasını ritual dəfnetmə formulu kimi bərpa etməyə imkan verir.


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə