Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 13.3. Dünya Ağacı ölüb-dirilmə mexanizmi kimi



Yüklə 2,14 Mb.
səhifə21/27
tarix02.01.2018
ölçüsü2,14 Mb.
#19463
1   ...   17   18   19   20   21   22   23   24   ...   27
§ 13.3. Dünya Ağacı ölüb-dirilmə mexanizmi kimi:

Çobanın ağacda ritual dəfni
Əvvəlcə Dünya Ağacının yeri haqqında:

– Dünya Ağacı Oğuz kosmosunun mərkəzində yer­ləş­mə­lidir. Hal-hazırda isə Oğuz kosmosu yağmalanmış, Kos­mos və onun mərkəzi öz yerini dəyişmişdir. Çoban Oğuz dün­ya­sının periferiyasında (ucunda) Kosmosun bir parçasını qo­ru­maqla özünü qəhrəmana, mövcud olduğu Periferik məkanı isə Mərkəzə çevirmişdir. Demək, bu halda Çobanın bağ­lan­dığı ağac onun ritual hakimiyyətini bildirən Dünya Ağacıdır.

– Bu, müvəqqəti (40 günlüyə) qurulmuş Dünya Ağacdır. O, daimi ola bilməz. Onun daimi olması Oğuz kosmosunun ümu­mən məhvi/yoxluğu deməkdir. Onun yeri Periferiya yox, Mər­kəzdir. Çünki nə Çoban qəhrəman/alp/igid deyil, nə də Pe­ri­feriya Mərkəz deyil. Bu, statusdəyişmə (yenidən xan ol­ma) ritualında rolların, statusların, məkanların, aksioloji də­yər­­lərin müvəqqəti (40 günlüyə) öz yerini dəyişməsidir.

İndi Dünya Ağacının mediativ funksiyası və qo­pa­rıl­ma­­sı haqqında:

– Çobanın ona məxsus müvəqqəti hakimiyyəti bildirən Dünya Ağacını qoparması, adi oduncaq, yanacaq, yaxud dö­yüş aləti kimi istifadə etməsi onun ritual qəhrəmanlığının so­na çatmasını bildirir. Salur Qazan onu bütün qəhrəmanlığına rəğ­­mən Xaosa yalnız antiqəhrəman (aşpaz) obraz/statusunda apar­­mağa razı olur.

– “Aşpaz” obrazının bir element kimi statusdəyişmə ritualına daxil olması cilddəyişmə/çevrilmədən soraq verir.

– Şaman/Qəhrəman Qazan Xaosa qoyun(quzu) cild/gör­kə­­mində və çoban statusunda daxil olduğu kimi, Qaraca Ço­ban da həmin dünyaya aşpaz cildində və Yalançı qəhrəman sta­­tusunda adlamalıdır.

– Evinin yağmalanması yolu ilə hakimiyyətdən, Çobanla sta­­tusdəyişmə ilə alp-igidlik atributlarından məhrum olması Qa­zanın ritual ölüb-dirilməsi deməkdir. Ölüb-dirilmə me­xa­niz­min­­dən keçmədən Xaosa adlamaq mümkün deyildir. Hər şe­yi­ni itirmiş Qazan ritual baxımından ölür. O, Xaosa bu sta­tusda ad­layır. Xaos ölülər dünyasıdır. Bura ölmədən gəl­mək müm­kün deyildir. Xaosa diri statusunda adlayan şa­man/qəh­rə­manlar ri­­tual ölümlə, cilddəyişmə/çevrilmə ilə bu dün­yaya adlayırlar. Bu baxımdan, Qazan Xaosa (Kərəmlə bir məna pa­ra­diq­ma­sın­da) diri ölü statusunda keçdiyi kimi, Ço­ban da belə bir ri­tual ölüb-dirilmə formulundan keçməlidir. Al­tay dastançılıq ənə­­nə­sin­də qorunub qalmış arxaik formullar gös­tərir ki, Qa­za­nın onu ağaca bağlaması Çobanın ağacda ritual dəfni, baş­qa söz­lə, ritual ölüb-dirilmədir. Bu dəfn (ölüb-dirilmə) for­mu­lu­nu biz bir qədər irəlidə Uruz-Ağac mo­de­li ilə bağlı ətraflı izah edəcəyik. Hələlik görünən budur ki, Çoban ağaca bağ­lan­maq­la ağac vasitəsilə kosmik statusda ölür, xaotik sta­tus­da di­ri­lir. Bu baxımdan, Çobanın müvəqqəti Dün­ya Ağacı həm də me­diasiya vasitəsi, ölüb-dirilmə me­xa­niz­­midir.

– Daha sonra çıxarılıb atılmış ağac müvəqqəti Dünya Ağa­­cı kimi Çobanın ritual hakimiyyətinin/qəhrəmanlığının ba­­şa çatdığını göstərir.



§ 14. Şaman/Qəhrəman/Qazanın yolu:

kosmoloji mərhələ/ ritmlər və ritmqurucu elementlər
İndi Salur Qazanın Xaosa yolunun buraqədərki mər­hə­lə­si­­­nin strukturunu müəyyənləşdirməyə çalışaq. Bu yol çox mürək­­kəb quruluşa malikdir. Biz indiki halda boyun süjetində sin­taqmatik baxımdan ardıcıl sıra təşkil edən iki yol görürük:

Birincisi, Salur Qazan və onun bəylərinin Ala dağa ova ge­­dən yolu;

İkincisi, Qazanın öz evinin ardınca onun Yurdundan baş­­­­­lanan, əslində isə, gördüyü yuxu/mesajla Ala dağdan baş­lan­­­maqla Oğuz elinin Dərbənddəki sərhədinə qədərki yol.

Bu yollar fərqli istiqamətləri və fərqli xronotopu əhatə edir. Lakin onlar ritual-mifoloji kontekstdə eyni yolun – Xaosa gedən yolun tərkib hissələridir.

İlk baxışda bu iki yol zaman-məkan baxımından düz­xət­li sıra – ardıcıl sintaqmatik düzüm yaradır. Lakin bu, zahirən be­lədir. Bu, epik düzüm, eposun öz düzümüdür. Ritual-mi­fo­loji səviyyədə bu yollar mürəkkəb paralel sıraları təşkil edir. Mətndə qorunub qalmış ritual obraz və formullarının pa­ralel­­ləşməsi (şərab/keçid, qurban/qurbanvermə/keçid, çev­ril­mə/cilddəyişmə/keçid, keçid mexanizmləri olan Ala dağ, Dün­­­ya Ağacı və s.), dünya modelinin üfüqi və şaquli sə­viy­yə­lə­­­ri, buna uyğun hərəkət sıraları və s. mürəkkəb semantikaya ma­lik xronotop yaradır.

Düzdür, epos bütün bu elementləri öz məntiqinə uyğun dü­­zür və zahirən heç bir ziddiyyət yaranmır. Mifik xronotop qapalı-təkrarlanan, epik-tarixi xronotop düzxətli struktura ma­lik­­dir. Mifik şüurun tarixi şüura keçməsi ilə mifik xronotop da­ğı­lır və epik xronotopa transformasiya olunur. Epos bu za­man mi­fik xronotopun artıq dağılaraq “epik tikinti ma­te­rialı­na” çev­ril­miş elementlərini özünün düzxətli düzüm məntiqinə (ger­çək­liyi düzxətli qavrama üslubuna) uyğun şəkildə yenidən dü­zür və zahirən heç bir ziddiyyət yaranmır. Lakin sü­jet­al­tı­nın (mifin və ritualın) süjetüstündə qorunub qalmış iz/işarələrini “dil­lən­di­rən kimi” mənzərə dəyişir.

Bu iki yolu ritual-mifoloji kontekstdə bir-birinin alt-üst sı­­rası (paraleli), yaxud bir-birinin süjet metaforası ad­lan­dır­maq olar. Lakin burada bir başqa aspekt də var: Qazanın Yurd­­­dan başlanan Xaos yolu ümumən (və bütün hallarda) Oğuz bəylərinin Qazan başda olmaqla ov etmək üçün Qa­za­nın evindən başlanan yolunun tərkib hissəsidir. Demək, hər iki yol: Evdən – Ova və Ev/Yurddan – Xaosa gedən yol Qa­za­­nın evindən başlanır. Lakin məsələnin əlamətdar cəhəti on­dan ibarətdir ki, Evdən – Ova gedən yol da, əslində, elə Ev­dən – Xaosa gedən yolun bir hissəsidir.

Bu yol ümumilikdə Kosmos – Xaos marşrutudur. “Yağ­­malanma boyu”nda biz onun bir-birinin ardıcıl sırasını təşkil edən iki planını görürük. Lakin mifoloji-metaforik dü­şün­cədə bu yollar bir-birinin ardı yox, iki paralel sırasıdır.

Qeyd edək ki, bu məsələdə konkret nəticəyə gəlmək, ay­dın mənzərə yaratmaq çətindir. Məsələnin metodologiyası iki cəhətlə müəyyənləşir:

Birincisi, epik-mifoloji materiyanın uzun illər ərzində mə­nimsənilmiş və təhlil təcrübəsinə çevrilmiş universal nə­zəri modeli (beynəlxalq ümumnəzəri-metodoloji təcrübə). Bu, hər bir təhlil(çi) üçün zəruri olan nəzəri ehtiyatlardır.

İkincisi, təhlilə cəlb etdiyimiz oğuz epik materiyasının bi­­zim şəxsi yanaşmamızın nümunəsində uzun illəri əhatə edən (və son dövrlərdə başqa araşdırmalarla da təsdiq olunan) təd­­qiqinin verdiyi mətn təhlili təcrübəsi.

Biz “Oğuz mifologiyası” adı altında apardığımız bütün təd­­­­qiqatlarda bu iki cəhəti birləşdirmiş və oğuz ritual-mifoloji dün­­­ya modelini “oğuz” adı ilə işarələnən mətnlər əsasında bər­­­­paya çalışmışıq. İndiki halda da bizim qarşılaşdığımız fe­no­­­­men, mahiyyətcə, oğuz etnokosmik düşüncəsinin mifoloji-me­­­­taforik təbiətidir. Mifik metaforanın strukturunu nəzəri şə­­­kildə mənimsəmədən, onun bədii metaforadan fərqini bil­mə­­­dən və bilibən nəzərə almadan (lakin bilib nəzərə almamaq müm­­­kün deyil) Oğuz mətninin [və ümumiyyətlə təsvir ko­du­nun tipindən (maddi, yaxud mənəvi) asılı olmayaraq, istənilən ənə­­nəvi mətnin] poetikasını öyrənmək cəhdi tədqiqatçını onun bütün illüziyalarına rəğmən mətnin zahiri qabığından içə­­ri keçməyə qoymayacaq. Bu baxımdan, biz də Qazanın Xa­osa girişini izləməyə tələsməyib, onun keçdiyi yola təkrar nəzər salmalı:

Yolu;

– onu təşkil edən xronotop elementlərini;

– keçid/adlama mexanizmlərini (Dağ, Ağac, qur­ban­ver­mə, çevrilmə/cilddəyişmə);

– keçid/adlama üsullarını (qamlama);

– keçid/kommunikasiya formullarını (xəbərləşmə);

– (və üzə çıxa biləcək daha nələri...)

yenidən gözdən keçirməli, müqayisəli ümu­mi­ləş­dir­mə­lər, tipoloji paralellər aparmalıyıq. Bu, bizə Oğuz ritual-mi­fo­lo­­ji düşüncəsinin mətndə gerçəkləşmiş müəyyən qa­nu­na­uy­ğun­luqlarını görməyə imkan verə bilər. Bu işi gör­mə­dən irəli adlamaq mətni “alazlamaqdan” (üzdən get­mək­dən) başqa bir şey olmaz.

Beləliklə:

Ala dağa ova gedən yol Qazanın evindən, daha doğ­ru­su, ziyafət məclisindən başlanır.

Ziyafət məclisi ritualdır. O, dəyişməz məkan-zaman xro­­­notopuna və dəyişməz davranış formullarına malikdir. Baş­­­qa sözlə, burada iştirak edən hər kəsin ona qabaqcadan mə­­lum olan yeri və rolu vardır. Bu cəhətdən Oğuz bəylərinin şə­rab içməsi, sadəcə, içki içilməsi yox, ritualın hər bir üzvünü əha­tə edən davranış akt/formuludur.

Şərab içmə (sərxoş olma) ibtidai ritual praktikasında ekstaz/mediasiya vasitəsidir. Bu halda Oğuz bəyləri də bu ekstatik mediasiya prosedurundan keçməklə bir psixoloji hal­dan (ayıq-sayıq) o birisinə (sərxoş) transformasiya olunurlar.

– Oğuz dünya modelinin strukturu üç hissədən təşkil olu­nur:

Kosmos ------- Aralıq dünya -------- Xaos

Məkan baxımından: Kosmos – oğuzların yaşadığı dün­­­ya, Xaos – Oğuza əks olan dünya (oğuzlar həmin dünyanı “Ya­­lançı dünya” adlandırırlar), Aralıq dünya – Kosmosla Xaos­un arasındakı məkandır.

– Bu üç məkan uyğun olaraq üç kosmoloji mövcudluq formasıdır:

1) Kosmosda olmaq – diri olmaq (tək status);

2) Xaosda olmaq – ölü olmaq (tək status);

3) Aralıq dünyada olmaq – eyni zamanda diri və ölü ol­maq deməkdir (ikili status).

– Bu dünyalar arasında əlaqə mediasiya/adlama va­si­tə­si­lə həyata keçirilir. Həmin vasitə ritualdır. Ritualsız bu dün­ya­lar arasında əlaqə yaratmaq mümkün deyildir.

– Hər bir oğuzlu/kosmoslunun xaosla əlaqəsi mütləqdir. İn­diki halda bu əlaqənin bir neçə növünü müəyyənləşdirmək olar:

a) Statusartırma ritualları:

Hər bir oğuzlu anadan olandan ölənə qədər sosial mən­su­biy­­yətindən asılı olaraq bir neçə status dəyişir: doğum, çi­lə­dən (qırxlı olmaqdan) çıxma, adqoyma, ərgənlik, bəyolma, toy, yas və s. rituallar. Bu inisiasiya ritualları bütün hallarda ölüb-dirilmə formulu ilə müşayiət olunur. Subyekt bir sta­tus­dan o birisinə keçmək üçün öz köhnə statusunda ölməli, Xao­sa adlamalı, orada yenidən qurulmalı və yeni statusda Kos­­mosa qayıtmalıdır. Bu prosesin funksional strukturu ri­tu­alın əhəmiyyətindən asılı olaraq bəzən böyük, bəzən də kiçik de­korasiya (ritual xronotopu) tələb edir.



b) Statusdəyişmə ritualları:

Buraya sosial, siyasi, mədəni və ümumən kosmoloji sta­tus­ların müvəqqəti dəyişdirilməsi aiddir. Məsələn, yenidən xan seçilməli olan Qazan müvəqqəti olaraq öz xanlığını ki­məsə verməli, ölərək Xaosa adlamalı, orada yenidən qu­rul­malı, dirilərək Kosmosa qayıtmalıdır. Bu rituallar da bütün hallarda ölüb-dirilmə formulu ilə müşayiət olunur.

– Ritual subyekti Aralıq məkanda ikili statusda (eyni za­­manda: diri-ölü, ayıq-sərxoş, ağıllı-dəli, həqiqi-yalançı və s.) olur.

Şərab mediasiya/adlama/keçid vasitələrindən biridir. Şərab içmə keçid/liminal hala (psixolojiyə) və buna uyğun olaraq Aralıq dünyaya adlama vasitəsidir.

– Oğuz bəyləri Qazan başda olmaqla kütləvi çəkildə şə­rab içməklə bir hal/psixolojidən o birinə mediasiya edirlər. On­lar ayıq haldan sərxoş hala transfer olunurlar (daşınırlar). Bu, Oğuz düşüncəsində “şərabın istisi (təsiri) alnına (başına) vur­maq” adlanır (“İçüb-içüb Ulaş oğlı Salur Qazanın alnına şə­rabın itisi çıqdı”333).

Hər bir hal müəyyən məkana uyğundur. Başqa söz­lə, hər məkanın öz hal/psixolojisi var. Ayıqlığın məkanı – Kos­mos, sərxoşluğun məkanı – Aralıq dünyadır. Ona görə də sərxoş oğuzlar Aralıq dünyaya – ova/Ala dağa yola dü­şür­lər.

– Bu halda Ala dağ – məkan, ov – ritualdır. Yenə də bu hal­­da oğuzların ziyafətdən Ala dağa ova getmələri onların ri­tu­aldan rituala adlamaları deməkdir. Rituallar düzülərək Va­hid Ritual Kompleksini yaradır. Demək, ziyafət və ov ritualı Vahid Ritualın tərkib hissəsidir.

– Vahid Ritual süjetin buraqədərki hissəsində iki ritualı (zi­yafət və ov) və iki məkanı (Qazanın evi və Ala dağ) əhatə edir.

Qazanın evi kosmos, Ala dağ – keçid məkanı, şərab – keçid/mediasiya mexanizmi, sərxoşluq – li­mi­nal/aralıq psi­xo­lojisidir.

Beləliklə, Oğuz bəyləri ziyafət ritualında şərab iç­məklə ayıq (kosmik) haldan sərxoş (liminal/aralıq) hala trans­­fer olunduqları kimi, buna uyğun olaraq məkan ba­xı­mından da Kosmosdan (Qazanın evindən) Aralıq dün­yaya (Ala dağa) daşınırlar.

– Oğuzların şərab içərək Aralıq dünyaya transfer et­mə­ləri şaquli keçidlə mediasiyadır: “Şərabın itisi (istisi) alnına (başına) çıqdı” ifadəsi, bizcə, böyük ehtimalla, şaquli keçidi ifadə edir.

– Mifik materiyanın təbiətinə görə, şaquli keçid üfüqi ke­çiddə və əksinə (fraktal olaraq) təkrarlanmalıdır. Mifik dü­şün­cədə şaquli və üfüqi hərəkət/davranış aktları metaforik-pa­ra­lel sıraları təşkil edir. Bu cəhətdən şərab vasitəsilə şaquli sxem üzrə Aralıq dünyaya transfer olunmuş oğuzlar bunu üfü­qi məkanda da reallaşdıraraq Ala dağa ova çıxırlar.

– Ala dağ Oğuz mifoloji düşüncəsində dünyanın mo­de­li­dir. Oğuz kosmologiyasının hər üç qatı (Göy, Yerüstü və Yer­altı) dağın strukturunda bir-birilə qovuşur. Bura keçid mə­ka­nı­dır. Kosmosdan Xaosa istər şaquli, istərsə də üfüqi keçid Ala dağdadır. Bu cəhətdən Ala dağ bir keçid məkanı kimi Kos­mosla Xaos arasında yerləşən Aralıq dünyadır.

– Oğuz bəylərinin Qazan başda olmaqla Ala dağa gəl­mə­ləri Qazanın yenidən xan olma ritualının tərkibinə aid zə­ru­ri hərəkət formuludur. Qazan yenidən xan seçilənə qədər bü­tün Oğuz bəyləri Ala dağda ovda (ritualda) olurlar. Qazan evindən xəbər bilməyə qayıdarkən qardaşı Qaragünəyə Ala dağda ovun pozulmamasını bir nömrəli vəzifə kimi tapşırır.

Ala dağa getmək xanolma ritualının mühüm şər­ti­dir. Qazan yenidən xan/bəylərbəyi olmaq üçün xanlıqdan məh­rum olmalıdır. Qazan və onunla birgə Oğuz siyasi ha­ki­miy­yətini hərə öz ranqında təmsil edən 24 Oğuz bəyinin Kos­mosdan Aralıq dünyaya (Oğuzdan Ala dağa) getmələri, əs­lin­də, onların hamısının kütləvi şəkildə hakimiyyətdən məh­rum olmaları (getmələri, uzaqlaşmaları) deməkdir. Çün­ki Qa­zan bir xan/bəylərbəyi kimi Oğuz kosmosunun kon­sentra­si­ya mərkəzi/nüvəsidir. Bu halda Oğuz kosmosunu təş­kil edən 24 oğuz bəyi sistemin 24 elementi kimi bu nüvə/mər­kə­zə kon­sentrasiya olunmuşdur. Nüvə/Mərkəz/Qazan xanın də­yiş­mə­si bütöv sistemin dəyişməsi deməkdir. Ona görə də Qa­­zan hakimiyyətdən kənarda olduğu müddətdə hakimiyyəti təm­sil edən 24 oğuz bəyi də hakimiyyətdən kənarda ol­ma­lı­dır. Onlar Kosmosa/Hakimiyyətə Qazanla, onun Oğuz kos­mo­sunu təm­sil edən Evi ilə birgə qayıdırlar.

Ala dağdan yağmalanmış evə qayıtmaq da xanolma ritualının mühüm şərtidir. Başqa sözlə, “yağmalanmış evə məhz Ala dağdan qayıtmaq” ritual formulu, xanolma ri­tualı­nın mərasimi davranış (stereotipik hərəkət) sxemlərindən bi­ri­dir. Belə ki, Qazan Ala dağa ova getməklə öz məkanını Kos­mos­dan Aralıq dünyaya dəyişir. “Yağmalanma” ritualının baş tut­­­ması üçün Qazanın (və digər bəylərin) Kosmosda ol­ma­ması şərtdir. Bu halda Qazanın Ala dağdan artıq yağmalanmış evinə qayıtması onun Xaosa səfərinin başlanması, başqa söz­lə, Xaosa (doğru) gəlməsi deməkdir. Yəni Qazan Aralıq dün­ya­dan Evinə/Yurduna qayıdarkən artıq Kosmosa yox, Xaosa qa­yıdır. Bu, onunla bağlıdır ki, Qazanın Oğuz kosmosunu sim­­vollaşdıran evinin yağmalanması ilə Ev və onun nü­mu­nə­sində Kosmos artıq xaotik məkana – Xaosa çevrilir (də­yi­şilir). Bu cəhətdən, Qazanın Ala dağdan Evinə gəlişi, ritual-mi­foloji sxemə görə, onun Aralıq Məkandan Xaosa gəlişi de­məkdir. Xaosa yol bütün hallarda Aralıq məkandan keçir. Bu keçid Ala dağdır. Demək, Qazan da yağmalanma aktı ilə artıq Xaosun sərhədlərinə daxil olan Evinə getmək üçün mütləq Ala dağdan keçməlidir. O, Ala dağdan keçmədən öz yağ­ma­lan­mış evinə qayıda bilməz.

Qazanın yağmalanmış Evə (Ala) Dağdan keçərək gəl­məsi onin Şaman/Qəhrəman/Nişanlı paradiqması olan Kə­rə­min də Əslinin ilk dəfə oğurlandığı bağa nəyə görə Dağ­dan keçərək gəlməsini izah edir. Dastanda Keşişin toya ha­zır­lıq adı altında aldığı üç aylıq müddət başa çatandan sonra Zi­yad xan və Kərəm böyük bir dəstə ilə keşişin evinə yola düşürlər. Kərəm yolda iki nəfərdən Keşişin Əslini qaçırdığını öyrənir. Bu, Əsli oğurlanandan sonra Kərəmin onun haqqında aldığı ilk məlumatdır. Əslinin qaçırılma xəbərini alan Kərəm qarşıdakı başı dumanlı dağla xəbərləşir. Təhlil göstərir ki:

a) Öz “Qara” ad/işarəsi ilə Xaosa bağlı olan Keşişin Əs­li­ni oğurlaması semantik mahiyyətcə yağmalamadır;

b) Əslinin oğurlanma/yağmalanması ilə onun yaşadığı kos­mik məkan xaoslaşdırılır.

c) Bu halda Kərəmin öz atası Ziyad xanın Kosmosu sim­vol­­laşdıran Evindən Əslinin artıq xaoslaşdırılmış Ev/Bağına gə­­lişi Kosmosdan Xaosa (yaxud Xaosa keçid məkanına) gə­li­şi deməkdir.

ç) Kosmosdan Xaosa yol bütün hallarda Aralıq mə­kan­dan keçir.

d) Bu halda Kərəmin Dağdan keçərək Əsligilə gəlməsi onun öz “invariant babası” Qazan kimi Kosmosdan xa­os­laş­dı­rılmış məkana Dağdan keçərək gəlməsi deməkdir.

e) Qazan və Kərəmin yol modellərinin Azərbaycan-Oğuz dastan materiyasında paralelləşməsi bizə Qara Keşiş, Qa­ra(ca) Çoban və Şöklü Məlik obrazları arasında paralellər qurmağa imkan verir.

ə) Şöklü Məlik – Xaosun hakimi, Qaraca Çoban – Kos­mosla Xaos arasındakı təmas/diffuz məkanla bağlı mar­gi­nal/mediator, Qara Keşiş – onun kimi eyni zamanda həm Kos­mosla, həm də Xaosla bağlı marginal/mediatordur. Bizə be­lə gəlir ki, funksiyaları daha aydın olan Şöklü Məlik və Qa­ra Keşişlə müqayisədə Qaraca Çobanın dünya modelinin müəy­­­yən yaruslarında onlarla bir paradiqmatik sıra təşkil et­mə (mifoloji-metaforik eyniləşmə) imkanları bu obrazın se­man­­tikasının öyrənilməsində yeni imkanlar açır.

Beləliklə, Qazanın (və Oğuz bəylərinin) evdən ova get­­mələri ritual məkandəyişmədir: onlar Kosmosdan Ara­lıq məkana keçirlər. Bu halda Qazanın evi – Kosmosu, Ala dağ – Aralıq məkanı işarələyir.

– Qazanın Ala dağdan Ev/Yurduna qayıdışı onun keçid mə­kanından keçərək Xaosa (yaxud xaoslaşdırılmış məkana) gə­lişi deməkdir: Evin yağmalanması ilə həm Ev, həm də onun simvollaşdırdığı Kosmos xaoslaşdırılır.

Qazanın məhrum olduğu Ev/Yurd/Kosmosu se­man­tik-aksioloji dəyərlər şkalası üzrə Xaos deyil, xaos­laş­dı­­rıl­mış məkan adlandırmaq daha düzgündür. Çünki xaoslu yağ­maçılar Evi yağmaladıqdan sonra burada qalmır, Evi bütün kosmoloji-simvolik atributları ilə oğurlayaraq öz­lə­ri ilə Xaosa – Kafir dünyasına aparırlar.

– Qazan xanolma ritualının kosmoloji sxeminə uyğun ola­raq Evini itirməklə (S.Qarayevin müəyyənləşdirdiyi kimi) xanlığını itirir.

– Lakin Qazan həmin ritual sxeminə görə alp/igid sta­tusundan da məhrum olmalıdır.

Xanolma statusdəyişmə ritualıdır. Bu sxemə görə, (ye­nidən) xan olmaq istəyən subyekt Kosmosdakı bütün sta­tus­­larından (xanlıq və alp/igidlik) məhrum olaraq ölməli, Xaosa adlamalı, orada Yer Ana tərəfindən ölüb-dirilmə (əti yeyilərək yenidən doğulma/dirilmə) ritualından keçirilərək ye­ni statusda qurulmalı, daha sonra dirilərək bu yeni sta­tu­sun­da Kosmosa qayıtmalıdır.

– Qazanın Evini itirməklə xanlığını itirməsi onun xan­ol­ma ritualında kosmik varlıq olaraq “ölməsinin” bir qatıdır. O, xan­­lığını itirsə də, alp/igid statusu hələ özündədir. Demək, onun “tam” (bütün inisiasiya göstəriciləri üzrə) ölərək Xaosa ad­­laması üçün alp/igid/qəhrəman statusunu da itirməsi la­zım­dır.

– “Xanolma” statusların ritual müddətində dəyişmə ri­tualıdır. Demək, Qazan öz alp statusunu kiminləsə də­yiş­mə­lidir. S.Qarayevə görə, həmin adam Qaraca Çobandır. Bu, doğ­rudan da, belədir. Lakin Qaraca Çoban Qazanın ha­kimiy­yətini dəyişdiyi tək kişi deyildir. Belə ki, mifik-kosmoloji dü­şüncə paradiqmatik struktura malikdir. Yəni eyni hə­rə­kət formulu eyni zamanda müxtəlif yaruslarda fraktal ola­raq təkrarlanır. Bu baxımdan, Qaraca Çoban tək ola bil­məz. Onun dünya modelinin üfüqi və şaquli qatları boyunca müx­təlif “həmkarları” (həmfunksiyaları, ekvivalent əvəz­edi­ci­ləri) olmalıdır. Çobanla ritual kontekstində eyni funksional sı­rada duran Alp Aruz və Uruz belə ekvivalentlərdir. Bu üç ele­mentin hər biri dünya modelinin üfüqi və şaquli qatları bo­yunca Qazanın oppozisiyalarıdır:

a) Alp Aruz Qazanla bir neçə səviyyə/blokda qarşı du­rur: bozoqların başçısı kimi “Ucoq-Bozoq” qarşıdurma blo­kun­da, daşoğuzların başçısı kimi “İçoğuz-Daşoğuz” qarşı­dur­ma blokunda və Oğuz dövlət modelində mistik haki­miy­yə­tin başçısı kimi “Sekulyar-Sakral” qarşıdurma blokunda334.

b) Uruz da Qazanla, ən azı, iki səviyyədə qarşı durur: “Ata-Oğul” qarşıdurma blokunda, “Xan-Varis” qarşıdurma blokunda.

c) Qaraca Çoban da Qazanla bir neçə səviyyə/blok üzrə qar­şı durur: “Yuxarı təbəqə-Aşağı təbəqə” sosial blokunda, “Bəy-Çoban” sosial-siyasi blokunda, “Mərkəz-Periferiya” üfü­qi struktur blokunda, “Kosmik-Marginal” statusal blo­kun­da və s.

– Qazan statusdəyişmə ritualında özünün xan statusunu sü­jetüstündə Uruzla, süjetaltında Aruzla dəyişir. Bu, həm də Şök­lü Məliklə dəyişməyə bərabərdir.

– Qazan daha sonra özünün alp/igid/qəhrəman statusunu Qa­raca Çobanla dəyişir.

Qazanın Yurdla (yurd əyəsi ilə) xəbərləşməsi “Şa­man/Qəh­rəmanın Xaosa səfəri” sxemi baxımından Kos­mos­­­da, daha doğrusu, xaoslaşdırılmış kosmik məkanda baş verir. Bu, kosmoloji mahiyyəti baxımından “iz­al­ma/izo­xu­­madır”. Qazan kosmik məkan boyunca Xaosun sər­hə­dinə doğ­ru hərəkət edir.

Qazanın Su ilə xəbərləşməsi kosmoloji sxem ba­xı­mın­dan “izoxuma” və “yol/keçid alma”dır. O, Şa­man/Qəh­rə­­man kimi qamlama ritualı keçirərək, Su əyəsi ilə xəbərləşir, Ev ünsürlərinin (atlar, dəvələr, qoyunlar...) Suda qoyduğu (“yaz­dığı”) iz/xəbərləri “oxuyur”. Suyun mifik dünya mo­de­lin­də məkanlar arasında maneə/keçid olduğunu nəzərə alsaq, Şa­man/Qəhrəman/Qazan alqış deməklə Suyu rəhmə gətirir və on­dan yol/keçid alır. Suyla xəbərləşən Qazan hələ Kos­mos­da­dır.

Qazanın Qurdla xəbərləşməsi kosmoloji sxem ba­xı­mın­dan “xəbərləşmə/dialoq” və “yol/keçid alma”dır. O, Qur­da alqış deyərək ondan yol/keşid alır. Qurdla xəbərləşən Qa­zan hələ Kosmosdadır.

Qazanın Köpəklə xəbərləşməsi də kosmoloji sxem ba­xımından “xəbərləşmə/dialoq” və “yol/keçid alma”dır. O, Kö­­pəyə alqış deyərək ondan yol/keçid alır. Köpək Qaraca Ço­ba­nındır. Bu o deməkdir ki, Qazan artıq Kosmosla Xaosun sərhə­di­nə – Çobanın olduğu marginal/diffuz/təmas məkanına yaxınlaşır.

Qazanın Çobanla xəbərləşməsi çox mürəkkəb struk­tura malikdir. Onlar sərhəddə xəbərləşirlər.

Qazanın Çobanla dialoqu təkcə xəbərləşmə deyil: xə­bər­ləşməni də öz içərisinə alan ritual kompleksidir. Qa­zan Yurddan, Sudan, Qurddan və Köpəkdən öz evini xəbər al­dı­ğı kimi Çobandan da xəbər alır. Bununla da Qazanın Ço­ban­la dialoqunun “klassik” (bizə strukturu Kərəmin və Qa­za­nın xəbərləşmələrindən məlum olan) xəbərləşmə hissəsi bitir. Dialoqun sonrakı hissələri statusdəyişmə prosedurudur.

Statusdəyişmə (xanolma) ritualının sxeminə görə, Qazanla Çoban öz statuslarını dəyişirlər. Çoban ondan Ni­zə­­sini, Qalxanını, Qılıncını, Oxunu və Yayını istəyir. Bu, sta­tu­sal baxımdan Qazanın alp/igid statusundan məhrum olması deməkdir.

Qazan süjetüstündə öz alp/igid atributlarını Ço­ba­na vermir. Lakin süjetaltına görə – verir. Belə ki, status­də­yiş­mə bütün statusların dəyişdirilməsini tələb edir. Bu halda Qa­zan öz alp/igid atributlarını Çobana verməlidir.

Qazan kosmoloji status baxımından da öz alp/igid atributlarını Çobana verməlidir. O, oğur­lan­mış/yağma­lan­mış Evinin ardınca Xaosa getməli/enməlidir. Kosmosdan Xaosa adlamaq onun mərasimi ölümünü tələb edir. Qazanın bu ritual ölümünün reallaşdırılması üçün o, gərək özünün bü­tün kosmik statuslarından məhrum olsun (ayrılsın): nə qədər ki, alp/igid statusunu saxlayır, ölə və Xaosa adlaya bilməz. B.N.Putilovun müəyyənləşdirdiyi kimi, qəhrəmanın döyüş atributları onun gücünü təşkil edir: “Bahadırlıq gücü öz əsası eti­barilə üç göstəricinin vəhdətindən təşkil olunur: bahadırın özü­nün qabiliyyətləri, atının xüsusi keyfiyyətləri və silahının möcüzəli xüsusiyyətləri”335. Göründüyü kimi, Qazanın atı və si­lahları onun qəhrəmanlıq gücüdür. O mərasimi ölüm ke­çir­mək üçün bu gücdən məhrum olmalıdır. Demək, Xaosa ad­la­maq istəyən Qazan, ritualın sxeminə görə, öz (həyat) gücü­nü/ruhunu təşkil edən alp/igid atributlarını Çobana verməlidir.

– Sərhəddə həyata keçirilən statusdəyişmə ritualı bu­nun­la bitmir. Burada şaman/qəhrəmanın davranış kompleksinə (eh­ti­yat­larına) aid olan çevrilmə/cilddəyişmə aktları da baş verir. Bu baxımdan, Qazanla Çobanın quzu yemələri ritual semantikası baxımından onların qurbanvermə aktını həyata ke­çirmələri və quzu/qoyunun ətindən yeməklə ona çev­ril­mə­ləri deməkdir.

Beləliklə, Qazan xanlıq və alp/igidlik atributlarını itir­məklə ritual ölüm keçirir. O, diri statusundan ölü sta­tu­suna keçir. Quzu yeməklə şaman/qəhrəman kimi özünü qo­yun cildinə salır.

– Çoban marginal obraz olsa da, Xaosa indiki statusunda adlaya bilməz. Bunun iki səbəbi var:

Birincisi, o, marginal olsa da, bir oğuzlu kimi kosmik var­lıqdır. Bir kosmoslu isə Xaosa – ölülər diyarına adlamaq üçün hökmən mərasimi ölüm keçirməlidir.

İkincisi, o, marginal olsa da, kafirlərlə vuruşmaqla özü­nü onlara düşmən kimi tanıtmışdır. Demək, Çoban, Xaosa onu kafirlərin tanıdığı obrazda (Çoban cildində) adlaya bil­məz.

Çoban bu səbəblərdən mərasimdə həm ölür, həm də cildini dəyişir.

Cilddəyişmə Quzu/Qoyun yeməklə həyata keçirilir. Ri­tualda yeyilən heyvan totemdir. Totem heyvanın ətinin ri­tu­al­da yeyilməsi ritual müddətində həmin heyvana çevrilmə de­mək­dir. Demək, quzunun ətindən yeyən Çoban da Qazan kimi cil­dini dəyişir.

Çobanın mərasimi ölümünü Qazan həyata keçirir. Ço­banın ağaca bağlanması onun ağacda əsir edilməsi, başqa söz­lə, ağacda dəfn edilməsi deməkdir.

– Çobanın Qazana aşpazlıq etməyə söz verməsi onun Xaosa həm də Aşpaz-Qoyun obrazında adlaması deməkdir.

– Bütün bunlar Çobanın trikster/marginal obrazını təs­diq edir: görkəmi – quzu/qoyun, vəzifəsi – aşpaz, silahı – ağac/kötük.

S.Qarayevin aşkarlamalarını nəzərə alsaq, Qaraca Ço­banın bir marginal kimi obrazı yalnız bu atributlarla məh­dud­laşmır. Müəllifə görə, Çobanın Dərbənddə kafirlərlə ilk qar­şı­laşmasında onun kafirlərin alaca atını öz keçisinə, iri ni­zə­lərini öz qızıl (qırmızı) dəyənəyinə bənzətməsi Çobanın bir trikster obraz kimi keçiyə mindiyini, silahının qırmızı də­yənək olduğunu göstərir.

Qırmızı keçid rəngi, keçi mediativ daşı­yı­cı/nəqliyyat­dır. Bütün bunlar göstərir ki, Qaraca Çoban obrazının se­man­tikası gələcək tədqiqatlarda “trikster/marginal arxe­ti­pi” müstəvisində öyrənilməlidir.

– Qazan və Çobanın Xaosa adlamasında Quzu/Qoyun xü­susi konseptdir. Onlar quzunun ətindən yeməklə təkcə cild­lə­rini dəyişmirlər. Quzu/Qoyun həm də onları Xaosa gö­tü­rə­cək me­dia­tiv daşıyıcıdır. Azərbaycan eposunda Qoyunun da­şı­yı­cı/me­diator funksiyası ardıcıl məna cərgəsi yaratmışdır. Tə­pəgözün mağarasında əsir olan Basat Qoçun dərisinə gir­mək­­lə çölə qaça bilir. O, beləliklə, Xaosdan Kosmosa Qoç/Qo­­yun cildində, baş­qa sözlə, Qoyunun mediatorluğu ilə da­­şına bilir. Azərbaycan na­ğıllarında quyunun dibinə enmiş qəh­rəman burada həmişə iki qo­ça rast gəlir. Bunlardan biri ağ, o biri qara qoçdur. Əgər qəh­rəman ağ qoça minə bilərsə – işıqlı dünyaya, qara qoça minər­sə – qaranlıq dünyaya ge­də­cək. Bu, ağ və qara qoçların qəhrəmanı (uyğun olaraq) işıqlı və qaranlıq dünyalara aparan media­tor/da­şıyıcılar olduğunu gös­tərir. Demək, Quzu/Qoyun Xaosa adla­maq istəyən Qazan və Çoban üçün də eyni funksiyanı – media­tor/daşıyıcı və­zi­fə­si­ni yerinə yetirir. Bu halda Məlikməmməd kimi qoçun belinə min­məklə, Basat kimi onun dərisinə bürün­mək elə eyni məna cərgəsini yaradır. Diqqət edək:

a) Məlikməmməd qara Qoça minməklə Xaos dünyasına adlayır.

b) Basat Qoçun dərisinə girməklə ona çevrilir və Kos­mo­sa Qoç cildində adlayır;

c) Qazan Quzunun ətini yeməklə ona çevrilir və Xaosa Quzu cildində adlayır.

ç) Çoban Quzunun ətini yeməklə ona çevrilir və Xaosa Quzu cildində adlayır.

e) Lakin Çoban həm də Məlikməmməd kimi Quzunu min­məklə Xaosa adlayır. S.Qarayevin müşahidəsindən gö­rün­­düyü kimi, Çoban at yox, keçi minir: Atla Keçinin mifoloji-metaforik eyniliyi (“Altundağı alaca atun nə ögər­sən? // Ala başlu keçimçə gəlməz mana”336) Quzunu da da­şı­yı­cı/mediator kimi onlarla bir sıraya qoyur.

ə) Beləliklə, həm daşıyıcı/mediator, həm də onunla dav­­ranış formulu Azərbaycan eposunda variantlaşır.

f) Daşıyıcı/mediator Qoç, Quzu və Keçi ola bilər. Bu üç obrazın invariantı Qoyundur.

g) Davranış formuluna görə, Qoyun minilə, dərisinə gi­rilə və yeyilə bilər. Qoyun/Qoç/Keçi minildiyi halda – me­dia­tor/daşıyıcı, Quyun/Qoç dərisinə girildiyi halda – cild­də­yiş­mə ilə mediasiya, Qoyun/Quzu yeyildiyi halda – yenə də cild­dəyişmə/çevrilmə ilə mediasiyadır.

– Qazanla Çoban statusdəyişmə ritualından sonra yola düşürlər: “İkisi bilə yola girdi”337.

Epos Qazanla Çobanın Xaos yolunu təsvir etmir. On­lar Xaosa necə keçirlər, yol boyu hansı keçid/maneələrlə üz­ləşirlər, bu barədə epos bir kəlmə də bilgi vermir. Biz on­larla bir də Xaosda qarşılaşırıq: “Bu məhəldə, sultanım, Salur Qazanlam Qaraca çoban çapar yetdi”338. Bu iki məlumat ara­sında sanki epik təsvir boşluğu var:

Xaosa gediş: “İkisi bilə yola girdi”;

Xaos boyunca hərəkət: ..........................;

Xaos: “Bu məhəldə, sultanım, Salur Qazanlam Qaraca ço­­ban çapar yetdi”.

– Bu “epik təsvir boşluğu”, əslində, ciddi diqqətçəkici mə­­qamdır. Burada məsələ iki cəhətlə əlamətdardır:



Birincisi, “epik təsvir boşluğunun” kosmoloji se­man­ti­ka­­sı ilə;

İkincisi, epik mətnin kosmoloji strukturu ilə.

– Mətndə bizə “epik təsvir boşluğu” təsiri bağışlayan bu mə­­qam Xaosa adlama motivinin kosmoloji strukturu ilə bağ­lı­dır. Xaosa keçidin iki paralel səviyyəsi var:

1. Üfüqi keçid;

2. Şaquli keçid.

Qazanla Çobanın Xaosun mərkəzində yerləşən Şök­­­lü Məliyin Evinə, başqa sözlə, Xaosun nüvəsinə hansı yol­­­ları qət edərək keçib getmələrinin boyda təsvir olun­ma­­ması onların “daha əski” keçid üsulundan, yəni Xaosa bir şaman/qəhrəman kimi şaquli keçidlə adladıqlarını gös­tə­­rir. Bu halda onlar Xaosa Dünya Ağacının kökləri va­si­tə­si­lə enirlər. Lakin bu, üfüqi keçidin olmaması mənasına gəlmir. Məs., şamanlar Göyə və Yeraltına dünya ağacının vasitəsilə, baş­qa sözlə, şaqulu keçidlə adlayır, lakin qayıdarkən öz yol­la­rı­nı üfüqi keçid kimi təsvir edirlər. Bu, o deməkdir ki, şaquli və üfüqi keçid ayrılmaz, paralel/metaforik məna cərgələridir. Bu halda Qazan və Çobanın Xaosun mərkəzinə sanki “göy­dən düşmələri” şaquli keçidin iz/işarələridir. Lakin Qazan və Ço­banın çevrilmə/cilddəyişmələrinin, qoyun/quzu/keçi da­şı­yıcı/mediatorluğunun izlərinin qalması üfüqi keçidin pa­ra­lel/metaforik sıra olduğunu təsdiq edir. Qəhrəmanın bu ke­çid­lərin hər birindən eyni vaxtda istifadə etməsi tarixi şüur ba­xımından bizə anaxronizm və ziddiyyət kimi görünsə də, bu, mifoloji-metaforik düşüncə üçün təbii-normal haldır.

– Lakin Qazan və Çobanın Xaosa şaquli keçidlə ad­la­ma­ları “epik mətnin kosmoloji strukturu” faktoru ilə də əla­qə­dar­dır. Hadisələrin gizlində qalan səbəbi olan mətnaltı (B.N.Pu­tilov) paralel-metaforik sıraları təşkil edən şaquli və üfü­qi keçid formullarını sanki qəhrəmanlar arasında “bö­lüş­dür­müşdür”: şaquli keçidi – Qazan və Çobana, üfüqi keçidi isə digər inisiasiya qəhrəmanı olan Uruza “vermişdir”.

– Dastan/təhkiyəçi Qazanla Çobanın “ikisinin birgə yola düş­düyünü” xəbər verdikdən sonra onlar haqqında təhkiyəni dər­hal dayandırır. Dekorasiya/səhnə birdən-birə dəyişir. Təh­ki­yəçi “Qazan” süjetini qəfildən saxlayaraq, Şöklü Məliyin sa­rayındakı hadisələrin təsvirinə keçir:

“Qazana bu söz xoş gəldi. Atından endi, çobanın əllərin çöz­di. Alnından bir öpdi, aydır: “Allah mənim evimi qur­ta­ra­caq olarsa, səni əmiraxur eyləyəyin”, – dedi. İkisi bilə yola girdi.

Bu yana Şökli Məlik kafərlərlə şən-şadman yeyüb-içüb oturardı”339.

Təhlil göstərir ki:

– Epik mətnin/təhkiyənin strukturu onu yaradan və da­şı­yan etnik düşüncənin (dünya modelinin) strukturunu inikas edir. Bu baxımdan, kosmoslu Qazan haqqındakı süjetin xaos­lu Şök­­lü Məlik haqqında süjetlə əvəz olunması “Kosmos-Xaos-Kosmos-Xaos...” ritmik əvəzlənməsinin strukturunu in­kas edir. Sü­jetin ritmi etnokosmik düşüncənin ritmini pro­yek­si­ya­lan­dı­rır.

Xaosu təsvir edən süjetin qəhrəmanı Uruzdur. Süjet bütövlükdə Uruzun qəhrəmanlıq/ərdəmlik/hünər/namus ka­teqoriyaları üzrə sınağa çəkilməsindən, Yer Ana (Burla xa­tun) tərəfindən yeyilərək ölməsindən, Dünya Ağacında ölüb-di­rilməsindən və nəhayət, bəy statusunda qurulmaqla Oğuza Qəh­rəman/Bəy kimi qayıtmasından bəhs edir.

– Uruzla bağlı bu süjet bəyolma inisiasiya/ərgənlik ri­tualını təsvir edir.

– Uruzun inisiasiya ritualının Qazanın inisiasiya ri­tu­alın­dan əsas fərqi ondadır ki, Qazan statusdəyişmə, Uruz isə sta­tusartırma ritualından keçir.

– Qazan statusdəyişmə ritualı ilə yenidən Xan/Bəylərbəyi olursa, Uruz statusartırma ritualı ilə ye­ni­yet­mə statusundan Bəy/Alp/İgid statusuna qalxır.



Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə