Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 17.5. Dünya ağacında dəfnetmə ölüb-dirilmə formulu kimi



Yüklə 2,14 Mb.
səhifə23/27
tarix02.01.2018
ölçüsü2,14 Mb.
#19463
1   ...   19   20   21   22   23   24   25   26   27
§ 17.5. Dünya ağacında dəfnetmə ölüb-dirilmə formulu kimi
Ağacda dəfn etmə ümumtürk kosmoloji düşüncəsinin qə­dim ritual formuludur. Oğuz eposundakı “Yağmalanma” bo­yunun Altay eposundakı bir analoquna müraciət edək. “Bay­balçikay” dastanında deyilir ki, Baybalçikay öz kiçik yaş­lı oğlu Ermelçinəklə ova gedir. Bu zaman adamyeyən Del­be­qen347 onların obasına hücum edir və Baybalçikayın ar­va­dı­nı qaçırır. Deməmişkən, Baybalçikay tayqada bir neçə dəfə Del­beqenlə qarşılaşıb və canını onun əlindən güclə qurtarıb. İn­di ona görə də divdən qorxur. Buna görə də ananın dalınca ata­sının yerinə Er­melçinək yollanır. Delbeqen meşədə böyük bir təpənin için­də yaşayır. Ermelçinək mağaraya yaxınlaşanda o, qara maral cildində qapının ağzında yatıbmış. Ermelçinəyin atı göy marala çev­rilib qara maralla döyüşə girir. Ermelçinək özü isə qartala çev­rilib, anasını və Delbeqenin qızını götürüb uçur. O, Del­be­qe­nin qızı ilə evlənir. Bundan qəzəblənib qisas (he­yif) almaq istəyən Delbeqen şər ruh kimi Ermelçinəyə xəs­təlik yollayır, o da bu xəstəlikdən ölür. Atası onu iki “Ana ağa­cı”nda (“ene aqaş”) dəfn etmək istəyir. Ağaclar onun meyidini qəbul et­mir­lər. Eləcə də nə çay, nə də dağ onun me­yi­dini ona görə qəbul et­mirlər ki, o, Delbeqenin qızı ilə ev­lə­nib. Bu halda ata öz oğ­lu­nun ölmüş bədənini iki hissəyə bö­lür: bədənin aşağı hissəsi – yer­altına, yuxarı hissəsi – göyə ge­dir348.

Göründüyü kimi, “Baybalçikay” dastanın süjeti “Yağ­ma­lama” dastanının sxem-süjeti ilə üst-üstə düşür. Hər ikisi yağ­malama paradiqmasını təcəssüm etdirir. Ən başlıcası, biz bu­rada Uruzun həmfunksioneri olan Ermelçinəyin ağacda dəf­ni ilə qarşılaşırıq. S.S.Surazakov yazır ki, “Baybalçikay” das­ta­nın­da ölünün ağacda dəfn olunması ilə tez-tez qar­şı­la­şı­rıq349.

Atasının Ermelçinəyi dəfn etmək istədiyi ağaclar adi ağac­lar deyil. Onlar mətndə “ana ağac” (“ene aqaş”) ad­lan­dı­rı­lır. Ana ağac kosmoloji semantikası baxımından Dünya ağa­cı­­dır. Onun ana adlandırılması ölmüş qəhrəmanı yenidən doğ­ma­sı ilə bağlıdır. Ana ağacın qəhrəmanın meyidini qaytarması kos­moloji planda onun Ermelçinəyi ölüb-dirilmə for­mu­lun­dan keçirməsi, yəni qəhrəmanın ağacda ölüb-dirilməsidir. Bu hal­da Ermelçinəyin həmfunksiyası olan Uruzun da ağacda asıl­ması, başqa sözlə, öldürülməsi/dəfn edilməsi onun ağac va­sitəsilə ölüb-dirilməsidir.
§ 17.6. Ermelçinək və Uruzun Dünya Ağacında dəfni inisiasiya ritualı kimi
“Baybalçikay” dastanı və “Yağmalanma” boyunun süje­ti­nin əsasında eyni kosmoloji konsept – fərdin qəhrəmana çev­rilməsini gerçəkləşdirən inisiasiya ritualı durur. Bu, va­hid inisiasiya sxemidir. Həmin sxem Qazana münasibətdə sta­tusdəyişmə, Uruz və Ermelçinəyə münasibətdə sta­tus­ar­tır­ma variant/mexanizmini işə salır. Uruz və Ermelçinək bu ri­tual vasitəsi ilə bir statusdan o biri statusa adlayırlar. Sü­jet­də­ki ritual sintaqm-formullarına müqayisəli şəkildə diqqət edək:

Kosmosdan Aralıq məkana keçid:

Baybalçikay da Qazan kimi ova gedir. Bu, inisiasiya ri­tualı­nın işə düşməsi üçün mühüm şərtdir. Əgər qəhrəman ev­də olsa, evini qoruyar və bu halda yağmalama baş tutmaz. De­mək, inisiasiyanı gerçəkləşdirən yağmalama mexanizminin işə düşməsi üçün Ev/Obanın başçısının (qoruyucusunun) onu baş­sız buraxması, başqa sözlə, Kosmosu tərk etməsi lazımdır.

Kosmosu tərketmə “statusitirmə” aktı kimi:

Baybalçikay və Qazan ova getməklə Kosmosun baş­çı­sı/hakimi olma statusunu itirirlər. İstər Ala dağdakı ov, istərsə də tayqadakı ov aralıq məkan/statusu nəzərdə tutur. Bu, ikili sta­tusdur. Aralıq məkan/statusda olan subyekt Kosmosla Xaosun bir-birinə qovuşduğu, birləşdiyi, müəyyən mənada ey­ni­ləşdiyi məkan/statusda olur. Bu, kosmoloji mahiyyət ba­xı­mından liminal hal, keçid/astana statusudur. Bu, eyni za­man­da subyektin həm diri (kosmoslu), həm də ölü (xaoslu) ol­ması deməkdir. Demək, Baybalçikay və Qazan ova get­mək­lə kosmosdakı statuslarından məhrum olub, ikili statusa ke­çir­lər.

Yağmalama Xaos-Kosmos əvəzlənməsi kimi:

Baybalçikay və Qazan evi tərk edən kimi onların evini uy­ğun olaraq Delbeqen və Şöklü Məlik yağmalayır. Del­be­qe­nin div/adamyeyən obrazı və Şöklü Məliyin “kafir” epiteti onların hər ikisinin Xaosun obrazlaşması (personifikasiyası) olduğunu ortaya qoyur.

Yağmalama statusdəyişmə ritualı kimi:

Yağmalama Qazan və Baybalçikaya münasibətdə sta­tus­də­yişmə mexanizmini işə salır. Hər ikisi yağmalama ilə ha­ki­mi olduqları Kosmosdan müvəqqəti məhrum olur və yalnız Kos­mosun yenidən bərpası ilə onlar da yenidən onun baş­çı­sı­na çevrilirlər. Bu, statusdəyişmədir. Qazan və Baybalçikayın za­hiri deaktivliyi (fəaliyyətsizliyi) bununla bağlıdır. Bay­bal­çi­kay oğurlanmış arvadının dalınca getmir. Süjetüstü bunu onun div­dən qorxması ilə izah edir. Lakin bunun əsl mənasının iz/işarə­ləri süjetüstündə qorunub qalıb. Məlum olur ki, Bay­bal­çikay tayqada bir neçə dəfə Delbeqenlə qarşılaşıb və canını onun əlin­dən qurtara bilib. Bu, onun statusartırmanı nəzərdə tu­tan inisiasiya ritualından həmin qarşılaşmalar vasitəsilə ar­tıq keç­məsi deməkdir. Baybalçikay tayqada Delbeqenlə bir ne­çə dəfə qarşılaşıb, vuruşub və “canını onun əlindən qur­ta­rıb”. Həmin “can qurtarma” kosmoloji sxem baxımından onun Xaosa gedə­rək orada ölüb-dirilmə (“can qurtarma”) yo­lu ilə inisiasiya ri­tualından keçməsi deməkdir. İndiki halda Qa­­zan və Baybal­çikay Kosmosun başçısıdır. Kosmos/Ev/Oba əl­dən gedir və onların başçılığı altında qəhrəmanlar Kosmosu xi­las edirlər. Bu, onları yenidən Kosmosun başçısı kimi təsdiq edir. Bu da öz növbəsində onların statusdəyişmədən irəli gə­lən deaktivli­yini şərtləndirir. Biz “Yağmalama” boyunda Qa­za­nı da Bay­bal­çikay kimi fəaliyyətsiz görürük. Qəhrəmanlığı Qa­zan deyil, onun başçılıq etdiyi kosmik güclər həyata ke­çirir­lər. Çünki o, Kosmosun başçısıdır: onun bütün fəaliyyəti baş­çılıqdan ibarət­dir. Bu halda Qazanın yenidən Kosmosun baş­çısı (xan/bəylər­bəyi) olması üçün onun başçılıq etdiyi kos­mik güclərin (bəy­lərin) Kosmosu xilas etməsi lazımdır. Əgər edə bilməsələr, bu halda Qazanın fərsiz/yararsız/antiqəhrəman baş­çı olduğu üzə çıxacaq. Demək, statusartırma mexa­niz­mi­ni nəzərdə tutan qəhrəmanlıq aktını Qazan deyil, onun baş­çılıq etdiyi güclər həyata keçirməlidir. Bu başqaları indi­ki halda Qəhrə­man/Bahadır/Alp/İgid olmaq sına­ğın­dan keçən Uruz və Ermelçinəkdir. Çünki Qazanın başçılıq et­diyi 24 oğuz bəyinin də bu sınaqdan keçməyə ehtiyacları yox­dur: onlar artıq alp/igid statusartırma ritualından keçərək Bəy adını almışlar.

Ermelçinək və Uruzun qəhrəmanlığı statusartırma ritualı kimi:

Ermelçinəyə münasibətdə hər şey aydındır. Atasının onu özü ilə ova aparması, daha sonra Ermelçinəyin divin mə­ka­nı­na (Xaosa) gedərək anasını xilas etməsi və bununla da öz oba­sına Bahadır/Qəhrəman kimi qayıtması onun keçdiyi inisiasi­ya ritualını birbaşa statusartırma aktı kimi təsdiq etməyə im­kan verir. O, ərgənlik/inisiasiya ritualından keçməklə kiçik yaşlı uşaqdan qəhrəmana çevrilir.

Uruza münasibətdə məsələ qəlizdir və çox diqqətli ol­maq tələb olunur. Onun “qəhrəmanlıq” sxemindən keçməsi göz qa­ba­ğındadır: Şöklü Məlik Qazanın “ordısına” hücum edən­də öz 300 igidi ilə qəhrəmancasına vuruşur, əsirlikdə ölü­mü atasının namusundan üstün tutaraq Salur Qazanın adına lə­kə düşməyinə razı olmur. Bunlar birmənalı şəkildə qəh­rə­manlıq formullarıdır. Lakin təkcə bunlara əsaslanıb, Uruzun ye­niyetməlik statu­sun­dan alplıq statusuna qalxmasını nəzərdə tutan statusartırma ri­tualından keşdiyini söyləmək çətindir. Çün­ki “Dədə Qorqud” eposunun əsas cavan qəhrə­man­ların­dan olan Uruz haqqında digər boylarda da bəhs olunur. Elə dastanın “Qazan bəy oğlu Uruz bəyin dustaq olduğu boy”da ata Salur Qazan Altay das­tanındakı ata Baybalçikay kimi öz oğ­lunun “əlindən tutub” onu ova aparır. Bu, ər­gən­lik/inisia­si­ya ritualıdır. Yəni Uruz bu ri­tual­la Bəy/İgid/Alp statusuna qal­xır. Lakin “Yağmalanma” bo­yu­nun lap başlanğıcında biz onu artıq 300 igidin başçısı olan alp/igid statusunda görürük. Bu­rada ən incə məqam Qazan ova gedərkən onu öz evinin üs­tün­də başçı qoymasıdır. Bu, o de­mək­dir ki, Qazan “Ala dağa – Keçid məkanına – Ov ritual reji­minə” mediasiya edərkən özü­nün Evin başçısı statusunu ilk növbədə oğlu Uruzla də­yi­şir. Bu, Uruzun statusdəyişmə ri­tua­lının subyektinə çev­ril­mə­si deməkdir. Bu halda buradan belə bir nəticə də çıxarmaq olar ki, “Yağmalanma” ritualı bü­tövlükdə Qazanın sta­tus­də­yiş­mə ritualı olduğu kimi, Uruzun da bir varis kimi sta­tus­dəyiş­­mə ritualıdır. Lakin biz hələlik bu fikrimizi təsdiq etmir və Uruz/Ermelçinək paralelliyini əsas götürüb, Uruzun ini­sia­si­ya ritualında ölüb-dirilməsini ərgənlik xarakterli sta­tusar­tır­ma kimi qəbul etməklə kifayətlənirik. Belə ki, Uruzun “Yağ­ma­lanma” boyundakı bütün fəaliyyət akt­ları onun “qəh­rə­man/alp/igid” kimi təsdiqinə xidmət edir. Bu barədə də­qiq fikri Uruzla bağlı dastanda qorunub qalmış bütün ritual sxem­lərini öyrənməklə söyləmək olar.

Xaos və onun şəkilləri:

Delbeqen istər zahiri görkəmi, istərsə də məkani mən­su­biyyəti baxımından xaotik varlıqdır. O, kosmosun düşməni ki­mi adamları yeyir və antikosmik görkəmi var. Şöklü Məlik ob­razı da bütün real cizgilərinə baxmayaraq, özünün ilkin xaotik işarələrini müəyyən qədər qoruyub saxlayıb. Uruzun çən­gələ çəkilməsi ümumən onların adam əti yediyini göstərir. Gör­kəmləri də eybəcər və dəhşətlidir.

Delbeqen meşədəki təpənin içində yaşayır. Meşə mifo­lo­giyada xaos, təpənin içərisi, başqa sözlə, torpağın altı (yer­al­tı) xaotik məkan hesab olunur. Oğuz eposunda da Şöklü Mə­liyin yaşadığı yerin təsvir olunmaması antitəsvir kimi xaotik atmosferi ortaya qoyur.

Ermelçinək və onun atı Şaman/Qəhrəman kimi:

Ermelçinək və onun atı Delbeqenin dünyasına – Xaosa şa­man kimi cilddəyişmə/çevrilmə yolu ilə daxil olurlar. Qəh­rə­manın atı göy marala, özü – qartala çevrilir. “Yağmalanma” bo­yunda Uruzun çevrilmə/cilddəyişməsini görməsək də, əvə­zin­də Kosmosdan Xaosa mediasiya edən digər obrazların (Qa­zan, Çoban, Burla xatun, 40 bəy qızı) cilddəyişmələri şa­man çevrilmə formulunun boyun poetikası üçün səciyyəvi ol­du­ğunu ortaya qoyur. Digər tərəfdən, Uruzun da öz ölümünə ra­zı olaraq, 40 bəy qızı kimi anasını tanımaması bir davranış ak­tı olaraq yalançılıq formulunu gerçəkləşdirir. Xaosda ya­lan­çı­lıq etmək Şaman/Qəhrəmanın davranış kompleksinə aid nor­mativ aktdır. Bu, o deməkdir ki, Uruz da Şa­man/Qəh­rə­man arxetipinin daşıyıcısıdır.

Evlənmə ərgənlik/inisiasiya ritualına aid formul kimi:

Delbeqenin qızını oğurlayan Ermelçinək onunla evlənir. Ev­lənmək ərgənlik ritualının üzvi formuludur. Statusartırma ri­tualından keçən fərd yeniyetmə statusundan Alp/İgid/Qəh­rə­man statusuna qalxır. Bu halda “qəh­rəman­ca­sına elşilik” sxemi Qəh­rəmana çevrilmə prosesinin strukturunu təşkil edir. Ma­raq­lıdır ki, Oğuz eposunda Uruzun ev­­lənməyinin təsviri yoxdur. Biz onu heç bir boyda “qəhrəmancasına elçilik” motivinin funksioneri kimi gör­mü­rük. Lakin “evlənmə” bir ritual aktı kimi bütün hallarda statusartırma xarakterli inisiasiya rituallarının üzvi struk­tur formuludur. Bunsuz Kosmos tamamlana/yarana bil­məz. Statusartırma bir kosmik statusdan o bi­risinə keç­mək­dir. Bu, bütün hallarda kosmosyaratma ha­di­sə­sidir. Ritual subyekti bir statusda ölür (Xaosda yenidən qu­ru­lur), o biri statusda dirilir. Yəni Kosmos ölür və yenidən yaranır. Yaranış bütün hallarda Kişi və Qadın başlanğıclarının birləşməsini tə­ləb edir. Bu birləşmə/evlənmə olmasa, yeni kosmos/status ya­ra­na bilməz.

Ritual ölüm Kosmosun yaranış aktı kimi:

Ermelçinək “qayınatası” Delbeqenin ona yolladığı xəs­tə­­likdən ölür. Onun meyidini nə iki “ana ağac”, nə çay, nə də dağ qəbul etmir. Bu halda ata öz oğlunun ölmüş bədənini iki hissəyə bölür: bədənin aşağı hissəsi – yeraltına, yuxarı hissəsi – göyə gedir. “Ermelçinəyin ölümü” bir süjet kimi ilkin əc­da­dın bədənindən kosmosun yaranması sxemini təsvir edir.

Bir sıra kosmoqoniyalarda dünya kosmik insan bədəni kimi təsvir olunur. Burada kosmosun müxtəlif hissələri insan bədəninin hissələrinə uyğun olmaqla makrokosm (dünya – S.R.) və mikrokosmun (insanın – S.R.) vəhdətini göstərir350. Hind mifologiyasında Puruşa, İran mifologiyasında Hörmüzd, skan­dinav mifologiyasında İmir, yunan mifologiyasında Zevs, Çin mifologiyasında Pan-qu, Tibet mifologiyasında Klumo öz bədənləri ilə kosmosu modelləşdirirlər351. Qeyd edək ki, Oğuz mifologiyasında da Oğuz eyni funksiyanı yerinə yetirir: Oğuz Ka­ğan oğuz dünyasını müxtəlif qatlardan məhz bir insan ob­ra­­zında modelləşdirir: Oğuz – insan, Oğuz – etnos/xalq, Oğuz – coğ­rafi ad (məkan), Oğuz – zaman (“Oğuzun zamanında” ifa­dəsi zamanın antopomorflaşmasını modelləşdirir)352.

Beləliklə, mifologiyada ilkin əcdadın ölməsi ilə onun bədəni dünya və onun ayrı-ayrı ünsürlərinə çevrilir. Bu halda Ermelçinəyin bədəninin aşağısının yeraltına, yuxarısının göyə getməsi onun bədəninin həm dünyanın modeli olmasını, həm də bu ölmüş bədəndən dünyanın yaranmasını göstərir. Bu, bizə Ermelçinək/Uruz paralelində Uruzun da ölümünü kos­mo­sun yaranması kimi qəbul etməyə imkan verir.

Dünya ağacı qəhrəmanı yenidən doğan Ana ağac ki­mi:

Altay eposunda Ana ağac(lar) Ermelçinəyin meyidini qə­bul etməyərək geri qaytarır. Demək, Ermelçinəyin ölmüş bə­dəni ağaca gedib-qayıdır. Bu gedib-qayıtma ölüb-di­ril­mə­dir. Ermelçinəyin bədəninin Ağaca yollanmağı onun ölü­mü­nü, Ağacın bədəni geri qaytarması – dirilməyini bildirir. Di­ril­mə do­ğulma şəklində baş verir. Zatən mifologiyada yaranış elə do­ğuluş deməkdir. Ağacın Ermelçinəyi doğması onun “Ana” ad/funk­­siyasında ifadə olub. Mifologiyada Ananın funk­­siyası doğ­maqla yaratmaqdır.

Uruzun da ağacda ölüb-dirilmə sxemi, başqa sözlə, öl­məyi və doğulmağı süjetüstündə qorunub qalmışdır. Ölmüş Er­­melçinəyi Ağacda dəfn etməyə apardıqları kimi, Uruzu da Ağac­da öldürməyə/dəfn etməyə aparırlar. Ana ağac onun bə­də­nini geri qaytardığı kimi, Uruz da Ağacdan onun bədənini geri qaytarmağı tələb edir. Ermelçinək ölür və Ana ağacda yenidən doğulur. Uruzun ağacda doğuluşu Ermelçinəkdən bir qə­­dər fərqlidir. Burada doğucu Ana təkcə Dünya ağacı yox, həm də Burla xatundur. Burla xatun Uruzun ölümündə, əti­nin yeyilməsində və doğuluşunda birbaşa iştirak edir. Bu, onun Yer Ananın epik paradiqması olduğunu ortaya qoyur.



§ 18. Yer Ananın Qəhrəman/Şamanı yeməsi və

yenidən doğması
Ərgənlik, yaxud şamanolma ritualının ümumi sxeminə gö­rə, statusartırma ritualından keçən subyekt, yaxud gələcək şa­man:

– Köhnə statusundan ayrılır: bu ayrılma ritual ölüm şək­lin­də gerçəkləşir.

– Ölmüş subyekt ölüm dünyasına Xaosa gedir;

– Xaosda Yer Ananın yanında/məkanında subyektin bə­də­ni hissələrə ayrılır: ya ətini sümükdən ayırırlar, ya Yer Ana onun ətini yeyir və s.

– Sonra subyektin bədəni yenidən yaradılır: ya bədənin hissə­lərini yenidən birləşdirirlər, ya da Yer Ana yediyi sub­yek­ti yenidən doğur.

– Yenidən doğulmaqla yeni insana çevrilmiş subyekt öz ye­ni statusunda Kosmosa qayıdır.

Statusartırma ritualının iki mühüm konsept/obrazı var: ölüb-dirilmə ritualından keçən subyekt və bu ölüb-dirilməni hə­yata keçirən Yer Ana obrazı.

Yer Ana bir obraz kimi kosmosyaradıcı konseptdir. Xaosa gəlmiş subyektin bədəninin hansı şəkildə öldü­rül­mə­sin­dən, hansı şəkildə yenidən yaradılmasından və bunu icra edən­lərin obraz/şəkillərindən asılı olmayaraq, bütün bunların ha­mısı Yer Ana obraz/kompleksini təşkil edir. Yəni subyektin öl­dükdən sonra dirilməsi üçün o, yenidən doğulmalıdır. Bu do­ğu­luş hansı şəkillərdə (parçalanmış ətlərin sümüklərlə bir­ləş­di­ril­mə­si, yaxud subyektin ətinin yeyilərək yenidən do­ğul­ma­sı) baş verməyindən asılı olmayaraq ritual subyektini ye­ni­dən doğ­maq Yer Ananın funksiyasıdır. Bu baxımdan, di­ril­mə/do­ğul­ma bütün hal/şəkilləri ilə Yer Ana arxetipinə bağ­lı­dır.

§ 18.1. Yer Ananın Uruzu yeməsi və yenidən doğması
“Baybalçikay” dastanında Yer Ana ağac obrazındadır: Ana ağac/“Ene aqaş”.

“Yağmalanma” boyunda Yer Ana həm ağac, həm də in­san/qa­dın obrazlarındadır və çox asanlıqla bərpa olunur. Ölüm-dirilmə formulunun struktur sxeminə diqqət edək :

Uruzun öldürülmək üçün dar ağacına aparılması: köhnə statusdan ayrılma.

Uruzun ağacla dialoq/xəbərləşməsi (alqış-qarğış): inisiasiyanın konsept/sxem/məqsədinin elan olunması.

Uruzun ağacdan asılması və sağ qalması: Dünya Ağa­cı­nın (Ana ağacın) subyekti öldürməsi və yenidən doğ­ma­sı.

Urzun ətinin yeyilməsi qərarı və sağ qalması: Yer Ananın subyektin ətini yeməsi və onu yenidən doğması.

Uruzun ölməkdən canını qurtarması: subyektin öl­mə­si və dirilməsi.

Beləliklə, boyda Yer Ana invariantını iki paradiqmada gö­rürük:



Ağac – bu, süjetüstündə “qənarə” adı ilə qorunub qalmış Dün­ya Ağacıdır.

İnsan – bu, öz oğlu Uruzun asılma, öldürülmə, ətinin ye­yilmə sxeminə daxil edilmiş Burla Xatun obrazıdır. Burla xa­tunun Uruzun öldürülməsi ritualında bütün davranışları ix­ti­yari hərəkətlər yox, Yer ananın inisiasiya ritualındakı rol/funksiyasının “təkrarıdır”. Yer ana inisiasiya ritualında ölə­­rək Xaosa gəlmiş qəhrəmanı öldürür, yeyir, sonra yenidən do­ğur. Burlanın Uruzun öldürülmə ritualındakı “işi” də elə Yer Ananın bu funksiyasını “təkrarlamaqdan” ibarət­dir. Bu halda Burla xatun Yer Ananın epik paradiqmasıdır. Baş­qa sözlə, epoxal transformasiyalar zəminində fasiləsiz müa­sir­ləşmələr, nəhayət, mifik Yer Ana obrazını epik Burla xatun obrazına transformasiya etmişdir. Burla xatunun “Do­ğucu ana” funksiyası Şöklü Məliyin onu öz döşəyinə salmaq istəməsi motivində və Uruzun anasına müraciətlə dediyi “Sən sağ ol, qadın ana! Babam sağ olsun! // Bir mənim kimi oğul bu­­lunmazmı olur” ifadəsində353 qorunub qalmışdır.

Uruzun inisiasiya ritualı şaman/qəhrəmanın inisiasiya sxe­mi üzrə gedir. Qeyd olunduğu kimi, “şaman olma” və “qəhrəman olma” ritualları statusartırma formulları kimi eyni mə­dəniyyətdə şaman və qəhrəman kodları üzrə gerçəkləşən va­hid inisiasiya sxemidir. Səciyyəvidir ki, statusdəyişmə ri­tual­larının subyekti olan qəhrəmanın mediasiya ssenarisi də şa­manın mediasiya ssenarisi ilə eyni sxemə tabedir. Bu da öz növ­bəsində Uruzda olduğu kimi, Qazanın da ölüb-dirilmə ri­tu­alını Qəhrəman/Şaman arxetipinin struktur sxemi əsasında bərpa etməyə imkan verir.


§ 18.2. Yer Ananın Qazanı yeməsi və yenidən doğması
Diqqət edək:

– Xanlığını itirmiş Qazan yenidən xan olmaq üçün sta­tus­dəyişmə ritualından keçməlidir.

– Bunun üçün onun ölməsi, Xaosa getməsi və orada yeni sta­tusda dirilərək Kosmosa qayıtması lazımdır.

– Xaosda dirilmə doğulma şəklində baş verir.

– Doğulmaq üçün Doğucu ana lazımdır. Bu – Yer Ana­dır: o olmasa, ritualda ölmüş Qazan dirilə/doğula bilməz.

– Bu baxımdan, Qazanın xanolma ritualının ən vacib ün­sürü Yer Anadır.

– Bu da öz növbəsində Qazanın qarıcıq anasının boy­da­kı nominativ (tamamilə fəaliyyətsiz) funksiyasının üzərinə işıq salır.

– Ritual subyektinin ölərək yenidən doğulması (qu­rul­ması) Xaosda baş verir. Bu kosmoloji məntiqə uyğun olaraq ha­mı: yenidən dirilməli olan Qazan da, yenidən dirilməli olan Uruz da, o cümlədən onları doğmalı olan Yer Ana(lar) da Xaos­dadır.

– Hər subyektin öz Yer Anası var. Uruzu Yer Ana/Burla doğ­duğu kimi, Qazanı da onun öz Yer Anası – Qarıcıq ana doğ­malıdır.

Süjetə diqqət edək:

Xaosa sanki “göydən düşən” Qazan Şöklü Məliyin dü­şər­gəsinə çatan kimi ilk işi anasını diləmək olur: “Qaracıq ço­ban, anamı kafərdən diləyəyim, at ayağı altında qalmasun”, – dedi”354.

Maraqlıdır ki, Şöklü Məliyə müraciət edən Qazanı nə al­tun ban evi, nə ağır xəzinəsi, nə Burla xatun, nə oğlu Uruz, nə şahbaz atları, nə qatar-qatar dəvələri maraqlandırmır. O hətta arvadı Burla xatunun burada əsirlikdə qalmasına da razıdır (“Qırq incə bellü qızla Burla xatunı götürüb durursan, sana ye­sir olsun!”355), təkcə anasını istəyir: “Qarıcıq anam gətürüb du­rursan, mərə kafər, anamı vergil mana // Savaş­madın, uruş­ma­dın qayıdayım-gerü dönəyim, gedəyim...”356

Bizcə, boyda Qazanın ilk öncə qarıcıq anasını is­tə­mə­si­nin onun qocalığı, ayaq altda qalıb ölə bilməsi ilə izah olun­ma­sı sonrakı epik məntiqi əks etdirir. Buna qalsa, onun arvadı da bir qadın kimi 40 incə belli qızla ayaq altında qalıb ölə bi­lər. Süjetaltı bizə başqa şey deyir. Diqqət edək:

– Boyda Qazanın Şöklü Məlikdən anasını istəməsi xü­su­si motiv – dialoq/xəbərləşmədir.

– Bu xəbərləşmə bütün sonrakı epoxal trans­for­ma­si­ya­la­ra rəğmən qarıcıq ananı bizə məhz doğucu ana funk­si­ya­sın­da təqdim edir. Onun doğuculuğu dialoq/xəbərləşmədə iki də­fə xatırlanır. Birinci dəfə Şöklü Məliyin dilində:


Qarıcıq ananı gətürmişiz, bizimdir,

Sana verməziz, Yayxan keşiş oğlına verəziz,

Yayxan keşiş oğlından oğlı toğar,

Biz anı sana ğərim qoruz...357


İkinci dəfə Qaraca Çobanın ona cavabında:
Mərə kafir, Qazanın anası

Qarıyubdur oğul verməz358.



Beləliklə, qarıcıq ana obrazı ilə bağlı süjetüstündə qo­ru­nub qalmış kosmoloji işarələri toplayıb birləşdirdikdə onun Qa­zanın statusdəyişmə ritualındakı Doğucu ana funksiyası üzə çıxır. Qazan Xaosda hökmən yenidən doğulmalıdır. Onun bü­tün varlığı yenidəndoğulmaya müncər olunur. Bu ba­xım­dan, Qazanı maraqlandıran yalnız onun yenidən doğulma ak­tı­nı həyata keçirəcək Qarıcıq (Yer) anadır.
§ 19. Kosmosun xilası: bütün kosmik ünsürlərin

ölüb-dirilməsi
Qazanın Şöklü Məliklə dialoq/xəbərləşmədə öz evinə aid olan ünsürlər içərisində yalnız qarıcıq anasını istəməsi sü­jet­üstünün bunu necə (ananın qocalıq üzündən ayaq altda qala bil­məsi qorxusu, yaxud Qazanın Şöklü Məliyə kələk gəlməsi ilə və s.) izah etməsindən (əsaslandırmasından) asılı ol­ma­ya­raq, ananı istəmə Qazanın bir ritual subyekti olaraq sta­tus­də­yiş­mə ritua­lında yerinə yetirməli olduğu funksional hərəkət for­mul­larından biridir. Başqa sözlə, ananı istəmə sta­tus­də­yiş­mə ritualının struk­tur sxeminə aid zəruri davranış formuludur. Diqqət edək:

Ananı istəmə xüsusi ritualdır. Qazan anasını istəmək üçün Şöklü Məliklə dialoq/xəbərləşmə ritualı keçirir.

Ananı istəmə statusdəyişmə ritualının strukturunu təş­kil edən zəruri sxem/formuldur.

– Ananın istənilməsinin rituallaşdırılması bunun Qa­za­nın davranış sisteminə aid/daxil olan zəruri hərəkət for­mu­lu olduğunu ortaya qoyur.

– Bu halda Qazanın dialoq/xəbərləşmədə Evə aid olan di­gər ünsürləri (arvadını, oğlunu, xəzinəsini, ilxısını, dəvə sü­­rüsünü) istəməməsi bunların istənilməsinin onun ritual və­zi­fələrinə aid/daxil olmadığını ortaya qoyur.

Sual: Bəs bu halda Evin digər ünsürlərini kim istəməli, baş­qa sözlə, xilas etməlidir?

Cavab: Qarıcıq ana xaricində Evi bütün başqa ünsürləri ilə birlikdə xilas etmək funksiyası Qazanın yox, onun başçılıq et­diyi kosmik güclərin ritualdan irəli gələn vəzifəsidir.

Diqqət edək:

– Qazanın evi onun başçılıq etdiyi Oğuz kosmosunun sim­volu, Oğuz etnokosmik ünsür və dəyərlərinin kon­sentra­siya olunduğu, bağlandığı Mərkəz/Nüvədir.

– Ev/Mərkəz/Nüvənin tale/davranışı ona konsentrasiya olu­nan bütün ünsürlərin tale/davranışını müəyyənləşdirir.

– Qazanın evi Qazanın və onun 24 bəyinin hakimiy­yə­ti­ni simvollaşdırır. Bu halda Qazanın evinin yağmalanması Qa­za­­nı xanlıqdan məhrum etdiyi kimi, eyni zamanda bu xan­lıq­da təmsil olunan 24 oğuz bəyini də hakimiyyətdən məhrum edir.

– Demək, Qazan kimi, 24 oğuz bəyi də Ev/Kosmosu xi­las etməlidir.

– Bu, eyni zamanda onların da statusdəyişmə ritualından keç­diyini göstərir.

– 24 oğuz bəyinin Ala dağda ovda olması onların da ri­tual subyekti olduğunu ortaya qoyur.

– Ov/Aladağ keçid statusu və məkanıdır.

– 24 oğuz bəyi Oğuz kosmosunu xilas edə bilməsə, on­lar yenidən hakimiyyətə, yəni əvvəlki statuslarına qayıda bil­mə­yə­cəklər. Bu baxımdan onların bu ritualda hamısının bir­lik­də və hər birinin ayrılıqda öz ritual vəzifələri var.

– 24 oğuz bəyi birlikdə vuruşaraq Qazanın Oğuz kos­mo­su­nu simvollaşdıran evini xilas edirlər.

– Oğuzlu Salur Qazan kafir Şöklü Məliyi öldürür.

– Oğuzlu Dəli Tondaz kafir Qara Tükən Məliyi öldürür.

– Oğuzlu Dəli Budaq Buğacıq Məliyi öldürür.

– Qazanın qardaşı kafirin bayrağını qılınclayır/öldürür.



Beləliklə, Qazan və onun 24 oğuz bəyi statusdəyişmə ri­tualında hərə özünə aid olan vəzifəni yerinə yetirir. Bu halda Qa­zanın öz qarıcıq ananı istəməsi onun xanolma ritualındakı əsas vəzifəsinin Yer Ananın vasitəsilə ölüb-dirilmədən ibarət ol­duğunu göstərir. Evin digər ünsürlərinin xilası onun baş­çı­lığı altında Oğuz kosmik güclərinin/bəylərin ritual vəzifəsidir. Hər kəs öz vəzifəsini yerinə yetirməklə bütün Oğuz kosmosu ölüb-dirilmə ritualından keçərək bərpa olunur.


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə