94
ilk tərəfdarlarından və ardıcıl təbliğatçılarından olan Eynəli bəy
Sultanovun bütün yaradıcılığı və fəaliyyətindən bu mövzu qırmızı xətt
kimi keçmişdir. 1907-ci ildə çap olunmuş “Qadın və kişi” adlı mə-
qaləsində qadınların bütün növ azadlıqlarının əllərindən alınmasından
“odlu-odlu”, “yanıqlı-yanıqlı” (Cəlil Məmmədquluzadə) bəhs etmiş-
dir: “Nə üçün qadın, təbiətin bu sevimli, ağıllı, gözəl məxluqu kişinin
iradəsinə tabe olmalıdır? ... ailədə arvadını qıfıl altında saxlayan mey-
munaoxşar, kifir, əxlaqca pozğun bir müstəbidin hökmlərini yerinə
yetirməlidir? Nə üçün onun gözəlliyi vaxtsız solmalı, qəlbinin ən
munis arzuları məhv olmalıdır? Nə üçün o, azadlıq kimi böyük bir
nemətdən məhrum edilməlidir?” [5, s. 34].
“Azərbaycan qızı” əsərinin əsas qəhrəmanı, müsbət qadın obrazı
Sənəmdir. Sənəm XIX əsrin 70-ci illərində yaşamış Azərbaycan qa-
dınlarına müsbət ideal və ya nümunə, etalon kimi təqdim edilmiş, real
həyatdan alınmış, ümumiləşdirilmiş və fərdi keyfiyyətlərilə diqqəti
cəlb edən bir obrazdır. Sözsüz ki, böyük sənətkar bu əsəri yazarkən
dünya ədəbiyyatının bir çox müsbət müasir qadın obrazları yaradılmış
əsərlərindən təsirlənmişdir. Vaxtilə tədqiqatçılar Sənəm surəti ilə ital-
yan dramaturqu Karlo Qoldoninin “Mehmanxana sahibəsi” əsərində
yaratdığı Merondolina obrazı arasındakı oxşarlıqlardan, ingilis mütə-
fəkkiri, utilitarizm (müasir dövr demokratiyası –
A.O.) nəzəriyyəsinin
tərəfdarı Con Stüart Millin əsərlərinin, fransız vodevillərinin, Seyid
Əzim Şirvaninin “Məkri-zənan” mənzum hekayəsinin təsirindən söz
açmışlar. “Azərbaycan dramaturgiyasında kiçikhəcmli pyeslərin yeri
(XIX əsr, XX əsrin əvvəlləri)” mövzusunun tədqiqatçısı,
filologiya üz-
rə fəlsəfə doktoru, dosent Dilarə Məmmədova bu əsəri folklor motiv-
ləri əsasında yazılmış pyeslər sırasına daxil etmiş, konkret olaraq
əsərin “Məkri-zənan” nağılı əsasında yazıldığını vurğulamışdır. Fikri-
mizcə, müəllifin bu qənaətinə səbəb Eynəli bəy Sultanovun özünün
pyesə yazdığı müqəddimə olmuşdur. Həmin müqəddimə belədir: “Təq-
dim olunan pyesin məzmunu nağıla oxşasa da, real həyatdan götürül-
müşdür. Pyes yazılıb qurtardıqdan sonra müəllifə təsadüfən məlum
olmuşdur ki, İran məcmuələrinin birində “Qadın kələyi” adlı novel-
lanın da sonu buradakı kimi bitir. Müəllif güman edir ki, oxucu pyesin
məzmununun başqa əsərlərdən götürüldüyünü zənn etsə də, onun əsl
mahiyyətini fabulada axtarmayacaqdır. Əgər oxucu kitabı oxuyarkən
orada müsəlman qadınlarının mənəvi aləmini, hər şeylə maraqlanan
avropalıdan gizlədən pərdənin bir tərəfini azca qaldırılmış görərsə,
müəllif özünü məmnun bilər” [6, s. 131]. Eynəli bəy Sultanov müsəl-
man qadınlarının hüquqsuzluğunu ört-basdır edən bu pərdənin “bir
95
tərəfini” qaldırmağa cəsarət edən ilk dramaturq olmuşdur. Sonralar bu
pərdəni tamamilə qaldıraraq bütün dəhşətləri ilə müsəlman qadınları-
nın həyatını göz önünə gətirən isə “Ölülər” (1909) tragikomediyasının
müəllifi Cəlil Məmmədquluzadə olmuşdur. XIX əsrin səksəninci
illərində qələmə alınmış “Azərbaycan qızı” komediyası isə o dövr
üçün, əlbəttə ki, çox böyük və misilsiz bir cəsarət idi. Teatrşünasların
fikrincə, əsər 1884-cü ildə Naxçıvan şəhər məktəbinin inspektoru
Nikolayevin təşəbbüsü və həvəskarların iştirakı ilə xeyriyyə məqsədi
üçün tamaşaya qoyulmuşdur. Bu əsərin tamaşası haqqında filologiya
elmləri namizədi, dosent İzzət Maqsudov yazmışdır: “Tatarka” əsəri
çap olunmadığı üçün ilk tamaşadan sonra əsərin oynanılmasına senzor
icazə vermir. Buna görə də Eynəli bəy Sultanov əsəri İrəvana aparıb,
öz xərci ilə çap etdirir, sonradan əsəri şəhər müəllimlərinin və
cəmiyyət üzvlərinin köməyi ilə tamaşaya qoyur. Naxçıvan mühitində
Azərbaycan qadınlarının ağıl və fərasətcə üstün olduğunu göstərən bu
əsər çox böyük müvəffəqiyyət qazanır” [7, s. 35]. Hörmətli alim əsə-
rin əsas ideyasını da ilk olaraq düzgün müəyyənləşdirmişdir: “Pyesdə
müəllifin oxuculara çatdırmaq istədiyi əsas ideya Azərbaycan qadın-
larının analıq şərəfinə toxunan, mənliyini təhqir edən, sevgisini, sə-
daqətini qiymətləndirməyən burjua əxlaqının və dini ehkamların ifşa-
sıdır” [7, s. 103].
Əsərin Azərbaycan dilinə tərcümə edilməsi, ilk dəfə Azərbay-
canda nəşr olunması və tədqiqi tarixində adını yuxarıda da qeyd et-
diyimiz filologiya üzrə fəlsəfə doktoru, dosent Dilarə Məmmədovanın
mühüm xidmətləri olmuşdur. Rus dilində “Tatarka” adı
ilə nəşr olunan
və uzun müddət elə bu adla da tanınan və sevilən bu əsəri Dilarə
xanım 1984-cü ildə “Pyeslər” kitabında nəşr edərkən əsas qəhrəmanın
adı ilə “Sənəm” adlandırmışdır. Görünür, müəllif haqlı olaraq azər-
baycanlıların “tatar” adlandırılmasını düzgün hesab etməmişdir ki, bu
mövqe ilə biz də razıyıq.
Əsər iki pərdədən
və birinci pərdədə yeddi, ikinci pərdədə isə on
bir gəlişdən ibarət olan sadə süjetli komediyadır. Burada cəmi altı
nəfər iştirak edir, bunlardan üçü müsbət (Sənəm, onun həyat yoldaşı
Ağa Şərif və qulluqçusu Pəri), üçü isə (istefaya çıxmış arvadbaz gənc
zabit Həsənəli bəy, onun nökəri Əliqulu və ara düzəltməkdə məşhur
qarı Nisə xala) mənfi planda işlənmiş obrazlardır. Gənc, gözəl və na-
muslu qadın olan Sənəm çox varlı bir ailədəndir. Lakin onu var-
dövlət, pul maraqlandırmır. Valideynlərinin razılığı olmadan özünün
seçdiyi şəxsə qoşulub qaçan Sənəm azad sevgi əsasında ailə qurmuş-
dur. Bu səbəbdən əsərdə sentimentalizmə müəyyən meyil də təbii