Azərbaycan miLLİ elmlər akademiyasi


Misir hökmdarı İsmayıl paşa ilə görüş



Yüklə 2,9 Mb.
səhifə10/27
tarix16.11.2017
ölçüsü2,9 Mb.
#10537
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

Misir hökmdarı İsmayıl paşa ilə görüş.

1292-ci il, zilqədə ül-həram, şənbə. Gecə keçdi, ay göründü və İstanbul salnaməsində 29 düşənbə gününü yeni başlayan ay, qürrə yazmışlar.

Səhər Təbriz əhlindən olan Nəsir əfəndi görüşmək üçün gəldi. Müşarileyh Misirdə nüfuz sahibidir, Hacı Mirzə Səfadan sonra əhli-zikr və irfan ona müraciət edir.

Həsən paşa günortadan sonra gəldi və dedi ki, xədivin əhvalı əlhəmdüllah bugün yaxşıdır, onunla söhbət etmək meylim olsa, onun da görüşmək istəyi vardır. Avropa qaydasına görə əvəlcə səfərdən gələn görüşə getməlidir.

Günəşin batmasına iki saat yarım qalmış mənzildən yola düşdük. Həzrəti-xədiv Abidin sarayı adi ilə məşhur olan qış imarətində yaşayırdı. Bu mənzil Abidin məhəlləsində yerləşmişdir. O, bizi öz mənzilinin aşağı mərtəbəsinin son pilləsində qarşıladı. Bir qədər xəstəhal olmasına baxmayaraq çox nəzakətli idi. Baş konsul Mirzə Əhməd xan getmək istədikdə qalmağını təkid etdi, bizə çubuq-qəlyan təklif etdi, lakin mən çəkmədiyim üçün mənə hörmət əlaməti olaraq onlar da çəkmədilər. Mən israr etsəm də, çəkmədilər. Biz ayrı-ayrı mövzularda söhbət etdik. Getmək vaxtı o yenə də bizi nəzakətlə ikinci mərtəbənin pilləsinədək ötürdü. Hamı deyirdi ki, Avropadan Misirə gələn şahzadələr bu səviyyədə, nəzakət və hörmətlə qarşılanmamışlar, məhz bizə islami dəyərlər nöqteyi-nəzərdən hörmət və ehtiram göstərdi. Söhbət zamanı Misirin abadlığı, yolları və dəniz problemləri müzakirə olundu. Böyük qapının yanında bir neçə əsgər əllərində qılınc bir-birindən aralı məsafədə dayanmışdılar. Onlar hərbçi təzimi etdilər. Təşrifatçı İbrahim bəy pillələrin aşağısında durmuşdu.

Biz Günəşin batmasına bir saat qalmış mənzilimizə gəldik.

Sonra Mirzə Əhməd xan bunu təklif və məqsədəuyğun hesab etdi ki, Avropa qaydasına görə əgər vəliəhlə də görüşsəniz, o zaman xədivin sizə və sizin simanızda İran əhalisinə göstərdiyi ehtiramın, mehribanlığın əvəzini vermiş olacaqsınız. Onun bu sözündən sonra faytona əyləşib getdim.

Müşarileyhin evi Misir xədivinin yaşadığı evdən faytonla yarım saatlıq aralıdır və Misirin aşağı hissəsindədir. Bura çox büsatlı və bağlarla zəngin yerdir, yeni xiyaban salınır.

Qürub vaxtı ora yetişdik. Qapıda iyirmi nəfər qarapapaq əsgər dayanmışdı. Onlar hərbi qaydada təzim etdilər və şeypur çalındı. Gənc vəliəhd çox xoşsima və gözəldir. Misirdə onun kimi xoşüzlü insan görməmişdim. O da çubuq çəkmirdi. Vəliəhd pillələrin başınadək qarşılamağa gəldi və bizi müşayiət etdi.

Misirdə də Osmanlı dövlətində olduğu kimi böyük oğul vəliəhdlik və vərəsəlik hüququna malik olur. İsmayıl paşa, Misirin hakimi belə fikrə düşdü ki, öz oğlunu vəliəhd etsin və qardaşı Mustafa paşanı bundan məhrum etsin. Bu xəyal Sultan Əbdüləziz xanın xəyalına müvafiq idi, onun ürəyindən xəbər verirdi. Sultan Əbdüləziz imza edib fərman verdi və Mustafa paşa da öz qardaşından incidi. Dərhal İstanbula çıxıb getdi, orada yaşamağa başladı.

Lakin Sultan nə qədər səy etdisə də, oğlu İzzəddin Yusifi vəliəhd etmək və qardaşı oğlu Sultan Muradı vərəsəlikdən mərhum etmək üçün millət vəkillərini imza etməyə razı sala bilmədi.

İki il ərzində beş dəfə Sədri-əzəm çıxarılıb təyin edildi. Lakin yenə faydası olmadı.

İstanbul əhalisi V Sultan Murada meyl edir. Belə deyirlər ki, o, arəstə, şayəstə, həlim və səlimdir. Vəliəhdlə görüş məclisində isə dəniz, gəmi və piramidalardan söhbət getdi. Vəliəhd soruşdu: “Sizin nəzərinizə necə gəlir?” Dedim: “Dünyada bütün səyyahlar, elm əhli və tarix yeddi möcüzə tanıyırlar. Bu yeddi möcüzədən biri də Misir piramidalarıdır. Digəri farsın Təxti-Cəmşididir, Çin səddidir, Diana günbəzi, İsgəndəriyyənin Faros mayakı. Sonuncu iki möcüzə də dağılmışdır. Dünyanın yeddi möcüzəsindən indi yalnız üçü qalmışdır. Vəliəhd heyranlıqla dedi ki, xeyli məlumat aldıq. Mirzə Əhməd xan mənim bir sıra əsərlərimin olduğu barədə ona məlumat verdi. Tofiq paşa isə belə dedi: “Cənab Şahzadə biliklə elmə ziynət vermişdir. Yarım saata qədər söhbət etdik.”.

Geri qayıdarkən artıq hava qaralmışdır. Bəzi küçələr qaz çıraqları ilə işıqlandırılmışdı. Çox səfalı görünürdü. Yolda möhkəm bir qala müşahidə olundu. Qalanın dörd bürcü vardı. Həsən paşa dedi ki, Bibərəs qalasıdır. Bu Bibərəs türk qulamlarındandır (məmluklər). Onlar Eyyubilər dövləti süqut etdikdən sonra Misir və Şamata sahib oldular. Əhməd ibn Xəllikan “Vəfayat əl-əyan” kitabının sonunda h.q. 658-ci (1260 m.) ildə Misir və Şamat hakimi olmuş Ruknəddin Əbülfəth Bibərəs əl-Salehi ən-Nəcmi əl-Zahir ləqəbi verildiyini göstərmiş, h. 676-ci ildə (1277) Dəməşqdə vəfat etdiyini yazmışdır. Bu, türk qulamlarından dördüncüdür ki, islamın zühüründan Misirdə və İsgəndəriyyədə bu vaxta qədər (təxminən 1300 ildir) Misir və İsgəndəriyyə əhlindən hakim olmamışdır və həmişə yadlar ixtiyar və iqtidar sahibi olmuşlar.

O zamandan bu vaxtadək Misir rəiyyəti alçalmış, əzilmişdir.

Əgər bir nəfər türk qulamları və çərkəzlərin tarixini tədqiq etsə, görəcək ki, bunlar kim olmuşlar və nə imişlər. Bu vilayətin əhalisi onun hakimlərinin əksinə olaraq mötəbər və görkəmli olmuşlar. Biri Firondur ki, lovğalıqla allahlıq edib. Bu vilayətin rəiyyəti Fironun nifrətəlayiq allahlıq etməsinə dözdükləri üçün onlar bu müddətədək cürbəcür zəhmət və cəza, alçalmaq və xar olmaq yükünə düçar olublar və olacaqlar!


Ümumi mədrəsədə və kitabxanada görüş.

H.q. 1292-ci il zilqədə-ülhəram ayının 2-si, çəharşənbə günü (1dekabr, 1875) günortadan sonra Həsən paşa israr etdi ki, Xədivin ona dediyinə görə şahzadə (Fərhad Mirzə - T.H.) istədiyi yerlərə tamaşa etmişdir, gərək mənim xahişimə görə elmi məktəbxanaya da gedib baxsın! Mən həzrət Xədivin xahişinə görə Ümumi mədrəsəyə getdim ki, orada yerləşən kitabxanaya baxım. Kitabxananı gördüm və qeydiyyatına baxdım. Hər biri 7-8 mən (batman, 1 batman =2, 944 kq., Təbriz məninə, 5,888 kq – Şah məninə barabərdir – T.H.). çəkisi olan bu böyük, süls xəttilə yazılmış ağır quranlar çərkəz sultanları zamanından qalmış və vəqf edilmişdir. Süls xəttinin özünə məxsus üstünlüyü vardır. Fərhad Mirzə kitabxanadan sonra Ümumi mədrəsəyə, Quran təfsiri, həndəsə və hesab, fiqhi-hənəfi tədris olunan mədrəsəyə gəldi. Həqiqətən xeyli tərəqqi etmişlər. Nəciblərdən olan şagirdlərdən bir nəfərə ustadı bir cümlə söylədi. Şagird həmin cümləni latin əlifbası ilə yazdı və fransız dilinə tərcümə etdi. Sonra mənim üçün ərəb dilinə tərcümə etdi. Bunun öhdəsindən çox yaxşı gəldi.

Oradan rəəsi-Hüseyn əleyhissalamı ziyarət etməyə getdim. Rəvayətə görə Müqəddəsin başı Misirdə dəfn olunmuşdur. Misirin Xədivi məscidi təmir etdirib, burada qırx mərmər sütundan ibarət insana təsir edən məzar görünür. Əhlibeyt bu ifadəni işlətmişdir: bədənlər biyabanlarda qan içində, başlar nizədə fırlanır, bu iş onların itaət etməyən, boyun əyməyən böyüklüyünün bir cuzi idi.

Mənzilə gəldiyim vaxt gecədən yarım saat keçmişdi. Məlumat verildi ki, bizdən sonra əvvəlcə vəliəhd Tofiq paşa Nüzhət bağına gəlmiş, sonra həzrəti-Xədiv özü günbatana yaxın Nüzhət bağına xəbər vermədən təşrif buyurmuşdur, mən olmamışam, pillələrin yanında şahzadə xanımın (Fərhad Mirzənin xanımının) əhvalını soruşub qayıtmışdır.

Həsən paşa bunu eşitdikdə qorxusundan başı ağrıdı, halı pərişan oldu. mən ona dedim: “Günah səndədir, təkid edərək məni apardın, halbuki Mirzə Əhməd soruşdu ki, ola bilsin xədiv adətə görə Avropadan gəlmiş Şahzadələri görmək üçün bugün gəlsin”.

Həsən paşa dedi: “Əgər bugün gəlməli olsaydı, gərək səhər mənə Sizin ümumi mədrəsə və kitabxanaya getmək barədə təklifini deməyə idi. Bunu deməklə xədiv əhalinin tərəqqisi üçün gördüyü işləri mülahizə etmək istəmışdi. Həsən paşa əhvalı pozulmuş bir halda Xədivin imarətinə getdi. Axşamdan üç saat keçmişdi ki, Misirin daxili işlər müdiri və möhürdar Xeyri paşa xədivin tapşırığı ilə gəlib məlumat verdi ki, Həsən paşanın günahı yoxdur. Həsən paşa bunu eşitdi və qərara gəldi ki, Xeyrinin hüzuruna getsin, bunun üçün, xeyli yol getmək lazım gəldiyindən, həkimlə məsləhətləşməli oldu. Həkim isə ata minərək getməyə icazə verdikdən sonra Xeyri ilə görüşmək üçün yola düşdü. Xeyri dedi: “Düşündüm ki, Günəşin batmasına yarım saat qalır, artıq mədrəsədən qayıtmış olarsız, çox təəssüf etdim, peşiman qayıtdım. Həsən paşa barədə heç söhbət ola bilməz, mən özüm səhv etmişəm. Güman etdim ki, bu vaxt mədrəsədən qayıtmısınız”.

Həsən paşa dedi: “Əgər Xədiv buyurursa ki, Həsən paşa barədə söhbət lazım deyil, bu başqa məsələdir. Lakin mənim sözüm budur ki, nə üçün xəbərsiz təşrif buyurublar və mən bundan ötəri xəcalət çəkmirəm”.

Xeyri paşa xeyli üzr istədi və Həsən paşa həkimlər icazə versə, yenə gələcəyini deyərək, faytona əyləşib getdi. Lakin yolda burnundan qan açılmışdı. Bu vəziyyətə düşdükdə təlaş keçirmişdi. Fərhad Mirzə belə halların onda da baş verdiyini söyləmiş və onu sakitləşdirmişdi. Həsən Paşa söhbət əsnasında Xeyri paşaya Abbas Mirzə haqqında danışdığını Fərhad Mirzənin nəzərinə çatdırdı. O demişdi ki, 60 il bundan əvvəl dövlətlər indiki vəziyyətdə deyildilər və Osmanlı dövləti indikindən daha möhkəm idi. Məhəmməd Əli paşa, Xədivin cəddi ağıllı və fərasətli idi və o, mərhum Abbas Mirzə ilə dostluq əlaqəsi yaratmış və həmişə yazışırdılar. Hacı Heydərəli xan onlara qiymətli daş-qaşla bəzədilmiş qılınc düzəltmişdi. Indi nə baş veribdir ki, Xədivin bu ağıl və biliklə İran dövləti ilə dostluq əlaqəsi yoxdur? İstanbulda olarkən şahənşahın alayının Avropadan təşrif gətirdiyini eşitdikdə o, dərhal İstanbuldan getmişdi.

Xeyri paşa Misir hakiminin İstanbuldan getməyinin cavabında dedi: “Bilirsiniz ki, üzrlü idi, lakin istəyirdi ki, İstanbulda şahın xidmətinə yetişsin, lakin dostluq münasibətinin olmaması səbəbindən, gərək böyük tərəfindən iltifat ola idi ki, bu tərəfdən də münasibət bildirilə idi.

Sonra Xeyri paşaya Əlahəzrət Sultan Əbdüləziz xanın Xədivə ünvanlanmış fərmanı verildi. Burada Fərhad Mirzənin bilavasitə rolu olmuşdur. Fərhad Mirzə Xeyri paşaya söz verdi və dedi ki, İrana qayıdan zaman münasibətlər barədə şahənşaha söhbəti çatdıracaq. Misirdə həzrət hakimin səmimiyyətinə müvafiq olaraq, İran tacirləri bu ölkədən çox razıdırlar.

Xeyri paşa fərmanın verilməsinə görə çox təşəkkür etdi və dedi: “Bundan yaxşı nə ola bilər ki, sizin kimi şəxsiyyət bu dostluğun və mehriban münasibətin vasitəçisi oldu”.

Axşamdan dörd saat keçmişdi ki, Xeyri paşa Sultanın Misir Xədivinə ünvanladığı türkçə yazılmış məktubunu gətirdi. Fərmana əsasən Misir hakimi İsmayıl paşa Osmanlı dövlətinin qiymətli daş-qaşla bəzədilmiş “Məcidi” nişanı ilə təltif edilirdi.


Teatra tamaşa etməyə getdik.

1292-ci ilin 3 zilqədə ül-həram ayının 3-ü, pəncşənbə günü (2dekabr, 1875) səhər Tofiq paşanın idarəsində məsləhətçi (müşir) çalışan Kamal paşa gəldi və dedi: “Bu axşam mənim mənzilimdə şam yeməyinə qonaqsınız”. Bu zaman Həsən paşa gəlib üzr istəyərək dedi: “Kamal paşa səhv edir, Avropa adətinə görə bu cümə günü gərək teatra buyurasınız. Çünki bu gün şəxsən sizə görə tamaşa hazırlanmışdır. Neçə gündür ki, hazırlıq gedir”.

Günortadan sonra şəhərin şimal hissəsində olan Şəbri bağına getdik. Şəbri həmin, eyni adla adlanan bir kənddir ki, o bağın ətrafı olan yerdə salınmışdır. Bu bağı Məhəmməd Əli paşa saldırmışdır. Burada bir yaxşı imarət tikilmişdir və onun hər bir ətrafı eyvandır. Eyvanın üstü hər tərəfdən örtülmüşdür. Imarətin dörd tərəfində dörd otaq vardır. Otaqlardan biri çox yaxşı və böyükdür. İmarətin ortasında hovuzdur və onun ortasında ada düzəldilmişdir. Oraya qayıqla gedirlər. 120 mərmər sütunu olan bu bina geniş və səliqəlidir. Bu böyük bağda hər cür gül və ağaclar əkilmişdir.

Bu yerdən qayıtdıqdan sonra fizika və kimya mədrəsəsinə və heyvanat muzeyinə getdim, heç canlı timsah görməmişdim. Dedilər ki, orada böyük bir timsah var idi, indi onu Amerikada nümayiş etdirmək üçün aparmışlar. Bi kiçik timsahı isə bir neçə müddət bundan əvvəl bir ovçu Nil çayina tor atarkən tutmuşdur. O, torun ağır olduğunu hiss etdikdə düşünmüşdü ki, tora çoxlu sayda balıq düşüb, lakin çəkərkən timsahı gördükdə dəhşətə gəlmiş və qaçmışdır, yoldaşları o timsahı çəkib tordan çıxarmışlar, uzunluğu 1 zərə yaxın idi. Çox qəribə vəhşidir. Dişləri aşağıdan əladır, yuxarı dişləri isə bir-birinə qıfılbənddir. Dərisi köbud, tikanlıdır və deyirlər ki, ona güllə təsir etmir.

Həyatda heç vaxt görmədiyim, burada saxlanan böyük bir ilan 4 zər uzunluğunda. Deyirdilər ki, bu ilanın zəhəri yoxdur lakin insana və ya özünə sarılaraq böyük qüvvəsilə onu sıxıb, sümüklərini sındıra bilir və udur. Digər bir ilanın uzunluğu isə üç çərək olar, çox təhlükəlidir. Amerikadan gətirilmişdir. Hərəkət edərkən quyruğunda olan torla zəng səsi çıxarır. Mən onun bayırda olan iti disinə əl vurmaq istədikdə Həkimbaşı dərhal mənim əlimi tutdu və “pardon” dedi. O bildirdi ki, bu ilanın zəhəri elə qüvvətlidir ki, ilan öldükdə də 10-15 il keçdikdən sonra belə insanın bədəninə dəysə, yenə zəhəri təsir edər. Bu ilan insanı vurarsa, yarım dəqiqə ərzində, insan ölür.

Burada bir balıq gördüm, onun bel sümüyünün uzunluğu on metrə yaxın olardı. Başının uzunluğu isə üç metr idi, ağzının hər tərəfi bir metr yarımdan artıq olardı.

O muzeyin direktoru deyirdi ki, bu cins balıqlardan şimal dənizində uzunluğu 30 zər – 40 zər olanı vardır. Əgər bu balıq quyruğu ilə gəmiyə vurarsa, gəmi batar. Muzeydə digər heyvanlar da vardı.

Oradan kimya mədrəsəsinə getdim, orada dərs oxuyurdular. İki yüz nəfər şagird vardı və müəllim onlara Arsen sulfidini izah edirdi. Onların həkimbaşısı fransız idi. Onların arasında bir neçə nəfər də qaradərili vardı. Onlar Misirli, Səudiyyəli idilər.

Oradan mənzilə qayıtdıq. Xədivin validəsi öz evinin kələntərinin arvadını Ehtişamüddövlənin anasının (Fərhad Mirzənin xanımının – T.H.) əhvalını soruşmaq üçün göndərmişdi. Cümə günü ayın 4-də, axşam ibadət və dua əvəzinə opera tamaşasına getmək meylində oldum. “Mən təmizə çıxarmaq istəmirəm nəfsimi. Nəfs elə şeydir ki, pisliyə meyllidir, nəfsi yalnız Rəbb-im kəsər” (Yusuf Surəsi, 53-cü ayə). Axşamdan üç saat keçmiş getdik.

Teatrın binası dördmərtəbəli, çox böyük və möhtəşəmdir. Dörd mərtəbənin dördü də hündürdür və hər birində ağ şam şəklində mərmərdən düzəldilmiş böyük çıraq (işıq qazı) asılmışdır. Binlar yüz çıraqdan yaxşıdır. Şam şəklində olan bu çıraqların içində qaz adama bənzəyir.

Əvvəlcə Apollonun arvadı Nurməh oyununu göstərdilər (Apollon – qədim Yunan və Roma mifologiyası və dinində Günəş, İşıq, Müdriklik Allahı, incəsənət hamisi Appolin arvadlarından gizlicə başqa bir qadını almışdı və bu oyunda nə baş verdiyini tamaşada dili bilmədiyim üçün mənə məlum olmadı.

Belə məlum oldu ki, ərinə mehr və məhəbbəti olan qadını sonra onun günahından keçsə də bu, məhkəmənin Rum qaydasına görə yandırılması hökmünün ləğv edilməsinə əsla kömək etmədi, qadının vəziyyəti keşiş olan məhkəmə hakimini xeyli hüznlü və kədərli etdi.

Bu tamaşadan sonra Fələkiyyə və Fülukə oyunu oldu. Iki nəfər qorxaq kişi bir-biri ilə işarələrlə danışırdılar və bu oyun iki saat yarım çəkdi (Yəqin ki, Fərhad Mirzə Misirdə Pantomim teatrına tamaşa etmişdir – T.H.). Tamaşaya gələn məclis üzvlərinin hamısı da əl-qol hərəkəti edir, bir-biri ilə danışmırdılar.

Həddi-büluğa çatmış rəqqas qızlar çox gözəl rəqs edirdilər və onlar nazik tüldən libaslar geymişdilər. Rəqqaslar səhnədə hər dəqiqə başqa-başqa mənzərələr yaradırdılar. Bəzən heybətli divlər kimi rəqs edir, başqa şəklə düşürdülər, əllərində olan parçalarla gah dənizdə dalğa şəkli yaradır, gəmi üzür, batır, ildırım çaxır, yağış yağır, hava açılır, gün çıxırdı. Rəqqaslar elə bir mənzərə yaratdılar ki, sanki dəniz sahilində yerləşmiş Avropa dövlətlərinin qarşısında pərdə çəkdilər və onların paytaxtlarını nişan verdilər, əyinlərinə geydikləri müxrəlif rəng libasla etnos, Peterburq, İtaliya, İslambul və başqa şəhərləri öz bədən hərəkətləri ilə, rəqslərlə göstərdilər, zənğin libasları ilə canlandırdılar.

Bu rəqs qrupu İtaliyadan gəlmişdi. Altı ay olardı ki, Misirdə hakimin hədiyyələri ilə şərəfləndirilərək, bu səhnələri hazırlamışdılar. Xədivin arzusu ilə Misir teatrı digər şəhərlərdən fərqli incəsənətə malik olduğunu göstərirdi.

Buna görə də harada yaxşı xanəndə və ustad var, Misirə dəvət olunur və 6 ay qış günlərinin ayları Misirin xoş havasında qalaraq konsertlər verirlər. Tamaşalar bir gecə fransız dilində, bir gecə isə italyan dilində oynanılır.

Hərçənd İstanbulda teatra getmək fürsətini əldə edə bilmədik, lakin bu teatr hər cəhətdən xeyli yaxşı və hər kəs tərəfindən bəyənilən, qəbul olunan idi. Bunun müdiri bir nəfər İtaliya əhlindəndir. O, neçə illərdir ki, Misirdə xədivin xidmətində qulluq edir. Bizim üçün ayrılmış mənzil dördmərtəbəli binanın ikinci mərtəbəsində, teatr oynanılan yerlə üzbəüz sıradadır, sağ, sol və ətraf meydançadır. Həmin müdir ərz elədi ki, bütün bu geniş məclis xüsusi olaraq mənim üçün təşkil olunmuşdu və bu, uzun çəkdisə, məni yordusa, onu bağışlayım, deyə müdir xahiş etdi.

Sağ tərəfdə, mənim yaxınlığımda hakim əyləşən xüsusi yerdir. Əgər o, tamaşada olardısa, teatrın bir tərəfi boş qalırdı. İndi bu məclisdə məni elə yerdə (ortada) əyləşdirmişdilər ki, sağ və sol tərəfdən, hər tərəfdən mən nəzərə çarpırdım. Bunu xüsusi olaraq belə etmişdilər ki, çəkdikləri zəhmət hədər getməsin.

Mən də xeyli tərif etdim ki, doğrudan da hər şey, hər cəhətdən üstünlüyə malikdir.

Biz evə qayıdarkən axşamdan səkkiz saat keçmişdi.


Süveyş limanına əzimət

h.q. 1292-ci il, zülqədə ayının dördü, cümə günü (1875, 3 dekabr) səhər Mirzə İsmayılı matroslarla gəmiyə əyləşdirib, Süveyşə göndərdim. Onlar orada Avstriya gəmisinin bizim üçün hazırlandığını öyrənməli, əgər gəmi oraya çatıbsa, yerini öyrənməli idilər ki, biz çatanadək hazır olsun.

Axşamçağı İran dövlətinin konsulluğuna getdik, oradan axşamdan bir saat keçmiş Tofiq paşanın qonağı olduq.

Əslində adı Qahirə olan antik Misirdən keçdik. Burada gördüyümüz qədim istehkamın yerləri uçulmuşdur. Qahirə Misirindən çıxaraq, yeni Misirə keçdik, burada başqa bir istehkam vardır ki, yenidir. Oradan Tofiq paşanın imarətinə, gümbəzli sarayına qədər yarım saat faytonla yol getdik. Orada Tofiq paşanın öz qardaşı Həsən paşadan savayı heç kəs yox idi.

Mənimlə buraya gələnlər Baş konsul Əhməd xan, qonaqları müşayiət edən mehmandar Həsən paşa və Məhəmməd Bağır xan idilər.

Şam yeməyindən sonra saat üçdə oradan qalxaraq vidalaşdıq, mənzilə gəldik. Həsən paşa Misirin xədivinin üçüncü oğludur. O, fransız dilini yaxşı bilir, ingiliscə də oxumuşdur, çox zirək, məgrur və eqoist gənc təsiri bağışlayır. Xədivin ikinci oğlu Hüseyn paşanı xeyli təriflədilər, lakin mən onu görmədim. Misirdə ən bol olan meyvə naringidir. Yusifi əfəndi bu meyvənin ikinci adıdır. Məhəmməd Əli paşanın vəfatından bir il əvvəl bir nəfər, Yusifi əfəndi adında bir şəxs Rəşid limanında Maltadan gətirdiyi bir ağacı əkir. Ağac bar gətirmişdi və ağacın sahibi meyvədən dostlarına göndərdi. Bu meyvə çox bəyənildi. Belə qərara gəldilər ki, meyvə ağacını çoxaltsınlar. O vaxtdan indiyədək o qədər artıbdır ki, küçə və bazarda satırlar. Meyvəyə həmin şəxsin adı ilə Yusifi əfəndi meyvəsi deyirlər.

Maraqlı burasıdır ki, Mazandaranda da naringi olmamışdır. Şəhid şah Ağa Məhəmməd xan Qacarın hakimiyyəti dövründə Baba Yusif adlı bir çörək bişirən (bu şəxs şəhid şahın qardaşı Cəfərqulu xanın şatırı idi) Şirazdan Mazandarana 1204-cü ildə kiçik bir ağac gətirərək əkir. Mazandaranda yayılan naringinin Misir naringisındən fərqi budur: Misir narıngisi limon kimi nazik qabıqlı və şirindir, Mazandaran naringisi qalın qabıqlı və kobuddur. Bu meyvə həm Misirdə, həmdə Mazandaranda Yusif adlanır.
Süveyş limanına yola düşdük.

H.q. 1202-ci il, zilqədə ayının 5-i, şənbə günü (1875, 4 dekabr) Günortadan dörd saat yarım keçmiş vaqona əyləşdik. İranın bütün tacirləri; tacir Məhəmmədhəsən Kazeruni və Hacı Məhəmmədrəfi tacir İsfahani başda olmaqla bizi müşayiət etməyə gəlmişdilər, onlar düşünürdülər ki, bizi Süveyşə qədər müşayiət edəcəklər. Lakin mən razı olmadım.

Misirin əkinçilik üzrə məsləhətçisi (müstəşari-ziraət) Həsən paşa və İran dövlətinin Baş Konsulu Mirzə Əhməd xan, İsgəndəriyyədəki konsul Mirzə Rəzi Süveyşə qədər bizimlə yol yoldaşı oldular.

Günəşin batmasına bir saat yarım qalmış Süveyşə varid olduq. Altı saat yol gəldik, lakin üç rub (45 dəqiqə) dayanacaqda ləngiməli olduq. Çünki yol bir idi və vaqon yolunun azad olması xəbərini teleqraf bildirdikdən sonra yola düşmək mümkün oldu.

Əvvəllər Misirdən Süveyşə qədər çəkilmiş dəmir yolu dağ yolu ilə olduğundan qısa idi, lakin insanlar susuzluqdan əziyyət çəkirdilər. Xədiv İsmailiyyə kanalını düzəltdikdən sonra dəmir yolunu dəyişdilər, yol bir qədər uzaq oldu. Indi məsafə yüz altmış ingilis milidir.

Süveyş Misirin şərqində yerləşmişdir. Misirdən Süveyşə qədər düz xətlə 70 mil yoldur. Misirin şərqində vaqe olan Müqtəm dağ Süveyşə qədər uzanır. Süveyş kiçik dağın ətəyindədir, dağ silsiləsi Müqtəmə birləşir.

Yol boyu iki dayanacaq oldu. Birinci dayanacaq Qəlyubdur və İsgəndəriyyə dəmir yolu ilə paraleldir. Bu yerdən sonra körpüdən keçdik və İsgəndəriyyə dəmir yolundan uzaqlaşdıq.

Dördüncü dayanacaq Belbis qəsəbəsidir. Bu yer barədə qədim kitablarda yazılmışdır. Beşinci dayanacaq olan Yeqaziğ qəsəbəsinə qədər şimala doğru hərəkət etdik. Bu, təxminən yolun yarısıdır. Ondan sonra istiqamət şərqə tərəf dəyişir. Bu hərəkət altıncı, Əbu Həmmad dayanacağınadək davam edir. Hər iki tərəf İsmailiyyə kanalının yaratdığı yaşıllıqla əhatə olunmuşdur. Əbu Həmmad dayanacağını keçərkən sol tərəfdə qumluq səhra müşahidə olunur. Səkkiz-doqquz mənzil vardır ki, hər yeri qumluqdur, su yoxdur. Yalnız ərəblərin yerini bildiyi, tanıdığı quyulardan başqa!

Deyilənlərə görə əvvəllər Asiya ilə Afrika bütöv bir səhra idi. Sonra Yeni Kənəl Asiya hissəsini Afrikadan ayırmışdır. Sağ tərəfdə bir qədər abadlıqdır, o da iki-üç mil məsafədən sonra qumluq səhra ilə əvəz olunur və dağlarla qurtarır ki, bunlar Şurənak, Rəmlə, Tudeye-Ring silsilələridir. Səhrada dəmir yolunu qorumaq üçün fəhlələr onu həmişə nəzarətdə saxlayaraq, qayğı göstərirlər. Burada qamışdan çəpər də çəkilir və vaxtaşırı bu çəpərlər dəyişdirilir, təzələnir. Qamış çəpərlər külək əsən vaxtlar qum selinin dəmir yoluna tökülməsinin qarşısını almaq məqsədilə çəkilmişdir.

Dörd saat yol getdikdən sonra Rigzar vadisi, bir parça torpaq göründü ki orada abadlıq işləri görülmüş və burada yaxşı bağlar salınmışdı. Insanlar heç vaxt bu yerdə dayanmırlar və bu qumluq səhrada yaşıl ağacların bitdiyinə, əkildiyinə inanmırlar, güya onlara elə gəldiyini zənn edirlər, ona görə də bu yerin adını Nəfisə (gözəl) qoymuşlar.

Süveyşin əhalisi 12 min nəfərə qədərdir və burada qədim limanlar mövcuddur. Bu barədə “Möcəmül-buldan” müxtəsər məlumat verir. Orada yazılır ki, Qırmızı dənizin bir ucqar yerində bunlar vaqe olmuşdur . (Müəllif) deyir ki, Süveyş kiçik bir şəhərdir. Misirin bir nahiyəsi olan (şəhər) Qelzəm dənizi sahilində yerləşir. Misir əhalisinin limangahıdır.

Buğdanı Misirdən buraya insanlar çiyinlərində daşıyırlar. Bu məkandan, buradan Məkkə və Mədinəyə və Festata susuz səhradan keçərək yeddi gün yol getmək lazımdır. Gətirilən buğdanı minik heyvanlarına yükləyərək üyütməyə verirlər. Onlar Məkkə və Mədinəyə üz tuturlar (Fərhad Mirzə ərəbcə nəql edib, biz tərcüməsini vermişik).

İndi müşahidə məntəqəsinin sahibi gərək mülahizə etsin ki, indi insanların xəyallarda bəslədikləri Misirdən Süveyşədək dəmir yolu çəkilmiş, beş saat ərzində bütün ağır şeylər və buğda daşınır və Süveyşdə alma və portağal zənbil və çuvalda satılır və Fransanın buz hasil edən kompaniyasının sayəsində hər yay aylarında, bərk isti havalarda buz satılır. Bu yerdən ta Port-Səidədək yeni kanal açılmışdır.

Xülasə, Süveyşin mühafizi Həsən bəyin yanına getdikdə onun bir dəstə əsgərlə dayanaraq bizi qarşıladığını gördük. Onlar bizi görüb hərbi təzim etdilər. Həsən paşa da burada, onlarla birlikdə idi. Həsən bəydən Ciddəyə gedən tökmə gəminin keyfiyyətini soruşdum. O dedi: “Xədivin malıdır”. Heç bilmirdi ki, belə gəmi limandadır. Həsən paşa xəcalət çəkdi, üzr istədi ki, o, bu şəhərin mühafizidir. Dəniz işi ilə başqası məşğul olur. Onun adını soruşdum. Dedi: Həsəndir. Belə başa düşdüm ki, o, Ədəb xatirinə öz ləqəbini zikr etmədi. Dedim: Həsən paşasınız”. Dedi: “Mən hələ Paşa olmamışam, bəyəm. Bəy və paşa titulu dövlət tərəfindən inayət olunur”. O, mənim nəzərimə xeyli saf, sadiq bir insan kimi gəldi. Yeddi ildir ki, Süveyşin mühafizidir. Süveyşin istisindən, Belbisin xurmasından məmnun qalaraq otuz ildir ki, qulluq edir, lakin hələ paşa deyil, öz ağasının limandakı gəmilərindən xəbəri yoxdur ki, kim gedir, kim gəlir.

İstanbulda qeydiyyatdan keçən Almaniyanın gəmisi də təyin edilib ki, dekabrın 5-də gündüz Süveyşdə hazır olmalı idi ki, dekabrın 6-da yola düşsün, lakin qanunu pozmuşdur. Şərikin dediyinə görə sərxoş olub. Belə bir şey yazıb ki, əgər 10 dekabrda hazır olsa, çox yaxşıdır.

Bugün Hindistandan Xədiv üçün iki baş böyük fil gətirilmişdi ki, gəmidən çıxarılıb, Misirə aparsınlar və bunu oranın heyvanlar muzeyindən istəmişdilər.

Süveyşdə Əhməd əfəndinin evində dayandıq və buranı mənzil etdik. Əhməd əfəndi Benzilin ticarət üzrə vəkili, eyni zamanda Dövləti-Əliyyeyi-İranın ticarət vəkilidir. Bu cavan çox sərt, tündməzac olub, pis xasiyyəti vardır.

Nökərlər gəminin getməyindən razı qaldılar ki, orada olmasınlar.

Süveyş limanı iyirmi doqquz dərəcə, əlli doqquz dəqiqə şimal en dairəsində, otuz iki dərəcə otuz beş dəqiqə uzunluq dairəsində yerləşir.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə