Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,9 Mb.
səhifə11/27
tarix16.11.2017
ölçüsü2,9 Mb.
#10537
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

Süveyşdə dayandıq

h.q. 1292-ci il, 6 zilqədə ül-həram, yekşənbə (1875, 6 dekabr) Süveyşdə dayandıq. Tehranda yazılan kağızlar və Əlahəzrəti-mübarək Şahənşahın hüzuruna göndərilən ərizələr barədə Mirzə İsmayıl gəmiyə gedib, xəbər gətirməlidir. Günortadan sonra suyun quruya doğru irəliləməsi baş verdikdə, Həsən bəyə dedim ki, kiçik bir gəmi hazırlasın , kanala tamaşa etmək üçün gedək. Bu Qırmızı dənizdir, onu qədim vaxtlarda Bəhrül-Qilzəm, Qilzəm (dənizi) və Bəhrül Nöubə adlandırırdılar. Bu dənizin də Oman və Mühit dənizi kimi qabarma və çəkilmələri olur. Qırmızı dəniz ona görə adlanır ki, bu dənizdən mərcan hasil olunur, bir növ balığı da vardır və dördkünc şəklindədir, onun rəngi də qırmızıdır. Balığın firuzəyi rəngdə xalları vardır. Dənizin dibində olan daşlar, çox zaman qırmızı görünür. Bəzən dənizdə Günəşin qırmızı rəng halını alan şüaları əks olunur. İnsana elə gəlir ki, dənizin dibində alov yanır. Bəhrül-Qizləm Süveyş körfəzində limandır. Bu, Bəhrül-Noubə ona görə adlanırdı ki, onun bir sahili Həbəş və Noubəyə bitişir və əlaqəlidir. Qabarması, çəkilməsi alimlər arasında böyük ixtilafa səbəb olmuşdur. Hər nədirsə, günəşin təsirindəndir. Günəş Şərqdən doğduğu üçün, o, meridian dairəsinə yetişdikdə, bu zaman dənizin suyu da sahilə yaxınlaşmağa başlayır, bu halda ona qabarma deyirlər, elə ki, səmanın ortasından keçdi, qürubadək batınca da dənizin suyu geri çəkilməyə başlayır və bu hala çəkilmə deyilir.

Həmçinin Günəş qürubdan yer kürəsinin o üzünə keçən zaman suların yenidən sahilə doğru hərəkətinə qabarma, yenidən əks istiqamətə, çəkilmə baş verir. Beləliklə gecə-gündüz iki dəfə qabarma və iki dəfə çəkilmə baş verir. Hər bir hal 6 saat davam edir. Avropa təqvimlərində çəkilmə və qabarmalar qeyd olunur ki, sakit və təlatumlu hallarda gəmilərin hərəkətində xətalara yol verilməsin.

Qabarma və çəkilmələr haqqında “Cami-çəm”in iyirmi üçüncü “Muhit” fəslində ətraflı məlumat verilmişdir və burada bu haqda bu qədər kifayətdir.

Süveyş körfəzində çəkilmə və qabarma hiss olunur . Qırmızı dənizin özünün də qabarma və çəkilmədən əlavə, Ayın hilal və bədrlənmiş vəziyyətlərinə qədər Cənubdan Şimala doğru xüsusi hərəkəti vardır. Bədrlənmiş Aydan yeni və köhnə Ay arasında olan günlərdə dənizin hərəkəti şimaldan Cənuba doğrudur və bu özünəməxsus hərəkət Babül-Məndəbdən Şədvan adasına qədərdir. “İn nəzmi-Xudayi-niruməndi-danast” – “Bunlar güclü olan, hər şeyi bilən Allahın nizamıdır” (Ənam surəsi, 96-cı ayə).

Xülasə, Günəşin qürubuna iki saat qalmış kanala tamaşa etməyə getdik. Kanalın eni təxminən qırx fransız metrindən yüz metrədək, kanalın dərinliyi isə iyirmi altı ingilis futundan iyirmi doqquz futadək olar ki, bu da təxminən 8-9 zərə bərabərdir. Kanalın uzunluğu Süveyşdən Port-Səidədək həştad beş ingilis milidir, İsmailiyyəyə qədər olan yolun yarısıdır, qırx dörd mildir. İsmailiyyədə su səhraya tökülür və burada kiçik uzunluğu səkkiz mil olan dəniz yaranır. Kanalın mənsəbilə dəniz arasında ta Süveyş limanınadək işarələr qoyulmuşdur ki, gəmilər onların arasından keçsinlər. Qərar qəbul edilmişdir ki, Günəş batdıqda əgər kanalda gəmi olsa, lövbər salsın ki, başqa gəmi ilə toqquşmasın. Süveyş kanalını Fransanın məşhur mühəndisi və diplomatı Ferdinand de Lesseps inşa etmişdir, bu münasibətlə onun şəkli tuncdan tökülərək, Süveyş limanında bir daş üzərində qoyulmuşdur.

Ferdinand de Lesseps 1805-1896-ci illərdə yaradılmış Süveyş və Panama kanallarının inşası ilə məşğul olmuşdur. Bu münasibətlə Süveyş limanında ona heykəl qoyulmuşdur. Bu işdə Fransa kompaniyası milyonlarla vəsait xərcləmişdir, h.q. 1286-cı (1869, 17 noyabr) il şaban ayının 12-də Avropanın bir çox şahzadələri və Fransa imperatoru III Napoleonun (1808-1873) zövcəsi də onun açılışında iştirak etmişlər. Bu, işə layiqli bir münasibət olmuşdu.

Xülasə, kanalla min zərə yaxın yol getmişdik ki, kapitan Hüseyn bəy dedi: “İcazə verin, geri qayıdaq, çünki uzaqda böyük bir paroxod peyda olmuşdur və Süveyşə gəlir. Gərək elə edək ki, bizə bir sədəmə toxunmasın”. Tez kiçik gəmimizi geri qaytardıq. Süveyş limanına getdik. Həqiqətən dənizdə yaxşı bir liman düzəltmişlər və biz oraya çatdıq. Böyük gəmi Fransa paroxodu idi. Orada Xədivin gəmiləri hazır idilər və onlar əsgər aparırdılar. Neçə vaxt idi ki, Mosul və Bəzildə əhali bir-biri ilə düşmən idi. Məlum oldu ki, həbəş əhalisi Xədivin beş min əsgərini öldürmüşdür, onların bütün ehtiyat və silahlarını müsadirə etmişlər. Indi oraya ikinci dəfə əsgər göndərilirdi.

Limanda dövlət paroxodu göründü. Iskəndəriyyə limanında görmüşdüm. Mirzə Əhməd xana dedim ki, məncə bu gəmi görünür, gərək ki, onu İsgəndəriyyə limanından bu limana dəniz naziri Qasım paşa gətirmişdir ki, bu gecə getsinlər.

Həbəşə aid hissə olan Zeylə limanı (xəritələrdə Zilə yazılır) on bir dərəcə və 17 dəqiqə şimal en dairəsində, qırx üç dərəcə və beş dəqiqə uzunluq dairəsində yerləşir. Süveyşdən Zeyləyə qədər məsafə təxminən düz xətlə dördyüz otuz fərsəxdir. Poçt paroxodlarının naziri Səid bəy deyirdi ki, qədimdə Zeylədə üç yüz Came olmuşdur. Hal-hazırda onlardan bəziləri məlumdur, hətta bəziləri abaddır. Əcəm sultanlarının dövründə onların ixtiyarında idi. İndi orada sərhədlər məlum olduğu üçün Vadiyi-Ərəb və Vadiyi Əcəm kimi məhdudlaşdırılmışdır.

Səid bəyin dediyi kimi, dövlət paroxodu Zeyləyə gedir və min beş yüz hərbçi aparır. Başqa bir paroxod Mosula gedir və həbəşlərlə müharibə edəcək. Süveyşdə Qelzəm haqqında soruşdum. Dedilər ki, Süveyşin yarım fərsəxliyində, şimal tərəfdə bir dağdır, orada məzarlar, qədim asari-ətiqələr, qədim, lakin abad tarixi abidələr vardır. Ona Qelzəm deyirdilər, məlum olmuşdur ki, Qelzəm dağıldıqdan sonra Süveyş limanı adab olmuşdur.

Həsən paşa Müstəşar bugün mürəxxəs olub qayıtmışdır.


Süveyş kanalından gəmi ilə hərəkət

h.q. 1292-ci il zilqədə-ülhəramın 7-si , doşənbə günü, miladi 6 dekabr 1875-ci ildə bil-xeyir vəl-afiyət səhər hamama getdim ki, daha Məkketi-Müəzzəməyə qədər hamam yoxdur və əlhəmdullah Günəş çıxdıqdan sonra hava yaxşı oldu. Dünən gecə küləyin və yağışın səsindən, dənizin vahiməsindən yata bilməmişdik.

Şükürlər olsun ki, günortadan altı saat keçdikdən sonra Süveyşin mühafizi Həsən bəy Xədivin kiçik paroxodunu yanacaq vasitəsilə hazır vəziyyətə gətirdi ki, biz onunla böyük gəmiyə gedək. Qırx beş dəqiqə yol getdikdən sonra gəmiyə aparacaq paroxoda yetişdik. Süveyş şəhərindən limanadək yol düzəltmişdilər və bu yolda ekipaj getmədiyi üçün həmin yolu kiçik paroxodla gəldik. Vaporun (paroxod) adı “Müsəvvedir”. Bu, Həbəşin limanlarından birinin adıdır. Bəzən “vav” təşdidi ilə “məsrəfə” deyirlər.

Poçt paroxodunun kapitanı Mahmud bəy İskəndəranidir. O, İsgəndəriyyə əhlidir. Paroxod küləyin əks istiqaməti ilə saatda altı mil hərəkət edirdi.

Bu gəminin otaqlarındakı mebel heç də gördüyüm gəmilərdə olanlara bənzəmirdi, çox pis və çirkli idi.

Gəminin bütün matrosları müsəlman olduqları üçün Ciddəyə gedirdilər, çarəsiz qalıb, bəzi mülahizələrə dözməli olduq. Əgər dörd gün də gözləsə idik, Alman Gəmisi gəlib çatardı və biz hər cəhətdən imtiyazlı gəmi ilə gedərdik.

“Müsəvve” Həbəşin limanlarından biridir. Liman on beş dərəcə otuz dəqiqə en dairəsində, otuz doqquz dərəcə otuz dəqiqə uzunluq dairəsində yerləşmişdir. Onunla paralel, üzbəüzdə “Dəhlək” adasıdır, Yaqut Həməvi “Möcəm ül-buldan” əsərində bu kəlmənin düzgün, farsca ifadəsini “Dəhbək” kimi yazmışdır. Bu adada şirin su olmuşdur, iranlılar ona “dəhbək” , yəni “allah verib” deyə, ad vermişlər. Dəhlək adası ilə Müsəvvə adası arasında məsafə təxminən otuz mildir. Dəhlək adasının ətrafında dörd yüz kiçik və böyük ada mövcuddur. Bu adaların yanından, aralarından keçmək gəmilər üçün çox çətindir. Dəhlək adası abad bir adadır, şirin suyu vardır.

Günəşin hərəkəti Ciddəyə qədər hər yerdə Şərqlə Cənub arasında idi. Gəminin təhlükəsizliyi üçün limana yaxın sahillərdə daşlıq yerlər olduğundan ehtiyatlı olmaq lazımdır. Limanların əksəriyyətində nəzarətçi ərəblərin yardımından istifadə olunur. Xülasə,

Vədeyi-vəsl çün şəvəd nəzdik,

Atəşi-şövq tiztər gərdəd.

İnşallah, ilahinin fəzlindən biz də o kəslərdən olacağıq ki, onların Məkkəyə ziyarəti qəbul edilmiş,onların səyi ləyaqətli, onların günahları bağışlanmış insanlardır.

Misirin baş Konsulu Mirzə Əhməd xan və İsgəndəriyyənin Konsulu Mirzə Rəzi buradan qayıtdılar.


Qırmızı dəniz istiqamətinə hərəkət

h.q. 1292-ci il, zilqədə ül-həramın 8-i, seşənbə (1875, 7 dekabr). Gecədən dörd saat keçdikdən sonra gəmimiz havanın yaratdığı salamatlıqla Süveyş körfəzindən çıxaraq, Qırmızı dənizə daxil oldu. Süveyşdən Şədvan adasına qədər olan məsafə yüz yetmiş mildir.

Peyğəmbər Həzrəti-Musa Əli Əleyhissalam Rəbbi-Xəlilin hökmü ilə qövmü bəni İsraillə İsa Əleyhissalamın anadan olmasından min dürd yüz doxsan iki il əvvəl bu Süveyş körfəzindən keçmişlər.

Firon Xizləüllah və onun ütəbbaları sudan oda getdilər Əsgərləriylə birgə onların dalınca düşdü Firon. Dalğalar bunları aldı, nə aldı” (Ta-hə surəsi, 78-ci ayə)

Lütfi-həqq ba to müdaraha konəd

Çünki əz həd beqozərəd rüsva konəd.

Sina və Horb dağları Əqəbə körfəzi ilə Süveyş körfəzi arasındadır və bu müqəddəs ərazi üçbucaq şəklində vaqedir və onun qurtaracağı cənubdan Qırmızı dənizə çatan Məhəmməd Burnunun baş tərəfidir.

Şədvan adası iyirmi yeddi dərəcə və otuz dəqiqə en dairəsində, otuz dörd dərəcə və sıfır dəqiqə uzunluq dairəsində yerləşir.

Şədvanın şimalı ilə qərbi arasında bir neçə kiçik ada vardır ki, bəzi xəritələrdə onların əlamətləri nöqtə ilə göstərilir. Biz oradan keçərkən onların hamısı və Şədvan adası da sağ tərəfimizdə qalmışdı. Şədvan adası susuz, otsuz və dağlıq, daşlıqdır. Bura güclü, böyük ilanların məskənidir. Bu adanın uzunluğu təxminən on iki mil və eni dörd mildir. Ada şimali-qərbdən cənubi-şərqə tərəf uzanır. Süveyşdən Şədvanadək dənizdə üç fənər çıraq qoyulmuşdur ki, bu da matrosların yolunu işıqlandırmaq məqsədi güdür.

Axırıncı fənər Şədvanın iyirmi beş mil uzunluğunda olan sonunda qoyulmuşdur. Bu, sənayenin çox qəribə işlərindəndir. Bu fənər dəniz səthindən yüz iyirmi beş fut hündürlükdə qoyulmuşdur. Bu, qırx İraq zərinə bərabərdir. Fənərin aşağıdan yuxarıyadək hündürlüyü yüz qırx futdur. Onun ətrafi büllur otaqdır. Diaqonalı yetmiş futdur və dörd nəfər mühafiz bu fənərin keşiyini çəkir. Hər biri il ərzində növbə ilə üç ay mürəxxəs olur.

Qalan üç nəfər hər gecə dörd saat növbə ilə fənərin keşiyini çəkir. Fənər bir dəqiqə ərzində öz ətrafında fırlanır ki, hər tərəfi işıqlandırsın. Mühafizlər üçün su və qida paroxod vasitəsilə çatdırılır.

Mahmud bəy deyirdi: “Orada bir kiçik otel vardır ki, burada hər şey tapılır. Əgər su tükənərsə, dəniz suyunu distillə edə bilən, şirin su alan əşyalar vardır. Burada işıq o qədər güclüdür ki, iyirmi beş mil ətrafın hər tərəfi işığa qərq olur.

Çırağın keşiyini çəkən dörd nəfər, pulsuz yeməkdən və şərabdan əlavə onlardan ikisi hər ay iyirmi beş lirə, biri iyirmi lirə və biri on beş lirə məvacib alır.

Dənizin ortasında olan digər fənər ərəblərin Əbu-əl-Kizan adlandırdıqları məkanı işıqlandırır. İngiliscə ona Didlis deyirlər. Bu fənərin hündürlüyü dənizin səthindən altmış bir futa qədərdir. Fənərin qoyulduğu ərazinin eni on dörd futdur. Kompasın göstərdiyi kimi dənizdə mailliyi beş dərəcədir. Bu fənər iyirmi dörd dərəcə en dairəsində, otuz dərəcə uzunluq dairəsindədir.

Dənizin ortasında qoyulmuş bu iki fənər insanın ağlının, zəkasının aliliyinə dəlalət edir. Dəniz nəqliyyatı və gəmiçilik elmində yüksək nailiyyət qazanıldığını göstərir. Bu sahədə dövlətlər arasında ilk uğur qazanmış dövlət İngiltərə dövlətidir.

Xülasə, Şədvandan ta digər beş limana qədər Qırmızı dənizdə heç bir ada yoxdur, bu dənizin ən dərin yeri isə min əlli dörd qulacdır. Dənizin ortasında iki hündür daş vardır ki, onlara “İki qardaş” deyirlər. Onlar təxminən iyirmi altı dərəcə iyirmi dəqiqə en dairəsində, otuz dörd dərəcə qırx dəqiqə uzunluq dairəsində yerləşirlər.

Bu “heykəl daşlar” dənizin səthində altmış fut hündürdədir. Əgər gecələr gəmi onun yaxınlığından keçərsə, ya da havada tufan və qasırğa olarsa, bura çox təhlükəli yer olar və hadisə baş verə bilər. Bu dənizdə bir Təban balığı vardır, onun ağırlığı hədsiz çoxdur. Bu balığın hər birinin uzunluğu otuz metrdən qırx metrədək olar. Burada çoxlu sayda olan Qərş balığının böyüklərinin hər birinin uzunluğu beş-altı metrdir. Bu dənizin, Həbəş sahilində bir yeri vardır ki, ona Ümmül-qiros (qüreyş?) deyirlər. Burada daşlıq yerdir. Bura o balıqların mədənidir. Bu balıqların ağızları digərlərinə nisbətən heybətlidir və başqa balıqlar onlardan qorxurlar.

Qüreyş tayfasının adlandırılmasında da bir neçə mənanın olduğu Qamusda zikr olunmuşdur. Orada deyilir: Ya adlandırılmışdır. Müsəqqər Qürş və Qərs, bir dəniz heyvanıdır ki, dəniz heyvanlarının hamısı ondan qorxurlar.

Qırmızı dənizdə qara və ağ mərcan çoxdur. Dənizin dibindən ondan bir sütun çıxararaq, təsbeh düzəldirlər. Bu dənizdə mirvari də vardır, lakin yaxşı mirvari Bəhreyn və Omanda yoxdur.
Qırmızı dənizə varid olduq.

h.q. 1292-ci il, zilqədə ül-həram ayının 9-u, çəharşənbə günü (1875, 8 dekabr) dəniz bir qədər sakit idi. Dünən axşam Qırmızı dənizə daxil olduğumuz zaman külək qarşıdan əsirdi və gəmi təlatümdə idi, mən arxası üstə uzanaraq halsız idim. Gəmidə hamı pərişan halda idilər.

Sübh namaza qalxdıqda gördüm ki, ayaq üstündə duraraq, namaz qılmağa halım yoxdur. Ona görə oturub oxudum. Dünən axşam məlum oldu ki, bizim vəkil Əhməd Əfəndi ya Xıdivin qorxusundan bir söz danışa bilməyib və poçt naziri Səid bəydən soruşmuşdur, yaxud hədiyyə alıb, bizi fidyə (torpaq pulu) etmişdir. Bizim bundan xəbərimiz yox idi.

Başqa gəmilər də limanda dayanmışdılar. Mirzə İsmayıl gedib-gəldi, lakin səhih xəbər gətirmədi. Gah dedilər ki, Alman gəmisi gecikir, gah dedilər ki, Fransa və İngiltərə gəmisi Ciddiyə getmir. Gah da dedilər ki, təxirə düşsə, ehtimal ki, vaxt verərlər, bu gəminin matrosları müsəlmandır. Nəhayət, bu uğursuz gəmini Alman və Rus gəmisinə birləşdirdilər.

Salonda bir ədəd termometr var idi, o da sınıqdı. Bir nəhs saat divardan asılmışdı, lakin işləmirdi. Salonda olan xidmətçidən saatı kökləməyi xahiş etdim, lakin o, xəcalət çəkdi, məlum oldu ki, saat sınmışdır. Başqa gəmilərin salonları xeyli imtiyazlı idi. Salonlar arasında iki ayaqyolu var idi, üzərində şəkil yox idi. Əhməd əfəndi tərif edirdi ki, bizim yerimiz çox yaxşıdır. Məlum oldu ki, o, saxtakarlıq etmişdir. Belə ki, əvvəl biçarə həccə gedənlərin, göyərtədə olanların hər nəfərdən əlli frank alınmışdır. Mirzə İsmayıl Mahmud bəylə otuz frankla kifayətləndilər.

Mən dedim: “Gərək göyərtədə qalanlardan otuz frankdan artıq almasınlar”. Həcc əhli hamısı mənə dua etdilər. Gəminin kapitanı Mahmud bəydən soruşdum: “Bu gəmidə Barometr var?” Məlum oldu ki, yoxdur. Salonda bir çıraq (Lantern) asılmışdı. Gecə çox çalışdılar ki, çırağı yandırsınlar mümkün olmadı. Axırda Mahmud bəy iki ədəd şamdan göndərdi ki, onunla işıqlandırsınlar. Gəminin matroslarının dediklərinə görə bu gəmi Misirin sabiq hakimi Səid paşanın paroxodlarındandır. Köhnəlmişdir, onu limana gətirərək təmir etmişlər. Rəng və yağ vurmağa isə imkan olmamışdır. Digər eybi də bu idi ki, maşının çarxı salonun altında olduğu üçün və salon gəminin axırında yerləşdiyi üçün çarxın səsi insanların qulağının pərdəsini deşirdi.

Misir Xədivinə münaqişə yerinə əsgər göndərmək üçün gəmi lazım idi və bu vaxt həcc əhli də çox idi. Səid bəyin də onların Ciddəyə göndərmək marağı olduğu üçün, təxminən beş yüz nəfər zəvvar göyərtədə mənzil etdiyindən, onlardan gəmidə yer haqqı pulu yığaraq bunu belə həll etmişdi.

Əhməd əfəndi də ya qəsdən, ya da Allah xofundan həqiqəti bizə demədi və zəvvarlar da hamısı mənə müntəzir idilər ki, hansı gəmi ilə getsəm, həmrah olsunlar.

Said bəy çarəsiz qalıb, köhnə kişilərdən olan kapitan Mahmud bəyi (Mahmud bəy Qırmızı dənizdə bir neçə səfər etmişdir) başqa gəmidən gətirərək bu gəmiyə qoydu ki, bu səfərdə həmrah olsun.

Mahmud bəy bu gəmiyə təzə gəldiyi üçün nə gəminin matrosları ona etina etdilər, nə də osmanlıların təbirincə, yolçu deyilən müsafirlər onun sözlərini eşitdilər. Bir nəfərin başını əzdilər, Mahmud bəy bir söz demədi. İki nəfər İtaliyadan olan şəxs mənim xatirimə bizim gəmi üçün başqa gəmidən buxar qazanı və maşın gətirdilər. Hər nə isə, gərək allahın köməyi ilə mənzil başına yetişək (“O kəslər ki, iman gətiriblər, saleh işlər görüblər, işindən çaylar axan cənnətlərə salar onları Allah”, surə Həcc, ayə 14; “İstədiyi hökmü verir Allah, surə Məidə, ayə 1).

Nə ba anəş mehr və nə ba inəş kin

To danatəri, ey Cahani-afərin.

Gəmi hərəkət etdiyi zaman salonun taxtaları çıqçıq səsləri çıxarırdı. İnşallah Təalanın fəzli ilə salamat Ciddəyə və Beytülhərəmin ziyarətinə müşərrəf olacağıq və Təban balığının və Hitanın yemi olmayacağıq.

Əllərim əsə-əsə, ürətim döyünə-döyünə Qurani-Kərimi açdım və səhifənin başında gözüm bu ayəni gördü: “Salam olsun İbrahimə”(surə Saffət, ayə 109). Bunu gördükdə gözümə işıq gəldi, ürəyim açıldı, Allaha şükür edib, Qurani-Kərimi yerinə qoydum.


Gər sər hər muyi-mən gərdəd zəban

Şükür hayi-to nəyarəd dər bəyan.

İnşallah salamat Allahın evinə yetişib, həzrəti-İbrahimin bina etdiyi bu evi ziyarət edərik, Cəbrayılın pasiban olduğu Astanaya qədəm qoyarıq.
Gəminin Qırmızı dənizdə hərəkətini davam etdirməsi və Fərhad Mirzənin gəminin vəziyyətindən şikayəti.

h.q. 1292-ci il, zilqədə ül-həram ayının 10-u, pəncşənbə (1875, 9 dekabr).gecə keçdikdən sonra dəniz sakitləşdi, lakin gəminin köhnə taxtaları arasında doğulmuş kiçik canavarların hənirtiləri bizi yatmağa qoymurdu. Gecə keçdikdən sonra gəmidə baş verən dəyişiklikdən heç kəsin xəbəri olmadı. Mən tez-tez saata baxırdım və deyirdim:

Ruzigar və hər çe dər vey həst bəs napayidar əst

Ey şəbi-hicran, to pəndari borun əz ruziğari.

Sübhə yaxın Şərq küləyi əsməyə başladı. Kapitan gəminin yelkənini bir qədər çəkdi ki, hərəkətə kömək olsun. Gəminin hərəkəti nəzarətə alındı. Mənim halım pərişan idi. Axşamadək halsız düşüb qalmışdım. Günəşin batmasına bir saat yarım qalmış kapitan gəminin lövbərini atdı. Günəş batana yaxın mən göyərtəyə qalxdım. Cəbəl ər-Rud Şərq tərəfdən görünürdü. Sahilə xeyli yaxın idi. əhali kiçik qayıqlara minərək balıq ovlamaq üçün dənizə çıxmışdı.

Gəmi kapitanı Mahmud bəy dedi: “Bura daşlıqdır. Axşamlar hərəkət etmək təhlükəlidir. Biz Günəş doğanadək burada olacağıq”. Bu məkandan Yənbəə limanınadək olan məsafə iyirmi beş mildir. Əgər Həzrət Xızırın tədbiri ilə “Müztərr” gəmisinin sakinləri həmin Qırmızı dənizdən salamat çıxıb məqsədə çatmışdılarsa, Xaliq Xızırın razılığı ilə bizim gəmimizin sakinləri də, inşallah salamat mənzilə çatarlar”.

Məhəmmədbağır xanın (Sədri-Isfahaninin nəvəsi) sözlərinə görə o gəmilərdə Allahsız işlər vardı, bu gəmidə isə Allahla iş görülürdü və bütün Avropa və Osmanlı paroxodları içərisində bundan kəsifi, alçağı yoxdur. Murği-zirək çun bedam oftəd, təhəmmül bayədəş (Zirək quş tora düşdüyü üçün gərəkdir səbr eləsin).

Bu bir neçə gündə Qırmızı dənizdə sağ ayağımın ağrısı və iltihabı çox artdı və yol gedəndə dəhşətli əziyyət verirdi.


Yənbəə limanına varid olduq, gəminin tərk edilməsi.

h.q. 1292-ci il 11 zilqədə ül-həram, cümə günü (1875, 10 dekabr) genortadan bir saat iyirmi dəqiqə keçmiş uğursuz gəmi yola düşdü. Günortadan beş saat yarım keçmiş Yənbəə limanına (Brozen Yənsər) yetişib dayandı.

Yənbəə həkimi İbrahim əfəndi gəmiyə gəldi. Salona, mənim yanıma gəldikdə dedim: “Əlhəmdüllah, gəmi əhli salamatdır, lakin onların salamat olması qəribədir. Yəni bu qədər çoxlu sayda insan bu kəsif, çirkli gəmidə xəstələnmədi”.

Mədineyi-Münəvvərəyə getmək üçün istixarə etdim ki, Yənbəədən Mədinəyə gedəkmi? Bu ayə gəldi: “Biz heç bir kəsi gücündən atrıq vəzifələndirmərik” (Surə Möminin, ayə 62).

Sonra Yənbəənin Qaimməqamı (canişini) Şeyx İbrahim gəmiyə, mənimlə görüşə gəldi və onunla qərara aldıq ki, bədəvi ərəblərinə (Səhra sakinlərinə - T.H.) arxayınlıq hasil edərək, Mədinəyə gedək. Kapitan Mahmud bəy özü də quru yolla getməkdə israrlı idi. Ciddəyə 1/3-i qalmış yolun haqqını Gəminin kirayə pulunu da ödədik. Bəzi zəvvarların iqtidarı qalmadığından yollarını gəmi ilə Ciddiyə davam etdilər.

Günəşin batmasına bir saat yarım qalmış quru ilə Şeyx İbrahimin dəniz kənarında olan evinə gəldik. O, istixarəyə və Əlinin salamına məna bəxş etdi. Hər nə istədilər verdik və bizim gəlişimiş münasibətilə on yeddi top atıldı. Gəmidə olarkən İslambulun vəziri-muxtarı Müinülmülkə kağız yazdım. Məktubun surəti budur:


Mirzə Möhsün xan Müinülmülkə məktub.

Cənab Müinülmülkün ömrü uzun olsun, gəminin hissələrinin vəziyyətindən, Hecaz ərəblərinin səbatından razı qaldım. Nasir Xosrov buyurur:

Əz şah zi fəqih çenan bövəd rəftəm

Kəz tərsi-mar dər dəhəni-əjdəha şodəm.

Avstriyanın və rusun paroxodunun qazanxanası min dəfə bu mənhus gəminin salonundan üstündür. Şor sulu quyuları, od yağdıran quyu və otsuz buyabanları olanları və çilpaq dişi dəvələri görəndə, Şeyx Süleymanın bu paroxoda üstünlük verəcəyi, heyif ki, hər kəsdə belə uğursuz paroxod varsa onu da İlahinin fəzli hesab edəcəyi məlumdur (“Gəmi ilə gedərkən gəmidəkiləri xoş ruzgar oxşayanda xoşhallanar onlar” – Yunus surəsi, ayə 22). Bizim halımıza şamildir. Əgər Allah istəməsə (“Hər tərəfdən üstlərinə axışanda dalğalar, mühasirəyə düşmüş bilib özlərinə sarılarlar” – Yunus surəsi, ayə 22) bəlkə mən, vahid məkan olarsa, başıma nə torpaq tökərdim? Dəniz ləpələri yüksəyə qalxdı və insanın cismi isə ləpə kimi bir yerdə qalxa bilmədi ki, kimsə buna şahid olsun.
Bəla yetişmişdi, lakin xeyirlə ötdü

Yənbəənin hakimi Şeyx İbrahim gəmiyə gəldi, arxayın etdi və əminliklə söz verdi ki, bizi inşallah şikəst gəmidən qurtarır və salamat Mədineyi-Münəvvərəyə çatdıracaqdır. Allaha təvəkkül deyərək getdik.

Qırmızı dənizdə dəhşətli hadisə baş verdi, gəmi qərq oldu, can və mal hamısı tələf oldu.

Səba, be lütf bequ an ğəzalı-rəna ra,

Ke sər be kuh-o-biyaban to dadei mara.

Bu paroxodun cismi bir xəfif küləklə bima və payimal oldu, Allahın fəzilətidir ki, bu taxta parçalarına zahiri nicat və bizə həyat xələti verdi.

Məlum oldu ki, Həzrəti-Xızırın bu dənizin sınmış gəmiləri ilə kamil bir iltifatı vardı, diqqət edirdi. Ona görə ki, bunlar gəmi sakinlərini sahilə çatdırırdı. Harada yaşamaq ümidi, şad xəbər var, bəndə onu Yənbəə Günəşində olan həyat şeşməsi bilir. Ölümdən nicat tapdığımızı qısa olaraq o cənaba yarıram. Ciddəyə qədər kirayə haqqını verdik və canımız salamat oldu. ərəblər nə istədilər verdik ki, bizi Mədineyi-Münəvvərəyə çatdırsınlar. Elmlərin bilicisi Mollayi-Rum deyir:

Pənbe kərdəm rismani-xişra

Əz qəmi-Həllaci-Rüstəmi-yilli.

Bu kağızı Hacı Əhməd bəyin yanında Ciddəyə göndərdim ki, poçtla Sizin xidmətinizə yetişsin və bununla da bizdən bixəbər olmayasınız. Zəhmət olmasa bu kağızı Tehrana, sərtibin yanına göndərin ki, bizim evdə Hacı Axunda çatdırsın.

Bugün zilqədə ayının 11-i, cümə günüdür, gəmidən çıxıb, Yənbəəyə getdik. Uğursuz paroxod barədə başqa kağızda geniş yazmışam. Əhməd əfəndinin bu paroxoddan xəbəri vardır, büruzə vermədi. Böyük zəhmətdir, vəssəlam!
Yənbəənin təsviri

Yənbəə dəniz kənarında vaqe olan böyük bir kənddir. Çox isti olan məkandır və şeh düşəndir. Burada təxminən iki min ailə yaşayır. Suyunun mənbəyi yağışlar və ambar suyudur. Dövlətdən altmış nəfər piyada əsgərə, yüz nəfər də dəvə sarvanlarına malikdir.

Miraxur gələrək dedi ki, kömrükçü istəyir yükləri kömrüyə aparsın. Mən dedim: “Başını divara döyür”. Şeyx İbrahim eşitdi, adam göndərdi, gətirdilər.
Ciddəyə doğru hərəkət

h.q. 1292-ci il zilqədə ül-həram ayının 12-si şənbə günü (1875, 11 dekabr) bizim qaldığımız evlə üzbəüz dayanan uğursuz gəmi günortadan üç saat keçmiş Ciddəyə yola düşdü. Yənbəə limanı ilə Ciddə limanı arasındakı məsafə yüz həştad mildir. Xəritə ilə gəminin getdiyi yola nəzər yetirsək belədir: Sahillər daşlıq olduğu üçün konpas ərəblərə ehtiyac vardır. Yənbəədən ta Şəəb dağınadək yeddi böyük daş mövcuddur. Gəmi iyirmi mil qərbə hərəkər edir, ondan sonra yüz əlli mil Cənuba hərəkət edir. Bu ölçü Əhmər dənizinin uzunluğu qədərdir. Ciddəyə yaxınlaşdıqda gəmi on mil yenə Şərq istiqamətinə hərəkət edib, Ciddə limanına daxil olur.

Həzrəti-Həvva əleyhissalamın məqbərəsi xəritələrdən məlum olduğu kimi, Ciddənin Şimali-Şərq tərəfində, Ciddə qalasının xaricində yerləşir.

Bugün Şeyx İbrahimin balkonunda qoyduğum cihaz günorta vaxtı havanın hərarətini yetmiş altı dərəcə göstərən termometr 4 dərəcə də artıq, yəni həştad dərəcə göstərirdi. Təxti-rəvan tapa bilmədiyimiz üçün şəqdufa razı olduq.

Gecədən bir saat keçmiş dəvələrə minərək şəqduf mənhusları ərəblərə satdıq, yola düşdük. Şəqduf sözü Qamusda Şəqdəf yazılır, ərəbcə çoxdur, indi işlənir.

Amir bin Abdullanın hədisi yadıma düşdü. O, Sadiq Əleyhissalama ərz edir ki, mən iki əşrəfi, ya üç əşrəfi öz dəvəçimə verdim ki, məni Mədinəyə aparsın. O həzrət buyurdu ki, yaxşı eləmisən, indi mübarəkrəsuli-xudanın qəbrinin yanındasan, amma bilin və agah olun ki, əslində həzrəti-rəsuli-səliullah sənin salamını yaxından da eşidib, sənin salamın ona uzaq yoldan da yetişmişdir.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə