52
Nəticədə, ölkənin müxtəlif yerlərində ümumi tutumu 17 mln. puda yaxın olan anbarlar, bir hissəsi xüsusi, bir
hissəsi isə ingilis şirkətləri tərəfindən icarəyə götürülmüş 1169 vaqon-sistern "Nobmazut"un ixtiyarına keçdi.
Tezliklə, "Nobmazut" ölkənin bütün neft bazarında hökmran mövqe tutmağa müvəffəq oldu. Ağ neft, yağ
istehsalının onun inhisarına keçməsi də buna kömək etdi. 1909-cu ildə Bakıətrafı rayonda istehsal edilən bütün
yağların topdan satışının 50 və 40%-i müvafiq olaraq, "Nobel qardaşları" və "Mazut"un payına, 10%-i qalan
müəssisələrin payına düşürdü.
1908-ci ildə sulfat turşusu sindikatının əmələ gəlməsi də əhəmiyyətli hadisə idi. Sulfat turşusu satışının
ümumi həcmində şirkətlərin iştirakı aşağıdakı paylarla müəyyənləşdi: "Nobel qardaşları" — 33%, Q.A.Dyuken
— 27%, S.L.Şifrin — 20%, "Qoldlyüst və oğlu" — 11%, "S.M.Şibayev və K°" — 9%. Sindikatın bütün
iştirakçıları öz ticarət əməliyyatlarını yalnız ümumi kontor vasitəsilə həyata keçirməyi öhdələrinə götürdülər.
Sindikat müqaviləsinin fəaliyyət müddəti 1909-cu il yanvarın 1-dən 1912-ci il yanvarın 1-dək
müəyyənləşdirildi.
Müqavilə şərtlərinə görə sindikat Bakıya başqa yerlərdən sulfat turşusu gətirilməsi imkanını ləğv etdi. O,
"Rusiya və zavodları" sindikatı ilə öz məhsullarını Bakıətrafı rayona göndərməməsi barədə xüsusi saziş
imzaladı. Sulfat sindikatı özü isə sulfat turşusunun satışı üçün yüksək sabit qiymətlər müəyyənləşdirdi, pudu 1
manatdan aşağı düşməyə imkan vermədi. Sindikatın işində aparıcı rolu "Nobel qardaşları" oynayırdı və o, 1910-
cu ilin oktyabrında "Qoldlyüst və oğlu" şirkətinin sulfat turşusu və ağ neft-yağ zavodlarını satın alıb onları
konservasiyada saxlayaraq, sindikatda öz mövqeyini daha da qüvvətləndirdi.
Birinci dünya müharibəsindən əvvəlki illərdə Azərbaycanın neft sənayesində bir neçə maliyyə-sənaye
qrupu və trest təşkilatı əmələ gəldi. Ölkə bankları ilə sıx qarşılıqlı əlaqədə olan bu birliklər o qədər güclü idi ki,
öz müstəqilliklərini nəinki hər hansı bir bankdan, hətta bank qruplarından belə qoruyub saxlaya bildilər. Həm də
onlara "dost" olan bəzi banklardan öz məqsədləri üçün istifadə etməyə başladılar. Onlardan ən iriləri "Royyal
Datç-Şell K°" ("Şell") və "Nobel" trestləri idi.
1912-ci ildə ingilis-holland "Şell" tresti Rotşildlərin Parisdəki bankir evinə məxsus olan "Xəzər — Qara
dəniz cəmiyyəti" səhmlərini əlinə keçirdi. Bu müəssisələrin kapitalı o vaxt müvafiq surətdə 10 və 12 mln. rubl
təşkil edirdi, onlar öz güclərinə görə ən iri Bakı şirkətləri idilər və yalnız "Nobel qardaşlarından geri qalırdılar.
Beləliklə Rusiyada o vaxta qədər müstəqil olan bir sıra müəssisələr üzərində maliyyə nəzarəti qoymaq
yolu ilə nəhəng müəssisələr yaradılırdı. "Oyl", "Şell" və "Nobel qardaşları" inhisarçı ittifaqları ilə yanaşı,
Bakıətrafı rayonda, həmçinin Londonda yaradılan daha bir trest — "Neft sənayesi və maliyyə korporasiyası"
qrupu da fəaliyyət göstərirdi. Bu korporasiya əvvəllər Bakıda fəaliyyət göstərən ingilis neft müəssisələrinin
birləşdirilməsi və onlar üzərində maliyyə nəzarəti qoyulması əsasında yaradılmışdı. Müharibənin başlanğıcında
onun kapitalı 28 mln. manata bərabər idi. Korporasiyanın bütün ticarət fəaliyyəti "Şell"in ixtiyarında idi.
Birinci dünya müharibəsi ərəfəsində bu iri maliyyə-sənaye birlikləri Bakı neft müəssisələrinin bilavasitə
xarici kapital qoyuluşlarından bir neçə dəfə çox olan böyük kapital məbləğindən istədikləri kimi istifadə edə
bilirdilər. 1914-cü ildə "Oyl"un səhm kapitalı 143,2 mli. rubl, "Şell"inki 77 mln.rubl, "Nobel qardaşları"nınkı
44,0 mln. rubl, "Neft sənayesi və maliyyə korporasiyası"nınkı isə 28,2 mln. manata bərabər idi. İlk üç qrupun
1911 — 1914-cü illərdəki ümumi neft hasilatı isə 1.127,8 mln. pud idi.
Bu, ən iri neft sənayesi birlikləri "iştirak sistemi" və "şəxsi ittifaq" vasitəsilə bir-birilə qarşılıqlı surətdə
bağlı idilər. Belə ki, "Oyl"da fransız kapitalının həcmi təqribən 6 milyon manat idi. "Mazut" vasitəsilə fransız
mənafeyi həmçinin "Şell"də və "Nobel" qrupunda təmsil olunmuşdu. Həmin dövrdə alman kapitalı nisbətən az
payla "Nobel qardaşları"nın tərkibinə daxil idi. Qeyd etmək lazımdır ki, Amerikanın "Standart oyl K°" şirkətinin
"Nobel qardaşları"nı özünə tabe etmək və onun vasitəsilə Rusiya neft sənayesinə yol tapmaq üçün göstərdiyi
inadkar cəhdlərə baxmayaraq, Nobelin mahir siyasəti sayəsində bu şirkət öz müstəqilliyini düz 1920-ci ilədək
qoruyub saxlaya bildi. Bu siyasətin nəticələrindən biri "Şell" və "Nobel" qrupları arasında "mənafe" birliyinin
yaranması oldu. Hər iki qrupda bir sıra ziddiyyətlər qalsa da, "mənafe" birliyinin yaranması onlara bir sıra
məsələlərdə "Oyl"a qarşı birgə çıxış etməyə imkan verdi. Birinci dünya müharibəsi illərində ən iri şirkətlərin
bütün neft işini daha da inhisarlaşdırmaq meylləri aydın təzahür edirdi. Bu mərhələdə aparıcı proses istehsalın
birləşdirilməsinin daha da inkişaf etdirilməsi idi. Bu və ya digər dərəcədə bu proses iqtisadiyyatın bütün
sahələrini əhatə etmişdi.
Üç ən qüdrətli maliyyə sənaye birliyinin ("Oyl", "Şell" və "Nobel") ümumrusiya neft hasilatında xüsusi
çəkisi yüksək səviyyədə olaraq qalırdı. Artıq müharibə başlananda bütün səhm kapitallarının 86%-i bu birlik-
lərin payına düşürdü. Ağ neft və mazut istehsal edən neft emalı zavodlarının, demək olar ki, hamısı, 15 ən iri
Qafqaz neft kəmərindən 12-si onların ixtiyarında idi. Bu da zavodlara və limanlara göndərilən sənaye neftinin
90%-inə, bütün neft məhsulları satışının isə 3/4-nə nəzarət etməyə imkan verirdi. Əgər 1913-cü ildə bu üç
qrupun birgə neft hasilatı ümumrusiya neft hasilatının 60,2%-ini təşkil edirdisə, 1914-cü ildə 64,1, 1915-ci ildə
63,5, 1916-cı ildə isə təqribən 65%-ini təşkil edirdi. Lakin belə bir faktı da təkzib etmək olmaz ki, yerdə qalan,
yəni göstərilən birliklərin tərkibinə daxil olmayan və kapitalları bütün səhm kapitalının 14%-ini təşkil edən
səhmdar müəssisələri bütün hasilatın təqribən 40%-ini verirdilər. Beləliklə, "Mazut" şirkəti "Şell" rus qrupunun