Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
29
Deyilənlərdən aydın olur ki, Azərbaycan bayrağındakı rənglər (mavi, qırmızı, yaşıl) XX əsrin əvvəllərində
formalaşmış milli istiqlal mübarizəsinin təməl prinsipləri olan «türkləşmək, islamlaşmaq və müasirləşmək»
ideoloji modelinin məna və funksiyasını ifadə edir.
Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamentini açan M.Ə. Rəsulzadə müstəqil Azərbaycanı təmsil
edən milli bayrağımızdakı üç rəngi «türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini»
(demokratiyasını) ifadə etdiyini xüsusi olaraq qeyd edirdi. O, başqa bir çıxışında isə deyirdi ki, Azərbaycanın
Dövlət bayrağındakı bu üç rəng «Türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam
sivilizasiyasının simvoludur».
Azərbaycanın böyük sənət adamı Üzeyir Hacıbəyov milli bayrağımızdakı rənglərin ifadə etdiyi məna və
funksiyadan danışaraq yazırdı: “Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik
parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu...Eyni
zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir.
Bayrağımızın üç rəngi (mavi, qırmızı, yaşıl) bu ümdənin timsalıdır.”
Dahi Üzeyir Hacıbəyov Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyinə həsr olunmuş «Bir yaş» adlı
məqaləsində milli bayrağımızdakı rənglərin mənasına toxunaraq deyirdi: «Mavi rəngi türklüyə, yaşıl rəngi
islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur».
Deməli, Üzeyir Hacıbəyov da milli bayrağımızdakı rənglərin (mavi, qırmızı, yaşıl) milliyyətçilik-
türkçülük, çağdaşlıq - Avropa demokratiyası, şərqçilik-islamlıq mənalarını bildirdiyini təsdiqləmişdir. O,
«Azərbaycan» qəzetində Azərbaycan Cümhuriyyətinin Parlamentinin açılışından söz açaraq «Məmməd Əminin
nitqi iftiqahiyəsində (giriş nitqində) bu üç rəngin «türkləşmək, islamlaşmaq və müasirləşmək» amali-
əlamətindən ibarət olduğunu» yazırdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli bayrağımıza çoxsaylı şerilər həsr olunmuş, bayraqdakı
simvolların ifadə etdiyi mənaların obrazlı şəkildə açılışma cəhdlər edilmişdir.
İlk mənbə və tarixi qaynaqlar əsasında deyilənlər bir daha təsdiq edir ki, Azərbaycan Xalq
Cümhuriyyətinin milli bayrağı kimi hələ 1918-ci ildə qəbul edilmiş bugünkü müstəqil Azərbaycan
Respublikasının üçrəngli dövlət bayrağındakı mavi rəng: milliyyətçiliyi – türklüyümüzü; qırmızı rəng:
müasirliyi – demokratiya və azadlığı; yaşıl rəng isə: islam sivilizasiyasını – müsəlmanlığı ifadə edir.
* * *
Azərbaycan Respublikasının Dövlət bayrağındakı simvollardan biri də bayraqdakı qırmızı zolağın hər iki
üzündə təsviri olan ağ rəngli aypara və ağ rəngli səkkizguşəli ulduzdur.
Qırmızı zolaq üstündəki bu rəmzlər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə qəbul etdiyi
(21 iyun 1918-ci il) qırmızı rəngli, üstündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının
üçrəngli milli bayrağımızda kiçildilmiş formasından ibarətdir. Başqa sözlə, ağ rəngli aypara və səkkizguşəli
ulduz simvolu Azərbaycan bayrağına əski Osmanlı imperatorluğunun bayrağından hazır şəkildə alınmışdır.
Bu simvolların, xüsusən səkkizguşəli ulduzun məna və funksiyası barədə müxtəlif fikirlər mövcuddur.
Bəziləri səkkizguşəli ulduzun Azərbaycandakı millətlərin sayını bildirdiyini iddia edirlər ki, bu fikir əsassızdır.
Çünki, əvvəla, Azərbaycanda yaşayan millətlərin sayı səkkiz deyil, çoxdur. İkincisi, bu simvol Azərbaycan
bayrağına hazır şəkildə gətirilib. Üçüncüsü, bu rəmzin Şərq xalqlarında, o sıradan türk xalqlarında 3 min illik
tarixi var və s.
Türk xalqlarında, eləcə də digər Şərq xalqlarında ayparanın tarixi kökləri çox qədimlərə gedib çıxır.
Türkiyə tarixçisi Fevzi Kurtoğlu bu məsələdən danışarkən yazır ki, «hilal (aypara) 5000 il bundan əvvəl Orta
Asiyadan ön Asiyaya köç etmiş şumerlər, eləcə də qədim türklər tərəfindən istifadə edilmişdir. Ayparanın türk
heraldikasında istifadə olunması nə Sultan Osman Qazinin məşhur röyasından, nə də Sultan Mehmed Fatehin
İstanbulu fəthindən başlar. Bunun köklərini dərinlərdə aramaq lazımdır. Hilal (aypara) türk millətinin tarixi
qədər əskidir...»
Araşdırmalar göstərir ki, aypara şəklində rəmzləşdirilən ay bir çox qədim Şərq xalqlarında, o cümlədən
əski türklərdə müqəddəs sayılır, ona sitayiş edilirdi...
Səkkizguşəli ulduz simvolunun da tarixi də çox qədimlərlə, əski inamlarla, mifik görüşlərlə bağlıdır.
Qədim türklər Günəşə və Aya sitayiş edər, çadırlarının qapısını Günəş doğan səmtə doğru qoyardılar. Əski
türklərin dini, mifik görüşlərindən danışarkən türk alimi Bahəddin Ögəl doğru olaraq yazır ki, qədim türklərin
dini görüşlərində Göy və Günəş birinci dərəcəli yer tuturdu. Sonralar maniçilik (maniheizm) dinini qəbul edən
türklər Ay kultuna da üstünlük verdilər. Beləliklə, Göy, Ay və Günəş kultları qədim türklərdə müqəddəs
sayılırdı. Əvvəllər türklər Tanrıya «Göy Tanrı» dedikləri halda, maniheizmin qəbulundan sonra «Ay-Tanrı»
deməyə başladılar. Sonralar türk mifoloji düşüncəsinə görə, Günəş-Ana, Ay-Ata şəklində ifadə edilərək Ayın
«erkək», Günəşin «dişi» anlamında simvolizə olunduğunu görürük.