Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
22
antiazərbaycan xuntanın əlində olduğu üçün Azərbaycan Xalq Cümhuriyyətinin ilk Milli Hökuməti və Milli
Şurası 1918-ci il iyunun 16-da Gəncəyə köçdü.
Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çox çətin şəraitdə mübarizəyə başlayan müvəqqəti milli
hökumətin fəaliyyətinin Gəncə dövrünün ilk günləri milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli bir sıra
qərarların (əslində qanunların), o sıradan, Azərbaycanda hərbi vəziyyət elan edilməsi (19 iyun 1918-ci il),
Azərbaycan Milli Ordusunun (Korpusunun) yaradılması (26 iyun 1918-ci il), Azərbaycanın dilinin dövlət dili
elan olunması (27 iyun 1918-ci il), nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağının təsdiq
edilməsi (21 iyun 1918-ci il) haqqında qərarların qəbul edilməsi ilə tarixi yaddaşımıza daxil olmuşdur...
Tarixi reallıq belədir ki, Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycanın Müvəqqəti hökumətinin 21
iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ rəngli aypara və
səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq
Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edildi. Bu bayraq Osmanlı
İmperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək
mövcud olmuş üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri
olan qırmızı rəngli dövlət bayrağından ibarət idi. O dövrdə bəziləri bu
bayrağın qəbulunun Azərbaycanın türk dünyasının bir parçası olduğu
mənasını ifadə etdiyini düşünürdülər. Osmanlı İmperatorluğunun əski
bayrağının gənc Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilməsi, şübhəsiz, o zaman Gəncədə
yaranmış tarixi-siyasi və hərbi vəziyyətin təsiri kimi qiymətləndirilə bilər. Sonrakı tarixi hadisələr, xüsusən
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
23
həmin bayraqdan az sonra imtina edilməsi və onun yerinə yeni üçrəngli milli bayrağımızın qəbul edilməsi bu
fikri söyləməyə əsas verir. Belə ki, 1918-ci il sentyabrın 15-də türklərdən və azərbaycanlılardan təşkil olunmuş
xilaskar missiyalı Qafqaz İslam Ordusunun köməyi ilə Bakı düşmənlərdən azad olunur, üç gün sonra
Azərbaycan hökuməti Gəncədən Bakıya köçür, Bakı Şəhəri Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan
edilir. Azərbaycan milli hökuməti dövlət quruculuğu sahəsində başladığı möhtəşəm tədbirlərini genişləndirmək
və inkişaf etdirmək imkanı qazanır. Lakin Birinci Dünya müharibəsində məğlub olmuş Osmanlı İmperatorluğu
Mudros müqaviləsinə (30 oktyabr 1918-ci il) görə öz qoşunlarını Azərbaycandan geri çəkmək məcburiyyətində
qalır, İngilis ordusunun komandanı general V.Tomsonun rəhbərliyi ilə müttəfiq dövlətlərin qoşunları isə Bakıya
daxil olur.
Belə bir mürəkkəb və gərgin tarixi şəraitə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası
1918-ci il noyabrın 9-da hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın yeni üçrəngli
- mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli
bayrağının təsdiq edilməsi haqqında qərar qəbul edir.
Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs dövlət bayrağımız - milli bayrağımız ilk
dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada
(İndiki Azərbaycan Dövlət Neft Şirkətinin yerləşdiyi, o zamankı neft milyonçusu, məşhur müğənni Seyid
Mirbabayevin mülkündə) qəbul edilmiş və qaldırılmışdır. Hər il 9 noyabr günü üçrəngli milli bayrağımızın
yaranması günü - Dövlət bayrağı günü kimi qeyd edilir.
Azərbaycan bayrağının tarixində ən şərəfli, yaddaqalan günlərdən biri 7 dekabr 1918-ci ildə Şərqdə və
Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin
açılışı zamanı olmuş, milli bayrağımız Parlament binası (böyük mesenat və milyonçu Hacı Zeynalabdin
Tağıyevin Qız məktəbinin, indiki Əlyazmalar İnstitutunun binasında) üzərində qaldırılmışdır. Belə ki,
Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamentinin (Məclisi-Məbusanının
)
birinci iclasını açan Azərbaycan
Milli Şurasının sədri M.Ə. Rəsulzadə üçrəngli milli bayrağımıza xitabən, onun əbədi olaraq başlarımız üzərində
yüksələcəyinə sonsuz inamını ifadə edərək demişdi: «Müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı
Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini təmsil edən bu
üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha
enməyəcəkdir. Mən buna iman edirəm. Mənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi
işıqlandırır. Bu günəş bir daha üful etməyəcəkdir...»
Lakin çox təəssüf ki, sonrakı tarixi-siyasi proseslər Azərbaycanın müstəqilliyini qoruyub saxlamağa,
üçrəngli milli bayrağımızın başlarımız üzərində əbədi dalğalanmasını təmin etməyə imkan vermədi. Daxili
ziddiyyətlər, partiyalararası mübarizələr və xarici müdaxilə – Sovet Rusiyasının XI Qızıl ordusunun
Azərbaycanı işğalı nəticəsində «İnsanlara hürriyyət, millətlərə istiqlal» amalı ilə yaradılan Azərbaycan Xalq
Cümhuriyyəti devrildi, süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan
üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi...