Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
28
tarixini nəzərə almadan, onu tarixilik baxımından təhlil etmədən milli bayrağımızdakı rənglərin, eləcə də digər
simvolların məna və funksiyalarını gərəyincə açmaq, onları yetərincə düzgün dəyərləndirmək mümkün deyildir.
Lakin bayrağımızdakı rənglər düzümünün və digər simvolların məna açımında çoxsaylı yanlışlıqlara,
hətta uydurmalara, fərziyyələrə də rast gəlirik. Bu cür müxtəlifliyi aradan qaldırmaq məqsədilə Azərbaycan
milli bayrağım yaradanların, həmçinin XX əsrin əvvəllərində, xüsusən 1918-1920-ci illərdə bu məsələ ilə bağlı
mülahizələr söyləmiş fikir, sənət və siyasət adamlarının dediklərini yada salmaq və onların işığında məsələnin
şərhini vermək daha faydalı və düzgün olardı.
XIX əsrin əvvəllərində Azərbaycanın İran və Rusiya tərəfindən parçalanması, onun şimalının Rusiya
əsarəti altına düşməsi nəticəsində nəinki «Azərbaycan» sözü xəritələrdən və tarix kitablarından silinmişdi, hətta
azərbaycanlıların milli mənsubiyyəti unutdurulmuş, milli mənliyi tapdalanmış, milli, dini dəyərlərini – islamı
inkişaf etdirmək əvəzinə, süni olaraq sünni-şiə məsələsi ortaya atılmış, nəticədə qədim tarixə, zəngin
mədəniyyətə malik olan Azərbaycan türklərinə qarşı mənəvi və fiziki terror, soyqırımlar başlanmışdı. Bu tarixi
haqsızlığı və ədalətsizliyi dərindən duyan Azərbaycan ziyalıları XIX əsrin ikinci yarısından başlayaraq ara-sıra
etiraz səslərini yüksəltməyə başlasalar da, bu proses XX əsrin əvvəllərində artıq milli azadlıq və istiqlal
mübarizəsinə çevrildi. Azərbaycanın böyük mütəfəkkir insanlarında baş qaldıran milliyyətçilik, istiqlalçılıq,
müstəqillik, azadlıq, azərbaycançılıq, müasirlik, Qərbçilik, Şərqçilik ideyalarının sistem xarakter almasında o
dövrün mətbuat orqanlarının, xüsusən, «Həyat» qəzetinin, «Molla Nəsrəddin» və «Füyuzat» jurnallarının
müstəsna rolu olmuşdur. Azərbaycanda milli istiqlalın oyanışına, milli kökə qayıdışda, milli mənlik şüurunun
dirçəlişində, milliyyətçilik, Qərbçilik ideyalarının intişarında Osmanlı imperiyasında XIX əsrin ortalarından
başlanan tənzimat («islahat») hərəkatının, eləcə də, «Dildə, fikirdə, işdə birlik» şüarı ilə türkçülüyü, «üsuli-
cədid məktəbləri» ideyası ilə avropalaşmağı təbliğ edən və 35 il (1883-1918-ci illər) fasiləsiz olaraq Krımda
İsmayıl Qaspıralının (Qasprinskinin) redaktorluğu ilə nəşr edilmiş «Tərcüman» qəzetinin də müsbət təsiri
olmuşdur. Dövrün qabaqcıl mətbuatı ətrafında toplaşan fikir, sənət və siyasət adamları milli azadlıq və istiqlal,
milli oyanış və qurtuluş, milli ənənələrə və soykökünə bağlılıq, milli tərəqqi, milli mənəvi və dini dəyərlərin
dirçəlişi, müasir dünya mədəniyyəti və demokratiyasına qovuşmaq, ondan milli təkamüldə yararlanmaq və s. bu
kimi ümummilli ideyalar irəli sürür, onları milli istiqlalın və müstəqil Azərbaycan milli ideologiyasının əsas
təməl prinsipləri hesab edirdilər.
Bu ideyaları irəli sürən və onun gerçəkləşməsi yolunda milli istiqlal savaşına, milli qurtuluş mücadiləsinə
başçılıq edənlər Əli bəy Hüseynzadə (1864-1940), Əhməd bəy Ağaoğlu (Ağayev) (1869-1939), Əlimərdan bəy
Topçubaşi (Topçubaşov) (1865-1934), Məmməd Əmin Rəsulzadə (1884-1955) və başqaları idi.
Bu gün müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli
istiqlal ideologiyamızın üç təməl prinsipini ifadə edən «Türkçülük, islamçılıq və müasirlik» düsturunun müəllifi
görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Həqiqətən, Ə. Hüseynzadə 1905-ci ildə Bakıda ana dilində nəşrə başlayan «Həyat» qəzetində
(Ə. Hüseynzadə və Ə. Ağaoğlu qəzetin redaktorları, Ə. Topçubaşi naşiri, H.Z. Tağıyev hamisi idi) hissə-hissə
çap olunan və ilk dəfə milli istiqlal mübarizəmizin siyasi proqramını verən «Türklər kimdir və kimlərdən
ibarətdir?» adlı çox qiymətli əsərində və bir sıra silsilə məqalələrində «türkləşmək, islamlaşmaq, avropalaşmaq»
siyasi-ideoloji modelini irəli sürdü. Onun fikrincə, türkləşmək – milli ənənələrin dirçəlməsi, milli dilin,
ədəbiyyatın, tarixin və mədəniyyətin yüksəldilməsi, islamlaşmaq – islamda milli dini-əxlaqi və ümumbəşəri
dəyərlərin inkişaf etdirilməsi, avropalaşmaq isə öz millətinə xor baxmaq və kafirləşmək deyil, Avropa elm və
texnikasının nailiyyətlərini öyrənib onun nəticələrinin öz milli mədəniyyətinin, elminin inkişafına yönəldilməsi,
Qərb demokratiyası ənənələrindən istifadə olunması deməkdir. Başqa sözlə, Əlibəy Hüseynzadə belə hesab
edirdi ki, azərbaycanlıların millət məfkurəsi türkləşmək, dini məfkurəsi islamlaşmaqdırsa, iqtisadi, mədəni,
siyasi məfkurəsi avropalaşmaq olmalıdır. Ə. Hüseynzadənin «türkləşmək, islamlaşmaq, avropalaşmaq» milli
istiqlal və ideoloji mübarizə prinsipi az sonra böyük türk alimi və ideoloqu Ziya Göyalpın 1913-cü ildə
İstanbulda «Türk yurdu» dərgisində çap etdirdiyi «Türkləşmək, islamlaşmaq və müasirləşmək» başlıqlı silsilə
məqalələrində geniş və hərtərəfli müdafiə olunur, irəli sürülən ideyalar daha da inkişaf etdirilir.
Lakin Ziya Göyalp həmin modeli («türkləşmək, islamlaşmaq, müasirləşmək») sosioloji baxımdan
«Millətini tanı, ümmətini tanı, mədəniyyətini tanı!» anlamını verən «Türk millətindənəm, İslam ümmətindənəm,
Batı mədəniyyətindənəm» şəklində formula etmişdir ki, bu əslində Ə. Hüseynzadənin məlum düsturunun sadəcə
açılışından ibarət idi.
Əlibəy Hüseynzadə tərəfindən irəli sürülən, Ziya Göyalp tərəfindən əsaslı şəkildə müdafiə edilərək inkişaf
etdirilən «türkləşmək, islamlaşmaq və müasirləşmək» modeli sonralar Azərbaycan milli istiqlal mübadiləsinin
ideoloqu M.Ə. Rəsulzadə tərəfindən milli azadlıq hərəkatının siyasi ideoloji prinsipi səviyyəsinə qaldırılmış,
müstəqil Azərbaycanın istiqlal və azadlıq rəmzi olan üçrəngli milli bayrağımızın yaranması ilə nəticələnmişdir.