Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
20
Qarabağ xanı Mehdiqulu xana imperator I Aleksandrın verdiyi fəxri bayraq
Qarabağ xanı İbrahimxəlil xan öz ailəsi ilə birlikdə çar ordusu mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə
yetirildikdən sonra Rusiya hərbi komandanlığı qarşısına Qarabağ xanı təyin etmək problemi çıxır. Xanın böyük
oğlu Cəfərqulu ağanın onsuz da Rusiyaya sədaqətli olduğunu nəzərə alan rus komandanlığı onun qardaşı, bəzən
Qacarlara olan meylini gizlətməyən Mehdiqulu xanı öz tərəfinə çəkmək üçün ona Qarabağın idarə olunması
haqqında fərman təqdim edir. Bununla yanaşı Mehdiqulu xana "xan" titulunun verilməsi xahişilə imperatora
müraciət olunur. 10 sentyabr 1806-cı ildə imperator I Aleksandr "Mehdiqulu xana ali sərəncam və Qarabağ
əhlinə vədlər" fərmanını imzaladı. Qarabağ xanı təyin olunan Mehdiqulu xana hakimiyyət rəmzi kimi bayraq və
qılınc göndərilməsi qərarı qəbul edildi. Ona rus ordusunun general-mayoru, qardaşı Cəfərqulu xana isə -
polkovniki rütbəsi verildi(Дубровин Н. История войн и владычества русских на Кавказе. с. I-V, СПб
(1871-1888), с.V, s.52-54.)
İmperator I Aleksandr tərəfindən vəd edilən bayraq bir il sonra - 1807-ci ildə Mehdiqulu xana təqdim
edildi. 1838-ci il oktyabrın 30-da imperator I Nikolay Qarabağ xanlarının bu bayraqdan hakimiyyət rəmzi kimi
istifadə etmək hüququnu təsdiq etdi.
Bayrağın Qafqaz Hərbi Tarix Muzeyinə verilməsi
vaxtı məlum deyil. 1924-cü ildə Azərbaycan Dövlət
Muzeyinə təqdim edilmişdir. Hazırda Milli Azərbaycan
Tarixi Muzeyində 461 №-li inventar altında saxlanılır.
Bayraq qumaşı (ölçüləri 115 x 100 sm) zamanın təsirindən
saralmış dördkünc ikiqat ağ qanovuz ipək parçadandır.
Sonralar bərpa zamanı həm üz, həm də astar hissəyə oxra
rəngli tül parça tikilmişdir. Bayrağın hər iki üzündəki
təsvirlər eynidir. Hər iki tərəfdə Rusiya imperiyasının
gerbi təsvir olunmuşdur. Boz rəngli ikibaşlı qartalın
dimdiyi, gözləri, caynaqları və caynaqlarında tutduğu
hakimiyyət rəmzləri, eləcə də qartalın hər iki başında və
başlarının üstündə, ortada təsvir edilmiş iki kiçik və bir
böyük tac qızılı rəngdədir. Tacların üstü göy və qırmızı
daşlarla bəzənmişdir. Qartalın sinəsində qızılı haşiyəsi
olan Avropa qalxanı təsvir edilmişdir. Qalxanın üzərində
ağ, qırmızı və boz rənglərlə Moskva şəhərinin gerbi -
Müqəddəs Müzəffər Georginin əksi verilmişdir. Bayrağın
kənarlarına gümüşü güləbətin saplarla bafta tikilmiş, onun üzərində isə uzunsov dairələrdə səkkizləçək güllər və
xaçlar salınmışdır. Bayrağa üç tərəfdən qızılı saplardan və altıləçəkli gül formasında olan zərif gümüş
asmalardan saçaq tökülmüşdür. Bayrağın parçasının saxlanma vəziyyəti nisbətən qənaətbəxş olsa da, qartal
təsvirindəki rənglər bəzi yerlərdə tökülmüş və ya çatlamışdır. Bayraq ağacı (uzunluğu 330 sm, kəsikdə diametri
4,6 sm) iki I hissədən düzəldilmiş, bir-birinə 9 sm uzunluqda qızıl suyuna salınmış I polad halqa ilə
birləşdirilmişdir. Bayraq ağacının yuxarısına 28 sm uzunluqda, gümüş saplardan düzəldilmiş qotaz asılmışdır.
Bayraq ağacının ucuna gümüşü və qızılı saplardan, başında qotazı olan iki qaytan taxılmışdır. Ağacın alt
hissəsinə taxılmış alt ucluq ucukəsik konus formalı dəmirdən hazırlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
21
Azərbaycan Xalq Cümhuriyyət dövrü
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı –
Dövlət bayrağıdır. Milli bayraq – mənəvi-siyasi, ideoloji baxımdan bir dövlətin və bu dövləti təşkil edən
millətin simvolu olub, onların mövcudluğunu göstərən rəmzdir. Bu funksiyasına görə həmin simvoldan,
rəmzdən «Milli Bayraq» və ya «Dövlət Bayrağı» adları altında bəhs edilir ki, əslində hər iki anlayış məzmun və
mahiyyətcə eyni mənanı bildirir.
Xalis Azərbaycan sözü olan bayraq – ümumtürk mənşəlidir və tarixi çox qədimdir. Bu söz türkologiya
elminin bahadırı sayılan Mahmud Kaşğarinin məşhur «Divanü-lüğat-it-türk» (XI əsr) əsərində müasir
dilimizdəki mənada və bayrak // batrak fonetik variantlarında (şəkillərində) qeydə alınmışdır. Bayraq sözü istər
qədim, istərsə də müasir türk dillərinin əksəriyyətində, əsasən, eyni mənadadır. Araşdırıcıların fikrincə, həmin
söz «batırak < batrak < bayrak» semantik-struktur təkamül modeli əsasında batır – («batırmaq», «sancmaq»)
felindən törəmişdir.
Bayraq sözü müasir anlamda dövlətçilik termini olaraq dövlətimizin, millətimizin müstəqillik, suverenlik,
milli azadlıq və istiqlal rəmzi, simvolu funksiyasında işlənməkdədir. Dövlət bayrağı, milli bayraq müqəddəs
dövlətçilik atributlarından sayılır. Çünki Dövlət bayrağı Azərbaycan Respublikasının milli müstəqilliyini, milli
azadlığını, milli dövlətçiliyini əks etdirir. Milli bayraq millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının,
milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun
təcəssümüdür. Dövlət bayrağımız Azərbaycanımızın ərazi bütövlüyü və toxunulmazlığının, dünya
azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvoludur. Bu bayraq
millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin
rəmzidir. Azərbaycan bayrağı – Azərbaycan vətəndaşlarının namus və qeyrət emblemi olub, dövlətimizin
mənəvi-siyasi pasportu, vizit vərəqidir...
Dövlət bayrağının məhz sadaladığımız müqəddəslik parametrlərinə görədir ki, Azərbaycan xalqını təmsil
edən Prezidentin andiçmə mərasimində o, ilk olaraq Dövlət bayrağı önündə diz çöküb onu öpür, sonra isə ölkə
Konstitusiyasına və müqəddəs «Qurani-Şərif»ə əl basaraq aşağıdakı məzmunda and içir: «Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən, Azərbaycan Respublikasının Konstitusiyasına
əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə
and içirəm» (Azərbaycan Respublikasının Konstitusiyası, 103-cü maddə).
Bu o deməkdir ki, ölkə Prezidenti millətimizin, xalqımızın, dövlətimizin müstəqillik və azadlığının, şərəf
və ləyaqətinin, ərazi bütövlüyü və milli birliyinin simvolu olan Dövlət bayrağı – üçrəngli milli bayrağımıza
təzim etməklə əslində Azərbaycan dövlətinə, onun xalqına, bütün vətəndaşlarına və dünya azərbaycanlılarına
hörmət və ehtiramını ifadə etmiş olur. Heç təsadüfi deyildir ki, hərbi andiçmə mərasimləri də dövlət bayrağı
önündə həyata keçirilir...
Bütün bunlar onu göstərir ki, Azərbaycanın dövlət müstəqilliyinin müqəddəs simvolu olan Dövlət
bayrağına hörmət və ehtiram, milli bayrağa millət sevgisi və vətəndaş sayğısı hər bir azərbaycanlının, hər bir
Azərbaycan vətəndaşının, hər bır uşağın, məktəblinin, şagirdin, tələbənin həyat idealı, milli fəxarəti məramına,
Vətən qayğısına, millət duyğusuna çevrilməlidir. Bu mənada Ümummilli lider Heydər Əliyevin aşağıdakı
müdrik kəlamı hamıda Dövlət bayrağına yeni münasibətin formalaşdırılmasının aydın proqramını verir:
“Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir ... Bu bizim
müstəqil dövlətimizin rəmzidir... Ona görə də, gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu
dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətə
bərabər olsun. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət
etsin. Bu bayraq tək rəsmi yerlər-də yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir
ailənin həyatının əziz bir hissəsi olsun.”
Azərbaycan Respublikasının Dövlət bayrağı – üçrəngli zolaq
üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli
bayrağımız 1918-1920-ci illərdə mövcud olmuş (28.05.1918-
27.04.1920) Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış
milli dövlətçilik atributlarından biridir. Tarixdən məlumdur ki, 1918-
ci il mayın 28-də Azərbaycanın Milli Şurası Tiflisdə Azərbaycanın
İstiqlal Bəyannaməsini qəbul edərək onun müstəqilliyini bütün
dünyaya bəyan etdi. O zaman Bakı şəhəri bolşevik-daşnak
qruplaşmasından ibarət olan Bakı Xalq Komissarları Soveti adlanan