Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
54
5. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi
Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikasının gəmi reyestrlərindən birində qeydiyyata alınmış
gəmilərin üzərində aşağıdakı qaydada qaldırılır:
a) gəminin hərəkət etdiyi və dayanacaqlarda durduğu zaman Azərbaycan Respublikasının Dövlət
bayrağı hər gün saat 8-də qaldırılır və gün batdıqda endirilir;
b) dövlət bayrağı aşağıdakı hallarda müəyyən edilmiş vaxtdan əvvəl (saat 8-dək) qaldırılır, habelə gün
batarkən endirilmir:
gəmi limana daxil olduqda və limandan çıxdıqda;
dənizdə Dövlət bayrağı altında üzən hərbi və digər gəmilərə rast gəldikdə, onlardan ayrılanadək.
Gəmi dayanacaqda olduğu zaman Dövlət bayrağı dal bayraq ağacında, hərəkət etdiyi zaman isə qafel və
ya dal bayraq ağacında qaldırılır. Kiçik və yedək gəmiləri dayanacaqda və ya hərəkətdə olduğu zaman Dövlət
bayrağını qafeldə qaldıra bilər.
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan
Respublikasının Baş naziri və Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikasının Milli
Məclisini və Azərbaycan Respublikasının Nazirlər Kabinetini təmsil edən digər şəxslər, habelə Azərbaycan
Respublikasının diplomatik nümayəndələri və konsulları gəmidə olduqda, həmin şəxslərin razılığı ilə gəminin
burun siqnal dor ağacında da Dövlət bayrağı qaldırılır.
6. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və
başqa silahlı birləşmələrinin hərbi hissələrində aşağıdakı hallarda qaldırılır:
a) Azərbaycan Respublikasının bayram və matəm günlərində;
b) hərbi andiçmə mərasimi zamanı;
c) hərbi hissələrə dövlət mükafatları təqdim edilən zaman;
ç) hərbi hissələr (bölmələr) xarici dövlətin ərazisində olduğu müddətdə;
d) xatirə və digər peşə bayramı günlərində silahlı birləşmələrin rəhbərinin əmrinə əsasən.
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və başqa
silahlı birləşmələrinin hərbi hissələrində onların qərargahlarının binalarında qaldırılır.
7. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və
başqa silahlı birləşmələrinin hərbi gəmilərində Hərbi Dəniz Qüvvələrinin gəmi nizamnamələrinə uyğun olaraq,
qrot-stenqada gəmi lövbərdə (çələkdə, burazda) dayandıqda aşağıdakı hallarda qaldırılır:
a) Azərbaycan Respublikasının bayram və matəm günlərində;
b) Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan
Respublikasının Baş naziri və Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikasının Milli
Məclisini və Azərbaycan Respublikasının Nazirlər Kabinetini təmsil edən digər şəxslər gəmiyə gəldikdə;
c) hərbi andiçmə mərasimi zamanı;
ç) hərbi gəmilər xarici dövlətin ərazisində (ərazi sularında) olduğu müddətdə;
d) hərbi gəmilərə (gəmilər birləşmələrinə) dövlət mükafatları təqdim edildikdə;
e) Azərbaycan Respublikası müdafiə nazirinin və Hərbi Dəniz Qüvvələri komandanının əmrləri ilə digər
bayram və xatirə günlərində.
Döyüş vaxtı və düşmənin gözü qarşısında hərbi gəmi qrot-stenqada Azərbaycan Respublikasının Dövlət
bayrağını qaldırır.
Hərbi gəmilər xarici dövlətlərin milli bayramları günlərində onların ərazi sularında olduqda,
Azərbaycan Respublikasının Dövlət bayrağı dəniz ərazilərinin hüquqi rejiminə riayət etmək və xarici hərbi
gəmilər və hakimiyyət nümayəndələri ilə qarşılıqlı münasibətlər üzrə Təlimata uyğun qaldırılır.
8. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanlarının, qeyri-hökumət
təşkilatlarının, siyasi partiyaların, müəssisələrin və idarələrin binaları üzərində və ya bu mümkün olmadıqda,
binanın fasadında əsas giriş qapısının üstündə, habelə yaşayış evləri üzərində təşkilatların rəhbərlərinin icazəsi
ilə və ya hüquqi və fiziki şəxslərin arzusu ilə bayram və matəm günlərində və ya hər gün qaldırıla (asıla) bilər.
Yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, müəssisə və idarələr tərəfindən
keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı binalarda (mərasim və tədbir keçirilən salonda) qaldırıla
(asıla) və ya yerləşdirilə bilər.
9. Azərbaycan Respublikasının Dövlət bayrağı digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq
təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə
qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda Qanunun 8-ci maddəsinin 2-ci hissəsinə uyğun
olaraq, Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır.
10. Dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət bayrağı
müəssisənin yerləşdiyi binanın fasadında əsas giriş qapısının üstündə dərslər başlamamışdan qaldırılır (asılır),
qurtardıqdan sonra endirilir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
55
11. Azərbaycan Respublikasının bayram günlərində, qanunvericiliklə nəzərdə tutulmuş və ya
Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunmuş matəm günlərində Azərbaycan Respublikasının
Dövlət bayrağı şəhər və qəsəbələrin mərkəzi küçələrində işıq dirəyindən və meydanlarda asılır. Bu günlərdə
Dövlət bayrağının asılması yerli icra hakimiyyəti orqanları tərəfindən təşkil edilir.
12. Azərbaycan Respublikasının Dövlət bayrağı ya bayraq dirəyi, ya da xüsusi tutqaclara bərkidilən
dəstək üzərində qaldırılır.
Bayraq dirəyinin uzunluğu parçanın enindən ən azı iki dəfə uzun olmalıdır.
Bayraq binanın divarında bayraq dirəyində aşağıdakı qaydada asılmalıdır:
divara nisbətdə 45 dərəcədən az olmayan bucaq altında;
divara perpendikulyar.
Bayraq üfüqi müstəvidə quraşdırılarkən (yerdə, döşəmədə, masanın üstündə və s.), onun bərkidildiyi
bayraq dirəyi üfüqi müstəviyə perpendikulyar və ya 60 dərəcədən az olmayan bucaq altında bərkidilə bilər.
Bayraq dirəksiz də asıla bilər. Bu halda bayraq:
şaquli müstəviyə sıx bərkidilərək divara çəkilib uzadılmalı;
binanın və ya tikilinin tavanına həmin hissədə yerləşən üfüqi vəziyyətdə mühəndis qurğusuna
bərkidilməlidir.
13. Matəm günlərində Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bayraq dirəyinin yarısına
qədər endirilir.
Matəm günlərində Azərbaycan Respublikasının Dövlət bayrağı gəmilərdə liman kapitanının sərəncamı
əsasında, xarici limanlarda isə Azərbaycan Respublikasının konsulu və liman rəhbərliyi ilə razılaşdırılmaqla
endirilir.
14. Qanunun 9-cu maddəsinin tələblərini nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət bayrağı
istifadəyə yararsız olduğu hallarda dəyişdirilir.
Dövlət bayrağının dəyişdirilməsinin təmin edilməsi məqsədi ilə, onu qaldırma hüququ olan dövlət
orqanlarında, yerli özünüidarə orqanlarında, müəssisə və idarələrdə, qeyri-hökumət təşkilatlarında, siyasi
partiyalarda, hərbi hissə və gəmilərdə ehtiyat bayrağı olmalıdır. Dövlət bayrağı bu orqanların, təşkilatların və
gəmilərin rəhbərləri tərəfindən həvalə edilmiş məsul vəzifəli şəxslərin iş otağında çexolda saxlanılır.
15. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq,
Azərbaycan Respublikasının Konstitusiyasında və Qanunun 9.2-ci maddəsində müəyyən edilmiş tələblərə
uyğun istehsal edilməlidir.
Dövlət bayrağı istənilən növ parçalardan, habelə bəzi hallarda kağızdan və digər elastik materiallardan
hazırlana bilər.
Parçanın bayraq dirəyinə bərkidilməsi nəzərdə tutulan tərəfinə digər materialdan hazırlanmış və
üzərində dəliklər olan texniki xətt birləşdirilə bilər. Texniki xəttin rəngi parçanın rəngi ilə eyni olmalıdır.
Dövlət bayrağının ölçüsü müəyyən edilmir, o yerindən və istifadə məqsədindən asılı olaraq müxtəlif
ölçülərdə ola bilər. Bayrağın eninin uzununa nisbəti 1:2-dir.
16. Azərbaycan Respublikası Dövlət bayrağının qorunması hər kəsin şərəfli vəzifəsidir.
Dövlət bayrağı barəsində təhqiredici hərəkətlərin qarşısının alınması və bu məqsədlə müvafiq
tədbirlərin görülməsi hər kəsin borcudur.