Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
10
aypara vardır. Bayır və içəridəki ayparalara buğda sünbüllərinin təsviri, çevrənin içinə və ortadakı ayparaya isə
biri-birinə keçmə üsulu ilə toxunmuş (reps toxunuşu) ərəb yazısı salınmışdır.
Moruğu zolağın alt hissəsində, yaşıl rəngli kiçik uzunsov dairənin -
medalyonun içərisində "Məhəmməd" sözü yazılmışdır. Bayraq qumaşının
yarıipək parçadan olan üçüncü şaquli zolağında qıraqları naxışlı on kartuş
yerləşdirilmişdir. Kartuşlar iki-iki olaraq kvadrat çərçivəyə alınmışlar. Onların
içində ərəbcə yazılar vardır. Kartuşlann arasında səkkizləçəkli xonçalar
salınmışdır. Ayparaların və kvadrat çərçivənin daxilində ərəbcə aşağıdakı
yazılar verilmişdir: "Allahdan başqa ilahi qüvvə yoxdur"; "Məhəmməd Allahın
elçisidir"; "Allahdan kömək və yaxın qələbə"; "Allah qoruyandır"; "Allah kömək göstərəndir;" "Ya Məhəmməd,
möminləri müjdələ".
Sağdan sonuncu, dördüncü şaquli zolaq moruğu rəngli xara parçadandır. Qumaşın bayraq ağacına
salınması üçün ona yaşılımtıl qalın bezdən torbacıq tikilmişdir. Bayrağın aşağıdan sol küncü və sağ kənarı xeyli
süzülmüşdür. Bayrağın üz və astar tərəflərində olan təsvirlər eynidir. Taxtadan olan bayraq ağacı (uzunluğu 286
sm, kəsikdə diametri 3,5 sm), görünür, vaxtilə ağ rəng ilə boyanmışdır. Boyaq əksər yerlərdə quruyub
tökülmüşdür. Ağacın üzərində çoxlu çatlar var. Dəmir ucluq (uzunluğu 52,3 sm, eni 16 sm) üç hissədən
ibarətdir. Konusvari borucuğun başına içi boş dəmir kürəcik taxılmış, üstünə süngüvari ucluq birləşdirilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyində 446 №-li inventar altında saxlanılan bayrağın qumaşı (ölçüləri
155x119 sm) qızılı-sarı rəngli dörd parça "düyürd" (sarja) ipəyindən dördkünc formada hazırlanmışdır (üç
parçası üstdə, bir parçası altda). Onun üst hissəsinə tən ortada qurama üsulu ilə qəhvəyi rəngli kətandan kəsilmiş
üç balıq tikilmişdir. Balıqlar başları yuxarıya yelpik şəklində təsvir
edilmişlər. Qafqaz Hərbi-Tarix Muzeyinin nəşr etdirdiyi bələdçi
kitabında bayraqda təsvir edilən bu balıqların hakimiyyət rəmzi olduğu
qeyd edilmişdir. (Путеводитель по Кавказскому Военно-
Историческому Музею. Тифлис, Типография штаба Кавказского
военного округа, 1913.)
Maraqlıdır ki, Azərbaycanda "bolluq, dövlət" mənasını özündə
cəmləşdirən balıq bəzi şərq ölkələrində "ayıqlıq" simvolu daşıyır.
Qumaşın üst və alt kənarları kəlağayı parçasına bənzər çəhrayı parça
zolaqları ilə haşiyələnmişdir. Bayrağın fondda saxlanılan elmi
pasportundakı foto-şəkildə bu haşiyələrdə artıq pozulmuş yazıların
izləri nəzərə çarpır. Bayrağın parçasını onun ağacına salmaq üçün
qumaşa sarımtıl-bozumtul rəngli pambıq parçadan köbə salınmışdır.
Bayrağın hər iki üzündəki təsvirləri eynidir. Parça bir çox yerdən
süzülüb korlanmışdır. Taxtadan düzəldilmiş bayraq ağacı (uzunluğu 232 sm, kəsikdə diametri 2,9 sm) vaxtilə
boya ilə rənglənmiş, lakin rəng çox yerlərdə qopmuşdur. Olduqca yüngül olan ağac zamanın təsirindən
əyilmişdir. Bayrağın gümüş ucluğu iki hissədən ibarətdir. Konusvari borucuğa ələm taxılmışdır. Başqa bu tipli
ələmlərdən fərqli olaraq daha böyük olan bu ələmin içərisi boşdur və əlcəyi xatırladır. Əlin üstü dama-dama
naxışlanmış, ovuc hissəsi isə insan dərisindəki cizgilərə bənzədilmişdir.
Hazırda Milli Azərbaycan Tarixi Muzeyində 471 №-li inventar altında saxlanılan bayrağın beşguşəli
qumaşı (ölçüləri 155 x 119 sm) doqquz şaquli zolağı və enli haşiyəsi olan naxışlı xara parçalardan
hazırlanmışdır.
Bayraq ağacının solundan başlayaraq birinci cərgədə moruğu yerlikdə qızılı - bej rəngli səkkizbucaqların
içində güləbətin tikməsi ilə ipək saplarla bir-birinin altında yerləşən moruğu konturlu səkkizləçəkli iri xonçalar
toxunmuşdur. İkinci cərgədə moruğu yerlikdə göy rəngli səkkizbucaqların üstünə bej rəngli xonçalar
salınmışdır; hər bir xonçanın ortası nisbətən iri, onu əhatə edən ləçəklər isə xırdadır. 3,4,5-ci cərgələr yanlarında
haşiyələri olan enli moruğu zolaqlardan ibarətdir; bunların üstündə qırıq və düz
xətlərdən əmələ gətirilən bej rəngli çərçivələrdə səkkiz rombvari ləçəyi olan
xonçalar toxunmuşdur. Bu xonçalar bej saplardan toxunmuş ürəkvari hörgü ilə
əhatə olunmuşdur. Enli yaşılımtıl-firuzəyi zolaqdan ibarət 6, 7, 8 -ci cərgələrdə
ornamentlə bəzədilmiş və zəncirdən asılmış çıraqlar təsvir edilmişdir; bunlar
qırıq-qırıq xətlərdən əmələ gətirilmiş çərçivələrdə yerləşən 16 ləçəkli bej rəngli
xonçalar salınmış moruğu zolaqlarla əhatə olunmuşdur.
Sonuncu, 9-cu zolaqda, moruğu yerlikdə bej saplarla üstündə güllər və nar
meyvəsi olan simmetrik budaqlı ağaclar toxunmuşdur; ağacın başında qoşa
quşlar təsvir olunmuşdur. Bayrağın parçasının dörd kənarına qalın moruğu parça
ilə köbə çevrilmişdir. Bayrağın enli haşiyəsinə ensiz sarı zolaqlardan naxış
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
11
salınmışdır. Qumaşın bayraq ağacına taxılması üçün tikilmiş torbacıq yaşılımtıl rəngdədir. Bayrağın parçası çox
yerdə süzülmüşdür. Zamanın təsirindən bayraq ağacı (uzunluğu 275 sm, kəsikdə diametri 9,5 sm) əyilmiş, bəzi
yerlərdə çatlar yaranmışdır. Bayrağın dəmir ucluğu (uzunluğu 40,5 sm) iki hissədən ibarətdir. Lüləşəkilli konusa
dördüzlü süngü taxılmışdır. Lülə hissədə ucluğun mıxla ağaca bərkidilməsi üçün iki dəlik açılmış, süngü
əyilmişdir.
Bayraq ağacına konusvarı dəmir alt ucluğu (uzunluğu 21 sm) taxılmışdır.