Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
7
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi,
orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı
rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına
mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli
ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Dövlət bayrağının istifadəsi 8 iyun 2004-cü il tarixli “Azərbaycan Respublikası Dövlət bayrağının
istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə,
2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır.
Noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi
qeyd olunur.
2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı
Meydanının təntənəli açılış mərasimi olmuşdur. İnşa
olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2,
bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun
ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70
metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən
350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il
mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada
ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. Ümumi
ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min
kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl
suyuna salınmış bürüncdən hazırlanmışdır. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini
daha da artırmış, onun görünüşünə əlavə çalarlar qatmışdır. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı
Meydanının təntənəli açılış mərasimi olmuşdur. Meydanda həmçinin Dövlət Bayrağı Muzeyi də yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
8
Bayraqların tarixi
Xanlıqlar dövrü
Milli Elmlər Akademiyası Azərbaycan Tarixi Muzeyində Azərbaycan xanlıqlarının bayraqlarından ibarət
çox unikal kolleksiya saxlanılır. 1924-cü ildə Tiflisdə yerləşən Qafqaz Hərbi Tarix Muzeyindən təhvil alınmış
bu kolleksiyaya Gəncə, Bakı, Şəki və İrəvan xanlıqlarının bayraqları və eləcə də mənsubluğu Cənubi
Azərbaycan xanlıqlarına ehtimal olunan daha iki bayraq daxildir.
Bu bayraqlar XVI-XVIII əsrlərə aid edilən gözəl şərq parçalarından tikilmiş, müxtəlif ornament və
yazılarla bəzədilmişdir; üçkünc, dördkünc, beşkünc və düzbucaqlı formalardadır. Üstlərindəki ornamentlər
qurama yaxud tikmə üsulu ilə salınmış, təbii boyalarla çəkilmişdir. Bayraqlara müxtəlif rəngli ipək, eləcə də
qızılı və gümüşü saplardan zər saçaqlar salınmışdır.
Bayraq ağacları silindrik formada yüngül ağac gövdələrindən düzəldilmiş, boyanmış, onların başlarına
fiqurlu metal ucluqlar taxılmış, qızılı, gümüşü və başqa rəngli ipək saplardan toxunmuş qotazlar bağlanmışdır.
Qafqaz Hərbi Tarix Muzeyinin bələdçi kitabında verilmiş məlumatdan göründüyü kimi, 1924-cü ildə
Azərbaycan Dövlət Muzeyinə təqdim edilən bayraqlar heç də Azərbaycana aid orada saxlanılan bütün bayraq və
başqa eksponatları (o cümlədən medal, şəkil, sənəd və s.) əhatə etmir. Belə ki, bu kolleksiyada Gəncənin 3
yanvar 1804-cü ildə general-mayor knyaz P.Sisianovun başçılığı ilə baş verən işğalı zamanı qənimət kimi əldə
edilən və Qafqaz Hərbi Tarix Muzeyində saxlanılan səkkiz bayraq və bir tuğdan (ştandartdan) dördü, 23 oktyabr
1806-cı ildə general-mayor Nebolsinin başçılıq etdiyi dəstənin Şəkiyə (Nuxaya) hücumu zamanı ələ keçirilmiş
altı bayraqdan üçü, Lənkəranın (31 dekabr 1812), Təbrizin (13 oktyabr 1827) bayraqları, Abbasabad qalasının
(7 iyul 1827) general feldmarşal qraf İ.Paskeviçin başçılıq etdiyi qoşun tərəfindən ələ keçirilməsi zamanı
alınmış iki bayraq və başqa hərbi qənimətlər yoxdur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
————————————————————————————————————————————————————————————————————
9
Gəncə xanlığının bayraqları
1804-cü il yanvarın 3-də general P.Sisianovun başçılıq etdiyi rus qoşunları Azərbaycanın işğal
edilməsində imperiya üçün mühüm əhəmiyyət daşıyan Gəncə qalasına hücum etdilər. Qalanın müdafiəçiləri
inadlı müqavimət göstərdilər. Gəncə xanı Cavad xan Ziyadoğlu və oğlu Hüseynqulu ağa qəhrəmancasına həlak
oldular. Gəncə xanlığı ləğv edildi. Onun ləğvi Azərbaycan xanlıqlarının istilasının sürətlənməsində mühüm rol
oynadı, onların müstəqilliyinin sonunun başlanğıcı oldu.
Qələbə xəbərini Rusiya imperatoru I Aleksandra müjdə aparan P.Sisianov çoxlu qənimətlə yanaşı Gəncə
xanına məxsus bir ştandartın (üzərində balıq təsvirləri olan bayrağın) və səkkiz bayrağın ələ keçirildiyini də
bildirmişdi.(Бабаев Эльгюн. Из истории Гянджинского ханства. Баку, 2003, s.7) Gəncə şəhərinin işğalına
xüsusi əhəmiyyət verən Rusiya imperatoru o vaxtdan bəri Yelizavetpol adlandırılan Gəncənin yaxınlığında 22 il
sonra, 13 sentyabr 1826-cı ildə baş vermiş döyüşə həsr edilən xüsusi xatirə medalı da buraxdırmışdı.
Hazırda Milli Azərbaycan Tarixi Muzeyində 446
№-li inventar altında saxlanılan bayrağın dördkünc
qumaşı (uzunluğu 127 sm, eni 174 sm) məxsusi
toxunmuş və əl ilə bir-birinə tikilmiş moruğu və yaşıl
rəngli xara parçalarından hazırlanmışdır. Yuxarı
hissənin sol tərəfində üç qızılı rəngli gül dəstəsi, al
qırmızı rəngli bir uzunsov dairə, sağ hissəsində isə
qızılı rəngli iki uzunsov dairə yerləşdirilmişdir. Qızılı
zanbaq gülləri ilə əhatələnən qırmızı dairənin içində
ərəb əlifbası ilə zərlə yazılmış "Allah" sözü vardır.
Bayrağın bu hissəsi çox zədələndiyindən bərpa zamanı
ona yaşıl reps parça tikilmiş, lakin həmin parçanın
üzərində olan naxış bayrağın ümumi görünüşünü
korlamışdır. Bayrağın yuxarı hissəsinin sağ tərəfinə qızılı saplarla tikilən təbii naxışlar (dairə içərisində)
solduğundan çətinliklə seçilir. Bayrağın alt hissəsinin sol tərəfinə qızılı dördkünc çərçivə salınmışdır.
Çərçivənin sol tərəfi gümbəzlə tamamlanır. Təbii elementlərdən olan gümbəzlər qırmızı rəngli ay-ulduzla
(ulduz-şərti formada) bitir. Ortadan iki hissəyə bölünmüş çərçivədə ərəbcə aşağıdakılar yazılmışdır: "Allah
döyüş zamanı döyüşənləri evdə oturanlardan üstün tutur. Allah onlara fərq qoymadan, hamısının Allaha
yaxınlaşmasından ötrü dərəcələr bəxş edər və onların günahlarını bağışlayar. Allah mərhəmətlidir,
bağışlayandır". Bayrağın alt hissəsinin sağ tərəfində,
halqanın içində, artıq solmuş saplarla təbii elementlərdən
naxışlar salınmışdır. Bayrağın ortasında, yuxarıdan
aşağıya, onu sağ və sol hissələrə ayıran moruq rəngli
parça tikilmişdir. Parçanın haşiyəsinə sarı saplarla
tikilmiş pilləvari piramidaların, onların arasına isə nar
güllərinin təsviri salınmışdır. Mərkəz hissə ara xətləri ilə
on qata bölünmüş və bu qatlarda qızılı saplarla ərəbcə
aşağıdakı yazı beş dəfə təkrarlanmışdır: "Allahdan başqa
ilahi qüvvə yoxdur, Məhəmməd Allahın elçisidir".
Bayraq qumaşının ağaca taxılması üçün nəzərdə
tutulan torbacıq qəhvəyi rəngli mahud parçadandır.
Bayrağın üzərində olan yazı və naxışlar parçanın üz və astar tərəflərində eynidir. Bayrağın ağacı uzunluğu 256
sm, kəsikdə diametri 4 sm olan taxtadan düzəldilmiş və qırmızı rəngə boyanmışdır. Üzərində mismar yerləri
görünür. Alt ucluq üçün yer nəzərdə tutulmuşdur. Bayrağın ucluğu (uzunluğu 57 sm) tökmə üsulu ilə poladdan
düzəldilmiş, boru hissəsi sağdan sola gedən yivlərlə bəzədilmişdir. Boru hissə (uzunluğu 18 sm) ağzından alov
püskürən qurd (canavar) başı ilə tamamlanmışdır. Alov dilləri birləşərək süngü formasını (uzunluğu 39 sm) alır.
Bayraq ağacının yuxarı hissəsinə mahud iplərdən hörülmüş uzun saçaqlı qotaz salınmışdır. Uzun ip vasitəsilə
asılan qotazın yumrusu 9 sm ölçüdədir. İp qırmızı-ağ saplardan, saçaq isə qızılı qəhvəyi - bej rəngli saplardan
toxunmuşdur.
Milli Azərbaycan Tarixi Muzeyində 446 №-li inventar altında saxlanılan Bayrağın dördkünc qumaşı
(ölçüləri 132 x 147 sm) biri digərini əvəz edən iki yaşıl və iki moruğu rəngli xara parça zolaqlarından
hazırlanmışdır. Bayraq ağacına yaxın olan şaquli yaşıl zolaq üzərində qızılı-qəhvəyi və yaşıl zanbaqlar, üçləçək
və səkkizləçək güllər toxunmuşdur. Moruğu parçadan olan sonrakı enli zolağın yuxarı hissəsində yaşıl ipəkdən
uzunsov çevrə-medalyon tikilmişdir. Çevrənin içində ucları birləşdirilməklə ortasında dairə əmələ gəlmiş üç