Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz türkləRİNİn məNƏVİ MƏDƏNİYYƏt leksikasi



Yüklə 311,65 Kb.
səhifə13/40
tarix08.06.2023
ölçüsü311,65 Kb.
#116136
1   ...   9   10   11   12   13   14   15   16   ...   40
oğuz qrupu türk dillərində maddi mədəniyyət leksikası

1.4. İslam dini ilə bağlı leksemlər


Türklərin İslam dinini qəbul etmələri türk və dünya tarixinin ən mühüm hadisələrindən biri olmuşdur. Çünki türklər İslam ölkələri içərisində qısa zamanda dövlətlərini quraraq İslam dininin ən böyük qoruyucuları və bu mədəniyyətin ən irəlidə gedən təmsilçilərinə çevrilmişdilər. Türklərin İslam dini ilə tanışlığı xəlifə Ömərin zamanında- İslam ordusunun İranı tutub Xorasana hücum etdiyi vaxta təsadüf edir. Ərəb xilafətində hakimiyyətə gələn Əməvilər sülaləsinin digər xalqlara qarşı yönəltdikləri antihumanist siyasət nəticəsində türklər bir müddət islamdan kənar qalmış, hətta onlara qarşı mübarizə aparmışlar. Xilafətdə Abbasilər sülaləsi hakimiyyətə gəldikdən sonra isə İslam dini türklər arasında sürətlə yayılmağa başlayır, türklər, demək olar ki, dövlət işlərində bəzi vəzifələr də yerinə yetirirdilər. Yalnız Azərbaycan türklərinin deyil, ümumən türklərin İslam dinini həmin dinin meydana gəldiyi ilk zamanlardan (həzrəti Peyğəmbərin sağlığından) başlayaraq qəbul etməsini müxtəlif mənbələr təsdiq edir. “İslamın qılıncı”, yaxud daha geniş yayıldığı kimi, “qılınc müsəlmanı” adlanan türklər İslamı sadəcə qəbul etməklə kifayətlənməmiş, eyni zamanda ilk çağlardan etibarən onun yayılmasına çalışmışlar”[18, s.177].
İslam dinini qəbul etdikdən sonra türk xalqlarının lüğət tərkibinə dinin dili olan ərəb dilindən xeyli leksik vahidlərin keçdiyini həmin dövrü ehtiva edən yazılı abidələrdəgörmək mümkündür. “Qurani-Kərim” vəhədislərdən bəhrələnən islamlaşmanın ilk əsərlərindən hesab olunan “Qutadqu Bilig”də (XI əsr) türkləşdirilmiş dini terminlərə geniş şəkildə rast gəlinir. Y.Balasaqunlu əsərinin əvvəlini ənənəvi başlıqla başladığı üçün ilk hissədə-minacatda xeyli dini ifadələr işlətmişdir. Əsər Tanrının adı ilə başlayır. Əsərin ilk 33 beytini təşkil edən minacatda Allahın müxtəlif adının türkcə qarşılığı verilir və həmin sözlərin mənası ilə müəyyən sintaktik fiqurların yaradıldığı müşahidə olunur. “Tenri azze ve celle ögdisin ayur” başlıqlı bölümdə Tanrının birliyi, böyüklüyü dilə gətirilir; onun güc və qudrətindən, yaradılmışların isə zəifliyindən və möhtaclığından bəhs edilir. Bu bölmədə Y.Balasaqunlu “Tanrı” mənasında “bayat, törütgen, igidgen, keçürgen, idi, ugan, bir” kimi ifadələr işlətmişdir: “bayat atı birle sözüg başladım/ törütgen igidgen keçürgen idim (əzəli olan Tanrı (nın) adı ilə sözə başladım/ törətən/ yaradan, bəsləyən, bağışlayan Rəbbim); Üküş ögdi birlə tümen min sena/Ugan bir bayatka anar yok fena (çox həmd və minlərcə səna/ qadir (və) bir(olan) Tanrıya yox ona fəna) [12, s.5] və s.
Əsərin dilində işlənən “bayat” sözünün ərəbcə qarşılığı “qədir, əzəli varlığının başlanğıcı olmayan”dır [53, c.1, s.375]. Bu sözə “DLT” əsərində də rast gəlinir. M.Kaşğari həmin sözün “ulu tanrının adı-Allah”olduğunu qeyd edir [48, c.2, s.168]. Leksemin ilk hissəsi olan “ba” fonemi “DTS”də “bağlamaq”, “sarımaq”, “bir-birinə bağlamaq”, “hörmək”, “toxumaq”[232, s.76], “DLT”də “bağlamaq”, “hörmək” [49, c.3, s.232] mənalarında işləndiyi göstərilmişdir: “Kuzğunuğ ığaça bamış, katığtı ba, edgütü ba” [102,Irk bitig. 19]. “Bay” leksemi isə həm DLT də [47, c.1, s.357], həm də “EUTS” da [199, s.36] “zəngin”, “varlıqlı”(“...çığay bodunığ bay kıltım...” [KT.cən.10], “EDPT” də “varlı” və “ər, kişi” [279, s.384], Radlovun lüğətində isə “sehr”, “cadu” [257, s.104] anlamlarını ifadə edir. “Bay” leksemi Azərbaycan dilinin bəzi şivələrində “xoşbəxt” (bay olmax-xoşbəxt olmaq): “Səni görüm balaların bay olsun”(Qazax), bəzilərində isə “ərköyün” mənasında işlənir: “Kərim oğlunu çox bay böyüdür” (Gəncə) [5, s.44]. Bizim fikrimizcə, qədim türklərin “yaradan” mənasında işlətdikləri “Bayat” lekseminin kökündə qədim türkcədə geniş şəkildə işlənən və “qədim”, “əzəli” [279, s.385], “əvvəl”, “öncə” [47, s.112] mənalarını ifadə edən “baya” morfemi dayanır.
Əsərin dilində işlənən “törütgen” ifadəsinin ərəbcə qarşılığı“xaliq”olub “yaradan, yox yerdən var edən” [53, s.261]; “igidgen” sözü isə “Rəzzaq”, yəni “ruzi verən, Allah” [32, s.240]; “keçürgen”-“Gafur, Gaffar” “çox bağışlayan, günahlardan keçən, Allah” [53, s.376]; “idi” “Rəbb”, yəni “tərbiyə edib yetişdirən, ağa, sahib, ilah” [32, s.228] mənalarını ifadə edir.
XIII-XIV əsr ilk anadilli oğuz abidələrindən olan və mövzusunu Quran motivlərindən alan M. Zəririnin “Yusif və Züleyxa” poemasında da həq, həq-təala, tənri, Rəbbül-cəlil, xudavəndi-cəhan, çələb kimi ifadələrin geniş şəkildə işləndiyini görmək olur: “Həqdən ana gəldi dövlət izzü cah”; “Həq-təala əmr qıldıvü şühud”; “Tənri bana ruzi qıldı bərcəmal”; “Anı sızə vermədi Rəbbül-cəlil”[10, s.7-10]; “Eylə buyurdu xudavəndi-cəhan”[10, s.15]; “Ayıtdı, ey qurd, bir çələb, tənri həqqi” [10, s.18] və s.
XIII-XVI əsrlərin böyük türk şairləri Yunus Əmrə, İ.Nəsimi, Ş.İ.Xətayi, F.Məhtimqulu yaradıcılığında, folklor nümunələrində, o cümlədən XX əsr şairlərinin dilindədə dini leksik paralellərin olduğunu görürük: Tanrı-Yaradan mənasında:“Aşiqmi derim bən ana Tənqrinün uçmağın sevə?!”; “Aşiq olan miskin olur, Həqq yolına təslim olur”[31, s.15]; “Keçə dövrani-ruzigar, eylə yazmış Cəllə-cəlal”[31, s.65]; “Ya, Rab, kerem etsen bize bi jamyn” [282, s.54], “Haky yada salsan, Hakdan görkyna” [282, s.50], “Tanry söyen bende bet doğa kylsa”, “Hökm eyledi ol Huday” [80, s.42; s.56],“Haqdan bağlanan dilim, Ərzə yazan olubdur”, “İnayetiyle Huda kaldırınca her birini, Semaya doğru o dağlar da açtıellerini” [141, s.14; s.57] və s.
Dini terminlərdən olan “mövla” ərəb dilindən keçib və “sahib, yiyə”, “cənab, ağa”, “köləlikdən azad olmuş qul”, “hami, havadar”, “bir işə qarışmağa haqqı olan adam” [32, s.86] mənalarını ifadə edir. Bu lekisk vahid yazılı abidələrin dilində XIV əsrə qədər “sahib, ağa”, XIV əsrdən başlayaraq “yaradan” mənasında işlənmişdir: “Mövlana Xudavəndgar bizə nəzər qılalı” [31, s.162], “Dilərəm mövladan yenməz vuranlar” [31,s.25], “Mövlam məhəbbətin kəsməz sağ ərdən” [4, s.18] və s.
Orta dövr oğuz qrupu türk dillərinin yazılı abidələrinin dilində “yaradan” mənasını ifadə edən bu sözlərlə yanaşı bir sıra İslam dini ilə bağlı ifadələrə də rast gəlinir: peyğəmbər/rəsul// nəbi, tənri dərgahı, tənri yolu, axirət yolu, tövbə,Cəbrail, imam, əhli din, tamu//cəhənnəm, uçmaq//cənnət//behişt, namaz, Münkər, Nəkir və s: “Tanrı dərgahinə zari eylədi” [10, s.29]; “Gəldi Cəbrayıl, gətirdi bir xəbər, Qissei-Yusif rəsulə mötəbər” [10, s.11]; “El namazuma dərilür”, “Yedi tamu, səkiz uçmaq” [31, s.76], “Biri sankim behişt içində huri” [10,s.86], “Gəldi Münkər ilə Nəkir, hər birisi sordı bir dil” [31, s.76], “Axirət darından istə hər nə məqsudun ki, var” [10, s.164] və s.
Türk dillərinin lüğət tərkibində intensiv işlənmə tezliyinə malik olan, fars dilindən keçmiş“peyğəmbər” leksemi əksər türk dillərində eyni fonetik tərkibdə işlənmişdir. Əbu Həyyan lüğətində “baygənbər” [41, s.28], tat. başq. dillərində“pəyqambər”, “piqambər” formasında “elçi” [222, s.41], çuvaş dilində “piampar//pixampar// pihamper” şəklində “tanrı”, “qurdların, ayıların və digər vəhşi heyvanların hakimi” [189, s.107], Osmanlıcada “peyamber//peygamber” fonetik tərkibində “elçi”, “xəbərçi” [168, s.366] mənalarında işlənilmişdir. C.Heyət “peyğam” morfeminin “xəbər”, “sifariş” mənalarını ifadə etdiyini göstərmişdir [40, s.170]. “Fikrimizcə, bu sintaktik yolla yaranmış leksik vahiddir və “peyğam+ber//bər” morfemlərindən yaranmışdır. Leksemin kök morfemi “peyğam//pəyam” “xəbər”, “sifariş” ismi, II komponenti isə fars dilində işlənən “ber/bər” feili olmuşdur” [71, s.181]. “Pəyambər” sözü fars dilində “Allahın göstərişlərini adamlara çatdıran və onlara rəhbərlik edən şəxs; rəsul//peyğəmbər” mənasını ifadə edir. “Ümmətin şadi, yerin peyğəmbəri” [10, s.101]. “Ətibətül-həqayiq” əsərində bu leksik vahidə rast gəlmədik. Abidənin dilində bu anlamı ifadə etmək üçün ərəb mənşəli “həbib” və “nəbi” sözlərindən istifadə olunmuşdur: “eşit imdi kaç söz habib fazlından” [110, s.21].
“Peyğəmbər” leksemi eyni fonetik tərkibdə Azərbaycan dilinin bəzi dialektlərində “qarğıdalı” (Quba, Laçın), bəzi dialektlərində isə “bazar ertəsi” (Göyçay) mənasını ifadə edir: “Qaraqışlax kəndində qardalıya peyğəmbər deyillər” [5, s.396]. Araşdırma zamanı bu dilin dialekt və şivələrində “peyğəmbər” ifadəsinin həm mürəkkəb söz, həm də söz birləşmələri tərkibində işləndiyinin şahidi olduq: “Peyğəmbərbuğda// peyğambığda”(Şirvan); “Peyğəmbər armud”- armudun bir növü (Quba); “Peyğəmbər qurşağı”- göy qurşağı (Şəki, Zaqatala); “Peyğəmbər şamama”- şamamanın bir növü (Zaqatala); “Peyğəmbəri toy”- çalğısız toy (Ağcabədi) və s. [5, s.396].
İslam dini ilə bağlı fars dilindən türk dillərinə keçən “namaz” sözü eyni fonetik tərkibdə, demək olar ki, əksər müasir türk dillərində işlənir: “Qılalu qaşları mehrabına dil pənc namaz” [31, s.48]. “DLT”də“namaz” anlamında “yükünç” lekseminin işləndiyini görürük: “Ol yükünç etti”(O namaz qıldı) [47, s.222]. Abidənin dilində işlənən “yükün” ifadəsi “səcdə”, “ibadət etmək”, “namaz qılmaq”, “böyük adam qarşısında əyilmək” mənalarını ifadə etmişdir [49, s.77]. Əbu Həyyan lüğətində “yükündü” leksemi “diz çökərək xidmət etdi”, “diz çökdü” anlamlarında işlənmişdir [41, s.54]. “Ətübətül-həqaiq” əsərində də, Q. Bürhanəddinin yaradıcılığında da “yükn”(mək) feilinin “əyilmək” anlamında işləndiyini görmək olur: “turup tilke yüknüp tazarru kılur”(qalxıb əyilərək dilə yalvarır) [55, s.148], “Yükündüm dedi, hazır qıl ğərimün” [55, s.31]. XI əsr abidəsi hesab olunan “KDQ”də və Ə.Yəsəvinin “Divani-Hikmət” əsərində “yükünç” terminindən deyil, “namaz” leksemindən istifadə olunduğunun şahidi olduq: “keçe namaz, gündüzleri saim boldum” [100, s.14]. “Namaz” sözü həm qədim oğuz abidəsi olan “KDQ”də, həm şifahi xalq ədəbiyyatı materiallarında, həm də müasir türk dillərində eyni fonetik tərkibdə geniş şəkildə işlənir: “Ağ alnını yirə kodı, iki rekat namaz kıldı” [136, s.76], “Namaz biter, o zaman kalkarak o pir-i güzin” [31, s.56] və s.
Türk dillərində geniş şəkildə işlənən dini terminlərdən biri də “cənnət” ifadəsidir. Qədim türkcədə bu mənanı ifadə etmək üçün “uçmaq” leksemindən istifadə olunurdu. Bizim fikrimizcə, bu leksik vahidin daşıdığı semantika məhz qədim türk insanının düşüncəsi ilə birbaşa bağlı idi. Belə ki, qədim türklər ölən insanın ruhunun (böcək və ya quş formasında) uçaraq bədəni tərk etməsinə inanır və ruhun getdiyi yeri də “üçmak” adlandırırdılar: “Uçmağına qoy bunları, binsünlər Buraq, Çələbüm” [31, s.78]. “” morfemi “EDPT” də “əza, bədən”, “son, axır”, “əcəl”, “sərhəd” [279, s.17], “DLT” də “bir nəsnənin bitməsi, tükənməsi” (Oğuzca), “son”,“kənar” [47, s.118] mənalarını ifadə edir. A.V.Dıbo bu ifadənin soqd dilində işlənən “wstmx//ustmax” feilinin fonetik cəhətdən dəyişilmiş forması olduğunu və “” (uçmaq) kökündən yarandığını qeyd edir [281, s.788]. Fikrimizcə, “uçmaq” sözünün kökü məhz M.Kaşğarinin dediyi kimi “son”, “axır” mənasını ifadə edir ki, bu da yaradılmışın-insanın ömrünün sona çatdığını göstərirdi. “Uçmaq” leksemi Azərbaycan dilinin Yardımlı şivəsində “uçmağ” şəklində “yıxılmaq” (“Kişi ağacdan uçub əzilib”); Zaqatala şivəsində isə “düşmək” (ağacdan) mənalarında işlənir. Azərbaycan dilinin Şamaxı şivəsindəbu leksik vahid “uçmağ” qədim türkcədə olduğu kimi “cənnət” mənasını ifadə edir [5, s.515]. Türkmən dilində “uçma” (uçmaa) şəklində işlənir və “ölən adamın ruhunun eyş-işrətli dövran sürdüyü yer, cənnət”, “səfalı yer”, “eyş-işrətli yer” anlamı ifadə edir: “Uçmaa ulı ülkemize gızığıp” [97, s.1237]. Qədim oğuz abidəsi “KDQ” dastanında “uçmaq” leksemi fars dilindən alınma “behişt” sözü ilə paralel şəkildə işlənmişdir: “...ağ pürçekli anan yiri behişt olsun, ağ sakkalu baban yiri uçmağ olsun...” [136, s.14]. “Divani-hikmət” əsərində isə bu mənanı ifadə etmək üçün daha çox ərəb mənşəli “firdovs//firdevs” və “cənnət” paralelliyindən isitfadə olunmuşdur: “Firdevs atlığ cennetidin mazhar kelti”[100,s.7]. Türk dillərinin ortaq yazılı abidələrinin dilində bu mənanı ifadə etmək üçün türk mənşəli“uçmaq” sözü ərəb mənşəli “rizvan” leksemi ilə paralel şəkildə, bəzən isə yalnız “behişt” ifadəsindən istifadə olunmuşdur: “Uçmaq ilə rizvan mənəm, damu ilə nizam mənəm”[78, s.163]; “Biri sankim behişt içində huri”[10, s.86], “Behiştdən barat gəlib, geydirib qılman gözələ” [4, s.169].
Geniş işlənmə tezliyinə malik olan dini leksik vahidlərdən biri də “cəhənnəm” ifadəsidir. Bu ifadə türk dillərində İslam dinini qəbul etdikdən sonra işlənməyə başladı. Qədim türkcədə isə bu mənanı ifadə etmək üçün “tamu//tamuğ” vahidindən istifadə olunmuşdur [237, s.531]. Azərbaycan dilinin bəzi şivələrində “dami” variantı işlənir. “ “Dam” (Mar) şəkillərində eyni mənada işlənir. “Damı” sözü Şuşa şivəsində “əzab” mənasını bildirir: “Ora dam kimi isdi olur” [35, s.252]. M.Kaşğarinin lüğətində “tamu” ifadəsinin qədim türklərdə omonim səciyyəli ifadə olduğu görünür. Belə ki, “tamu” həm “cəhənnəm” [49, s.219], həm də “cümlənin mənasını vurğulamaq üçün işlənən ədat” [47, s.416] mənalarını ifadə edir. Müasir türk dillərində “cəhənnəm” mənasını ifadə etmək üçün bir sıra ifadələr işlənir. Azərb:. “cəhənnəm”, türk:. “cehennem”; türkm:. “cӓhennem”, “dovzah”; qazax:. “jahannam”, “tamuk”, “tozak”; başqırt:. “yӓhӓnnӓm”; qırğ:. “tozok”; özbək:. “cӓhӓnnӓm”; uyğ:. “cӓhӓnnӓm”, “dozah” [170, s.96] və s.
Türk dillərinin oğuz qrupuna daxil olan qaqauz türkləri xristian olsa da, dilin lüğət tərkibində xeyli sayda ərəb dilindən keçmə dini terminologiyaya rast gəlinir: “Allah”, “Allah-boba” (Allah ata), “Koca Allah” (Böyük Allah), “Allahın oolu İisus Ristos”, “Allahın soolu” (müqəddəs ruh), “can” (ruh), “cendem” (cəhənnəm), “cennet”, “şeytan”, “günah”, “dua//duva”, “oruç” və s. [263, s.5].
İslam dininin türk xalqları, əsasən də, oğuz türkləri arasında geniş yayılmasına baxmayaraq türklər hər zaman qədimdən gələn bir sıra adət-ənənələrini, milli özəlliyini, əfsanələrini, folklorunu qoruyub saxlaya bilmiş, bəzi adət-ənənələr isə ya İslami bir libasa bürünmüş, ya da unudulmuşdur.



Yüklə 311,65 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə