Azərbaycan rеspublikasi təHSİl naziRLİYİ



Yüklə 0,84 Mb.
səhifə3/8
tarix30.12.2017
ölçüsü0,84 Mb.
#18403
1   2   3   4   5   6   7   8

Dialektizmlər

Ədəbi dilin lüğət tərkibinin zənginləşməsi mənbə­lə­rin­dən biri də dialekt leksikasıdır. «Dialektlər ədəbi dilin maddi əsa­sıdır,onun qida mənbəyidir, dil sistemi həlqə­sin­dən kə­nar­­­­­­da deyildir» [45,187]. «Dialektlər xalqın təbii danışıq dili, bir növ dilin etnoqrafiyasıdır. Biz dialektləri öy­rən­dikcə xalqı və onun tarixini öyrənmiş oluruq» [29,116].

Dialekt sözləri ədəbi dil normalarına tabe olmayan, mü­əy­yən ərazidə yaşayan əhalinin yerli danışıq dilində istifadə et­dik­ləri leksik vahidlərdir.Bu vahidlərin mövcud olması dia­lekt və ədəbi dildə olan sözlər arasındakı sərhədin tam sa­bit­ləş­mə­di­yini göstərir. V.V.Vinoqradov ədəbi dillə dialektlərin qar­şı­lıq­lı əlaqəsindən bəhs edərək yazır: «Bizdə hələ şivə söz­ləri ilə ədə­bi dil sözlərinin sərhəddi az öyrənilmişdir.Ümum­xalq, can­­lı danışıq dili sözlərinin ədəbi dilə keçməsi yolları hə­lə­lik mü­əy­yənləşdirilməmişdir» [93, 214]. T.C.Koqotovka da təxminən eyni fikri təsdiqləyərək yazır:»Canlı danışıq dili və dialekt söz­lərinin işlənmə sərhədləri hələ kifayət qədər öy­rə­nil­mə­mişdir» [106,224]. Lakin buna baxmayaraq, milli ədəbi di­lin for­ma­laş­ma­sı üçün bəzi sözlər dialektdən ədəbi dilə, bə­zi­lə­ri isə əksinə, ədə­bi dildən dialektlərə keçir. Müşahidələr gös­tə­rir ki, müasir dövrdə də ədəbi dilə – bədii dilə müxtəlif üslubi funk­­siyalarla dialekt sözləri gəlir. «Ədəbi dillə dialektlərin da­im yanaşı möv­cud­luğu onların lüğət tərkibinin qarşılıqlı şə­kil­də zən­gin­ləş­mə­si­ni təmin edir» [106,124]. Beləliklə də, «bir tə­rəf­dən, ədəbi dil şivələrdə işlənən lazımlı,həyati əhəmiyyəti olan sözləri seçib öz lüğət tərkibinə daxil edir və onu zən­gin­ləş­dirir. Digər tərəfdən ədə­bi dil normaları yerli şivələrə daxil olur və onları sıxışdırır. Bu­nun nəticəsində şivələrin tədricən aradan çıxması və ədəbi dilin ümumiləşməsi prosesi baş verir» [ 23, 78-79].

Dialektizmlərin ədəbi dilin inkişaf edib zəngin­ləş­mə­sin­­­dən bəhs edərkən, ilk növbədə, bu leksik vahidlərin ədəbi di­­lin bədii üslubu üçün daha çox səciyyəvi olmasını qeyd et­mək lazımdır. «Dialekt leksikası elə bir daimi bazadır ki, on­dan birinci növbədə ədəbi dilin bədii üslubu bəhrələnir» [71,216]. Çünki dialekt sözləri ədəbi dilə ən çox bədii əsər­lər vasitəsilə keçir. «Dialektizmlərin ədəbi dilin lüğət tərkibinə da­xil olması üçün bədii ədəbiyyat keçid rolu oynayır. Belə ki, leksik-semantik cəhətdən ədəbi dildə işlə­dilmə lüzumuna ma­lik olan dialektizmlər yazıçılar tərə­findən bədii ədə­biy­ya­ta gətirilir; bunlardan ümumxalq sə­ciy­­yəsi qazananlar ədəbi di­lin lüğət fonduna keçərək onu zənginləşdirir» [45, 187]. Ədə­­­­­­­­­­­­bi dilin başqa üslublarından fərqli olaraq bədii dildə üs­lubi çərçivə olmadığı üçün yazıçılar əsərlərində dialekt söz­lə­rini işlədirlər.Bu da bədii üslubun dialektizmlərin ədəbi di­­lə keçməsində vasitəçi olduğunu göstərir. Lakin bu o de­mək de­yildir ki, bədii dildə işlənən dialektizmlərin hamısı ədə­bi dilə keçir. Bu sözlər dialekt leksikasını təmsil etsələr də, on­la­rı konkret olaraq müəyyən bir dialekt qrupuna aid et­­mək, can­lı danışıq dili sözlərindən fərqləndirmək çətin olur.»Dia­­­­­­lektizmlərin an­caq müəyyən bir qismi ədəbi dildə iş­lənmək hüququ qazanır. Bu mənzərə yazıçı dilinin fərdi ne­o­­lo­gizm­lə­rinin ədəbi dilə münasibətindəki kimidir. Belə hal dialekt söz­lərinin ümum­xalq koloriti qazanmağının, giz­li üslubi im­kan­larının üzə çıxarılmasının qanunauyğun nə­ti­cə­si kimi mey­­dana çıxır» [71, 216-217].

«Ədəbi dil lüğətinin dialektlər hesabına inkişafında və zən­ginləşməsində, əsas etibarilə bu və ya digər dialektin əhatə et­­diyi məhəldən yetişmiş şair və yazıçılar böyük rol oyna­mış­lar» [ 22, 9].

«Dialekt və şivə sözləri ən çox bədii dildə geniş meydan ta­pır və burada da üslubi effekt qazanır, obrazların nitqinin fər­di­­ləşdirilməsində, xarakterlərin yaradılmasında, yerli kolo­ritin ve­­rilməsində üslubi vasitələrdən birinə çevrilir» [67,82]. Bədii di­lin nəzm qoluna nisbətən nəsrdə dialekt sözləri daha çox iş­lə­nir. Çünki şair hər hansı obrazı, hadisəni, təbiəti təsvir və tə­rən­nüm edər­kən öz fərdi dili ilə danışırsa,yazıçı əsərdəki surətlərlə da­nış­maqla yanaşı, eyni zamanda daha çox personajların bir-bi­ri ilə danışığına, dialoqlarına üstünlük verir. Bu zaman su­rət­lə­rin di­lin­də dialekt sözlərinin işlənməsi üçün real şərait yaranır. Bu haq­da Ə.Dəmirçizadə yazır: «Bədii əsərdə bu və ya digər su­­­­rə­tin, yaxud surətlər kompleksinin müəyyən yerli-məhəlli şəraitlə üz­vi bağlılığını bildirmək belə məhəlli çalarlıqla onları can­lan­dır­maq zərurəti olduqda, tipik şivə sözlərinin işlədilməsi məq­sə­də­uyğun sayılır və ümumiyyətlə, bədii əsərin dilini məzəli, duzlu edir» [25, 89].

S.Ə.Cəfərov da Ə.M.Dəmirçizadənin fikri ilə razı­la­şa­raq yazır: «...hər hansı bir rayonun və ya yaşayış mən­tə­qə­si­nin həyatını daha real və qabarıq şəkildə vermək, əsərdə ayrı-ay­­­rı surəti canlandırmaq üçün yazıçı o yerin və ya surətin mən­­­­­­­sub olduğu şivə xüsusiyyətlərindən geniş istifadə edə bi­lər»­­ [ 23, 80].

«Məhdud ərazi dairəsində anlaşılan dialekt sözləri bə­zən həmin dairənin məişəti ilə, təsərrüfat sahəsi ilə, bəzən hə­min dairədə yaşayanların tayfa mənsubiyyəti ilə, bəzən qon­şu­­luğundakı xalq və dil mühiti ilə, bəzən də başqa hadisələrlə əla­qədar olur» [25,87]. Sözsüz ki, belə bir şəraitdə yaşayan is­tər şair,istərsə də yazıçı öz dilində müəyyən qədər dialekt söz­lərini işlədir. Bu həm sənətkarın fərdi lüğət fondunun ge­niş­lənməsinə səbəb olur,həm də əsərin ruhuna,obrazlarının di­li­nə məkan koloriti verir.

Bütün deyilənlər bir daha göstərir ki,dialektizmlər bə­dii əsərlərin dilinə heç də səbəbsiz deyil, müəyyən üslubi mə­qam­larla əlaqədar gətirilir və işlənir. Azərbaycanın müx­təlif böl­­­­­gələrindən olub, canlı danışıq dilinə, dialektlərə yaxşı bələd olan şair və yazıçılar dialektə məxsus söz və formaları müx­tə­lif üslubi məqsədlərlə əsərlərinə gətirirlər. Burada bir ami­­­­­­­­­­­­­­­­­li də nəzərə almaq lazımdır ki, ədəbi dilin digər funk­si­­­o­­­­­­­­­nal üs­lub­la­rında üslubi çərçivə var və dialekt sözlərinin ora­da iş­lən­mə­si mümkün deyil. Lakin bədii üslubda belə çərçivə yoxdur, bü­­tün üslubların elementləri, eləcə də dialekt sözləri burada iş­lənə bilir. «Dildə elə bir söz qrupu ola bilməz ki, bə­dii üslub oradan istifadə etməsin. Dildə nə varsa, bədii üs­lu­bun ix­ti­ya­rın­dadır. Bədii üslubda bu və ya başqa üslubi mə­qam, yaxud su­rətin nitqini fərdiləşdirmək üçün sənət, peşə ilə əlaqədar və ya dialekt sözlərindən istifadə edilir» [62,28]. «Ümum­xalq di­linə əsaslanan hər bir yazıçı ədəbi dilimizi yeni söz və ifa­də­lər­lə zənginləşdirmək üçün doğulduğu dairənin lüğət va­hid­lə­rin­dən [burada dialekt sözləri nəzərdə tutulur] is­tifadə etməli olmuşdur. Bu onlara obrazların dilini fər­di­ləş­dir­mək, zəngin si­­nonim cərgələr vasitəsilə fikri daha obrazlı ifa­­­­­­­­­­də etmək kimi bədiilik prinsiplərinin tələblərinə görə lazım idi» [55, 72]. Məhz bu cəhəti nəzərə alan N.Xəzri əsərlərində yerli ko­lo­ri­tin bəzi səciyyəvi xüsusiyyətlərini daha qabarıq şə­kildə oxu­cu­­nun nəzərinə çatdırmaq üçün az da olsa, dia­lek­tizm­lərdən is­tifadə etmişdir. Şairin əsərlərinin lüğət tərki­bin­də təsadüf olu­nan dialekt sözləri aşağı­dakı­lardan ibarətdir:

Ahıl [İsmayıllı, Şuşa] – qocalmış, yaşa dolmuş [adam, hey­van və s.]: Ahıl öküz cümə də işə gedə bilmir [ 9, 46]; Ahı­l­laş­dın, qəlbən azca yaşlaşdın [124, 44].

Arı [Ağdam, Füzuli, Qazax, Quba, Şahbuz, Şəmkir, To­­­­­­­­­­­­­vuz] – təmiz, saf. Aydan arıyam, sudan duruyam [Şahbuz]; Aydan arı, sudan duru [Qazax]; Aydan arı, günnən duru [To­vuz] [11, 25]. Bu məsəl eynilə N. Xəzrinin əsərlərində də öz ək­sini tapmışdır: Aydan arı, sudan duru demiş xalqımız [127, 38].

Qeyd edək ki,bu sözün Bakı,Xaçmaz dialektlərində ey­­­­­ni mənanı ifadə edən «ari» fonetik variantı da mövcuddur: Ay­­dan ari, sudan duri [Bakı] [11, 26].

Azman [Bakı, Ordubad] – iri, çox böyük, nəhəng. Ba­ki­­­­­­­­­də azman öylər tikilir [Bakı]; Atam bir azman keçi aldı [Or­du­bad]. Bu söz həm də Bakı, Beyləqan, Cəbrayıl, Füzuli, Qa­ra­kilsə, Şamaxı dialektlərində altıillik «qoyun», Ordubad, Zən­­­­­­­­gilan dialektlərində dördillik «qoyun», Ağdam, Borçalı dia­lektlərində qocalmış qoyun, keçi mənalarında işlənir [11, 32]. N.Xəzri əsərlərində isə azman sözü «nəhəng, iri» mə­na­sın­da işlənmişdir:

Axı can üstdədir

bir azman ölkə [124, 73].
Boz [Bakı, Salyan] – həyasız. Boz adam utanmaz; Vəli çox boz adamdı [11, 62]. N. Xəzri də əsərlərində bu sözü hər hansı bir insanın üzünə utanmadan, çəkinmədən sərt şəkildə demək mə­na­sın­da işlətmişdir: Yaman boz demisən, nə deyim sənə [127, 181]. Qa­zax dialektində qayaya boz deyirlər: Bozun altında yığış­mış­dıq.

Dinşəmax – Şəki dialektində qulaq asmaq mənasını bil­­­­­­­­­dirir. Bərdə,Cəbrayıl,Kürdəmir,Qax,Qazax,Tovuz dia­lekt­­lərində bu sözün dinşəməx, Çəmbərək dialektində isə din­şi­məx fonetik variantı mövcuddur: Qapı:n dalınnan diηşəyör biz­dən qıyvat qırıllarmı? [Tovuz]; Qapının dalınnan diηşədim, çox şey eşitdim [Bərdə]; Diηşə, qör sağa nə deyiyəm [Qax] [11, 136]. N.Xəzri də öz yaradıcılığında bu sözün Çəmbərək dia­lek­­­tindəki variantından istifadə etmişdir: Cahan dinşiyibdir sir­­­­­­­­­li küləyə [124, 41].

Gildir-gildir [Bakı, Gədəbəy, Kürdəmir, Salyan] – gilə-gilə,damcı-damcı.Uşağın gözünnən gildir-gildir yaş gəlir [Sal­­­­­­­­­­­­­­­­­­­­­­yan] [11, 181]. Axdı gözlərindən yaş gildir-gildir [123, 85].

Harın – Şamaxı,Ağdaş,İsmayıllı dialektlərində ər­kö­yün, naşükür [Sən harın adamsan, sə nolacağ], Qazax dia­lek­tin­də isə tənbəl, işə yaramayan mənalarında işlənir [9, 419; 10, 214]. Zadəganlar harınlaşır [124, 62]; Harınlıq evlər yıxıb [124, 87]. Cənub bölgəsində «harın» sözü var-dövləti hədsiz də­rə­cə­də çox olan və bundan qudurub «gözləri ayağının altını gör­mə­yən» frazeoloji vahiddən çıxan məna çalarının ifadə et­di­yi mə­­nanı kəsb edir.

İrişmağ klassik ədəbi dilimizdə işlək fellərdəndir. Qu­­ba dialektində vuruşmaq, dalaşmaq mənasında iş­lə­nən bu söz Borçalı dialektindəki idəşməx [Ə:, nə idə­şi­r­si­ηiz, gediη uşaxları gətiriη], bu söz də öz növbəsində Çəm­bə­­rək dialektindəki iddələşməx sözündən olub mənasız, yer­­siz mübahisə etmək mənasını bildirir: Ağa:rnan Vey­səl bildirdən bəri çox iddələşir [10, 255]. Xaçmaz, Quba dia­­­lektlərində irişmağ sözü həm də yersiz, şit-şit gülmək mə­nasında da işlənir.–Adamın üzünə baxub irişmə [Xaç­­­­­­­­­­­­­­­­­­­­­­maz]. Eyni zamanda bu sözün Meğri dialektində iriş­­max, Borçalı,Cəbrayıl,Gədəbəy [Nə:η irişeysiη,a ba­­­la,qoja-zad görmö:üfsənmi heş?],Goranboy, Hamamlı, İmişli, Qazax, Qarakilsə,Mingə­çevir,Zəngilan dia­lekt­lə­rin­də irişməx fo­netik variantları vardır [10, 260]. İrişmək hörmət deyil, sə­mimi söz hörmətdir [123,97]; Dövrəndə irişən paxıllar ki var; Daha olmayacaq öləndən sonra [124,85].

Karvanqıran – Füzuli,Qarakilsə,Qazax, Tovuz dia­lekt­­­­­­­­­­­­­­­­­­­­­­­­­lərində Zöhrə ulduzunun adıdır.Karvanqıran da ulduzdu [Qa­zax]; Karvanqıran gecədən doğur [Qarakilsə] [10,268]. O dan ulduzu yox, Karvanqırandır [126, 91].

Qarsa-qarsa – Bakı dialektindəki qarsalammağ sözün­dəndir. Lüğəvi mənası içi yaxşı bişmədən [üzü] yanmaq [çö­rə­yə aiddir]. – Bu ki yaxşı pişmiyib, qarsalanıb [10,313]. Çö­kür ürəklərə od qarsa-qarsa [124, 57].

Qılıq – Şəki dialektində xasiyyət, rəftar mənalarını bil­di­rən qılıx qılıq sözünün fonetik variantıdır. – Həsənin qılığı çox yaxşıdı; Qılığı pisdi, heş kəsnən yola getmir [9,135]. Həs­rə­təm xoş söhbət; Xoş qılıq üçün [123,19].

Ləngər – Qazax dialektində yeriş növünün adıdır. Bu lən­­gər yerişi kimnən örgənifsən? [10,363]. Gedir ləngər ilə, O asta-asta [123,58].

Sısqa – Qafan dialektində suyu az olan bulaq mə­na­sın­da işlənən sızqa sözündəndir. Bızavları apar sızqadan su içsin [9,363]. Bir çaya döndüm ki,sısqa axıram [123,46]. Sısqa cənub zonasında narın yağan yağış mənasında işlənir. «Sısqa yağan yağış gec kəsər» atalar sözü də buradan yaranıb.

Şiv – Cəbrayıl dialektində qanqal, yemlik çıxarmaq üçün ucu şiş qarğı və ya kiçik ağac [çubuq] mənasında iş­lə­nən şibbix sözündəndir. Şibbiyim olseydı, yemlix yığardım [9, 468]. Şivlər kəsilmədi,əllər kəsildi [123,98]. Şiv-yeni pöh­rə­lən­miş ağacların budağına da deyilir: Təzə şivlər əkmişəm.

Yengə–Kirovakan, Zaqatala dialektlərində qar­da­şın,əmi­­­­nin və dayının arvadı mənalarını bildirir:Mənim yengəm beş yaş mənnən böyükdü [9, 246]. Eyni zamanda həm ədəbi dil­də, həm də ümumxalq dilində toyda gəlini müşayiət edən qa­dı­na da yen­­gə deyilir. Məsələn; – Mübarək! – Deyərək; Yengə də süz­dü [124, 226].

Yeyin–Ordubad,Quba,Şamaxı dialektlərində yaxşı mə­nasında yey // yeg // yegin fonetik variantlarında işlənir: Sən­nən yeg olmasun, yaxşıdı [Ordubad]; Mənim bir dusdım var­di, sənnən yeg ulmasun Bakı şərində; Sənnən yegin ul­ma­sun bir dusdum var mənün [Quba]. Bu sözün yegin forması Ba­kı, Qu­ba dialektlərində tez, cəld mənalarında işlənir: Yegin ul, apar məni atoun yanına [Quba] [9,242-243]. Tərif atı yeyindir, qürur atı ceydaraq [124, 21].

Zivə – paltar sərilən ip mənasında Ordubad, Bakı dia­lekt­lərində istifadə edilir: Bizim yerdə paltarı yuyub zivəyə sə­rəl­lər [Ordubad] [11,563]; Yudu uşağının ağ köynəyini; Zivə­sərməkçin eyvana çıxdı [124,108].

Göründüyü kimi, N.Xəzrinin dilində dialekt sözlərinin əksəriyyəti sadəcə sözü işlətmək xatirinə deyil, üslubun tələbi baxımından işlədilməsi ilə də səciyyəvidir. Çünki geniş an­la­yı­­şa malik olan dialektizmlər dilə bədii əsərlər vasitəsilə daxil olur. Buna görə də dialektizmlərin işləndiyi əsas üslub bədii üs­lubdur və onlar yalnız bədii dildə özünə yer tapa bilir.

Onomastik leksika

Dilçiliyin maraqlı bölmələrindən olan onomastika dilin lüğət tərkibində olan xüsusi adlardan bəhs edir. Şəxs, tayfa, xalq, millət, yer adları, səma cisimləri və heyvanlara verilən xü­­­­susi adlar məhz onomastik leksikanın tərkibinə daxildir.

Hər bir xalq xüsusi sözlərin əksəriyyətini öz doğma dil­­­­­­lərinin leksik vahidləri əsasında yaradır. Bunlar müəyyən əla­mətin, hadisənin, keyfiyyətin və s. mahiyyətini ifadə edir. Dilçilikdə bu cür xüsusi adlar onomastik vahidlər kimi araş­­­­­dırılır, onların leksik tərkibi, fonetik və qrammatik qu­ru­­­luşu, semantik xüsusiyyəti və s. tədqiq edilir. Ono­mas­tik va­­­­hidlərdən bədii ədəbiyyatda da geniş istifadə olunur. Dil­çi­likdə onomastik vahidləri bu istiqamətdə öyrənən sahə po­­etik onomastika adlanır. Burada, əsasən, bədii əsərlərə, ora­­dakı surətlərə, hadisələrin təsvir olunduğu yerlərin ad­­la­rı, onların üslubi xüsusiyyətləri, əsərin ideya-bədii təsir qüv­və­sini artırması və s. məsələlər araşdırılıb tədqiq edilir.

N.Xəzri yaradıcılığı dil cəhətdən çox maraqlıdır. Bu ba­xım­dan şairin poeziyası özlüyündə onomastik mənbə funk­si­ya­sı daşıyır. «Azərbaycan onomastikasının müasir elmi sə­­­­­­­­­­viy­­­­­­­­­­­­­­­­­yədə araşdırılması və tədqiqi üçün əldə istənilən qədər mən­­­­­­­­­­bə və məxəz vardır. Lakin hər hansı bir onomastik təd­qi­qat prosesində bunların hamısından eyni zamanda istifadə et­mək həm düzgün, həm də mümkün ola bilməz» [61, 56]. Bu fikrə əsasən deyə bilərik ki, bütün onomastik vahidlərin eyni səviyyədə tədqiqə cəlb olunması mümkün deyil.

N.Xəzri yaradıcılığının özünəməxsus leksik–semantik xü­susiyyətləri, çalarları vardır. Burada sözlər müxtəlif məna məqamlarında işlənir, yerinə görə yeni üslubi çalar kəsb edir. «Sənətkarın üslubu hər şeydən əvvəl obrazlı dili ilə, yaratdığı obrazlar ilə başqalarından seçilir. Ümumiyyətlə, obrazlı dil mü­­­­­əllifin tendensiyalılığını müəyyənləşdirmə vasitəsidir» [3, 173].

N.Xəzrinin şeir dili leksik-semantik baxımdan sistem təş­kil edir. Şairin üslubunun özünəməxsusluğunu göstərən baş­­­­lıca amil onun hər bir hadisəyə fərdi yanaşma və sözdən is­­ti­fadə tərzidir. Bu da öz növbəsində sənətkarın nəyə qadir ol­­ması, onun özünəməxsus düşüncəsini aydınlaşdırır.

Şairin yaradıcılığında apelyativ leksikanın da imkanları genişdir. Onun poeziyasında sözlərin poetikliyi, lakonikliyi fik­­rin emosionallığını daha da artırır. Bu da şairin xalq da­nı­şıq dilinin sadəliyini izləyib və bunu öz poeziyasında müm­kün qədər qoruyub saxladığını göstərir. Sözün əsl mənasında poeziyada işlənən xüsusi adlar apelyativ leksikanın fəallığını və fikrin obrazlılığını artırmaqla bir daha göstərir ki, ono­mas­­­­tik vahidlər şeirdə poetik vasitə rolunu oynayır.

Azərbaycan klassik ədəbiyyatında olduğu kimi, müasir bə­­­dii ədəbiyyatımız da onomastik vahidlərlə olduqca zən­gin­dir. Məhz bizim dilçilik ədəbiyyatımızda onomastik va­hidləri həmin istiqamətdə öyrənən sahə poetik onomastika kimi ad­lan­dırılır. Poetik onomastika dilçilik ədəbiyyatında ono­mas­ti­­­kanın üslubiyyatı kimi dəyərləndirilir. Bədii ədəbiy­yatda xü­­­­susi adların komik təbiəti, etnik adlar, onomastik va­hid­lə­rin obrazlılığı, bədii əsərlərdə istifadə olunan xüsusi ad yara­dı­cılığı dilçilikdə xüsusi əhəmiyyətə malikdir. Təbii ki, Azər­bay­­­­­­­can dilçiliyində bədii əsərlərin onomastikası tam sistem ha­­­­­­­­­lında tədqiq edilməsə də,müxtəlif onomastik va­hidlərin üs­­lubi imkanlarından bu və ya digər əsər və mə­qalələrdə bəhs olunmuşdur. Əksərən bu izahatlar şəxs ad­larında öz əksini tapmışdır.Belə ki, həm şifahi, həm də yazılı ədəbiyyatda ono­mastik vahidlər leksik-semantik, üslubi cəhətdən bir-bi­rin­dən fərqlənir. Şifahi xalq ədəbiyyatında bəzən uydurma şəxs ad­la­rına da rast gəlirik.

N.Xəzri yaradıcılığında da həm şifahi xalq ədəbiyyatı, həm də yazılı ədəbiyyata xas onomastik vahidlərdən istifadə olunmuşdur.

Şifahi xalq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri olan dastanlarda diqqəti cəlb edən əsas cəhətlərdən biri qəhrəmanların qeyri-adi gücə və qüvvəyə malik olması həmin igidlərə verilən adda ümumiləşir.Belə hallar bütövlükdə fol­k­lo­rumuza məxsus olan keyfiyyət, igidlərimizə xas olan mil­­­li­lik kimi dəyərləndirilir. Ənənəyə sadiq qalan N.Xəzri poe­­zi­ya­sında belə nümunələr işlədilmişdir.


Dəmirgüc, Poladgüc,

Qalxın, qardaşlar! [128, 77]

Şifahi xalq ədəbiyyatı nümunələrinə xas olan üslubi xü­su­­­­­siyyətlərdən biri də qadın adlarının əksəriyyətinin hörmət mə­nasını ifadə edən xanım, xatun, kişi adlarının isə molla, da­yı, dədə, mirzə, xan və s. sözlərlə işlənməsidir. Bu hal Nəbi Xəz­ri poeziyasında da müşahidə olunur:
Sonsuz

Oğuz


Düzləridir

Dədə Qorqud keçən yerlər

Qazan xanın ata yurdu,

Duzlu-çörəkli bir çadır

İncəbelli qırx qız ilə

Uzun boylu Burla xatun

Köksü dağlı

Aparıldı [128, 62-64].



Molla Pənah olmur

hər oxuyandan,

Axı, hər yazandan

Vaqif də olmur [123, 187-188].

Bir bayram olardı, Mirzə dayı, sən

Gələndə hər toyun, mağarın üstə [125, 254 ]

Tanıdım mən səni,

a Mahmud dayı

Talış dağlarında neçə yüz ürək

Almış ürəyindən döyüntüsünü [125, 270-271]


«Hər hansı xalqın onomastikası həmin xalqın tarixini əks etdirdiyi kimi, zaman keçdikcə müəyyən təbəddülata da məruz qalır və heç şübhəsiz, Azərbaycan onomastikası da bu ba­xım­dan istisna təşkil etmir. Demək lazımdır ki, onomastik vahidlər içərisində ictimai təfəkkürlə bağlı olaraq, ən çox dəyişən an­tro­po­nimlərdir» [47, 98]. Antroponimik sistemdə diqqəti cəlb edən əsas məsələlərdən biri əvvəlki adların yeni bir adla dəyişməsi – ad dəyişmə ənənəsidir. Bu hal şifahi xalq ədəbiyyatının nağıl və dastan janrlarında obrazların və ya qəhrəmanların düşdükləri və­ziyyətlə, hadisə ilə bağlı baş verən dəyişmələrlə müşahidə olu­nur.
Sən, ey gözəl Nigar,

sən olmasaydın



Koroğlu Koroğlu olmazdı bəlkə [125, 326]

Orda əfsanəvi

«Mixaylo» qaldı

Bura əfsanəvi Mehdi qayıtdı [126, 244].


Bildiyimiz kimi, Koroğlunun əsl adı Rövşən olmuşdur. Haqqın, ədalətin qurbanı olan Alı kişi Çənlibeli onun üçün məskən seçmiş, onu xalqın azadlığı, istiqlaliyyəti uğrunda yer­­­­­­­li feodallara və yadelli işğalçılara qarşı mübarizəyə isti­qa­mətləndirmiş, ona «Koroğlu» adı vermişdir. Eləcə də II dün­­­­ya müharibəsində Yuqoslaviyada faşist Almaniyasına qarşı mübarizə aparan partizan hərəkatında böyük igidlik gös­­­tər­di­yinə görə həmyerlimiz Mehdi Hüseynzadəyə «Mixaylo» adı verilmişdir.

Antroponimik sistemdə köməkçi adlar qrupuna daxil olan ləqəblər insanlara zahiri görünüşü, peşəsi, fiziki qüsuru, xasiyyəti və s. ilə əlaqədar verilir. «Dilimizdə mövcud olan bü­­­­­­­­­­­­­tün antroponimik vahidləri xüsusilə ləqəbləri nəzərdən ke­çir­sək,sözlərin apelyativ mənası ilə ləqəblər arasında əla­qə­nin olduğunu görərik. Bütün qruplarda ləqəblərin yaran­ma­­sı üçün ilk material eyni ümumi və xüsusi sözlərdir. Ona gö­rə də hər qrupda apelyativ və onomastik ləqəblər möv­cud­dur. Onu da qeyd edək ki, Azərbaycan dilçiliyində ləqəblərin lek­sik-semantik xüsusiyyətləri alimlərimizin diqqətini cəlb et­miş və ona müxtəlif istiqamətlərdən yanaşılmış, müxtəlif lek­sik-semantik qruplar müəyyənləşdirmiş­lər» [48,34]. Məhz Nə­­­­­­­­bi Xəzri poeziyasında da bu kimi ləqəblərə rast gəlinir:


Özünə ad verib biri madonna,

Başqa birisi də primadonna! [123, 213]

Sən ki, min budaqlı məğrur çinarsan

Sənə «qoşa budaq» nahaq deyiblər [124, 16].


Şairin «Çal-çağır dünyası» adlı şeirindən verdiyimiz bi­rin­ci nümunədəki «primadonna» Azərbaycan incəsənətinin gör­­­kəmli simalarından olan İlhamə Quliyevanın, ikinci nü­mu­­­nədəki «Əziz dostum» şeirindən gətirdiyimiz «qoşa bu­daq» isə həm adı, həm də soyadı eyni sözdən [kökdən] ibarət olan AMEA-nın akademiki Budaq Budaqova verilən ləqəb­dir.

Azərbaycan şifahi xalq ədəbiyyatına xas olan xarak­te­rik xüsusiyyətlərdən biri də adların bir qrupunun dini-əf­sa­nə­vi məzmun kəsb etməsidir. N. Xəzri poeziyasında da belə xü­su­­­­­­­­­­siyyətlərə təsadüf etmək olur:


– Dava kiminlə?

– Zülmətlər övladı kor Əhrimənlə

Bu an Fərhad dağı çapıb

Səpələdi nadan üstə



Bəhram Gurun gur səsindən

Qanlı qatil titrəyirdi [124, 118].

Bəlkə «müqəddəslər» xatirəsinə

Qızı Məryəm deyə adlandırdılar [125, 156].

Məlumdur ki,Azərbaycan folklorunda işlənən ono­mas­­­­tik vahidlər üslubu xüsusiyyətlərinə görə digər xalqların şi­­­­­­­­­­­fa­hi xalq ədəbiyyatından fərqlənir.

Azərbaycan şifahi xalq ədəbiyyatı ilə yanaşı, klassik və müasir yazılı ədəbiyyatda da onomastik vahidlərin üslubi im­kan­larına geniş yer verilmişdir. Təbii ki, yazılı ədəbiyyatda bu xüsusiyyətlər folklordan xeyli dərəcədə fərqlənir. Adətən, bə­dii əsərlərdə onomastik vahidlərin yerli yerində işlə­dil­mə­si­nə şair və nasirlər daha ciddi münasibət göstərərək onları əsə­­­­­­­­­­rin ideyası ilə səsləndirməyə cəhd edirlər. «Bədii əsərlərdə xalqın hüsn-rəğbətini qazanan, yeni əməllər, arzularla yaşa­yan, yeniliklə köhnəliyin mübarizəsində mətanətlə qalib gə­lən, xalqın arzu və istəklərini özündə əks etdirən bir çox ob­raz­­­­­ların adları xalq tərəfindən qəbul edilmiş,ata-analar hə­min surətlərin adlarını həvəslə öz yenicə doğulmuş kör­pə­lə­ri­nə­ vermişlər» [61,507].

«Bədii əsərlərdə işlənən adlar müəyyən məqsədə xid­mət edir. Burada bir məsələni xüsusilə qeyd etmək lazımdır. Ad bədii obrazı adlandırmaq üçün işlənir. Buraya bütün dram, roman, hekayələrdə və s. işlənən adları daxil etmək olar. Yazılı ədəbiyyatda sənətkarlar xüsusi adlardan iki isti­qa­­­­mətdə istifadə edirlər:

1. Xalq tərəfindən yaranan və rəsmi dövlət sənəd­lə­rin­də əks olunan real onomastik vahidlər.

2.Ancaq yazıçının öz yaradıcılığının məhsulu olan poe­­­­­­­­­­­­­­tik onomastik vahidlər» [61,505-506].

Real onomastik vahidlərdən bütün sənətkarlar eyni də­­­­­­­­­­­rə­cədə istifadə edir.Lakin poetik onomastik vahidlərdə ob­­­­razlılıq daha güclü olur. Belə onomastik vahidlər müxtəlif janr və üslublarda yazılmış əsərlərdə işlənə bilir.N.Xəzri po­e­­­­­­­­­­­­­­ziyasında işlənən Hünər,Elgün,Yanar və s. kimi xüsusi ad­lar şairin fərdi poetik məhsulu kimi meydana çıxmışdır.


Bağıran Elgünüm, susan Yanarım

Siz mənə Tanrıdan hədiyyəsiniz [124, 67].

Sənə Hünər adı verdim,

mən arzuma yetmədim [123, 92].


Məlumdur ki,dilimizdə olan yer adlarını onomastik şö­­­­­­­­bə­­nin toponimika yarımışöbəsi öyrənir. Müəyyən bir yerin adı­nı bildirən toponimlər coğrafi məna kəsb etdiyindən sö­zün geniş mənasında coğrafiya, eyni zamanda bu coğrafi yer­lə­­rin adları uzun bir tarixi inkişaf yolu keçdiyi üçün tarix el­mi ilə də sıx bağlı olmaqla vəhdət təşkil edir.Bu baxımdan de­­yə bilərik ki, toponimlər hər şeydən əvvəl, yarandığı dö­vr­lə­rin dil xüsusiyyətlərini özündə əks etdirir,həmin dilin qram­ma­tik qayda – qanunlarına uyğun surətdə yaranır.

N. Xəzri yaradıcılığında Mil, Muğan, Azərbaycan to­po­nim­lə­­­­­­rinə diqqət yetir­sək,bu toponimlərin leksik-semantik, üslubi xü­su­­­­siyyətlərə malik olmasının şahidi olu­ruq. Mil, Muğan, Azər­bay­can doğma diyarımızın ərazi adlarıdır. Lakin N. Xəzri di­lin­də bu to­­­­­­­­­­ponimlər ərazi adı bildirməklə yanaşı, müdriklik səciy­yəsi də kəsb etmişdir:

Hələ min diləyim var,

Burda keçmişim durur,

Burda gələcəyim var,

Gəzsin Mili, Muğanı,

Bütün Azərbaycanı

Kim məni xatırlasa [123, 141].


Bu sahə ilə məşğul olan alimlərimizdən Q.Məşədiyev, T.Vəliyeva, H. Hüseynova Muğan sözünün etimologiyası ilə əla­­­­­­­qədar müəyyən mülahizələr yürütmüşlər. Bəziləri bu sö­zün Muğ komponenti ilə bağlı olduğunu, tarixilik ba­xı­mın­dan bəzi alimlər bu sözün atəşpərəstliyin dini kitabı olan «Aves­­­­­­­ta»nın yayıcıları, zərdüşt dininin ideoloqlarının Muğ­lar olması ilə bağlayır. Məlumdur ki, əsasən, Urmiya-Azər­bay­­­­­­­­­­­­­­­­­can istiqamətində altıya qədər tayfa mövcud olmuş, bu tay­­­­­­­­­falardan biri də Muğlar olmuşlar. N.Xəzri yara­dı­cılı­ğın­da da Muğan adı toponimik vahid kimi tarixi mahiyyət daşı­maq­la yanaşı, həm də gözəl semantik məna ifadə et­miş­dir.

«Onomastika ancaq linqvistik üsullardan, toponimika isə bununla yanaşı tarixi və coğrafi amillərdən çıxış edir» [89, 48].

Toponimik vahidlər bu və ya digər keyfiyyət xüsu­siy­yət­­­­­­­­­ləri ilə müxtəlif leksik vahidlərdən qaynaqlanır, for­ma­la­şır. Zaman keçdikcə bəzi toponimik vahidlərin nominativ işa­­­­­­­­­­­rə halına düşməsi bir ardıcıllıq təsiri bağışlayır.

Bu baxımdan N. Xəzri dilində istifadə olunan «Ko­roğ­lu», «Qartal qayası», «Elçi daşı», «Həcər qalası» və s. to­po­ni­mik vahidlərinə diqqət yetirək. Bu adlarla bağlı müxtəlif rə­va­yət və əfsanələr də mövcuddur. Elə məhz həmin əfsanə və rə­­vayətləri nəzərə alan şair aşağıdakı misraları poetik şəkildə belə ifadə etmişdir:


O «Koroğlu dağı»,

«Qartal qayası»

Vüqarla ucalıb göylərə dəyir

Odur «Elçi daşı»,

«Həcər qalası»

Əsrlər qəlbindən hekayət edir [125, 209].


«Koroğlu dağı» ilk baxışda Koroğlu yaşayan dağ, qa­­­­­­­­­­­­­­­­­ya, daha sonra isə Koroğlu kimi igid, qoçaq qəhrəmana məx­­­sus bir anlayış, eləcə də «Qartal qayası» ilk anlamda qar­­­­tallar yaşayan qaya, sonra isə ucalıq, əzəmilik, vü­qar­lıq, əyilməzlik mənası kəsb edir. «Elçi daşı» ifadəsi, adətən, şahlar hüzuruna xəbər gətirən elçilərin oturduğu daş mə­na­­­­­­­­­­­­­­­­­sında, ikinci anlamda isə yer, məkan mənası ifadə edir. «Hə­­­­­cər qalası» ilk anlamda əfsanəvi qəhrəmanlığa malik olan xalq qəhrəmanı­­ Qaçaq Nəbinin həyat yoldaşı, qəh­rə­man Azərbaycan qadını Həcərin adını daşıyan toponimik mə­na kəsb edirsə, semantik baxımdan isə «Həcər qalası» ifa­­dəsi alınmaz, vüqarlı, əlçat­maz, düşmən həmləsinə tab gə­­tirən mənalarda işlənmişdir. Poetik söz ustaları real to­po­­­nimik vahidlərlə yanaşı, şəxsi təxəy­yüllərinin məhsulu ol­­an poetik toponimik vahidlərdən mə­ha­rətlə istifadə edir­lər. Buna N.Xəzrinin «Arzu kəndi» şe­irini nümunə göstərə bi­­­­­­­­­­lərik:
«Arzu» kəndi, arzulardan

sən də doğuldun

Sənə nələr arzulayım,

ay, «Arzu» kəndi,

Adın «Arzu», özün böyük bir həqiqətsən! [125, 171-172]
Bu şeir parçasında işlədilən «Arzu kəndi» ifadəsini müx­tə­­lif məna çalarlarında səciyyələndirmək olar. Coğrafi ad kimi «Arzu kəndi» məkanı yoxdur. Arzu əslində insanı xoş­bəxtliyə, ali­liyə,mənəvi kamilliyə,xoşbəxt gələcəyə, bütövlükdə insan qəl­­­bindən keçən min bir istəyə qovuşmaq həvəsidir. «Arzu kən­di» arzulardan doğulan bir kənd, həm də böyük bir həqiqət mə­na­­­­sında işlənmişdir.

Məlumdur ki, müxtəlif leksik vahidlərin üslubi imkan­la­­­­­­rı bədii ədəbiyyatda açılır, mövcud bədii nümunələr bir növ bir vasitə, mənbəyə çevrilir. Başqa sözlə desək, həmin leksik va­­­­hidlər ümumi, adi vəziyyətdən başqa üslubi poetik mə­qam­da manevr edir, ilkin variantda bir o qədər də maraq do­ğur­­mur, ikinci məqamda isə qeyri-adi təsir yaradır, söz üs­lu­bi­­­­­­-poetik, bədii estetik təsir bağışlamaqla yanaşı, həm də sə­nət­­­­­­­­­­­karın fəlsəfi düşüncəsinin, sənət dünyasının nəyə qadir ol­ma­­­­­­­­­­­­­­sını nəzərə çarpdırır. Bu baxımdan N. Xəzri yara­dıcı­lı­ğın­da bir şeir parçasına diqqət edək:

Qaranlıq gecədən

Gündüzə çıxdıq,



Məcnun səhrasından

Əsdi bir külək [124, 31].

Şeirdəki «Məcnun səhrası» ifadəsi ilkin anlamda şairin ide­al təxəyyülünün məh­suludur. Şair Məcnun sevgisinə, onun ilahi mə­­həbbətinə, bu məhəbbətin bir məskənə çevrilməsinə işarə edir. Elə bir məskən ki, orada yalnız Məcnun sakin olmuşdur. Lakin bu ifadənin digər qatında isə «Məcnun səhrası» ifadəsi bir to­po­ni­mik vasitəyə çevrilir, şairin poetik qüdrətini əks etdirən bir mə­qam çaları yaradır.

N.Xəzri yaradıcılığında təbii ki, real adların, ono­mas­tik vahidlərin öz həqiqi mənasında işlənməsi halları da müşahidə olunur.

Bu diyarın keçmişiylə

çox tanışam mən,

Deyirdilər bu yerlərə Dəhnə bağları [125, 127].

Azərbaycan özünün təbii sərvətləri ilə seçilən bir di­yar­dır. «Məcnun səhrası» ifadəsindən fərqli olaraq «Dəhnə bağ­la­­­rı» real toponimik vahiddir.Şeirin adından bizə məlum olur ki, «Dəhnə bağları» Sumqayıtda yer adıdır. Məhz şair bu to­po­nimi işlətməklə bu yerin özünəməxsus gözəlliyini, res­­­­­­­­­­­­­­­­­­­pub­li­ka­mızda ad-san qazanmasını bir daha nəzərə çarp­dır­­­­mışdır.

N.Xəzriyə xas olan üslubi xüsusiyyətlərdən biri də to­po­­­­­nimlərin təsvir və tərənnümünə fikir verməsidir. Poeziyaya xas olan xarakterik cəhətlərdən biri də fakt və hadisələri tə­cəs­­­­süm etdirməkdir. Belə ki, təsəvvürün özündə də təcəssüm möv­­cud olur. Şairin təsvirlərinin əksəriyyətində toponimik va­­­­­­­­­­­­hidlərin xatırlanmasına xüsusi yer verilir. Bütün bunlarla ya­naşı, həm də həmcins təkrarların təsvirində müxtəlif re­gi­on­­­­­ların etnoqrafik ənənələri xatırlanır. Bu baxımdan şairin «Su­­­­­­­­alsız cavablar» şeiri diqqəti cəlb edir:
– Mən behişt ətirli Lənkərandanam.

– Mənə də deyərlər igid Gəncəli,

– Ordan başlamırmı yurdun cəncəli!

– Mənə mehribandır Tovuz, Qazax da,

– Onlar uzaqdadır, qalsın uzaqda!

Borçalı elindən gəlmişəm mən ki,

– Xaricdə doğulan əcnəbisən ki?!

Qəbələm paytaxtdır qədim yurduma!

– Mirzə Səfər demiş: – gəl, min boynuma!

Şəki torpağında doğulmuşam mən,

– De, Hacı dayıya dost olmuşam mən!

– Mən ki, dağ vüqarlı Kəlbəcərdənəm,

– Söylə ki, satılmış qızıl yerdənəm! [123, 234]
Şeirin birinci misrasında «behişt ətirli Lənkərandanam» deyən şair özünün füsunkar gözəlliyi ilə bütövlükdə Azər­bay­­­­­­­­­­canımıza zinət verən Lənkəranı ilahi gözəlliyə malik cən­nət­lə müqayisə etmişdir. Sonrakı misralarda igidləri ilə şöh­rət tapmış Gəncənin, insanlara nəvaziş, mehribanlıq göstərən To­vuz,Qazax, Borçalının, vaxtilə doğma yurdu­muza pay­taxt olan Qəbələnin, öz lətifələri ilə məşhur olan Şəkinin,res­pub­li­kamızın qızıl mədəni sayılan dağ vüqarlı Kəlbəcərin ecaz­kar gözəlliyini nəzərə çatdırmaqla bərabər, həmin yer­lə­rin etno­qra­­fik xüsusiyyətlərini də əks etdirmişdir.

Dilimizdə bir qrup onomastik vahidlər işlənməkdədir ki, onlara maddi mədəniyyət abidələri, mənəvi mədəniyyətlə sırf bağlı olan əsərlər, ölkə rəhbərliyi tərəfindən verilən fəxri ad­lar,inzibati idarə, ayrı-ayrı təşkilat adları daxildir. Ono­ma­­loji baxımdan məsələnin həllinə diqqət yetirsək,görərik ki, di­limizdə istifadə olunan bir sıra mətbuat, nəşriyyat, bağ­ça, düşərgə, ma­ğa­­za, qatar, gəmi və s. adları ktematonim ki­mi də­­yərləndirilir. Təbii ki, bu məsələ ilə əlaqədar bir sıra araş­­­­dırmalar aparılmış, elmi əsərlərdə müəlliflər müxtəlif qənaətə gəlmişlər ki, H. Hü­sey­nova «S.Vurğunun bədii əsər­lərində ono­mastik vahidlərin linqvistik xüsusiyyətləri» əsə­rin­­­də ya­zır:


İndisə gör, Xan sarayı nələr deyir–

Daş sütunlar heykəl kimi dayanmışdır.

Müəllif bu iki misraya aşağıdakı kimi izahat verir: «Xan sa­­rayı» qədim toponimlər sırasına daxildir. Bu özlüyündə tarixi səciyyə daşıyır. Daha doğrusu, Azərbaycanda xanlıqlar döv­rü­nün hadisələrini özündə yaşadır. S.Vurğun da həmin tarixi ha­di­sələri xatırlayır. Məlum olduğu kimi, XVIII əsr Azərbaycan xal­­­­­­­­­­qının tarixində ictimai-siyasi ziddiyyətlərin ən kəskin dövrü, xan­lıqların meydana gəlməsi dövrü kimi xatırlanır. S.Vurğunun Xan sarayı adını xatırlaması həmin vəziyyəti yada salır. Daha onun üçün bu hadisələri təfsilatı ilə vermək ehtiyacı gö­rün­mür... Xan sarayı real toponimdir, real yeri, məkanı bildirir və haq­qında təfsilatlı məlumat var. S.Vurğun da yaşadılan tarixi qə­­ləmə alır [40, 73-74].

Eləcə də həmin əsərin 66-cı səhifəsində müəllif yazır:

«Odur bax! Yazdığım «Aslan qayası»

Silinmiş alnından ellərin yası

Burada Aslan qayası topnimik vahiddir» [40, 66].

Hər iki nümunədə həm «Aslan qayası», həm də «Xan sa­­­­­­­­­­rayı» ifadələri bizə görə toponim kimi deyil, ktematonim ki­­­­­­­­­­­­­­­­­­­mi qəbul olunsa daha məqsədəuyğundur.

N.Xəzri poeziyasında tarixin qaynaqlarından qopub gü­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­nümüzə qədər gəlib çatan bəzi toponimlər verilmişdir ki, hə­­­­­­­­­min torpaqların bu gün fitnəkar, mənfur erməni işğalında ol­­­­­­ma­sına baxmayaraq, onlar bizim real toponimlərimizdir.
Qalxır Daşaltıdan seyrək dumanlar,

Səhər...Cıdır düzü...



Şuşa dağları...

Seyr elə yamyaşıl şehli bağları,

Burda küləyin də özgə ətri var [125, 187].
Bu şeir parçasında şair Azərbaycanın bölünməz tərkib his­­­­­­səsi sayılan, dilbər guşələrindən olan Qarabağdakı bu real yer­ləri – Daşaltı, Cıdır düzü, Şuşa dağları toponimlərini tə­rən­­­­­­­­­­­­­­­nüm etmişdir.

Şairin əsərlərində hidronimlərdən də istifadə edilmiş, hə­­­­­­­­­­­­­­­­­­­­­­­min hidronimlər çox vaxt rəmzi məna çalarları ifadə et­miş­dir:


Eşit məni, Xan Arazım,

Səsi mehriban Arazım [124, 101-102].

Şirin nəğməkarsan, a Tərtər çayı [125, 202 ]

Bir dəfə yuyunsan



«Qızıl çay» da sən [125, 209]

Samur çəmənləri dolaşdı gəldi [125, 343].

Xançınçayın sahilindən

Nəğmə yüksəlir [125, 364].



Zaqatala çayı aşıb-daşıbdır [125, 218].
Nümunələrdəki Xan Araz, Tərtər çayı, «Qızıl çay», Sa­mur, Xançınçay, Zaqatala çayı hidronimləri müəyyən mə­na­da bədii obraz kimi işlədilmişdir.

Araşdırmalar zamanı N.Xəzri poeziyasında astronomik adlardan da istifadə olunmasının şahidi oluruq:


O dan ulduzu yox, Karvanqırandır

Səni Dan ulduzu nahaq bilmişəm [126, 91-91].

Çıxaraq yollara Zöhrə ulduzu:

İndicə ümidim gələcək deyir [127, 184].


Beləliklə, N.Xəzrinin əsərlərindəki onomastik vahid­lə­rin təhlili göstərir ki, bu adlar şairin şeirlərində poetik funk­si­ya rolunu daşıyır və sənətkarın fərdi üslubunu müəy­yən­ləş­di­rir. Şeirlərin mövzusu, məzmunu ilə işlənmiş mətni səciy­yəli ad­lar isə dilin daxili imkanlarını üzə çıxarmaqla yanaşı, bədii üs­­­­­­­lubu da zənginləşdirir. Digər tərəfdən isə şair tərə­findən Azər­­­baycana məxsus yer, yurd, el-oba adlarının yazılı şəkildə təs­­bit olunması onları gələcək nəslə çatdırmaqla ya­naşı, eyni za­­manda doğma Azərbaycanımızın ayrılmaz, sabit məkanlar ol­­masını bir daha təsdiqləmiş olur.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə