17-ci fəsil
Alimentin ödənilməsi və tutulması qaydası
Maddə 99. Məhkəmənin qərarı ilə alimentin tutulması
Ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin
13—16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət
edə bilərlər.
Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri
100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə
əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı
olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət
etmək hüququna malikdir.
100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək
tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması
nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik
müddət həddində verilə bilər.
Maddə 101. Mübahisənin məhkəmədə həllinə qədər alimentin tutulması
101.1. Məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə
minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə
qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual
Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər.
101.2. Məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə
vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu
Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir.
Maddə 102. Təşkilatın müdiriyyətinin aliment tutmaq vəzifəsi
Şəxsin işlədiyi təşkilatın müdiriyyəti notariat qaydasında təsdiq edilən aliment
ödənilməsi barədə saziş əsasında və ya icra vərəqəsi əsasında hər ay onun əmək
haqqından və (və ya) başqa gəlirindən aliment tutmağa və onu icra vərəqəsində və ya
sazişdə göstərilmiş şəxsə əmək haqqı və (və ya) başqa gəlirlər verilən gündən sonra ən
geci 3 gün müddətində verməyə və ya aliment tutulan şəxsin vəsaiti hesabına
göndərməyə borcludur.
Maddə 103. Aliment ödənilməsi barədə saziş əsasında aliment tutulması
Aliment ödənilməsi barədə saziş və (və ya) icra vərəqəsi əsasında tutulan ümumi
məbləğ aliment ödəməyə borclu olan şəxsin əmək haqqının və (və ya) başqa gəlirlərinin
50 faizindən çox olduqda da aliment notariat qaydasında təsdiq olunmuş saziş əsasında
tutulur.
Maddə 104. Aliment verən şəxsin iş və ya yaşayış yerinin dəyişdirilməsi
haqqında məlumat vermək vəzifəsi
104.1. Aliment tutulması haqqında məhkəmənin qətnaməsinə və ya aliment
ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş sazişə əsasən aliment tutan
müəssisənin müdiriyyəti qətnamənin icra olunduğu yerdə icra məmuruna və aliment
alan şəxsə aliment verən şəxs işdən çıxdıqda onun işdən çıxması haqqında, habelə
məlum olduqda onun yeni iş və yaşayış yeri haqqında 3 gün müddətində məlumat
verməyə borcludur.
27
104.2. Aliment verməyə borclu olan şəxs iş və ya yaşayış yerinin dəyişməsi
haqqında, aliment yetkinlik yaşına çatmayan uşağa görə tutulduqda, həm də əlavə
qazancı (əvəzçiliklə işlərinə görə və s.) haqqında həmin müddətdə icra məmuruna
məlumat verməlidir.
28
104.3. Bu Məcəllənin 104.1—104.2-ci maddələrində göstərilmiş məlumatlar üzürsüz
səbəbə görə xəbər verilmədikdə, bunda təqsirli olan vəzifəli şəxslər və vətəndaşlar
Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 105. Tələbin aliment ödəməli olan şəxslərin əmlakına yönəldilməsi
Aliment ödənilməsi barədə saziş və ya məhkəmənin qətnaməsi əsasında müəyyən
olunmuş miqdarda aliment, habelə aliment üzrə borclar aliment ödəməli olan şəxsin
qazancından və (və ya) digər gəlirlərindən tutulur. Qazanc və (və ya) digər gəlirlər
çatışmadıqda aliment onu ödəməli olan şəxsin bankdakı və s. kredit idarələrindəki
hesabında olan pul vəsaitindən, eləcə də mülkiyyət hüququnun başqasına verilməsinə
səbəb olan müqavilələr istisna olmaqla, müqavilə əsasında kommersiya və qeyri-
kommersiya təşkilatlarına verilən pul vəsaitindən mülki prosessual qanunvericilikdə
müəyyən olunmuş qaydada tutulur. Bu vəsaitlər çatışmadıqda tələb aliment ödəməli
olan şəxsin qanunla tələb yönəldilə bilən başqa əmlakına yönəldilə bilər.
Maddə 106. Aliment üzrə borcların müəyyən edilməsi
106.1. İcra vərəqəsi və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq
olunmuş saziş əsasında onların təqdim edilməsindən əvvəlki dövrə görə aliment 3 illik
müddət həddində tutula bilər.
106.2. Aliment onu icra vərəqəsi və ya aliment ödənilməsi barədə saziş əsasında
ödəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu
Məcəllənin 100.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq
istənilən müddətdə tutula bilər.
106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə
saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir.