106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara
ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi
dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən
dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən
sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda
Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür
müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin
tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə
vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul
məbləğində müəyyən edə bilər.
106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə
razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə
müəyyən olunmuş qaydada şikayət edə bilər.
Maddə 107. Aliment üzrə borcları ödəməkdən azad edilmə
107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə
borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə
həyata keçirilə bilər.
107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin
xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu
borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən
tamamilə və ya qismən azad edə bilər.
Maddə 108. Alimenti vaxtında ödəməməyə görə məsuliyyət
108.1. Aliment ödənilməsi barədə saziş üzrə aliment ödəməli olan şəxsin təqsiri
üzündən aliment üzrə borclar yarandıqda təqsirkar şəxs həmin sazişlə nəzərdə tutulmuş
qaydada məsuliyyət daşıyır.
108.2. Məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən
aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin
məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir.
108.3. Aliment alan, həmçinin aliment öhdəliklərinin vaxtında yerinə yetirilməməsi
nəticəsində yaranmış itkilərin dəbbə pulu ilə ödənilməmiş hissəsinin ödənilməsini də
tələb edə bilər.
Maddə 109. Alimentin geri qaytarılmasının yolverilməzliyi
109.1. Aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz.
109.2. Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb
oluna bilməz:
109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-
qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab
edildikdə;
109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra
vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda;
109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin
təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv
olunduqda.
109.3. Bu Məcəllənin 109.2.1—109.2.3-cü maddələrində göstərilən hərəkətlər
uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi
tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği
aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur.
Maddə 110. Alimentin indeksasiyası
110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası
aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı
məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.
110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı
müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul
məbləğində müəyyən edilir.
Maddə 111. Aliment ödəməli olan şəxs xarici ölkəyə daimi yaşamaq üçün
getdikdə aliment tutulması
111.1 Xarici ölkəyə daimi yaşamaq üçün gedən şəxs bu Məcəllənin 94, 97 və 98-ci
maddələrinə uyğun olaraq qanunla saxlamağa borclu olduğu ailə üzvləri ilə aliment
ödənilməsi barədə saziş bağlaya bilər.
111.2. Aliment ödənilməsi barədə saziş olmadıqda maraqlı şəxslər məhkəməyə
müraciət edərək aliment miqdarını sabit pul məbləğində müəyyən etməklə, onun
birdəfəlik üsul ilə ödənilməsini və ya alimentin əvəzinə müəyyən əmlak verilməsini,
yaxud alimentin sair üsulla ödənilməsini tələb edə bilərlər.
Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi
və aliment ödəməkdən azadetmə
112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin
miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində
dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən
olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq
başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli
olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən
edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər.
Maddə 113. Aliment öhdəliklərinə xitam verilməsi