STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
186
Bu Pakt BMT çərçivəsində azlıq hüquqları mövzusunda ilk və ən əhəmiyyətli
beynəlxalq sənəd xüsusiyyətindədir. Çünki azlıq hüquqları bu tarixə qədər
ümumi insan hüquqları anlayışının tərkibində verilmişdir. Bu sənəd ilə azlıqla-
rın fiziki varlıqları tanınmışdır. Müqavilənin 26-cı maddəsi azlıqlara dolayısı ilə
(“Bütün insanlar qanun qarşısında bərabərdir və heç bir ayrı-seçkilik qoyulma-
dan müdafiə olunmaq hüququna malikdir. Bu baxımdan hər cür ayrı-seçkilik
qanunla qadağan olunmalı və qanun bütün şəxslərin hər hansı əlamətinə, o
cümlədən irqinə, dərisinin rənginə, cinsinə, dilinə, dininə, siyasi, yaxud digər
əqidələrinə, milli, yaxud sosial mənşəyinə, mülki vəziyyətinə, doğuluşuna, yaxud
digər hallara görə ayrı-seçkilikdən bərabər və təsirli müdafiə olunmasını təmin
etməlidir”), 27-ci maddəsi isə birbaşa qoruma təmin etməkdədir (“Etnik, din
və dil azlıqlarının mövcud olduğu ölkələrdə belə azlıqlara mənsub olan şəxslər
həmin qrupun digər üzvləri ilə birlikdə öz mədəniyyətindən bəhrələnmək, öz
dininə etiqad etmək və onun ayinlərini icra etmək, eləcə də öz doğma dilindən
istifadə etmək hüququndan məhrum edilə bilməz”) [14].
1966-cı ildə qəbul edilən digər bir sənəd “İqtisadi, sosial və mədəni hüquq-
lara dair” Beynəlxalq Paktdır. Bu Paktın ayrı-seçkilik etməməyi nəzərdə tutan
2-ci maddəsi, iş yerlərində bərabər hüquqları əks etdirən 7-ci maddəsi, təhsil
hüquqları ilə əlaqədar hökmləri ehtiva edən 13-cü maddəsi və mədəni hüquq-
ları ehtiva edən 15-ci maddəsi bilvasitə azlıqlarla əlaqədardır.
Qeyd edək ki, BMT-nin 1990-cı il 18 dekabr tarixli “Bütün fəhlə miqrant-
ların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq
Konvensiyasında, 1976-cı il 23 mart tarixli “Mülki və siyasi hüquqlar haqqında”
Beynəlxalq Paktının birinci fakültətiv Protokolunda, 1989-cu il 15 dekabr tarixli
ikinci fakültətiv Protokolunda və insan hüquqları sahəsində mövcud olan digər
beynəlxalq sənədlərində ümumilikdə insan hüquqlarının qorunması ilə bağlı
mühüm maddələr öz əksini tapmışdır [15; 19].
2.4. Avropa Şurası və ATƏT daxilində azlıqlar
II Dünya müharibəsindən sonrakı dövrdə azlıqların hüquqlarının qorun-
masına fəaliyyətində geniş yer verən qurumlarından biri də Avropa Şurası-
dır (AŞ). İlk növbədə qeyd edək ki, AŞ də ilkin mərhələdə azlıq hüquqlarına
ümumilikdə insan hüquqları kontekstində yer vermişdir. 1950-ci il tarixli “İn-
san hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyası bu sahədə
Avropa Şurasının ən böyük nailiyyətlərindən biri hesab edilir. Bu Konvensiya
BMT-nin “İnsan hüquqları üzrə Ümumi Bəyannamə”sində təsbit olunan bəzi
hüquqların kollektiv həyata keçirilməsi istiqamətində atılan ilk addım kimi
qiymətləndirilir. Əhəmiyyətinə görə presedenti olmayan bu beynəlxalq sənəd
hər bir vətəndaşın ayrılmaz hüquq və azadlıqlarının məcmusunu özündə ehtiva
edir, dövlətlər qarşısında onun yurisdiksiyasına düşən hər bir şəxsə bu hüquq-
ları təmin etmək öhdəliyi qoyur [9]. 1953-cü il sentyabrın 3-də qüvvəyə min-
miş Konvensiyanın “Ayrı-seçkiliyin qadağan olunması” adlı 14-cü maddəsində
qeyd olunur ki, “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan
Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL
187
istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə,
milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər
hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır” [11].
1961-ci ildə qəbul edilmiş və 1965-ci ildə qüvvəyə minmiş Avropa Sosial Xar-
tiyası da əsas hüquqların geniş dairəsindən istifadə etməyə təminat verir. Əmək
hüququ, ədalətli əmək haqqı, bərabər əməyə görə bərabər haqq, sosial sığor-
ta, tibbi yardım, peşə hazırlığı, həmçinin əmək müqavilələrinin bağlanması, tətil
hüququ bu sahəyə aid edilir [11]. Bundan başqa, 1992-ci ildə qəbul edilən “Re-
gional və ya azlıq dilləri haqqında” Avropa Xartiyası qarşıya Avropada danışılan
regional və ya azlıq dillərinin qorunmasını məqsəd qoymuşdur [33].
Avropa Şurasının 1995-ci il fevralın 1-də qəbul etdiyi “Milli azlıqların
müdafiəsi haqqında” Çərçivə Konvensiyası milli azlıqlarla bağlı qəbul edilən
ilk sistemli beynəlxalq sənəddir. Bu Konvensiya müasir dövrdə azlıq hüquqları
standartlarının təyin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir [Bax: 12].
Məlumdur ki, SSRİ-nin süqutu və Yuqoslaviyanın parçalanması ilə birlikdə
“azlıqlar” problemi xüsusilə Mərkəzi və Şərqi Avropanın gündəminə gətirilmişdir.
Bunun səbəbi Balkanlarda milli azlıqlardan qaynaqlanan təhdidlərin digər
ölkələrə də yayılması ilə bağlı narahatlıqların artması idi. Bu problemlə bağlı ilk
addım atan təşkilat ATƏT-dir. Soyuq müharibə dövründə Avropadakı mövcud
vəziyyəti qorumaq, Şərqi və Qərbi Avropa arasında dialoqu təmin etmək və
ortaq bir təhlükəsizlik sistemi yaratmaq məqsədilə 1973-cü ildə 35 ölkənin iş-
tirakı ilə Helsinkidə toplanmağa başlayan “Avropa Təhlükəsizlik və Əməkdaşlıq
Konfransı” (ATƏM) soyuq müharibədən sonrakı dövrdə bölgədə tam və davam-
lı sülh və əməkdaşlığı təmin edən bir vasitə kimi düşünülmüşdür. 1992-ci ildə
Helsinki Zirvəsi ilə formallaşma müddətinə girən ATƏM 1994-cü ildəki Buda-
peşt Sammitində bugünkü şəklini alaraq, “Avropa Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatı”na (ATƏT) çevrilmişdir [28, s.43]. ATƏT-in dövlət rəhbərliyi mövzu-
sundakı qaydaları milli azlıqların üzvlərinə istiqamətli fərdi təzyiqləri önləyəcək
şəkildə yenidən təşkil edir. Bu səbəbdən təşkilatın bütün rəsmi sənədlərində
milli azlıqların hüquqlarına istiqamətli ifadələr istifadə edilmişdir. Bu dövrün
başlıca mətnləri Kopenhagen Sənədi (1990), Yeni Avropa üçün Paris Xartiyası
(1990), Milli Azlıqlar haqqında Cenevrə Hesabatı (1991), Moskva Sənədi (1991),
Helsinki Sənədi (1992) və Budapeşt Sənədində (1994) əksini tapmışdır.
“Azlıqlar” mövzusunda ATƏT çərçivəsində yaşanan ən əhəmiyyətli inkişaf
1973-cü ildən 1975-ci ilədək mərhələli şəkildə davam edən konfransın sonun-
da 35 iştirakçı dövlət tərəfindən qəbul edilən “Helsinki Yekun Aktı”nda mil-
li azlıqların müdafiəsi ilə bağlı hökmlərin olmasıdır. Nəticədə qəbul edilmiş
qərarların 7-cisində fərdi zərərlərin qarşısının alınması ilə yanaşı, dövlətlərə
milli azlıq mənsublarının bütün insan hüquqları və əsas azadlıqlarından ya-
rarlanmasını təmin etməyi öhdələrinə götürmələri tövsiyə olunur. Bu Aktda
əvvəlki dövrlərdə hakim olan “ayrı-seçkiliyin qarşısının alınması” anlayışının ye-
rini “azlıqların qorunması” anlayışına buraxacağı siqnalları verilmişdir. Helsinki
Yekun Aktının qərarlarının məcburi hüquqi qüvvəsi olmasa da, üst səviyyədə
bir siyasi iradə bəyanatı kimi qəbul edilməlidir [31, s.142].
Dostları ilə paylaş: |