Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Qəbul edilmişdir: 11 iyul 2000-ci IL, №906-iq


Maddə 404. Şeylərin və sənədlərin götürülməsi



Yüklə 3,17 Mb.
səhifə30/33
tarix08.04.2018
ölçüsü3,17 Mb.
#36505
1   ...   25   26   27   28   29   30   31   32   33

Maddə 404. Şeylərin və sənədlərin götürülməsi

404.1. İnzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan şeylərin və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən iki hal şahidinin iştirakı ilə həyata keçirilir.

404.2. Sürücü, gəmisürən, pilot tərəfindən nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi, gəmiçinin və ya pilotun şəhadətnaməsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd verilir. Nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildikdə sürücülük vəsiqəsi qaytarılmır. Nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması haqqında qərardan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddət qurtaranadək, yaxud şikayət üzrə qərar qəbul edilənədək, nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti uzadılır.

404.3. Şeylərin və sənədlərin götürülməsi haqqında protokol tərtib olunur, yaxud inzibati xəta haqqında protokolda bu barədə müvafiq qeyd aparılır.

404.4. Şeylərin və sənədlərin götürülməsi haqqında protokolda aşağıdakılar göstərilir:

404.4.1. protokolun tərtib edildiyi tarix və yer;

404.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

404.4.3. şeyləri və sənədləri götürülən şəxs barəsində məlumat;

404.4.4. şeylərin və səndlərin götürülməsi üçün əsaslar;

404.4.5. götürülən sənədlərin növü və rekvizitləri;

404.4.6. götürülən şeylərin növü, miqdarı, əlamətləri, o cümlədən silahın markası və ya modeli, çapı, seriyası və nömrəsi, döyüş sursatının miqdarı və növü, nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar.

404.5. Şeylərin və sənədlərin götürülməsi haqqında protokolda fotoşəkillərin çəkilməsi, videoyazı barədə və digər müəyyən edilmiş üsullarla sənədlərin əldə edilməsi barədə qeyd aparılır. Fotoşəkillərin, videoyazının və digər müəyyən edilmiş vasitələrin tətbiq edilməsi nəticəsində şeylərin və sənədlərin götürülməsi ilə bağlı əldə edilmiş materiallar müvafiq protokola əlavə olunur.

404.6. Şeylərin və sənədlərin götürülməsi haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, şeyləri və ya sənədləri götürülən şəxs, habelə hal şahidləri tərəfindən imzalanır. Şeyləri və ya sənədləri götürülən şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə prokotolda müvafiq qeyd aparılır. Protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, yaxud onun qanuni nümayəndəsinə (nümayəndəsinə ) təqdim edilir.

404.7. Zəruri hallarda götürülən şeylər və sənədlər yerindəcə qablaşdırılır və möhürlənir. Götürülmüş şeylər və sənədlər inzibati xəta haqqında işə baxılanadək, şeyləri və sənədləri götürmək hüququ olan səlahiyyətli orqanların (vəzifəli şəxslərin) müəyyən etdikləri yerlərdə saxlanılır.

404.8. Götürülmüş odlu silah və onun patronları, digər silah, eləcə də döyüş sursatı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada saxlanılır.

404.9. Götürülmüş tez xarab olan mallar satılması üçün müvafiq təşkilatlara verilir, satılması mümkün olmadıqda isə məhv edilir.

404.10. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən, götürülmüş narkotik vasitələr və psixotrop maddələr, etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir.

404.11. İnzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri saxlanılır.



Maddə 405. Götürülmüş şeylərin qiymətləndirilməsi

405.1. Götürülmüş şeylər aşağıdakı hallarda qiymətləndirilir:

405.1.1. İnzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən inzibati cərimə meyarı tətbiq edildikdə;

405.1.2. götürülmüş mallar tez xarab olan mallar olduqda və həmin mallar məhv edilməyə göndərildikdə;

405.1.3. etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar yenidən istehsala göndərildikdə və ya məhv edildikdə.

405.2. Götürülmüş şeylərin qiymətləri dövlət tərəfindən tənzimlənirsə, dövlət tənzimləmə qiymətləri tətbiq edilir. Digər hallarda götürülmüş şeylərin qiyməti bazar qiymətinə əsasən qiymətləndirilir. Göstərilən qaydada qiymətləndirmə mümkün olmadıqda götürülmüş şeylərin qiyməti ekspertin rəyi əsasında müəyyən edilir.



Maddə 406. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi

406.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:

406.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər-hansı birində sürücülük vəsiqəsi və ya nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda;

406.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri yerində (164) olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə idarə etdikdə;

406.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;

406.1.4. dayandırılmış nəqliyyat vasitəsi qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmədikdə; (164)

406.1.5. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən və psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinlərdən birində sürücülük vəsiqəsi olmadıqda;



406.1.6. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;

406.1.7. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda. (181)

406.2. Nəqliyyat vasitələrini idarə edən şəxslərin sərxoş vəziyyətdə olduqlarını güman etməyə kifayət qədər əsas olduqda, onların sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir və ya onlar tibbi müayinəyə göndərilir.

406.3. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir.

406.4. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokolda aşağıdakılar göstərilir:

406.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt;

406.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

406.4.3. nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları;

406.4.4. nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatlar;

406.4.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar.

406.5. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü (gəmi sürücüsü) tərəfindən imzalanır. Sürücü (gəmi sürücüsü) protokolu imzalamaqdan imtina etdikdə bu barədə prokotolda müvafiq qeyd aparılır.

406.6. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi və onun nəticəsinin tərtib olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

406.7. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur (Azərbaycan Respublikasının 9 dekabr 2003-cü il, 6 noyabr 2007-ci il və 7 dekabr 2007-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə — «Azərbaycan» q., 25 dekabr 2003-cü il, № 297; «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 30 dekabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).



Maddə 407. Nəqliyyat vasitələrinin saxlanılması

407.1. Bu Məcəlləninin 406.1-ci maddəsində göstərilən, yaxud nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydalarının pozulduğu hallarda nəqliyyat vasitələri müvəqqəti olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanılır.

407.1. Nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydalarının pozulduğu haldagər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyilsə), həmçinin bu Məcəllənin 406.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitələri müvəqqəti olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanılır. (176)

407.1-1. Nəqliyyat vasitəsi dayanma və durma qaydalarının pozulduğuna görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən (181) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilibsə, sürücü inzibati cəriməni nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) (181) və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə ödəyə bilər. Bu halda sürücüyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nümunədə qəbz verilir və saxlanılmış nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılır. Sürücü inzibati cəriməni nəqliyyat vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir. (176)

407.2. Üç saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olduqda, nəqliyyat vasitəsi onu yol hərəkətində iştirakdan kənarlaşdırmış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşının yanında saxlanılır. Belə səbəb aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya mübahisəli hallar araşdırıldıqdan və ya xətaya görə inzibati tənbeh verildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi onun sahibinə qaytarılır.

407.3. Üç saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat vasitəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilir. Nəqliyyat vasitəsinin saxlanılması səbəbi aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.

407.3-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədləri ünvan sahibinə onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmaması və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin olmaması səbəbindən 10 gün ərzində bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda, həmin sənədlərin surətinin verilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilir. Bu halda saxlanılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sənədlərin surəti təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır. (196)

407.4. Nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir.



Maddə 408. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi

Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir (Azərbaycan Respublikasının 9 dekabr 2003-cü il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 25 dekabr 2003-cü il, № 297).



V Bölmə

İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ

İCRAATIN MƏRHƏLƏLƏRİ

XXXI fəsil

İnzibati xətalar haqqında işlər

üzrə icraata başlama

Maddə 409. İnzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblər və əsas

409.1. İnzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblər aşağıdakılardır:

409.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə (164) aşkar edilməsi;

409.1.2. dövlət dövlət orqanlarından və təşkilatlarından və ya yerli özünüidarəetmə orqanlarından, ictimai birliklərdən materialların daxil olması;

409.1.3. fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən məlumatlar, onların ərizələri, habelə kütləvi informasiya vasitələrində elan olunmuş məlumatlar.

409.2. Materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır.

409.3. Bu Məcəllənin 409.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır.

409.4. İnzibati xəta haqqında iş üzrə icraat aşağıda göstərilən vaxtdan başlanılmış hesab edilir:

409.4.1. bu Məcəllənin 396-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə;

409.4.2. inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə;

409.4.3. inzibati xəta haqqında iş üzrə icraatın inzibati araşdırılması zəruri hesab edildiyi hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad qəbul edildikdə.

409.5. Bu Məcəllənin 409.1.2-ci və 409.1.3-cü maddələrində göstərilən səbəblərin əsassız olduğu halda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında işin başlamasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edilir.

409.6. İnzibati xəta haqqında işin başlamasının rədd edilməsi haqqında qərardadın surəti materialları, məlumatları və ərizələri vermiş şəxslərə göndərilir (Azərbaycan Respublikasının 1 oktyabr 2007-ci il tarixli Qanunu ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 29 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 410. İnzibati xəta haqqında protokol

410.1. Bu Məcəlləninin 368-ci və və 412.1-ci maddələri istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:

410.1.1. protokolun tərtib edildiyi tarix və yer;

410.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

410.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat;

410.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;

410.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;

410.1.6. şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı;

410.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları;

410.1.7-1. inzibati xətanın aşkar edilməsində texniki nəzarət etmə vasitələrindən xüsusi texniki vasitələrdən (196) istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; (181) (196)

410.1.7-2. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; (181)

410.1.8. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar.

410.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır.

410.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolla tanış olmaq imkanı yaradılır.

410.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. (181)

410.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə zərər çəkmiş şəxsin inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. (181)



Maddə 410-1. İnzibati xəta haqqında protokolun inzibati xəta törətmiş şəxsin iştirakı olmadan tərtib edilməsi

410-1.1. Bu Məcəllənin 151.2, 151.3-1, 151.3-2, (205) 151-1.2, 151-1.3, 151-1.4, (205) və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar avtomatik rejimdə işləyən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, inzibati xəta haqqında protokol həmin xətanı törətmiş şəxsin iştirakı olmadan «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd formasında xətanın törədildiyi gün tərtib edilir və elektron imza ilə təsdiqlənir.

410-1.2. Bu Məcəllənin 410-1.1-ci maddəsində nəzərdə tutulmuş halda inzibati xəta haqqında protokol müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsi icarə müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində tərtib edilir. Hüquqi şəxsə məxsus olan və sərnişin və ya yük daşıma xidmətləri göstərən nəqliyyat vasitəsi tərəfindən törədilən xəta avtomatik rejimdə işləyən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumatlar sorğu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim edilir.

410-1.3. İnzibati xəta haqqında protokolda bu Məcəllənin 410.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlar qeyd olunmaqla, protokola inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən foto və ya video materiallar əlavə olunmalıdır.

410-1.4. Bu Məcəllənin 410-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti və ona əlavə edilmiş materiallar nəqliyyat vasitəsinin istifadəçisinə xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Protokolun əlavə edildiyi müşayiət məktubunda şəxsə inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı, həmçinin bu Məcəllənin 410-1.6-cı və 410-1.7-ci maddələri barədə məlumat verilir.

410-1.5. Bu Məcəllənin 158-1.1-ci və ya 158-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsində olmadığı və nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması mümkün olmadığı hallarda da inzibati xəta törətmiş şəxsin iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edilir. Bu halda inzibati xəta haqqında protokol müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminin məlumatı əsasında müəyyən edilmiş nəqliyyat vasitəsinin istifadəçisi barədə foto və ya video çəkiliş aparılmaqla tərtib edilir. İnzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən foto və ya video materiallar əlavə olunmaqla həmin protokolun bir surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur, bir surəti isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir.

410-1.6. Barəsində bu Məcəllənin 410-1.1-ci və ya 410-1.5-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs, həmin protokol ona rəsmi qaydada verildiyi və ya bu Məcəllənin 410-1.5-ci maddəsində nəzərdə tutulmuş qaydada protokolu aldığı vaxtdan 10 gün müddətində səlahiyyətli orqana inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması barədə vəsatətlə müraciət edə bilər. Vəsatət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Vəsatətdə göstərilən məlumatlar təsdiq olunarsa, iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin haqqında olan iş üzrə icraata xitam verilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Vəsatət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını vəsatətdə göstərə bilər.

410-1.7. İnzibati xəta törətmiş şəxsin iştirakı olmadan tərtib edilmiş protokol rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində bu Məcəllənin 410-1.6-cı maddəsində nəzərdə tutulmuş vəsatət verilmədikdə və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işin baxılmasında iştirak etmək üçün gəlmədikdə səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edir.

410-1.8. Sürücünün əvvəllər törətdiyi və avtomatik rejimdə işləyən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalara dərhal yerində baxılmasını tələb etmək qadağandır.

410-1.9. Bu Məcəllənin 159-1-ci 313–2.2-ci (206) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün bu Məcəllənin 370-1—370-4-cü maddələrində nəzərdə tutulmuş qaydada çağırıldıqda və gəlməkdən qəsdən boyun qaçırdıqda, inzibati xəta haqqında protokol inzibati xəta törətmiş şəxsin iştirakı olmadan tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. (196)

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə