Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Qəbul edilmişdir: 11 iyul 2000-ci IL, №906-iq


Maddə 370. Zərər çəkənlərə, şahidlərə, ekspertlərə və tərcüməçilərə ödənilməli məbləğ



Yüklə 3,17 Mb.
səhifə28/33
tarix08.04.2018
ölçüsü3,17 Mb.
#36505
1   ...   25   26   27   28   29   30   31   32   33

Maddə 370. Zərər çəkənlərə, şahidlərə, ekspertlərə və tərcüməçilərə ödənilməli məbləğ

370.1. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərər çəkənlərin, şahidlərin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin və hal şahidlərinin çəkdikləri xərclər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir.

370.2. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) zərər çəkmiş, şahid, ekspert, mütəxəssis, tərcüməçi və hal şahidləri kimi çağırılan şəxslərin işdə olmadıqları müddət ərzində iş yerində onların əmək haqqı müəyyən edilmiş qaydada saxlanılır.

370.3. Mütəxəssisin, ekspertin və tərcüməçinin əməyi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir.



Maddə 370-1. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi

370-1.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən «Poçt haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər.

370-1.2. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir.

370-1.3. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir.

370-1.4. Sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir.

370-1.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir:

370-1.5.1. bu Məcəllənin 370-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan;

370-1.5.2. bu Məcəllənin 370-1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda:

370-1.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan;

370-1.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan;

370-1.5.3. bu Məcəllənin 407.3-1-ci maddəsində nəzərdə tutulmuş halda nəqliyyat vasitəsinin istifadəçisinə verildiyi vaxtdan. (196)

Maddə 370-2. Qəbzin məzmunu

370-2.0. Bu Məcəllənin 370-1.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir:

370-2.0.1. inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı;

370-2.0.2. sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan;

370-2.0.3. verilən sənədin adı;

370-2.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri;

370-2.0.5. sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair);

370-2.0.6. sənədin verildiyi şəxs;

370-2.0.7. sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası. (196)

Maddə 370-3. İnzibati xəta haqqında iş üzrə sənədi qəbul etməkdən imtina

370-3.1. İnzibati xəta haqqında işlər üzrə sənədin ünvanlandığı şəxs və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri qanuni əsas olmadan sənədi qəbul etməkdən imtina edərsə, sənəd verildiyi ünvanda qalmalıdır. Bu halda sənəd rəsmi qaydada verilmiş hesab olunur.

370-3.2. Ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri bildirişi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs bildirişdə müvafiq qeydlər etdikdən sonra həmin bildirişi onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda bildiriş rəsmi qaydada verilmiş hesab olunur.

370-3.3. Bildirişin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir.

370-3.4. Bildirişin ünvanlandığı şəxs tərəfindən həmin sənədi qəbul etməkdən imtina edilməsi işə baxılması və ya ayrı-ayrı prosessual hərəkətlərin həyata keçirilməsi üçün maneə deyildir. (196)

Maddə 370-4. Bildirişlər

370-4.1. Hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar.

370-4.2. Bildirişdə aşağıdakılar göstərilməlidir:

370-4.2.1. məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) adı, ünvanı və əlaqə üçün məlumatlar (telefon, faks, elektron poçt ünvanı və sair);

370-4.2.2. gəlmə vaxtı (tarix və saat) və yeri;

370-4.2.3. xəbər verilən, yaxud məhkəməyə, səlahiyyətli orqana çağırılan şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı;

370-4.2.4. xəbər verilən, yaxud məhkəməyə, səlahiyyətli orqana çağırılan şəxsin ünvanı və ya hüquqi şəxsin yerləşdiyi ünvan;

370-4.2.5. ünvan sahibinin kim qismində xəbərdar edilməsi və ya çağırılması;

370-4.2.6. ünvan sahibinin xəbərdar edildiyi, yaxud çağırıldığı işin adı;

370-4.2.7. işdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün sübutların təqdim edilməsinə dair təklif;

370-4.2.8. ünvan sahibinin olmadığı təqdirdə bildirişi qəbul edən şəxsin imkan olan kimi onu ünvan sahibinə vermək vəzifəsinə dair qeyd;

370-4.2.9. bildirişi qəbul etməkdən imtinaya və ya onun ünvan sahibinə çatdırmamasına görə qanunla məsuliyyət nəzərdə tutulduğu barədə qeyd;

370-4.2.10. xəbər verilən və ya çağırılan şəxsin məhkəməyə və ya səlahiyyətli orqana gəlməməsinin nəticələri və gəlməmənin səbəbləri barədə məlumat vermək vəzifəsinə dair qeyd.

370-4.3. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir.

370-4.4. Bildiriş bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də şəxsə əlavə məlumat verə bilərlər. (196)

XXXVIII fəsil

İnzibati xətalar haqqında işlər üzrə icraatın

iştirakçıları, onların hüquqları və vəzifələri

Maddə 371. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs

371.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır:

371.1.1. işin materialları ilə tanış olmaq;

371.1.2. izahat vermək;

371.1.3. sübutlar təqdim etmək;

371.1.4. vəsatət və etirazlar vermək;

371.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək;

371.1.6. inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək;

371.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən istifadə etmək;

371.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq;

371.1.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. (181)

371.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər.

371.3. İnzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.

371.4. İnzibati xətalar haqqında işlərə baxarkən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər.

371.5. İnzibati həbs, və ya Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma və ya ictimai işlər (206) nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir.

371.6. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən işin hallarının müzakirəsi yetkinlik yaşına çatmayanlara mənfi təsir göstərə biləcəyi hallarda, onlar müvəqqəti olaraq işdə iştirakdan kənarlaşdırıla bilərlər.



Maddə 372. Zərər çəkmiş şəxs

372.1. İnzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır.

372.2. Zərər çəkmiş şəxsin aşağıdakı hüquqları vardır:

372.2.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq;

372.2.2. izahat vermək;

372.2.3. sübutlar təqdim etmək;

372.2.4. vəsatət və etirazlar vermək;

372.2.5. hüquqi yardımdan istifadə etmək;

372.2.6. iş üzrə qəbul edilmiş qərardan şikayət vermək.

372.3. Zərər çəkmiş şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər.

372.4. İnzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.

372.5. Zərər çəkmiş şəxs bu Məcəllənin 377-ci maddəsində nəzərdə tutulmuş qaydada şahid kimi sorğu-sual edilə bilər.



Maddə 373. Fiziki şəxsin qanuni nümayəndələri

373.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda və ya öz fiziki, yaxud psixi qüsurlarına görə müstəqil olaraq hüquqlarını özləri həyata keçirmək imkanına malik olmadıqda, həmin şəxslərin mənafeyini təmsil etməyə onların qanuni nümayəndələrinin hüququ vardır.

373.2. Valideynlər, övladlığa götürənlər, qəyyumlar və himayəçilər fiziki şəxsin mənafeyinin qanuni nümayəndələri hesab olunurlar.

373.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayə orqanlarını qanuni nümayəndə hesab edir.

373.4. Fiziki şəxsin qanuni nümayəndəsi olan şəxslərin qohumluq əlaqələri və ya müvafiq səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq sənədlərlə təsdiq olunur.

373.5. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllə ilə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır.

373.6. On səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxarkən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsin qanuni nümayəndəsinin iştirakını məcburi hesab edə bilər.

Maddə 374. Hüquqi şəxsin nümayəndəsi

374.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir.

374.2. Hüquqi şəxsin rəhbəri, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxsin mənafelərinin təmsil edilməsi etibar edilmiş digər şəxslər hüquqi şəxslərin nümayəndələri hesab edilirlər. Hüquqi şəxsin nümayəndəsinin səlahiyyəti onun qulluq mövqeyini təsdiq edən sənədlərlə müəyyən edilir.

Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.

374.4. İnzibati xətalar haqqında işlərə baxarkən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) hüquqi şəxsin nümayəndəsinin iştirakını məcburi hesab edə bilər.

Maddə 375. Müdafiəçi və nümayəndə

375.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraata müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə buraxılır.

375.2. Müdafiəçi sifəti ilə və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər.

375.3. İnzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır.

375.4. Müdafiəçinin və nümayəndənin aşağıdakı hüquqları vardır:

375.4.1. işin bütün materialları ilə tanış olmaq;

375.4.2. sübutlar təqdim etmək;

375.4.3. vəsatət və etirazlar vermək;

375.4.4. işin baxılmasında iştirak etmək;

375.4.5. inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək.

375.5. Müdafiəçi və nümayəndə bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilərlər.

375.6. Vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir. Nümayəndənin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir (Azərbaycan Respublikasının 14 dekabr 2004-cü il tarixli Qanunu ilə əlavə edilmiş, 16 may 2008-ci il tarixli Qanunu ilə düzəliş edilmişdir – «Azərbaycan» q., 29 yanvar 2005-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).



Maddə 376. Vəkilin iştirakının məcburiliyi

376.1. İnzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, icraatın aparıldığı dili bilməyənlərin, lal, kar, kor, fiziki və ya psixi qüsurları üzündən özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur.

376.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi qeyri-mümkün olduqda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin şəxsi vəkil ilə təmin edir.

376.3. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz (Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanunu ilə edilmiş düzəlişlə — AR QT, 2002, № 1, m. 9).



Maddə 377. Şahid

377.1. İnzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırıla bilərlər.

377.2. Şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur.

377.3. Şahidin özünə və yaxın qohumlarına qarşı izahat verməmək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək, izahatının doğru yazılması barədə protokola müvafiq qeydlər etmək hüququ vardır.

377.4. Yetkinlik yaşına çatmayan on dörd yaşında olan şəxslər pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə sorğu-sual edilirlər. Zəruri olduqda yetkinlik yaşına çatmayan şəxs onun qanuni nümayəndəsinin iştirakı ilə də sorğu-sual edilə bilər.

377.5. Bilə-bilə yalan izahat verməyə görə inzibati məsuliyyət haqqında şahidə xəbərdarlıq edilir. Şahid öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməyə qəsdən boyun qaçırdıqda o, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.

Qeyd: Bu maddədə «yaxın qohumlar» dedikdə valideynlər, uşaqlar, övladlığa götürənlər, övladlığa götürülənlər, doğma qardaş və bacılar, babalar, nənələr, nəvələr, habelə ər-arvad başa düşülür.

Maddə 378. Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər

378.0. Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər aşağıdakılardır:

378.0.1. fiziki və ya psixi qüsurlarına görə inzibati xəta haqqında iş üçün əhəmiyyətli olan hadisələri dərk edə bilməyən və onlar haqqında düzgün izahat verə bilməyən şəxs;

378.0.2. müdafiəçi vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq inzibati xəta törətmiş şəxsin ona bildirdiyi hallar haqqında inzibati xəta törətmiş şəxsin vəkili;

378.0.3. öz nümayəndə (qanuni nümayəndə) vəzifələrini icra etməsi ilə əlaqədar onlara məlum olmuş hallar haqqında fiziki şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi.

Maddə 379. Hal şahidləri

379.1. İşin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz.

379.2. Şəxsi axtarış, şeyləri yoxlama, nəqliyyat vasitəsinə baxış, şeyləri və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər.

379.3. Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir.

379.4. İnzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir.

379.5. Zəruri hallarda inzibati xəta haqqında iş üzrə icraatda hal şahidləri bu Məcəllənin 377-ci maddəsinə uyğun olaraq şahid kimi sorğu-sual edilə bilərlər.



Maddə 380. Mütəxəssis

380.1. İnzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, sübutların aşkar edilməsində, götürülməsində və rəsmiləşdirilməsində, habelə texniki vasitələrin tətbiq edilməsində kömək göstərilməsi üçün xüsusi biliyə malik olan hər hansı bir şəxs icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etmək üçün mütəxəssis kimi dəvət oluna bilər.

380. 2. Mütəxəssisin aşağıdakı vəzifələri vardır:

380.2.1. icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlmək;

380.2.2. sübutların aşkar edilməsində, götürülməsində, rəsmiləşdirməsində iştirak etmək;

380.2.3. yerinə yetirdiyi hərəkətlər barədə izahatlar vermək;

380.2.4. bu hərəkətlərin məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq etmək;

380.2.5. bu Məcəllənin 383.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, mütəxəssisi dəvət etmiş səlahiyyətli vəzifəli şəxsə özü-özünə etirazetmə haqqında məlumat vermək.

380.3. Mütəxəssisin aşağıdakı hüquqları vardır:

380.3.1. iştirak etdiyi və onun predmetinə aid olan inzibati xəta haqqında işin materialları ilə tanış olmaq;

380.3.2. icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) icazəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, zərər çəkmiş şəxsə, şahidlərə mütəxəssisin apardığı işin predmetinə aid olan suallar vermək;

380.3.3. aparılan hərəkətlərə dair qeydlər və izahatlar vermək.

380.4. Bilə-bilə yalan izahat verməsinə görə inzibati məsuliyyət haqqında mütəxəssisə xəbərdarlıq edilir. Mütəxəssis öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırdıqda o, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.

Maddə 381. Ekspert

381.1. Elm, incəsənət, texnika və ya sənət sahəsində məsələlərin izahı üçün ekspertizanın aparılması və ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati xəta haqqında işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət olunur.

381.2. Ekspertin vəzifələri aşağıdakılardır:

381.2.1. icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlmək;

381.2.2. təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək;

381.2.3. bu Məcəllənin 383.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, ekspertizanı təyin etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) ekspertizanın aparılmasından özü-özünə etirazetmə haqqında məlumat vermək.

381.3. Verilən suallar ekspertin xüsusi biliyindən kənara çıxdıqda, tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda ekspert rəy verməkdən imtina edə bilər.

381.4. Ekspertin aşağıdakı hüquqları vardır:

381.4.1. ekspertizanın predmetinə aid olan iş üzrə materiallarla tanış olmaq;

381.4.2. iş üzrə rəy verilməsi üçün zəruri olan əlavə materalların təqdim olunması barədə vəsatət vermək;

381.4.3. ekspertizanın predmetinə aid olan məlumatların aydınlaşdırılması üçün icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) icazəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, zərər çəkmiş şəxsə, şahidlərə suallar vermək;

381.4.4. qoyulmuş suallardan əlavə ekspertizanın predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları öz rəyində göstərmək.

381.5. Bilə-bilə yalan rəy verməsinə görə inzibati məsuliyyət haqqında ekspertə xəbərdarlıq edilir. Ekspert öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırdıqda o, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə