Azərbaycan Respublikasının Meşə Məcəlləsi Qəbul edilmişdir: 30 dekabr 1997-ci IL


II Fəsil Meşə fondu və ağac-kol bitkiləri üzərində mülkiyyət, onlardan istifadə hüququ



Yüklə 499,65 Kb.
səhifə2/6
tarix01.02.2018
ölçüsü499,65 Kb.
1   2   3   4   5   6

II Fəsil
Meşə fondu və ağac-kol bitkiləri üzərində
mülkiyyət, onlardan istifadə hüququ


Maddə 11. Meşə fondu üzərində mülkiyyət

Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir.

Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir.

Maddə 12. Fiziki və hüquqi şəxslərin ağac-kol bitkiləri üzərində mülkiyyət hüquqları

Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən ağac-kol bitkiləri, qanunvericiliklə digər hallar müəyyən edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir.

Göstərilən ağac-kol bitkiləri üzərində sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan Respublikası meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir.

Maddə 13. Meşə servitutları (meşə sahələrindən başqasının müəyyən dərəcədə istifadə etmək hüququ)

Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmamışdırsa, fiziki şəxslər sərbəst surətdə meşələrdə olmaq hüququna malikdirlər (kütləvi meşə servitutu).

Meşə fondu sahələrindən və meşə fonduna daxil olmayan sahələrdən fiziki və hüquqi şəxslərin istifadə hüquqları müqavilələr, habelə məhkəmə qərarları əsasında başqa maraqlı şəxslərin xeyrinə məhdudlaşdırıla bilər (xüsusi meşə servitutu).

Azərbaycan Respublikasının mülki, torpaq və başqa qanunvericilik aktlarının müddəaları meşə servitutlarına bu Məcəllənin tələblərinə zidd olmayan həddə tətbiq edilir.



Maddə 14. Meşə fondu sahələrindən istifadə hüququ

Meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə).

«Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər.

Bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda meşə fondu sahələrindən istifadə hüququna dair mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir.



Maddə 15. Meşə fondu sahələrindən istifadə hüququnun əsasları

Meşə fondu sahələrindən istifadə hüququnun əsasları aşağıdakılardır:

müqavilələr;

məhkəmə qərarları;

bu Məcəllə ilə yol verilən digər əsaslar.

Meşə sahələrindən istifadə hüququ, kütləvi servitut istisna olmaqla, meşə fondu sahələrinin icarə müqaviləsinin dövlət qeydiyyatından keçdiyi, meşəqırma bileti, order, meşə bileti alındığı vaxtdan əldə edilir.



Maddə 16. Meşə fondu sahələrindən istifadə hüququnun yaranması

Meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır.

Meşə istifadəçisi Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və şərtlərlə istifadəyə verənin razılığı ilə meşə fondu sahəsindən istifadə hüququnu özünün hüquqi varisi olmayan şəxsə müqavilə əsasında verə bilər.

Meşə istifadəçisi olan şəxs vəfat etdikdə ona məxsus istifadə hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada başqa şəxslərə keçə bilər.

Meşə istifadəçisi olan hüquqi şəxs yenidən təşkil edildikdə ona məxsus istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yeni yaranan hüquqi şəxsə keçir.

Meşə fondu sahələrindən (torpaqlarından) istifadə hüququnun başqasına keçməsi müqaviləyə, meşəqırma biletinə, orderə, meşə biletinə dəyişikliklər etmək yolu ilə rəsmiləşdirilir.



Maddə 17. Meşə fondu sahələrindən istifadə hüququnun həyata keçirilməsi

Meşə istifadəçiləri meşə fondu sahələrindən istifadə hüququnu o vaxt sərbəst həyata keçirirlər ki, bu, meşələrin və meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməsin, ətraf mühitə zərər vurmasın, habelə başqa şəxslərin qanuni mənafelərinə xələl gətirməsin.

Azərbaycan Respublikasında meşə qanunvericiliyinin tələblərinə zidd məqsədlər və üsullar ilə meşə fondu sahələrindən istifadə qadağandır.

Bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanlarının meşə fondu sahələrindən istifadə sahəsində meşə istifadəçilərinin fəaliyyətinə qarışmasına yol verilmir.



Maddə 18. Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması

Meşələrin, habelə meşə ilə örtülü olmayan meşə fondu torpaqlarının səmərəli istifadəsini, mühafizəsini, qorunmasını və bərpasını, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək, əhalinin sağlamlığını, ətraf mühiti, tarixi-mədəni və təbii irsi, fiziki şəxslərin hüquqlarını və qanuni mənafelərini qorumaq zəruriliyi yarandığı hallarda meşə fondu sahələrindən istifadə hüququ qanunvericiliklə müəyyən olunmuş qaydada məhdudlaşdırıla və ya dayandırıla bilər.



Maddə 19. Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması qaydaları

Meşə fondu sahələrindən istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının qərarı ilə aşağıdakı hallarda məhdudlaşdırıla və ya dayandırıla bilər:

meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikası meşə qanunvericiliyinin tələbləri pozulduqda;

meşə istifadəçisi tərəfindən icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl edilmədikdə.

Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olan şərait və şərtlər aradan qaldırıldıqda bu hüquq tam həcmdə bərpa olunur.

Meşə istifadəçisi onun meşə fondu sahəsindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması barədə qərarla razılaşmadıqda məhkəməyə şikayət edə bilər.

Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması meşə istifadəçisini Azərbaycan Respublikasının meşə qanunvericiliyini pozduğuna görə intizam, inzibati, mülki və cinayət məsuliyyətindən azad etmir.

Maddə 20. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin əsasları

Meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, istifadə hüququnun müddəti başa çatdıqda, meşə istifadəçisi olan hüquqi və fiziki şəxsin fəaliyyəti dayandıqda, bu Məcəllə və Azərbaycan Respublikasının başqa qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda onun meşə fondu sahələrindən istifadə hüququna xitam verilir.

Meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilməsi yalnız aşağıdakı hallarda həyata keçirilir:

meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda;

fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə;

meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən istifadə üçün haqq müəyyən olunmuş müddətdə ödənilmədikdə;

meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən (torpaqlarından) istifadə qaydaları və ya icarə müqaviləsində, meşəqırma biletində, orderdə, meşə biletində nəzərdə tutulmuş şərtlər pozulduqda;

meşə istifadəçisi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına sahəsində normaların, standartların və qaydaların tələblərinə (5) əməl edilmədikdə;

meşə fondu sahələri dövlət ehtiyacları üçün geri (6) alındıqda.

Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikasının meşə qanunvericiliyinə görə meşə istifadəçisini intizam, inzibati, mülki və cinayət məsuliyyətindən azad etmir.



Maddə 21. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin qaydaları

Meşə fondu sahələrindən istifadə hüququna meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin ləğvi nəticəsində xitam verilir.

Meşə istifadəçisi meşə fondu sahəsindən istifadə hüququndan imtina etdikdə bu hüquq onun rəsmi ərizəsi əsasında dayandırılır.

Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi bu barədə meşə istifadəçisinə rəsmi xəbər verməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.



Maddə 22. Meşə fondu torpaqlarının icarəyə verilməsi

Bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən on ilədək verilə bilər.

Meşə fondu torpaqlarının icarə müqaviləsi əsasında əldə edilmiş meşə sərvətləri (məhsul) icarəçinin mülkiyyətidir.

Meşə fondu torpaqlarının subicarəsi qadağandır.

Meşə fondu torpaqlarının icarəyə verilməsi bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Maddə 23. Meşə fondu torpaqlarının icarə müqaviləsinin şərtləri

Meşə fondu torpaqlarının icarə müqavilələrində aşağıdakılar göstərilir:

icarəyə verilən sahənin sərhədləri;

işin həcmi (ölçüləri);

icarənin müddəti;

icarə haqqının miqdarı və onun ödənmə qaydası;

icarəyə verilən sahənin mühafizəsi, qorunması və bərpası sahəsində tərəflərin öhdəlikləri;

Azərbaycan Respublikasının meşə qanunvericiliyi və tərəflərin razılığı ilə nəzərdə tutulmuş başqa şərtlər.



Maddə 24. Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası

Meşə fondu torpaqlarının icarəyə verilmə qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Meşə fondu torpaqlarının icarəyə verilməsi aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla həyata keçirilməlidir.

Maddə 25. Meşəqırma bileti, order və meşə bileti

Meşəqırma bileti oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün hüquq verən sənəddir. Meşəqırma biletində meşə quruluşu layihələri əsasında meşə fondundan istifadə üçün ayrılmış sahənin yeri, oduncağın və ikinci dərəcəli materialların miqdarı, keyfiyyəti, onların qiyməti, işin aparılma müddəti, qırma yerlərinin təmizlənməsi, meşənin bərpa edilməsi şərtləri və qaydaları göstərilir.

Order özü yıxılmış və (və ya) qurumuş ağaclardan oduncaq hazırlamaq, ağac tör-töküntüsü və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün hüquq verən sənəddir. Order meşəqırma bileti əsasında verilir.

Meşə bileti onun sahibinə əlavə meşə istifadələri üçün hüquq verən sənəddir. Meşə biletində meşə fondundan istifadənin növü, yeri, miqdarı, vaxtı, şərtləri və qiyməti göstərilir.

Meşəqırma biletinin, orderin və meşə biletinin formaları, onların uçotu, saxlanılması, doldurulması və verilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 26. Meşə fondu sahələrinin qısamüddətli istifadəyə verilmə qaydası

Meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.





Dostları ilə paylaş:
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə