Ödəyici orderi aksept edənədək və ya ödənişi icra edənədək çıxarıcı ondan orderi
geri götürə bilər.
Maddə 1003. Orderin başqasına verilməsi
1003.1. Remitent orderi hələ aksept edilməmiş olsa belə, hər hansı üçüncü şəxsə
keçirə bilər.
1003.2. Çıxarıcı orderin keçirilməsini istisna edə bilər. Ödəyici üçün belə istisna
yalnız o halda etibarlıdır ki, orderdə onun haqqında qeyd-şərt edilmiş olsun və ya
ödəyici orderi aksept etməzdən və ya ödənişi icra etməzdən əvvəl çıxarıcı ödəyiciyə bu
barədə məlumat vermiş olsun.
§ 3. Veksel
Maddə 1004. Veksel anlayışı
Veksellər adlı qiymətli kağızlardır, veksel verən onların vasitəsilə müəyyən şəxsə
müəyyən məbləğ ödəmək barəsində başqa şəxsə (ödəyiciyə) göstəriş verir (köçürmə
vekseli) və ya hər hansı müəyyən şəxsə və ya bu şəxsin sərəncamına müəyyən məbləğ
ödəməyi öhdəsinə götürür (sadə veksel).
xxxii[429]
Maddə 1005. Köçürmə vekseli
1005.1. Köçürmə vekseli aşağıdakı rekvizitlərin olduğu sənəddir:
1005.1.1. Sənədin mətninə daxil edilmiş "veksel" adı;
1005.1.2. veksel verənin müəyyən məbləği ödəmək barəsində sadə və heç nə ilə
şərtləşdirilməmiş göstərişi;
1005.1.3. kim ödəməlidirsə, onun (ödəyicinin) adı;
1005.1.4. ödəniş kimə və ya kimin sərəncamı ilə icra edilməlidirsə, onun adı;
1005.1.5. vekselin tərtib edildiyi tarix;
1005.1.6. veksel verənin imzası;
1005.1.7. vekselin tərtib edildiyi yer;
1005.1.8. vekselin ödənilməsi vaxtı (veksel üzrə ödəniş müddəti);
1005.1.9. ödənişin icra edilməli olduğu yer.
1005.2. Bu Məcəllənin 1005.1-ci maddəsində göstərilmiş rekvizitlərdən hər hansı
birinin olmadığı sənədin, aşağıdakı hallar istisna olmaqla, köçürmə vekseli qüvvəsi
yoxdur:
1005.2.1. ödəniş müddəti göstərilməmiş köçürmə vekseli təqdim edildikdə
ödənilməli olan veksel (müddəti təqdim edilməsi ilə müəyyənləşdirilən veksel) sayılır;
1005.2.2. ödəniş yeri xüsusi göstərilmədikdə ödəyicinin adı ilə yanaşı göstərilmiş
yer ödəniş yeri və bununla birlikdə, ödəyicinin yaşayış yeri və ya olduğu yer sayılır;
1005.2.3. tərtib edildiyi yer göstərilməmiş köçürmə vekseli veksel verənin adı ilə
yanaşı göstərilmiş yerdə imzalanmış sayılır;
1005.2.4. verildiyi məqamda tam doldurulmamış köçürmə vekseli başqa şəxslərə
verildikdə və həmin şəxslərə vekseldə çatışmayan məlumatları sonradan tamamlamaq
hüququ verildikdə blank vekseli qüvvəsinə malik olur.
Maddə 1006. Köçürmə veksellərinin növləri
1006.1. Köçürmə vekseli veksel verənin özünün sərəncamı ilə verilə bilər.
1006.2. Köçürmə vekseli veksel verənin özünə verilə bilər.
1006.3. Köçürmə vekseli üçüncü şəxsin hesabına verilə bilər.
Maddə 1007. Köçürmə vekseli üzrə ödəniş yeri
Köçürmə vekseli üçüncü şəxsdə, ödəyicinin yaşayış yerində və ya olduğu yerdə və
ya hər hansı başqa yerdə ödənilməli ola bilər.
Maddə 1008. Veksel üzrə faizlər
1008.1. Təqdim edildikdə və ya təqdim edildikdən sonra müəyyən vaxt ərzində
ödənilməli olan köçürmə vekselində veksel verən şərt qoya bilər ki, veksel məbləğinin
üstünə faizlər hesablanacaqdır.
1008.2. Faiz dərəcəsi vekseldə göstərilməlidir; belə göstəriş olmadıqda şərt
yazılmamış sayılır.
1008.3. Faizlərin hesablanmağa başlandığı gün göstərilmədikdə onlar vekselin
tərtib edildiyi gündən hesablanmalıdır.
Maddə 1009. Veksel məbləği
1009.1. Əgər veksel məbləği həm sözlə, həm də rəqəmlə göstərilmişdirsə, onların
arasında fərq olduqda vekselin yazı ilə göstərilmiş məbləğdə qüvvəsi olur.
1009.2. Əgər köçürmə vekselində məbləğ bir neçə dəfə yazı ilə və bir neçə dəfə
rəqəmlə göstərilmişdirsə, onların arasında fərq olduqda vekselin daha az məbləğdə
qüvvəsi olur.
Maddə 1010. Köçürmə vekselində etibarsız imzalar
Köçürmə vekselində veksel üzrə öhdəlik götürə bilməyən şəxslərin imzaları, saxta
imzalar və ya uydurma şəxslərin imzaları olduqda və ya imzaları atmış və ya adından
imzalar atılmış şəxsləri hər hansı başqa əsasla mükəlləfiyyətli edə bilməyən imzalar
olduqda, digər şəxslərin imzaları qüvvəsini itirmir.
Maddə 1011. Nümayəndəlik səlahiyyəti olmayan şəxsin köçürmə vekselini
imzalaması
Şəxsin adından fəaliyyət göstərmək üçün səlahiyyət almadan onun nümayəndəsi
kimi köçürmə vekselini imzalamış hər bir şəxs veksel üzrə öhdəlikləri özü daşıyır və
əgər veksel üzrə ödənişi həyata keçirmişdirsə, təmsil etdiyi şəxsin malik ola biləcəyi
hüquqlara malik olur. Öz səlahiyyətlərini aşan nümayəndə də eynilə bu vəziyyətdə
olur.
Maddə 1012. Veksel verənin məsuliyyəti
1012.1. Veksel verən aksept və ödəniş üçün məsuliyyət daşıyır.
1012.2. Veksel verən aksept üçün məsuliyyəti öhdəsindən götürə bilər, lakin
ödəniş üçün məsuliyyəti öhdəsindən götürə bilməz.
Maddə 1013. Vekselin aksepti
1013.1. Ödəyici aksept vasitəsilə köçürmə vekselini vaxtında ödəmək öhdəliyini
götürür. Ödənişin həyata keçirilmədiyi halda veksel verən akseptanta qarşı məhkəməyə
iddia verə bilər.
1013.2. Aksept vekseldə yazılı bəyanat vasitəsilə ifadə edilir.
1013.3. Əgər veksel təqdim edildikdən sonra müəyyən müddətdə ödənilməlidirsə
və ya əgər xüsusi şərtə görə veksel aksept üçün müəyyən müddətdə təqdim
edilməlidirsə, akseptə onun verildiyi günün tarixi qoyulmalıdır, bu şərtlə ki, veksel
saxlayan akseptə təqdim edilmə gününün tarixini qoymağı tələb etməsin.
1013.4. Əgər veksel verən köçürmə vekselində ödəniş yeri kimi ödəyicinin yaşayış
yerini və ya olduğu yeri deyil, başqa yeri göstərmişdirsə və bu zaman ödənişin hansı
üçüncü şəxsdə icra edilməli olduğunu göstərməmişdirsə, ödəyici həmin şəxsi aksept
zamanı göstərə bilər.
1013.5. Əgər veksel ödəyicinin yaşayış yerində və ya olduğu yerdə
ödənilməlidirsə, ödəyici akseptdə ödənişin icra edilməli olduğu yerdəki hər hansı
ünvanı göstərə bilər.
Dostları ilə paylaş: |