Azərbaycan Respublikasının Mülki Məcəlləsi


§ 1. Renta haqqında ümumi müddəalar



Yüklə 2.83 Mb.
səhifə24/36
tarix14.09.2018
ölçüsü2.83 Mb.
1   ...   20   21   22   23   24   25   26   27   ...   36
§ 1. Renta haqqında ümumi müddəalar

Maddə 864. Renta müqaviləsi

864.1. Renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür.

864.2. Renta müqaviləsinə görə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir.

Maddə 865. Renta müqaviləsinin forması

865.1. Renta müqaviləsi tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanır.

865.2. Renta ödənilməsi üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutan renta müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

Maddə 866. Daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutan renta müqaviləsinə görə mülkiyyət hüququnun keçməsinin qeydə alınması

Renta ödənilməsi üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutan renta müqaviləsinə görə mülkiyyət hüququnun keçməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır.



Maddə 867. Renta ödənilməsi üçün əmlakın özgəninkiləşdirilməsi

867.1. Renta ödənilməsi üçün özgəninkiləşdirilən əmlakı renta alan renta ödəyicisinin mülkiyyətinə haqq müqabilində və ya pulsuz verə bilər.

867.2. Renta müqaviləsində əmlakın haqq müqabilində verilməsinin nəzərdə tutulduğu halda əmlakın verilməsi və ödənilməsi üzrə tərəflərin münasibətlərinə alğı-satqı haqqında qaydalar, belə əmlakın pulsuz verildiyi halda isə bağışlama müqaviləsi haqqında qaydalar tətbiq edilir, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin qaydaları ilə ayrı hal müəyyənləşdirilməsin və bu, renta müqaviləsinin mahiyyətinə zidd olmasın.

Maddə 868. Daşınmaz əşyanın renta ilə yüklülüyü

868.1. Renta torpaq sahəsini, binanı, qurğunu və ya onun ödənilməsi üçün verilmiş başqa daşınmaz əşyanı yüklü edir. Renta ödəyicisi belə əşyanı özgəninkiləşdirdikdə onun renta müqaviləsi üzrə öhdəlikləri əldə edənə keçir.

868.2. Renta ilə yüklü olan daşınmaz əşyanı başqa şəxsin mülkiyyətinə vermiş şəxs renta alanın renta müqaviləsinin pozulması ilə əlaqədar əmələ gəlmiş tələbləri üzrə həmin şəxslə subsidiar məsuliyyət daşıyır, bir şərtlə ki, bu Məcəllədə və ya müqavilədə bu öhdəlik üzrə birgə məsuliyyət nəzərdə tutulmasın.

Maddə 869. Renta ödənilməsinin təmin edilməsi

869.1. Torpaq sahəsi və ya digər daşınmaz əşya renta ödənilməsi üçün verildikdə renta alan renta ödəyicisinin öhdəliyinin təminatından ötrü həmin əşyaya girov hüququ əldə edir.

869.2. Pul məbləğinin və ya başqa daşınar əşyanın renta ödənilməsi üçün verilməsini nəzərdə tutan müqavilənin mühüm şərti renta ödəyicisinin öz öhdəliklərinin icrasına təminat vermək və ya bu öhdəliklərin icra olunmaması, ya da lazımınca icra olunmaması üçün məsuliyyət riskini renta alanın xeyrinə sığorta etdirmək vəzifəsini müəyyənləşdirən şərtdir.

869.3. Renta ödəyicisi bu Məcəllənin 869.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə renta şərtlərinin təminatı renta alanın cavabdeh olmadığı hallara görə itirildikdə və ya pisləşdikdə renta alanın renta müqaviləsini ləğv etmək və müqavilənin ləğvi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək ixtiyarı vardır.



Maddə 870. Rentanın forması və miqdarı

870.1. Renta müqavilə ilə müəyyənləşdirilmiş miqdarda pulla ödənilir. Renta müqaviləsində rentanın dəyərcə onun pul məbləğinə uyğun əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi yolu ilə ödənilməsi nəzərdə tutula bilər.

870.2. Renta müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ödənilən rentanın miqdarı minimum əmək haqqının miqdarının artırılmasına proporsional surətdə artırılır.

§ 2. Daimi renta

Maddə 871. Daimi renta alan

871.1. Daimi renta alanlar yalnız fiziki şəxslər, habelə qeyri-kommersiya təşkilatları ola bilərlər, bir şərtlə ki, bu, qanuna zidd olmasın və onların fəaliyyətinin məqsədlərinə uyğun gəlsin.

871.2. Daimi renta müqaviləsi üzrə renta alanın hüquqları bu Məcəllənin 871.1-ci maddəsində göstərilmiş şəxslərə tələbin güzəşti yolu ilə verilə bilər və vərəsəlik üzrə və ya hüquqi şəxslər yenidən təşkil olunduqda hüquq varisliyi qaydasında keçə bilər, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın.

Maddə 872. Daimi rentanın ödənilməsi müddətləri

Əgər daimi renta müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, daimi renta hər təqvim rübünün sonunda ödənilir.



Maddə 873. Ödəyicinin daimi rentanı satın almaq hüququ

873.1. Daimi renta ödəyicisinin onu satın almaq ixtiyarı vardır.

873.2. Əgər müqavilədə satınalmanın başqa qaydası nəzərdə tutulmayıbsa, renta alan bütün satınalma məbləğini alanadək renta ödənilməsi öhdəliyinə xitam verilmir.

873.3. Daimi renta ödəyicisinin rentanı satın almaq hüququndan imtina etməsi haqqında daimi renta müqaviləsinin şərti əhəmiyyətsizdir.

873.4. Müqavilədə nəzərdə tutula bilər ki, daimi rentanı satın almaq hüququ renta alanın sağlığında və ya başqa müddət ərzində həyata keçirilə bilməz.

Maddə 874. Renta alanın tələbi ilə daimi rentanın satın alınması

874.0. Daimi renta alan aşağıdakı hallarda ödəyicinin rentanı satın almasını tələb edə bilər:

874.0.1. daimi renta müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, renta ödəyicisi onun ödənilməsini bir ildən çox gecikdirdikdə;

874.0.2. renta ödəyicisi renta ödənişini təmin etmək öhdəliklərini pozduqda;

874.0.3. onun rentanı müqavilə ilə müəyyənləşdirilmiş miqdarda və müddətlərdə ödəməyəcəyinə aşkar dəlalət edən hallar yarandıqda;

874.0.4. renta ödənilməsi üçün verilmiş daşınmaz əmlak ümumi mülkiyyətə daxil olduqda və ya bir neçə şəxs arasında bölüşdürüldükdə;

874.0.5. müqavilədə nəzərdə tutulmuş digər hallarda.

Maddə 875. Daimi rentanın satınalma qiyməti

875.1. Bu Məcəllənin 873 və 874-cü maddələrində nəzərdə tutulmuş hallarda daimi renta ona dair müqavilə ilə müəyyənləşdirilmiş qiymətlə satın alınır.

875.2. Daimi renta ödənilməsindən ötrü əmlakın haqq müqabilində verilməsi üçün əsas götürülən daimi renta müqaviləsində satınalma qiyməti haqqında şərt olmadıqda satınalma ödəniləsi rentanın illik məbləğinə uyğun qiymətlə həyata keçirilir.

875.3. Daimi renta ödənilməsindən ötrü əşyanın pulsuz verilməsi üçün əsas götürülən daimi renta müqaviləsində satınalma qiyməti haqqında şərt olmadıqda, satınalma qiymətinə renta ödənişlərinin illik məbləği ilə yanaşı, verilmiş əşyanın qiyməti də daxil edilir.



Maddə 876. Daimi renta ödənilməsi üçün verilmiş əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski

876.1. Daimi renta ödənilməsi üçün pulsuz verilmiş əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski renta ödəyicisinin üzərinə düşür.

876.2. Daimi renta ödənilməsi üçün haqq müqabilində verilmiş əşya təsadüfən məhv olduqda və ya təsadüfən zədələndikdə ödəyici müvafiq olaraq, rentanın ödənilməsi öhdəliyinə xitam verilməsini və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsini tələb edə bilər.

§ 3. Ömürlük renta

Maddə 877. Ömürlük renta alan

877.1. Ömürlük renta əşyanı renta ödənilməsi üçün verən fiziki şəxsin sağlığı dövrü üçün və ya onun göstərdiyi başqa fiziki şəxsin sağlığı dövrü üçün müəyyənləşdirilə bilər.

877.2. Ömürlük rentanın bir neçə fiziki şəxsin xeyrinə müəyyənləşdirilməsinə yol verilir və əgər ömürlük renta müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, renta almaq hüququnda onların payları bərabər sayılır.

877.3. Əgər ömürlük renta müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, renta alanlardan biri öldükdə renta almaq hüququnda onun payı ondan çox yaşayan renta alanlara keçir. Sonuncu renta alan öldükdə rentanı ödəmək öhdəliyinə xitam verilir.

877.4. Müqavilənin bağlandığı məqamda sağ olmayan fiziki şəxsin xeyrinə ömürlük renta müəyyənləşdirən müqavilə əhəmiyyətsizdir.

Maddə 878. Ömürlük rentanın ödənilməsi müddətləri

Əgər ömürlük renta müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ömürlük renta hər təqvim ayının sonunda ödənilir.



Maddə 879. Renta alanın tələbi ilə ömürlük renta müqaviləsinin ləğv edilməsi

879.1. Renta ödəyicisi ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alan renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi tələb edə bilər.

879.2. Əgər ömürlük renta ödənilməsi üçün mənzil, yaşayış evi və ya başqa əmlak pulsuz özgəninkiləşdirilmişdirsə, renta ödəyicisi müqaviləni əhəmiyyətli dərəcədə pozduqda renta alan həmin əmlakın qaytarılmasını və onun dəyərinin rentanın satınalma qiyməti ilə əvəzləşdirilməsini tələb edə bilər.

Maddə 880. Ömürlük renta ödənilməsi üçün verilmiş əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski

Ömürlük renta ödənilməsi üçün verilmiş əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi renta ödəyicisini ömürlük renta müqaviləsində nəzərdə tutulmuş şərtlər əsasında rentanı ödəmək öhdəliyindən azad etmir.



49-cu fəsil. Barışıq razılaşması və mövcud borcun etirafı haqqında mücərrəd müqavilə (12)

Maddə 881. Barışıq razılaşması haqqında müqavilə

881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.

881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda:

881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin;

881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir.

881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir.



881.4. Əgər barışıq razılaşması məhkəmə qaydasında protokol şəklində bağlanmışdırsa və ya əgər notariat qaydasında təsdiqlənmiş barışıq razılaşmasının iştirakçılarından biri üçün digər iştirakçının müəyyən iddiaları ilə əlaqədar dərhal icraata başlanırsa, onda icraat istər barışıq razılaşması üzrə, istərsə də hüquqi qüvvəsi olan məhkəmə qərarı üzrə həyata keçirilə bilər.

881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur. (12)



Maddə 882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə

882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur.



882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.

882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. (12, 23)

50-ci fəsil. Sığorta

§ 1. Sığorta haqqında ümumi müddəalar

Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi

883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

883.2. Təkrarsığorta müqaviləsi təkrarsığortalının müvafiq təkrarsığorta haqqı ödəməsi müqabilində sığortaladığı risklərin bütövlükdə və ya bir hissəsinin təkrarsığortaçıya ötürülməsi və ya onunla bölüşdürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. (28)

Maddə 884. Sığorta münasibətlərinin subyektləri

884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.

884.2. Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir.

884.3. Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.

884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir.

884.5. Sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz.

884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.

884.6-1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayılır.

884.6-2. Şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən sayılır.

884.7. Təkrarsığortaçı ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı tərəfindən bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri əsasında sığortalanmış (təkrarsığortalanmış) riskləri təkrarsığortalayan (təkrarsığortaya qəbul edən) təkrarsığorta müqaviləsinin tərəfidir.

884.8. Təkrarsığortalı sığortaladığı və ya təkrarsığortaladığı riskləri təkrarsığorta müqaviləsi əsasında təkrarsığorta etdirən (təkrarsığortaya ötürən) sığortaçı və ya təkrarsığortaçıdır. (28, 51)

Maddə 885. Sığorta sahələri

885.1. Sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyri-həyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür.

885.2. Həyat və qeyri-həyat sığortası sahələrinin hər biri «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində nəzərdə tutulmuş sığorta siniflərindən ibarətdir.

885.3. Həyat sığortası sahəsinə aid olan sığorta sinifləri sığorta obyektinə görə yalnız şəxsi sığortaya aiddir.

885.4. Qeyri-həyat sığortası sahəsinə aid olan sığorta sinifləri həm şəxsi, həm də əmlak sığortasına aid ola bilər. (28, 51)

Maddə 886. Sığorta obyekti və sığorta predmeti

886.1. Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir.

886.2. Qanunazidd mənafelər, həmçinin qanuni, lakin sığortalanması qanunla qadağan olunan mənafelər, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və digər qanunlarda nəzərdə tutulmuş cərimələr, habelə oyunlarda, mərclərdə, lotereyalarda iştirakla bağlı mənafelər sığorta obyekti ola bilməz.

886.3. Sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır. (11, 28, 51)

Maddə 887. Şəxsi sığortanın obyekti

Şəxsi sığortanın obyektləri sığortalının və ya sığorta olunanın həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə bağlı əmlak mənafeləridir. Şəxsi sığorta zamanı həm sığortalı özü, həm də müqavilədə göstərilən başqa şəxs (sığorta olunan) sığortalana bilər. (28)

Maddə 888. Əmlak sığortasının obyekti

888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir.

888.2. Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır.

888.3. Mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır.

888.4. Qarışıq maliyyə risklərinin, kredit risklərinin, ticarət və investisiya risklərinin, tapşırıq və qarantiya risklərinin, məhkəmə xərclərinin, habelə bu Məcəllənin 888.1-ci maddəsində nəzərdə tutulmuş əmlak mənafeləri ilə bağlı digər risklərin sığortası da obyektinə görə əmlak sığortasına aid edilir. (28)

Maddə 889. Sığorta marağı

889.1. Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.

889.2. Sığorta marağının mövcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir.

889.3. Sığortalının öz həyatı, habelə arvadının (ərinin), valideynlərinin, uşaqlarının, işçilərinin, işəgötürəninin, borclusunun, qəyyumunun, qəyyumluğunda olan şəxsin həyatı ilə bağlı sığorta marağı mövcuddur.

889.4. Sığorta marağı mövcud olmadan bağlanan sığorta müqaviləsi bağlandığı andan etibarsızdır.

889.5. Sığorta marağının gələcəkdə əldə edilməsi ehtimalı müvafiq sığorta müqaviləsinin bağlanması üçün əsas deyil.

889.6. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta marağı itərsə, sığorta müqaviləsinə xitam verilməlidir.

889.7. Əmlak sığortası üzrə sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı mövcud olmadıqda, həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir. (28, 51)

Maddə 890. Təkrarsığorta

890.1. Təkrarsığorta sığortaçının sığorta müqaviləsi üzrə sığortaladığı və ya təkrarsığortaladığı risklərin bütövlükdə, yaxud bir hissəsinin sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada təkrarsığortaçı ilə bölüşdürülməsi və ya təkrarsığortaçıya ötürülməsidir.

890.2. Təkrarsığortanın şərtləri təkrarsığortaçı və təkrarsığortalı arasında yazılı formada bağlanan təkrarsığorta müqaviləsi ilə müəyyən edilir.

890.3. Bu Məcəllənin 940-cı maddəsində təminat şəhadətnaməsi üçün müəyyən edilmiş bütün məlumatlar təkrarsığorta müqaviləsində göstərilməlidir.

890.4. Sığortaçı və ya təkrarsığortaçı sığorta və ya təkrarsığorta müqavilələri üzrə sığortaladığı (təkrarsığortaladığı) riskləri təkrarsığorta etdirərkən, müvafiq sığortalıların və ya təkrarsığortalıların razılığı tələb olunmur.

890.5. Təkrarsığorta fakultativ və ya obliqator formada, mütənasib və ya qeyri-mütənasib növlər üzrə aparıla bilər.

890.6. Mütənasib təkrarsığorta müvafiq sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsinin baş verdiyi təqdirdə, təkrarsığortaçının təkrarsığorta müqaviləsi üzrə qəbul etdiyi sığorta riskinə mütənasib məbləğdə sığorta ödənişi vermək öhdəliyinin müəyyən edildiyi təkrarsığorta növüdür.

890.7. Qeyri-mütənasib təkrarsığorta müvafiq sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsinin baş verdiyi təqdirdə, təkrarsığortaçının təkrarsığortalının şəxsi tutumundan artıq olan məbləğdə sığorta ödənişi vermək öhdəliyinin müəyyən edildiyi təkrarsığorta növüdür.

890.8. Fakultativ təkrarsığorta hər bir riskin ayrılıqda qiymətləndirilməsinə əsasən onun təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığortanın formasıdır.

890.9. Obliqator təkrarsığorta təkrarsığorta müqaviləsi ilə müəyyən olunan şərtlərə cavab verən bütün risklərin təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığortanın formasıdır. (28, 51)

Maddə 891. Sığortaçının (təkrarsığortaçının) təkrarsığorta müqaviləsinə görə sığortalı (təkrarsığortalı) qarşısında öhdəliyi

891.1. Bu Məcəllənin 891.2-ci maddəsi nəzərə alınmaqla, sığorta müqaviləsi üzrə sığortaladığı riskləri təkrarsığorta etdirən sığortaçı (təkrarsığorta müqaviləsinə əsasən təkrarsığortalı) həmin sığorta müqaviləsinə görə sığortalı qarşısında tam və birbaşa öhdəlik daşıyır.

891.2. Sığortaçı sığortalının aşkar yazılı təkidi ilə seçilən təkrarsığortaçının öz öhdəliklərini icra edə bilmədiyi həddə müvafiq sığorta müqaviləsi üzrə vəzifəsini yerinə yetirməkdən azaddır.

891.3. Bu Məcəllənin 891.4-cü maddəsi nəzərə alınmaqla, təkrarsığorta müqaviləsi üzrə təkrarsığortaladığı riskləri yenidən təkrarsığorta etdirən təkrarsığortaçı təkrarsığortalı qarşısında tam və birbaşa öhdəlik daşıyır.

891.4. Təkrarsığortaçı müvafiq riskləri təkrarsığortalının aşkar yazılı təkidi ilə seçilən təkrarsığortaçıda yenidən təkrarsığorta etdirərsə, müvafiq təkrarsığorta müqaviləsi üzrə vəzifəsini yerinə yetirməkdən ikinci təkrarsığortaçının öhdəliklərini icra edə bilmədiyi həddə azaddır. (28)

Maddə 892. Təkrarsığortaçının sənədləri tələb etmək hüququ

Təkrarsığortaçı təkrarsığortalıdan müvafiq sığorta qaydalarını və müqavilələrini, həmçinin sığorta hadisəsi baş verdikdə, müvafiq təsdiqedici sənədləri və ya onların surətlərini tələb etmək hüququna malikdir. (28)

Maddə 893. Şərikli sığorta

893.1. Şərikli sığorta bir neçə sığortaçının aralarında bağladıqları müqaviləyə müvafiq olaraq, sığorta ödənişi üzrə öhdəlikləri bölüşdürməklə sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta risklərini eyni zamanda sığortalamaları ilə bağlı fəaliyyət və bununla əlaqədar yaranan münasibətlərdir.

893.2. Sığorta obyekti bir müqavilə ilə bir neçə sığortaçı tərəfindən sığortalana bilər. Bu müqavilədə hər bir sığortaçının razılaşdırılmış paylar əsasında hüquq və vəzifələrini müəyyən edən şərtlər olmalıdır.

893.3. Sığortalı qarşısında öhdəliyi öz payı miqdarında olmaqla şərikli sığortaçılardan biri sığortalı ilə münasibətdə bütün şərikləri təmsil edə bilər.

893.4. Müvafiq sığorta növü üzrə fəaliyyət göstərməyə icazəsi olmayan sığortaçı şərikli sığortada iştirak edə bilməz. (28)

Maddə 894. Qrup halında sığorta

894.1. Qrup halında sığorta zamanı bir sığorta müqaviləsi ilə bir neçə sığorta predmeti sığortalanır.

894.2. Qrup halında sığorta həm şəxsi, həm də əmlak sığortası üzrə aparıla bilər.

894.3. Şəxsi sığortaya aid olan qrup halında sığorta zamanı sığortalı sığorta olunanın kimliyi göstərilən sığorta müqaviləsində sığorta olunan şəxslərin hər birini sığorta müqaviləsinin onlara aid olan bütün şərtləri ilə tanış etməlidir. Bu halda sığorta olunanların sığorta müqaviləsi ilə müvafiq şəkildə tanış edilməsini təsdiq edən sənəd (siyahı və s.) sığorta şəhadətnaməsinin ayrılmaz tərkib hissəsidir. Qrup halında sığorta zamanı şəxsi sığorta müqaviləsində sığorta olunanın kimliyi göstərildikdə və ya əmlak sığortası müqaviləsində sığortalanan əmlak fərdi şəkildə qeyd olunduqda, tərəflər arasında razılaşmaya əsasən, müvafiq olaraq sığorta olunan şəxslərin hər birinə, yaxud hər bir sığortalanan əmlaka görə sığorta şəhadətnaməsi verilə bilər.

894.4. Qrup halında sığorta zamanı sığorta olunanın kimliyi göstərilməyən şəxsi sığorta müqaviləsində və ya sığortalanan əmlak fərdi şəkildə qeyd olunmayan əmlak sığortası müqaviləsində sığorta olunan şəxslərin və ya əmlak sığortası müqaviləsində sığortalanan əmlakın dairəsi o dərəcədə konkretləşdirilməlidir ki, sığorta hadisəsini, onun nəticələrini və sığorta predmeti üzrə verilməli olan sığorta ödənişinin miqdarını müvafiq olaraq hər bir sığorta olunana və ya sığortalanan əmlaka münasibətdə fərdiləşdirmək mümkün olsun. (28)

Maddə 895. İkili (çoxqat) sığorta

895.1. Sığorta müqaviləsi bağlanan andakı həqiqi, yəni sığorta dəyərindən artıq məbləğdə əmlakın eyni risklərdən iki və ya daha çox sığortaçıda sığortalanması halında (ikili və ya çoxqat sığorta halında), sığorta hadisəsinin baş verdiyi zaman dəyən zərər üzrə sığortaçılardan hər biri onunla bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib qaydada, ümumilikdə sığorta dəyərindən artıq olmamaq şərtilə öhdəlik daşıyır.

895.2. Əmlak sığortalı tərəfindən qanunsuz gəlir əldə etmək məqsədi ilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun həqiqi dəyərindən artıq məbləğə sığorta etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Bu halda sığortalının qanunsuz gəlir əldə etmək məqsədi məhkəmə qaydasında sübut edilməlidir. (28, 51)

Maddə 896. Qismən sığorta

896.1. Əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun.

896.2. Sığorta hadisəsi nəticəsində qismən sığortalanmış əmlakın tam məhv olması halında sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına olan hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyərinə olan nisbətində keçir.

896.3. Bu Məcəllənin 930.1-ci maddəsində nəzərdə tutulmuş halda sığorta hadisəsinin baş verdiyi zaman, sığorta təminatı qismən sığorta kimi qiymətləndirilə bilməz. (28, 51)

Maddə 897. İcbari sığorta

897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur.

897.2. Xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxs sığortalanmadığını bildikdə, onu sığorta etdirmək vəzifəsi olan şəxsdən sığorta etdirilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

897.3. İcbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə qanunvericiliklə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır.

897.4. İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. (12, 28, 51)

Maddə 898. Azadolma məbləği və gözləmə müddəti

898.1. İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər.

898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.

898.3. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda, və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq edilmir.

898.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda tətbiq edilir.

898.5. Sığorta müqaviləsində gözləmə müddəti nəzərdə tutulduqda, sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin əvəzinin ödənilməsi sığortalının üzərində qalır.

898.6. Şərtli gözləmə müddəti müəyyən edildikdə, sığorta hadisəsinin nəticələrinin həmin müddətə bərabər və ya ondan artıq müddətdə davam etməsi şərti ilə sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə də şamil edilir.

898.7. Sığorta müqaviləsində şərtsiz gözləmə müddəti müəyyən edildikdə, sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmir. (28, 51)




Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə