Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi


Maddə 234. Qətnamənin icra edilməsi



Yüklə 0,77 Mb.
səhifə8/14
tarix14.06.2018
ölçüsü0,77 Mb.
#49117
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Maddə 234. Qətnamənin icra edilməsi

Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.



Maddə 235. çıxarılıb.

Maddə 236. Qətnamənin icrasının təmini

Məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər.



Maddə 237. çıxarılıb.

Fəsil 17. Qiyabi icraat və qiyabi qətnamə

Maddə 238. Qiyabi icraatın əsasları

238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

238.2. İşdə bir neçə cavabdeh iştirak etdikdə, məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə qiyabi icraat qaydasında baxılması mümkündür.

238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır.

238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır.

238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.



Maddə 239. Gəlmiş tərəfin hüququ

Məhkəmə iclasına gəlmiş iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına razı olmadıqda, məhkəmə işin baxılmasını təxirə salır və cavabdehə yeni məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərir.



Maddə 240. Qiyabi qətnamənin yolverilməzliyi

240.1. İşə qiyabi icraatda baxılmasına aşağıdakı hallarda yol verilmir:

240.1.1. gəlməmiş tərəf bu Məcəllə ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə;

240.1.2. tərəf üzürlü səbəbdən məhkəməyə gəlmədikdə və ya məhkəməyə gəlməməyin səbəblərinin təbii fəlakətlə və ya digər qarşısıalınmaz hadisə ilə əlaqədar olması məhkəmədə aşkar məlum olduqda.

240.2. Bu hallarda işə baxılması təxirə salınır.

Maddə 241. Qiyabi icraat qaydası

241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur.

241.3. İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz.

241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

241.5. İddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir.



Maddə 242. Qiyabi qətnamənin məzmunu

Qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.



Maddə 243. Qiyabi qətnamənin surətinin rəsmi qaydada verilməsi

Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir.



Maddə 244. Qiyabi qətnamədən şikayət verilməsi

Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.



Maddə 245. Qiyabi qətnamənin ləğvi haqqında ərizənin məzmunu

245.1. Qiyabi qətnamənin ləğvi haqqında ərizədə aşağıdakılar göstərilməlidir:

245.1.1. qiyabi qətnamə çıxaran məhkəmənin adı;

245.1.2. ərizə verən şəxsin adı;

245.1.3. cavabdehin məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən sübutlar;

245.1.4. ərizə verən şəxsin xahişi;

245.1.5. ərizəyə əlavə edilmiş materialların siyahısı.

245.2. Qiyabi qətnamənin ləğvi haqqında ərizə cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi və işdə iştirak edən şəxslərin sayına müvafiq surətdə tərtib edilərək, işə baxan məhkəməyə təqdim edilir.

245.3. Ərizədən dövlət rüsumu alınmır.

Maddə 246. Qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina

Qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina edildikdə apellyasiya şikayətindən imtina edilməsi haqqında qaydalar tətbiq edilir.



Maddə 247. Ərizəni qəbul etdikdən sonra hakimin hərəkətləri

Məhkəmə ərizənin baxılma yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə xəbər verir və onlara ərizənin və ərizəyə əlavə edilmiş materialların surətlərini göndərir.



Maddə 248. Ərizəyə baxılması

Qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur.



Maddə 249. Məhkəmənin səlahiyyətləri

Hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır.



Maddə 250. Qiyabi qətnamənin ləğvi üçün əsaslar

Əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir.



Maddə 251. İşə baxılmanın təzələnməsi

Qiyabi məhkəmə qətnaməsini ləğv edərkən hakim, işə mahiyyəti üzrə baxılmasını təzələyir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlmədikdə, işə yenidən baxılarkən çıxarılan məhkəmə qətnaməsi qiyabi qətnamə hesab edilmir. Cavabdehin qiyabi icraat qaydasında bu qətnaməyə yenidən baxılması üçün təkrar ərizə vermək hüququ yoxdur.



Maddə 252. Qiyabi qətnamənin qanuni qüvvəyə minməsi

Qiyabi qətnamə bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir.



Maddə 253. Qiyabi icraat qaydasında qəbul edilmiş məhkəmə aktlarından şikayət verilməsi

253.1. Qiyabi məhkəmə qətnaməsi ziyanına ləğv olunmuş tərəf çıxarılmış qərardaddan apellyasiya qaydasında şikayət verə bilməz.

253.2. Apellyasiya qaydasında aşağıdakılardan şikayət verilə bilər:

253.2.1. bu Məcəllənin 241.5-ci və 251-ci maddələrində nəzərdə tutulmuş qaydada qətnamə qəbul edildikdə;

253.2.2. cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə;

253.2.3. çıxarılıb.

253.3. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər.

Fəsil 18. İş üzrə icraatın dayandırılması

Maddə 254. Məhkəmənin icraatı dayandırmaq vəzifəsi

254.1. Hakim aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır:

254.1.1. işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin xitamına yol verərsə;

254.1.2. tərəf fəaliyyət qabiliyyətini itirərsə;

254.1.3. iddiaçı, yaxud cavabdeh Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi əməliyyatlarında olduqda;

254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa; (28)

254.1.5. Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qərarının tanınması və icra edilməsi haqqında ərizə olarsa.

254.1.6. məhkəmə bu məcəllənin 13.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etdikdə.

254.2. Məhkəmə qanunla nəzərdə tutulan digər hallarda da iş üzrə icraatı dayandırır.



Maddə 255. Məhkəmənin icraatı dayandırmaq hüququ

255.0. Hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə aşağıdakı hallarda iş üzrə icraatı dayandıra bilər:

255.0.1. tərəf Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və başqa silahlı birləşmələrində çağırış üzrə hərbi xidmətdə olduqda və ya digər dövlət vəzifəsini yerinə yetirməyə cəlb edildikdə;

255.0.2. tərəf uzunmüddətli qulluq ezamiyyətində olduqda;

255.0.3. tərəf müalicə müəssisəsində olduqda;

255.0.4. bu Məcəllə ilə nəzərdə tutulan hallarda cavabdeh axtarıldıqda;

255.0.5. məhkəmə tərəfindən ekspertiza təyin olunduqda;

255.0.6. xarici dövlətlərin məhkəmələrinə məhkəmə tapşırığı göndərildikdə.

255.0.7. qəyyumluq və himayəçilik orqanının iş üzrə rəy verməsi tələb olunduqda.



Maddə 256. İcraatı dayandırma müddətləri

256.0. İş üzrə icraat aşağıdakı hallarda dayandırılır:

256.0.1. bu Məcəllənin 254.1.1 və 254.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda çıxmış şəxsin hüquq varisi müəyyən edilənə və ya fəaliyyət qabiliyyəti olmayan şəxs üçün nümayəndə təyin edilənədək;

256.0.2. bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda tərəfin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək, qulluq ezamiyyətindən qayıdanadək, tərəfin müalicə müəssisəsindən buraxılmasınadək, cavabdehin, axtarışının nəticələri məlum olanadək ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək, məhkəmə tapşırığına cavab alınanadək;

256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər;

256.0.4. bu Məcəllənin 254.1.5-ci maddəsi ilə nəzərdə tutulan halda Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən ərizəyə baxılanadək.



256.0.5. bu məcəllənin 254.1.6-cı maddəsi ilə nəzərdə tutulan halda məhkəmə müraciəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı dərc olunanadək.

Maddə 257. İcraatın təzələnməsi

İşin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir.



Maddə 258. İş üzrə icraatın dayandırılması və təzələnməsi qaydası

258.1. İş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır.

258.2. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər.

Fəsil 19. Ərizənin baxılmamış saxlanması

Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları

259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır:

259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə;

259.0.2. ərizə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilmişsə;

259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda;

259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa;

259.0.5. qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa;

259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə;

259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə;

259.0.8. qanuna, digər normativ hüquqi akta və müqaviləyə əsasən bank və kredit müəssisəsi vasitəsi ilə almalı olduğu halda iddiaçı cavabdehdən borcun alınması barədə banka, yaxud digər kredit müəssisəsinə müraciət etməmişsə;

259.0.9. dövlət qeydiyyatından imtina edilməsi, yaxud boyun qaçırılması barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə;

259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə;

259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə;

259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda.



Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri

260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır.

260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir.

260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər.

260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.

260.5. Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir.

260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.

Fəsil 20. İş üzrə icraata xitam verilməsi

Maddə 261. İcraata xitam verilmə əsasları

261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:

261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə;

261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;

261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə;

261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa;

261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə;

261.0.6. eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair, məhkəmə münsiflər məhkəməsinin qətnaməsinin məcburi icra olunması üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya işi yenidən baxılmaq üçün qətnaməni qəbul etmiş münsiflər məhkəməsinə qaytardığı, lakin işə həmin münsiflər məhkəməsində baxılmasının mümkün olmadığı hallardan başqa, münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa;

261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə;

261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa;

261.0.9. məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə.

Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri

262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.

262.3. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.

262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.



Fəsil 21. Məhkəmə qərardadları

Maddə 263. Qərardadın çıxarılması qaydası

263.1. İş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır.

263.2. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır.

263.3. Qərardad müşavirə otağında müstəqil akt şəklində qəbul edilir, hakim yaxud hakimlər tərəfindən imzalanır və qəbul edildikdən dərhal sonra həmin məhkəmə iclasında elan olunur.

263.4. Məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxara bilər.

263.5. Qərardad şifahi elan olunur və məhkəmənin iclas protokoluna yazılır. Qərardadda onun hansı məsələ üzrə çıxarıldığı, məhkəmənin gəldiyi nəticələrin səbəbləri və baxılan məsələ üzrə nəticə göstərilir.

263.6. Məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir.

Maddə 264. Qərardadın məzmunu

264.0. Ayrıca akt şəklində qəbul edilən qərardadda aşağıdakılar göstərilməlidir:

264.0.1. qərardadın çıxarılma vaxtı və yeri;

264.0.2. qərardadı çıxaran məhkəmənin adı, hakim və ya məhkəmənin tərkibi və məhkəmənin iclas katibi;

264.0.3. işdə iştirak edən şəxslər, mübahisənin predmeti və ya irəli sürülmüş tələb;

264.0.4. qərardadın hansı məsələ barədə çıxarılması;

264.0.5. məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi;

264.0.6. baxılan məsələ üzrə nəticə;

264.0.7. qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti.

Maddə 265. Məhkəmənin xüsusi qərardadları

265.1.çıxarılıb.

265.2. çıxarılıb.

265.3. çıxarılıb.

Cərimənin qoyulması müvafiq vəzifəli şəxsi məhkəmənin xüsusi qərardadına əsasən görülmüş tədbirlər haqqında məlumat vermək vəzifəsindən azad etmir.

265.4. Məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

265.5. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verir.

265.6. çıxarılıb.



Maddə 266. Məhkəmə qərardadının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsi

266.1. Məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir.

266.2. Bu Məcəlləyə müvafiq olaraq şikayət verilə bilən qərardadlar işdə iştirak edən şəxslərə və aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilərkən, bu barədə məhkəməyə məlumat verilməlidir.

Maddə 267. Qərardadlardan şikayət verilməsi

267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.

267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər.

267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.



Maddə 268. Şikayətin verilmə müddəti

268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.

268.2. Qəradad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır.

Maddə 269. Şikayətə baxılması

269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır.

269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir.

269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir.



Fəsil 22. Protokollar

Maddə 270. Protokolun tərtib edilməsinin məcburiliyi

Məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayrıca prosessual hərəkət barədə protokol tərtib edilir.



Maddə 271. Protokolun məzmunu

271.1. Məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir.

271.2. Məhkəmə iclasının protokolunda aşağıdakılar göstərilir:

271.2.1. məhkəmə iclasının ili, ayı, günü və yeri;

271.2.2. məhkəmə iclasının başlanma və qurtarma vaxtı;

272.2.3. işə baxan məhkəmənin adı, hakim, məhkəmənin tərkibi və məhkəmə iclasının katibi;

271.2.4. işin adı;

271.2.5. işdə iştirak edən şəxslərin, nümayəndələrin, şahidlərin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin gəlməsi haqqında məlumatlar;

271.2.6. işdə iştirak edən şəxslərin anket məlumatları (doğum tarixi, iş və yaşayış yeri);

271.2.7. işdə iştirak edən şəxslərə, nümayəndələrə, habelə tərcüməçiyə, ekspertlərə, mütəxəssislərə onların prosessual hüquq və vəzifələrinin elan edilməsinə dair məlumatlar;

271.2.8. sədrlik edənin sərəncamları və iclas zalından çıxmadan məhkəmə tərəfindən çıxarılmış qərardadlar;

271.2.9. işdə iştirak edən şəxslərin və nümayəndələrin ərizələri, vəsatətləri və izahatları;

271.2.10. şahidlərin ifadələri, ekspertlərin öz rəyləri barədə şifahi izahatları, mütəxəssislərin izahları;

271.2.11. yazılı sübutların elan edilməsinə dair məlumatlar, maddi sübutların müayinəsinə, səs yazılarının dinlənilməsinə, videoyazılara baxılmasına dair məlumatlar;

271.2.12. dövlət orqanlarının və yerli özünüidarə orqanlarının nümayəndələrinin rəyləri;

271.2.13. məhkəmə çıxışlarının məzmunu;

271.2.14. qətnamənin və qərardadların elan edilməsi və məzmununun izah edilməsi, şikayət vermə qaydasının və müddətlərinin izah edilməsi haqqında məlumatlar;

271.2.15. işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının izah olunmasına dair məlumatlar;

271.2.16. protokolun tərtib olunma tarixi.

271.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmənin mülahizəsinə əsasən protokolu tərəflər imzalaya bilərlər.



Maddə 272. Protokolun tərtib olunması

272.1. Protokolun tərtib edilməsinə məhkəmə katibi cəlb olunur. Məhkəmə katibin cəlb olunmasından imtina edə bilər. Protokolu hakim özü, məhkəmə iclasında sədrlik edən və ya işə baxan məhkəmə tərkibinin digər hakimi tərtib edə bilər. Bu zaman onlar kompüterdən və ya digər köməkçi vasitələrdən istifadə edə bilərlər.

272.2. Bu Məcəllənin 272.1.-ci maddəsi məhkəmə iclasından kənar məhkəmənin qəbul etdiyi prosessual hərəkətlərə də şamil olunur.

272.3. Protokol asan oxunan yazılı formada tərtib olunmalıdır.

272.4. Protokolun tərtib olunmasının tamlığını təmin etmək üçün məhkəmə səsyazma vasitələrindən istifadə edə bilər.

272.5. İşdə iştirak edən şəxslər və nümayəndələr protokolun hər hansı hissəsinin elan edilməsinə, iş üçün əhəmiyyətli hesab etdikləri hallar barədə məlumatların protokolda qeyd edilməsinə dair vəsatətlər verə bilərlər.

272.6. Hərəkət və ya mülahizələr mübahisəyə aid olmadıqda məhkəmə onları protokola qeyd etməkdən imtina edə bilər. Bu məsələ ilə əlaqədar məhkəmənin qərarı mübahisələndirilə bilməz, o, protokola qeyd edilməlidir.

272.7. Protokol məhkəmə iclası qurtardıqdan sonra 10 gündən gec olmayaraq, ayrıca prosessual hərəkətlər barədə protokol isə onun edildiyindən sonrakı gündən gec olmayaraq tərtib edilməli və imzalanmalıdır,

272.8. Protokol hakim tərəfindən tərtib edildiyi halda onun tərəfindən, katib tərəfindən tərtib edildikdə isə hakim və ya işə kollegial baxıldığı halda sədrlik edən və katib tərəfindən imzalanmalıdır. Protokolda dəyişikliklər, əlavələr və düzəlişlər əvvəlcədən razılaşdırılmalı və onların imzaları ilə təsdiq edilməlidir.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə