Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi


Maddə 273. Protokola dair qeydlər



Yüklə 0,77 Mb.
səhifə9/14
tarix14.06.2018
ölçüsü0,77 Mb.
#49117
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   14

Maddə 273. Protokola dair qeydlər

İşdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.



Maddə 274. Protokola dair qeydlərə baxılması

274.1. Protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir.

274.2. Protokola dair qeydlərə onların verilməsindən 3 gündən gec olmayaraq baxılmalıdır.

274.3. Zəruri hallarda protokola dair qeydlər vermiş şəxslər və ya işdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları məhkəmə iclasına çağırılırlar.



Fəsil 23. Əmr icraatı

Maddə 275. Məhkəmə əmri

275.1. Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir.

275.2. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir.

Maddə 276. Məhkəmə əmri verilə bilən tələblərin əsasları

276.1. Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər.

276.2. Məhkəmə əmri aşağıdakı hallarda verilə bilər:

276.2.1. tələb notariat qaydasında təsdiq edilmiş əqdə əsaslanırsa;

276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa;

276.2.3. tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa;

276.2.4. tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə;

276.2.5. tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə;

276.2.6. tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə;

276.2.7. tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə;



276.2.8. tələb məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barəsində verilmişdirsə.

Maddə 277. Ərizənin verilməsi

277.1. Məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir.



277.2. Məhkəmə əmri haqqında ərizənin verilməsi üçün on manat dövlət rüsumu ödənilir.

Maddə 278. Ərizənin forması və məzmunu

278.1. Məhkəməyə ərizə yazılı formada verilir.

278.2. Ərizədə aşağıdakılar göstərilməlidir:

278.2.1. ərizənin verildiyi məhkəmənin adı;

278.2.2. kreditor haqqında məlumatlar: soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer;

278.2.3. borclu haqqında məlumatlar: soyadı, adı, atasının adı, iş yeri yaşayış yeri üçün və ya olduğu yer;

278.2.4. kreditorun tələbi və onun əsaslandığı hallar;

278.2.5. tələbin əsaslığını təsdiq edən sənədlər;

278.2.6. əlavə edilən sənədlərin siyahısı.

278.3. Ərizə kreditor və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd və kreditorun əsaslandığı sənədlər əlavə edilməlidir.



Maddə 279. Baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyi

279.1. Məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir.

279.2. Bundan başqa, aşağıdakı hallar da imtina üçün əsasdır:

279.2.1. verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa;

279.2.2. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa;

279.2.3. ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa.

279.3. Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.

279.4. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır.



Maddə 280. Məhkəmə əmrinin çıxarılması qaydası

Məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır.



Maddə 281. Məhkəmə əmrinin məzmunu

281.1. Məhkəmə əmrində aşağıdakılar göstərilməlidir:

281.1.1. icraatın nömrəsi və əmrin çıxarılma tarixi:

281.1.2. Məhkəmənin adı, əmri vermiş hakimin soyadı, adı, atasının adı;

281.1.3. kreditorun və borclunun soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer, iş yeri;

281.1.4. tələbin ödənilməsinin hüquqi əsası;

281.1.5. alınmalı olan pul məbləği və ya dəyəri göstərilməklə alınmalı olan əmlak;

281.1.6. dəbbə pulunun məbləği, əgər onun alınması qanunla və ya müqavilə ilə nəzərdə tutulmuşdursa;

281.1.7. borcludan kreditorun xeyrinə və ya dövlət büdcəsinə tutulmalı olan dövlət rüsumunun məbləği.

281.2. Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment alınması haqqında məhkəmə əmrində bu Məcəllənin 281.1.1--281.1.5-ci maddələrində nəzərdə tutulmuş məlumatlarla yanaşı: borclunun anadan olduğu gün və yer, onun iş yeri, saxlanmaları üçün aliment müəyyən edilən hər bir uşağın adı və anadan olduğu gün, hər ay borcludan tutulan ödəmələrin məbləği və onların tutulma müddəti göstərilir.

281.3. Məhkəmə əmri hakim tərəfindən imzalanır və 3 gün müddətində onun surəti təqdimetmə haqqında bildirişlə borcluya təqdim olunur və ya göndərilir.

Maddə 282. Etiraz

Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər.



Maddə 283. İddia icraatına keçid

Borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir.



Maddə 284. Məhkəmə əmrinin icra edilməsi

284.1. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.

284.2. Əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir.

İkinci yarımbölmə. Çıxarılmışdır (33)

Üçüncü yarımbölmə. Xususi icraat

Fəsil 30. Ümumi müddəalar

Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər

305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır:

305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında;

305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında;

305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında;

305.1.4. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında;

305.1.5. itirilmiş adsız qiymətli kağızlar və orderli qiymətli kağızlar üzrə hüquqların bərpa edilməsi haqqında (çağırış icraatı);

305.1.6. şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında;

305.1.7. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında;

305.1.8. notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə;

305.1.9. övladlığa götürmə haqqında ərizələrə;

305.1.10. şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi haqqında;

305.1.11. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında.(30)

305.2. Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər.



Maddə 306. Xüsusi icraat işlərinə baxılması qaydası

306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.

306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.

306.3. Dövlət idarə və təşkilatlarının və ya təsisçiləri dövlət və ya dövlət idarələri, yaxud təşkilatları olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu halda dövlət mənafeyinin müdafiəsi üçün prokuror aşağıdakı işlər üzrə ərizə verə bilər:

306.3.1. mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək haqqında işlər üzrə;

306.3.2. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlər üzrə.

306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. (31)

Fəsil 31. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər

307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır:

307.2.1. şəxslərin qohumluq münasibətlərinin;

307.2.2. şəxsin öhdədə olması faktının;

307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının;

307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının;

307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının;

307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının;

307.2.7. bədbəxt hadisə faktının;

307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;

307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin;

307.2.10. atalığın etiraf olunması faktının;

307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların.



Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər

Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.



Maddə 309. Ərizənin verilməsi

309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

309.2. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir.

Maddə 310. Ərizənin məzmunu

Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.



Maadə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi

Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.



Fəsil 32. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsi

Maddə 312. Ərizənin verilməsi

Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.



Maddə 313. Ərizənin məzmunu

Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir.



Maddə 314. Ərizə verildikdən sonra hakimin hərəkətləri

314.1. Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır.

314.2. Hakim ərizəni qəbul etdikdən sonra, itkin düşən şəxsin əmlakının yerləşdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanına onun əmlakını idarə etmək üçün şəxs (qəyyum) təyin etməyi təklif edə bilər.

Maddə 315. Məhkəmənin ərizə üzrə qətnaməsi

315.1. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi, itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır.

315.2. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır.

Maddə 316. Xəbərsiz itkin düşmüş hesab edilən şəxsin gəlməsinin və ya olduğu yerin aşkar edilməsinin nəticələri

Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır.



Fəsil 33. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi

Maddə 317. Ərizənin verilməsi

317.1. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında iş onun ailə üzvlərinin, müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırıla bilər. (18)

317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.

317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.



Maddə 318. Ərizənin məzmunu

318.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında ərizədə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi nəticəsində şəxsin öz ailəsini ağır maddi vəziyyətdə qoymasını təsdiq edən hallar şərh edilməlidir.

318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir.

Maddə 319. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün ekspertizanın təyin edilməsi

Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər.



Maddə 320. Ərizəyə baxılması

320.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır.

320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır.

320.3. Məhkəmə, ərizə vermiş şəxslərin bilə-bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün vicdansız hərəkətlərini müəyyən etdikdə, məhkəmə xərclərini onlardan tutur və yüz on manatadək cərimə edir.



Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi

321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır.

321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Maddə 322. Şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının ləğv edilməsi və onun fəaliyyət qabiliyyətli hesab edilməsi

322.1. Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə şəxsin özünün, onun ailə üzvlərinin, himayəçinin, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə şəxsin fəaliyyət qabiliyyətinin məhdudluğunun ləğvi barədə qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzərində müəyyən edilmiş himayəçilik ləğv edilir.

322.2. Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə müvafiq icra hakimiyyəti orqanının, ailə üzvlərinin, psixiatriya (psixonevroloji) müəssisəsinin, qəyyumluq və himayəçilik orqanının ərizəsi üzrə, məhkəmə-psixiatriya ekpertizasının müvafiq rəyinə əsasən şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzrində müəyyən edilmiş qəyyumluq ləğv edilir.

Fəsil 34. Daşınar əşyaların sahibsiz hesab edilməsi və daşınmaz əşyalar üzərində dövlətin mülkiyyət hüququnun tanınması

Maddə 323. Ərizənin verilməsi

323.1. Daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir.



323.2. «Paylanmayan poçt göndərişlərinin açılmasına razılıq alınmasına dair ərizə 3 (üç) ayda bir dəfədən az olmayaraq, ünvan sahibinə və ya göndəriciyə çatdırılması mümkün olmayan poçt göndərişlərinin içərisindəki əşyalar, mallar və pul vəsaitlərinin sahibsiz hesab edilməsinə dair ərizə isə «Poçt rabitəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 6 (altı) aylıq saxlama müddəti başa çatdıqdan sonra poçt rabitəsi operatoru tərəfindən məhkəməyə verilir.

323.3. Daşınmaz əşyalar üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında ərizə, dövlət əmlakını idarə etməyə vəkil edilmiş orqan tərəfindən həmin əşyanın olduğu yerin məhkəməsinə verilir.

323.4. Dövlət əmlakını idarə etməyə vəkil edilmiş orqan daşınmaz əşya üzərində hüququn tanınması barədə ərizə ilə dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən həmin əşyanın uçota alındığı gündən bir il ötənə qədər məhkəməyə müraciət edərsə, məhkəmə daşınmaz əşyalar üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında ərizəni qəbul etməkdən imtina edir.

Maddə 324. Ərizənin məzmunu

324.1. Daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir.

324.2. Daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında dövlət əmlakını idarə etməyə vəkil edilmiş orqanın ərizəsində daşınmaz əmlakın kim tərəfindən və nə vaxt sahibsiz kimi uçota götürüldüyü göstərilməli, habelə mülkiyyətçi tərəfindən həmin əşya üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması barədə sübutlar göstərilməlidir.

Maddə 325. Ərizəyə baxılması

325.1. Məhkəmə daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında və ya daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında ərizəyə iş üzrə bütün maraqlı şəxslərin iştirakı ilə baxır.

325.2. Məhkəmə paylanmayan poçt göndərişlərinin açılmasına razılıq alınması haqqında ərizəyə 5 (beş) iş günü ərzində baxmalıdır.

Maddə 326. Məhkəmənin ərizə üzrə qətnaməsi

326.1. Məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır.



326.2. Məhkəmə paylanması mümkün olmayan poçt göndərişlərinin açılmasına razılıq verilməsinə dair ərizəyə baxaraq onu təmin etdikdə, belə razılığın verilməsi barədə, ünvan sahibinə və ya göndəriciyə çatdırılması mümkün olmayan və qanunla müəyyən edilmiş 6 (altı) aylıq saxlama müddəti başa çatmış poçt göndərişinin içərisindəki əşyaların, malların və pul vəsaitlərinin sahibsiz hesab edilməsinə dair ərizəyə baxaraq onu təmin etdikdə, həmin əşyaların, malların və pul vəsaitlərinin sahibsiz hesab edilməsi barədə qətnamə çıxarır.

326.3. Məhkəmə daşınmaz əşyanın mülkiyyətçisinin olmadığını, yaxud əşyanın mülkiyyətçisi tərəfindən onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan qoyulduğunu və müəyyən edilmiş qaydada uçota alındığını müəyyən edərsə, daşınmaz əşyanın sahibsiz hesab edilməsi və onun üzərində dövlət mülkiyyəti hüququnun tanınması barədə qətnamə çıxarır.

Fəsil 35. İtirilmiş sənədlər üzrə onları təqdim edən şəxsin hüquqlarının bərpa edilməsi (çağırış icraatı)

Maddə 327. Ərizənin verilməsi

327.1. Adsız qiymətli kağızı və ya orderli qiymətli kağızı (bundan sonra—sənəd) itirmiş şəxs, qanunda göstərilmiş hallarda, itirilmiş sənədin etibarsız hesab edilməsi və həmin sənədlər üzrə hüquqların bərpa edilməsini məhkəmədən xahiş edə bilər. Sənəd üzrə hüquqlar, həmçinin onun lazımi qaydada saxlanılmaması nəticəsində və ya digər səbəbdən sənədin ödəmə qabiliyyətini göstərən əlamətlər itirildikdə, bərpa edilə bilər.

327.2. İtirilmiş adsız sənədin etibarsız hesab edilməsi haqqında ərizə sənədi vermiş idarənin (şəxsin) olduğu yerin məhkəməsinə verilir.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə