Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi


Maddə 198. Şahid ifadələrinin elan edilməsi



Yüklə 0,77 Mb.
səhifə7/14
tarix14.06.2018
ölçüsü0,77 Mb.
#49117
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   14

Maddə 198. Şahid ifadələrinin elan edilməsi

Bu Məcəllənin 83, 85, 105.2 və 189-cu maddələri ilə nəzərdə tutulan qaydada toplanmış şahid ifadələri məhkəmə iclasında elan edilir. Bundan sonra işdə iştirak edən şəxslər bu ifadələr üzrə izahatlar verməyə haqlıdırlar.



Maddə 199. Yazılı sübutların tədqiq edilməsi

Bu Məcəllənin 83, 85-ci maddələri, 167.1.11-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada tərtib edilmiş yazılı sübutlar və ya onların müayinə protokolları məhkəmə iclasında elan edilir və işdə iştirak edən şəxslərə, nümayəndələrə, zəruri hallarda isə ekspertlərə, mütəxəssislərə və şahidlərə təqdim edilir. İşdə iştirak edən şəxslər bundan sonra izahat verə bilərlər.



Maddə 200. Şəxsi yazışmaların və teleqraf məlumatlarının elan edilməsi

Şəxsi yazışmaların və teleqraf məlumatlarının gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar və məlumatlar ancaq ünvanlanan şəxsin razılığı ilə məhkəmə tərəfindən elan və tədqiq edilə bilər.



Maddə 201. Maddi sübutların tədqiq edilməsi

201.1. Maddi sübutlar məhkəmə tərəfindən müayinə edilir və işdə iştirak edən şəxslərə, nümayəndələrə, zəruri hallarda isə ekspertlər, mütəxəssislər və şahidlərə təqdim olunur.

201.2. Maddi sübutların təqdim edildiyi şəxslər məhkəmənin diqqətini müayinə ilə əlaqədar olan bu və ya başqa hallara cəlb edə bilərlər. Bu təkliflər məhkəmə iclasının protokoluna yazılır.

201.3. Maddi sübutların müayinəsinin protokolları məhkəmə iclasında elan olunur və bundan sonra işdə iştirak edən şəxslər izahat verə bilər.



Maddə 202. Yerində müayinə

202.1. Məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə müayinə və tədqiq edilir. Məhkəmə, yerində müayinə aparılması haqqında qərardad çıxarır.

202.2. İşdə iştirak edən şəxslər və nümayəndələr yerində müayinənin vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi müayinənin aparılmasına mane olmur. Zəruri hallarda ekspertlər, mütəxəssislər və şahidlər də çağırılır.

202.3. Müayinənin nəticələri məhkəmə iclasının protokoluna yazılır. Müayinə zamanı tərtib olunmuş və yoxlanılmış planlar, sxemlər, çertyojlar, hesablamalar, sənədlərin surətləri, müayinə zamanı çəkilmiş videoyazılar, yazılı və maddi sübutların fotoşəkilləri, habelə ekspertin yazılı rəyi və mütəxəssisin şərhi protokola əlavə edilir.



Maddə 203. Səsyazma və videoyazının səsləndirilməsi və tədqiqi

203.1. Şəxsi məlumat xarakterli səsyazma və videoyazının səslənməsi, habelə onların tədqiqinə bu Məcəllənin 200-cü maddəsində təsbit olunan qaydalar tətbiq olunur.

203.2. Səsyazma və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir.

203.3. Zəruri hallarda səsyazma və videoyazı təkrarən tam və ya qismən səsləndirilə bilər.

203.4. Səsyazmalar və videoyazmalar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər.

Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər.



Maddə 204. Sübutun saxtalığı barədə ərizə

204.1. İşdə olan sübutun saxtalığı barədə məlumat verildikdə, həmin sübutu təqdim etmiş şəxs onu sübutlar içərisindən çıxarmağı və işi başqa sübutlara əsasən həll etməyi xahiş edə bilər.

204.2. Məhkəmə sübutun saxtalığını yoxlamaq üçün ekspertiza təyin edə bilər, habelə tərəflərə başqa sübutlar təqdim etməyi təklif edə bilər.

Maddə 205. Ekspert rəyinin tədqiqi

205.1. Ekspertin rəyi məhkəmə iclasında elan edilir. Ekspertin rəyini aydınlaşdırmaq və tamamlamaq üçün ekspertə suallar verilə bilər. Xahişi üzrə ekspert təyin etdirən şəxs və onun nümayəndəsi birinci olaraq, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verirlər. Məhkəmənin təşəbbüsü ilə təyin olunmuş ekspertə birinci olaraq iddiaçı və onun nümayəndəsi suallar verir.

205.2. Hakim ekspertin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır.

Maddə 206. Əlavə və təkrar ekspertiza təyini

206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

206.2. Əlavə və təkrar ekspertiza bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan hallarda təyin edilir.

Maddə 207. Mütəxəssisin məsləhəti

207.1. Zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər.

207.2. Mütəxəssisin yazılı formada verdiyi məsləhət məhkəmə iclasında elan edilir və işə əlavə olunur. Mütəxəssisin şifahi məsləhəti və şərhi məhkəmə iclasının protokoluna yazılır.

207.3. Məsləhəti aydınlaşdırmaq və tamamlamaq məqsədi ilə mütəxəssisə suallar verilə bilər. Mütəxəssisin cəlb olunması barədə vəsatət vermiş şəxs və onun nümayəndəsi birinci olaraq, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verirlər. Məhkəmənin təşəbbüsü ilə cəlb olunmuş mütəxəssisə birinci olaraq iddiaçı və onun nümayəndəsi suallar verirlər.

207.4. Hakim mütəxəssisin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır.

Maddə 208. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının rəyləri

Məhkəmə tərəfindən işdə iştirak etməyə buraxılmış dövlət orqanları və yerli özünüidarə orqanlarının rəyləri bu Məcəllənin 60-cı maddəsinə müvafiq olaraq məhkəmə iclasında elan edilir.

Hakim, habelə işdə iştirak edən şəxslər və nümayəndələr rəyi aydınlaşdırmaq və tamamlamaq üçün həmin orqanın nümayəndəsinə suallar verə bilərlər.

Maddə 209. İşə mahiyyəti üzrə baxmağın qurtarması

209.1. Bütün sübutlar tədqiq edildikdən sonra, sədrlik edən işdə iştirak edən şəxslərdən və onların nümayəndələrindən onların məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşur. Bu cür vəsatətlər olmadıqda, sədrlik edən iş üzrə halların tədqiqinin qurtardığını elan edir və məhkəmə çıxışlarına keçir.

209.2. İşdə iştirak edən şəxslər məhkəmə iclasında onlara məlum olmuş yeni faktlarla əlaqədar şərhlər və əlavə sübutlar təqdim etmək üçün işə baxılmasını növbəti iclasa keçirilməsini xahiş edə bilərlər. Belə halda bu Məcəllənin 188-ci maddəsi tətbiq edilir.

209.3. İşə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.



Maddə 210. Məhkəmə çıxışları

210.1. Məhkəmə çıxışları işdə iştirak edən şəxslərin, onların nümayəndələrinin və vəkillərinin nitqlərindən ibarətdir.

210.2. Əvvəlcə iddiaçı və onun nümayəndəsi, sonra cavabdeh və onun nümayəndəsi çıxış edir. Artıq başlanmış prosesdə mübahisə predmetinə dair müstəqil tələblər irəli sürən üçüncü şəxs və onun nümayəndəsi tərəflərdən və onların nümayəndələrindən sonra çıxış edir. Mübahisə predmetinə dair müstəqil tələblər irəli sürməyən üçüncü şəxs və onun nümayəndəsi, tərəfində üçüncü şəxsin işdə iştirak etdiyi iddiaçıdan, yaxud cavabdehdən sonra çıxış edir. İşdə iştirak edən şəxslərin vəkilləri də həmin ardıcıllıqla çıxış edirlər.

210.3. Digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmiş dövlət orqanının və yerli özünüidarə orqanının nümayəndələri məhkəmə çıxışlarında birinci çıxış edirlər.



Maddə 211. Replikalar

Çıxışların bütün iştirakçılarının nitqlərindən sonra onlar nitqlərdə deyilənlərlə əlaqədar olaraq çıxış edə bilərlər. Son replika hüququ cavabdehə və onun nümayəndəsinə məxsusdur.



Maddə 212. Mahiyyəti üzrə işə baxılmasının təzələnməsi

Məhkəmə çıxışları zamanı və bundan sonra, məhkəmə iş üçün əhəmiyyətli olan yeni halların aydınlaşdırılmasını və ya yeni sübutları tədqiq etməyi zəruri hesab edərsə, o, protokola yazılan mahiyyəti üzrə işə baxmağın təzələnməsi barədə qərardad çıxarır. Mahiyyəti üzrə işə baxılması qurtardıqdan sonra məhkəmə çıxışları ümumi qaydada olur.



Maddə 213. Hakimin qətnamə çıxarılması üçün müşavirə otağına getməsi

İclas zalında iştirak edənlərə elan etməklə hakim, məhkəmə çıxışlarından sonra qətnamə çıxarmaq üçün müşavirə otağına gedir.



Maddə 214. Qətnamənin elan edilməsi

214.1. Qətnaməni qəbul etdikdən və imzaladıqdan sonra hakim məhkəmə iclası zalına qayıdır, qətnaməni elan edir, qətnamənin məzmununu, ondan şikayət etmə qaydası və müddətini izah edir.

214.2. Qətnamə işdə iştirak edən şəxslərin bilmədiyi dildə tərtib edildikdə, həmin qətnamə onlara məhkəmə iclasında iştirak edən tərcüməçinin iştirakı ilə onların doğma dilində və yaxud onların bildikləri dildə oxunmalıdır.

214.3. Mürəkkəb işlər üzrə hakim ancaq qətnamənin nəticə hissəsini elan edə bilər.

214.4. Qətnamənin elan edilmiş nəticə hissəsi yazılı formada tərtib edilməli, hakim və ya hakimlər tərəfindən imzalanmalı və işə əlavə edilməlidir. Qətnamənin nəticə hissəsi elan edildikdən sonra sədrlik edən işdə iştirak edən şəxslərə və nümayəndələrə qətnamənin tam mətni ilə tanış olmanın vaxtını bildirməlidir.

Maddə 215. Qətnamənin elan edilməsinin təxirə salınması

Müstəsna hallarda xüsusilə mürəkkəb işlər üzrə qətnamə qəbul edildikdə, hakim qətnaməni və yaxud onun nəticə hissəsini məhkəmə baxışı qurtardıqdan sonra 3 gündən gec olmayaraq elan edə bilər.



Fəsil 16. Məhkəmənin qətnaməsi

Maddə 216. Qətnamənin çıxarılması elan edilməsi

216.1. İşi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır.

216.2. Məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır.

216.3. Qətnamə məhkəmə iclasında işə baxıldıqdan sonra hakimlərin ayrıca müşavirə otağında çıxarılır. İşə kollegial formada baxıldıqda, qətnamə səs çoxluğu ilə qəbul olunur.

Qətnamə çıxarıldığı zaman müşavirə otağında yalnız işə baxan hakim, yaxud məhkəmə ola bilər. Başqa şəxsin müşavirə otağında olmasına yol verilmir.

216.4. Müşavirədən sonra hakimlər qəbul edilmiş qətnaməni elan edirlər.

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı

217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.



217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər

218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

218.2. Hakim, işə əhəmiyyəti olan yeni halları aydınlaşdırmağı və ya əlavə sübutları tədqiq etməyi zəruri hesab edərsə, məhkəmə iclasının təzələnməsi haqqında qərardad çıxarır. İşə mahiyyəti üzrə baxılması başa çatdıqdan sonra hakim yenidən tərəflərin çıxışlarını dinləyir.

218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.



Maddə 219. Qətnamənin tərtib olunması

219.1. Qətnamə sədrlik edən və yaxud işə kollegial qaydada baxıldıqda, hakimlərin biri tərəfindən yazılı surətdə tərtib edilir.

219.2. Məhkəmənin qətnaməsi təkbaşına işə baxdıqda hakim, kollegial qaydada baxıldıqda isə bütün hakimlər tərəfindən imzalanır.

219.3. Qətnamədə düzəlişlər hakimlərin, yaxud hakimin imzası ilə təsdiq edilməlidir.



Maddə 220. Qətnamənin məzmunu

220.1. Qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır.

220.2. Qətnamə giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarətdir.

220.3. Qətnamənin giriş hissəsində onun çıxarılma vaxtı və yeri, qətnamə çıxaran məhkəmənin adı, hakim, məhkəmə iclası katibi, tərəflər, işdə iştirak edən digər şəxslər və nümayəndələr, mübahisənin predmeti və ya irəli sürülən tələb göstərilməlidir.

Qətnamənin təsviri hissəsində iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və işdə iştirak edən digər şəxslərin izahatları göstərilməlidir.

220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

220.6. Məhkəmə qətnamənin icra qaydası və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.



Maddə 221. Çıxarılmışdır (28)

Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə

222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

Maddə 223. Cavabdehi müəyyən hərəkətləri etməyə məcbur edən qətnamə

223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.

223.2. Cavabdeh müəyyən edilmiş vaxt ərzində qətnaməni icra etməsə, məhkəmə zəruri hesab etdikdə iddiaçının cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməyə haqlı olmasını qətnamədə göstərə bilər.

223.3. Həmin hərəkətlər yalnız cavabdeh tərəfindən edilə bilərsə, məhkəmə qətnamənin icra edilmə müddətini qətnamədə göstərir.



Maddə 224. İcra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair qətnamə

Notariusun icra qeydi əsasında ödənilmə daxil olmaqla, ödənilməsi mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair mübahisələri həll edərkən qətnamənin nəticə hissəsində icra edilməli olmayan sənədin adı, sıra sayı və tarixi, habelə silinməli olmayan məbləğ göstərilməlidir.



Maddə 225. Müqavilənin bağlanması və dəyişdirilməsi haqqında qətnamə

Müqavilənin bağlanması və dəyişdirilməsi zamanı yaranan mübahisələr üzrə qətnamənin nəticə hissəsində müqavilənin hər bir mübahisəli şərti üzrə qərar göstərilməlidir, müqavilənin bağlanmasını məcbur edən mübahisə üzrə isə tərəflərin bağlamağa borclu olduqları müqavilənin şərtləri göstərilir.



Maddə 226. Bir neçə iddiaçının xeyrinə və ya bir neçə cavabdehə qarşı çıxarılan qətnamə

226.1. Məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir.

226.2. Məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerənə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir.

Maddə 227. Qətnamənin tərtibi

227.1. Məhkəmə qətnaməsi elan edilənədək tərtib olunmalıdır.

227.2. Müstəsna hallarda, xüsusilə mürəkkəb işlər üzrə qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 gün müddətinədək başa çatdırılmalıdır. Bu halda məhkəmə qətnamənin nəticə hissəsinin elan olunduğu gün onun təsdiq olunmuş surətini işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Sədrlik edən eyni zamanda işdə iştirak edən şəxslərin əsaslandırılmış qətnaməni nə vaxt ala biləcəklərini elan edir.

227.3. Məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir.

Maddə 228. Qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi

228.1. Çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir.

228.2. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur.

228.3. Düzəlişlər etmək barəsində məhkəmə qərardadından şikayət verilə bilər.



Maddə 229. Əlavə qətnamə

229.1. İş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər:

229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa;

229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə;

229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə.

229.2. Əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur.

229.3. Əlavə qətnamə çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən şikayət verilə bilər.

Maddə 230. Qətnamənin izah edilməsi

230.1. İşə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.

230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir.

230.3. Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir.

230.4. Qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur.

230.5. Qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər.



Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması (29)

231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

231.3. İcra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmənin və ya icra məmurunun olduğu yer üzrə müvafiq iqtisad məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır (28, 29,32)

231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması , borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. (29)



231.5. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.

Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası

232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.



Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi

233.1. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

233.2.çıxarılıb.

233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə