Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi


Maddə 134. Rəsmi qaydada verilən sənədlər



Yüklə 0,77 Mb.
səhifə5/14
tarix14.06.2018
ölçüsü0,77 Mb.
#49117
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   14

Maddə 134. Rəsmi qaydada verilən sənədlər

134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir:

134.1.1. iddia ərizəsini;

134.1.2. qarşılıqlı iddia ərizəsini;

134.1.3. iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətlərini;

134.1.4. məhkəmə bildirişini;

134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını;

134.1.6. iş üzrə icraatın qurtardığını göstərən qərardadı;

134.1.7. məhkəmə əmrini;

134.1.8. apellyasiya şikayətinin surətini;

134.1.9. kassasiya şikayətinin surətini.

134.2. Zəruri hallarda məhkəmə işə aid olan digər məhkəmə sənədlərini də rəsmi qaydada verə bilər.



Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi

135.1. Bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.


135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.


135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.


135.5. Bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.



Maddə 136. Qəbzin məzmunu

136.0. Bu Məcəllənin 135-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir:


136.0.1. məhkəmənin adı və ünvanı;


136.0.2. məhkəmə sənədlərinin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan;


136.0.3. verilən məhkəmə sənədinin adı;


136.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri;


136.0.5. məhkəmə sənədinin verilməməsinin səbəbləri (almaqdan imtina, göstərilən ünvanda olmama, səhv ünvan və sair);


136.0.6. məhkəmə sənədinin verildiyi şəxs;


136.0.7. məhkəmə sənədinin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası.



Maddə 137. Məhkəmə sənədlərini qəbul etməkdən imtina

137.1. Məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edərsə, məhkəmə sənədləri verildiyi ünvanda qalmalıdır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur.

137.2. Ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu məhkəməyə qaytarır. Bu halda məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur.


137.3. Məhkəmə bildirişinin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir.


137.4. Məhkəmə bildirişinin ünvanlandığı şəxs tərəfindən həmin sənədləri qəbul etməkdən imtina edilməsi işə baxılması üçün və ya ayrı-ayrı prosessual hərəkətlərin edilməsi üçün maneə deyildir.


Maddə 138. Məhkəmə bildirişləri

138.1. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir.

138.2. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar.


138.3. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir.


138.4. Zərurət olduqda və qanunla nəzərdə tutulmuş hallarda işdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları məhkəmə bildirişinin məzmununun ötürülməsini təmin edən rabitə vasitələrindən istifadə edilməklə, eləcə də məhkəmənin tapşırığı ilə məhkəmə işçisi tərəfindən xəbərdar edilə, yaxud çağırıla bilərlər.


Maddə 139. Məhkəmə bildirişinin məzmunu

139.1. Məhkəmə bildirişi məhkəmənin rəsmi sənədi olmaqla müvafiq qaydada təsdiq olunmuş formada tərtib edilir.

139.2. Məhkəmə bildirişində aşağıdakılar göstərilməlidir:


139.2.1. məhkəmənin adı, ünvanı və əlaqə üçün məlumatlar (indeks, telefon, faks və s.);


139.2.2. gəlmə vaxtı (tarix və saat) və yeri;


139.2.3. xəbər verilən, yaxud məhkəməyə çağırılan şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı;


139.2.4. xəbər verilən, yaxud məhkəməyə çağırılan şəxsin ünvanı və ya hüquqi şəxsin yerləşdiyi ünvan;


139.2.5. ünvan sahibinin kim qismində xəbərdar edilməsi və ya çağırılması;


139.2.6. ünvan sahibinin xəbərdar edildiyi, yaxud çağırıldığı işin adı;


139.2.7. işdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün sübutların təqdim edilməsinə dair təklif;


139.2.8. ünvan sahibinin olmadığı təqdirdə məhkəmə bildirişini qəbul edən şəxsin imkan olan kimi onu ünvan sahibinə vermək vəzifəsinə dair qeyd;


139.2.9. xəbər verilən və ya çağırılan şəxsin məhkəməyə gəlməməsinin nəticələrinə və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat vermək vəzifəsinə dair qeyd.


Maddə 140. Məhkəmə sənədinin ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtinaya və ya səhlənkarlıq nəticəsində çatdırılmamasına görə məsuliyyət

Məhkəmə sənədini ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina edən və ya onu səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan orqanlar, vəzifəli şəxslər, yaxud məhkəmə sənədinin çatdırılması tapşırılmış digər şəxslər bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulmuş qaydada iyirmi manat miqdarında cərimə edilir.

Maddə 141. çıxarılıb.

Maddə 142. çıxarılıb.

Maddə 143. çıxarılıb.

Maddə 144. çıxarılıb.

Maddə 145. çıxarılıb.

Maddə 146. İş üzrə icraat zamanı ünvanın dəyişməsi

Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.



Maddə 147. Cavabdehin olduğu yerin məlum olmaması

Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır.



Maddə 148. Cavabdehin axtarışı

148.1. Dövlət mənafeyi ilə əlaqədar irəli sürülən, habelə aliment alınması, şikəstetmə və ya səhhəti zədələmə, yaxud ailəni dolandıranın ölümü ilə vurulan ziyanın ödənilməsi haqqında tələblər üzrə cavabdehin olduğu yer məlum olmadıqda, məhkəmə polis orqanları vasitəsilə cavabdehin axtarışını elan etməyə borcludur.

148.2. Cavabdehin axtarışı ilə əlaqədar xərclərin tutulması axtarışın aparılması həvalə edilən orqanın ərizəsinə əsasən məhkəmə əmrinin verilməsi yolu ilə həyata keçirilir.

İkinci bölmə. Birinci instansiya məhkəməsində icraat

Birinci yarımbölmə. İddia icraatı

Fəsil 12. İddianın verilməsi

Maddə 149. İddia ərizəsinin forması və məzmunu

149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.

149.2. Ərizədə aşağıdakılar göstərilməlidir:

149.2.1. ərizənin verildiyi məhkəmənin adı;

149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları;

149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;

149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat;

149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı.

149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır.

149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri də göstərilir.



Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər

150.0. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:

150.0.1. Cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri;

150.0.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

150.0.3. nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd;

150.0.4. iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd;

150.0.5. iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri;

150.0.6. onun mübahisələndirildiyi halda, normativ aktın mətni;

150.0.7. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd.

Maddə 151. İddia ərizəsinin mümkünlüyü

151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər.

151.3. İddia ərizəsi, əgər onun daxil olmasından 2 həftə müddətində məhkəmə qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, qəbul edilmiş sayılır.



Maddə 152. İddia ərizəsinin qaytarılması

152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır:

152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə;

152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda;

152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;

152.1.4. iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə;

152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə;

152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə;

152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə;

152.1.8. cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ-hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə;

152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda.

152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.

152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir.

152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.



Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina

153.1. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir.

153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir:

153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə;

153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa;

153.2.3. məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair münsiflər məhkəməsi qətnaməsinin məcburi icra edilməsi üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya işə yenidən baxılmaq üçün qətnamə qəbul etmiş münsiflər məhkəməsinə qaytarıldığı, lakin işin həmin münsiflər məhkəməsində baxılması mümkün olmadığı hallar istisna edilməklə, münsiflər məhkəməsinin qəbul etdiyi, qanuni qüvvəyə minmiş qətnaməsi olarsa;

153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa.

153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir.

153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir.

153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.

153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

Maddə 154. İddia ərizəsinə etiraz etmə və ya mülahizə təqdim etmə

154.1. İşdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır.

154.2. Etirazda və ya mülahizədə göstərilir:

154.2.1. mülahizənin göndərildiyi məhkəmənin adı;

154.2.2. iddiaçının adı və işin nömrəsi;

154.2.3. iddia tələbi rədd edildikdə etirazın əsaslandırıldığı sübutlara istinad etməklə, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri;

154.2.4. etiraza və ya mülahizəyə əlavə edilən sənədlərin siyahısı.

154.3. Etirazda və ya mülahizədə digər məlumatlar, həmçinin, cavabdehdə olan vəsatətlər də göstərilə bilər.

154.4. Mülahizə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndənin imzaladığı mülahizəyə onun işi aparmağa səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilir.

Maddə 155. Qarşılıqlı iddianın verilməsi

155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir.

155.2. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir.



Maddə 156. Qarşılıqlı iddianın qəbul edilməsi şərtləri

156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir:

156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə;

156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa;

156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə.

156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər.



Fəsil 13. İddianın təmin edilməsi

Maddə 157. İddianı təmin etmək üçün əsaslar

157.1. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir.

157.2. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir.

Maddə 158. İddianı təmin etmək üçün tədbirlər

158.1. İddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər:

158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq;

158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək;

158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək;

158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq;

158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq;

158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.

158.2. Məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər.

158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir:

158.3.1. birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə;

158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər;

158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər;

158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak.

158.4. Cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır.

158.5. Bu Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrində göstərilən qadağaların pozulması hallarında fiziki və hüquqi şəxslərdən dövlətin xeyrinə aşağıdakı miqdarda cərimələr tutulur:

158.5.1. qiymətləndirilən iddialar üzrə — iddia qiymətinin 50 % miqdarında;

158.5.2. qiymətləndirilməyən iddialar üzrə — iki yüz iyirmi manat.

158.6. İddiaçı iddianın təmin edilməsi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini həmin şəxslərdən məhkəmə qaydasında tələb etməyə haqlıdır.

Maddə 159. İddianı təmin etmək haqqında ərizəyə baxılması

159.1. İddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır.

159.2. Hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır.

159.3. Qəbul edilmiş qərardad barədə işə onların iştirakı olmadan baxılmış işdə iştirak edən şəxslərə dərhal xəbər verilir.



Maddə 160. İddianı təmin etmək haqqında qərardadın icra edilməsi

160.1. İddianı təmin etmək haqqında qərardad dərhal icra edilir.

160.2. İddianı təmin etmək haqqında qərardada əsasən icra vərəqəsi verilir.

Maddə 161. İddianı təmin etmənin bir növünün digəri ilə əvəz edilməsi

161.1. İşdə iştirak edən şəxsin ərizəsinə əsasən iddianı təmin etmə tədbirinin bir növünün digəri ilə əvəz edilməsinə yol verilir.

161.2. İddianı təmin etmənin bir növünün digəri ilə əvəz edilməsi məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər, lakin onların gəlməməsi təmin etmənin növünün əvəz edilməsi haqqında məsələyə baxmağa mane olmur.

161.3. Pul məbləğinin alınması haqqında iddia təmin edildikdə cavabdeh yol verilmiş təmin tədbirləri əvəzinə iddiaçı tərəfindən tələb olunan məbləği məhkəmənin depoziti hesabına verməyə haqlıdır.



Maddə 162. İddianı təmin etmənin ləğv olunması

162.1. İddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər.

162.2. İddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur.

162.3. İddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər.

162.4. İddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır.

Maddə 163. İddianı təmin etmək haqqındakı qərardaddan şikayət verilməsi

163.1. İddianı təmin etmək məsələləri üzrə bütün qərardadlardan şikayət vermək olar.

163.2. İddianı təmin etmək haqqında qərardad şikayət verən şəxsə xəbər verilmədən çıxarılmışsa, şikayət vermək müddəti həmin qərardadın ona məlum olduğu gündən hesablanır.

163.3. İddianın təmin edilməsi haqqında qərardaddan şikayət verilməsi həmin qərardadın icrasını dayandırmır.

163.4. İddianı təmin etməni ləğv etmək haqqında və yaxud iddianın bir növünü digəri ilə əvəz etmək haqqında qərardaddan şikayətin verilməsi qərardadın icrasını dayandırır.

Maddə 164. İddianın təmin edilməsi nəticəsində vurulmuş zərərin cavabdehə ödənilməsi

İddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır.



Fəsil 14. İşlərin məhkəmədə baxılmağa hazırlanması

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə