135
Müəllif musiqinin sehrini öyrənməyənləri, bu fənnə meyil göstərməyənləri
cahil adlandırır. Təbii olaraq musiqidən faydalanma insanı xeyirxahlığa, kamilliyə,
ülviliyə səsləyir, onda yüksək mənəvi aləm yaradır. Əsərdə musiqinin müalicəvi
əhəmiyyətindən xüsusi bəhs edilir. Muğamların tarixi və məzmunu ilə bağlı
mülahizələri diqqəti çəkir. O, muğamları mahiyyətinə görə səciyyələndirir. Yoxsullar
üçün "Novruzi-ərəb", "Rəhvan", türklər üçün "Hicaz", "Novruzi-əsl", alimlər üçün
"Əraq", "Segah", xəstələr üçün "Hüseyn", "Üşşaq", "Əraq", qadınlar üçün "Segah",
"Şahnaz", ədiblər üçün isə "Çahargah", "Hicaz" muğamlarının oxunmasını məsləhət
görür.
Əbdülmömin gözəl səsi, şirin avazı və aydın ləhcəsi ilə seçilən, xanəndəliyin
sirlərinə dərindən bələd olan xanəndə olmuşdur. Onun tövsiyəsinə görə xanəndənin
boyuna uyar, zövqü oxşar səliqəli geyim dəsti olmalıdır. Xanəndə həmişə səsini
qorumalı, onun qeydinə qalmalıdır. Ona görə də süd içməli, zeytun yağından istifadə
etməlidir. Səsi zora salmaq, süniliyə meyil göstərmək qəti qadağandır. Xanəndə
mütləq idmanla məşğul olmalıdır. Bu, onun gümrahlığını, həvəs, şövq və inamını
gücləndirir. Xanəndə 12 muğam, 24 şöbə və 48 guşənin sirrinə vaqif olmalı, onları
məharətlə ifa etməyi bacarmalıdır. Onun musiqi alətləri haqqında da maraqlı
mülahizələri vardır.
Musiqinin əməli cəhətlərinə yaxından bələd olan Mirzə bəyin "Risaleyi-
musiqi" əsərində melodiyaların yaranması və ritmik zərblərin vurulması qaydaları
öz
əksini tapmışdır. Əsərdə ifaçılara verilən məsləhətlər böyük maraq doğurur,
muğamların məzmun və mahiyyəti, xalqımızın
musiqi tarixi haqqında da məlumat
diqqəti cəlb
edir[13].
Mir Möhsün Nəvvab. XIX əsrin qaynar
musiqi həyatından söhbət açarkən ilk növbədə
Nəvvab Mir Möhsün ibn Hacı Seyid Əhməd
Qarabaği yada düşür.
Şuşada 1833-cü ildə dünyaya gəlmiş, nadir
istedad və ensiklopedik biliyə malik Mir Möhsün
Nəvvab musiqi tariximizi araşdıran görkəmli
sənətkarlardandır. Heç şübhəsiz, Şuşanın əfsanəvi
təbiəti, qaynar musiqi məclisləri onun həyatında
və musiqişünas kimi formalaşmasında xüsusi rol
oynamışdır.
İlk
təhsilini
Molla
Abbas
mədrəsəsində alan Nəvvab Azərbaycan, ərəb, fars
və rus dillərini mükəmməl öyrənmiş, əsərlərini
həmin dillərdə qələmə almışdır.
Qarabağda təhsil, musiqi və ədəbiyyatın inkişafında, Şuşanın musiqi
mərkəzlərindən birinə çevrilməsində bu ölməz sənətkarın böyük xidmətləri olmuşdur.
Onun iştirakı ilə təşkil olunan "Məclisi-Fəramuşan"da və "Musiqiçilər" məclislərində
136
ədiblərlə yanaşı musiqiçilər də iştirak etmişlər[14]. Musiqinin yaranması və inkişafı,
təsir gücü, xanəndəlik sənəti, muğamların oxunma qaydaları və digər mühüm
məsələlər məclisdə geniş söhbətlərə səbəb olurdu. "Musiqi məclislərində "Şur",
"Mahur", "Çahargah", "Bayatı İsfahan" muğamlarının oxunması iki, bəzən də üç saat
çəkərdi. Maraqlısı budur ki, məclislərdə bütün muğamları düzgün və tamam dəstgah
oxumağı öyrənən xanəndələr hər hansı bir muğamı daha kamil öyrənər, başqa sözlə
desək, ixtisaslaşmağa çalışardı"[15].
Xatırladaq ki, onun çoxillik və çoxsahəli yaradıcılığı iyirmidən çox əsərində öz
əksini tapmışdır. Buraya bir sıra bənzərsiz miniatürlərini və rəsmlərini də əlavə etmək
olar. Nəvvabın görkəmli musiqişünas kimi məşhurlaşmasında 1884-cü ildə
Azərbaycan dilində yazdığı və 1913-cü ildə nəşr etdirdiyi "Vüzuhül-ərğam" adlı əsəri
xüsusi əhəmiyyətə malikdir. Şərq və yunan musiqişünaslarının əsərlərini hərtərəfli
öyrənən Nəvvab, xalqımızın orta əsr musiqi bahadırlarının musiqi nəzəriyyələrini də
dərindən mənimsəmiş və yeri gəldikcə onlardan bacarıqla istifadə etmişdir.
Yığcamlılığı, məzmunluluğu və təcrübəvi əhəmiyyəti cəhətdən diqqəti cəlb edən
əsərin girişində musiqi elminin ictimai əhəmiyyəti və onun inkişaf yollarından söhbət
açılır. Nəvvab musiqi elminə bələd olmaqla yanaşı, onu çalıb-çağırmağı da tövsiyə
edir.
Kitabın maraqlı cəhətlərindən biri də musiqinin mənəvi təsir gücünə malik
olmasının izahıdır. O göstərir ki, xəstəlik bədəndə istilik və soyuqluq törədir. Bir
qayda olaraq, şadlıq hərarəti, qəmginlik isə soyuğu artırır. Ona görə də bədəndə
hərarət olsa, şadlıq və sevinc aşılayan nəğmələr, hüzn və məlal gətirən nəğmələr
isə
soyuqluq olsa oxunmalıdır.
Kitabda musiqi səsləri, pərdə və kök sistemi, muğam, şöbə, guşə və avazların
şərhinə xeyli yer verilmişdir. Nəvvab "Üşşaq", "Nəva", "Busəlik", "Rast", "Əraq"
"İsfahani", "Zirəfkəndə", "Bozark", "Zəngulə", "Rəhavi", "Hüseyni", "Hicazi" adlı 12
pərdənin adlarını qeyd edir.
Əsərdə muğamların adları ilə əlaqədar verilən izahlar da diqqəti cəlb edir. O,
"bu pərdəyə ona görə "Rast" deyilir ki, əksər sövqlər bu pərdə ilə gəlir və bu havanı
guya bahar küləyinin hərəkətindən kəşf ediblər. Həmçinin "Rahab"ın yağışın damcı-
damcı tökülməsindən, "Çahargah"ın göy guruldamasından, "Dügah"ın fəvvarədən
axan sudan, "Nəva"nın aşiqlərin ürəkyandırıcı naləsindən, "Mahur"un suda üzməkdən,
"Şahnaz"ın bülbüllərin aşiqanə sədasından götürüldüyünü" söyləyir[16].
Əsərdə nəğmə və havaların meydana gəlməsi, muğamlar və onların
əhəmiyyəti, ifaçılıq sənəti və s. nisbətən ətraflı şərh edilir.
Üzeyir Hacıbəyov. Mənəvi dünyamızın günəşi, musiqi taleyimizin əlçatmaz,
ünyetməz zirvəsidi Üzeyir bəy. Qafqaz musiqisinin atası, Şərq musiqisinin
peyğəmbəri, dünya musiqisinin şöhrətidi Üzeyir bəy.
Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov 1885-ci il sentyabr ayının 5-də
Ağcabədidə dünyaya göz açmışdır. Gələcəyin böyük dühası gənclik çağlarını
xalqımızın musiqi laylası sayılan Şuşada keçirmişdir. Bir tərəfdən valideynlərinin