10
Azərbaycanda milli ordunun yaradılması haqqında ilk təklif Rusiya çarizmi
dağıldıqdan sonra, 1917-ci ilin mayında keçirilən Qafqaz müsəlmanları
qurultayında edilmişdir və bu qurultayda müsəlman alayları yaradılmasına
başlamaq üçün xüsusi büronun təşkili haqda qərar qəbul edilmişdi. Bundan az
sonra həmin ilin oktyabrında Azərbaycan Türk Demokratik Federalistlər Partiyası
- “Müsavatın” I qurultayında milli ordunun yaradılması geniş müzakirə edilmişdi.
1917-ci ilin noyabrında Zaqafqaziya komissarlığı Zaqafqaziyanın
respublikalarında milli hərbi korpuslarının yaradılması haqqında qərar qəbul etdi.
Azərbaycan korpusunu təşkil etmək general Əliağa Şıxlinskiyə tapşırılmışdı. Lakin
Ermənistandan və Gürcüstandan fərqli olaraq Azərbaycanda bu iş çox ləng gedirdi.
Bunun nəticəsidir ki, Azərbaycan Xalq Cumhuriyyətinin elan edildiyi 1918-ci ilin
28 mayında ölkədə keçmiş müsəlman könüllü dəstələrindən ibarət 600 nəfərlik bir
hərbi hissə var idi. Əlbəttə bu cüzi hərbi qüvvə ilə Azərbaycanın müstəqilliyini
müdafiə etmək və Bakıda Şaumyanın başçılıq etdiyi Bakı Soveti (Bakı
kommunası) qoşunlarının Gəncə üzərinə hazırlanan hücumunun qarşısını almaq
çətin idi.
Belə bir vəziyyətdə Azərbaycanın kömək uma biləcəyi yeganə ölkə Türkiyə
idi.
Bu məqsədlə Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının sədri Fətəli
Xan Xoyski Türkiyə hökumətinə hərbi yardım haqqında xahiş etmişdi. Bu xahiş
Osmanlı imperiyası ilə Azərbaycan Respublikası arasında 1918-ci ilin 4 iyununda
bağlanmış dostluq müqaviləsinin IV bəndinə əsasən edilmişdi. Müqavilənin bu
bəndində deyilirdi: “Ölkənin təhlükəsizliyini təmin etmək üçün ehtiyac olduğu
təqdirdə Azərbaycan Respublikası hökumətinə silahlı qüvvələrlə yardım etməyi”
Türkiyə öz öhdəsinə götürür.
Müvafiq razılaşmaya əsasən Türkiyənin Hərbi Naziri və Ali baş
komandan müavini Ənvər paşa öz qardaşı Nuru paşaya göstəriş verdi və o, Təbriz
ətrafında olan Türkiyə hərbi qüvvələri ilə Gəncəyə doğru hərəkət etməyə başladı.
Yaranmış vəziyyətlə əlaqədar olaraq Azərbaycan hökuməti 1918-ci ilin 26
iyununda Azərbaycanda hərbi vəziyyət elan etdi və məcburi hərbi mükəlləfiyyət
haqqında fərman verildi. Həmin günlərdə “Əlahiddə Azərbaycan korpusu”nun
tezliklə yaradılması üçün konkret tədbirlər görüldü. Eyni zamanda Türkiyənin V
Qafqaz diviziyası (komandanı Mürsəl paşa idi) Gümrü-Dilican-Ağstafa istiqaməti
ilə döyüşə-döyüşə Gəncəyə daxil oldu. Gəncəyə, eləcə də Türkiyənin Karpat
cəbhəsindən götürülmüş XV Çanaqqala diviziyası (komandanı Nazim bəy)
gətirilmişdi. Türkiyənin bu iki diviziyası Azərbaycan korpusu ilə birləşərək Qafqaz
İslam ordusu adını aldı və Nuru paşanın komandanlığı altında Bakıya doğru yürüşə
başladı. İslam ordusu Göyçay yaxınlığında Stepan Şaumyanın Gəncə üzərinə
11
göndərdiyi Bakı kommunası qoşunları ilə (komandirləri daşnaklar idi) döyüşə
başladı və bu döyüşdə qələbə çalaraq Bakı istiqamətində irəliləməyə davam etdi.
1918-ci ilin iyununda Stepan Şaumyan Biçeraxovun
3
1500 nəfərlik ordu
hissəsini də (Kürdəmir yaxınlığında) döyüşə cəlb etsə də, Azərbaycan-Türkiyə
ordu hissələrinin hücumunun qarşısında tab gətirə bilmədi.
Rusiya Sovet hökuməti S.Şaumyanın xahişi ilə Ukrayna cəbhəsindən
Bakıya Petrovun komandası altında bir eskadron süvari, matros və topçular dəstəsi
göndərmişdi. Lakin bunlar da Qafqaz İslam ordusunun Bakını düşmən
qüvvələrindən təmizləmək əzminin qarşısını ala bilmədi və iyulun son günlərində
Azərbaycan-Türkiyə birgə hərbi hissələri Bakının yaxınlığında vuruşurdular. Belə
vəziyyətdə daşnak Şaumyanın başçılıq etdiyi Bakı kommunası istefa verməyə
məcbur oldu.
Həmin günlərdə Bakıda Sentrokaspi hakimiyyəti yaradılmışdı və Ənzəlidən
ingilis generalı Denstervilin başçılığı ilə 1500 nəfərlik hərbi qüvvə Bakıya dəvət
edilmişdi. Belə bir şəraitdə sentyabrın 15-də Qafqaz İslam ordusu hissələri (birinci
olaraq Azərbaycan hərbi hissələri) Bakıya daxil oldular. Ağır döyüşlərdə mindən
artıq İslam ordusu əsgəri və zabiti, 5 mindən çox yerli əhali şəhid oldu.
Türkiyə I dünya müharibəsində məğlub olmuş ittifaqa daxil olan dövlət
olduğuna görə qalib Antanta dövlətləri (ilk növbədə İngiltərə hökuməti) ona təklif
etdi ki, öz qoşunlarını bir həftə ərzində Bakıdan, bir ay müddətində isə Qafqazdan
çıxarsın. Buna uyğun olaraq Antanta müttəfiqlərinin qoşunlarının noyabrın 17-də
Bakıya daxil olması gözlənirdi.
Bakını “rus şəhəri” hesab edən ingilis generalı Tomson özünü şəhərin
general-qubernatoru elan etmişdi. General Tomsonun tələbi ilə Azərbaycan
ordusunun qərargahı noyabrın 22-də Bakıdan Gəncəyə köçürüldü.
Bütün bunlara baxmayaraq Azərbaycan Xalq Cumhuriyyəti hökuməti
(Nazirlər Şurası sədri Fətəli xan Xoyski) Milli ordu yaradılması işini ön plana
çəkərək, general-polkovnik Səməd ağa Mehmandarovu 25 dekabrda (1818) Hərbi
Nazir təyin etdi. Bir neçə gün sonra general-leytenant Əliağa Şıxlinski hərbi
nazirin müavini təyin edildi.
1918-ci ilin oktyabrında Gəncədə təşkil edilmiş qısa müddətli hərbi
məktəbin birinci buraxılışı oldu və bu hesabdan ordunun zabit hissəsi bir qədər
qüvvətləndi. Lakin zabitlərin yarısını hələ də başqa millətlərin (əsasən rusların)
nümayəndələri təşkil edirdi.
3
Lazar Biçeraxov Rusiya kazaklarından təşkil edilmiş hərbi dəstənin komandiri, siyasi mövqeyini tez-
tez dəyişən hərbçi idi.
Dostları ilə paylaş: |